AZƏRBAYCAN RESPUBLİKASI ADINDAN
Azərbaycan Respublikası
Konstitusiya Məhkəməsi Plenumunun
Q Ə R A R D A D I
Y.Muxtarzadənin
şikayətinə dair
19 oktyabr 2026-cı il Bakı
şəhəri
Azərbaycan Respublikası Konstitusiya
Məhkəməsinin Plenumu Fərhad Abdullayev (sədr), Humay Əfəndiyeva, Rauf Quliyev,
Otari Qvaladze (məruzəçi-hakim), Fikrət Məmmədov, İsa Nəcəfov, Rəşid Rzayev,
Fərhad Tutayuk və Xanlar Vəliyevdən ibarət tərkibdə,
məhkəmə katibi Fəraid Əliyevin
iştirakı ilə,
Azərbaycan
Respublikası Konstitusiyasının 130-cu maddəsinin V hissəsinə, “Konstitusiya Məhkəməsi
haqqında” Azərbaycan Respublikası Qanununun 27.2 və 34-cü maddələrinə və Azərbaycan
Respublikası Konstitusiya Məhkəməsinin Daxili Nizamnaməsinin 39-cu maddəsinə
müvafiq olaraq,
konstitusiya məhkəmə icraatının yazılı prosedur qaydasında keçirilən məhkəmə
iclasında Y.Muxtarzadənin şikayətinə dair konstitusiya işinə baxdı.
İş üzrə hakim O.Qvaladzenin məruzəsini, ərizəçinin şikayətini, Azərbaycan Respublikası Milli
Məclisi Aparatının mülahizəsini, Hüquqi Ekspertiza və Qanunvericilik
Təşəbbüsləri Mərkəzi, Azərbaycan
Respublikasının Vəkillər Kollegiyası tərəfindən təqdim edilmiş mütəxəssis mülahizələrini və iş materiallarını
araşdırıb
müzakirə edərək, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin
Plenumu
M Ü Ə Y Y Ə N E T D İ:
Y.Muxtarzadə
F.Muxtarzadəyə qarşı atalığın müəyyən edilməsi, yeni doğum haqqında şəhadətnamənin
verilməsinin müvafiq qeydiyyat şöbəsinə həvalə edilməsi, övladının doğum
haqqında şəhadətnaməsinin “ata adı” qeyd olunan qrafasında cavabdehin adının
qeyd olunması və aliment tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət
etmişdir.
İddia
onunla əsaslandırılmışdır ki, Y.Muxtarzadə cavabdeh ilə 2006-cı ildən etibarən
faktiki nikah münasibətlərinə daxil olmuş, 2008-ci ildə onların Leyla adında qızı
dünyaya gəlmiş, lakin həmin vaxt iddiaçı digər şəxslə rəsmi nikahda olduğundan,
övladının atası olaraq onun rəsmi nikahda olduğu əri M.Məmmədov qeyd edilmiş və
uşağa onun soyadı verilmişdir. M.Məmmədovla rəsmi nikah münasibətlərində
olsalar da, birgə yaşamamış, 2011-ci il 12 sentyabr tarixli məhkəmə qətnaməsinə
əsasən nikahları pozulmuş, 2023-cü il 16 aprel tarixində isə M.Məmmədov vəfat
etmişdir. Hazırda qızının faktiki atasının cavabdeh olmasına baxmayaraq, uşağın
atası kimi M.Məmmədov tanınmaqdadır və qızının tərbiyə olunması, təhsil alması
və digər məsələlərlə bağlı cavabdeh tərəfindən hər hansı dəstək göstərilmir.
Bakı
şəhəri Nizami Rayon Məhkəməsinin 2024-cü il 19 mart tarixli qətnaməsi ilə iddia
təmin edilmişdir.
