13.06.2025
Konstitusiya ilk növbədə, hüquqi iyerarxiyanın ən
yüksək pilləsində yerləşən, dövlət həyatının ən mühüm prinsiplərini təsbit edən
əsas qanundur. Konstitusiya
tənzimlədiyi ictimai münasibətlərin əhəmiyyətlilik dərəcəsinə görə qanunlardan
və digər normativ hüquqi aktlardan fərqlənir. Konstitusiya dövlətin əsas
institutlarını, vətəndaşların statusunu müəyyən edir, bütün hüquqi fəaliyyətin
məzmununa təsir göstərir.
Müasir
demokratik dövlətdə suverenliyin daşıyıcısı və hakimiyyətin yeganə mənbəyi xalq
olduğu üçün konstitusiyalar da xalq tərəfindən, yaxud xalqın adından qəbul
edilir. Demokratik hüquqi dövlətdə Konstitusiya nəinki dövlətin, habelə xalqın
dövlətçilik iradəsini, ifadə edən əsas qanundur.
Ümummilli
Lider Heydər Əliyevin rəhbərliyi ilə hazırlanan müstəqil Azərbaycan
Respublikasının ilk Konstitusiyası 12 noyabr 1995-ci il tarixdə ümumxalq səsverməsi
ilə (referendumda) qəbul olunmuş, bununla da ölkəmizdə demokratik, hüquqi dövlətin
möhkəm təməli qoyulmuşdur. Müstəqil Azərbaycan Respublikasının ilk
Konstitusiyasının qəbulu dövlətçilik tarixində mühüm hadisə olmuş, ölkəmizdə
müasir dövlət və vətəndaş cəmiyyəti quruculuğu üçün böyük yol açmış, insan
hüquq və azadlıqlarının həyata keçirilməsinə zəmin yaratmaqla ölkə həyatının
bütün sahələrinin inkişafına təkan vermişdir. Sənəd, sözün əsl mənasında, ölkənin
Əsas Qanununa çevrilərək dövlət və cəmiyyət həyatının bütün sahələrini əhatə edən
genişmiqyaslı qanunvericilik və institusional islahatların əsası kimi çıxış
etmişdir.
Ulu Öndər
Heydər Əliyev demişdir: "Bizim Konstitusiyamız Azərbaycan Respublikasının
tarixi ənənələrini, xüsusiyyətlərini əks etdirir. O, Azərbaycan Respublikasında
demokratik hüquqi dövlətin qurulmasını, ölkəmizdə olan bütün vətəndaşların
hüquq və azadlıqlarını təmin edəcəkdir. Bu bizim özümüzün Konstitusiyamızdır,
müstəqil Azərbaycan Respublikasının Konstitusiyasıdır.
Yeni
Konstitusiya Azərbaycanda demokratik hüquqi dövlətin qurulması, demokratik vətəndaş
cəmiyyətinin yaranması üçün bütün əsaslar yaradıbdır, bütün təminatları
veribdir. Bizim borcumuz bu təminatlardan, Konstitusiyanın bizə verdiyi qanuni əsaslardan
səmərəli istifadə etmək və ölkəmizdə hüquqi, demokratik dövlət yaratmaq, vətəndaşların,
insanların hüquqlarının qorunmasını təmin etməkdən ibarətdir".
Ümummilli
Lider, görkəmli dövlət xadimi Heydər Əliyevin rəhbərliyi və gərgin əməyi sayəsində
hazırlanmış yeni Konstitusiya çoxəsrlik dövlətçilik ənənələrimizə və qabaqcıl
dünya təcrübəsinə əsaslanmaqla yanaşı, milli və ümumbəşəri dəyərləri də özündə əks
etdirərək ölkəmizdə demokratik, hüquqi dövlət quruculuğuna, ictimai-siyasi,
iqtisadi və mədəni həyatın inkişafına güclü təkan vermişdir.
Yeni
Konstitusiyanın hazırlanması və qəbul edilməsi ulu öndər Heydər Əliyevin Azərbaycan
xalqı qarşısında misilsiz tarixi xidmətlərindən biri olmuşdur. Dahi lider
Konstitusiya layihəsinin hazırlanması ilə məşğul olan komissiyanın sonuncu
iclasında demişdir: "Bu sənədin hazırlanmasına xeyli vaxt sərf etmişəm.
