25.06.2025
Fərhad
Abdullayevin sədrliyi ilə Konstitusiya Məhkəməsi Plenumunun növbəti iclası
keçirilib.
Məhkəmə
iclasında Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsi baxımından Azərbaycan
Respublikası Cinayət-Prosessual Məcəlləsinin 509.1-ci maddəsinin həmin Məcəllənin
520.7-ci maddəsi ilə əlaqəli şəkildə şərh edilməsinə dair konstitusiya işinə
baxılıb.
Konstitusiya Məhkəməsinin Plenumu iş üzrə hakim K.Şəfiyevin
məruzəsini, maraqlı subyektlər Bakı Apellyasiya Məhkəməsinin müraciətini və
Milli Məclis Aparatının mülahizəsini, Ali Məhkəmənin, Azərbaycan
Respublikasının Prokurorluğunun, Vəkillər Kollegiyası tərəfindən təqdim edilmiş
mütəxəssis mülahizələrini, ekspertlər Bakı Dövlət Universitetinin Hüquq fakültəsinin
Cinayət prosesi kafedrasının professoru, hüquq elmləri doktoru M.Qəfərovun və həmin
kafedranın dosenti, hüquq elmləri doktoru Ə.Qasımovun rəyini və iş
materiallarını araşdırıb müzakirə edərək qərar qəbul edib.
Qərarda deyilir ki, Azərbaycan Respublikası Cinayət-Prosessual
Məcəlləsinin 520.2-ci maddəsinə və Konstitusiya Məhkəməsi Plenumunun bu Qərarının
təsviri-əsaslandırıcı hissəsində əks olunmuş hüquqi mövqelərə əsasən Azərbaycan
Respublikası Cinayət-Prosessual Məcəlləsinin 509.1.1–509.1.8-ci maddələri ilə nəzərdə
tutulmuş məsələlərlə bağlı qəbul edilmiş məhkəmə qərarından zərər çəkmiş şəxsin
apellyasiya və ya kassasiya şikayəti vermək hüququ istisna edilir.
Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsindən
və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 383.1.5, 409.4,
520.7-ci maddələrinin müddəalarından irəli gələrək, hökm və ya məhkəmənin digər
yekun qərarlarının icrası qaydasında baxılan məsələlərə dair qəbul edilmiş məhkəmə
qərarları yalnız zərər çəkmiş şəxsin mənafelərinə toxunduğu hallarda, zərər çəkmiş
şəxs həmin qərarlardan apellyasiya və kassasiya şikayəti vermək hüququna
malikdir.
Qərar dərc edildiyi gündən qüvvəyə minir, qətidir, heç
bir orqan və ya şəxs tərəfindən ləğv oluna, dəyişdirilə, yaxud rəsmi təfsir
edilə bilməz.
