06.05.2026
Mayın
6-da Konstitusiya Məhkəməsində Azərbaycan xalqının Ümummilli Lideri Heydər
Əliyevin anadan olmasının 103-cü ildönümünə həsr edilmiş “İnsan hüquq və
azadlıqlarının qorunması üçün milli mexanizmlərin effektivliyi: Konstitusiya
hüquq sisteminin əsası kimi” mövzusunda dəyirmi masa keçirilib.
Tədbirdə İnsan Hüquqları üzrə Müvəkkil
(Ombudsman) Səbinə Əliyeva, Hüquqi Ekspertiza və Qanunvericilik Təşəbbüsləri Mərkəzinin
icraçı direktoru Samir Mahmudov, Hüquq və İnsan Haqları İnstitutunun İdarə Heyətinin
sədri Məhəmməd Quluzadə iştirak ediblər.
Açılış nitqi ilə çıxış edən sədr Fərhad Abdullayev müasir
Azərbaycan dövlətinin qurucusu, dahi şəxsiyyət Ulu Öndər Heydər Əliyevin əvəzsiz
tarixi xidmətlərindən, böyük xilaskarlıq missiyasından bəhs edib. Ümummilli
Liderin müstəqilliyin bərpasından sonra xalqın təkidli tələbi ilə hakimiyyətə
qayıtmasının dövlətçiliyimizi ciddi təhlükələrdən xilas etdiyini, ölkənin
ictimai-siyasi, sosial-iqtisadi və elmi-mədəni həyatında əsaslı dönüşün
yarandığını, həyata keçirdiyi strateji siyasətin bu gün də respublikamızın
inkişaf istiqamətlərinin müəyyənləşdirilməsində mühüm rol oynadığını bildirib.
Sədr Fərhad Abdullayev Azərbaycançılıq ideyasının
müasir dövrümüzdə yaradıcısı kimi görkəmli siyasətçi Heydər Əliyevin Vətənin
müstəqilliyi, inkişafı, xalqın milli-mənəvi tərəqqisi naminə mühüm işlər həyata
keçirdiyini, məhz onun rəhbərliyi ilə hüquqi, demokratik və dünyəvi dövlət
quruculuğunun təməli qoyularaq inkişaf etdirildiyini vurğulayıb.
Dahi şəxsiyyət Heydər Əliyevin zəngin dövlətçilik təcrübəsinin,
siyasi irsinin əhəmiyyətindən bəhs edən Fərhad Abdullayev qeyd edib ki, 1995-ci
ildə Ulu Öndərin rəhbərliyi ilə hazırlanmış və ümumxalq səsverməsi yolu ilə qəbul
edilən Konstitusiya ölkəmizdə dövlətçiliyin inkişafına, demokratik, hüquqi dövlət,
vətəndaş cəmiyyətinin yaradılmasına və hüquq sisteminin müasir tələblərə uyğun
formalaşdırılmasına geniş imkanlar açıb. Konstitusiya nəzarəti orqanı kimi
Konstitusiya Məhkəməsinin fəaliyyətə başlaması, eyni zamanda bu orqanın müstəqilliyinin
təmin edilməsi və ümumilikdə konstitusionalizm ideyalarının inkişaf etdirilməsi
bilavasitə Ümummilli Lider Heydər Əliyevin adı ilə bağlıdır.
Vurğulanıb ki, bu gün Ulu Öndərin xalqımızın azadlığının, müstəqilliyinin qorunmasına yönələn müqəddəs ideyaları onun layiqli davamçısı Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilir. Dövlət başçısının məqsədyönlü daxili və xarici siyasəti sayəsində bütün sahələrdə sürətlə inkişaf edən Azərbaycanın dünyada nüfuzlu dövlətlər sırasında yer alması, ölkənin və xalqın mənafeyi naminə həyata keçirilən layihələr və geniş quruculuq işləri Heydər Əliyev siyasi irsinin davamıdır.
Sədr diqqətə çatdırıb ki, Ulu Öndər Heydər Əliyev layiqli davamçısı İlham Əliyevin uğurlu fəaliyyəti respublikamızı bugünkü qüdrətinə çatdırıb, Azərbaycan tarixi zəfər nəticəsində suverenleyini və ərazi bütövlüyünü bərpa edib. Ali Baş Komandan İlham Əliyevin sərkərdəlik məharəti, strateji və diplomatik addımları, yenilməz Azərbaycan Ordusunun gücü və xalqın birliyi sayəsində əldə olunan Qələbə regionda yeni reallıqlar yaradıb, Konstitusiyanın hüquqi qüvvəsi işğaldan azad edilmiş torpaqlarımızda bərpa olunub, bununla da, həmin ərazilərdə vətəndaşların konstitusiya hüquqlarının bərpası təmin edilib.
