12.11.2025
“Bu Konstitusiya layihəsinin ən əsas mahiyyəti ondan ibarətdir
ki, Azərbaycan Respublikasının tam müstəqilliyini təmin edir, ölkəmizin ərazi
bütövlüyünü təmin edir, Azərbaycan xalqının hüquqlarının toxunulmazlığını təmin
edir, vətəndaşlarımızın hər birinin hüquqlarının qorunmasını təmin edir və Azərbaycan
xalqının, respublikamızın bölünməzliyini, hakimiyyətin heç bir qüvvə tərəfindən
mənimsənilə bilməzliyini təmin edir”.
Heydər Əliyev
Azərbaycan xalqının Ümummilli Lideri
“Azərbaycan xalqı elə bir Qələbə qazanıb ki, həm dillər əzbəri
olub, həm də bu Qələbə əbədi bizimlə olacaq. Bu Qələbə bizim tariximizdə əbədi
olacaq. Bizdən sonra gələn nəsillər bu Qələbə ilə əbədi və haqlı olaraq fəxr edəcəklər”.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bu il Azərbaycanın dövlətçilik tarixində olduqca mühüm əhəmiyyətə
malik iki əsas hadisənin - İkinci Qarabağ müharibəsində tarixi Zəfərin beşinci
və müstəqil dövlətimizin ilk Konstitusiyasının qəbul edilməsinin 30-cu ildönümü
tamam olur.
Azərbaycan Respublikasının Konstitusiyası ilə bəyan
edilmiş niyyətlərdən biri kimi ölkənin ərazi bütövlüyünün və suverenliyinin tam
bərpa olunduğunu, 2025-ci ildə Konstitusiyamızın qəbul edilməsinin 30-cu və Vətən
müharibəsində qələbəmizin 5-ci ildönümünü nəzərə alaraq, Azərbaycan
Respublikasının Prezidenti cənab İlham Əliyevin 28 dekabr 2024-cü il tarixli Sərəncamı
ilə 2025-ci il Azərbaycan Respublikasında “Konstitusiya və Suverenlik İli” elan
edilmişdir.
Dövlətimizin başçısı cənab İlham Əliyev tərəfindən imzalanan bu
Sərəncam müasir dövlətçilik tariximizdə əldə edilən parlaq Zəfərin
hüquqi-siyasi təsdiqidir.
Bu sənədin imzalanması dövlətçilik ənənələrinin gücləndirilməsi,
hüquqi dövlət quruculuğunun daha da təkmilləşdirilməsi, həmçinin konstitusiya dəyərlərinin
qorunması, inkişaf etdirilməsi və təbliği istiqamətində atılan vacib addımlardandır.
Eyni zamanda, cari ilin “Konstitusiya və Suverenlik İli” elan
olunması tarixi yaddaşla gələcəyə baxışın vəhdətini əks etdirməklə, milli
birliyin möhkəmləndirilməsi və gələcək prioritetlərin müəyyən edilməsi üçün əlverişli
şərait yaradır.
Suverenlik istənilən xalqın ən böyük arzusu, niyyətidir. Belə
ki, milli dövlətçilik milli özünüdərkin ifadəsidir. Hər bir xalqın müstəqil dövlət quruculuğu yolunu bir
sıra mühüm faktorlar müəyyən edir. Bizim tariximiz azadlıq, müstəqillik uğrunda
çətin və eyni zamanda şərəfli mübarizə yolu ilə zəngindir. Azərbaycan xalqı
müstəqillik uğrunda əzmlə mübarizə aparmış və bu yolda bir çox çətinliklərlə
üzləşmişdir.
1991-ci ildə Azərbaycan öz müstəqilliyini bərpa etsə də, bu
illərdə ölkəmiz ciddi siyasi böhran, iqtisadi tənəzzül və çətinliklərlə üzləşdi.
Müstəqilliyin ilk illəri Azərbaycan üçün ağır sınaqlar dövrü idi. Ölkəmizə
qarşı hərbi təcavüz və torpaqlarımızın işğalı,
digər tərəfdən ölkədaxili siyasi qeyri-sabitlik və idarəetmə böhranı Azərbaycan
dövlətçiliyi üçün ciddi təhlükə yaratmışdı. O dövrdə ölkəmizdə cərəyan edən mürəkkəb
və ziddiyyətli proseslər, həmçinin ölkəmizin müstəqilliyi üçün təhdidlərin
meydana çıxması, vətəndaş qarşıdurmasının güclənməsi onu göstərdi ki, ölkəni
yaranmış ağır vəziyyətdən yalnız Ümummilli Lider Heydər Əliyev kimi prinsipial,
güclü və iradəli lider xilas edə bilər.
Məhz Ulu Öndər Heydər Əliyevin o böhranlı günlərdə xalqın təkidli
tələbi ilə hakimiyyət rəhbərliyinə qayıdışından sonra bu mürəkkəb vəziyyətin
qarşısını almaq mümkün oldu. Azərbaycanı bir dövlət kimi məhv olmaq təhlükəsindən
xilas edən dahi şəxsiyyət Heydər Əliyev tərəfindən müstəqilliyin qorunması
istiqamətində həlledici addımlar atıldı, ölkədə mövcud olan xaosun,
özbaşınalığın qarşısı alındı, cəmiyyətdə ictimai-siyasi sabitlik təmin edildi,
müasir dövlət quruculuğu üçün etibarlı zəmin formalaşdırıldı.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev Ulu
Öndərin dövlətimiz və xalqımız üçün həlledici məqamlarda böyük liderlik nümayiş
etdirərək həyata keçirdiyi xilaskarlıq missiyası haqqında demişdir: “Heydər
Əliyev dahi şəxsiyyət, uzaqgörən lider, cəsarətli insan idi. O, öz həyatını
doğma xalqına həsr etmişdir. Bütün dövrlərdə xalqa ləyaqətlə, sədaqətlə xidmət
etmişdir. Cəmiyyətin ictimai-siyasi quruluşundan asılı olmayaraq, Heydər Əliyev
bütün dövrlərdə xalqın dəstəyini hiss edərək Azərbaycanı inamla irəliyə
aparırdı. Sovet dönəmində və müstəqillik dövründə Azərbaycan üçün, xalqımız
üçün ən həlledici anlarda Heydər Əliyevin liderlik keyfiyyətləri, onun
müdrikliyi, düşünülmüş siyasəti və cəsarətli addımları xalqımızı böyük bəlalardan
xilas etmişdir. Xalq ona inanırdı, onu sevirdi və bütün dövrlərdə ona
arxa-dayaq olmuşdur.”.
Məlumdur ki, 1991-ci il
oktyabrın 18-də qəbul edilmiş “Azərbaycan Respublikasının dövlət müstəqilliyi
haqqında” Konstitusiya Aktında ölkənin yeni Konstitusiyasının hazırlanması nəzərdə
tutulsa da, ölkədə mövcud olan ictimai-siyasi qeyri-sabitlik, hakimiyyət
uğrunda mübarizə, həmçinin vahid siyasi iradənin olmaması Əsas Qanunun
hazırlanaraq qəbul edilməsini mümkünsüz etmişdir.
Xüsusilə vurğulanmalıdır ki, Əsas Qanunun qəbulu ideyasının
irəli sürülməsində, eyni zamanda onun layihəsinin hazırlanmasında Ulu Öndər
Heydər Əliyevin müstəsna xidmətləri olmuşdur. Görkəmli dövlət xadimi Heydər
Əliyevin hakimiyyətə qayıdışından sonra yeni Konstitusiyanın hazırlanaraq qəbul
edilməsi məsələsi ön plana çəkilmişdir. 1995-ci il mayın 2-də Azərbaycan
Respublikası Milli Məclisinin qərarı ilə Ümummilli Lider Heydər Əliyevin sədrliyi
ilə yeni Konstitusiya layihəsini hazırlayan Komissiyanın tərkibi təsdiq edildi.
