Müstəqil Azərbaycan Respublikasının ilk Konstitusiyası dövlətimizin müstəqilliyinin, suverenliyinin və ərazi bütövlüyünün təməli kimi

Xəbərlər

2025 Apr

30.04.2025

Dünya tarixinin müxtəlif dövrlərində, eləcə də həyat səviyyəsinin və informasiya texnologiyasının inkişaf etmiş hazırkı mərhələsində gedən proseslər təsdiq edir ki, hər bir ölkənin ictimai-siyasi həyatında baş verən müsbət və ya mənfi dəyişikliklər əksər hallarda ölkəsini təmsil edən lider şəxsin idarəçilik sahəsində hansı səviyyədə bilik və bacarığa malik olmasından daha çox onun xalqına, vətəninə, torpağına bağlılığından, sevgisindən asılıdır.

Hər bir xalqın tarixində elə şəxsiyyətlər var ki, onlar mənsub olduğu ölkənin ən çətin dövrlərində belə milli-mədəni dəyərlərin qorunub saxlanması və gələcək nəsillərə ötürülməsində müstəsna rol oynamışdır. Həyatını xalqının azadlığı, qüdrətlənməsi uğrunda mübarizəyə həsr etmiş belə şəxsiyyətlər nəsillər dəyişdikcə əbədiyaşarlıq qazanırlar.

Müstəqil və suveren dövlətə sahib olmaq, haqq-ədalətin və qanunun aliliyi prinsiplərinə əsaslanan inkişaf etmiş cəmiyyət qurmaq əsrlər boyu Azərbaycan xalqının əvəzolunmaz və əlçatmaz arzusu olmuşdur. Tarixin müxtəlif mərhələlərində kənar müdaxilələrə, məhrumiyyətlərə baxmayaraq, xalqımız milli kimliyini, mübarizə ruhunu qoruyub saxlamış, ideallarına həmişə sadiq qalmış və nəhayət, XX əsrin sonlarında sovet rejiminin süqutundan sonra dövlət müstəqilliyini bərpa etmişdir.

Ulu Öndər Heydər Əliyevin iti zəkası, dərin siyasəti, prinsipial qətiyyəti, polad iradəsi, yenilməz cəsarəti, eyni zamanda xalqına, vətəninə, torpağına hədsiz bağlılığı və sevgisi sayəsində xalqının səadəti yollarında qarşılaşdığı gərgin mübarizələrdən, çətin sınaqlardan qalibiyyətlə çıxmış və ölkəmizin hazırda nail olduğu və bundan sonra da əldə edəcəyi uğurların sarsılmaz təməlini təşkil edən güclü praktiki və ideoloji məktəb, tükənməz xəzinə yaratmışdır.

Azərbaycanı müstəqilliyə aparan yolun konkret tarixi mərhələləri və özünəməxsus xüsusiyyətləri vardır. Heydər Əliyev hələ Sovet Azərbaycanına rəhbərliyinin birinci dönəmində (1969-1982-ci illər) qurucu Lider kimi xalqının böyük rəğbətini qazanmışdı. Azərbaycan hələ o dövrdə məhz Heydər Əliyevin fədakarlığı və prinsipial mövqeyi sayəsində İttifaqa daxil olan müttəfiq ölkələr içərisində elmi-texniki tərəqqinin geniş şəkildə tətbiq olunduğu respublikaya, yüksək mədəniyyəti və incəsənəti ilə dünyada tanınan diyara çevrilmişdi. 1978-ci ildə qəbul olunmuş Konstitusiyada Azərbaycan dilinin dövlət dili kimi təsbit olunması, azərbaycançılıq ideologiyasının formalaşması, ixtisaslı milli kadrların, peşəkar hərbiçilərin hazırlanması kimi strateji sahələrə xüsusi diqqət yetirilməsi istiqamətində atılan cəsarətli addımlar Heydər Əliyevin müstəqilliyə istiqamətlənmiş uzaqgörən və məqsədyönlü siyasətinin tərkib hissəsi idi. Sonralar həmin dövrdə həyata keçirilmiş tədbirlərdən danışan Ulu Öndər demişdir: "Bəli, mən istəyirdim ki, Azərbaycan müstəqil olsun, hər şeydən əvvəl, iqtisadi cəhətdən, çünki istənilən müstəqilliyin əsasında iqtisadiyyat durur".