Haqqım var deyəm ki, çox zəhmət çəkmişəm. Hər bir kəlmənin, hər bir sözün mənasını
dəfələrlə araşdırmışam. Onun bu gün, gələcək üçün nə qədər əsaslı olmasını dəfələrlə
təhlil etmişəm. Mən çox rahatlıq hissi ilə bu layihənin altına imza atıram və
bu layihəyə görə tam cavabdeh olduğumu bəyan edirəm".
Azərbaycan
Respublikasının Konstitusiyasında müasir sivil cəmiyyətlərin inkişaf istiqamətlərini
müəyyənləşdirən, hüquqi dövlət və vətəndaş cəmiyyəti quruculuğuna imkan verən
mütərəqqi ideya və dəyərlər geniş şəkildə öz əksini tapmış, insan hüquq və
azadlıqlarının təminatı müəyyən edilmişdir. Ümumiyyətlə, ölkə Konstitusiyasında
dövlətin cəmiyyətdə və ictimai münasibətlər sistemində rolu ilə əlaqədar yeni,
Azərbaycanın əvvəlki Konstitusiyalarından tamamilə fərqli konseptual yanaşma əksini
tapmışdır. Belə ki, Azərbaycanın da uzun illər ərzində daxil olduğu sovet
siyasi sistemində dövlətin cəmiyyət həyatındakı rolu fövqəladə xarakter
daşıyırdı və dövlət maraqları ilə şəxsiyyətin maraqları arasında yaranan
münasibətlərdə üstünlük birmənalı olaraq birinciyə verilirdi. Bu isə liberal
demokratiyalarda mühüm əhəmiyyət kəsb edən insan hüquq və əsas azadlıqların
müdafiəsinin arxa plana keçməsinə səbəb olurdu.
Ölkə
Konstitusiyasının preambulasında Azərbaycan xalqının Azərbaycan dövlətinin müstəqilliyini,
suverenliyini və ərazi bütövlüyünü qorumaq, Konstitusiya çərçivəsində
demokratik quruluşa təminat vermək, vətəndaş cəmiyyətinin bərqərar edilməsinə
nail olmaq, xalqın iradəsinin ifadəsi kimi, qanunların aliliyini təmin edən
hüquqi, dünyəvi dövlət qurmaq, ədalətli iqtisadi və sosial qaydalara uyğun
olaraq hamının layiqli həyat səviyyəsini təmin etmək, ümumbəşəri dəyərlərə
sadiq olaraq bütün dünya xalqları ilə dostluq, sülh və əmin-amanlıq şəraitində
yaşamaq və bu məqsədlə qarşılıqlı fəaliyyət göstərmək kimi ülvi niyyətlər bəyan
edilmişdir.
Konstitusiyanın
147-ci maddəsi birmənalı şəkildə təsbit edir ki, Azərbaycan Respublikasının
Konstitusiyası Azərbaycan Respublikasında ən yüksək və birbaşa hüquqi qüvvəyə
malikdir və qanunvericilik sisteminin əsasını təşkil edir. Bu baxımdan, əgər
ölkədə qüvvədə olan çoxsaylı hüquqi aktları bir-biri ilə əlaqəli vahid sistem
kimi qəbul etsək, onda Konstitusiyanı hüquqi inkişafın əsası, mənbəyi
adlandırmaq olar. Konstitusiya dövlət quruluşunu, seçki sistemini, dövlət
hakimiyyəti orqanlarının təşkili və fəaliyyətinin prinsiplərini müəyyənləşdirmək
və qanunvericilik sisteminin əsasını təşkil etməklə yanaşı, vətəndaşların hüquq
və azadlıqlarının əsas təminatçısı qismində çıxış edir.