Ümummilli Lider Heydər Əliyev yeni Konstitusiya layihəsini
hazırlayan Komissiyanın fəaliyyəti zamanı Əsas Qanunun layihəsinə dair öz dəyərli
tövsiyələrini vermiş, Konstitusiyanın hər bir müddəasını şəxsən nəzərdən
keçirmiş, layihənin açıq müzakirələrini təşkil etməklə onun ən təkmil şəkildə qəbul
edilməsini təmin etmək üçün böyük əmək sərf etmişdir.
Yeni Konstitusiya layihəsini hazırlayan Komissiyanın 1995-ci
il oktyabrın 3-də keçirilən iclasında Komissiyanın sədri Heydər Əliyev qeyd
etmişdir: “Bizim yeni Konstitusiyamız, şübhəsiz ki, birinci növbədə Azərbaycan
Respublikasının dövlət müstəqilliyini, bu müstəqilliyin əbədi olduğunu və dövlət
müstəqilliyini qoruyub saxlamaq, yaşatmaq üçün bütün prinsipləri əks etdirməlidir.
Yeni Konstitusiyamız demokratik prinsipləri özündə əks etdirməlidir. Yəni dünya
demokratiyasının əldə etdiyi bütün nailiyyətlərdən, demokratiya sahəsində
inkişaf etmiş dövlətlərin konstitusiya təcrübəsindən istifadə etməli və Azərbaycan
Respublikasının özünəməxsus tarixi, milli ənənələrini əks etdirən prinsipləri
özündə cəmləşdirməlidir. Bir sözlə, biz elan etmişik və mən bir daha bəyan edirəm
ki, Azərbaycanda demokratik, hüquqi, sivilizasiyalı, dünyəvi dövlət qururuq.”.
Eyni zamanda, 1995-ci il 24 noyabr tarixində keçirilmiş Azərbaycan
Respublikası Milli Məclisinin ilk iclasında nitqi zamanı Ulu Öndər Heydər
Əliyev Konstitusiyanın bəzi cəhətlərini xüsusilə vurğulamışdır: “Yeni qəbul
olunmuş Konstitusiya Azərbaycanın müstəqilliyini, ərazi bütövlüyünü təmin edən Konstitusiyadır
və əminəm ki, bu, daimi olacaqdır, xalqımız bu Konstitusiyanın müddəalarından
daim istifadə edərək Azərbaycanın dövlət müstəqilliyini əbədi edəcəkdir. Yeni Konstitusiya
Azərbaycanda demokratik hüquqi dövlətin qurulması, demokratik vətəndaş cəmiyyətinin
yaranması üçün bütün əsasları yaradıbdır, bütün təminatları veribdir. Bizim
borcumuz bu təminatlardan, Konstitusiyanın bizə verdiyi qanuni əsaslardan səmərəli
istifadə etmək və ölkəmizdə hüquqi, demokratik dövlət yaratmaq, vətəndaşların,
insanların hüquqlarının qorunmasını təmin etməkdən ibarətdir.”.
Ulu Öndər Heydər Əliyevin qeyd etdiyi bu vacib əsaslar mahiyyət
etibarilə ölkəmizdə hüquqi dövlət quruculuğu prosesində ilkin təməl rolunu
oynadı.
Müstəqil Azərbaycan Respublikasının ilk Konstitusiyası
preambula, 5 bölmə, 12 fəsil, 158 maddə və keçid müddəalarından ibarət olmaqla
12 noyabr 1995-ci il tarixdə ümumxalq səsverməsi - referendum yolu ilə qəbul
edilmiş, 1995-ci il noyabrın 27-də isə qüvvəyə minmişdir. Bu tarixi hadisə ölkəmizdə yeni konstitusionalizm nəzəriyyəsi
və təcrübəsinin formalaşmasının əsasını qoydu.
O da qeyd edilməlidir ki, hər il noyabrın 12-də qeyd edilən
Konstitusiya Günü hüquqi dövlətçilik ənənələrinin təbliği, hüquq mədəniyyətinin
gücləndirilməsi və milli müstəqillik ideyalarının möhkəmləndirilməsi baxımından
vacib əhəmiyyət kəsb edir.
Əsas Qanunun qəbulu müasir Azərbaycanın müstəqillik tarixində
ən mühüm hadisələrdən biri olmaqla yanaşı, dövlətçiliyin möhkəmləndirilməsi
baxımından çox vacib ictimai-siyasi hadisə oldu. Konstitusiya dövlətin və
xalqın milli maraqlarını, həmçinin ölkəmizin özünəməxsus xüsusiyyətlərini özündə
əks etdirməklə, dövrün çağırışlarına və tələblərinə tam cavab verən mükəmməl sənəd
olaraq qəbul edildi. Gərgin əməyin məhsulu olan Konstitusiya dolğunluğu ilə
seçilərək, ölkəmizdə insan və vətəndaş hüquq və azadlıqlarının təmin edilməsi və
müstəqil dövlətçiliyimizin inkişafı üçün hərtərəfli zəmin yaratdı.
Konstitusiya ən mühüm, ali hüquqi sənəddir və ölkənin siyasi,
iqtisadi və hüquqi inkişafını istiqamətləndirən əsas qaydaları müəyyən edir. Konstitusiyanın
qəbul edilməsi ölkəmizin inkişafının prinsipcə yeni mərhələyə qədəm qoymasının
göstəricisi olmaqla, gələcək nailiyyətlərin hüquqi bazası qismində çıxış etdi. Bu
mühüm məqam ilə bağlı Dövlət başçısı cənab İlham Əliyev tərəfindən imzalanan
2024-cü il 28 dekabr tarixli Sərəncamda qeyd edilmişdir: “Ulu Öndərin bilavasitə rəhbərliyi ilə hazırlanmış və 1995-ci il
noyabrın 12-də qəbul olunmuş Azərbaycan Respublikasının ilk Konstitusiyası ölkəmizdə
genişmiqyaslı qanunvericilik və institusional islahatların əsasını təşkil etdi.
Bu Konstitusiya dövlətimizin müstəqilliyinin, suverenliyinin və ərazi
bütövlüyünün qorunması, hüquqi, dünyəvi dövlət quruculuğu, vətəndaşlarımızın
layiqli həyat səviyyəsinin, dünya ölkələri ilə dostluq və əmin-amanlıq şəraitində
əməkdaşlığın təmin edilməsi kimi ali niyyətlərin həyata keçirilməsi üçün mühüm
qanunvericilik bazası rolunu oynamışdır.”.
Konstitusiya, suverenlik və dövlətçilik bir-birini tamamlayan
anlayışlar olmaqla, dövlət quruculuğunun ayrılmaz dəyərləridir. Konstitusiya
dövlətin hüquqi təməlini formalaşdırır, suverenlik və dövlətçilik amili isə dövlətin siyasi-hüquqi və siyasi-ideoloji əsaslarını,
həmçinin milli kimliyini və birliyini ifadə edir. Suverenlik
və dövlətçilik müstəqil dövlətin mövcudluğunu və tərəqqisini təmin edən mühüm
prinsiplərdir.
Konstitusiyada öz əksini tapan prinsiplər, müddəalar dövlət və
xalq birliyinin iradəsinin təcəssümüdür. Dövlətin qanunvericilik sisteminin
bünövrəsini, əsasını təşkil edən, Azərbaycan Respublikasında ən yüksək və
birbaşa hüquqi qüvvəyə malik olan Konstitusiya eyni zamanda ölkədə
ictimai-siyasi sabitliyin, milli birliyin təminatı kimi çıxış edir. Bu Ali
Qanun xalq hakimiyyəti, dövlətin əsasları, əsas insan və vətəndaş hüquqları və
azadlıqları, vətəndaşların əsas vəzifələri, hakimiyyətlərin bölünməsi, hakimiyyət
orqanlarının təşkili, səlahiyyətləri və fəaliyyət qaydalarını və digər bir sıra
mühüm müddəaları ehtiva edir.
