10.07.2026
İyulun
10-da Latviya Respublikası Konstitusiya Məhkəməsinin sədri
İrena Kutsinanın rəhbərlik etdiyi nümayəndə heyəti ölkəmizə səfəri çərçivəsində
Fəxri xiyabana gələrək Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin məzarı
önünə gül dəstələri qoyaraq, əziz xatirəsini dərin ehtiramla yad edib.
Qonaqlar, həmçinin görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın məzarını
ziyarət edərək, üzərinə gül dəstələri düzüblər.
Sonra nümayəndə heyəti Şəhidlər xiyabanına gələrək, Azərbaycanın
müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarından keçmiş qəhrəman Vətən
övladlarının xatirəsini anaraq, "Əbədi məşəl" abidəsinə ehtiramlarını
bildiriblər.
Daha
sonra Konstitusiya Məhkəməsində Latviya Konstitusiya Məhkəməsinin nümayəndə heyəti
ilə görüş keçirilib.
Qonaqları
salamlayan sədr Fərhad Abdullayev Azərbaycan ilə Latviya arasında mövcud olan
dostluq münasibətlərinin, qarşılıqlı hörmət və etimada əsaslanan əməkdaşlığın
son illər ərzində dinamik inkişaf etdiyini məmnunluqla qeyd edib. Bu münasibətlərə
Prezident İlham Əliyevin dəvəti ilə Latviya Prezidenti Edqars Rinkeviçsin bu
ilin aprel ayında Azərbaycana rəsmi səfərindən sonra yeni təkan verilib.
Bildirilib
ki, dövlətlərimiz arasında siyasi, iqtisadi, humanitar və digər sahələrdə
formalaşmış səmərəli tərəfdaşlıq münasibətləri məhkəmə-hüquq sahəsində də
uğurla davam etdirilir. Bu baxımdan, Konstitusiya Məhkəmələri arasında əməkdaşlığın
inkişaf etdirilməsi, Konstitusiyanın aliliyinin təmin edilməsində qarşılıqlı təcrübə
mübadiləsinin genişləndirilməsi xüsusi əhəmiyyət kəsb edir.
Sədr
qonaqlara respublikamızda hüquqi dövlət quruculuğu istiqamətində həyata keçirilən
ardıcıl islahatlar, məhkəmə-hüquq sisteminin müasirləşdirilməsi, məhkəmə
hakimiyyətinin müstəqilliyinin möhkəmləndirilməsi barədə ətraflı məlumat verib.
Fərhad Abdullayev Konstitusiya Məhkəməsinin əsas fəaliyyət istiqamətləri və qərar
qəbul etmə proseduru, konstitusiya nəzarətinin həyata keçirilməsi, eyni
zamanda, məhkəmənin qərarlarında əks olunmuş hüquqi mövqelərin hüquq sisteminin
inkişafında əhəmiyyəti barədə danışıb.
Latviya
Konstitusiya Məhkəməsinin sədri İrena Kutsina səmimi qəbula görə təşəkkürünü
bildirərək, rəhbərlik etdiyi qurumun fəaliyyəti, konstitusiya nəzarətinin həyata
keçirilməsi sahəsində formalaşmış təcrübə, habelə, vətəndaşların konstitusion
hüquqlarının müdafiəsi istiqamətində qəbul olunan qərarlar barədə ətraflı məlumat
verib.
Xanım
sədr qeyd edib ki, konstitusiya ədalət mühakiməsi orqanlarının qarşısında duran
ortaq məsələlər ətrafında geniş müzakirə və fikir mübadiləsinin aparılması
olduqca faydalıdır.
Daha
sonra hər iki ölkənin Konstitusiya Məhkəmələrinin hakimləri və Aparatlarının məsul
əməkdaşlarının iştirakı ilə formalaşmış məhkəmə təcrübəsi, konstitusiya nəzarətinin
aktual məsələləri, Konstitusiyada təsbit edilmiş hüquq və azadlıqların müdafiəsinin
müasir mexanizmləri, rəqəmsal transformasiya şəraitində məhkəmə fəaliyyətinin təşkili,
süni intellekt texnologiyalarının tətbiqi, məhkəmə təcrübəsinin vahidliyinin təmin
edilməsi, eləcə də qarşılıqlı maraq doğuran digər hüquqi məsələlər ətrafında
geniş fikir mübadiləsi aparılıb.
Görüş
iştirakçıları ikitərəfli əməkdaşlığın gələcəkdə də davam etdirilməsinin mütərəqqi
hüquqi yanaşmalar əsasında konstitusiya nəzarətinin səmərəliliyinin artırılmasına
mühüm töhfə verəcəyini bildiriblər.
Görüşün sonunda qonaqlar məhkəmənin binası ilə tanış olub, xatirə fotoşəkilləri çəkdiriblər.
