Qərarlar

19.10.2026 Y.Muxtarzadənin şikayətinə dair

AZƏRBAYCAN RESPUBLİKASI ADINDAN

 

Azərbaycan Respublikası

Konstitusiya Məhkəməsi Plenumunun

 

Q Ə R A R D A D I

 

 

Y.Muxtarzadənin şikayətinə dair

 

 

19 oktyabr 2026-cı il                                                                                                                   Bakı şəhəri

 

Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu Fərhad Abdullayev (sədr), Humay Əfəndiyeva, Rauf Quliyev, Otari Qvaladze (məruzəçi-hakim), Fikrət Məmmədov, İsa Nəcəfov, Rəşid Rzayev, Fərhad Tutayuk və Xanlar Vəliyevdən ibarət tərkibdə,

məhkəmə katibi Fəraid Əliyevin iştirakı ilə,

Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin V hissəsinə, “Konstitusiya Məhkəməsi haqqında” Azərbaycan Respublikası Qanununun 27.2 və 34-cü maddələrinə və Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Daxili Nizamnaməsinin 39-cu maddəsinə müvafiq olaraq, konstitusiya məhkəmə icraatının yazılı prosedur qaydasında keçirilən məhkəmə iclasında Y.Muxtarzadənin şikayətinə dair konstitusiya işinə baxdı.

İş üzrə hakim O.Qvaladzenin məruzəsini, ərizəçinin şikayətini, Azərbaycan Respublikası Milli Məclisi Aparatının mülahizəsini, Hüquqi Ekspertiza və Qanunvericilik Təşəbbüsləri Mərkəzi, Azərbaycan Respublikasının Vəkillər Kollegiyası tərəfindən təqdim edilmiş mütəxəssis mülahizələrini və iş materiallarını araşdırıb müzakirə edərək, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu

 

 

M Ü Ə Y Y Ə N   E T D İ:

 

 

Y.Muxtarzadə F.Muxtarzadəyə qarşı atalığın müəyyən edilməsi, yeni doğum haqqında şəhadətnamənin verilməsinin müvafiq qeydiyyat şöbəsinə həvalə edilməsi, övladının doğum haqqında şəhadətnaməsinin “ata adı” qeyd olunan qrafasında cavabdehin adının qeyd olunması və aliment tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.

İddia onunla əsaslandırılmışdır ki, Y.Muxtarzadə cavabdeh ilə 2006-cı ildən etibarən faktiki nikah münasibətlərinə daxil olmuş, 2008-ci ildə onların Leyla adında qızı dünyaya gəlmiş, lakin həmin vaxt iddiaçı digər şəxslə rəsmi nikahda olduğundan, övladının atası olaraq onun rəsmi nikahda olduğu əri M.Məmmədov qeyd edilmiş və uşağa onun soyadı verilmişdir. M.Məmmədovla rəsmi nikah münasibətlərində olsalar da, birgə yaşamamış, 2011-ci il 12 sentyabr tarixli məhkəmə qətnaməsinə əsasən nikahları pozulmuş, 2023-cü il 16 aprel tarixində isə M.Məmmədov vəfat etmişdir. Hazırda qızının faktiki atasının cavabdeh olmasına baxmayaraq, uşağın atası kimi M.Məmmədov tanınmaqdadır və qızının tərbiyə olunması, təhsil alması və digər məsələlərlə bağlı cavabdeh tərəfindən hər hansı dəstək göstərilmir.

Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2024-cü il 19 mart tarixli qətnaməsi ilə iddia təmin edilmişdir.

Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2024-cü il 24 iyun tarixli qətnaməsi ilə cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilmiş, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv olunmuş, iş üzrə yeni qətnamə qəbul edilərək iddia təmin olunmamışdır.