Bakı
Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2024-cü il 24 iyun tarixli qətnaməsi
ilə cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilmiş,
birinci instansiya məhkəməsinin qətnaməsi ləğv olunmuş, iş üzrə yeni qətnamə qəbul
edilərək iddia təmin olunmamışdır.
Apellyasiya
instansiyası məhkəməsi mövqeyini əsaslandırarkən qeyd etmişdir ki, mülki
mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə, ilk növbədə, iddia qaldırmış şəxsin
müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Azərbaycan
Respublikası Ailə Məcəlləsinin (bundan sonra – Ailə Məcəlləsi) 47.1-ci maddəsinə
əsasən bu Məcəllənin 46.1 və 46.2-ci maddələrinə uyğun olaraq doğum haqqında şəhadətnamədə
valideynlər barədə qeydə dair mübahisə yalnız məhkəmə yolu ilə, uşağın
valideyni qismində yazılmış şəxsin və ya onun həqiqi valideyninin, habelə uşaq
yetkinlik yaşına çatandan sonra onun özünün və ya uşağın qəyyumunun, eləcə də məhkəmə
tərəfindən fəaliyyət qabiliyyəti olmayan hesab edilən valideynin qəyyumunun tələbi
ilə açıla bilər. Maddənin məzmunundan göründüyü kimi, hazırkı iş üzrə mübahisə
uşağın valideyni qismində yazılmış şəxs tərəfindən sağlığında açıla bilərdi. Həmçinin
iddia cavabdehin özü tərəfindən, habelə uşaq yetkinlik yaşına çatdıqdan sonra isə
onun tərəfindən verilə bilər. Göründüyü kimi, ailə qanunvericiliyi valideyn
olaraq iddiaçının, hazırkı halda cavabdehin L.Məmmədlinin atası olması faktının
müəyyən edilməsi barədə iddia irəli sürmə imkanını nəzərdə tutmamışdır.
Azərbaycan
Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının (bundan sonra – Ali Məhkəmənin
Mülki Kollegiyası) 2024-cü il 4 oktyabr tarixli qərarı ilə iddiaçı tərəfindən
verilmiş kassasiya şikayəti təmin edilməmiş, apellyasiya instansiyası məhkəməsinin
qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.
Kassasiya
instansiyası məhkəməsi də apellyasiya instansiyası məhkəməsinin iddiaçının
atalıq faktının müəyyən edilməsi barədə iddia irəli sürmə imkanının ailə
qanunvericiliyində nəzərdə tutulmaması, onun atalığın müəyyən edilməsi barədə
iddia tələbini irəli sürməyə subyektiv hüququnun olmaması barədə mövqeyi ilə
razılaşmışdır.
Y.Muxtarzadə
Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinə (bundan sonra –
Konstitusiya Məhkəməsi) şikayətlə müraciət edərək Ali Məhkəmənin Mülki Kollegiyasının
həmin qərarının Azərbaycan Respublikasının Konstitusiyasına (bundan sonra – Konstitusiya)
və qanunlarına uyğunluğunun yoxlanılmasını xahiş etmişdir.
Ərizəçi
şikayətində göstərmişdir ki, doğum haqqında şəhadətnamədə ata barədə qeyd
haqqında mübahisə
açılması məsələsinə münasibətdə Ailə Məcəlləsinin 47.1-ci maddəsində öz əksini
tapan “uşağın valideyni qismində yazılmış şəxs” anlayışının məzmununun yalnız atanı
ehtiva etməsi ananın belə qeydi mübahisələndirmək hüququndan məhrum olmasına gətirib
çıxarır.
Konstitusiya Məhkəməsinin Plenumu şikayətlə bağlı
aşağıdakıların qeyd olunmasını zəruri hesab edir.
Konstitusiyanın 17-ci maddəsinin I hissəsinə əsasən cəmiyyətin
əsas özəyi kimi ailə dövlətin xüsusi himayəsindədir. Analıq, atalıq, uşaqlıq
qanunla mühafizə edilir. Uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək
valideynlərin həm hüququ, həm də borcudur (Konstitusiyanın 34-cü maddəsinin III
və IV hissələri).