1991-1993-cü illərdə hakimiyyətin yarıtmaz fəaliyyəti cəmiyyət həyatının bütün sahələrində İttifaq dövrünün son beş ilindən miras qalmış böhranın son həddə kəskinləşməsinə, ölkədə anarxiyanın yaranmasına gətirib çıxarmışdı. Müstəqilliyinin bərpasının ilk illərində ölkəmizdə mürəkkəb şərait yaranmışdı. Torpaqlarımızın işğalı, ölkə rəhbərliyinin səriştəsizliyi, daxili çəkişmələr, iqtisadi və siyasi böhran ölkəni bürümüşdü. 1991-ci il oktyabrın 18-də "Azərbaycan Respublikasının Dövlət Müstəqilliyi haqqında Konstitusiya Aktı" qəbul edilsə də, bu müstəqillik, əslində ilk dövrdə formal xarakter daşıyır, onun itirilməsi təhlükəsi, saxlanması ümidindən qat-qat üstünlük təşkil edirdi. Həmin illərdə Azərbaycanda hakimiyyətdə xalqın etimad göstərə biləcəyi siyasi qüvvələrin olmaması dövlət idarəçiliyi mexanizmlərinin formalaşmasında ciddi maneəyə çevrilməklə yanaşı, daxili böhran, vətəndaş qarşıdurması, xaos və özbaşınalığa rəvac vermiş, qanunvericilik və hüquq qaydalarının faktiki olaraq mövcud olmaması ciddi problemlər yaratmışdı. Bu şəraitdə vətəndaşın azad, təhlükəsiz yaşamaq, ictimai-siyasi hüquqlarını əks etdirən normaların pozulması adi hala çevrilmişdi.

1993-cü ilin may-iyun aylarında ölkənin parçalanması və müstəqilliyin itirilməsi təhlükəsi ilə üzləşən xalqımızın təkidli tələbi ilə yenidən hakimiyyətə qayıtmış Ümummilli Lider Heydər Əliyevin böyük xilaskarlıq missiyası sayəsində ölkəmizdə cərəyan edən təhlükəli proseslərin qarşısı qətiyyətlə alındı, ictimai-siyasi sabitlik təmin edildi və müasir dövlət quruculuğu üçün etibarlı zəmin yarandı. Həyata keçirilən məqsədyönlü siyasət nəticəsində qanunçuluq və hüquq qaydası bərpa edildi. O zaman mövcud ictimai-sosial vəziyyət, insan hüquq və azadlıqlarının müdafiəsi sahəsində zəruri olan Azərbaycan Respublikasının milli qanunvericilik sisteminin inkişafı konsepsiyasını və müstəqil Azərbaycanın ilk Konstitusiyanın hazırlanmasını diktə edirdi. Ulu Öndərin bilavasitə rəhbərliyi ilə hazırlanmış, 1995-ci il noyabrın 12-də ümumxalq səsverməsi (referendum) yolu ilə qəbul olunmuş Azərbaycan Respublikasının ilk Konstitusiyası ölkəmizdə genişmiqyaslı qanunvericilik və institusional islahatların əsasını qoydu. Konstitusiya dövlətimizin müstəqilliyinin, suverenliyinin və ərazi bütövlüyünün qorunması, hüquqi, dünyəvi dövlət quruculuğu, vətəndaşlarımızın layiqli həyat səviyyəsinin, dünya ölkələri ilə dostluq və əmin-amanlıq şəraitində əməkdaşlığın təmin edilməsi kimi ali niyyətlərin həyata keçirilməsi üçün mühüm qanunvericilik bazası rolunu oynadı.

