Sumqayıt Məhkəmə Kompleksində Konstitusiya Məhkəməsinin rəhbərliyinin iştirakı ilə “Konstitusiya və Suverenlik İli”çərçivəsində tədbir keçirilib

Xəbərlər

2025 Oct

17.10.2025


Oktyabrın 17-də Sumqayıt Apellyasiya Məhkəməsinin təşkilatçılığı ilə “Konstitusiya və Suverenlik İli” çərçivəsində Sumqayıt Məhkəmə Kompleksində tədbir təşkil edilib.

Tədbirdə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin sədri Fərhad Abdullayevin rəhbərlik etdiyi nümayəndə heyəti,  Ali Məhkəmənin və Məhkəmə-Hüquq Şurasının nümayəndələri, Sumqayıt Apellyasiya Məhkəməsinin və yurisdiksiyasına daxil olan məhkəmələrin hakimləri, eləcə də gənc hüquqşünaslar iştirak ediblər.

Tədbirdən öncə iştirakçılar Sumqayıt Məhkəmə Kompleksinin binası ilə tanış olublar.

Sumqayıt Apellyasiya Məhkəməsinin sədri Tofiq Paşayev açılış nitqində qeyd edib ki, bu tədbir “Konstitusiya və Suverenlik İli” çərçivəsində dövlətçiliyimizin hüquqi əsaslarını, milli Konstitusiyamızın yaranma tarixini və bu sahədə əldə edilən nailiyyətləri bir daha nəzərdən keçirmək baxımından mühüm əhəmiyyət daşıyır.

Vurğulanıb ki, 1995-ci ildə Ulu Öndər Heydər Əliyevin rəhbərliyi ilə qəbul edilən Azərbaycan Respublikasının Konstitusiyası dövlət müstəqilliyimizin hüquqi təminatını formalaşdıraraq ölkəmizin inkişafında dönüş nöqtəsinə çevrilib. Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə 44 günlük Vətən müharibəsində qazanılan Zəfər sayəsində dövlət suverenliyimiz və ərazi bütövlüyümüz bərpa olunub.

Daha sonra Konstitusiyanın hazırlanması prosesi və dövlət suverenliyimizin bərpasına dair videoçarx nümayiş olunub.

Tədbirdə çıxış edən Konstitusiya Məhkəməsinin sədri Fərhad Abdullayev qeyd edib ki, Azərbaycan Respublikasının 1995-ci il Konstitusiyasının qəbulu Ulu Öndər Heydər Əliyevin dövlətçilik iradəsinin və uzaqgörən siyasətinin təntənəsidir. Məhz Ulu Öndərin rəhbərliyi ilə hazırlanaraq ümumxalq səsverməsi ilə qəbul edilən bu ali hüquqi sənəd müstəqil dövlətçiliyimizin bünövrəsini möhkəmləndirib, insan hüquq və azadlıqlarının təminatına, demokratik cəmiyyətin qurulmasına hüquqi zəmin yaradıb. Sədr vurğulayıb ki, bu gün Prezident İlham Əliyevin rəhbərliyi ilə həmin ideyalar yeni inkişaf mərhələsinə yüksəlib, həyata keçirilən islahatlar, 44 günlük Vətən müharibəsində qazanılan Böyük Qələbə və suverenliyimizin tam bərpası Konstitusiyamızın dayanıqlığının, Ulu Öndərin müəyyən etdiyi yolun və milli birliyimizin parlaq təcəssümüdür.

Sədr Fərhad Abdullayev Konstitusiya Məhkəməsinin fəaliyyət istiqamətləri, həyata keçirilən hüquqi islahatların konstitusion əsasları, həmçinin Məhkəmənin qəbul etdiyi qərarların hüquq sisteminin inkişafında və qanunvericilik təcrübəsində rolu barədə ətraflı məlumat verib. Sədr qeyd edib ki, konstitusiya nəzarəti hüquqi dövlətin əsas atributlarından biri kimi insan hüquq və azadlıqlarının təminatı və müdafiəsində mühüm əhəmiyyət kəsb edir.

Fərhad Abdullayev, həmçinin, Sumqayıt Məhkəmə Kompleksində yaradılmış şəraitdən danışaraq bildirib ki, burada müasir məhkəmə sisteminin tələblərinə cavab verən infrastruktur qurulub, ədalət mühakiməsinin həyata keçirilməsi üçün bütün zəruri texniki və təşkilati imkanlar təmin olunub, hakim və məhkəmə personalı üçün müasir iş şəraiti yaradılıb, vətəndaşların rahatlığı, şəffaflıq və ədalət prinsipinin təmin edilməsi məqsədilə ən son innovativ həllər tətbiq olunub.

Çıxış edən digər tədbir iştirakçıları Konstitusiyanın hüquq sistemində ali qüvvəyə malik olmasını və məhkəmə fəaliyyətində konstitusion dəyərlərin tətbiqinin ədalət mühakiməsinin keyfiyyətinə birbaşa təsirini qeyd ediblər.

Tədbirdə iştirakçılar Konstitusiya Məhkəməsinin fəaliyyəti, qəbul etdiyi qərarların hüquq sistemində rolu və tətbiqi ilə bağlı suallar ünvanlayıb, mövzu ətrafında fikir mübadiləsi aparıblar.

Sonda belə görüşlərin hüquq ictimaiyyəti, o cümlədən gənc hüquqşünaslar arasında konstitusion dəyərlərin təbliği, hüquqi biliklərin artırılması və məhkəmə sistemində peşəkar yanaşmanın gücləndirilməsi baxımından xüsusi əhəmiyyət daşıdığı vurğulanıb.