Ailə münasibətlərinin yaranmasının, onlara xitam
verilməsinin prinsiplərini, ailə münasibətlərinin iştirakçılarının hüquq və vəzifələrini,
dövlət orqanlarının bu sahədə vəzifələrini, habelə vətəndaşlıq vəziyyəti
aktlarının dövlət qeydiyyatı qaydalarını tənzimləyən Ailə Məcəlləsində öz əksini
tapmış uşaqların mənşəyinin müəyyən olunması ilə bağlı normalar yuxarıda göstərilən
konstitusion müddəaların realizəsi baxımından xüsusi əhəmiyyət kəsb edir. Belə
ki, valideynlərin hüquq və vəzifələrinin yaranmasının əsasında, ilk növbədə, uşağın
mənşəyinin hüquqi cəhətdən müəyyənləşdirilməsi dayanır.
O da qeyd edilməlidir ki, uşağın mənşəyinin müəyyən
edilməsi ilə bağlı məsələlər Konstitusiya ilə təminat verilən şəxsi
toxunulmazlıq hüququ ilə də əlaqəlidir. Konstitusiyanın 32-ci maddəsinin II
hissəsinə əsasən qanunla nəzərdə tutulan hallardan başqa, şəxsi və ailə həyatına
müdaxilə etmək qadağandır. Həmin müddəadan göründüyü kimi, bu hüququn əsas məqsədi
şəxsi və ailə həyatı hüququnun həyata keçirilməsinə qanunsuz (özbaşına) müdaxilənin
qarşısını almaqdan ibarətdir. Bu, ilk növbədə, dövlətin neqativ öhdəliyi kimi
ifadə olunsa da, burada dövlətin pozitiv öhdəliklərinin mövcudluğu da istisna
edilmir (Konstitusiya Məhkəməsi Plenumunun L.Ramazanovanın şikayəti üzrə
2022-ci il 1 iyun tarixli Qərarı).
Bu baxımdan şəxsi və ailə həyatına hörmət hüququ fərdin
yalnız şəxsi həyatına aid məsələlərə müdaxilədən qorunmasını əhatə etmir.
Valideynlik münasibətlərinin müəyyən edilməsi, şəxsin müəyyən uşağın valideyni
kimi tanınması və valideyn-uşaq münasibətinin hüquqi baxımdan rəsmiləşdirilməsi
valideynin şəxsi və ailə həyatının mühüm aspektlərini təşkil edir. Odur ki,
Konstitusiya Məhkəməsinin Plenumu hazırkı məsələyə baxılması zamanı Əsas
Qanunun 32-ci maddəsinin tələblərinin də nəzərə alınmasını vacib hesab edir.
Uşağın atadan mənşəyinin müəyyən edilməsi və qeyd
olunması ilə bağlı qaydalar Ailə Məcəlləsinin 44–46-cı maddələri ilə tənzimlənir.
Həmin normaların təhlilinə əsasən atalığın müəyyən edilməsinin aşağıdakı üç əsası
fərqləndirilə bilər:
1. Atalıq prezumpsiyası. Bu, nikah davam etdiyi dövrdə və ya nikahın
pozulmasından etibarən qanunvericiliklə müəyyən edilmiş müddət ərzində doğulan
uşağın atasının ananın əri olduğunu nəzərdə tutan prezumpsiyadır. Ailə Məcəlləsinin
44.2 və 46.1-ci maddələrinə görə uşaq, aralarında nikah bağlanmış şəxslərdən
olduqda, eləcə də nikahın pozulması və ya etibarsız sayılması vaxtından və ya
uşağın atasının ölümündən 300 gün ərzində doğulduqda, başqa sübutlar yoxdursa,
uşağın atası ananın əri (keçmiş əri) hesab olunur. Atalıq ərlə ananın nikahı
haqqında qeydlə təsdiq olunur. Öz aralarında nikahda olan ata və ana doğum haqqında şəhadətnamədə
uşağın valideynləri kimi qeyd olunurlar.
