18.06.2026
Anar Babayev
Azərbaycan
Respublikasının Konstitusiya Məhkəməsinin Aparat rəhbəri
Xəyalə Əfəndiyeva
Azərbaycan
Respublikasının Konstitusiya Məhkəməsinin
Aparatının
Ümumi şöbəsinin baş məsləhətçisi
ƏLİLLİYİ
OLAN ŞƏXSLƏRİN MƏHKƏMƏYƏ ƏLÇATANLIQ HÜQUQU
XÜLASƏ
Məhkəmə sisteminin inklüzivliyi əlilliyi olan
şəxslərin hüquqlarından tam və səmərəli şəkildə istifadə edə bilmələrinin vacib
şərtlərindən hesab olunur. Məqalədə əlilliyi olan şəxslərin məhkəməyə
əlçatanlıq hüququnun mahiyyəti beynəlxalq insan hüquqları standartları və milli
hüquqi tənzimləmə kontekstində tədqiq edilir. Araşdırmanın məqsədi əlilliyi
olan şəxslərin ədalət mühakiməsinə digərləri ilə bərabər çıxış hüququnun həyata
keçirilməsi zamanı qarşıya çıxan maneələri təhlil etmək və onların aradan
qaldırılması istiqamətində hüquqi yanaşmaları qiymətləndirməkdir. Tədqiqat
Birləşmiş Millətlər Təşkilatının “Əlillərin Hüquqları haqqında Konvensiya”sının
müddəaları, bu sahədə qəbul olunmuş beynəlxalq prinsiplər, habelə müxtəlif
dövlətlərin qabaqcıl təcrübələrinə əsaslanmaqla sistemli təhlil metodu əsasında
aparılmışdır. Eyni zamanda, Azərbaycan Respublikasında əlilliyi olan şəxslərin
ədalət mühakiməsinə effektiv çıxışının təmin edilməsinə dair qanunvericilik
bazası təhlil olunmuş, beynəlxalq standartlarla müqayisədə müəyyən inkişaf
perspektivləri müəyyənləşdirilmiş, bu istiqamətdə bir sıra təkliflər irəli
sürülmüşdür.
Açar sözlər: əlilliyi olan şəxs, bərabərlik, məhkəməyə əlçatanlıq,
prosessual uyğunlaşmalar
Anar
Babayev
Secretary General of the
Constitutional Court of the
Republic of Azerbaijan
Khayala
Afandiyeva
Chief Adviser of the General
Department of the Secretariat of the Constitutional Court of
the Republic of Azerbaijan
THE RIGHT OF
PERSONS WITH DISABILITIES TO ACCESS TO JUSTICE
ABSTRACT
The inclusiveness of the judicial system is considered one
of the essential conditions for persons with disabilities to fully and
effectively exercise their rights. The article examines the essence of the
right of persons with disabilities to access to justice in the context of
international human rights standards and national legal regulation. The purpose
of the study is to analyze the barriers encountered in the exercise of the
right of persons with disabilities to equal access to justice with others and to
assess legal approaches aimed at eliminating those barriers. The research was
conducted on the basis of a systematic analysis method, relying on the
provisions of the United Nations Convention on the Rights of Persons with
Disabilities, internationally accepted principles in this field, as well as the
best practices of various states. Furthermore, the article analyses the
legislative framework for ensuring effective access to justice for persons with
disabilities in the Republic of Azerbaijan, identifies potential areas for
improvement in light of international standards, and advances a number of
proposals aimed at strengthening the existing legal framework.
Keywords:
person with disability, equality, access to justice, procedural accommodations
GİRİŞ
Demokratik dövlətlərdə hüququn aliliyinin bərqərar
olunması baxımından mühüm əhəmiyyət daşıyan ədalət mühakiməsinə əlçatanlıq
hüququnun təminat səviyyəsi əlilliyi olan şəxslərə münasibətdə xüsusi aktuallıq
təşkil edir.
Əlilliyi olan şəxslər üçün əlçatanlıq yalnız
hüquqlardan istifadə etməyin vasitəsi deyil, həm də müstəqil və insan ləyaqətinə
uyğun həyat sürə bilmələri üçün vacib şərtdir. Bu baxımdan əlilliyi olan şəxslərin
cəmiyyətin digər üzvləri ilə bərabər əsasda fiziki mühitə, nəqliyyata, məlumat
və ünsiyyət vasitələrinə, ictimai istifadə üçün açıq olan digər obyekt və xidmətlərə
çıxışının təmin edilməsi zəruridir. Dövlətlər tərəfindən əlilliyi olan şəxslərin
öz hüquq və azadlıqlardan istifadə imkanlarının müxtəlif mexanizmlər vasitəsilə
genişləndirilməsi istiqamətində beynəlxalq və lokal səviyyədə mühüm addımlar
atılsa da, onların müəyyən hallarda əsas
insan hüquqlarının realizəsi ilə bağlı qarşılaşdıqları ayrı-seçkilik və hüquq
pozuntularının aradan qaldırılması hələ də bir çox ölkələrdə mühüm hüquqi
problem kimi qiymətləndirilir. Bu
kateqoriyadan olan şəxslər ədalət mühakiməsinə çıxışda, mülki, cinayət, inzibati və digər icraatlarda da ciddi
maneələrlə üzləşə bilirlər. Bu cür maneələr əlilliyi olan şəxslərin məhkəmə
müdafiəsi hüququnun səmərəli həyata keçirilməsini məhdudlaşdırır ki, bu da
onların qanun qarşısında bərabər müdafiə prinsipini zəiflədir. Bu baxımdan belə
şəxslərin üzləşdikləri ayrı-seçkilik və hüquq pozuntularının aradan
qaldırılması ilə bağlı ən mühüm məsələlərdən biri onların ədalət mühakiməsinə
çıxış imkanlarının gücləndirilməsidir. Belə maneələrin aradan qaldırılması üçün
dövlətlərin səmərəli tədbirlər görmək öhdəliyi yalnız hüquqi xarakterli tədbirlərlə
icra edilə bilməsə də, bu cür öhdəliklərin hüquqi tənzimləmələr olmadan yalnız sosial
və ya iqtisadi siyasətlər vasitəsilə həyata keçirilməsi də mümkün deyil.