Azərbaycan
Respublikasının Konstitusiyası demokratik, hüquqi və dünyəvi dövlətin qurulması
yolunda əhəmiyyətli mərhələ olub və indiyədək bu sənəd ölkəmizdə hüquqi
islahatların aparılması, insan hüquq və azadlıqlarının təmin olunması, dövlət
idarəçiliyinin təkmilləşdirilməsi istiqamətində bünövrə rolunu oynayıb. Ulu öndər
Heydər Əliyevin rəhbərliyə qayıdışı ilə başlıca qayəsini müstəqillik, azərbaycançılıq,
dövlətçilik, demokratiya, milli tərəqqi, dünyəvilik kimi ümumbəşəri dəyərlər təşkil
edən yeni bir ideologiyanın əsası qoyulmuşdur. Ümummilli liderin apardığı
daxili siyasət Azərbaycanın hər bir vətəndaşına azad, sərbəst yaşamaq
hüquqlarını təmin etmək və öz rifahını yaxşılaşdırmaq imkanları yaratmaqdan
ibarət olmuşdur. Onun fəaliyyətində iqtisadi islahatlar, bazar iqtisadiyyatına
keçid, iqtisadi inkişafın təmin edilməsi, Azərbaycanın dünya iqtisadiyyatına
inteqrasiyası, özəlləşdirmə proqramının, aqrar islahatların həyata keçirilməsi
prioritet sahələr olmuşdur.
Ulu Öndər
Heydər Əliyev demokratik, hüquqi dövlət quruculuğu istiqamətində davamlı siyasət
yürüdərək ölkədə insan hüquq və azadlıqlarının başlıca prinsiplərinin bərqərar
olması üçün əsaslı zəmin yaratmışdır. Ümummilli lider 1995-ci il mayın 27-də
Respublika Günü münasibətilə keçirilən təntənəli yığıncaqda demişdir: "Ən
böyük nailiyyət, tariximizə yazılmış qızıl səhifə ondan ibarətdir ki, çoxəsrlik
tariximizdə ilk dəfə Azərbaycan xalqı dövlət müstəqilliyini əldə edə bilmişdir,
müstəqillik əhval-ruhiyyəsini hiss edə, dərk edə bilmişdir, müstəqil yaşamaq,
öz taleyinin sahibi olmaq duyğularını dərk edə bilmişdir". Azərbaycan
Respublikası Konstitusiyasının "Xalqın suverenliyi" başlıqlı 2-ci
maddəsində deyilir: "Sərbəst və müstəqil öz müqəddəratını həll etmək və öz
idarəetmə formasını müəyyən etmək Azərbaycan xalqının suveren hüququdur. Azərbaycan
xalqı öz suveren hüququnu bilavasitə ümumxalq səsverməsi - referendum və ümumi,
bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, gizli və şəxsi səsvermə yolu
ilə seçilmiş nümayəndələri vasitəsilə həyata keçirir".
Elmi ədəbiyyatlarda
"suverenlik" anlayışına əsasən iki mövqedən yanaşılır: xalqın
suverenliyi və dövlət suverenliyi. Xalqın suverenliyi prinsipi Azərbaycan
Respublikası Konstitusiyasının 2-ci maddəsində açıqlanmışdır. Müəyyən şəraitlərdə
dövlətin suverenliyi xalqın suverenliyi ilə üst-üstə düşür. Xalqın suverenliyi
xalqın aliliyini, öz taleyini, dövlət və ictimai inkişafın köklü məsələlərini
özünün həll etməsi, öz dövlətinin siyasətinin istiqamətini, orqanlarının tərkibini
formalaşdırmaq, dövlət hakimiyyətinin fəaliyyətinə nəzarət etmək hüququnu
bildirir. Əhalinin geniş dairələrini dövlətin idarə olunması prosesinə cəlb etmək
cəmiyyətdə demokratik dəyişikliklərin həyata keçirilməsinin zəruri şərtlərindəndir.
Məhz bu məqsədlə yerli idarəetmə orqanlarının - bələdiyyələrin yaradılması 12
noyabr 1995-ci il tarixli Azərbaycan Respublikasının Konstitusiyasında nəzərdə
tutulmuşdur. Əsas Qanunun dördüncü bölməsi tamamilə bələdiyyələrə həsr
olunmuşdur. Bu bölmədə yerli özünüidarənin təşkilinin əsas prinsipləri müəyyənləşdirilmiş,
bələdiyyələrin fəaliyyətinin normativ hüquqi əsasını yaradan mühüm qanunlar qəbul
edilmişdir.
