Постановления

25.09.26 Azərbaycan Respublikası Mülki Məcəlləsinin 140, 181, 182, 314 və 650-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsi ilə bağlı Bakı Apellyasiya Məhkəməsinin müraciətinə dair QƏRARDAD

 

AZƏRBAYCAN RESPUBLİKASI ADINDAN

 

Azərbaycan Respublikası

Konstitusiya Məhkəməsi Plenumunun

 

Q Ə R A R D A D I

 

 

Azərbaycan Respublikası Mülki Məcəlləsinin 140, 181, 182, 314 və 650-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsi ilə bağlı Bakı Apellyasiya Məhkəməsinin müraciətinə dair

 

 

25 sentyabr 2026-cı il                                                                            Bakı şəhəri

 

Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu Fərhad Abdullayev (sədr), Humay Əfəndiyeva, Rauf Quliyev, Otari Qvaladze (məruzəçi-hakim), Fikrət Məmmədov, İsa Nəcəfov, Rəşid Rzayev, Fərhad Tutayuk və Xanlar Vəliyevdən ibarət tərkibdə,

məhkəmə katibi Fəraid Əliyevin iştirakı ilə,

Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin VI hissəsinə, “Konstitusiya Məhkəməsi haqqında” Azərbaycan Respublikası Qanununun 27.2 və 33-cü maddələrinə və Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Daxili Nizamnaməsinin 39-cu maddəsinə müvafiq olaraq, xüsusi konstitusiya icraatının yazılı prosedur qaydasında keçirilən məhkəmə iclasında Bakı Apellyasiya Məhkəməsinin müraciəti əsasında Azərbaycan Respublikası Mülki Məcəlləsinin 140, 181, 182, 314 və 650-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair konstitusiya işinə baxdı. 

İş üzrə hakim O.Qvaladzenin məruzəsini, maraqlı subyektlər Bakı Apellyasiya Məhkəməsinin müraciətini və Azərbaycan Respublikası Milli Məclisi Aparatının mülahizəsini, Azərbaycan Respublikasının Ali Məhkəməsi, Naxçıvan Muxtar Respublikasının Ali Məhkəməsi, Sumqayıt Apellyasiya Məhkəməsi, Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti, Hüquqi Ekspertiza və Qanunvericilik Təşəbbüsləri Mərkəzi, Azərbaycan Respublikasının Vəkillər Kollegiyası tərəfindən təqdim olunmuş mütəxəssis mülahizələrini, ekspertlər Bakı Dövlət Universitetinin Hüquq fakültəsinin Mülki hüquq kafedrasının müdiri, hüquq üzrə fəlsəfə doktoru, dosent Ş.Yusifov və həmin kafedranın müəllimi, hüquq elmləri doktoru, dosent  A.Qədirovun rəyini və iş materiallarını araşdırıb müzakirə edərək, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu

 

 

M Ü Ə Y Y Ə N   E T D İ:

 

 

Bakı Apellyasiya Məhkəməsi Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinə (bundan sonra – Konstitusiya Məhkəməsi) müraciət edərək Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra – Mülki Məcəllə) 140, 181, 182, 314 və 650-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsini xahiş etmişdir. 

Müraciətdə rəsmi reyestrdə qeydiyyata alınmış daşınar əşyalara münasibətdə vicdanlı əldəetmə məsələlərinin Mülki Məcəllənin 182 və ya 140-cı maddəsi (və əlaqəli digər maddələri, xüsusilə 148 və 149-cu maddələri) əsasında həll edilməli olması, daşınmaz əmlakın dövlət reyestrinə etimad prinsipi ilə bağlı normaların analogiya qaydasında rəsmi reyestrdə qeydiyyata alınmış daşınar əşyalarla bağlı tətbiqinin mümkünlüyü ilə əlaqədar təcrübədə qeyri-müəyyənliyin olduğu bildirilmişdir.

Müraciətedən qeyd etmişdir ki, bu kateqoriya işlər üzrə məhkəmə təcrübəsində vahid yanaşma formalaşmamışdır.