Təqdim olunan araşdırmada əlilliyi olan şəxslərin ədalət
mühakiməsinə əlçatanlığı ilə bağlı qarşılaşdıqları problemlərin, bu məsələyə
beynəlxalq müstəvidə yanaşmanın və dövlətdaxili qanunvericiliyin təhlil edildiyi,
müəyyən təkliflərin təqdim olunduğu nəzərə
alındıqda, hazırki araşdırmanın bu sahədə yeni müzakirələrin aparılmasına töhfə
verəcəyi gözlənilir.
Əlilliyi
olan şəxslərin məhkəməyə əlçatanlıq hüququnun əhəmiyyəti və ədalət mühakiməsinə
çıxışda qarşılaşdıqları maneələr.
Ədalət
mühakiməsinə əlçatanlıq məhkəmə müdafiəsi hüququnun tərkib hissəsidir. Məhkəmə
müdafiəsi hüququ isə bir tərəfdən hər kəsin pozulmuş hüquqlarının və
azadlıqlarının bərpası məqsədilə məhkəməyə müraciət etmək hüququnu, digər
tərəfdən isə məhkəmələrin həmin müraciətlərə ağlabatan müddətdə baxmaq və
onlara dair ədalətli qərar qəbul edərək, onların vaxtında icra edilməsi
vəzifəsini müəyyən edir [18]. Digər insan hüquqlarının və əsas azadlıqlarının
həyata keçirilməsi üçün əsas vasitələrdən biri olan ədalət mühakiməsinə
əlçatanlıq bütün insanlar üçün ümumbəşəri əhəmiyyət daşıyan məsələdir. Bu
anlayış ədalət mühakiməsinin hər bir elementinə - prosedurlara, məlumatlara,
məkanlara və b. səmərəli çıxışın qarşısını alan maneələrin aradan
qaldırılmasını ehtiva etməklə əhatə dairəsi olduqca genişdir.
Hüququn
əsas funksiyalarından biri bütün şəxslərə bərabər rəftarın təmin olunmasıdır. Bu
baxımdan məhkəməyə əlçatanlıqda bərabərlik prinsipinin təmin edilməsi üçün müəyyən
kateqoriya şəxslərin, o cümlədən əlilliyi olan şəxslərin ehtiyaclarının adekvat
şəkildə nəzərə alınması vacibdir. Odur ki, əlilliyi olan şəxslərin əlilliyi
olmayan şəxslərlə eyni səviyyədə sosial həyatda tam və bərabər şəkildə
iştirakının təmin edilməsi məqsədilə birincilərə tətbiq olunan müsbət
ayrı-seçkilik (pozitiv diskriminasiya) nəinki bərabərlik prinsipinə zidd hesab edilir,
əksinə, onlara münasibətdə hüquqi bərabərliyin təmin olunmasına xidmət edir.
Ədalət
mühakiməsinə çıxış bir sıra beynəlxlaq hüquqi sənədlərdə, məsələn, Ümumdünya İnsan Hüquqları
Bəyannaməsinin 8-ci və 10-cu, “İnsan hüquqlarının və əsas azadlıqların
müdafiəsi haqqında” Konvensiyanın 6-cı maddəsində, "Mülki və siyasi
hüquqlar haqqında" Beynəlxalq Paktın 14-cü maddələrində öz əksini tapan
ədalətli məhkəmə araşdırması hüququnun tərkib hissəsi kimi nəzərdə tutulmuşdur.
Bununla
belə, BMT-nin Əlilliyi olan şəxslərin hüquqları haqqında Konvensiyası ədalət
mühakiməsinə çıxışı ən geniş mənada konseptuallaşdıran, ayrıca və müstəqil
maddi hüquq kimi nəzərdə tutan ilk beynəlxalq insan hüquqları sənədlərindən
biridir. Əlilliyi olan şəxslər tərəfindən bütün insan hüquqlarının və əsas
azadlıqlarının tam və bərabər səviyyədə həyata keçirilməsini təşviq etmək,
müdafiə və təmin etmək, eləcə də onların ləyaqətinə hörmət edilməsini təşviq
etmək məqsədi daşıyan bu Konvensiya BMT Baş Assambleyası tərəfindən 2006-cı
ildə qəbul edilmiş və 2008-ci ildə qüvvəyə minmişdir.
Konvensiyanın
“ədalət mühakiməsinə əlçatanlıq” adlı 13-cü maddəsinin tələblərinə əsasən
iştirakçı dövlətlər ədalət mühakiməsini əlilliyi olan şəxslərə digərləri ilə
bərabər səviyyədə təmin edir, o cümlədən ibtidai istintaqın təhqiqat və digər
mərhələləri də daxil olmaqla, hüquqi prosesin bütün mərhələlərində birbaşa və
dolayı iştirakçıların, o cümlədən şahidlərin öz səmərəli rolunu yerinə
yetirməsini asanlaşdıran prosessual və yaşa uyğun uyğunlaşdırmalar nəzərdə
tuturlar. Əlilliyi olan şəxslərin ədalət mühakiməsindən səmərəli istifadə
etmələrinə imkan yaratmaq üçün iştirakçı dövlətlər ədalət mühakiməsinin həyata
keçirilməsi sferasında, o cümlədən polis və penitensiar sistemdə işləyən
şəxslərin lazımi qaydada təlim keçməsinə yardım göstərirlər.
Dövlətlərin
bu istiqamətdə öhdəliklərini müəyyənləşdirən, əlilliyi olan şəxslərə yeni
hüquqlar tanımağı deyil, hər kəsin malik olduğu hüquq və azadlıqlardan onların
da faktiki şəkildə yararlana bilməsini təmin etməyi qarşıya məqsəd qoyan bu
Konvensiyanın yeniliklərindən biri də əlilliyin tibbi modelindən imtina
olunaraq yeni modelə keçilməsi oldu. Belə ki, tibbi modeldə əlillik fərdin
funksional məhdudiyyətləri ilə əlaqəli bir vəziyyət kimi başa düşülür və bu
məhdudiyyətlər qüsurun nəticəsi sayılır [13 s.556]. Bu model əlilliyi tibbi diaqnoz kimi, yəni fərdin
bədəni və ya beynində yerləşən bir problem kimi qəbul edərək, onu müalicə və ya
tibbi müdaxilə vasitəsilə aradan qaldırmağa fokuslanır.