Azərbaycan dövlətinin müstəqilliyini, suverenliyini və ərazi
bütövlüyünü qorumaq, Konstitusiya çərçivəsində demokratik quruluşa təminat vermək,
vətəndaş cəmiyyətinin bərqərar edilməsinə nail olmaq, xalqın iradəsinin ifadəsi
kimi, qanunların aliliyini təmin edən hüquqi, dünyəvi dövlət qurmaq, ədalətli
iqtisadi və sosial qaydalara uyğun olaraq, hamının layiqli həyat səviyyəsini təmin
etmək, ümumbəşəri dəyərlərə sadiq olaraq, bütün dünya xalqları ilə dostluq,
sülh və əmin-amanlıq şəraitində yaşamaq və bu məqsədlə qarşılıqlı fəaliyyət
göstərmək Konstitusiyamızın preambulasında bəyan olunan ülvi niyyətlərdir. Burada
əksini tapan müddəalar ümumilikdə Konstitusiyanın mütərəqqi dəyərlərini, gələcəklə
bağlı niyyət və hədəfləri əks etdirir.
Konstitusiyada insan və vətəndaş hüquqlarının və
azadlıqlarının, ölkə vətəndaşlarına layiqli həyat səviyyəsinin təmin edilməsinin
Azərbaycan dövlətinin ali məqsədi olaraq müəyyənləşdirilməsi, dövlətin hər kəsin
hüquqlarının və azadlıqlarının müdafiəsinə təminat verməsi ilə bağlı müddəalar
xüsusi əhəmiyyət kəsb edir.
Konstitusiyada dövlət və cəmiyyətin əsas inkişaf istiqamətlərini
müəyyən edən prinsiplər geniş şəkildə təsbit edilir. Əsas Qanun xalq hakimiyyətini
bəyan edir, Azərbaycan Respublikasında dövlət hakimiyyətinin yeganə mənbəyi
kimi Azərbaycan xalqını elan edir, sərbəst və müstəqil öz müqəddəratını həll
etmək və öz idarəetmə formasını müəyyən etməyi Azərbaycan xalqının suveren
hüququ kimi təsbit edir. Həmçinin Konstitusiya Azərbaycan dövlətini demokratik,
hüquqi, dünyəvi, unitar respublika elan edir, Azərbaycan Respublikasında dövlət
hakimiyyətinin daxili məsələlərdə yalnız hüquqla, xarici məsələlərdə isə yalnız
Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdən irəli gələn
müddəalarla məhdudlaşdığını bəyan edir.
Vurğulanmalıdır ki, hüquqi dövlətdə insan hüquq və
azadlıqlarının təminatı mexanizmlərinin mövcudluğu mühüm əhəmiyyət kəsb edir.
Bu baxımdan Konstitusiyada həmin hüquqlar və azadlıqlar hər kəsin doğulduğu
andan malik olduğu ali dəyərlər kimi ifadə edilir və onlar toxunulmaz, pozulmaz
və ayrılmaz elan olunur. İnsan və vətəndaş hüquq və azadlıqlarına etibarlı və
davamlı təminat yaradan Konstitusiyanın ən böyük fəslində əsas hüquq və
azadlıqlar, onların həyata keçirilməsi mexanizmləri, habelə ayrı-ayrı
hüquqların qanuni məhdudlaşdırılmasının yol verilən hədləri ehtiva edilmişdir.
Əsas Qanunda, həmçinin Azərbaycan Respublikasında
iqtisadiyyatın inkişafının müxtəlif mülkiyyət növlərinə əsaslanaraq xalqın
rifahının yüksəldilməsinə xidmət etdiyi, dövlətin bazar münasibətləri əsasında
sosial yönümlü iqtisadiyyatın inkişafına şərait yaratması, azad sahibkarlığa təminat
verilməsi və digər bir sıra mühüm müddəalar öz əksini tapmışdır.
Məlum olduğu kimi, konstitusiyaların əsas hüquqi əlamətlərindən biri onların stabilliyidir.
Konstitusiyanın stabilliyi ölkədə qanunçuluq
rejiminin sabitliyinin, dövlət hakimiyyətinin təşkili və həyata keçirilməsi sahəsində
şəxs, dövlət və cəmiyyət arasındakı münasibətlərin əsas şərtlərindəndir.
Bununla belə, konstitusiyaların qəbulu zamanı
onların tənzimetmə predmetini təşkil edən münasibətlər və hüquqi, siyasi,
sosial və iqtisadi vəziyyət dəyişir, cəmiyyət elmin və texnologiyaların
inkişafı baxımından keyfiyyətcə yeni dövrə qədəm qoyur. Bu baxımdan, konstitusiyaların
zərurət yarandığı təqdirdə təkmilləşdirilməsi, onlara müəyyən əlavə və dəyişikliklərin
edilməsi labüd olur.
Ötən illər ərzində dəyişilən sosial-siyasi reallıq səbəbindən
2002-ci il avqustun 24-də, 2009-cu il martın 18-də və 2016-cı il sentyabrın
26-da keçirilmiş referendumlar nəticəsində Əsas Qanunun mətninə müvafiq əlavələr
və dəyişikliklər edilmişdir. Konstitusiyaya edilmiş bu mühüm əlavə və dəyişikliklər
hüquqi dövlət prinsip və dəyərlərinin bərqərar olmasının, insan hüquq və
azadlıqlarının müdafiəsi və təminatına ən yüksək səviyyədə göstərilən diqqətin
təzahürü olmaqla, ölkədə insan hüquq və azadlıqlarının müdafiəsinin gücləndirilməsi,
bütövlükdə dövlət idarəetmə sisteminin daha da təkmilləşdirilməsi və müasirləşdirilməsi
məqsədlərinə xidmət etmişdir.
Qeyd edilməlidir ki, 1995-ci ildə qəbul edilmiş
Konstitusiyanın mütərəqqi xüsusiyyətlərindən biri ali konstitusiya ədalət
mühakiməsi orqanı - Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin
yaradılması olmuşdur. Ulu Öndər Heydər
Əliyevin bilavasitə təşəbbüsü ilə yaradılan və artıq 27 ildir fəaliyyət göstərən
Konstitusiya Məhkəməsinin əsas məqsədləri Azərbaycan Respublikası
Konstitusiyasının aliliyini təmin etmək, hər kəsin əsas hüquq və azadlıqlarını
müdafiə etməkdir.
Qeyd edilməlidir ki, konstitusiya ədalət mühakiməsi hüququn
aliliyinin təmin olunmasının səmərəli mexanizmlərindən biri olmaqla, həmçinin
hüquqi dövlətin mühüm institutlarından biri olaraq qəbul edilir.
Fəaliyyət göstərdiyi müddət ərzində Konstitusiya Məhkəməsinin
Plenumu tərəfindən ümumilikdə 604 qərar və 182 qərardad qəbul edilib. Bu qərar
və qərardadlarda formalaşdırılan hüquqi mövqelər dövlətin Əsas Qanununun
aliliyinin təmin olunmasına, həmçinin insan və vətəndaş hüquq və azadlıqlarının
müdafiəsinə xidmət edir. Bu qərarlardan və orada əks olunmuş hüquqi mövqelərdən
bəziləri xüsusilə qeyd edilməlidir.