Bu prezumpsiya nikahda olan anadan
doğulmuş uşağın atasının ər olduğu ehtimalına əsaslandığından, uşağın doğumunun
qeydə alınması üçün valideynlərdən biri müraciət edərsə, bu halda güman edilir
ki, o, digərinin razılığı ilə hərəkət edir (Ailə Məcəlləsinin 164.3-2-ci maddəsi).
2.
Valideynlərin
birgə ərizə ilə müraciəti. Uşağın anası ilə nikahda olmayan şəxsin atalığının
müəyyən edilməsini nəzərdə tutan bu halda atalıq uşağın atasının və anasının
müvafiq icra hakimiyyəti orqanına birgə ərizə vermələri ilə müəyyən olunur (Ailə
Məcəlləsinin 44.3-cü maddəsi). Ana tərəfindən ərizə verilməsinin obyektiv səbəblərdən
mümkün olmaması, eləcə də birgə ərizə verməyin uşağın doğulmasından sonra
qeyri-mümkünlüyü və ya çətinliyi hallarında müvafiq ərizənin verilməsi qaydası
isə həmin Məcəllənin 44.4 və 44.5-ci maddələri ilə tənzimlənmişdir.
3.
Atalığın məhkəmə
qaydasında müəyyən edilməsi. Qanunverici atalığın müəyyən edilməsinin bu üsulunu
yuxarıda qeyd olunan iki əsasdan heç birinin mövcud olmadığı hallar üçün nəzərdə
tutmuşdur. Belə ki, Ailə Məcəlləsinin 45.1-ci maddəsinə müvafiq olaraq uşaq
aralarında nikah olmayan şəxslərdən olduqda və valideynlərin birgə ərizəsi və
ya uşağın atasının ərizəsi olmadıqda, atalıq uşağın valideynlərindən birinin,
uşağın qəyyumunun (himayəçisinin), uşağı saxlayanın, habelə uşaq yetkinlik
yaşına çatdıqda onun özünün ərizəsi əsasında məhkəmə qaydasında müəyyən olunur.
Valideynlər öz aralarında nikahda olmadıqda uşağın
atası haqqında qeyd uşağın atasının və anasının birgə ərizəsi və ya atanın ərizəsi
əsasında, habelə məhkəmənin qərarı əsasında aparılır (Ailə Məcəlləsinin 46.2-ci
maddəsi).
O da göstərilməlidir ki, aralarında nikah olan və ya
olmayan şəxslərdən doğulan uşaqların atalığının müəyyənləşdirilməsi və bu barədə
qeydlərin aparılması qaydasını nəzərdə tutan qanunverici həmin qeydlərin
mübahisələndirilməsinin mümkünlüyünü də istisna etməmişdir.
Ailə Məcəlləsinin 47.1-ci maddəsində göstərilmişdir
ki, bu Məcəllənin 46.1 və 46.2-ci maddələrinə uyğun olaraq doğum haqqında şəhadətnamədə
valideynlər barədə qeyd haqqında mübahisə yalnız məhkəmə yolu ilə, uşağın
valideyni qismində yazılmış şəxsin və ya onun həqiqi valideyninin, habelə uşaq
yetkinlik yaşına çatandan sonra onun özünün və ya uşağın qəyyumunun, eləcə də məhkəmə
tərəfindən fəaliyyət qabiliyyəti olmayan hesab edilən valideynin qəyyumunun tələbi
ilə açıla bilər.
