03.11.2025
Azərbaycan
Respublikası Konstitusiya Məhkəməsinin sədri Fərhad Abdullayevin başçılıq
etdiyi nümayəndə heyəti 28-30 oktyabr tarixlərində Konstitusiya
Ədalət Mühakiməsi üzrə Dünya Konfransı Təşkilatına sədrlik edən İspaniya
Krallığı Konstitusiya Məhkəməsinin sədri Kandido Konde-Pumpidonun və Katibliyinin
fəaliyyətini təmin edən Avropa Şurasının Venesiya Komissiyasının dəvəti ilə “Gələcək
nəsillərin insan hüquqları” mövzusunda keçirilmiş VI Konqresdə iştirak etmək
üçün İspaniyanın Madrid şəhərində səfərdə olub.
Azərbaycan
Respublikası Konstitusiya Məhkəməsi 2009-cu ildən fəaliyyət göstərən
Konstitusiya Ədalət Mühakiməsi üzrə Dünya Konfransı Təşkilatına 2011-ci ildən tamhüquqlu üzv seçilmişdir. Konfransın
müxtəlif illərdə Cənubi Afrika Respublikasının Keyp Taun, Braziliya Federativ
Respublikasının Rio-de-Janeyro, Cənubi Koreya Respublikasının Seul, Litva
Respublikasının Vilnüs şəhərlərində və İndoneziya Respublikasının Bali adasında
konqresləri keçirilmişdir.
Tədbirdən
əvvəl Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin də daxil olduğu Avropa
və Asiya ölkələrinin Konstitusiya Məhkəmələrinin üzv olduqları Konstitusiya
Ədalət Mühakiməsi üzrə Dünya Konfransı Təşkilatının Bürosuna daxil olan bir
sıra qrupların iclasları keçirilmişdir.
Konqres
çərçivəsində “Təbii ehtiyatların və ətraf mühitin qorunması”, “Bəşəriyyətin mədəni
irsinin qorunması”, “Elmi biliklərə və yeni texnologiyalara əlçatanlıq”,
“Konstitusiya Məhkəmələrinin müstəqilliyi” adlı sessiyalar keçirilmişdir.
Daha
sonra konqresdə səsləndirilən məruzələr üzrə müzakirələr və geniş fikir mübadiləsi
aparılmış, yekun iclasda məruzəçilərin milli hesabatları dinlənilmiş və Madrid
Komunikesi qəbul edilmişdir. Sənəddə sağlam ətraf mühitdə yaşamaq hüququnun
mühüm insan hüquqlarından biri olduğu qeyd olunub. Həmçinin, Konstitusiya Məhkəmələri
mədəni irsin qorunmasına öz töhfələrini verməli və rəqəmsal texnologiyaların tətbiqində
şəxsi məlumatların mühafizəsinə xüsusi diqqət yetirilməsinin vacibliyi
vurğulanıb.
Konqresin
rəsmi bağlanış mərasimində İspaniya Kralı VI Felipe tədbir iştirakçılarını
salamlamış və konqresin Konstitusiya Məhkəmələri arasında beynəlxalq əməkdaşlığın
genişləndirilməsində mühüm rol oynayacağına əmin olduğunu bildirmişdir.
Səfər zamanı Azərbaycan nümayəndə heyəti bir sıra ölkələrin Konstitusiya Məhkəmələrinin sədr və hakimləri ilə işgüzar görüşlər keçirmiş və hüquq məsələləri müzakirə etmişlər.