Konvensiyada əlillik və əlilliyi olan şəxsə verilmiş
anlayışa və digər müddəlara əsasən tətbiq edilmiş modeli bəzi müəlliflər sosial
model, digərləri isə sosial modeldən daha mütərəqqi xarakter daşıyan insan hüquqlarına
əsaslanan model kimi qiymətləndirir. Sosial model diqqəti problemin fərdin
özündə olmasına yönəltmir. Əvəzində, əlilliyi fərdin onun fərqliliklərini
nəzərə almayan və cəmiyyətdə iştirakını məhdudlaşdıran və ya ona mane olan
mühitlə qarşılıqlı əlaqəsinin nəticəsi kimi qəbul edir [14 s.12].
Yəni, sosial model diqqəti fərddən
cəmiyyətə keçirərək göstərir ki, əlilliyi olan şəxsləri məhdulaşdıran amil onların
fərqlilikləri və ya pozuntuları yox, sosial və ətraf mühit maneələridir. Bu
yanaşma əlil şəxslərin ətraf mühitə uyğunlaşmasından çox, mühitin onların
istək, ehtiyac və bacarıqlarına uyğunlaşdırılmasını müdafiə edir.
T.
Degenerə görə Konvensiya əlilliyin sosial modelini aşaraq, insan hüquqlarına
əsaslanan modeli normativ-hüquqi çərçivədə təsbit edir. Sosial model əlilliyi
əsasən cəmiyyətdə mövcud olan maneələr və ayrı-seçkilik vasitəsilə izah etdiyi
halda, insan hüquqlarına əsaslanan model bundan əlavə, əlilliyi olan şəxslərin
doğuşdan malik olduqları insan hüquqlarının məhdudiyyətlərdən asılı olmadığını
təsdiq edən hüquqi və etik əsaslar müəyyənləşdirir [15 s.6-8].
Yuxarıda
göstərildiyi kimi Konvensiya iştirakçı dövlətlər üçün prosessual və yaşa görə
uyğunlaşdırmaların təmin edilməsi vəzifəsini yaradır. Bu vəzifələri əks etdirən
Konvensiyanın 13-cü maddəsinin hazırlanması zamanı “ağlabatan uyğunlaşdırma” və
ya “prosessual uyğunlaşdırma” ifadələri müzakirə olunmuş və sonda “ağlabatan”
terminindən imtina olunmuşdur [9
s.7].
Buna səbəb isə prosessual
uyğunlaşdırmalar ilə ağlabatan uyğunlaşdırmalar ifadələrinin fərqli mənalar
kəsb etməsi ilə bağlıdır. Belə ki, ağlabatan uyğunlaşdırma tətbiq edilərkən
onun dövlət üçün həddindən artıq və ya qeyri-mütənasib yük yaradıb-yaratmaması
qiymətləndirilir, yəni bu halda uyğunlaşdırmanın təmini məsələsi həll edilərkən
resurs amili nəzərə alınır. Lakin prosessual uyğunlaşdırmaların təmin olunması
mütənasibliyin qiymətləndirilməsindən asılı deyil. Bu isə o deməkdir ki, dövlət
“çox yük yaratması”nı əsas gətirməklə onları təmin etməkdən imtina edə bilməz
və belə uyğunlaşdırmaların aparılması ədalət mühakiməsinə çıxış hüququnun
realizəsi üçün məcburi xarakter daşıyır.
Əlilliyi
olan şəxslərin hüquqlarını digərləri ilə bərabər əsasda faktiki olaraq həyata
keçirə bilməsini təmin etməyə yönəlmiş prosessual uyğunlaşmalar iki məqsədə
xidmət edir: bir tərəfdən, məhkəmə sisteminin əlilliyi olan şəxslər üçün
əlçatan və inklüziv hala gətirilməsini təmin edir, digər tərəfdən isə konkret
məhkəmə və ya hüquqi proses zamanı həmin şəxsin ədalət mühakiməsinə çıxış
hüququnun səmərəli həyata keçirilməsi üçün zəruri dəstəyi dərhal təmin edir.
Prosessual uyğunlaşdırmaya nümunə olaraq əlilliyi olan şəxslərin məhkəmə və
tribunallarda müxtəlif ünsiyyət vasitələrindən istifadə etmək hüququnun
tanınmasını göstərmək olar. Yaşa uyğun uyğunlaşdırmalar isə şikayət vermək və
ədalət mühakiməsinə çıxış imkanları barədə məlumatların şəxsin yaşına uyğun və
anlaşıqlı formada təqdim edilməsi aid oluna bilər [12 §58].
Konvensiyasının
13-cü maddəsinin əhəmiyyəti nəzərə alınaraq onun tətbiqində “bələdçi”
funksiyasını icra etmək məqsədilə əlilliyi olan şəxslərin hüquqları üzrə Xüsusi
Məruzəçinin təşəbbüsü əsasında 2020-ci ildə “Əlilliyi olan şəxslərin ədalət
mühakiməsinə çıxışı üzrə Beynəlxalq Prinsiplər və Təlimatlar” qəbul edilmişdir.
Əlillik hüquqları üzrə ekspertlər, əlilliyi olan şəxslərin təşkilatları,
dövlətlər, akademiklər və digər mütəxəssislərlə aparılmış məsləhətləşmələrin və
əməkdaşlığın nəticəsi olan bu Prinsiplər (10 fundamental prinsip) və Təlimatlar
əlilliyi olan şəxslər üçün ədalət mühakiməsinə bərabər çıxışın təmin edildiyi
ədliyyə sistemlərinin beynəlxalq insan hüquqları standartlarına uyğun şəkildə
hazırlanmasında və həyata keçirilməsində dövlətlərə dəstək göstərmək məqsədi
daşıyan praktik bir vasitədir.
Yuxarıda
göstərilən prinsiplərin qəbulu və prosessual uyğunlaşmaların aparılmasına dair
tələbin müəyyən edilməsinə zərurət ondan irəli gəlmişdir ki, bəzi hallarda əlilliyi
olan şəxslər ədalət mühakiməsinə əlçatanlıqla bağlı çoxsaylı maneələrlə üzləşə
bilirlər. Bu maneələri əlçatanlıq (fiziki), hüquqi, kommunikasiya, münasibət
(yanaşma) və iqtisadi xarakterli maneələr kimi qruplaşdırmaq olar. Belə
maneələrin əhatə etdiyi məsələlər kifayət qədər geniş olduğundan hazırki
araşdırma çərçivəsində onların mahiyyətinə qısa şəkildə toxunulmasını
məqsədəuyğun hesab edirik.
