24.06.2025
Fərhad
Abdullayevin sədrliyi ilə Konstitusiya Məhkəməsi Plenumunun növbəti iclası
keçirilib.
Məhkəmə iclasında Bakı Apellyasiya Məhkəməsinin və Göyçay
Rayon Məhkəməsinin müraciətləri əsasında Azərbaycan Respublikası
Konstitusiyasının 60 və 129-cu maddələrinin I hissələri baxımından Azərbaycan
Respublikası Mülki Prosessual Məcəlləsinin 232-ci maddəsinin şərh edilməsinə
dair konstitusiya işinə baxılıb.
Konstitusiya Məhkəməsinin Plenumu İş üzrə hakim Ceyhun
Qaracayevin məruzəsini, maraqlı subyektlər Bakı Apellyasiya Məhkəməsinin,
Göyçay Rayon Məhkəməsinin müraciətlərini və Milli Məclis Aparatının mülahizəsini,
Ali Məhkəmənin, Mərkəzi Bankın, Azərbaycan Banklar Assosiasiyasının nəzdində fəaliyyət
göstərən Hüquqi məsələlər üzrə Ekspert Qrupu tərəfindən təqdim edilən mütəxəssis
mülahizələrini və iş materiallarını araşdırıb müzakirə edərək qərar qəbul edib.
Qərarda deyilir ki, Azərbaycan Respublikası
Konstitusiyasının 60 və 129-cu maddələrinin I hissələrindən irəli gələrək Azərbaycan
Respublikası Mülki Prosessual Məcəlləsinin 232-ci maddəsi üzrə tərəflər məhkəmə
qətnaməsi qanuni qüvvəyə mindikdən sonra həmin qətnamə üzrə tutulmalı olan pul
məbləğinin, onun tam ödənilməsinədək olan müddət ərzində indeksasiyası ilə
bağlı ərizə ilə məhkəməyə müraciət edə bilərlər.
Məhkəmə qətnaməsinin icrası zamanı tutulmalı pul məbləğlərinin
müvafiq indeksasiyası qanunun analogiyası üzrə “Azərbaycan Respublikasında vətəndaşların
pul gəlirlərinin və əmanətlərinin indeksləşdirilməsi haqqında” Azərbaycan
Respublikası Qanununda müəyyən olunan indeksasiya qaydalarına uyğun olaraq həyata
keçirilməlidir.
Azərbaycan Respublikası Mülki Məcəlləsinin 439.1-ci maddəsinə
uyğun olaraq, müqavilə üzrə pul öhdəliyinin xarici valyutada icra edilməli
olmasının şərtləndirildiyi hallarda qətnamənin icrası zamanı tutulmalı pul məbləğlərinin
müvafiq indeksasiyasının həyata keçirilməsi istisna edilir.
Xarici valyuta ilə irəli sürülən pul tələbi ilə bağlı
iddialara baxılması nəticəsində alınan və ya ödənilən məbləğin qətnamənin icra
olunduğu günə olan manat məzənnəsi ilə hesablanması qət olunduğu halda qətnamənin
icrası zamanı tutulmalı pul məbləğlərinin müvafiq indeksasiyasının həyata
keçirilməsi mümkün hesab edilməlidir.
Hüquqi müəyyənlik prinsipinə və Azərbaycan Respublikası
Konstitusiya Məhkəməsi Plenumunun bu Qərarının təsviri-əsaslandırıcı hissəsində
əks olunmuş hüquqi mövqelərə əsasən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin
232-ci maddəsi üzrə məhkəmələr tərəfindən indeksasiyanın həyata keçirilməsi ilə
bağlı münasibətlərin tənzimlənməsinin təkmilləşdirilməsi Azərbaycan
Respublikasının Milli Məclisinə tövsiyə edilsin.
Qərar dərc edildiyi gündən qüvvəyə minir, qətidir, heç
bir orqan və ya şəxs tərəfindən ləğv oluna, dəyişdirilə, yaxud rəsmi təfsir
edilə bilməz.