Qəbul olunan Əsas Qanun bir sıra təməl prinsipləri əks etdirərək müasir hüquqi dövlət və sivil cəmiyyətin əsas istiqamətlərini müəyyənləşdirən ideya və dəyərləri özündə cəmləşdirir. Konstitusiya Azərbaycan Respublikasında xalqın dövlət hakimiyyətinin yeganə mənbəyi olduğunu, öz idarəetmə formasını müəyyən etməyi xalqın suveren hüququ kimi təsbit edir. Həmçinin Əsas Qanun dövlətin demokratik, hüquqi, dünyəvi, unitar respublika olduğunu, dövlət hakimiyyətinin daxili məsələlərdə yalnız hüquqla, xarici məsələlərdə isə yalnız Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdən irəli gələn müddəalarla məhdudlaşdığını bəyan edərək, insan və vətəndaş hüquq və azadlıqlarının, Azərbaycan Respublikasının vətəndaşlarına layiqli həyat səviyyəsinin təmin edilməsinin dövlətin ali məqsədi olduğunu ifadə edir.

Ulu Öndər layihənin hazırlanması zamanı onun hər bir müddəasına respublikamızın demokratik inkişafı və imici baxımından xüsusi həssaslıqla yanaşmışdı. "Biz elə bir layihə hazırlamalı və nəhayət elə bir Konstitusiya qəbul etməliyik ki, o, müstəqil Azərbaycan Respublikasının demokratik prinsiplər əsasında uzun müddət sabit yaşamasını təmin edən Əsas Qanun, tarixi sənəd olsun. Qanunvericilik, məhkəmə hakimiyyəti - bunlar hamısı xalqın iradəsinə söykənməli, seçkilər yolu ilə təmin olunmalıdır". Tariximizə "Heydər Əliyev Konstitusiyası" kimi daxil olan Əsas Qanunun qəbul edilməsi respublikamızın həyatında yeni dəyişikliklərə yol açaraq müasir dünyəvi və vətəndaş cəmiyyəti quruculuğu tələblərinə cavab verən dövlətçiliyin formalaşması, siyasi və hüquq sistemlərində sabit özülün yaradılması işində mühüm addım oldu.

Konstitusiyanın qəbulu dövrümüzün ən mühüm nailiyyətlərindən biri kimi ölkəmizin inkişafı baxımından yeni mərhələyə qədəm qoyduğunu göstərir. Azərbaycan Respublikasının Konstitusiyası demokratik, hüquqi və dünyəvi dövlət quruculuğunun əsaslarını təsbit edərək, insan hüquq və azadlıqlarının müdafiəsinə xüsusi önəm verir. Bu hüquq və azadlıqlar dövlət tərəfindən verilən xüsusi imtiyaz olaraq deyil, məhz hər kəsin doğulduğu andan malik olduğu toxunulmaz, pozulmaz və ayrılmaz ali dəyərlər kimi təsbit olunur.

Qeyd etmək lazımdır ki, azərbaycançılıq ideologiyasına söykənərək qəbul edilən ilk Konstitusiya müstəqil dövlət quruculuğu prosesini tənzimləyən, demokratik inkişafa təminat yaradan, qanunvericiliyin təkmilləşdirilməsində hüquqi baza rolunu oynayan mütərəqqi sənəd olmaqla yanaşı, ölkəmizdə genişmiqyaslı qanunvericilik və məhkəmə-hüquq islahatlarının həyata keçirilməsinə yol açmışdır. Əsas Qanunda müasir cəmiyyətin inkişaf istiqamətlərini müəyyənləşdirən ideya və dəyərlər geniş şəkildə əks olunmuşdur. Belə ki, Konstitusiyada dövlət hakimiyyət orqanlarının demokratik qaydada formalaşdırılması, insan şəxsiyyətinə və ləyaqətinə hörmət, insan hüquqlarının səmərəli müdafiəsi mexanizmlərinin mövcudluğu, siyasi sistemdə plüralizmə təminat verilməsi, ümumbəşəri dəyərlərə sadiqlik və digər müddəalar öz əksini tapmışdır.

Müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, xalqının və dövlətinin müstəqilliyi, inkişafı naminə misilsiz və əvəzedilməz işlər görmüş, bununla bağlı tarixi proseslərə təsir göstərmiş Ümummilli Lider Heydər Əliyev hər zaman fəxr edəcəyimiz, qürur hissi ilə xatırlayacağımız tarix yaradan şəxsiyyətdir. Bütün ömrünü dövlətimizin möhkəmlənməsinə, gələcək inkişafına sərf etmiş Ulu Öndər əməlləri ilə xalqın sonsuz məhəbbətini qazanmış, müstəqil, müasir, azad və firavan Azərbaycanın qurucusu olmuşdur. Ümumdünya miqyaslı şəxsiyyət, dövlət xadimi, böyük siyasət ustası, qətiyyətli lider, müasir müstəqil dövlətimizin memarı və qurucusu kimi xalqımızın milli yaddaşına əbədi həkk olunmuş, milli qürur və iftixar mənbəyidir. İki fərqli dövrdə Azərbaycana rəhbərlik edən Heydər Əliyevin bütün həyat amalı və fəaliyyətinin məqsədi xalqımızın dünyanın qabaqcıl xalqları arasında layiqli yer tutmasına xidmət etmək idi və o, buna nail oldu.

Torpaqlarımızı işğal edən Ermənistan yüz minlərlə vətəndaşımızın doğma yurdlarında yaşamaq, azadlıq, mülkiyyət, mənzil toxunulmazlığı və digər konstitusion hüquqlarını pozmuşdu. Şəhər və kəndlərimizin işğaldan azad edilməsindən sonra qarşılaşdığımız acınacaqlı mənzərələr, evlərin daşlarına qədər sökülməsi və qarət edilməsi, dini məbədlərimizin, mədəniyyət abidələrinin və təbii sərvətlərimizin talan edilməsi xalqımızın maddi, mənəvi, siyasi hüquqlarının pozulmasının bariz nümunələridir.

Konstitusiyamızda yer alan niyyətlərdən biri də Azərbaycan dövlətinin müstəqilliyinin, suverenliyinin və ərazi bütövlüyünün qorunmasıdır. 2020-ci il sentyabrın 27-də Ermənistanın təxribatlarına cavab olaraq başlanmış Vətən müharibəsində tarixi qələbə və 2023-cü il sentyabrın 19-20-də həyata keçirilmiş uğurlu antiterror tədbirləri nəticəsində ölkəmizin ərazi bütövlüyü və suverenliyi tam bərpa edilmiş, Konstitusiyanın hüquqi qüvvəsi Azərbaycanın bütün ərazisində bərqərar olmuşdur.

Vətən müharibəsində əldə edilən tarixi Zəfər hüquqi və siyasi baxımdan suverenlik dəyərlərinin möhkəmləndirilməsi anlamına gəlir. Artıq 5 ildir ki, xalqımız Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə əzəli torpaqlarımızın işğaldan azad edilməsi, ərazi bütövlüyünün, dövlət suverenliyinin və ölkənin bütün ərazilərində Azərbaycan Respublikası Konstitusiyasının hüquqi qüvvəsinin tam bərpasının qürurverici təntənəsini yaşayır. Postmüharibə dövründə Qarabağ və Şərqi Zəngəzurda yenidənqurma və bərpa işləri, məcburi köçkünlərin doğma torpaqlarına qaytarılması və iqtisadi inteqrasiya layihələri suveren dövlət anlayışının real təcəssümü olmuşdur. Konstitusiyanın işğaldan azad edilmiş ərazilərdə tətbiqi həm də əhalinin həyat şəraitinin yaxşılaşdırılmasına və sosial xidmətlərin əlçatanlılığının artırılmasına töhfə verir. Beləliklə, Konstitusiyaya əsaslanan hüquqi çərçivənin işğaldan azad olunmuş torpaqlarda tətbiqi dövlətin suveren hüquqlarının tam mənada təmin edilməsi və həmin ərazilərin inkişafına dəstək verilməsi baxımından mühüm rol oynayır, Azərbaycanın gələcək inkişafında və dövlətçilik ənənələrinin möhkəmləndirilməsində xüsusi əhəmiyyət kəsb edir.