Belə ki, Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkilinin
(ombudsmanın) sorğusu əsasında qəbul edilən “Azərbaycan Respublikası Nazirlər
Kabinetinin 2013-cü il 24 dekabr tarixli 348 nömrəli Qərarı ilə təsdiq edilmiş
“Ali təhsil müəssisələrinin bakalavriat və magistratura səviyyələrində, əsas
(baza ali) tibb təhsilində kredit sistemi ilə tədrisin təşkili Qaydaları”nın
3.2.23-cü, 2013-cü il 26 dekabr tarixli 354 nömrəli Qərarı ilə təsdiq edilmiş
“Orta ixtisas təhsili müəssisələrində kredit sistemi ilə tədrisin təşkili
Qaydaları”nın 3.2.24-cü və 2022-ci il 9 mart tarixli 72 nömrəli Qərarı ilə təsdiq
edilmiş “Peşə təhsili müəssisələrində yüksək texniki peşə təhsili səviyyəsi üzrə
tədrisin kredit sistemi ilə təşkili Qaydası”nın 3.2.25-ci yarımbəndlərinin Azərbaycan
Respublikası Konstitusiyasının 25-ci maddəsinin I, lll–V hissələrinə, 41-ci
maddəsinin I hissəsinə, 42-ci maddəsinin I hissəsinə, 71-ci maddəsinin l və ll
hissələrinə və 149-cu maddəsinin I, III və V hissələrinə uyğunluğunun
yoxlanılmasına dair” 2025-ci il 22 sentyabr tarixli Qərarında Konstitusiya Məhkəməsinin
Plenumu qeyd etmişdir ki, yalnız bilik əldə etmək imkanı ilə məhdudlaşmayaraq şəxsin
cəmiyyətdə layiqli mövqe tutmasına şərait yaradan, fərdi inkişafı, eləcə də cəmiyyətin
sosial-iqtisadi tərəqqisini təmin edən əsas vasitə kimi təhsil hüququnun
qorunması və təmin edilməsi hüquqi dövlətin mühüm göstəricisidir.
Konstitusiya Məhkəməsinin Plenumu qeyd etmişdir ki, dərslərdə
iştirak etməmənin üzrlü səbəblərdən də baş verə biləcəyinin mümkünlüyü nəzərə
alınaraq “Təhsil haqqında” Qanunun 32.5.1-1-ci maddəsi ilə məhz üzrsüz səbəblərdən
dərsdənyayınma hallarına yol verilməməsi təhsilalanların vəzifəsi kimi müəyyən
olunmuşdur.
Bu baxımdan Konstitusiya Məhkəməsinin Plenumu hesab etmişdir ki,
üzrlü səbəbdən auditoriya saatlarının 25 faizindən çoxunda iştirak etməyən tələbədən
fənni yenidən dinləməsi üçün ödəniş alınması Konstitusiyanın 42-ci maddəsinin I
hissəsində təsbit edilən təhsil almaq hüququnun qeyri-mütənasib şəkildə məhdudlaşdırılmasına
səbəb olur.
Qeyd edilmişdir ki, üzrlü səbəbə görə fənn üzrə ayrılmış
auditoriya saatlarının 25 faizindən çoxunda iştirak etməyən tələbənin təhsil
hüququnun təmin olunması məqsədilə Qərarda sadalanan Qaydalarda qeyd edilən məsələlərin
aydın şəkildə və ətraflı tənzimlənməsi Konstitusiyadan irəli gələn tələblərə
cavab vermiş olardı.
Həmçinin Qərarda əks olunmuşdur ki, milli yığma komandaların
üzvləri olan idmançı-tələbələr beynəlxalq miqyaslı yarışlarda ölkəni təmsil etməklə idmanın inkişafında əhəmiyyətli
rol oynayırlar. Bu baxımdan, idman yarışlarında iştirak edən tələbələrə dərslərə
davamiyyətlə bağlı güzəştlərin tətbiq edilməsi fərdi imtiyazın müəyyən
olunmasına deyil, ictimai əhəmiyyətli məqsədlərə xidmət edir.
Göstərilənlər belə qənaətə gəlməyə əsas verir ki, fərqli rəftar
(milli yığma komandaların üzvləri olan idmançı-tələbələrə güzəştin müəyyən
edilməsi) ilə qarşıya qoyulan qanuni məqsəd (yüksək dərəcəli idmançıların beynəlxalq
miqyaslı yarışlarda ölkəni şərəflə təmsil etməsi üçün lazımi şəraitin
yaradılması) arasında ağlabatan mütənasiblik olmaqla, həmin rəftar
ayrı-seçkilik xarakteri daşımır.
Bu Qərarda Konstitusiya Məhkəməsinin Plenumu belə nəticələrə
gəlmişdir ki, 2013-cü il 24 dekabr tarixli Qaydaların 3.2.23-cü, 2013-cü il 26
dekabr tarixli Qaydaların 3.2.24-cü və 2022-ci il 9 mart Qaydanın 3.2.25-ci
yarımbəndləri Konstitusiyanın 25-ci maddəsinin I, lll–V hissələri, 41-ci maddəsinin
I hissəsi, 42-ci maddəsinin I hissəsi, 71-ci maddəsinin l və ll hissələri və
149-cu maddəsinin I, III və V hissələri ilə ziddiyyət yaratmır.
Həmçinin, Konstitusiyanın 42-ci maddəsinin I, IV hissələrinin
və 149-cu maddəsinin I hissəsinin tələblərinə və Konstitusiya Məhkəməsi
Plenumunun bu Qərarının təsviri-əsaslandırıcı hissəsində əks olunmuş hüquqi
mövqelərə əsasən ali təhsil müəssisələrinin bakalavriat və magistratura səviyyələrində,
orta ixtisas və peşə təhsili müəssisələrində üzrlü səbəblərə görə fənn üzrə
ayrılmış auditoriya saatlarının 25 faizindən çoxunda iştirak etməyən tələbələrin təhsil hüquqlarının təmin edilməsi
üçün yuxarıda qeyd olunan Qaydaların təkmilləşdirilməsi Azərbaycan
Respublikasının Nazirlər Kabinetinə tövsiyə edilməlidir.
Konstitusiya Məhkəməsi Plenumunun digər qərarı, Azərbaycan Respublikasının Prokurorluğunun sorğusu əsasında
qəbul edilən “Azərbaycan Respublikası Konstitusiyasının 71-ci maddəsinin I və X
hissələri və 80-ci maddəsi baxımından Azərbaycan Respublikası Cinayət Məcəlləsinin
12.1 və 12.5-ci maddələrinin əlaqəli şəkildə şərh olunmasına dair” 2025-ci il
30 sentyabr tarixli Qərarda qeyd edilmişdir ki, cinayət qanunvericiliyində Azərbaycan
Respublikasının vətəndaşlarının və Azərbaycan Respublikası ərazisində daimi yaşayan
vətəndaşlığı olmayan şəxslərin xarici ölkədə törətmiş olduqları cinayətlərə görə
məhkum edilərkən cəzanın yuxarı həddinin cinayətin törədildiyi ölkənin cinayət
qanunu ilə nəzərdə tutulmuş cəzanın yuxarı həddi ilə məhdudlaşdırılması cinayətə
görə məsuliyyətin, cəzanın məhz əməlin ictimai münasibətlərə vurduğu zərərə,
bununla da ictimai təhlükəlilik dərəcəsinə uyğun olaraq müəyyənləşdirilməsindən
irəli gəlir.
Əks yanaşma, yəni şəxsin, əməlinin baş verdiyi ölkədə ictimai
təhlükəlilik dərəcəsinə uyğun olaraq nəzərdə tutulmuş məsuliyyət həddindən
artıq məsuliyyətə cəlb edilməsi cəzanın mahiyyət və məqsədlərinə uyğun olmazdı.
Bu Qərarda Konstitusiya Məhkəməsinin Plenumu Cinayət Məcəlləsinin
8 və 58-ci maddələrinə istinad edərək qeyd etmişdir ki, cinayət törətmiş şəxs
haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli
olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun
törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə
uyğun olmalıdır. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha
ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü
və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. Cəza təyin edilərkən törədilmiş
cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o
cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın
şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır.
Həmçinin qeyd edilmişdir ki, törədilmiş əmələ görə təyin edilən
cəza ilə həmin əməlin ictimai təhlükəlilik dərəcəsi və xarakteri, onu törədən şəxsin
şəxsiyyəti arasında gözlənilən proporsionallıq cəzanın ədalətlilik meyarı kimi
çıxış edir. Odur ki, ədalətin bərpası təyin edilmiş cəzanın cinayətin
xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, təqsirkarın şəxsiyyətinə, o
cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallara uyğun olduğu təqdirdə
mümkündür.