Əlçatanlıqla
bağlı maneələr əlçatan infrastrukturun, nəqliyyatın, məlumatların yoxluğundan,
obyektlər və xidmətlərin əlilliyi olan şəxslər üçün fiziki mühitə, nəqliyyata,
informasiya və kommunikasiya vasitələrinə çıxışı təmin etməməsindən irəli
gəlir. Məsələn, şəxsin məhdud hərəkət qabiliyyətli şəxslər üçün daxili
məhkəmələrin binalarına xüsusi giriş imkanının olmaması səbəbindən məhkəməyə
müraciət edə bilməməsi, həmin çatışmazlığı aradan qaldıracaq alternativ
vasitələrin mövcud olmadığı hallarda, məhkəməyə çıxış hüququnu məhdudlaşdıra
bilən faktiki maneə kimi qiymətləndirilə bilər [2 §48].
Bununla
belə, dövlətin bərabər prosessual imkanların təmin edilməsi üzrə öhdəliklərinə münasibətdə
əlçatanlıq vasitələri heç də yalnız liftlər və panduslarla məhdudlaşmır. Çünki
insanın sağlamlıq vəziyyətindən asılı olaraq, onun məhdudiyyətlərini
kompensasiya etmək üçün müxtəlif köməkçi (assitiv) tədbirlərə ehtiyac ola bilər [21
s.88]. Məsələn, məlumatların əlçatmazlığı buna aid edilə
bilər. Məlumatın əlçatmazlığı dedikdə məhkəmə və ədliyyə sistemində istifadə
olunan çağırış vərəqələrinin, bildirişlərin, məlumat kitabçalarının və digər
sənədlərin, prosedurlar haqqında məlumatların asan oxunan formatda, sadə dildə,
iri şriftlə və s. münasib formatlarda təqdim edilməməsi başa düşülür. Bu kimi
maneələrin aradan qaldırılmasına yönələn
tədbirlərə isə aşağıdakıları aid etmək olar: işarə dili; video və audio
bələdçilər; telefon vasitəsilə məsləhət və yönləndirmə xidmətləri; əlçatan
vebsaytlar; səs gücləndirici cihazlar və sənəd böyüdücüləri; qapalı
subtitrləmə; Brayl (Braille) yazısı; asan oxunan format və sadə dil və s. [10 s.18].
Kommunikasiya
ilə bağlı maneələr əsasən müəyyən növ əlilliyi olan şəxslərin məhkəmə və ya
məhkəməyədək prosesdə səlahiyyətli orqan və qurumların nümayəndələri ilə
ünsiyyət prosesində əmələ gəlir. Məsələn,
işarə dili tərcüməçilərinin və ya vasitəçilərin olmaması kommunikasiya üçün
maneələr yarada bilər. Həmçinin istifadə olunan dil, verilən sualların növü və
hüquq peşəsi nümayəndələrinin sorğu-sual üslubu da effektiv ünsiyyətə mane yarada
biləcək amillərdəndir.
Tədqiqatlar
göstərir ki, istifadə olunan dilin sorğu-sual edilən əqli məhdudiyyətli şəxslərin
anlama qabiliyyətini aşması, onların istifadə edilən terminologiyanı başa
düşməkdə xüsusi çətinlik çəkməsinə, bəzən isə hətta əslində başa düşmədikləri
ifadələrlə səhvən razılaşmalarına gətirib çıxarır [19 s.483-484].
Tərcüməçilər və ya vasitəçilər mövcud olduqda belə, bəzi hallarda polis
əməkdaşları, hüquqşünaslar, hakimlər və digərləri tərəfindən istifadə olunan
dilin həddindən artıq mürəkkəb olması məlumatın vasitəçilər tərəfindən
anlaşılaraq əlilliyi olan şəxsə düzgün şəkildə çatdırılmasını çətinləşdirə, nəticədə
əlilliyi olan şəxsin uyğun və düzgün cavab vermə ehtimalını azalda bilər.
“Əlilliyi
olan Şəxslərin Ədalət Mühakiməsinə Çıxışı üzrə Beynəlxalq Prinsiplər və
Təlimatlar”da məhkəmə dinləmələri üçün əlilliyi olan şəxslərin, o cümlədən
əlilliyi olan uşaqların hüquqi icraat zamanı ədalətli rəftar görməsini və tam
iştirakını təmin edən prosedurların qəbul edilməli olması vurğulanmış, bu
prosedurların əhatə edə biləcəyi məsələlər kimi müvafiq hallarda sorğu-sual
üsullarının dəyişdirilməsi, məsələn: istiqamətləndirici suallara icazə
verilməsi; mürəkkəb və çoxhissəli suallardan qaçınılması; çətin hipotetik suallara alternativlərin
tapılması; cavab vermək üçün əlavə vaxt verilməsi; ehtiyac olduqda fasilələrə icazə verilməsi;
sadə və aydın dildən istifadə olunması göstərilmişdir. Təlimatda o cümlədən,
əlilliyi olan şəxslərin öz istəkləri ilə prosesin bütün mərhələlərində
emosional və mənəvi dəstək göstərmək üçün ailə üzvləri, dostları və ya digər
şəxslər tərəfindən müşayiət olunmasına icazə verilməli olması öz əksini
tapmışdır [10
§3.2].
Hüquqi
xarakterli maneələr bir qayda olaraq ayrı-seçkilik xarakterli, yəni əlilliyi
olan şəxslərin hüquqlarının nəzərə alınmadığı və ya hüquqi proseslərdə digər
şəxslərlə bərabər əsasda səmərəli iştirakına mane yaradan qanunvericilik
normalarının mövcudluğu ilə bağlı olur.
Münasibət
xarakterli maneələr xüsusən müəyyən növ əlilliyi olan şəxslər barədə yanlış
inanclar və stereotiplər nəticəsində meydana gəlir. Əlilliklə bağlı geniş
yayılmış təsəvvürlər çox vaxt əlilliyi fəaliyyət qabiliyyətsizliyi ilə
eyniləşdirir. Bu cür münasibətlər və inanclar hüquq-mühafizə və hüquqla bağlı
digər sahələrdə çalışan şəxslərin əlilliyi olan şəxslərlə rəftarına da təsir
göstərə bilir. Məsələn, polis əməkdaşları və ya hüquqi yardım göstərən şəxslər
əlilliyi olan şəxslərlə qarşılıqlı əlaqə zamanı qərəzli yanaşma və ya
məlumatsızlıq əsasında hərəkət edə bilərlər. Bu isə həmin şəxsləri hüquqi
tələblər irəli sürməkdən və ya hüquqlarını müdafiə etməkdən çəkindirə bilər [10 s.20].
