08.10.2025
Oktyabrın
8-də Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin sədri Fərhad Abdullayev
ölkəmizdə işgüzar səfərdə olan Macarıstan Respublikası Konstitusiya Məhkəməsinin
hakimi Akoş Kozma və Baş katibi Vivien Kozma ilə görüş keçirib.
Qonaqları
salamlayan sədr Fərhad Abdullayev bildirib ki, Azərbaycan və Macarıstan Respublikaları
arasında bir çox sahələrdə olan sıx əməkdaşlıq Azərbaycan Respublikasının
Prezidenti cənab İlham Əliyev və Macarıstanın Baş naziri cənab Viktor Orban
arasında formalaşmış qarşılıqlı etimad və anlaşmaya əsaslanır və bu iki dövlət arasında
olan münasibətlərin bütün sahələrdə möhkəmlənməsinə mühüm zəmin yaradır.
Qeyd
olunub ki, Azərbaycan və Macarıstan arasındakı formalaşmış sıx münasibətlər məhkəmə-hüquq
sahəsində də əməkdaşlığın genişlənməsinə töhfə verir. Xüsusilə, konstitusiya nəzarətinin
effektivliyi, o cümlədən vətəndaşların Konstitusiyada təsbit edilmiş hüquqların
təmin edilməsi mexanizmlərinin tətbiqi üzrə təcrübə mübadiləsi hər iki məhkəmənin
fəaliyyəti üçün önəmlidir.
Görüş
zamanı Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin fəaliyyəti, qərar qəbuletmə
proseduru, Məhkəmənin bir sıra hüquqi mövqeləri barədə ətraflı məlumat verilib,
hüquqi dövlətin inkişafında Konstitusiya Məhkəmələrinin rolu, Konstitusiya Məhkəmələri
arasında əməkdaşlığın mövcud vəziyyəti və gələcək inkişaf məsələləri ətrafında
fikir mübadiləsi aparılıb.
Daha
sonra cənab Akoş Kozma səmimi qəbula görə təşəkkürünü bildirib, Azərbaycan
Respublikasının Konstitusiya Məhkəməsi ilə əməkdaşlığın faydalı olduğunu
vurğulayıb.
Görüşdə,
həmçinin Konstitusiya Ədalət Mühakiməsi üzrə Dünya Konfransı, Avropa
Konstitusiya Məhkəmələri Konfransı və digər beynəlxalq konstitusiya ədalət
mühakiməsi sahəsində qurumlar çərçivəsində inkişaf etdirilməsinin vacibliyi
qeyd edilib.
Tədbirin
sonunda qonaqlar Konstitusiya Məhkəməsinin binası ilə tanış olublar və xatirə
fotoşəkilləri çəkdiriblər.