Adıçəkilən Qərarda Konstitusiya Məhkəməsinin Plenumu Cinayət
Məcəlləsinin 62-ci maddəsinə istinad edərək göstərmişdir ki, cəzanın aşağı həddinin,
habelə daha yüngül cəzanın təyin edilməsi cəzanın məqsədlərinə nail olmağa
imkan verdiyi və şəxsin islah olunmasına kifayət etdiyi hallarda onun tətbiqi ədalətli cəza kimi müəyyən edilmişdir.
Qərarda Konstitusiya Məhkəməsinin Plenumu belə nəticəyə gəlmişdir
ki,
Konstitusiyanın 71-ci maddəsinin I və X hissələrinə
və 80-ci maddəsinə, qanunçuluq və hüquqi müəyyənlik prinsiplərinə, Cinayət Məcəlləsinin
5.1 və 12.5-ci maddələrinə, habelə
Konstitusiya Məhkəməsi Plenumunun bu Qərarının təsviri-əsaslandırıcı hissəsində
əks olunmuş hüquqi mövqelərə əsasən həmin Məcəllənin 12.1-ci maddəsində nəzərdə
tutulmuş şəxslərə xarici ölkənin ərazisində törətdikləri cinayətə görə cəzanın
aşağı həddi Cinayət Məcəlləsinin Xüsusi hissəsinin müvafiq maddələri ilə müəyyən
edilməlidir.
Bu gün bir çox digər sahələrdə olduğu kimi, məhkəmə-hüquq
sistemi qarşısında yeni çağırışlar və tələblər dayanır. Müasir dövrdə məhkəmə-hüquq
sisteminin, o cümlədən ədalət mühakiməsinin inkişafı hüquqi islahatlarla
yanaşı, həm də texnoloji inkişafdan çox asılıdır. Ədalət mühakiməsinin həyata
keçirilməsində peşəkarlığın artırılması, eyni zamanda innovativ
texnologiyaların tətbiqi müasir dövrün tələbidir. Bununla bağlı, Azərbaycan
Respublikasının Prezidenti cənab İlham Əliyevin Beynəlxalq Hakimlər
Assosiasiyasının 67-ci illik iclasının iştirakçılarına müraciətində qarşıda
duran vəzifələr və hədəflər barədə müvafiq fəaliyyət istiqamətləri müəyyən
edilmişdir: “Müasir dövrün çağırışları, qlobal miqyasda baş verən
sosial-iqtisadi transformasiya, sürətlə inkişaf edən rəqəmsallaşma, yeni
texnologiyaların, xüsusilə də süni intellektin tətbiqi məhkəmə sistemlərindən
daim adaptasiya olunmağı, yeni yanaşmaları tətbiq etməyi tələb edir.”.
Qeyd edilməlidir ki, konstitusiya ədalət mühakiməsi orqanları
qarşısında da duran mühüm vəzifələrdən biri bu sahədəki mütərəqqi milli təcrübə ilə yanaşı, müasir inkişaf
meyillərinin davamlı olaraq izlənilməsi, təhlili və fəaliyyətdə tətbiq edilməsidir.
Öz növbəsində, Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi yarandığı gündən
xarici ölkələrin Konstitusiya Məhkəmələri və bu sahədə fəaliyyət göstərən beynəlxalq
təşkilatlarla əməkdaşlıq əlaqələrinin qurulmasına və bu əlaqələrin inkişaf
etdirilməsinə xüsusi diqqət yetirir. Vurğulanmalıdır ki, həyata keçirilən beynəlxalq
əməkdaşlıq informasiya mübadiləsinin genişləndirilməsi, hüquqi bilik və təcrübənin
paylaşılması baxımından əhəmiyyətli rol oynayır.
Bu sahədə mötəbər beynəlxalq tədbirlərdən biri cari ilin
28-30 oktyabr tarixlərində Konstitusiya
Ədalət Mühakiməsi üzrə Dünya Konfransı Təşkilatının “Gələcək nəsillərin insan
hüquqları” mövzusunda İspaniyanın Madrid şəhərində keçirilmiş VI Konqresi oldu.
Konqresin işi “Təbii ehtiyatların və ətraf mühitin qorunması, “Bəşəriyyətin mədəni
irsinin qorunması”, “Elmi biliklərə və yeni texnologiyalara əlçatanlıq”,
“Konstitusiya Məhkəmələrinin müstəqilliyi” adlı dörd sessiyadan ibarət olmuş, tədbir
çərçivəsində bir sıra mühüm və aktual mövzular ətrafında fikir mübadiləsi
aparılmış, məruzələr dinlənilmişdir.
Beynəlxalq məhkəmə-hüquq əməkdaşlığı çərçivəsində bu cür tədbirlərin
keçirilməsi konstitusiya ədalət mühakiməsi sahəsində qabaqcıl təcrübənin öyrənilməsi
baxımından əlverişli imkanlar yaradır, həmçinin yeni əməkdaşlıq münasibətlərinin
qurulması üçün mühüm platforma qismində çıxış edir.
Hər bir xalqın tarixində elə vacib əhəmiyyət kəsb edən hadisələr
olur ki, onlar həmin xalqın, dövlətin gələcək müqəddəratını müəyyən edən mühüm
başlanğıcların əsasını qoyur. Bir daha vurğulanmalıdır ki, 2025-ci il bizim hər
birimiz üçün ikiqat əlamətdardır. 1995-ci il Konstitusiyasının qəbulunun 30-cu və
İkinci Qarabağ müharibəsində parlaq Qələbənin 5-ci ildönümü bu ili olduqca əlamətdar
edir. Əminliklə demək olar ki, 2025-ci il hüquqi dövlət quruculuğunun mühüm mərhələsini
simvolizə edir.
Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş
Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Azərbaycan Ordusunun
qazandığı hərbi-siyasi Zəfər müasir tariximizin ən mühüm hadisəsidir. 44 gün
davam edən və 30 ilə yaxın işğal altında olan torpaqlarımızın azad edilməsi ilə
nəticələnən İkinci Qarabağ müharibəsində Azərbaycan Respublikasının Silahlı
Qüvvələri dövlətimizin ərazi bütövlüyü uğrunda cəsarət və şərəflə mübarizə
apararaq tarixi Qələbə qazandı, xalqımızı Zəfərə qovuşduran Vətən müharibəsi tariximizə
qızıl hərflərlə yazıldı.
44 günlük Vətən müharibəsində qazanılan Zəfərin davamı
olaraq, 2023-cü ilin sentyabrında 24 saatdan az müddətdə davam edən lokal
xarakterli antiterror tədbirləri nəticəsində ölkəmizin ərazi bütövlüyü və
suverenliyi tam bərpa edildi. Bununla da, Azərbaycan Respublikası
Konstitusiyasının hüquqi qüvvəsi işğaldan azad olunan bütün ərazilərimizdə bərqərar
oldu. 2023-cü il sentyabrın 20-də ölkəmizin bütün ərazisində qanunun aliliyinin
təmin olunduğu və dövlət suverenliyinin bərpa edildiyi nəzərə alınaraq, Azərbaycan
Respublikasının Prezidenti cənab İlham Əliyevin 19 sentyabr 2024-cü il tarixli
Sərəncamına əsasən, sentyabrın 20-si Azərbaycan Respublikasında Dövlət
Suverenliyi Günü elan edildi.
