19.02.2026
Fərhad
Abdullayevin sədrliyi ilə Konstitusiya Məhkəməsi Plenumunun növbəti iclası
keçirilib.
Məhkəmə
iclasında Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkilinin
(ombudsmanın) sorğusu əsasında Əmək Məcəlləsinin 144-cü maddəsinin 2 və 3-cü
hissələrinin Azərbaycan Respublikası Konstitusiyasının 25-ci maddəsinin I və
III hissələrinə, 71-ci maddəsinin II hissəsinə, 149-cu maddəsinin I və III hissələrinə
uyğunluğunun yoxlanılmasına dair konstitusiya işinə baxılıb.
Konstitusiya Məhkəməsinin Plenumu iş üzrə hakim İ.Nəcəfovun
məruzəsini, Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkilinin
(ombudsmanın) sorğusunu və Milli Məclis Aparatının mülahizəsini, Ali Məhkəmə,
Hüquqi Ekspertiza və Qanunvericilik Təşəbbüsləri Mərkəzi, Naxçıvan Muxtar
Respublikasının Ədliyyə Nazirliyi, Vəkillər Kollegiyası tərəfindən təqdim edilən
mütəxəssis mülahizələrini, ekspert Bakı Dövlət Universitetinin Hüquq fakültəsinin
Əmək və ekologiya hüququ kafedrasının müdiri, hüquq elmləri doktoru, professor
A.Qasımovun rəyini və iş materiallarını araşdırıb müzakirə edərək qərar qəbul
edib.
Qərarda deyilir ki, Əmək Məcəlləsinin 144-cü maddəsinin
3-cü hissəsindəki “bu Məcəllənin 115–117 və 118-1-ci maddələrində nəzərdə
tutulmuş əlavə məzuniyyətlərə görə kompensasiyanın verilməməsi” müddəası bərabərlik
və normativ hüquqi aktların haqq-ədalətə əsaslanması prinsiplərinin tələbləri
ilə uyğunsuzluq təşkil etdiyinə və ödənişli əmək məzuniyyəti hüququnu qeyri-mütənasib
şəkildə məhdudlaşdırdığına görə Azərbaycan Respublikası Konstitusiyasının 25-ci
maddəsinin I və III hissələrinə, 71-ci maddəsinin II hissəsinə və 149-cu maddəsinin
I hissəsinə uyğun olmadığından tətbiqi dayandırılsın.
Konstitusiya Məhkəməsi Plenumunun bu Qərarının təsviri-əsaslandırıcı
hissəsində əks olunmuş hüquqi mövqelərə əsasən işdən çıxan günədək işçinin
istifadə etmədiyi Əmək Məcəlləsinin 115–117 və 118-1-ci maddələrində göstərilən
əlavə məzuniyyətlərə görə kompensasiya ödənilməsinin təmin edilməsi məqsədilə həmin
Məcəllənin 144-cü maddəsinin 2 və 3-cü hissələri Azərbaycan Respublikası
Konstitusiyanın 25-ci maddəsinin I və III, 71-ci maddəsinin II və 149-cu maddəsinin
I hissələrinin tələblərinə uyğunlaşdırılsın.
Məsələ qanunvericilik qaydasında həll edilənədək Azərbaycan
Respublikası Konstitusiyasının 25 və 149-cu maddələrinin tələbləri nəzərə
alınmaqla mövcud qeyri-bərabərliyin qarşısının alınması məqsədilə, əmək müqaviləsinə
xitam verilərkən işçiyə bütün iş illərinin istifadə etmədiyi Əmək Məcəlləsinin
115–117 və 118-1-ci maddələrində göstərilən əlavə məzuniyyətlərinə görə,
istifadə olunmamış əsas əmək məzuniyyəti üçün müəyyən edilmiş qaydada və məbləğdə
hesablanan kompensasiyanın verilməsi təmin edilsin.
Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun
bu Qərarı qüvvəyə minməsindən sonra əmək müqavilələrinə xitam verilməsi ilə
bağlı yaranan münasibətlərə, habelə hazırda məhkəmələrin icraatında olan
müvafiq işlərə şamil olunsun.
Qərar dərc edildiyi gündən qüvvəyə minir, qətidir, heç
bir orqan və ya şəxs tərəfindən ləğv oluna, dəyişdirilə, yaxud rəsmi təfsir
edilə bilməz.