Bu cür münasibətin dəyişdirilməsinə nail olmaq üçün isə maarifləndirmənin,
ictimai məlumatlandırma proqram və kampaniyalarının aparılması, Konvensiyanın
13-cü maddəsində qeyd edildiyi kimi
müvafiq təlimlərin həyata
keçirilməsi zəruridir.
İqtisadi
maneələrlə bağlı nəzərə alınmalıdır ki, əlilliyi olan şəxslər əsasən orta və
aşağı gəlirli qruplara aid edilməklə məşğulluqla bağlı çətinliklərlə
üzləşirlər. Yoxsulluq və ədalət mühakiməsinə çıxış arasındakı əlaqə isə kifayət
qədər aydındır. Əgər şəxsin maliyyə imkanları məhduddursa, o, diqqətini əsas
yaşayış ehtiyaclarının təmin edilməsinə yönəltməli olduğundan hüquqlarının
pozulması halında məhkəmə prosesinə başlamaq, bununla bağlı təşəbbüs göstərmək
ehtimalı daha aşağı olur. Odur ki, hüquqi yardımın mövcud olmadığı hallarda
iqtisadi maneələr əlilliyi olan şəxslərin digər şəxslərlə bərabər əsasda ədalət
mühakiməsinə çıxışını əhəmiyyətli dərəcədə məhdudlaşdıra bilər [20 s.9].
Bu baxımdan məhkəmə proseslərində bərabərliyin təminatı üçün pulsuz hüquqi
yardımın mövcudluğu vacib əhəmiyyət kəsb edir. Təsadüfi deyildir ki, Əlilliyi
olan şəxslərin ədalət mühakiməsinə çıxışı üzrə 10 beynəlxalq prinsipdən biri,
6-cı prinsip bu məsələyə həsr olunmuş və əlilliyi olan şəxslərin ödənişsiz və
ya münasib qiymətli hüquqi yardım almaq hüququ bəyan edilmişdir. Hüquqi yardımı
qarşılamaq imkanı olmayan əlilliyi olan şəxslər üçün pulsuz hüquqi yardımın
təmin edilməsi sağlamlığın və ya azadlığın itirilməsi riski və ya faktiki
itirilməsi halları, o cümlədən həbs, tutulma, məcburi tibbi müdaxilə, qeyri-könüllü
hospitalizasiya, fəaliyyət qabiliyyətinin məhdudlaşdırılması, valideynlik
hüquqlarına məhdudiyyətlərin müəyyən olunması, mənzilin və ya mülkiyyətin
itirilməsi riskinin mövcudluğu kimi hallarda xüsusilə aktuallıq təşkil edir.
Avropa
İnsan Hüquqları Məhkəməsi “Timerqaliyev Rusiyaya qarşı” işində də vurğulamışdır
ki, Konvensiyanın 6-cı maddəsinin 3 (c) bəndinə əsasən təqsirləndirilən şəxs
“ədalət mühakiməsinin maraqları tələb etdikdə” məhkəmə tərəfindən öz təşəbbüsü
ilə təyin edilən vəkillə təmin olunmaq hüququna malikdir. Ərizəçinin eşitmə
məhdudiyyəti onun məhkəmə prosesində effektiv iştirak etmək qabiliyyətini
zəiflətdiyindən ədalət mühakiməsinin maraqları ədalətli məhkəmə araşdırmasının
təmin olunması məqsədilə apellyasiya instansiyasında ona hüquqi yardımının
təmin edilməsini tələb edirdi [3
§59].
Əlilliyi
olan şəxslərin başqaları ilə bərabər əsasda məhkəməyə əlçatanlığının təmin
olunması, onların qarşılaşdıqları çətinliklərin minimallaşdırılması istiqamətində
bəzi ölkələrin qanunvericilik və siyasətlə bağlı təqdirəlayiq və qabaqcıl təcrübələri
mövcuddur. Məsələn, İngiltərədə
“qeydiyyatdan keçmiş vasitəçilər” dən istifadə olunur. Belə vasitəçilər
yaşı ilə, yaxud əqli, psixi və ya fiziki əlillik və ya pozuntu səbəbləri ilə
əlaqədar həssas şahidlərin və zərərçəkmiş şəxslərin cinayət işləri üzrə polisə
və məhkəməyə ifadə vermələrinə kömək edən, qərəzsiz fəaliyyət göstərən,
müstəqil çalışan kommunikasiya mütəxəssisidir. Qeydiyyatdan keçmiş
vasitəçilərin məqsədi şahidlə ikitərəfli ünsiyyəti təmin etmək və onun mümkün
olan ən dolğun və dəqiq ifadəni verməsinə şərait yaratmaqdır. Onlar Ədliyyə
Nazirliyi tərəfindən seçilmiş, müvafiq hazırlıq keçmiş və qiymətləndirmədən
uğurla keçmiş şəxslərdir [7].
Avstraliyanın
Viktoriya ştatında isə Judicial College of Victoria ilə Viktoriya Bərabər
İmkanlar və İnsan Hüquqları Komissiyası tərəfindən əməkdaşlıq çərçivəsində
hazırlanmış «Əlillər üçün Ədalət Mühakiməsinə Çıxış üzrə Məhkəmə Vəsaiti»
mövcuddur. Qanun qüvvəsinə malik olmasa
belə, məhkəmə təcrübəsinə mühüm töhfə verən bu vəsait əlilliyi olan şəxsin
məhkəmə qarşısına tərəf və ya şahid qismində çıxdığı hallarda nəzərə alınmalı
məsələlər üzrə praktiki tövsiyələr təqdim edir, belə şəxslərin hüquqlarına
hörmət edilməsinin təmin olunması məqsədilə texniki dəstək göstərir [17 s.1-2].
Azərbaycan
Respublikasında əlilliyi olan şəxslərin ədalət mühakiməsinə əlçatanlığının
hüquqi təminatları.
Əlilliyi
olan şəxslərin qayğı ilə əhatə olunması sahəsində ümummilli lider Heydər Əliyev
tərəfindən həyata keçirilən dövlət siyasəti Azərbaycan Respublikasının
Prezidenti cənab İlham Əliyevin bu kateqoriyadan olan şəxslərin hüquqlarının
təmini və müdafiəsinə xüsusi diqqəti nəticəsində daha da güclənir. Əlilliyi olan
şəxslərin üzləşdikləri problemlərin həlli ölkədə yürüdülən sosial siyasətin
əsas xəttini təşkil etməklə, bu sahədə fəaliyyət BMT-nin “Əlilliyi olan
şəxslərin hüquqları haqqında” Konvensiyasına və dünyada mövcud olan mütərəqqi
yanaşmalara əsaslanır.