2023-cü il oktyabrın 15-də Dövlət başçısı cənab İlham
Əliyevin Xankəndi şəhərində Azərbaycan Respublikasının Dövlət Bayrağını ucaltması
müasir dövlətçilik tariximizin dönüş nöqtəsi oldu. Bu addım yalnız
siyasi-ideoloji mahiyyət kəsb etməməklə, eyni zamanda, suverenliyin bütün ölkə ərazisində
bərpa olunduğunu hüquqi-siyasi müstəvidə təsdiq etdi. Uzun illər ərzində işğal
altında olan ərazilərimizdə Konstitusiyada təsbit edilən hüquqların tətbiqi
mümkün deyildi. 2023-cü ildə ərazi bütövlüyünün və suverenliyin tam bərpa edilməsi
nəticəsində respublikamızın ərazisi ilə bağlı bir sıra mühüm konstitusiya müddəalarının
yerinə yetirilməsi tam şəkildə təmin olundu.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev 2025-ci il 14 sentyabr tarixində Xocavənd
rayonunun Qırmızı Bazar, Hadrut qəsəbələrinin və Sos kəndinin sakinləri ilə
görüşü zamanı qeyd etmişdir: “Son beş ilin tarixi onu göstərdi ki, heç bir
xarici qüvvə bizim iradəmizə təsir edə bilmədi. 2023-cü ilin sentyabr hadisələri,
antiterror əməliyyatı bir daha göstərdi ki, heç kim bizim qabağımızda dura bilməz.
Çünki bizim işimiz haqq işidir, biz öz torpağımız uğrunda vuruşmuşuq, bizim
başqa ölkələrin torpağında gözümüz yoxdur, amma öz torpağımızdan bir qarış belə
heç kimə güzəştə gedən deyilik və bunu sübut etmişik. Bu gün bütün dünya Azərbaycan
xalqını haqlı olaraq müzəffər xalq kimi tanıyır. 44 gün və bir gün - heç bir
ölkə son 80 il ərzində belə mütləq, tam və ədalətli qələbə qazanmamışdır.
Bununla fəxr edirik.”.
Qazanılan Qələbə Dövlətimizin başçısı, Silahlı Qüvvələrin Müzəffər
Ali Baş Komandanı cənab İlham Əliyevin prinsipial mövqeyi, uzaqgörən siyasəti,
o cümlədən əsgər və zabitlərimizin qəhrəmanlığı, mübarizə əzmi, xalqımızın
birliyi, milli ruhu və vətən sevgisi nəticəsində mümkün oldu.
Hazırda Cənubi Qafqaz regionu yeni
tarixi inkişaf mərhələsindədir. Cənubi Qafqaz sülh və əməkdaşlıq regionuna çevrilir. Cari ilin avqustunda Azərbaycan
Respublikasının Prezidenti cənab İlham Əliyevin ABŞ-yə rəsmi səfəri ölkə
diplomatiyası tarixində mühüm hadisə oldu. Vaşinqtonda keçirilən yüksək səviyyəli
görüşlər, imzalanan əhəmiyyətli sənədlər və əldə olunan razılaşmalar sadəcə
region üçün deyil, eyni zamanda qlobal geosiyasi müstəvidə dövlətimiz üçün
mühüm üstünlüklər yaratdı.
Vaşinqton görüşünün mühüm nəticələrindən
biri də regional bağlantıları möhkəmləndirəcək “Beynəlxalq Sülh və Rifah naminə
Tramp Marşrutu”dur (TRIPP). Azərbaycan Respublikasının Prezidenti cənab İlham
Əliyev “Orta Dəhliz boyunca: bağlantı, maliyyə və enerji” mövzusunda 6-cı Xəzər
Biznes Forumunun iştirakçılarına müraciətində TRIPP marşrutunun əhəmiyyətini
vurğulayaraq qeyd etmişdir: “...Orta Dəhlizin növbəti mühüm seqmentinə çevriləcək
TRIPP Asiyanı Avropa ilə birləşdirən, beynəlxalq yükdaşımalarının tranzit
imkanlarının genişlənməsinə, region ölkələrinin rifahına və onların qlobal təchizat
zəncirlərinə inteqrasiyasına xidmət edən vacib nəqliyyat əlaqəsi olacaqdır.
TRIPP, eyni zamanda gələcəkdə enerji resurslarının daşınması, elektrik
enerjisinin, xüsusilə də bərpa olunan enerjinin ixracı, o cümlədən fiber-optik
xətlərin çəkilməsi üçün də geniş imkanlar təqdim edərək regionun beynəlxalq
ticarət və rəqəmsal kommunikasiya habına çevrilməsinə təkan verə bilər...”.
Qeyd edilməlidir ki, Vaşinqton
razılaşmaları, əldə olunan tarixi nəticələr müasir tariximizin mühüm siyasi
hadisələrindən biri kimi nəzərdən keçirilir. Bu razılaşmalar dövlətçiliyimizin,
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin qətiyyətli
diplomatiyasının və müdrik liderliyinin ən bariz göstəricisidir. Bu səfər həm
ikitərəfli münasibətlərin inkişafı, həm də regional sabitliyin təmin olunması
baxımından xüsusi əhəmiyyətə malikdir.
Vaşinqtonda əldə edilən
razılaşmalar Dövlət başçısı cənab İlham Əliyevin rəhbərliyi ilə qazanılan mühüm
tarixi nailiyyətlərdən biridir və onun məhz “Konstitusiya və Suverenlik İli”nə təsadüf etməsi dərin rəmzi xarakter daşıyır.
Bu gün dövlətimiz bir çox sahələrdə
yeni inkişaf tarixinə qədəm qoyub. Azərbaycanın dövlət suverenliyi tam, ərazisi
bütöv, sərhədləri isə toxunulmazdır. Hazırda qarşıda duran ən önəmli məsələlərdən
biri işğaldan azad edilmiş ərazilərdə bərpa və yenidənqurma işlərinin həyata
keçirilməsidir.
Qarabağ və Şərqi Zəngəzurda
aparılan genişmiqyaslı bərpa və quruculuq işləri bütövlükdə regionun iqtisadi və
sosial inkişafında yeni mərhələnin əsasını qoyub. Bu ərazilər bütün əsas
infrastruktur, yollar, elektrik, su, rabitə və digər zəruri xidmətlərlə təmin
edilir. Qarabağın zəngin təbiəti, əlverişli iqlimi, kənd təsərrüfatı üçün geniş
imkanları, turizm və sənaye sahələrində böyük potensialı bu əraziləri
investisiya baxımından cəlbedici məkana çevirir.
Azərbaycan Respublikasının
Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən genişmiqyaslı bərpa
və quruculuq prosesi sayəsində Qarabağ və Şərqi Zəngəzurda qabaqcıl
texnologiyalara əsaslanan yeni inkişaf modeli reallaşdırılır. Bu prosesin
ayrılmaz hissəsi kimi, yüzlərlə kilometr avtomobil və dəmir yolları salınır,
yeni tunellər, körpülər inşa olunur, “ağıllı şəhər”, “ağıllı kənd” kimi
innovativ yanaşmalar tətbiq edilir, beynəlxalq hava limanları inşa olunaraq
istifadəyə verilir. İşğaldan azad edilmiş Qarabağ və Şərqi Zəngəzur eyni
zamanda “yaşıl enerji zonası” elan edilərək, burada günəş, külək və hidroenerji
layihələri sürətlə icra olunur.
Mühüm məqamlardan biri də işğaldan
azad edilmiş ərazilərdə tarixi, dini və mədəni abidələrimizin bərpa edilməsidir.
Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun
prezidenti Mehriban xanım Əliyevanın bilavasitə təşəbbüsü və dəstəyi ilə görülən
işlər bu ərazilərin dirçəlişinə, inkişafına, eyni zamanda milli yaddaşımızın bərpasına
mühüm töhfədir.