Apellyasiya instansiyası məhkəməsi mövqeyini əsaslandırarkən qeyd etmişdir ki, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə, ilk növbədə, iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin (bundan sonra – Ailə Məcəlləsi) 47.1-ci maddəsinə əsasən bu Məcəllənin 46.1 və 46.2-ci maddələrinə uyğun olaraq doğum haqqında şəhadətnamədə valideynlər barədə qeydə dair mübahisə yalnız məhkəmə yolu ilə, uşağın valideyni qismində yazılmış şəxsin və ya onun həqiqi valideyninin, habelə uşaq yetkinlik yaşına çatandan sonra onun özünün və ya uşağın qəyyumunun, eləcə də məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan hesab edilən valideynin qəyyumunun tələbi ilə açıla bilər. Maddənin məzmunundan göründüyü kimi, hazırkı iş üzrə mübahisə uşağın valideyni qismində yazılmış şəxs tərəfindən sağlığında açıla bilərdi. Həmçinin iddia cavabdehin özü tərəfindən, habelə uşaq yetkinlik yaşına çatdıqdan sonra isə onun tərəfindən verilə bilər. Göründüyü kimi, ailə qanunvericiliyi valideyn olaraq iddiaçının, hazırkı halda cavabdehin L.Məmmədlinin atası olması faktının müəyyən edilməsi barədə iddia irəli sürmə imkanını nəzərdə tutmamışdır.

Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının (bundan sonra – Ali Məhkəmənin Mülki Kollegiyası) 2024-cü il 4 oktyabr tarixli qərarı ilə iddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməmiş, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.

Kassasiya instansiyası məhkəməsi də apellyasiya instansiyası məhkəməsinin iddiaçının atalıq faktının müəyyən edilməsi barədə iddia irəli sürmə imkanının ailə qanunvericiliyində nəzərdə tutulmaması, onun atalığın müəyyən edilməsi barədə iddia tələbini irəli sürməyə subyektiv hüququnun olmaması barədə mövqeyi ilə razılaşmışdır.

Y.Muxtarzadə Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinə (bundan sonra – Konstitusiya Məhkəməsi) şikayətlə müraciət edərək Ali Məhkəmənin Mülki Kollegiyasının həmin qərarının Azərbaycan Respublikasının Konstitusiyasına (bundan sonra – Konstitusiya) və qanunlarına uyğunluğunun yoxlanılmasını xahiş etmişdir.

Ərizəçi şikayətində göstərmişdir ki, doğum haqqında şəhadətnamədə ata barədə qeyd haqqında mübahisə açılması məsələsinə münasibətdə Ailə Məcəlləsinin 47.1-ci maddəsində öz əksini tapan “uşağın valideyni qismində yazılmış şəxs” anlayışının məzmununun yalnız atanı ehtiva etməsi ananın belə qeydi mübahisələndirmək hüququndan məhrum olmasına gətirib çıxarır.

Konstitusiya Məhkəməsinin Plenumu şikayətlə bağlı aşağıdakıların qeyd olunmasını zəruri hesab edir.

Konstitusiyanın 17-ci maddəsinin I hissəsinə əsasən cəmiyyətin əsas özəyi kimi ailə dövlətin xüsusi himayəsindədir. Analıq, atalıq, uşaqlıq qanunla mühafizə edilir. Uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də borcudur (Konstitusiyanın 34-cü maddəsinin III və IV hissələri).

Ailə münasibətlərinin yaranmasının, onlara xitam verilməsinin prinsiplərini, ailə münasibətlərinin iştirakçılarının hüquq və vəzifələrini, dövlət orqanlarının bu sahədə vəzifələrini, habelə vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı qaydalarını tənzimləyən Ailə Məcəlləsində öz əksini tapmış uşaqların mənşəyinin müəyyən olunması ilə bağlı normalar yuxarıda göstərilən konstitusion müddəaların realizəsi baxımından xüsusi əhəmiyyət kəsb edir. Belə ki, valideynlərin hüquq və vəzifələrinin yaranmasının əsasında, ilk növbədə, uşağın mənşəyinin hüquqi cəhətdən müəyyənləşdirilməsi dayanır.