Azərbaycan
Respublikasında əlilliyi olan şəxslərin hüquqlarının müdafiəsi sahəsində
dövlətin vəzifələri, onların hüquq və azadlıqlarının tam və bərabər səviyyədə
həyata keçirilməsi, şərəf və ləyaqətinin müdafiəsi ilə bağlı məsələləri
tənzimləyən əsas normativ hüquqi akt kimi “Əlilliyi olan şəxslərin hüquqları
haqqında” Azərbaycan Respublikasının Qanunu çıxış edir. Qanunun 3-cü fəsli
“əlilliyi olan şəxslər üçün müyəssərlik” adlanmaqla, həmin fəsildə müyəssərlik
üçün şərait yaradılması, əlilliyi olan şəxslərin məlumat əldə etməsinin təmin
olunması, infrastruktur obyektlərinin layihələndirilməsi və tikintisi zamanı
əlilliyi olan şəxslərin tələbatının nəzərə alınması, infrastruktur
obyektlərinin, yaşayış binalarının onların istifadəsi üçün uyğunlaşdırılması, mədəniyyət
və idman obyektlərinin əlilliyi olan şəxslərə müyəssərliyinin təmin edilməsi,
bu sahədə dövlət nəzarətinə aid məsələlər ətraflı şəkildə tənzimlənmişdir.
Qeyd olunan Qanunun 34-cü
maddəsi əlilliyi olan şəxslərin ədalət mühakiməsində təminatına həsr olunmaqla
göstərilmişdir ki, inzibati icraatda və məhkəmə icraatında iştirak edən və
ixtisaslaşmış vasitəçilərin köməyinə ehtiyacı olan əlilliyi olan şəxslər
ixtisaslaşmış vasitəçilərin (qiraətçilərin və peşəkar surdo tərcüməçiləri)
xidmətləri ilə təmin edilirlər.
Lakin əlilliyi olan
şəxslərin məhkəməyə əlçatanlığının təmininə yönələn normalar yalnız bu Qanunda
deyil, ayrı-ayrı sahəvi prosessual qanunvericilik aktlarında da öz əksini
tapmışdır. Belə ki, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsində
görmə, eşitmə və nitq qabiliyyəti tam məhdud olduğuna, danışmaq, eşitmək,
görmək funksiyalarında digər ciddi pozuntular olduğuna, uzun sürən ağır
xəstəliyinə, habelə əqli geriliyə, aşkar əqli zəifliyə və ya digər pozuntularına
görə şübhəli və ya təqsirləndirilən şəxsin müdafiə hüququnu müstəqil həyata
keçirə bilməməsi halında cinayət prosesində
müdafiəçinin iştirakının təmin edilməli olmasına, tutulmuş şəxsin hüquqlarının
təmin olunması üçün cinayət prosesini həyata keçirən orqanın və müvəqqəti
saxlama yerlərinin əməkdaşlarının əlilliyi olan şəxslərə xüsusi diqqət yetirmək
vəzifəsinə dair bir sıra hüquqi təminatlar nəzərdə tutulmuşdur (92.3.2 və
153.2.10-cu maddələr).
Həmin Məcəllənin
“görmə, eşitmə və nitq qabiliyyəti məhdud olan və ya digər ağır xəstəlikdən
əzab çəkən şahidin dindirilməsi” ilə bağlı məsələləri tənzimləyən 229-cu
maddəsinə görə isə görmə, eşitmə və nitq
qabiliyyəti məhdud olan şahidin dindirilməsi onun işarələrini başa düşən
və ya onunla işarələr vasitəsilə danışan şəxsin iştirakı ilə aparılır. Həmin
şəxsin dindirilmədə iştirakı dindirmə protokolunda əks etdirilir.
Şahidin ruhi və ya digər ağır xəstəlikdən əzab çəkdiyi halda onun
dindirilməsi həkimin icazəsi və iştirakı ilə aparılır. Görmə, eşitmə və nitq
qabiliyyəti məhdud olan və ya digər ağır xəstəlikdən əzab çəkən şahidin
dindirilməsində onun qanuni nümayəndəsi və nümayəndəsi iştirak edə bilər. Oxşar
qaydalar habelə görmə,
eşitmə və nitq qabiliyyəti məhdud olan və digər ağır xəstəlikdən əzab
çəkən təqsirləndirilən şəxsin dindirilməsi üçün də nəzərdə tutulmuşdur
(233.6-cı maddə).
Azərbaycan Respublikasının
Mülki Prosessual Məcəlləsində əlilliklə bağlı
səbəbdən məhkəmənin çağırışı üzrə gələ bilməyən şahidə olduğu yerdə məhkəmə
tərəfindən dindirilə bilinmək imkanı tanınmışdır (105.2-ci maddə).
Qanunvericiliyin
müntəzəm olaraq inkişaf etdirilməsinə, əlilliyi olan şəxslərin hüquqlarının
müdafiəsinə yönələn proqram və layihələrin icrasına baxmayaraq, bir çox
ölkələrdə olduğu kimi Azərbaycan Respublikası qanunvericiliyində də
təkmilləşdirilməsinə ehtiyac olan bir sıra məsələlər mövcuddur.
Belə
ki, Əlilliyi olan Şəxslərin Hüquqları üzrə Komitə 22 aprel 2024-cü il tarixli
“Azərbaycan Respublikasının birləşdirilmiş ikinci və üçüncü dövri hesabatlarına
dair yekun müşahidələr”ində mülki, inzibati və cinayət məhkəmə icraatlarında
dövlət hesabına vəkil ilə təmin olunan şəxslərin müəyyən edilməsində tibbi
modeldən istifadə olunması ilə bağlı narahatlığını qeyd etmiş, həmin
icraatlarda əlilliyi olan şəxslərin dövlət hesabına vəkil almaq hüququnun
müəyyənləşdirilməsində tibbi modelin deyil, insan hüquqları modelinin tətbiq
edilməsinin təmin olunmasını tövsiyə etmişdir [11 s.9-10].