Ananın atalığa dair müvafiq qeydi mübahisələndirmək
hüququna malik subyekt kimi tanınıb-tanınmaması ilə bağlı təhlil aparılmasından
əvvəl Konstitusiya Məhkəməsinin Plenumu qeyd etməyi vacib hesab edir ki, Ailə Məcəlləsinin
ayrı-ayrı maddələri ilə (müvafiq olaraq 45 və 47-ci maddələr) tənzimlənən atalığın
məhkəmə qaydasında müəyyən olunması və doğum haqqında şəhadətnamədə ata barədə
qeydin məhkəmədə mübahisələndirilməsi halları bir-birindən fərqləndirilməlidir.
Belə ki, birinci halda məqsəd uşağın bioloji atasının kimliyinin müəyyən edilməsi
olduğu halda, ikinci halda iddia qeyddə ata kimi göstərilmiş şəxsin uşağın
bioloji atası olmadığının müəyyənləşdirilməsi və atalığa dair qeydin həqiqəti əks
etdirmədiyinin təsdiq olunmasına yönəlir.
Yuxarıda qeyd edilənlərdən göründüyü kimi, uşağın
valideyni qismində yazılmış şəxs valideynlər barədə qeyd haqqında mübahisə açmaq
hüququna malik subyektlər sırasındadır.
İlk növbədə “uşağın valideyni qismində yazılmış şəxs”
ifadəsindəki sözlərin hərfi (leksik) mənasından çıxış etdikdə, bu ifadə ilə həm
ananın, həm də atanın nəzərdə tutulduğunu qeyd etmək mümkündür.
Subyektiv hüquqla bağlı Konstitusiya
Məhkəməsi tərəfindən ifadə edilmiş hüquqi mövqeyə əsasən insanların müxtəlif
maraqlarının təmin edilməsinə ictimai ehtiyacdan irəli gələrək müəyyən davranış
qaydaları dövlət tərəfindən məcburi hüquqi qüvvə verilməklə qanunvericilik
aktlarına daxil edilir. Nəticədə hər bir subyektiv hüquq müəyyən bir marağın
ödənilməsinə xidmət edir.
Başqa sözlə, subyektiv hüquqlar da özündə qanuni maraqları əks etdirir (“Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin
4.1-ci maddəsində nəzərdə tutulmuş “qanunla qorunan maraq” anlayışının şərh
edilməsinə dair” 2025-ci il 23 may tarixli Qərardad).
Bu baxımdan uşağın anasının atalıq
barədə qeydi mübahisələndirmək üçün subyektiv hüququnun mövcudluğu, ilk
növbədə, onun bu məsələdə qanuni marağının olub-olmaması ilə şərtlənir.
Yuxarıda qeyd edildiyi kimi, uşağın
mənşəyinin müəyyən olunması uşaqlarla yanaşı valideynlərin də şəxsi və ailə
həyatı ilə birbaşa əlaqəli məsələdir. Atalıq barədə qeydin aparılması
nəticəsində konkret şəxsə verilmiş atalıq hüquqi statusu yalnız həmin kişiyə və
uşağa münasibətdə nəticələr doğurmur, bu, ananın da ailə münasibətlərinin
hüquqi çərçivəsini müəyyən etməklə şəxsi həyatına bilavasitə təsir göstərə
bilir. Nəzərə alınmalıdır ki, uşağın mənşəyinin müəyyən edilməsi əsasında valideynlərlə
uşaqlar arasında yaranan hüquq münasibətləri əmlak və qeyri-əmlak xarakterli
olmaqla iki qrupa bölünür. Qeyri-əmlak xarakterli münasibətlərə uşaqları
tərbiyə etmək, təhsil almasını təmin etmək, onların tərbiyəsinə, sağlamlığına,
psixi, fiziki, mənəvi inkişafına görə məsuliyyət daşımaq və s. ilə əlaqədar
yaranan hüquq və vəzifələr, əmlak xarakterli münasibətlərin tərkibinə isə aliment,
vərəsəlik və digərləri ilə bağlı məsələlər aid edilə bilər. Uşağın bioloji mənşəyinin
müəyyən edilməsi ananın öz valideynlik hüquq və
vəzifələrini məhz hansı şəxslə birgə və qarşılıqlı şəkildə həyata keçirəcəyinə
təsir göstərdiyindən, bununla da onun şəxsi həyatına dair məsələlərə toxunduğundan,
ananın atalıq barədə qeydin həqiqəti əks etdirməsinə hüquqi marağı mövcuddur.