Belə ki, bəzi hüquq tətbiqedənlərin mövqeyinə əsasən dövlət tərəfindən aparılan rəsmi qeydiyyat sisteminə etimad (bu prinsip Mülki Məcəllənin 140 və 314-cü maddələrində əks olunmuşdur) hüquqi müəyyənlik prinsipinin tərkib hissəsi olmaqla vicdanlı əldə edən şəxslərin müdafiəsini təmin etməlidir. Əgər şəxs dövlət orqanı tərəfindən aparılan rəsmi qeydiyyatda özgəninkiləşdirəni mülkiyyətçi qismində görmüş və həmin məlumata əsaslanaraq əmlakı əldə etmişdirsə, onun vicdanlılığı hüquqi müdafiə ilə təmin olunmalıdır.

Həmin yanaşmaya görə rəsmi reyestrdə qeydiyyata alınmalı olan daşınar əşyalar üzərində hüquqların əldə edilməsi zamanı dövlət tərəfindən aparılan qeydiyyata etimad mülki dövriyyənin sabitliyinin və hüquqi müəyyənliyin mühüm təminatlarından biridir.

Digər yanaşmaya görə daşınar əşyaların dövlət qeydiyyatına alınması onların hüquqi təbiətini dəyişdirmir, həmin əşyalar daşınar əşya olaraq qalır və onlara münasibətdə Mülki Məcəllənin 181 və 182-ci maddələrindəki qaydalar tətbiq edilməlidir.

Bakı Apellyasiya Məhkəməsi qeyd olunan hüquqi qeyri-müəyyənliyin aradan qaldırılması üçün Mülki Məcəllənin müvafiq maddələrinin qarşılıqlı əlaqədə şərh olunmasının zəruriliyi qənaətinə gələrək Konstitusiya Məhkəməsinə müraciət etmişdir.

Konstitusiya Məhkəməsinin Plenumu müraciətdə qaldırılan məsələyə münasibətdə ilk növbədə qeyd edir ki, hüquqi dövlətin əsas elementlərindən biri mülkiyyət hüququnun etibarlı müdafiəsinin təmin edilməsidir.

Azərbaycan Respublikası Konstitusiyasının (bundan sonra – Konstitusiya) 13-cü maddəsinin I hissəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur.

Konstitusiyanın 29-cu maddəsinin II hissəsinə görə mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur.

Konstitusiya Məhkəməsinin əvvəlki qərarlarında formalaşdırılmış hüquqi mövqeyə əsasən mülkiyyət hüququ yalnız iqtisadi dəyərə malik əmlak üzərində hakimiyyət deyil, həm də fərdin azadlığının, iqtisadi təhlükəsizliyinin və şəxsi inkişafının əsas təminatlarından biridir, mülkiyyət hüququna müdaxilə yalnız qanunda açıq şəkildə nəzərdə tutulduğu hallarda və mütənasiblik prinsipinə riayət edilməklə həyata keçirilə bilər.

Belə ki, Konstitusiyanın 71-ci maddəsinin II hissəsinə, habelə “Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının həyata keçirilməsinin tənzimlənməsi haqqında” Azərbaycan Respublikası Konstitusiya Qanununun 3.1 və 3.4-cü maddələrinə müvafiq olaraq əsas insan hüquq və azadlıqları yalnız qanunla məhdudlaşdırıla bilər, insan hüquqlarına və ya azadlıqlarına qoyulan məhdudiyyətlər qanuni məqsədə yönəlməli və həmin məqsədə mütənasib olmalıdır.

Eyni zamanda Konstitusiya ilə qorunan digər mühüm hüquqi dəyər hüquqi müəyyənlik prinsipidir. Bu prinsip tələb edir ki, ictimai münasibətlərin iştirakçıları qüvvədə olan tənzimetmənin hüquqi nəticələrini qabaqcadan görə, davranışlarını buna uyğun nizamlaya və dövlət tərəfindən yaradılmış hüquqi mexanizmlərə etimad göstərə bilsinlər. Bununla belə, nəzərə alınmalıdır ki, hüquqi müəyyənlik prinsipi nöqteyi-nəzərindən də mülkiyyət hüququ yalnız qanunla aşkar şəkildə nəzərdə tutulmuş istisna hallarda məhdudlaşdırıla bilər. Belə hallardan biri mülki qanunvericiliyin əhəmiyyətli prinsiplərindən olan mülki münasibətlərdə vicdanlılığın qorunması prinsipi ilə bağlıdır.