O da qeyd edilməlidir ki, uşağın mənşəyinin müəyyən edilməsi ilə bağlı məsələlər Konstitusiya ilə təminat verilən şəxsi toxunulmazlıq hüququ ilə də əlaqəlidir. Konstitusiyanın 32-ci maddəsinin II hissəsinə əsasən qanunla nəzərdə tutulan hallardan başqa, şəxsi və ailə həyatına müdaxilə etmək qadağandır. Həmin müddəadan göründüyü kimi, bu hüququn əsas məqsədi şəxsi və ailə həyatı hüququnun həyata keçirilməsinə qanunsuz (özbaşına) müdaxilənin qarşısını almaqdan ibarətdir. Bu, ilk növbədə, dövlətin neqativ öhdəliyi kimi ifadə olunsa da, burada dövlətin pozitiv öhdəliklərinin mövcudluğu da istisna edilmir (Konstitusiya Məhkəməsi Plenumunun L.Ramazanovanın şikayəti üzrə 2022-ci il 1 iyun tarixli Qərarı).

Bu baxımdan şəxsi və ailə həyatına hörmət hüququ fərdin yalnız şəxsi həyatına aid məsələlərə müdaxilədən qorunmasını əhatə etmir. Valideynlik münasibətlərinin müəyyən edilməsi, şəxsin müəyyən uşağın valideyni kimi tanınması və valideyn-uşaq münasibətinin hüquqi baxımdan rəsmiləşdirilməsi valideynin şəxsi və ailə həyatının mühüm aspektlərini təşkil edir. Odur ki, Konstitusiya Məhkəməsinin Plenumu hazırkı məsələyə baxılması zamanı Əsas Qanunun 32-ci maddəsinin tələblərinin də nəzərə alınmasını vacib hesab edir.

Uşağın atadan mənşəyinin müəyyən edilməsi və qeyd olunması ilə bağlı qaydalar Ailə Məcəlləsinin 44–46-cı maddələri ilə tənzimlənir. Həmin normaların təhlilinə əsasən atalığın müəyyən edilməsinin aşağıdakı üç əsası fərqləndirilə bilər:    

1.   Atalıq prezumpsiyası. Bu, nikah davam etdiyi dövrdə və ya nikahın pozulmasından etibarən qanunvericiliklə müəyyən edilmiş müddət ərzində doğulan uşağın atasının ananın əri olduğunu nəzərdə tutan prezumpsiyadır. Ailə Məcəlləsinin 44.2 və 46.1-ci maddələrinə görə uşaq, aralarında nikah bağlanmış şəxslərdən olduqda, eləcə də nikahın pozulması və ya etibarsız sayılması vaxtından və ya uşağın atasının ölümündən 300 gün ərzində doğulduqda, başqa sübutlar yoxdursa, uşağın atası ananın əri (keçmiş əri) hesab olunur. Atalıq ərlə ananın nikahı haqqında qeydlə təsdiq olunur. Öz aralarında nikahda olan ata və ana doğum haqqında şəhadətnamədə uşağın valideynləri kimi qeyd olunurlar.

Bu prezumpsiya nikahda olan anadan doğulmuş uşağın atasının ər olduğu ehtimalına əsaslandığından, uşağın doğumunun qeydə alınması üçün valideynlərdən biri müraciət edərsə, bu halda güman edilir ki, o, digərinin razılığı ilə hərəkət edir (Ailə Məcəlləsinin 164.3-2-ci maddəsi).

2.   Valideynlərin birgə ərizə ilə müraciəti. Uşağın anası ilə nikahda olmayan şəxsin atalığının müəyyən edilməsini nəzərdə tutan bu halda atalıq uşağın atasının və anasının müvafiq icra hakimiyyəti orqanına birgə ərizə vermələri ilə müəyyən olunur (Ailə Məcəlləsinin 44.3-cü maddəsi). Ana tərəfindən ərizə verilməsinin obyektiv səbəblərdən mümkün olmaması, eləcə də birgə ərizə verməyin uşağın doğulmasından sonra qeyri-mümkünlüyü və ya çətinliyi hallarında müvafiq ərizənin verilməsi qaydası isə həmin Məcəllənin 44.4 və 44.5-ci maddələri ilə tənzimlənmişdir.

