İyulun
21-də Konstitusiya Məhkəməsində Pakistanın hüquq və ədliyyə üzrə dövlət naziri
Aqil Malikin başçılıq etdiyi nümayəndə heyəti ilə görüş keçirilib.
Qonaqları
salamlayan Konstitusiya Məhkəməsinin sədri Fərhad Abdullayev Azərbaycanla
Pakistan arasında mövcud olan strateji tərəfdaşlıq münasibətlərinin və
sarsılmaz dostluq əlaqələrinin qarşılıqlı etimada əsaslandığını vurğulayıb.
Bildirilib ki, Pakistan müstəqilliyimizi tanıyan ilk dövlətlərdən biri olub və
hər iki ölkə beynəlxalq təsisatlarda bütün məsələlərdə bir-birini dəstəkləyir.
Sədr
qeyd edib ki, Azərbaycan Prezidenti cənab İlham Əliyevlə Pakistanın Baş naziri
Məhəmməd Şahbaz Şərif arasında mövcud olan bütün sahələrdə qarşılıqlı anlaşma
strateji müttəfiqliyin inkişafı, ikitərəfli əməkdaşlığın daha da genişlənməsi və
əlaqələrin yeni məzmunla zənginləşdirilməsi üçün möhkəm zəmin yaradır.
Daha
sonra Fərhad Abdullayev Konstitusiya Məhkəməsinin fəaliyyət istiqamətləri, qərar
qəbuletmə proseduru, konstitusiya ədalət mühakiməsinin həyata keçirilməsi
mexanizmi, insan hüquq və azadlıqlarının müdafiəsində məhkəmənin rolu, habelə
hüquqi dövlət quruculuğu və Konstitusiyanın aliliyinin təmin olunması istiqamətində
görülən işlər barədə ətraflı məlumat verib. Müasir dövrdə konstitusiya məhkəmələri
arasında peşəkar dialoqun, qarşılıqlı təcrübə mübadiləsinin və hüquqi əməkdaşlığın
genişləndirilməsinin konstitusiya ədalət mühakiməsinin səmərəliliyinin
artırılması baxımından mühüm əhəmiyyət daşıdığını vurğulayıb.
Pakistanın
hüquq və ədliyyə üzrə dövlət naziri Aqil Malik səmimi qəbula və qonaqpərvərliyə
görə minnətdarlığını bildirərək, ölkələrimiz arasında mövcud olan dostluq
münasibətlərinin hər iki xalq üçün önəmli olduğunu, hüquq-məhkəmə sahəsində əlaqələrin
daha da genişləndirilməsinin vacibliyini qeyd edib. Nazir respublikamızda hüquq
sahəsində həyata keçirilən islahatlar nəticəsində əldə edilən nailiyyətləri
yüksək qiymətləndirərək, Konstitusiya Məhkəməsinin fəaliyyəti ilə yaxından
tanış olmaqdan məmnunluğunu ifadə edib. Qarşılıqlı görüşlərin hər iki ölkə
arasında mövcud olan sarsılmaz sıx münasibətlərin daha da möhkəmlənməsinə,
hüquq və məhkəmə sahəsində əməkdaşlığın genişlənməsinə, eləcə də konstitusiya nəzarətinin
inkişafı istiqamətində qabaqcıl təcrübə mübadiləsinin davam etdirilməsinə mühüm
töhfə verəcəyinə əminliyini nəzərə çatdırıb.
Görüşdə məhkəmə təcrübəsində müasir hüquqi yanaşmalar, insan hüquqlarının müdafiəsinin səmərəliliyinin artırılması, rəqəmsallaşmanın və süni intellektin məhkəmə sisteminə tətbiqi, eləcə də beynəlxalq hüquqi əməkdaşlığın perspektivləri ətrafında geniş fikir mübadiləsi aparılıb.