AZƏRBAYCAN RESPUBLİKASI ADINDAN
AZƏRBAYCAN
RESPUBLİKASI
KONSTİTUSİYA
MƏHKƏMƏSİNİN
QƏRARI
Azərbaycan Respublikasının Milli Məclisinə seçkilər üzrə birmandatlı 26 saylı Birinci Nəsimi seçki dairəsində
1999-cu il fevralın 21-də keçirilmiş yeni seçkilərin nəticələrinin yoxlanılması və təsdiqi haqqında
26
fevral 1999-cu il
Bakı şəhəri
Azərbaycan
Respublikasının Konstitusiya Məhkəməsi X.Hacıyevin (Sədr), hakimlər: F.Babayev,
B.Qəribov (məruzəçi-hakim), R.Qvaladze, E.Məmmədov, S.Salmanova, Ə.Sultanovdan
ibarət tərkibdə,
məhkəmə
katibi V.Zeynalovun,
Azərbaycan
Respublikası Mərkəzi Seçki Komissiyasının sədri C.Vəliyevin, MSK-nın katibi
İ.Abbasovun, deputat seçilmək haqqında vəsiqə almış Z.Sərdarovun iştirakı ilə
Azərbaycan Respublikası Konstitusiyasının 86 və 130-cu maddəsinin V hissəsinə
müvafiq olaraq açıq məhkəmə iclasında xüsusi konstitusiya icraatı üsulunda Azərbaycan
Respublikasının Milli Məclisinə seçkilər üzrə birmandatlı 26 saylı Birinci Nəsimi
seçki dairəsində 1999-cu il fevralın 21-də keçirilmiş yeni seçkilərin nəticələrinin
elan edilməsi haqqında Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının 24
fevral 1999-cu il tarixli 106/404 saylı qərarına əsasən yeni seçkilərin nəticələrinin
yoxlanılması və təsdiqi haqqında konstitusiya işinə baxdı.
Hakim
B.Qəribovun məruzəsini, xüsusi konstitusiya icraatında maraqlı subyektin qanuni
nümayəndəsi İ.Abbasovun çıxışını dinləyib, müzakirə edərək Azərbaycan
Respublikasının Konstitusiya Məhkəməsi
MÜƏYYƏN ETDİ:
''Azərbaycan
Respubikasının Milli Məclisinə seçkilər haqqında'' Azərbaycan Respublikası
Qanununun 74 və 80-ci maddələrinə əsasən 21 fevral 1999-cu il tarixdə
birmandatlı 26 saylı Birinci Nəsimi seçki dairəsində yeni seçkilər
keçirilmişdir. Seçki ilə əlaqədar Mərkəzi Seçki Komissiyası tərəfindən
Konstitusiya Məhkəməsinə 26 saylı Birinci Nəsimi birmandatlı seçki dairəsi üzrə
Azərbaycan Respublikasının Milli Məclisinə seçkilərin nəticələri haqqında dairə
seçki komissiyasının 21 fevral 1999-cu il tarixli protokolu, Azərbaycan
Respublikası Milli Məclisinin deputatlığına namizəd Sərdarov Zakir Həsən
oğlunun şəxsi vərəqəsi, 26 saylı Birinci Nəsimi seçki dairəsinin Azərbaycan
Respublikası Milli Məclisinə deputatlığa namizədlərin qeydə alınması haqqında
Dairə seçki komissiyasının 21 fevral 1999-cu il tarixli 4 saylı protokolu, Azərbaycan
Respublikasının Milli Məclisinə seçkilər üzrə birmandatlı 26 saylı Birinci Nəsimi
seçki dairəsində yeni seçkilər üçün deputatlığa namizəd göstərilmiş şəxslərin
siyahısının elan edilməsi haqqında Azərbaycan Respublikası Mərkəzi Seçki
Komissiyasının 28 yanvar 1999-cu il tarixli 104/397 saylı və Azərbaycan
Respublikasının Milli Məclisinə seçkilər üzrə birmandatlı 26 saylı Birinci Nəsimi
seçki dairəsində 1999-cu il fevralın 21-də keçirilmiş yeni seçkilərin nəticələrinin
elan edilməsi haqqında Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının 24
fevral 1999-cu il tarixli 106/404 saylı qərarları təqdim edilmişdir. Sənədlərdən
məlum olur ki, seçki dairəsinin 39 seçki məntəqəsində seçici siyahılarına daxil
edilmiş 47 620 seçicinin 31 494 nəfəri, yaxud 66,01 faizi səsvermədə iştirak
etmişdir. Onların 24 266 nəfəri, yaxud 77,5 faizi Azərbaycan Respublikası Milli
Məclisi deputatlığına namizədlərdən Zakir Həsən oğlu Sərdarovun lehinə səs
vermişdir. Bu isə ''Azərbaycan Respublikasının Milli Məclisinə seçkilər
haqqında'' Azərbaycan Respublikası Qanununun 74-cü maddəsi ilə müəyyənləşdirilmiş
şərtlərə uyğundur. Təqdim olunmuş sənədlərdən görünür ki, Mərkəzi Seçki
Komissiyası tərəfindən ''Azərbaycan Respublikasının Milli Məclisinə seçkilər
haqqında'' Azərbaycan Respublikası Qanununun 78-ci maddəsinin tələblərinə də
riayət edilmişdir.
Azərbaycan
Respublikasının Konstitusiya Məhkəməsi Azərbaycan Respublikası
Konstitusiyasının 130-cu maddəsinin VI hissəsini, ''Konstitusiya Məhkəməsi
haqqında'' Azərbaycan Respublikası Qanununun 72, 75, 76, 78, 81, 83, 85-ci maddələrini
rəhbər tutaraq
QƏRARA ALDI:
1.
Azərbaycan Respublikasının Milli Məclisinə seçkilər üzrə birmandatlı 26 saylı
Birinci Nəsimi seçki dairəsində 21 fevral 1999-cu il tarixdə keçirilmiş yeni
seçkilərin nəticələri bütövlükdə təsdiq edilsin.
2.
Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin bu qərarı elan edildiyi gündən
qüvvəyə minir.
3.
Qərar 3 gün müddətində “Azərbaycan'' qəzetində dərc edilsin.
4.
Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin qərarı qətidir, heç bir orqan
və ya vəzifəli şəxs tərəfindən ləğv edilə, dəyişdirilə və yaxud təfsir edilə
bilməz.