Həmçinin bölgədəki mədəni tədbirlərin
keçirilməsi ənənələri bərpa edilir. Şuşa şəhərinin 2024-cü il üçün İslam
dünyasının mədəniyyət paytaxtı, Laçın şəhərinin 2025-ci ildə MDB-nin mədəniyyət
paytaxtı elan olunması, “Xarıbülbül” Beynəlxalq Musiqi Festivalının və
Vaqif Poeziya Günlərinin bərpa edilməsi, bu il “Mədəniyyət rüzgarı” adı altında
silsilə və digər bir sıra tədbirlərin keçirilməsi işğaldan azad edilmiş
torpaqlarda həyatın bərpası, mədəniyyətin yenidən canlandırılması işinin mühüm hissəsidir.
İşğaldan azad edilmiş ərazilərdə sürətli
bərpa və quruculuq işlərinin aparılması ilə bərabər, bu torpaqlara yerli əhalinin
qayıtması, burada əhalinin dayanıqlı məskunlaşması dövlət siyasətinin əsas
istiqamətlərindən biridir. Dövlət Proqramı çərçivəsində keçmiş məcburi köçkünlər
uzun illər boyu həsrətini çəkdikləri doğma yurd-yuvalarına qayıdır. Artıq minlərlə
insan doğma torpaqlarına qayıdıb, yaşayış üçün zəruri olan sosial xidmət və kommunikasiya
infrastrukturu ilə təmin olunub.
Bu gün Azərbaycan gələcəyə doğru
inamla addımlayır. Regionun lideri olan ölkəmiz beynəlxalq müstəvidə də
söz sahibi olan dövlətlər sırasına daxildir. Vətən müharibəsindən sonra yaranmış yeni tarixi-siyasi reallıq Azərbaycanın
regional, eyni zamanda beynəlxalq aləmdə etibarlı tərəfdaş kimi mövqeyinin möhkəmləndirilməsini
şərtləndirdi. Dövlət başçısı cənab İlham Əliyevin qeyd etdiyi kimi “Bu gün Azərbaycan
Respublikası xalqımızın milli maraqlarını rəhbər tutaraq, yeni reallıqlar şəraitində
müstəqil siyasətini daha cəsarətlə, prinsipiallıqla davam etdirir,
Konstitusiyanın tələblərinə və öz suveren hüquqlarına əsaslanaraq, qarşıda
duran strateji hədəflərə doğru inamla irəliləyir.”.
Ölkəmiz
regiondakı iqtisadi-siyasi proseslərin əsas iştirakçısıdır. Məhz Azərbaycanın təşəbbüsü və iştirakı ilə uğurla həyata
keçirilən bütün irimiqyaslı layihələr ümumilikdə regionun təhlükəsizliyinə,
iqtisadi inkişafına öz mühüm töhfəsini verir. Dövlətimizin başçısı cənab İlham
Əliyevin həyata keçirdiyi ardıcıl və uzaqgörən siyasət nəticəsində beynəlxalq
aləmdə nüfuzu daha da artan ölkəmizlə əlaqələr yaratmaq və bu əlaqələri inkişaf
etdirmək istəyində olan ölkələrin sayı da getdikcə artır.
Azərbaycan bir sıra mötəbər beynəlxalq
tədbirlərin, qlobal forumların, konfransların keçirildiyi unikal məkana
çevrilib. Ölkəmizin mühüm tədbirlərə ev sahibliyi etməsi baxımından bir nümunə olduğunu deyə bilərik.
Bu cür beynəlxalq əhəmiyyətli tədbirlərdən biri bu il sentyabrın 28-dən
oktyabrın 8-dək Azərbaycanda keçirilən III MDB Oyunları oldu. Azərbaycan Respublikasının Prezidenti cənab İlham
Əliyevin Düşənbədə MDB Dövlət Başçıları Şurasının məhdud tərkibdə keçirilən
iclasında çıxışında qeyd etmişdir ki, bu qəbildən tədbirlər MDB məkanında və
onun hüdudlarından kənarda dostluğu, əməkdaşlığı möhkəmləndirir, bərabərhüquqlu,
qarşılıqlı maraqlara və qarşılıqlı hörmətə əsaslanan münasibətlərin güclənməsinə
kömək edir.
Əminliklə demək olar ki, son beş
ildə Azərbaycan öz inkişafının tamamilə yeni mərhələsinə daxil olmuşdur. Tarixi
Zəfər qazanmaqla ərazi bütövlüyünü və suverenliyini tam bərpa edən dövlətimiz Azərbaycan
Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi altında gündən-günə
daha da güclənərək özünün qüdrətli dövrünü yaşayır.
Dünya nizamının özünün çətin
dövrünü yaşadığı, beynəlxalq müstəvidə mürəkkəb proseslərin baş verdiyi
zamanda, Azərbaycan əlaqələrini davamlı şəkildə şaxələndirir, dünya ölkələri
sırasında tərəfdaşlarının sayını artırır. Ölkəmiz beynəlxalq miqyasda siyasi
dialoqun, əməkdaşlığın və strateji tərəfdaşlığın fəal iştirakçısı və eyni
zamanda təşəbbüskarıdır.
Bütövlükdə 2025-ci ilin bir sıra
mühüm siyasi hadisələri bir daha göstərdi ki, Azərbaycan Respublikasının
Prezidenti cənab İlham Əliyev dövlətçilik prinsiplərinə sadiq lider olmaqla, milli
maraqlara əsaslanaraq həyata keçirdiyi xarici siyasət, diplomatiya və strateji
baxışlar sayəsində Azərbaycan beynəlxalq aləmdə etibarlı tərəfdaşa çevrilib.
Vətən müharibəsinin regionda
yaratdığı yeni geosiyasi reallıqlar dövründə ölkəmizin çoxvektorlu xarici siyasət
kursunda Türk dünyası ilə əməkdaşlıq, həmçinin Türk Dövlətləri Təşkilatı çərçivəsində
fəaliyyət prioritet istiqamətlərdən biri kimi müəyyən edilib. Böyük coğrafiyanı
əhatə edən Türk dövlətləri və xalqları ümumi tarixi köklər, ortaq zəngin mədəni
irs, ədəbiyyat, adət-ənənə, milli-mənəvi dəyərlər ilə bir-birinə sıx bağlıdır.
Ortaq tarixi və etnik köklər, dəyərlər, ənənələr üzərində təşəkkül tapmış bu
dostluq və qardaşlıq münasibətləri dünyada bənzəri olmayan həmrəylik nümunəsidir.
Türk dövlətlər arasında müxtəlif
sahələri əhatə edən əlaqələr ildən-ilə daha da genişlənir və möhkəmlənir. Bu əlaqələrinin
genişləndirilməsində Türk Dövlətləri Təşkilatının rolu olduqca böyükdür. Ölkəmiz
təməli 2009-cu ildə Naxçıvan Muxtar Respublikasında qoyulan Türk Dövlətləri Təşkilatı
ilə əlaqələrin daha da inkişaf etdirilməsinə xüsusi diqqətlə yanaşır və bu Təşkilatı
üzv və müşahidəçi ölkələrlə səmərəli əməkdaşlıq üçün mühüm platforma olaraq qəbul
edir.
Dövlətimizin başçısı cənab İlham
Əliyev cari ilin oktyabrın 7-də Qəbələdə Türk Dövlətləri Təşkilatının (TDT)
Dövlət Başçıları Şurasının 12-ci Zirvə Görüşündəki çıxışında Təşkilatın beynəlxalq
səviyyədə nüfuzunun artmasının məmnunluq doğurduğunu qeyd edərək, bu gün Türk
Dövlətləri Təşkilatının, sadəcə, əməkdaşlıq platforması deyil, ciddi geosiyasi
mərkəzlərdən biri kimi formalaşdığını vurğulamışdır. Azərbaycan Respublikasının
Prezidenti cənab İlham Əliyev həmçinin qeyd etmişdir ki, daxili siyasi və
iqtisadi sabitlik, əhəmiyyətli geostrateji mövqe, müsbət demoqrafiya və gənc əhali,
nəqliyyat-logistika sahəsində böyük imkanlar, təbii resurslar, habelə hərbi və
hərbi-texniki sahədə artan potensial TDT-ni qlobal arenada vacib aktora
çevirir.