3.   Atalığın məhkəmə qaydasında müəyyən edilməsi. Qanunverici atalığın müəyyən edilməsinin bu üsulunu yuxarıda qeyd olunan iki əsasdan heç birinin mövcud olmadığı hallar üçün nəzərdə tutmuşdur. Belə ki, Ailə Məcəlləsinin 45.1-ci maddəsinə müvafiq olaraq uşaq aralarında nikah olmayan şəxslərdən olduqda və valideynlərin birgə ərizəsi və ya uşağın atasının ərizəsi olmadıqda, atalıq uşağın valideynlərindən birinin, uşağın qəyyumunun (himayəçisinin), uşağı saxlayanın, habelə uşaq yetkinlik yaşına çatdıqda onun özünün ərizəsi əsasında məhkəmə qaydasında müəyyən olunur.

Valideynlər öz aralarında nikahda olmadıqda uşağın atası haqqında qeyd uşağın atasının və anasının birgə ərizəsi və ya atanın ərizəsi əsasında, habelə məhkəmənin qərarı əsasında aparılır (Ailə Məcəlləsinin 46.2-ci maddəsi).

O da göstərilməlidir ki, aralarında nikah olan və ya olmayan şəxslərdən doğulan uşaqların atalığının müəyyənləşdirilməsi və bu barədə qeydlərin aparılması qaydasını nəzərdə tutan qanunverici həmin qeydlərin mübahisələndirilməsinin mümkünlüyünü də istisna etməmişdir.

Ailə Məcəlləsinin 47.1-ci maddəsində göstərilmişdir ki, bu Məcəllənin 46.1 və 46.2-ci maddələrinə uyğun olaraq doğum haqqında şəhadətnamədə valideynlər barədə qeyd haqqında mübahisə yalnız məhkəmə yolu ilə, uşağın valideyni qismində yazılmış şəxsin və ya onun həqiqi valideyninin, habelə uşaq yetkinlik yaşına çatandan sonra onun özünün və ya uşağın qəyyumunun, eləcə də məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan hesab edilən valideynin qəyyumunun tələbi ilə açıla bilər.

Ananın atalığa dair müvafiq qeydi mübahisələndirmək hüququna malik subyekt kimi tanınıb-tanınmaması ilə bağlı təhlil aparılmasından əvvəl Konstitusiya Məhkəməsinin Plenumu qeyd etməyi vacib hesab edir ki, Ailə Məcəlləsinin ayrı-ayrı maddələri ilə (müvafiq olaraq 45 və 47-ci maddələr) tənzimlənən atalığın məhkəmə qaydasında müəyyən olunması və doğum haqqında şəhadətnamədə ata barədə qeydin məhkəmədə mübahisələndirilməsi halları bir-birindən fərqləndirilməlidir. Belə ki, birinci halda məqsəd uşağın bioloji atasının kimliyinin müəyyən edilməsi olduğu halda, ikinci halda iddia qeyddə ata kimi göstərilmiş şəxsin uşağın bioloji atası olmadığının müəyyənləşdirilməsi və atalığa dair qeydin həqiqəti əks etdirmədiyinin təsdiq olunmasına yönəlir.

Yuxarıda qeyd edilənlərdən göründüyü kimi, uşağın valideyni qismində yazılmış şəxs valideynlər barədə qeyd haqqında mübahisə açmaq hüququna malik subyektlər sırasındadır.  

İlk növbədə “uşağın valideyni qismində yazılmış şəxs” ifadəsindəki sözlərin hərfi (leksik) mənasından çıxış etdikdə, bu ifadə ilə həm ananın, həm də atanın nəzərdə tutulduğunu qeyd etmək mümkündür.

Subyektiv hüquqla bağlı Konstitusiya Məhkəməsi tərəfindən ifadə edilmiş hüquqi mövqeyə əsasən insanların müxtəlif maraqlarının təmin edilməsinə ictimai ehtiyacdan irəli gələrək müəyyən davranış qaydaları dövlət tərəfindən məcburi hüquqi qüvvə verilməklə qanunvericilik aktlarına daxil edilir. Nəticədə hər bir subyektiv hüquq müəyyən bir marağın ödənilməsinə xidmət edir. Başqa sözlə, subyektiv hüquqlar da özündə qanuni maraqları əks etdirir (“Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4.1-ci maddəsində nəzərdə tutulmuş “qanunla qorunan maraq” anlayışının şərh edilməsinə dair” 2025-ci il 23 may tarixli Qərardad).