Yəni, Komitənin tövsiyəsi ona yönəlmişdir ki, əlilliyi olan
şəxsin dövlət hesabına vəkil almaq hüququ onun tibbi diaqnozuna və ya əlillik
dərəcəsinə görə deyil, məhkəmə prosesində hüquqlarını effektiv həyata keçirmək
üçün belə dəstəyə ehtiyacının olub-olmamasına görə müəyyən edilməlidir.
Azərbaycan Respublikası
Mülki Prosessual Məcəlləsinə son dövrlərdə edilmiş əlavələrlə tənzimlənən və
praktiki baxımdan kifayət qədər faydalı prosessual imkanlardan biri məhkəmə
icraatının videokonfrans əlaqə sistemindən istifadə edilməklə həyata
keçirilməsidir (maddə 10-2). Həmin Məcəllənin 10-2.1-ci
maddəsində məhkəmənin məhkəmə icraatını işdə iştirak edən şəxsin, onun
nümayəndəsinin (qanuni nümayəndəsinin), vəkilin, şahidin, ekspertin,
mütəxəssisin, tərcüməçinin məhkəmənin iclas zalında bilavasitə iştirakı olmadan
videokonfrans əlaqə sistemindən istifadə edilməklə həyata keçirə biləcəyi
halları sadalasa da, bu hallar içərisində əlilliyi olan şəxslərin vəziyyətini
nəzərə alan nə ümumi, nə də xüsusi hal, yəni onların sabit fiziki, psixi, əqli və ya hissiyyat
pozuntuları səbəbindən məhkəmənin iclas zalında iştirak edə bilməməsi ilə bağlı
ayrıca müddəa nəzərdə tutulmamışdır.
Cinayət-Prosessual
Məcəllənin 51-4.1-ci maddəsi ilə müəyyən edilən cinayət mühakimə icraatında
prosessual hərəkətlərin şübhəli, təqsirləndirilən şəxs və ya məhkum istisna
olmaqla, digər şəxslərin (mülki iddiaçı, mülki cavabdeh, zərər çəkmiş şəxs,
xüsusi ittihamçı, şahid və s.) bilavasitə iştirakı olmadan videokonfrans əlaqə
sistemindən istifadə edilməklə həyata keçirilə biləcəyi halların sırasında da əlilliyi
olan şəxslərlə bağlı xüsusi müddəa olmasa da, bu siyahıda səhhətinin şəxsin
müvafiq icraatda bilavasitə iştirakını qeyri-mümkün etməsi halı nəzərdə
tutulmuşdur. Bununla belə nəzərə alınmalıdır ki, bəzən cinayət prosesində
iştirak edən və əlilliyi olan zərərçəkmişin, xüsusi ittihamçının və digərlərinin
səhhətinin vəziyyəti onların müvafiq icraatda bilavasitə iştirakını
qeyri-mümkün etməsə də, xeyli çətinləşdirə, onların digər şəxslərlə bərabər
əsaslarla öz hüquq və azadlıqlarını müdafiə etməsinə maneə ola bilər.
Göstərilənlərə
əsaslanaraq hesab edirik ki, həm cinayət, həm də mülki prosessual
qanunvericilikdə bu məsələ ilə bağlı tənzimləmələrin təkmilləşdirilməsi
əlilliyi olan şəxslərin məhkəməyə əlçatanlıq hüququnun təminatı baxımından
məqsədəuyğun olardı.
Qeyd
edilməli olan digər məsələ isə əliliyi olan şəxslərin ixtisaslaşmış
vasitəçilərin (qiraətçilərin və peşəkar surdo tərcüməçiləri) köməyindən
istifadəsi ilə bağlıdır. Belə ki, yuxarıda da qeyd olunduğu kimi “Əlilliyi olan
şəxslərin hüquqları haqqında” Qanunda inzibati icraatda və məhkəmə icraatında
iştirak edən və ixtisaslaşmış vasitəçilərin köməyinə ehtiyacı olan əlilliyi
olan şəxslərin belə xidmətlərlə təmin edilməli olması öz əksini tapsa da,
nəzərə alınmalıdır ki, əlilliyi olan şəxslərin ixtisaslaşmış vasitəçilərə olan
ehtiyacı təkcə məhkəmə icraatında deyil, məhkəməyədək icraatda, xüsusilə də
cinayət təqibi üzrə məhkəməyədək icraatda (ibtidai araşdırma dövründə) da
yarana bilər. Hətta əlilliyi olan cinayət prosesinin iştirakçısı (məsələn,
şübhəli və ya təqsirləndirilən şəxs) dövlət hesabına hüquqi yardımla, yəni
müdafiəçi ilə təmin edilsə belə, onun müdafiəçi ilə ünsiyyəti üçün də
ixtisaslaşmış vasitəçilərin köməyinə ehtiyac yarana bilər ki, bu da belə
şəxslərin məhkəmə müdafiəsinə müyəssərliyi baxımından vacib əhəmiyyət daşıyır. Bu
səbəbdən hesab edirik ki, təcrübi olaraq belə şəxslərin ixtisaslaşmış
vasitəçilərlə təmin olunmasından asılı olmayaraq, bu məsələnin qanunvericilik
səviyyəsində də imperativ qaydada öz əksini tapması vacibdir. Qanunun 13-cü
maddəsi ilə verilmiş təminatın yalnız məhkəmə icraatı ilə
məhdudlaşdırılmamasının onun məqsəd və təyinatına, eləcə də Konvensiyanın
tələblərinə daha uyğun olacağı qənaətindəyik.
Əlilliyi
olan şəxslərin hüquqlarının təmin olunması çərçivəsində qanunvericiliyin
təkmilləşdirilməsi əhəmiyyətli məsələ olsa da, belə
şəxslərin hüquqları ilə bağlı sadəcə dövlətdaxili aktların qəbulu və ya müvafiq
beynəlxalq hüquq normalarının milli qanunvericiliyə implementasiyası heç də bu
hüquqların tam təmin edilməsi və müdafiəsi demək deyildir. Bunun üçün zəruri
tədbirlər görülməli, əlilliyi olan şəxslərin vəziyyətinin yaxşılaşdırılması və
onların üzləşdiyi problemlərin həlli təcrübədə öz əksini tapmalıdır [16 s.174].