Qəbələ Zirvə görüşündə gələcək illər
üçün əməkdaşlıq prioritetlərini, strateji hədəfləri müəyyən edən Qəbələ
Bəyannaməsinin imzalanması, həmçinin “TDT+” formatının təsis edilməsi, Beynəlxalq
Türksoy Təşkilatının gücləndirilməsi qərarı xüsusi əhəmiyyət kəsb etdi.
Qeyd edilməlidir ki, Azərbaycan
dövlətinin dünyada artan nüfuzu onun beynəlxalq təşkilatlarla əlaqələrində və
onların fəaliyyətində fəal iştirakına gətirib çıxarıb. Bir çox xarici dövlətlərlə,
mötəbər beynəlxalq təşkilatlarla milli maraqları qorumaqla qarşılıqlı hörmət və
ehtiram əsasında qurulan əməkdaşlıq münasibətləri ölkəmizə etibarlı tərəfdaş
imicini qazandırıb. Azərbaycan bir sıra beynəlxalq qurumlarda, sadəcə, üzv dövlət
kimi təmsil olunmur, eyni zamanda, bir sıra mühüm əhəmiyyət kəsb edən qərarların
qəbulunda və icrasında yaxından iştirak edir.
Azərbaycan Respublikasının
Prezidenti cənab İlham Əliyevin Çin Xalq Respublikasının Sədri Si Cinpinin dəvəti
ilə cari ilin avqustun sonu - sentyabrın əvvəlində Çin Xalq Respublikasına
işgüzar səfəri, keçirdiyi görüşlər, “ŞƏT plyus” formatında Zirvə toplantısında,
həmçinin Çinin xarici hərbi müdaxilə və faşizm üzərində qələbəsinin 80 illiyi
münasibətilə keçirilən təntənəli tədbirlərdə və hərbi paradda iştirakı bir daha
onu göstərdi ki, Dövlət başçısı cənab İlham Əliyev beynəlxalq miqyasda böyük
ehtiramla qarşılanan siyasi lider, Azərbaycan isə yüksək nüfuza malik dövlətdir.
Həmçinin, Dövlət başçısı cənab
İlham Əliyev cari ilin oktyabrın 2-də Danimarkanın paytaxtı Kopenhagen şəhərində
“Avropa Siyasi Birliyi”nin 7-ci Zirvə toplantısında iştirak edib. Dövlətimizin
başçısı sammit çərçivəsində bir sıra dövlət, hökumət başçıları, həmçinin Avropa
İttifaqı Şurasının Prezidenti və Avropa Komissiyasının Prezidenti ilə görüşlər
keçirdi. Mühüm məqamlardan biri odur ki, keçirilən görüşlər qarşı tərəflərin təşəbbüsü
ilə həyata keçirilib. Bu ölkəmizin artan geosiyasi əhəmiyyətinin, Avropa liderlərinin
Azərbaycana olan marağının, Azərbaycan Respublikasının Prezidenti cənab İlham
Əliyevin şəxsi nüfuzuna, həyata keçirdiyi siyasətə etimadın və ehtiramın bariz
nümunəsidir.
Ölkəmiz ədalətə və beynəlxalq
hüquqa söykənən mövqeyi ilə hər zaman ən yüksək tribunalardan ikili
standartlara əsaslanan siyasətin yaratdığı problemləri vurğulayıb. Azərbaycan
Respublikasının Prezidenti cənab İlham Əliyevin Nyu-Yorkda BMT Baş
Assambleyasının 80-ci sessiyasındakı çıxışı mühüm əhəmiyyətə malikdir. Dövlətimizin
başçısı çıxışında bu reallığı da qeyd edib ki, son illərdə əldə etdiyimiz nailiyyətlər yalnız Azərbaycanın qələbəsi və
uğuru deyil. Bu, həm də beynəlxalq hüququn sonda mütləq üstünlük təşkil etməsinin
sübutudur.
Eyni zamanda, Azərbaycan
Respublikasının Prezidenti cənab İlham Əliyev çıxışında qlobal təhlükəsizliklə
bağlı beynəlxalq ictimaiyyətə mühüm çağırışları səsləndirərək xüsusilə
vurğuladı: “Gəlin, birlikdə ikili standartların aradan qalxdığı, ədalətin
selektiv olmadığı, qanunun aliliyinə hörmət edildiyi, sülhün təkcə sözlərlə
deyil, əməli addımlarla təmin olunduğu bir dünya quraq”.
Bir daha qeyd edilməlidir ki, 2025-ci il dövlətçilik
tariximizdə “Konstitusiya və Suverenlik İli” kimi xüsusi əhəmiyyət və məna
daşıyır. Bu il ölkənin milli müstəqilliyi, ərazi bütövlüyü və qanunvericilik
prinsiplərinin gücləndirilməsi baxımından yeni mərhələnin başlanğıcıdır. Ölkəmizdə
2025-ci ilin “Konstitusiya və Suverenlik İli” elan edilməsi dövlətçiliyimizin
möhkəmlənməsinə, milli suverenliyimizin bərqərar olmasına verilən xüsusi önəmin
göstəricisidir. Azərbaycan Respublikasında 2025-ci ilin “Konstitusiya və
Suverenlik İli” elan edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
xalqımızın birliyi və həmrəyliyinin ifadəsi, yüzilliklərin dövlətçilik ənənələrinin
məntiqi davamı olmaqla, milli şüurun, milli dəyərlərin qorunmasına xidmət edir.
Möhtərəm cənab Prezidentin bu Sərəncamı eyni zamanda hüquqi dövlətə sadiq
qalmaq, ölkə Konstitusiyasına hörmətlə yanaşmaq, onun müddəalarını həyata
keçirməklə bağlı gələcək nəsillərə ünvanlanmış bir çağırışdır.
Olduqca qürurverici haldır ki,
bizim qədim tarixə, zəngin mədəniyyətə malik olan Azərbaycan kimi vətənimiz
var. Xalqımız bu gün öz müstəqil və suveren dövlətinə sahibdir, mübarizə ilə əldə
edilən suverenlik onun milli sərvətinə çevrilmişdir. Hər bir azərbaycanlı Azərbaycan
Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi
ilə ölkənin ərazi bütövlüyünün və suverenliyinin
bərpa edilməsinin, ölkənin bütün ərazilərində Konstitusiyanın hüquqi qüvvəsinin
tam bərqərar olunmasının sonsuz sevincini, qürurunu yaşayır. Bu böyük Qələbə
hər birimizi yeni nailiyyətlərə ruhlandırır.
Tam əminliklə bildirmək olar ki,
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə bütöv
və suveren dövlətimiz tarixi uğurlara imza atmaqda davam edəcək, növbəti dövrdə
də inkişafının mühüm mərhələsini yaşayacaq. Azərbaycan Respublikasının
Konstitusiya Məhkəməsi də öz növbəsində, müəllifi Ulu Öndər Heydər Əliyev olan
Azərbaycan Respublikası Konstitusiyasının aliliyinin təmin edilməsi, hüquqi
dövlət quruculuğu istiqamətində Dövlət başçısı cənab İlham Əliyevin həyata
keçirdiyi uğurlu fəaliyyətə dəstək olaraq, üzərinə düşən məsuliyyətli vəzifələri
bundan sonra da layiqincə yerinə yetirməyə çalışacaq.
Fürsətdən istifadə edərək, Azərbaycan
xalqını bu il beşinci ildönümünü qeyd etdiyimiz 8 Noyabr - Zəfər Günü, həmçinin 9 Noyabr -
Dövlət Bayrağı Günü və 12 Noyabr - Konstitusiya Günü münasibətilə Konstitusiya
Məhkəməsi adından təbrik edir, xalqımıza xoşbəxt və firavan həyat arzulayırıq.
Fərhad Abdullayev
Azərbaycan Respublikası
Konstitusiya Məhkəməsinin sədri