Bu gün Azərbaycan Respublikası xalqımızın milli maraqlarını rəhbər tutaraq, yeni reallıqlar şəraitində müstəqil siyasətini daha cəsarətlə, prinsipiallıqla davam etdirir, Konstitusiyanın tələblərinə və öz suveren hüquqlarına əsaslanaraq strateji hədəflərə doğru inamla irəliləyir. Həm regional, həm də qlobal miqyasda suverenlik və dövlət müstəqilliyi prinsiplərinin təbliğində mühüm faktor olaraq çıxış edir. Qarabağ münaqişəsinin həlli və bölgədə yeni reallıqların formalaşdığı şəraitdə ölkəmizin beynəlxalq hüquq prinsiplərinə əsaslanan siyasətinin nümayişi xüsusi önəm daşıyır.

2025-ci il dövlətimiz və cəmiyyətimiz üçün mühüm olan yubiley tarixləri ilə əlamətdardır. Bu il müstəqil Azərbaycan Respublikasının ilk Konstitusiyasının qəbul olunmasının 30 ili, eyni zamanda torpaqlarımızın azad edilməsi nəticəsində Konstitusiyamızın bütün Azərbaycan ərazisində hüququnun bərpa edilməsinin 5 ili tamam olur. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 28 dekabr 2024-cü il tarixli Sərəncamı ilə 2025-ci ilin ölkəmizdə "Konstitusiya və Suverenlik İli" elan olunması müasir Azərbaycan dövlətçiliyinin inkişafında mühüm hadisə olmaqla, hüquqi dövlətçilik və suverenlik dəyərlərinin möhkəmləndirilməsi baxımından xüsusi əhəmiyyətə malikdir. Sərəncam həm də gələcəyə yönələn strateji yanaşmaları özündə əks etdirir. Suverenlik və dövlətçilik müstəqil dövlətlərin varlığını və inkişafını təmin edən əsas amillərdir. Bu anlayışlar təkcə dövlətin hüquqi və siyasi əsaslarını deyil, həm də milli kimliyini və birliyini ifadə edir. Ölkəmizdə suverenlik və dövlətçilik prinsiplərinin möhkəmləndirilməsi müasir dövlət quruculuğu və xalqın rifahı üçün zəmin yaradır. Tam əminliklə qeyd etmək olar ki, 2025-ci ilin Azərbaycan Respublikasında "Konstitusiya və Suverenlik İli" elan edilməsi dövlətçilik tariximizin yeni baxış bucağından öyrənilməsinə, cəmiyyət və müxtəlif ictimai təsisatlar arasında milli dövlətçilik şüurunun daha da möhkəmlənməsinə, dünya azərbaycanlılarının bir hədəf və amal ətrafında daha sıx birləşməsinə şərait yaradacaq. Bu tarixi qərar xalqın birliyinin gücləndirilməsinə, dövlətin hüquqi bazasının təkmilləşdirilməsinə və Azərbaycanın beynəlxalq imicinin daha da möhkəmləndirilməsinə xidmət edir. Bu il ərzində həyata keçiriləcək tədbirlər ölkənin gələcək inkişafında mühüm rol oynayacaq, eyni zamanda Azərbaycan xalqının milli qürurunu, azadlıq mübarizəsində qazandığı nailiyyətləri bir daha nümayiş etdirmək üçün tarixi imkan olacaqdır.

Konstitusiyanın qəbulundan sonra ötən illərin mənzərəsi təsdiq edir ki, Ulu Öndər Heydər Əliyevin başladığı, Prezident cənab İlham Əliyevin davam etdirdiyi siyasi kurs Konstitusiyamızda yer alan demokratik quruluşa təminat vermək, vətəndaş cəmiyyətini inkişaf etdirmək xalqın iradəsinin ifadəsi kimi, qanunların aliliyini təmin edən hüquqi, dünyəvi dövlət qurmaq, ədalətli iqtisadi və sosial qaydalara uyğun olaraq hamının layiqli həyat səviyyəsini təmin etmək, bütün dünya xalqları ilə dostluq, sülh və əmin-amanlıq şəraitində yaşamaq və bu məqsədlə qarşılıqlı fəaliyyət göstərmək kimi mənəvi dəyərləri ehtiva edir.