Ailə Məcəlləsinin 45-ci maddəsinə
əsasən atalığın məhkəmə qaydasında müəyyən edilməsini tələb etmək hüququna
malik subyektlər arasında uşağın qəyyumu (himayəçisi), yetkinlik yaşına
çatdıqda uşağın özü ilə yanaşı, valideynlərdən biri kimi ananın da göstərilməsi
ona dəlalət edir ki, qanunverici uşağın bioloji atasının müəyyən edilməsi və
qeydə alınmasına münasibətdə ananın uşağın marağından müstəqil marağının mövcudluğunu
tanımışdır.
Bu baxımdan ananın atalığa dair
qeydin reallığa uyğunluğunun təmin edilməsinə, yəni onun şəxsi həyatında hüquqi
nəticələr doğuran faktların həqiqi vəziyyətə uyğun şəkildə rəsmiləşdirilməsinə
dair marağı mövcuddur.
O da nəzərə alınmalıdır ki, uşağın
aralarında nikah bağlanmış şəxslərdən olması halında doğum haqqında qeydiyyatın
ananın ərizəsi olmadan yalnız atanın müraciəti əsasında aparılması da istisna
edilmir.
Odur ki, qanunvericilikdə anaya
atalıq barədə qeydi mübahisələndirmək hüququnun verilməsi Konstitusiyanın 60-cı
maddəsi ilə təmin olunan hüquq və azadlıqların inzibati və məhkəmə qaydasında
müdafiəsi baxımından mühüm təminatdır. Belə ki, hüquq və azadlıqların məhkəmə
müdafiəsi hüququ, ilk növbədə, şəxsin pozulmuş hüquq və azadlıqlarının, habelə
qanunla qorunan maraqlarının müdafiəsi məqsədilə məhkəməyə müraciət etmək və
bununla əlaqədar məhkəmə icraatının başlanılmasını tələb etmək imkanını ehtiva
edir. Bu baxımdan, anaya münasibətdə tanınan bu subyektiv hüquq onun şəxsi
həyatına hörmət edilməsini tələb etmək hüququna təsir göstərən və ya həmin
hüquqa müdaxilə təşkil edən məsələlərin mübahisələndirilməsinə və pozulmuş hüququn
bərpasının tələb edilməsinə real və səmərəli hüquqi vasitə yaradır.
Oxşar məsələ ilə bağlı Türkiyə Respublikası
Konstitusiya Məhkəməsinin qəbul etdiyi Qərarda qeyd edilmişdir ki, “... şəxsi
və ailə həyatına hörmət edilməsini tələb etmək hüququ şəxsin şəxsi və ailə
həyatını öz anlayışına uyğun olaraq təşkil etməsini və yaşamasını nəzərdə
tutur. Bu baxımdan, ər ilə uşaq arasında bioloji reallığa uyğun olmayan soybağı
münasibətinin mövcud olması yalnız ər və uşaq üçün deyil, həmçinin uşağın anası
üçün də onun şəxsi həyatına təsir göstərə biləcək nəticələr doğura bilər. Başqa
sözlə, atalıq prezumpsiyasının doğurduğu nəticələrin uşağı dünyaya gətirmiş
qadının şəxsi həyatı ilə heç bir əlaqəsinin olmadığını söyləmək mümkün
deyildir.
Beləliklə, uşaq ilə onun bioloji
atası olmayan ər arasında yaranmış soybağı münasibətinin aradan qaldırılmasında
uşağın anasının, şəxsi həyatına hörmət edilməsini tələb etmək hüququ baxımından
marağı mövcuddur” (2023-cü il 26 iyul tarixli Qərar).
