17.11.2025
Azərbaycan
Respublikası Konstitusiya Məhkəməsinin hakimi Otari Qvaladze və Aparatın Konstitusiya
hüququ şöbəsinin müdir müavini Könül Qurbanova Özbəkistan Respublikası
Konstitusiya Məhkəməsinin sədri Mirza-Uluqbek
Abdulsalomovun dəvəti ilə Özbəkistan Respublikası Konstitusiya Məhkəməsinin
30 illik yubileyinə həsr olunmuş "Konstitusiya islahatları və konstitusiya
nəzarəti institutunun inkişafında mövcud məsələlər" mövzusunda beynəlxalq
konfransda iştirak etmək üçün Özbəkistanın paytaxtı Daşkənd şəhərində səfərdə
olublar.
Konfransda
“Konstitusiya islahatlarından konstitusiya sabitliyinə qədər”, “Rəqəmsal əsrdə
konstitusiya ədalətinə çıxış və əsas hüquqların qorunması”, “İnsan hüquq və
azadlıqlarının müdafiəsində konstitusiya şikayəti”, “Konstitusiya ədalət
mühakiməsinin səmərəliliyinin artırılması: açıqlıq və ictimaiyyətin iştirakı” mövzusunda
məruzələr səsləndirilib, hüquqi məsələlər üzrə müzakirələr və geniş fikir
mübadiləsi aparılıb.
Beynəlxalq
konfrans çərçivəsində 2025-2027-ci illər üçün Asiya Konstitusiya Məhkəmələri və
Ekvivalent Təsisatlar Assosiasiyasına sədrliyin Tayland Krallığı Konstitusiya Məhkəməsindən
Özbəkistan Respublikası Konstitusiya Məhkəməsinə təhvil verilməsi mərasimi
keçirilib.