NƏTİCƏ
Beynəlxalq
insan hüquqları sahəsində müstəqil hüquq kimi konseptuallaşdırılan və ümumi bir
dəyər kimi qəbul edilən məhkəməyə əlçatanlıq bütün digər hüquq və azadlıqların müdafiəsinin
ilkin şərtidir. Bu hüquq yalnız formal
olaraq tanınmaqla kifayətlənməyib, onun real və effektiv həyata keçirilməsi
dövlətlərin üzərinə mühüm öhdəliklər qoyur. Ədalət mühakiməsinə əlçatanlığın
təmin olunması xüsusilə əlilliyi olan şəxslər üçün daha həssas və mürrəkkəb xarakter
daşıyır.
Əlilliyi
olan şəxslərin digər şəxslərlə bərabər əsaslarla hüquqlarını müdafiə etməsi
zamanı fiziki, hüquqi, kommunikasiya, sosial və iqtisadi maneələrlə üzləşməsi
nəzərə alındıqda onlara münasibətdə formal bərabərliklə faktiki əlçatanlıq
arasında mövcud fərqin aradan qaldırılmasına zərurət yaranır. Bu məqsədlə
beynəlxalq müqavilələrdən irəli gələn öhdəliklər də əsas götürülməklə,
dövlətlər tərəfindən onların sadələşdirilmiş prosedurlar vasitəsilə hüquqlarını
effektiv şəkildə müdafiə edə biləcəkləri hüquqi bazanın, prosessual
mexanizmlərin yaradılması və bu mexanizmlərin səmərəli tətbiqinin təmin
olunması vacibdir.
Azərbaycan
Respublikasında əlilliyi olan şəxslərin hüquqlarının müdafiəsi və sosial
təminatı sahəsində müsbət islahatların həyata keçirilməsinə və normativ-hüquqi
bazanın formalaşdırılmasına baxmayaraq, hesab edirik ki, bu kateqoriyadan olan
şəxslərin məhkəməyə əlçatanlıq hüququnun daha səmərəli həyata keçirilməsi
məqsədilə mövcud hüquqi mexanizmlərin daha da təkmilləşdirilməsi istiqamətində
tədbirlərin davam etdirilməsinə ehtiyac var.
ƏDƏBİYYAT SİYAHISI:
1) “Əlilliyi
olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikasının Qanunu
2) Avropa
İnsan Hüquqları Məhkəməsi. Farcaș Rumıniyaya qarşı işi (Ərizə № 32596/04), 14
sentyabr 2010.
3) Avropa
İnsan Hüquqları Məhkəməsi. Timergaliyev Rusiyaya qarşı işi (Ərizə № 40631/02),
14 yanvar 2009.
4) Azərbaycan
Respublikasının Cinayət-Prosessual Məcəlləsi
5) Azərbaycan
Respublikasının Mülki Prosessual Məcəlləsi
6) Beqiraj,
J., McNamara, L., & Wicks, V. (2017). Access to justice for persons with
disabilities: From international principles to practice. Beynəlxalq Vəkillər
Kollegiyası (IBA). 56 səh.
7) Birləşmiş
Krallıq Ədliyyə Nazirliyi. Şahidlər üçün Vasitəçilik Sistemi haqqında mılumat. https://www.gov.uk/guidance/ministry-of-justice-witness-intermediary-scheme [son keçid tarixi: 15.06.2026]
8) Birləşmiş
Millətlər Təşkilatının 13 dekabr 2006-cı il tarixli “Əlilliyi olan şəxslərin
hüquqları haqqında” Konvensiyası
9) BMT
İnsan Hüquqları Şurası. (2017). Əlillərin Hüquqları haqqında Konvensiyanın
13-cü maddəsinə əsasən ədalət mühakiməsinə çıxış hüququ. BMT-nin İnsan
Hüquqları üzrə Ali Komissarlığının hesabatı. A/HRC/37/25. 17 səh.
10) BMT
(2020). Əlilliyi olan şəxslərin ədalət mühakiməsinə çıxışı üzrə Beynəlxalq
Prinsiplər və Rəhbər Qaydalar. 30 səh.
11) BMT-nin
Əlillərin Hüquqları üzrə Komitəsi (2024). Azərbaycan Respublikasının birləşmiş
ikinci və üçüncü dövri hesabatları üzrə yekun tövsiyələr. CRPD/C/AZE/CO/2-3. 21
səh.
12) BMT-nin
Əlillərin Hüquqları üzrə Komitəsi (2018) Bərabərlik və ayrı-seçkiliyə yol
verilməməsi haqqında 6 nömrəli Ümumi Şərh (Maddə 5). l[son keçid tarixi: 15.06.2026]
13) Claessen,
D., Lamkaddem, M., Oomen, B., & Eijkman, Q. (2023). Bringing Human Rights
Home: Access to Justice and the Role of Local Actors Implementing the United
Nations Convention on the Rights of Persons with Disabilities. Journal of Human
Rights Practice, 2023,16, səh. 554–571
14) Colbran,
N. (2010). Access to Justice Persons with Disabilities Indonesia: Background
Assessment Report. 55 səh.
15) Degener,
T. (2014). A Human Rights Model of Disability. https://www.researchgate.net/publication/283713863_A_human_rights_model_of_disability [son keçid tarixi: 14.06.2026]
16) Əliyeva,
S. (2019). Əlillərin hüquqlarının müdafiəsi sahəsində beynəlxalq hüquq
normalarının Azərbaycan Respublikasının qanunvericiliyinə implementasiyası.
Monoqrafiya. Bakı: “Red N Line” NPM. 256 səh.
17) Judicial
College of Victoria. Disability Access Bench Book (Əlillərin ədalət
mühakiməsinə çıxışına dair hakimlər üçün metodik vəsait), 105 səh. https://resources.judicialcollege.vic.edu.au/article/1053839/section/2168 [son keçid tarixi: 10.06.2026]
18) Konstitusiya
Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin
231.1-ci maddəsinin bəzi müddəalarının şərh edilməsinə dair” 22 may 2015-ci il
tarixli Qərarı
19) Nair,
P. (2010). Giving Voice in Court: Cushioning Adversarialism for Witnesses with
Intellectual Disabilities. Current Issues in Criminal Justice, Vol. 21, No. 3, səh.481-488
20) Pretoriya
Universiteti, İnsan Hüquqları Mərkəzi. (2024). Afrikada əlilliyi olan şəxslər
üçün ədalət mühakiməsinə bərabər çıxışın təşviqi: Rəhbər qeyd. 35 səh.
21) Деменева,
А. (2016). Защита прав инвалидов в практике Европейского Суда по правам
человека и Комитета ООН по правам инвалидов: параллельные пути или точки
соприкосновения? Международное правосудие, № 4 (20), səh. 84–98
