20.10.2026
Oktyabrın 20-də Konstitusiya Məhkəməsində Türk Dünyası
Konstitusiya Yurisdiksiyaları Konfransı (TÜRK-AY) Təşkilatına üzv ölkələrin
nümayəndələrinin iştirakı ilə “Süni intellektin konstitusiya məhkəmələrinin fəaliyyətində
rolu” mövzusunda dəyirmi masa keçirilib.
Tədbirdən əvvəl qonaqlar Fəxri xiyabana gələrək müstəqil Azərbaycan
dövlətinin banisi, Ümummilli Lider Heydər Əliyevin məzarını ziyarət edib, xatirəsini
ehtiramla anıblar. Daha sonra xalqımızın qəhrəmanlıq səlnaməsi olan Zəfər
parkında torpaqlarımızın azadlığı uğrunda canlarını fəda etmiş Vətən müharibəsi
şəhidlərinin xatirəsini yad edib, abidənin önünə gül dəstələri düzüblər.
Konstitusiya Məhkəməsində keçirilən tədbiri giriş nitqi ilə
açan sədr Fərhad Abdullayev qonaqları salamlayaraq, Türk dünyası ölkələri
arasında dostluq və qardaşlıq münasibətlərinin, həmrəyliyin, qarşılıqlı
etimadın və əməkdaşlığın daha da dərinləşməsinin əhəmiyyətini nəzərə çatdırıb.
Sədr ortaq tarixi, milli-mənəvi dəyərləri və mədəni irsi bölüşən türk dövlətləri
arasında əlaqələrin bütün sahələrdə yüksək səviyyədə inkişafını vurğulayaraq,
dünya ölkələri tərəfindən türk xalqlarının birliyinin regionda sabitlik və əməkdaşlıq
üçün etibarlı tərəfdaş kimi qəbul edildiyini bildirib.
Sədr Azərbaycan Respublikasının Prezidenti cənab İlham
Əliyevin türk dövlətlərinin başçıları ilə, eləcə də Pakistan İslam
Respublikasının dövlət başçısı ilə münasibətlərin və qarşılıqlı səfərlərin dost
və tərəfdaş ölkələr arasında əlaqələrin möhkəmləndirilməsindəki roluna toxunub,
bu münasibətlər çərçivəsində siyasi dialoqun, qarşılıqlı dəstəyin və əməkdaşlığın
genişlənməsinə verdiyi töhfələri iştirakçıların diqqətinə çatdırıb.
Fərhad Abdullayev çıxışında TÜRK-AY təşkilatının fəaliyyətindən
bəhs edərək, üzv ölkələrin konstitusiya məhkəmələri arasında təcrübə mübadiləsinin
aparılmasını, hüquqi əməkdaşlığın gücləndirilməsini və ümumi maraq doğuran məsələlərin
müzakirəsinin əhəmiyyətini vurğulayıb. Sədr həyata keçirilən tədbirlərin
konstitusiya ədalət mühakiməsinin inkişafına və məhkəmələr arasında peşəkar əlaqələrin
genişlənməsinə xidmət etdiyini bildirib.
Daha sonra dəyirmi masada müşahidəçi qismində iştirak etmək
üçün tədbirə dəvət olunan fəxri qonaq Pakistan Federal Konstitusiya Məhkəməsinin
sədri Amin-ud-Din Xan, eləcə də TÜRK-AY
təşkilatına tamhüquqlu üzv olan Özbəkistan Konstitusiya Məhkəməsinin sədr
müavini Asgarjon Qafurov, Qazaxıstan Konstitusiya Məhkəməsinin hakimi Ayjan
Jatkanbayeva, Qırğız Konstitusiya Məhkəməsinin hakimi Jamil Şarşenaliyev,
Türkiyə Konstitusiya Məhkəməsinin hakimi Kamal Özeren, Azərbaycan Konstitusiya
Məhkəməsinin hakimi Fərhad Tutayuk və Aparat rəhbərinin müavini Ziya Qasımov məruzə
ilə çıxış ediblər.
Çıxışlarda süni intellekt texnologiyalarının konstitusiya məhkəmələrinin
fəaliyyətinə təsiri, bu texnologiyaların tətbiqi imkanları, hüquqi proseslərin
təkmilləşdirilməsi və müasir texnoloji çağırışlar fonunda konstitusiya ədalət
mühakiməsinin qarşısında duran məsələlər ətrafında fikir mübadiləsi aparılıb,
daha sonra mövzu üzrə müzakirələr keçirilib, həmçinin iştirakçılar təcrübələrini
və yanaşmalarını bölüşüblər.
Tədbirin sonunda Konstitusiya Məhkəməsinin sədri Fərhad Abdullayev yekun nitqi ilə çıxış edərək, dəyirmi masanın türk dövlətlərinin konstitusiya məhkəmələri arasında əməkdaşlığın möhkəmləndirilməsi, hüquqi təcrübə mübadiləsinin genişləndirilməsi və süni intellektin məhkəmə fəaliyyətinə inteqrasiyası ilə bağlı aktual məsələlərin müzakirəsi baxımından xüsusi əhəmiyyət daşıdığını bildirib.