Türkiyə Respublikası Mülki
Məcəlləsinin 286-cı maddəsinin 1-ci hissəsinin ananın iddiaçı qismində çıxış
edərək uşağın bioloji atasının ər olmadığını irəli sürməsinə və atalıq
prezumpsiyasının təkzib edilməsi məqsədilə məhkəməyə müraciət etməsinə imkan
vermədiyini, bununla da ananın şəxsi həyata hörmət edilməsini tələb etmək
hüququ baxımından səmərəli hüquqi müdafiə vasitəsindən istifadə hüququnu
pozduğunu əsas gətirən Türkiyə Respublikasının Konstitusiya Məhkəməsi həmin
normanı Konstitusiyaya zidd hesab etmişdir.
Qeyd olunanlara əsasən Konstitusiya
Məhkəməsinin Plenumu hesab edir ki, Ailə Məcəlləsinin 47.1-ci maddəsində öz
əksini tapan “valideyn qismində yazılmış şəxs” ifadəsi valideyn qismində
yazılmış həm ananı, həm də atanı ehtiva etməklə, ananın atalığa dair qeydi
mübahisələndirmək üzrə subyektiv hüququnun mövcudluğunu nəzərdə tutur.
Göstərilənlərlə yanaşı qeyd
olunmalıdır ki, ananın atalıq barədə qeydin mübahisələndirilməsinə dair
subyektiv hüququnun tanınması, bu hüququn həyata keçirilməsi ilə bağlı
mübahisələrə baxılarkən uşağın üstün mənafelərinin nəzərə alınması prinsipinin
rəhbər tutulmasının zəruriliyini aradan qaldırmır. “Uşaq hüquqları haqqında”
Azərbaycan Respublikası Qanununun 55.2 və 55.3-cü maddələrinə görə uşağa aid
hər hansı məsələ ilə bağlı icraat onun üstün mənafelərinin müəyyən edilməsi
məqsədilə hərtərəfli yanaşmadan istifadə etməklə həyata keçirilir. Uşaqlar
barəsində icraatın onların üstün mənafeləri nəzərə alınmaqla həyata
keçirilməsinə dövlət təminat verir.
Uşağın üstün mənafeyi konkret halda
uşağın hüquq və mənafeləri baxımından hansı qərarın daha məqsədəuyğun və
əlverişli olduğunun müəyyənləşdirilməsini tələb edən, uşağa münasibətdə hər
hansı, eləcə də uşağın mənşəyinə və valideyn-uşaq münasibətlərinə təsir göstərə
biləcək qərarların qəbulu zamanı əsas götürülməli olan mühüm hüquqi prinsipdir.
Lakin o da nəzərə alınmalıdır ki, uşağın
üstün mənafeyi prinsipi qanunvericiliklə valideynə tanınmış subyektiv hüququ inkar
etmir, sadəcə onun həyata keçirilməsinin konkret halda uşağın hüquq və
mənafeləri ilə uzlaşdırılmasının zəruriliyini nəzərdə tutur.
Konstitusiya
Məhkəməsinin Plenumu onu da göstərməyi vacib hesab edir ki, qanunvericilikdə atalığın
mübahisələndirilməsi hüququnun həyata keçirilməsi ilə bağlı legitim məqsədlərə
xidmət edən və həmin məqsədlərə mütənasib müəyyən məhdudiyyətlər nəzərdə tutula
bilər. Lakin bu cür məhdudiyyətlər qanunda
birbaşa və kifayət qədər aydın şəkildə müəyyən edilməlidir. Bu baxımdan,
qanunvericinin açıq şəkildə belə bir məhdudiyyət nəzərdə tutmadığı halda,
normanın məzmununun məhdudlaşdırıcı təfsiri vasitəsilə hüququn əhatə dairəsinin
daraldılması hüquqi müəyyənlik prinsipinin və hüquqların məhdudlaşdırılmasına
dair Konstitusiyanın 71-ci maddəsinin tələbləri ilə uzlaşmamaqla yanaşı,
şəxslərin Konstitusiya ilə təminat verilən məhkəmə müdafiəsi hüququnun da
pozulması ilə nəticələnərdi.