Müstəqil
Azərbaycan Respublikasının Konstitusiyası hüquqi dövlət quruculuğunun təməlini
qoymaqla yanaşı, ölkədə konstitusiya nəzarəti institutunun - Konstitusiya Məhkəməsinin
təsis edilməsinə də əsas yaratdı. Bu ali hüquqi sənədin qəbulundan sonra,
qanunvericilik prosesində konstitusiya prinsiplərinin qorunması və vətəndaşların
əsas hüquq və azadlıqlarının təminat altına alınması baxımından Konstitusiya Məhkəməsinin
yaradılması əlamətdar hadisə olmuşdur. Məhkəmə 1998-ci ildən fəaliyyətə
başlayaraq Azərbaycanın hüquqi sistemində mühüm boşluğu doldurmuş, hüququn
aliliyini təmin edən əsas institutlardan birinə çevrilmişdir.
Konstitusiya
Məhkəməsi dövlət hakimiyyətinin qanunvericilik, icra və məhkəmə qolları
arasında balansın qorunmasında, normativ hüquqi aktların Konstitusiyaya
uyğunluğunun yoxlanılmasında, eləcə də vətəndaşların konstitusion hüquqlarının
müdafiəsində mühüm rol oynayır. Həmçinin qanunların və digər normativ aktların
Konstitusiyaya zidd olan hissələrinin hüquqi qüvvədən düşməsi barədə qərarlar qəbul
etməklə, normativ sabitliyin və hüquqi müəyyənliyin qorunmasına xidmət edir. Bu
baxımdan, Konstitusiya Məhkəməsi yalnız hüquqi nəzarət orqanı deyil, eyni
zamanda hüquqi mədəniyyətin formalaşmasında, konstitusion düşüncənin
inkişafında və hüquq islahatlarının istiqamətinin müəyyənləşdirilməsində
strateji mövqe tutur.
Ulu öndər
Heydər Əliyevin müəllifi olduğu Konstitusiyanın ruhuna və prinsiplərinə sadiq
qalan Konstitusiya Məhkəməsi ötən illər ərzində bir çox fundamental qərarları
ilə vətəndaşların hüquqi müdafiəsini təmin etmiş, dövlət orqanlarının fəaliyyətində
konstitusion normaların tətbiqinə nəzarət etmişdir. Bu institut həm hüquqi
sabitliyin təmin olunmasında, həm də Azərbaycanın demokratik inkişafında əsas
dayaqlardan biri olmuşdur.
Ümummilli
Lider Heydər Əliyev şərəfli dövlətçilik fəaliyyəti müddətində yalnız Azərbaycanı
düşündü, onun müasirləşməsinə, qüdrətlənməsinə, çiçəklənməsinə çalışdı. Dahi
Öndər Azərbaycanı daim gözəl və müasir görmək istəyirdi. Elə bu məramla da
xalqın gələcək taleyinə biganə qalmadı. Müasirləşmə siyasətini özündən sonra
layiqincə davam etdirəcək modern düşüncəli, yüksək idarəetmə və təşkilatçılıq
qabiliyyətinə malik novator ruhlu lider yetişdirdi. Əgər Ulu Öndər Heydər
Əliyevin müasirləşmə siyasəti ötən əsrin 70-ci illərində Azərbaycanı keçmiş
SSRİ-nin ən qabaqcıl respublikası səviyyəsinə gətirib çıxardısa, 90-cı illərdə
xoas və tərəqqidən inkişafa doğru keçidin mükəmməl strategiyasını təmin etdisə,
onun layiqli davamçısı Prezident İlham Əliyevin modernləşmə kursu
respublikamızı dünyanın sürətlə inkişaf edən ölkələrindən birinə çevirdi. Başqa
sözlə, Ümummilli Lider Heydər Əliyevin başladığı müasirləşmə kursu möhtərəm
Prezident İlham Əliyevin modernləşmə siyasəti ilə inamla davam etdirilir.
Azərbaycan
Respublikasının Konstitusiyası dinamik, inkişafda olan cəmiyyətin və dövlətin
ehtiyaclarına cavab verən, dəyişən, ictimai-siyasi reallıqlara uyğunlaşdırıla
bilən bir sənəd kimi tarix boyu bir neçə dəfə təkmilləşdirilmişdir.
Konstitusiyaya edilən dəyişikliklər və əlavələr ilk növbədə hüquqi bazanın daha
da gücləndirilməsinə, dövlət idarəçiliyinin çevikliyinin və səmərəliliyinin
artırılmasına, eləcə də vətəndaşların hüquq və azadlıqlarının daha dolğun şəkildə
təmin edilməsinə xidmət göstərmişdir. Bu dəyişikliklər Azərbaycan xalqının iradəsinin
ifadəsi olaraq ümumxalq səsvermələri - referendumlar vasitəsilə həyata
keçirilmiş və dövlətin legitimliyini daha da möhkəmləndirmişdir.
