14.11.2025
Konstitusiya Məhkəməsində Azərbaycan
Respublikası Konstitusiyasının qəbul edilməsinin 30-cu ildönümünə həsr olunan
“Konstitusiya və qanunun aliliyi müasir hüquq sistemlərində” mövzusunda keçirilən
beynəlxalq konfransda iştirak etmək üçün Bakı şəhərində səfərdə olan Qırğızıstan
Konstitusiya Məhkəməsinin sədri Emil Oskonbayev, Türkiyənin Konstitusiya Məhkəməsinin
hakimi Yıldız Seferinoğlu və Taylandın Konstitusiya Məhkəməsinin hakimi
Noppadon Teppitakın sədrlik etdiyi nümayəndə heyətləri ilə görüş keçirilib.
Görüşdə sədr Fərhad Abdullayev Konstitusiya Məhkəməsinin
fəaliyyəti, qərar qəbuletmə proseduru, ölkəmizdə məhkəmə-hüquq sahəsində aparılan
islahatlar və tətbiq edilən yeniliklər barədə məlumat verib, məhkəmələr
arasında əməkdaşlığın vacibliyini vurğulayıb.
Sədr qeyd edib ki, səfər çərçivəsində keçirilən
görüşlərdə təcrübə və fikir mübadiləsi ölkələrimiz arasında məhkəmə sahəsində əlaqələrin
daha da dərinləşməsinə, məhkəmə-hüquq əməkdaşlığının daha da möhkəmlənməsinə və
gələcək əməkdaşlığın inkişafına mühüm töhfə verəcək.
Qonaqlar Azərbaycan Respublikası Konstitusiyasının
qəbul edilməsinin 30 illiyi münasibətilə
bir daha öz təbriklərini ifadə etmiş, beynəlxalq Konfransın uğurlu və səmərəli
keçdiyini vurğulamış, Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi ilə qarşılıqlı
əlaqələrin inkişafında maraqlı olduqlarını qeyd edərək qonaqpərvərliyə və səmimi
qəbula görə bir daha minnətdarlıqlarını bildirmişlər.
Görüş zamanı geniş fikir mübadiləsi aparılıb.
Sonda qonaqlar Konstitusiya Məhkəməsinin binası
ilə tanış olublar və xatirə şəkilləri çəkdiriblər.
