26.02.2026
Fevralın
26-da Xocalı faciəsinin 34-cü ildönümü ilə əlaqədar Konstitusiya Məhkəməsinin sədri,
hakimləri və Aparatın əməkdaşları “Ana harayı” abidəsini ziyarət edərək, Xocalı
soyqırımı qurbanlarının əziz xatirəsini dərin ehtiramla anıb, abidənin önünə
gül dəstələri düzüblər.
Daha
sonra Konstitusiya Məhkəməsində təşkil olunan anım tədbirinin açılışında faciə
zamanı həlak olmuş mülki şəxslərin, eləcə də Vətən uğrunda canlarını qurban
vermiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Sədr
Fərhad Abdullayev bildirib ki, Azərbaycan xalqı XX əsrin ən dəhşətli faciələrindən
biri Xocalı soyqırımının 34-cü ildönümünü dərin hüzn və ehtiram hissi ilə anır.
1992-ci ilin fevral ayında Ermənistan silahlı qüvvələri tərəfindən Xocalı şəhərində
azərbaycanlı mülki əhaliyə qarşı törədilmiş bu kütləvi qırğın yalnız milli
tariximizin deyil, bütövlükdə bəşəriyyətin yaddaşında ağır beynəlxalq cinayət
kimi qalmaqdadır. Xocalı şəhərində həyata keçirilmiş bu məqsədli və sistemli
zorakılıq aktı nəticəsində 600-dən artıq dinc sakin, o cümlədən qadınlar,
uşaqlar və yaşlılar amansızlıqla qətlə yetirilmiş, yüzlərlə insan ağır
yaralanmış, əsir və girov götürülmüşdür. Faciə zamanı insanlara qarşı xüsusi qəddarlıq
nümayiş etdirilərək, beynəlxalq humanitar hüququn fundamental prinsipləri kobud
şəkildə pozulmuşdur.
Vurğulanıb
ki, Xocalı faciəsi Ümummilli Lider Heydər Əliyevin təşəbbüsü ilə 1994-cü ildə Milli Məclis tərəfindən müvafiq
qərar qəbul edilərək Xocalı hadisələrinə soyqırımı aktı kimi dövlət səviyyəsində
ilk dəfə siyasi və hüquqi qiymət verilib.
Ulu Öndərin bu mövqeyi Xocalı həqiqətlərinin beynəlxalq ictimaiyyətə
çatdırılması istiqamətində ardıcıl dövlət siyasətinin əsasını təşkil edib.
Tədbirdə
həmçinin qeyd edilib ki, möhtərəm Prezident cənab İlham Əliyev tərəfindən
Xocalı soyqırımının beynəlxalq səviyyədə tanıdılması, bu cinayətin törədilməsində
məsuliyyət daşıyan şəxslərin ifşa olunması, tarixi ədalətin bərpası istiqamətində
ardıcıl və məqsədyönlü fəaliyyət həyata keçirilib. Dövlətimiz tərəfindən
aparılan xarici siyasət nəticəsində bir sıra ölkələr və beynəlxalq təşkilatlar,
həmçinin ABŞ-nin bir çox ştatları Xocalı hadisələrini soyqırımı kimi tanıyır.
Eyni
zamanda nəzərə çatdırılıb ki, Birinci vitse-prezident Mehriban Əliyeva tərəfindən Xocalı faciəsinin dünya ictimaiyyətinə
çatdırılması istiqamətində mühüm təşəbbüslər irəli sürülüb. Heydər Əliyev Fondunun
vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə həyata keçirilən uğurlu layihələr
Xocalı həqiqətlərinin beynəlxalq informasiya məkanında geniş yayılmasına və
soyqırımı qurbanlarının xatirəsinin yaşadılmasına xidmət edir.
Bildirilib
ki, bu soyqırımı aktı 1949-cu il Cenevrə Konvensiyalarının, eləcə də “Soyqırımı
cinayətinin qarşısının alınması və cəzalandırılması haqqında” Konvensiyanın əsas
müddəalarına zidd olmaqla, insan hüquqlarının və əsas azadlıqların kütləvi şəkildə
pozulmasının bariz nümunəsidir. Xocalı hadisələri etnik mənsubiyyətə görə
insanların məhv edilməsini hədəfləyən ağır beynəlxalq cinayət kimi qiymətləndirilir.
Sədr
Fərhad Abdullayev vurğulayıb ki, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi
ilə 2020-ci ildə 44 günlük Vətən müharibəsi zamanı Azərbaycan Silahlı Qüvvələrinin
işğal altında olan torpaqlarımızı azad etməsi, suverenliyimizin və ərazi
bütövlüyümüzun bərpası yeni reallıqlar yaratdı. Hazırda regionda həyata keçirilən
bərpa və quruculuq prosesi Azərbaycanın gücünü, strateji baxışını və idarəetmə
qabiliyyətini bütün dünyaya nümayiş etdirir. Böyük Qayıdış Proqramı çərçivəsində
işğaldan azad olunmuş torpaqlarda, həmçinin Xocalı şəhərində genişmiqyaslı infrastruktur
layihələri icra edilir, keçmiş məcburi köçkünlərin doğma yurdlarına qayıdışı mərhələli
şəkildə təmin olunur və həyat yenidən canlanır.
Tədbirin yekununda sədr Fərhad Abdullayev qeyd edib ki, Xocalı soyqırımı tarixi yaddaş olmaqla yanaşı, gələcək nəsillər üçün hüquqi və mənəvi dərsdir. Bu dərs sülhün, qarşılıqlı hörmətin və beynəlxalq hüququn aliliyinin qorunmasının nə qədər zəruri olduğunu bir daha təsdiq edir. Azərbaycan xalqı ölkəmizin ərazi bütövlüyünün müdafiəsi və suverenliyimizin bərpası naminə həyatlarını qurban vermiş qəhraman şəhidlərin, habelə amansız şəkildə qətlə yetirilmiş yüzlərlə soydaşımızın xatirəsini daim uca tutur, onları dərin ehtiram və hörmətlə anır.