Belə ki,
2002, 2009 və 2016-cı illərdə keçirilmiş referendumlar nəticəsində
Konstitusiyanın bir sıra maddələrində mühüm dəyişikliklər edilmişdir. Bu dəyişikliklər
dövlət institutlarının fəaliyyətinin daha səmərəli təşkilinə, vətəndaşların
idarəetmədə iştirak imkanlarının genişləndirilməsinə və hüquqi islahatların dərinləşdirilməsinə
yönəlmişdir. Eyni zamanda, dövlət suverenliyinin gücləndirilməsi, müasir
çağırışlara çevik cavab verə biləcək idarəetmə modelinin qurulması baxımından
bu dəyişikliklər mühüm əhəmiyyət kəsb etmişdir. Konstitusiyanın davamlı olaraq
təkmilləşdirilməsi hüquqi dövlət və vətəndaş cəmiyyəti quruculuğunda əldə
olunan uğurların qorunmasına və daha dayanıqlı gələcək üçün möhkəm təməl
yaradılmasına xidmət edir.
Azərbaycan
Respublikasının Konstitusiyası hüquqi əsasları müəyyən etməklə, eyni zamanda
milli birliyin, dövlət suverenliyinin və ərazi bütövlüyünün hüquqi təminatçısı
kimi çıxış edir. Bu ali sənəd hər bir vətəndaşın dövlətə bağlılığının, dövlətin
isə vətəndaş qarşısında məsuliyyətinin bərqərar olunmasında mühüm rol oynayır.
Dövlət başçısı cənab İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən uzaqgörən və
ardıcıl siyasi kurs sayəsində dövlətçilik ənənələrimiz möhkəmlənmiş, hüquqi
sabitlik və idarəetmə dayanıqlılığı təmin edilmişdir. Bütün bu hüquqi və siyasi
təməl, Azərbaycanın suveren hüquqlarını qorumağa və xüsusilə də 44 günlük Vətən
müharibəsi zamanı öz ərazi bütövlüyünü təmin etmək üçün qətiyyətli addımlar
atmağa imkan yaratmışdır. Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali
Baş Komandan İlham Əliyevin düşünülmüş siyasəti, qətiyyəti və ordumuzun gücü
sayəsində torpaqlarımız erməni işğalından azad edilmiş, suverenliyimiz tam təmin
edilmişdir.
2020-ci
il sentyabrın 27-də başlayan və 44 gün davam edən Vətən müharibəsində dövlətçilik
tariximizin parlaq səhifələri yazıldı, düşmən üzərində möhtəşəm qələbə
qazanıldı. Noyabrın 10-da Ermənistan təslim olduğunu rəsmən elan etdi və
kaputilyasiya aktını imzaladı. Bir ay sonra - dekabrın 10-da Baklda Azadlıq
meydanında Zəfər paradı keçirən Azərbaycan möhtəşəm Qələbəsini bütün dünyaya
nümayiş etdirdi. Bununla da, Azərbaycan XXI əsrdə ilk Zəfər paradı keçirən dövlət
kimi dünya tarixinə düşdü.
Vətən
müharibəsində xalqımız həmrəylik nümayiş etdirdi, vahid amal uğrunda birləşdi.
44 gün davam edən bu savaş xalq-iqtidar birliyindən güc alan Azərbaycanın qüdrətinin,
milli birliyinin sarsılmazlığının göstəricisi oldu. Eyni zamanda Azərbaycan
xalqının qazandığı zəfərin möhtəşəmliyi ölkə başçısı İlham Əliyevin mümkünsüzü
mümkünə çevirmək qüdrətindən bəhrələndi. Hər bir Azərbaycan vətəndaşı bu
qürurverici tarixi günləri yaşamaqdan xoşbəxt olduğunu dilə gətirir. Azərbaycan
xalqı bu möhtəşəm Qələbə xəbərini səbirsizliklə gözləyirdi. Qürurverici haldır
ki, heç bir beynəlxalq ədalətsizlik xalqımızın qələbəyə inamını sarsıtmadı,
dövlət başçısının iradəsinə təsir etmədi. Hər ötən gün xalqımız Prezident İlham
Əliyevin ətrafında getdikcə daha sıx birləşir, birliyimiz hər gün daha da güclənir.