Konstitusiya Məhkəməsinin Plenumu hesab edir ki, müraciətdə qaldırılmış məsələ mülki hüquqda əşyaların daşınar və daşınmaz əşya olaraq fərqləndirilməsi, bu fərqləndirmədən irəli gələrək əşyaların hüquqi rejiminin, o cümlədən əşyaya mülkiyyət hüququnun əldə edilməsi, həyata keçirilməsi və ona xitam verilməsinin qanunvericilikdə fərqli qaydada tənzimlənməsi ilə bağlı olduğundan, Mülki Məcəllənin aidiyyəti normaları nəzərdən keçirilməlidir.

Mülki Məcəllənin daşınmaz əmlaka mülkiyyət hüququnun əldə edilməsini tənzimləyən 178.1-ci maddəsinə görə daşınmaz əmlaka mülkiyyət hüququ qanunla müəyyənləşdirilmiş əsaslarla onun verilməsinin daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığı andan əldə edənə keçir.

Bundan fərqli olaraq, Mülki Məcəllənin daşınar əşyalara mülkiyyət hüququnun əldə edilməsinin əsaslarını müəyyən edən 181.1-ci maddəsinə görə daşınar əşyaya mülkiyyət hüququnun əldə edənə verilməsi üçün mülkiyyətçi əşyaya sahibliyi həqiqi hüquq əsasında ona verməlidir. Əşyanın verilməsi isə bunlardır: əşyanın əldə edənin birbaşa sahibliyinə verilməsi, əşyaya dolayı sahibliyin müqavilə üzrə verilməsi, mülkiyyətçinin üçüncü şəxsdən sahibliyi tələb etmək hüququnu əldə edənə verməsi (Mülki Məcəllənin 181.2-ci maddəsi). Mülki Məcəllənin 181.4-cü maddəsinə müvafiq olaraq, mülkiyyətçisi olan əmlaka mülkiyyət hüququ başqa şəxs tərəfindən alğı-satqı, dəyişdirmə, bağışlama müqaviləsi və ya bu əmlakın özgəninkiləşdirilməsinə dair digər əqd əsasında əldə edilə bilər.

Yuxarıdakı normaların məzmunundan görünür ki, daşınar əşya üzərində mülkiyyət hüququnun əldə olunması üçün hüquqi əsas (alğı-satqı, dəyişdirmə, bağışlama müqaviləsi və ya əmlakın özgəninkiləşdirilməsinə dair digər əqd) mövcud olmaqla yanaşı, daşınar əşya üzərində sahibliyin verilməsi də mütləqdir.

 

Artıq qeyd olunduğu kimi, daşınmaz əmlak üzərində hüquqların yaranması, bir qayda olaraq (vərəsəlik və s. hallar istisna olmaqla) dövlət reyestrində aparılmış qeydiyyatla əlaqələndirilmişdir ki, bu baxımdan daşınmaz əmlakın dövlət reyestri hüquqyaradıcı funksiyaya malikdir.

Mülki Məcəllənin 139-cu maddəsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır.

“Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq daşınmaz əmlak üzərində hüquqların ilkin qeydiyyatı üzərində hüquqların reyestrdə qeydiyyata alınmadığı, o cümlədən daşınmaz əmlakın birləşməsi, ayrılması və bölünməsi nəticəsində yeni yaranmış əmlaka dair hüquqların ilk dəfə əmələ gəlməsinin dövlət tərəfindən tanınmasıdır; daşınmaz əmlak üzərində hüquqların təkrar qeydiyyatı isə reyestrdə qeydiyyata alınmış daşınmaz əmlaka dair hüquqların özgəninkiləşdirilməsi və ya yüklü edilməsi nəticəsində yaranan hüquqların dövlət tərəfindən tanınmasıdır (1.0.2-2 və 1.0.2-3-cü maddələr).

Bundan fərqli olaraq, bəzi daşınar əşyaların qeydiyyatı müvafiq hüquqi əsas üzrə artıq yaranmış olan hüquqların dövlət uçotuna alınmasına və bir sıra digər məqsədlərə xidmət edir.