Fərəh hissi ilə qeyd edilməlidir ki, Azərbaycan dövləti inkişafının keyfiyyətcə yeni daha yüksək mərhələsinə qədəm qoyub. Ölkə iqtisadiyyatı dinamik inkişaf edir, infrastruktur və sosialyönümlü layihələr uğurla həyata keçirilir, insan kapitalı inkişaf etdirilir, xalqımızın rifahı yüksəlir. Ölkəmiz dünyamiqyaslı tədbirlərə uğurla ev sahibliyi etməklə regionun lider dövləti kimi beynəlxalq miqyasda söz sahibinə çevrilir. Dünya birliyi Azərbaycanı sivil, tolerant, demokratik və açıq cəmiyyətə malik dövlət kimi tanıyır. Respublikamız ümumbəşəri və multikultural dəyərlərə, hüquqi dövlət ideallarına, ədalət və humanizm prinsiplərinə sadiqliyini, insan və vətəndaş hüquq və azadlıqlarını qorumaq əzmini daim nümayiş etdirir. Bu gün dünyada qeyri-sabitliyin vüsət aldığı bir dönəmdə, ölkəmizdə aparılan geniş quruculuq işlərinin, iqtisadi, siyasi, mədəni və beynəlxalq sahədə əldə olunan uğurların, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın yorulmaz və əzmkar fəaliyyətinin nəticəsi olduğu danılmazdır.

Azərbaycan xalqı gələcək inkişafını yalnız Heydər Əliyev siyasi kursunun davam etməsində və Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin parlaq fəaliyyətində görür. Son illərin misli-bərabəri olmayan uğurları, şərəfli məqamları bu həqiqəti aydın şəkildə isbat edir. Beynəlxalq aləmdə nüfuzlu Lider kimi qəbul olunan Prezidentimizin gərgin iş rejimi, polad iradəsi, yenilməz cəsarəti, qətiyyətli addımları, eləcə də ən etibarlı silahdaşı hörmətli Mehriban xanımın şəhid ailələrinə, tibbi yardıma ehtiyacı olan qazilərimizə, eyni zamanda milli-mədəni dəyərlərimizin, adət və ənənələrimizin, həmçinin müasirliyin əxlaqi və dəyərli nümunələrinin qorunmasına, inkişafına göstərdiyi misilsiz diqqət və qayğı ölkəmizin əldə olunan nailiyyətlərini təmin edən mühüm amillərdir. Müstəqil Azərbaycanın dünya ölkələri sırasında layiqli yer tutması, söz sahibi olması, daim artan nüfuzu ilk növbədə bu bənzərsiz fəaliyyətin nəticəsidir. Bu gün ölkəmiz dünyaya müasir və sivil yeni nəsil dövlət modeli təqdim edir, beynəlxalq səviyyədə gedən proseslərdə vacib aktor kimi mütərəqqi təşəbbüslərlə çıxış edir.

Xalqımız bütün milli bayramlarını, əlamətdar tarixlərini və son illərdə həm də möhtəşəm Qələbə günlərini böyük sevinc hissi ilə qeyd edir. Artıq Bayrağımız torpaqlarımızın hər bucağında dalğalanır, Konstitusiyamızın normaları bütöv və bölünməz Vətənimizin bütün ərazisində qüvvədədir.

İnanıram ki, Ümummilli Lider Heydər Əliyevin dövlətimizin müstəqilliyinin, suverenliyinin və ərazi bütövlüyünün möhkəmlənməsinə istiqamətlənən tükənməz ideyalarının tərkib hissəsini təşkil edən müstəqil Azərbaycan Respublikasının ilk Konstitusiyası bundan sonra da ölkəmizin və xalqımızın gələcək inkişafının sarsılmaz təməli və uğurlarımızın rəhni olacaqdır.


Sona SALMANOVA,

Azərbaycan Respublikası

Konstitusiya Məhkəməsinin sədr müavini.