Bütün qələbələrin əsasında Prezident İlham Əliyevin mükəmməl diplomatik
bacarıqları, dövlət maraqlarının təmin olunmasına istiqamətlənmiş xarici siyasət
kursu dayanır.
44 günlük
Vətən müharibəsi, 23 saatlıq antiterror tədbirləri, erməni işğalçılarının
ayaqlarının torpaqlarımızdan kəsilməsi dünyaya sübut etdi ki, Azərbaycan
Prezidenti İlham Əliyev müdrik və uzaqgörən siyasətçidir. Ona görə ki, dövlət
başçısı cənab İlham Əliyevin tutduğu yol Ümummilli Lider Heydər Əliyev yoludur,
ona qüvvət verən Ulu Öndərin ideyaları, arzuları və Azərbaycan xalqının
sevgisidir.
Müzəffər
Ali Baş Komandanın 2023-cü il oktyabrın 15-də Xankəndi şəhərində Azərbaycan
Bayrağını qaldırarkən dediyi sözlər yüzilliklər boyu azərbaycanlı qanı daşıyan
hər kəsin dillər əzbəri olacaq: "Azərbaycan xalqı bu Qələbəni öz qanı,
canı bahasına əldə etmişdir. Bu gün burada qaldırdığım Bayraq burada əbədi
dalğalanacaq və biz burada əbədi yaşayacağıq. Qarabağ bizimdir, Qarabağ Azərbaycandır!".
2023-cü ilin noyabr ayında Xankəndidə keçirilən Zəfər paradı ölkəmizin gücünün,
qüdrətinin daha bir parlaq nümunəsi kimi tarix səhifələrinə yazıldı.
Ermənistan
silahlı qüvvələrinin qalıqlarına və qeyri-qanuni erməni silahlı dəstələrinə
qarşı həyata keçirilmiş antiterror əməliyyatını zəruri edən bir neçə amil var
idi. 2020-ci il noyabrın 10-da imzalanmış üçtərəfli Bəyanata baxmayaraq, Ermənistan
silahlı birləşmələri Qarabağdan tam çıxarılmamışdı və qarşı tərəf qeyri-qanuni
erməni silahlı dəstələrinin tərk-silah edilməsi, ərazidən çıxarılması ilə bağlı
tədbir görmürdü. Əksinə, Ermənistan dövləti tərəfindən qanunsuz silahlı dəstələrin
təminatı məsələləri həyata keçirilir, Qarabağa hərbi sursat və silah daşınırdı.
Digər tərəfdən, Azərbaycan Ordusunun mövqeləri ilə üzbəüz yerlərdə fəal mühəndis-istehkam
işləri aparılır, kəşfiyyat-diversiya qruplarının aktivliyi artır, ərazi və
yollar yenidən minalanırdı. Prezident İlham Əliyev antiterror tədbirlərinin
strateji əhəmiyyətini tam dəqiqliyi ilə bu cür ifadə etmişdir: "Antiterror
əməliyyatı çox uğurla, peşəkarlıqla keçirilmişdir, hərbçilərimiz böyük qəhrəmanlıq
göstərmişdilər. Deyirlər ki, əməliyyat 23 saat neçə dəqiqə çəkmişdir, amma əslində,
daha qısa müddət ərzində tamamlanmışdır. Biz bütün nəzərdə tutduğumuz mövqelərə
çıxdıq, bütün kommunikasiyalara sahib olduq, bütün təpələri götürdük və faktiki
olaraq separatçıların təslim olmaları qaçılmaz idi, labüd idi, çünki təslim
olmasaydılar məhv olacaqdılar. Əməliyyat hərb elmi nöqteyi-nəzərindən də çox
uğurlu idi. Şuşa əməliyyatına oxşar bir əməliyyat idi. Əlbəttə, Şuşa əməliyyatı
xüsusi peşəkarlıq tələb edən əməliyyat idi, amma bu da çox uğurlu idi. Yəni,
bütün vəzifələr yerinə yetirildi və beləliklə, separatçılığa son qoyuldu".
