02.10.2026
Konstitusiya
Məhkəməsinin sədri Fərhad Abdullayevin rəhbərlik etdiyi nümayəndə heyəti 1-2
oktyabr tarixlərində Özbəkistan Respublikasının Səmərqənd şəhərində
keçirilən Asiya Konstitusiya Məhkəmələri və Ekvivalent İnstitutlar
Assosiasiyasının VII Konqresində iştirak edib. Konqres rəqəmsallaşma
və süni intellekt şəraitində konstitusiya ədalət mühakiməsi mövzusuna həsr
edilib.
Tədbirin
rəsmi açılışında Özbəkistan Respublikasının Prezidenti cənab Şavkat Mirziyoyevin
Konqres iştirakçılarına ünvanlanan məktubu səsləndirilib.
Açılış
nitqlərindən sonra tədbirin praktiki hissəsində Assosiasiyanın fəaliyyətinin
müxtəlif istiqamətləri üzrə məsələlər nəzərdən keçirilib, hesabatlar dinlənilib,
Assosiasiyanın genişləndirilməsi, konstitusiya ədalət mühakiməsi sahəsində fəaliyyət
göstərən digər beynəlxalq təşkilatlarla əməkdaşlığın inkişaf etdirilməsi, həmçinin
Səmərqənd Bəyannaməsinin layihəsi ətrafında fikir mübadiləsi aparılıb.
Daha
sonra plenar iclaslarda “Rəqəmsallaşma və süni intellekt şəraitində
konstitusiya ədalət mühakiməsi: hakimlərin müstəqilliyinin, insan hüquqlarının
müdafiəsinin və hüququn aliliyinin təmin edilməsinin hüquqi təminatları” və
“Konstitusiya ədalət mühakiməsinin rəqəmsallaşdırılması və konstitusiya nəzarətinin
həyata keçirilməsində süni intellektin tətbiqi: imkanlar, hüquqi hüdudlar və təminatlar”
məsələləri üzrə məruzələr dinlənilib və müasir dövrdə konstitusiya ədalət
mühakiməsinin qarşısında duran aktual məsələlər geniş müzakirə edilib. Müzakirələr
zamanı rəqəmsal texnologiyaların və süni intellektin konstitusiya ədalət
mühakiməsinin həyata keçirilməsində yaratdığı imkanlar, bu texnologiyaların tətbiqinin
hüquqi əsasları və hüdudları, insan hüquq və azadlıqlarının, hüququn aliliyinin
və hakimlərin müstəqilliyinin etibarlı təmin olunması məsələlərinə diqqət
yetirilib.
Konqresdə
Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin sədri Fərhad Abdullayev “Məhkəmə
aktlarının, o cümlədən Konstitusiya Məhkəməsi qərarlarının hazırlanmasında
analitik alət kimi süni intellektin tətbiqi hədləri” mövzusunda məruzə ilə
çıxış edib.
Səfər
çərçivəsində Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin təşəbbüsü ilə
Türk Dünyası Konstitusiya Yurisdiksiyaları Konfransına (TÜRK-AY) üzv olan
konstitusiya məhkəmələrinin işçi iclası keçirilib, həmin quruma üzv məhkəmələr
arasında əməkdaşlığın inkişaf perspektivləri və gələcək fəaliyyət istiqamətləri
ilə bağlı məsələlərə dair fikir mübadiləsi aparılıb.
Həmçinin,
Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin nümayəndə heyəti və Özbəkistan
Respublikası Konstitusiya Məhkəməsinin sədri Mirza-Uluqbek Abdusalomovun başçılıq
etdiyi nümayəndə heyəti ilə keçirilən görüşlərdə iki ölkə arasında konstitusiya
ədalət mühakiməsi sahəsində əməkdaşlığın inkişafı, habelə təcrübə mübadiləsinin
genişləndirilməsi məsələləri müzakirə edilib.
Konqresin yekununda Səmərqənd Bəyannaməsi qəbul olunub.