Bu baxımdan uşağın anasının atalıq barədə qeydi mübahisələndirmək üçün subyektiv hüququnun mövcudluğu, ilk növbədə, onun bu məsələdə qanuni marağının olub-olmaması ilə şərtlənir.

Yuxarıda qeyd edildiyi kimi, uşağın mənşəyinin müəyyən olunması uşaqlarla yanaşı valideynlərin də şəxsi və ailə həyatı ilə birbaşa əlaqəli məsələdir. Atalıq barədə qeydin aparılması nəticəsində konkret şəxsə verilmiş atalıq hüquqi statusu yalnız həmin kişiyə və uşağa münasibətdə nəticələr doğurmur, bu, ananın da ailə münasibətlərinin hüquqi çərçivəsini müəyyən etməklə şəxsi həyatına bilavasitə təsir göstərə bilir. Nəzərə alınmalıdır ki, uşağın mənşəyinin müəyyən edilməsi əsasında valideynlərlə uşaqlar arasında yaranan hüquq münasibətləri əmlak və qeyri-əmlak xarakterli olmaqla iki qrupa bölünür. Qeyri-əmlak xarakterli münasibətlərə uşaqları tərbiyə etmək, təhsil almasını təmin etmək, onların tərbiyəsinə, sağlamlığına, psixi, fiziki, mənəvi inkişafına görə məsuliyyət daşımaq və s. ilə əlaqədar yaranan hüquq və vəzifələr, əmlak xarakterli münasibətlərin tərkibinə isə aliment, vərəsəlik və digərləri ilə bağlı məsələlər aid edilə bilər. Uşağın bioloji mənşəyinin müəyyən edilməsi ananın öz valideynlik hüquq və vəzifələrini məhz hansı şəxslə birgə və qarşılıqlı şəkildə həyata keçirəcəyinə təsir göstərdiyindən, bununla da onun şəxsi həyatına dair məsələlərə toxunduğundan, ananın atalıq barədə qeydin həqiqəti əks etdirməsinə hüquqi marağı mövcuddur.

Ailə Məcəlləsinin 45-ci maddəsinə əsasən atalığın məhkəmə qaydasında müəyyən edilməsini tələb etmək hüququna malik subyektlər arasında uşağın qəyyumu (himayəçisi), yetkinlik yaşına çatdıqda uşağın özü ilə yanaşı, valideynlərdən biri kimi ananın da göstərilməsi ona dəlalət edir ki, qanunverici uşağın bioloji atasının müəyyən edilməsi və qeydə alınmasına münasibətdə ananın uşağın marağından müstəqil marağının mövcudluğunu tanımışdır.

Bu baxımdan ananın atalığa dair qeydin reallığa uyğunluğunun təmin edilməsinə, yəni onun şəxsi həyatında hüquqi nəticələr doğuran faktların həqiqi vəziyyətə uyğun şəkildə rəsmiləşdirilməsinə dair marağı mövcuddur.

O da nəzərə alınmalıdır ki, uşağın aralarında nikah bağlanmış şəxslərdən olması halında doğum haqqında qeydiyyatın ananın ərizəsi olmadan yalnız atanın müraciəti əsasında aparılması da istisna edilmir.

Odur ki, qanunvericilikdə anaya atalıq barədə qeydi mübahisələndirmək hüququnun verilməsi Konstitusiyanın 60-cı maddəsi ilə təmin olunan hüquq və azadlıqların inzibati və məhkəmə qaydasında müdafiəsi baxımından mühüm təminatdır. Belə ki, hüquq və azadlıqların məhkəmə müdafiəsi hüququ, ilk növbədə, şəxsin pozulmuş hüquq və azadlıqlarının, habelə qanunla qorunan maraqlarının müdafiəsi məqsədilə məhkəməyə müraciət etmək və bununla əlaqədar məhkəmə icraatının başlanılmasını tələb etmək imkanını ehtiva edir. Bu baxımdan, anaya münasibətdə tanınan bu subyektiv hüquq onun şəxsi həyatına hörmət edilməsini tələb etmək hüququna təsir göstərən və ya həmin hüquqa müdaxilə təşkil edən məsələlərin mübahisələndirilməsinə və pozulmuş hüququn bərpasının tələb edilməsinə real və səmərəli hüquqi vasitə yaradır.