Bu gün
üçrəngli bayrağımız qürur yerimiz olan Qarabağın və Şərqi Zəngəzurun hər guşəsində
- Cəbrayılda, Füzulidə, Zəngilanda, Qubadlıda, Kəlbəcərdə, Ağdamda, Şuşada,
Hadrutda, Laçında, Əsgəranda, Xocavənddə, Ağdərədə, Xocalıda və Xankəndidə
dalğalanır. Antiterror tədbirlərindən sonra ölkəmizin təkcə coğrafi xəritəsində
deyil, sosial və quruculuq sahəsində də çox böyük dəyişiklik baş vermişdir. Az
qala hər gün yeni bir ünvanın, yeni bir infrastruktur obyektinin bünövrəsi
qoyulur, yeni bir ocaqda işıq yanır. Vaxtilə erməni quldur birləşmələrinin
xaraba qoyduğu Qarabağ və Şərqi Zəngəzurun yaşayış məskənlərində abad və
yaraşıqlı şəhər və kəndlər salınır.
İşğaldan
azad edilmiş ərazilərdə vətəndaşların öz konstitusion hüquqlarından istifadə edə
bilməsi dövlət idarəetməsinə inam artıb. Qarabağ və Şərqi Zəngəzurda dövlət
idarəetmə strukturlarının formalaşdırılması, o cümlədən məhkəmələrin,
hüquq-mühafizə orqanlarının fəaliyyətə başlaması, yerli özünüidarəetmə
sisteminin yaradılması, insanların hüquq və azadlıqlarının qorunması üçün əsaslı
addımlardır.
Prezident
cənab İlham Əliyevin yolu aydın məqsədlərə, nəcib amillərə, sülhə, dostluğa
söykəndiyi üçün həmişə uğurlu olub. Dövlət başçısının ölkənin sosial-iqtisadi həyatındakı
uğurları, beynəlxalq aləmdəki qazandığı nüfuz, xalqın rifahı, təhlükəsizlik sahəsində
həyata keçirdiyi tədbirlər, ona xalqımız arasında sonsuz məhəbbət
qazandırmışdır. Möhtərəm Prezident İlham Əliyev qeyd etmişdir: "Dövlətlər
zəif olmur, onların rəhbərləri zəif olur. Qələbə qazanmaq bacarığı isə yalnız
güclü lideri olan dövlətlərə və xalqlara nəsib ola bilər".
Ümummilli
Lider Heydər Əliyevin siyasi kursunun layiqli davamçısı, Azərbaycan
Respublikasının Prezidenti cənab İlham Əliyevin 2024-cü il 19 sentyabr tarixli
294 nömrəli Sərəncamına əsasən, sentyabrın 20-nin Azərbaycan Respublikasında
Dövlət Suverenliyi Günü və 28 dekabr 2024-cü il tarixli Sərəncamı ilə "Azərbaycan
Respublikasında 2025-ci ilin "Konstitusiya və Suverenlik İli" elan
edilməsi müasir hüquqi dövlət quruculuğu modelinin təkmilləşdirilməsi,
suverenlik və təhlükəsizlik konsepsiyalarının daha da möhkəmləndirilməsi
istiqamətində atılan məqsədyönlü addımların bariz nümunəsidir.
28 dekabr
2024-cü il tarixli Sərəncam 2025-ci ilin Konstitusiyanın qəbul edilməsinin
30-cu və 44 günlük Vətən müharibəsində Qələbənin 5-ci ildönümü nəzərə alınaraq
imzalanmışdır. "Konstitusiya və Suverenlik İli" təşəbbüsü isə dövlətimizin
hüquqi əsaslarının daha da möhkəmləndirilməsi, işğaldan azad edilmiş ərazilərdə
suverenliyimizin gücləndirilməsi məqsədi daşıyır.
Konstitusiya
dövlətin müstəqilliyini və suverenliyini təmin etmək üçün əsas sənəddir. Bu
baxımdan, "Konstitusiya və Suverenlik İli" təşəbbüsü hüquqi bazanın
daha da möhkəmləndirilməsinə, dövlət idarəetməsində şəffaflığın artırılmasına
yönəlmiş strateji addım kimi qiymətləndirilməlidir.
Orxan RZAYEV,
Konstitusiya Məhkəməsi Aparatının baş məsləhətçisi.
