04.05.2026
Fərhad
Abdullayevin sədrliyi ilə Konstitusiya Məhkəməsi Plenumunun növbəti iclası
keçirilib.
Məhkəmə iclasında Bakı Apellyasiya Məhkəməsinin müraciəti
əsasında Azərbaycan Respublikası Konstitusiyasının 28-ci və 60-cı maddələri
baxımından Cinayət-Prosessual Məcəllənin 148.6-cı və 447.2-ci maddələrinin əlaqəli
şəkildə şərh edilməsinə dair konstitusiya işinə baxılıb.
Konstitusiya Məhkəməsinin Plenumu iş üzrə hakim X.Vəliyevin
məruzəsini, maraqlı subyektlər Bakı Apellyasiya Məhkəməsinin müraciətini və
Milli Məclis Aparatının mülahizəsini, Ali Məhkəmə, Azərbaycan Respublikasının
Prokurorluğu, Sumqayıt Apellyasiya Məhkəməsi, Daxili İşlər Nazirliyi, Hüquqi
Ekspertiza və Qanunvericilik Təşəbbüsləri Mərkəzi, Vəkillər Kollegiyası tərəfindən
təqdim edilmiş mütəxəssis mülahizələrini, ekspert Bakı Dövlət Universitetinin
Hüquq fakültəsinin Cinayət prosesi kafedrasının müdiri, hüquq elmləri doktoru,
professor F.Abbasovanın rəyini və iş materiallarını araşdırıb müzakirə edərək qərar
qəbul edib.
Qərarda deyilir ki, Azərbaycan Respublikası
Konstitusiyasının 28-ci maddəsində nəzərdə tutulmuş azadlıq hüququnun təminatı
baxımından, habelə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun bu
Qərarının təsviri-əsaslandırıcı hissəsində ifadə edilmiş hüquqi mövqelərə əsasən
Cinayət-Prosessual Məcəllənin 447.2-ci maddəsində məhkəmə tərəfindən həbs qətimkan
tədbirinin seçilməsi ilə bağlı müraciətlərə baxılması üçün müəyyən edilmiş 24
saat əlavə müddət olmamaqla, həmin Məcəllənin 148.6-cı maddəsinə uyğun olaraq
şübhəli şəxs qismində tutulma üçün müəyyən edilmiş 48 saatlıq müddətlə ehtiva
olunur.
Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə
uyğun olaraq, istintaq orqanları və məhkəmələr tərəfindən həbs qətimkan tədbirinin
seçilməsi ilə bağlı məsələnin obyektiv və hərtərəfli araşdırılması üçün onlar
arasında 48 saatlıq müddət çərçivəsində ağlabatan vaxt bölgüsünün müəyyənləşdirilməsi
və bu istiqamətdə qanunvericiliyin təkmilləşdirilməsi Milli Məclisə tövsiyə
edilib.
Qərar dərc edildiyi gündən qüvvəyə minir, qətidir, heç
bir orqan və ya şəxs tərəfindən ləğv oluna, dəyişdirilə, yaxud rəsmi təfsir
edilə bilməz.