Oxşar məsələ ilə bağlı Türkiyə Respublikası Konstitusiya Məhkəməsinin qəbul etdiyi Qərarda qeyd edilmişdir ki, “... şəxsi və ailə həyatına hörmət edilməsini tələb etmək hüququ şəxsin şəxsi və ailə həyatını öz anlayışına uyğun olaraq təşkil etməsini və yaşamasını nəzərdə tutur. Bu baxımdan, ər ilə uşaq arasında bioloji reallığa uyğun olmayan soybağı münasibətinin mövcud olması yalnız ər və uşaq üçün deyil, həmçinin uşağın anası üçün də onun şəxsi həyatına təsir göstərə biləcək nəticələr doğura bilər. Başqa sözlə, atalıq prezumpsiyasının doğurduğu nəticələrin uşağı dünyaya gətirmiş qadının şəxsi həyatı ilə heç bir əlaqəsinin olmadığını söyləmək mümkün deyildir.

Beləliklə, uşaq ilə onun bioloji atası olmayan ər arasında yaranmış soybağı münasibətinin aradan qaldırılmasında uşağın anasının, şəxsi həyatına hörmət edilməsini tələb etmək hüququ baxımından marağı mövcuddur” (2023-cü il 26 iyul tarixli Qərar).

Türkiyə Respublikası Mülki Məcəlləsinin 286-cı maddəsinin 1-ci hissəsinin ananın iddiaçı qismində çıxış edərək uşağın bioloji atasının ər olmadığını irəli sürməsinə və atalıq prezumpsiyasının təkzib edilməsi məqsədilə məhkəməyə müraciət etməsinə imkan vermədiyini, bununla da ananın şəxsi həyata hörmət edilməsini tələb etmək hüququ baxımından səmərəli hüquqi müdafiə vasitəsindən istifadə hüququnu pozduğunu əsas gətirən Türkiyə Respublikasının Konstitusiya Məhkəməsi həmin normanı Konstitusiyaya zidd hesab etmişdir.

Qeyd olunanlara əsasən Konstitusiya Məhkəməsinin Plenumu hesab edir ki, Ailə Məcəlləsinin 47.1-ci maddəsində öz əksini tapan “valideyn qismində yazılmış şəxs” ifadəsi valideyn qismində yazılmış həm ananı, həm də atanı ehtiva etməklə, ananın atalığa dair qeydi mübahisələndirmək üzrə subyektiv hüququnun mövcudluğunu nəzərdə tutur.

Göstərilənlərlə yanaşı qeyd olunmalıdır ki, ananın atalıq barədə qeydin mübahisələndirilməsinə dair subyektiv hüququnun tanınması, bu hüququn həyata keçirilməsi ilə bağlı mübahisələrə baxılarkən uşağın üstün mənafelərinin nəzərə alınması prinsipinin rəhbər tutulmasının zəruriliyini aradan qaldırmır. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 55.2 və 55.3-cü maddələrinə görə uşağa aid hər hansı məsələ ilə bağlı icraat onun üstün mənafelərinin müəyyən edilməsi məqsədilə hərtərəfli yanaşmadan istifadə etməklə həyata keçirilir. Uşaqlar barəsində icraatın onların üstün mənafeləri nəzərə alınmaqla həyata keçirilməsinə dövlət təminat verir.

Uşağın üstün mənafeyi konkret halda uşağın hüquq və mənafeləri baxımından hansı qərarın daha məqsədəuyğun və əlverişli olduğunun müəyyənləşdirilməsini tələb edən, uşağa münasibətdə hər hansı, eləcə də uşağın mənşəyinə və valideyn-uşaq münasibətlərinə təsir göstərə biləcək qərarların qəbulu zamanı əsas götürülməli olan mühüm hüquqi prinsipdir.

Lakin o da nəzərə alınmalıdır ki, uşağın üstün mənafeyi prinsipi qanunvericiliklə valideynə tanınmış subyektiv hüququ inkar etmir, sadəcə onun həyata keçirilməsinin konkret halda uşağın hüquq və mənafeləri ilə uzlaşdırılmasının zəruriliyini nəzərdə tutur.