O da nəzərə alınmalıdır ki,
Konstitusiya Məhkəməsinin fəaliyyətinin hüquqi əsasları Konstitusiya və
“Konstitusiya Məhkəməsi haqqında” Azərbaycan Respublikasının Qanunu (bundan
sonra – “Konstitusiya Məhkəməsi haqqında” Qanun) ilə müəyyən edilmişdir.
Konstitusiyanın 130-cu maddəsinin
V hissəsinə əsasən hər kəs onun hüquq və azadlıqlarını pozan qanunvericilik və
icra hakimiyyəti orqanlarının normativ aktlarından, bələdiyyə və məhkəmə
aktlarından qanunla müəyyən edilmiş qaydada bu maddənin III hissəsinin 1–7-ci bəndlərində göstərilən məsələlərin Konstitusiya Məhkəməsi tərəfindən
həll edilməsi üçün Konstitusiya Məhkəməsinə pozulmuş insan hüquq və
azadlıqlarının bərpa edilməsi məqsədi ilə şikayət verə bilər.
Əsas Qanunda təsbit edilmiş bu
məsələlərlə əlaqədar konstitusiya nəzarətinin həyata keçirilməsinin müəyyən
xüsusiyyətləri vardır.
Belə ki, “Konstitusiya Məhkəməsi
haqqında” Qanunun 34.2-ci maddəsinə görə Azərbaycan Respublikası
Konstitusiyasının 130-cu maddəsinin III hissəsinin 4-cü bəndində nəzərdə
tutulmuş məsələyə dair şikayətə Konstitusiya Məhkəməsi tərəfindən baxılmasına
barəsində şikayət edilən Azərbaycan Respublikası Ali Məhkəməsinin qərarının Azərbaycan
Respublikasının Konstitusiyasına və ya qanunlarına uyğun olmayan normativ
hüquqi akta əsaslandığı hallarda yol verilir.
Konstitusiya Məhkəməsinin
Plenumu hazırkı iş üzrə konstitusiya icraatının gedişində ərizəçinin şikayətini
və ona əlavə edilmiş sənədləri ətraflı təhlil edib mübahisələndirilən məhkəmə
aktının Konstitusiyaya və ya qanunlara uyğun olmayan normativ hüquqi akta əsaslanmasını
müəyyən etməmişdir.
Konstitusiyanın 130-cu maddəsinin
V hissəsini, “Konstitusiya Məhkəməsi haqqında” Azərbaycan Respublikası
Qanununun 34, 37.0.2, 49, 52, 62, 68 və 69.2-ci maddələrini rəhbər tutaraq, Azərbaycan
Respublikası Konstitusiya Məhkəməsinin Plenumu
Q Ə R A R A A L D I:
1.
Azərbaycan
Respublikası Konstitusiya Məhkəməsi Plenumunun bu Qərardadında göstərilən
hallar nəzərə alınsın.
2. Azərbaycan
Respublikası Konstitusiya Məhkəməsi Plenumunun bu Qərardadının
təsviri-əsaslandırıcı hissəsində göstərilən əsaslara görə Y.Muxtarzadənin
şikayəti üzrə konstitusiya işinin icraatına xitam verilsin.
3.
Qərardadın
surəti 7 gün müddətində ərizəçiyə göndərilsin.
4. Qərardad “Azərbaycan Respublikası
Konstitusiya Məhkəməsinin Məlumatı”nda dərc edilsin və Azərbaycan Respublikası
Konstitusiya Məhkəməsinin rəsmi internet saytında yerləşdirilsin.
Sədr Fərhad
Abdullayev