Tədbirdə çıxış edən İnsan Hüquqları üzrə Müvəkkil (Ombudsman)
Səbinə Əliyeva Ümummilli Lider Heydər Əliyevin ölkəmizi müxtəlif tarixi mərhələlərdə
qlobal miqyaslı siyasi lider kimi uğurla idarə etdiyini, dahi şəxsiyyətin
müdrikliyinin, milli maraqlara sadiqliyinin və siyasi iradəsinin xalqımız tərəfindən
daim ehtiramla yad edildiyini bildirib. Azərbaycanda Ombudsman institutunun
yaradılmasında Heydər Əliyevin müstəsna rolundan danışan Səbinə Əliyeva
vurğulayıb ki, demokratik, hüquqi dövlət və vətəndaş cəmiyyəti quruculuğu,
insan hüquq və azadlıqlarının qorunması, müstəqil, məhkəmədənkənar hüquq müdafiə
mexanizmi olan Ombudsman təsisatının əsasının qoyulması bilavasitə Ümummilli
Lider Heydər Əliyevin təşəbbüsüdür.
Ombudsman bildirib ki, bu gün ölkə başçısının rəhbərliyi
ilə respublikamızda aparılan məhkəmə-hüquq islahatları Heydər Əliyevin
siyasi-hüquqi ideyalarına uyğun olaraq qanunçuluğun və Konstitusiyanın
aliliyinin daha da möhkəmləndirilməsinə, hüquqi cəmiyyətin inkişafına xidmət
edir.
Daha sonra Hüquqi Ekspertiza və Qanunvericilik Təşəbbüsləri
Mərkəzinin icraçı direktoru Samir Mahmudov çıxışında qeyd edib ki, Ulu Öndərin
Azərbaycana rəhbərlik etdiyi dövrdə uzaqgörənliklə atılmış strateji addımlar, əsası
qoyulan güclü sosial, mədəni, iqtisadi və intellektual sərmayələr xalqın rifahı
üçün zəmin yaradıb. Dərin təfəkkürə
sahib olan Heydər Əliyev düşünülmüş və cəsarətli qərarları ilə bütün dövrlərdə
xalqımızın zəngin dəyərlərinin tanıdılması və ölkəmizin beynəlxalq münasibətlər
sistemində layiqli mövqe qazanmasında müstəsna rol oynayıb. Samir Mahmudov
insan hüquqlarının təmin edilməsi, müdafiəsinin gücləndirilməsi və digər sahələrdə
Ümummilli Lider Heydər Əliyevin həyata keçirdiyi islahatların bu gün dövlət
başçısı İlham Əliyev tərəfindən uğurla və sistemli şəkildə davam etdirildiyini
vurğulayıb.
Tədbirdə Bakı Dövlət Universitetinin Hüquq fakültəsinin,
eləcə də Hüquq və İnsan Haqları İnstitutunun nümayəndələri, Konstitusiya Məhkəməsi
və Ombudsman Aparatının məsul şəxsləri müxtəlif hüquqi mövzular üzrə məruzələrlə
çıxış ediblər, geniş fikir mübadiləsi aparılıb.
Dəyirmi masaya yekun vuran Konstitusiya Məhkəməsinin sədri Fərhad Abdullayev qeyd edib ki, bu gün xalqını mürəkkəb tarixi sınaqlardan uğurla çıxaran Ulu Öndər Heydər Əliyevin əziz xatirəsi hər birimiz tərəfindən dərin hörmət və ehtiramla anılır. Müstəqil Azərbaycan Ümumilli Lider tərəfindən indiki və gələcək nəsillərə olan əmanəti, onun zəngin və çoxşaxəli irsi isə xalqımızın milli sərvətidir. Bu gün hər bir Azərbaycan vətəndaşı görkəmli siyasi xadim Heydər Əliyevin bizə müqəddəs miras qoyduğu müstəqil, demokratik dövləti qoruyub saxlamağı şərəfli vəzifə hesab edir. Dahi şəxsiyyət Heydər Əliyevin ölkəmizin parlaq gələcəyinə hesablanmış uğurlu siyasəti zamanın tələblərinə uyğun olaraq bu gün onun siyasi varisi Prezident İlham Əliyevin rəhbərliyi ilə uğurla davam etdirilir. Konstitusiya Məhkəməsi də öz növbəsində gələcək fəaliyyəti ilə hüquqi dövlətçiliyimizin inkişafına töhfə verməyə daim çalışacaq.