Konstitusiya Məhkəməsinin Plenumu onu da göstərməyi vacib hesab edir ki, qanunvericilikdə atalığın mübahisələndirilməsi hüququnun həyata keçirilməsi ilə bağlı legitim məqsədlərə xidmət edən və həmin məqsədlərə mütənasib müəyyən məhdudiyyətlər nəzərdə tutula bilər. Lakin bu cür məhdudiyyətlər qanunda birbaşa və kifayət qədər aydın şəkildə müəyyən edilməlidir. Bu baxımdan, qanunvericinin açıq şəkildə belə bir məhdudiyyət nəzərdə tutmadığı halda, normanın məzmununun məhdudlaşdırıcı təfsiri vasitəsilə hüququn əhatə dairəsinin daraldılması hüquqi müəyyənlik prinsipinin və hüquqların məhdudlaşdırılmasına dair Konstitusiyanın 71-ci maddəsinin tələbləri ilə uzlaşmamaqla yanaşı, şəxslərin Konstitusiya ilə təminat verilən məhkəmə müdafiəsi hüququnun da pozulması ilə nəticələnərdi.

O da nəzərə alınmalıdır ki, Konstitusiya Məhkəməsinin fəaliyyətinin hüquqi əsasları Konstitusiya və “Konstitusiya Məhkəməsi haqqında” Azərbaycan Respublikasının Qanunu (bundan sonra – “Konstitusiya Məhkəməsi haqqında” Qanun) ilə müəyyən edilmişdir.

Konstitusiyanın 130-cu maddəsinin V hissəsinə əsasən hər kəs onun hüquq və azadlıqlarını pozan qanunvericilik və icra hakimiyyəti orqanlarının normativ aktlarından, bələdiyyə və məhkəmə aktlarından qanunla müəyyən edilmiş qaydada bu maddənin III hissəsinin 1–7-ci bəndlərində göstərilən məsələlərin Konstitusiya Məhkəməsi tərəfindən həll edilməsi üçün Konstitusiya Məhkəməsinə pozulmuş insan hüquq və azadlıqlarının bərpa edilməsi məqsədi ilə şikayət verə bilər.

Əsas Qanunda təsbit edilmiş bu məsələlərlə əlaqədar konstitusiya nəzarətinin həyata keçirilməsinin müəyyən xüsusiyyətləri vardır.

Belə ki, “Konstitusiya Məhkəməsi haqqında” Qanunun 34.2-ci maddəsinə görə Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin III hissəsinin 4-cü bəndində nəzərdə tutulmuş məsələyə dair şikayətə Konstitusiya Məhkəməsi tərəfindən baxılmasına barəsində şikayət edilən Azərbaycan Respublikası Ali Məhkəməsinin qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və ya qanunlarına uyğun olmayan normativ hüquqi akta əsaslandığı hallarda yol verilir.

Konstitusiya Məhkəməsinin Plenumu hazırkı iş üzrə konstitusiya icraatının gedişində ərizəçinin şikayətini və ona əlavə edilmiş sənədləri ətraflı təhlil edib mübahisələndirilən məhkəmə aktının Konstitusiyaya və ya qanunlara uyğun olmayan normativ hüquqi akta əsaslanmasını müəyyən etməmişdir.

Konstitusiyanın 130-cu maddəsinin V hissəsini, “Konstitusiya Məhkəməsi haqqında” Azərbaycan Respublikası Qanununun 34, 37.0.2, 49, 52, 62, 68 və      69.2-ci maddələrini rəhbər tutaraq, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu

 

 

Q Ə R A R A   A L D I:

 

 

1.     Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun bu Qərardadında göstərilən hallar nəzərə alınsın.

2.  Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun bu Qərardadının təsviri-əsaslandırıcı hissəsində göstərilən əsaslara görə Y.Muxtarzadənin şikayəti üzrə konstitusiya işinin icraatına xitam verilsin.

3.     Qərardadın surəti 7 gün müddətində ərizəçiyə göndərilsin.

4.     Qərardad “Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Məlumatı”nda dərc edilsin və Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin rəsmi internet saytında yerləşdirilsin.

 

 

 

 

 

Sədr                                                                                  Fərhad Abdullayev