Belə ki, Mülki Məcəlləyə, “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanununa və digər qanunvericilik aktlarına uyğun olaraq hazırlanmış və Azərbaycan Respublikası Prezidentinin 2007-ci il 11 aprel tarixli 564 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Daşınar əmlakın rəsmi reyestrləri, onların tərtib edilməsi və aparılması” Qaydalarının  1.2-ci bəndinə əsasən, reyestrlərin tərtib edilməsi və aparılması hər bir növ daşınar əmlak, onun əmələ gəlməsi (istehsalı), həmin əmlak üzərində mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi, məhdudlaşdırılması (yüklənməsi), başqasına keçməsi və bu hüquqlara xitam verilməsi barəsində məlumatların reyestrlərə daxil edilməsindən, bu məlumatların təzələnməsindən və ya silinməsindən ibarətdir.

Nəqliyyat vasitələrinin dövlət qeydiyyatının digər mühüm məqsədləri “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən olunur. Həmin Qanunun  27-ci maddəsinin I hissəsinə görə, dövlət qeydiyyatı nəqliyyat vasitələrinin konstruksiyasının, texniki vəziyyətinin və avadanlığının qəbul olunmuş təhlükəsizlik qaydalarına uyğun olması, nəqliyyat vasitələrinin istifadə olunması və ya çıxdaş edilməsi zamanı uçot göstəricilərində dəyişiklik aparılması, nəqliyyat vasitələrinin hərbi mükəlləfiyyətinin müəyyən olunması, nəqliyyat vasitələrinin sahibləri tərəfindən rüsumların, yol hərəkəti, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və avtomobil yollarından istifadə qaydaları əleyhinə olan inzibati xətalara görə tətbiq edilmiş inzibati cərimələrin və ya vergilərin, yaxud ödənclərin ödənilməsi, eləcə də nəqliyyat vasitələrinin mərkəzləşdirilmiş şəkildə və regionlar üzrə uçota alınması, avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortasının və sərnişin daşımaları xidmətini həyata keçirən avtonəqliyyat vasitələri ilə daşınan sərnişinlərin (şəhərdaxili və ya qəsəbədaxili daşınan sərnişinlər istisna olmaqla) fərdi qəza sığortasının təmin edilməsi, həmçinin cinayətkarlığa və digər hüquqpozmalara qarşı mübarizə aparılması məqsədi ilə həyata keçirilir.

 Göründüyü kimi, qanunverici daşınar əşyaların, o cümlədən nəqliyyat vasitələrinin qeydiyyatını artıq mövcud olan hüquq barədə məlumatların qeydiyyatı, uçota alınması kimi nəzərdə tutmuşdur. Bu baxımdan, daşınar əmlakın rəsmi reyestrləri hüquqtəsdiqedici funksiya yerinə yetirir.

Müraciətdə reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə onun həqiqiliyi və tamamlığı prezumpsiyasının qüvvədə olmasını təsbit edən Mülki Məcəllənin 140-cı maddəsinin qeydiyyata alınan daşınar əşyalara münasibətdə hüquqi qüvvəsi ilə bağlı qaldırılmış məsələ ilə əlaqədar Konstitusiya Məhkəməsinin Plenumu qeyd edir ki, bu norma Mülki Məcəllənin “Əmlak və əşya hüququ” bölməsində yer almaqla əşya hüquqlarının rəsmi reyestrindəki məlumatların düzgün hesab edildiyinə dair prezumpsiyanı bəyan edir.

Lakin nəzərə alınmalıdır ki, reyestr məlumatlarının düzgün hesab edilməsi ilə bağlı prezumpsiya və vicdanlı əldə edən şəxslərin hüquqlarının müdafiəsi ayrı-ayrı hüquqi institutlar olmaqla fərqli tənzimetməni ehtiva edirlər. Reyestrdəki məlumatların düzgünlüyü prezumpsiyası həmin məlumatların ilkin olaraq etibarlı hesab olunmasını təmin edir. Vicdanlı əldə edənin hüquqlarının müdafiəsi isə müəyyən hallarda əşyanın əvvəlki mülkiyyətçisinin mülkiyyət hüququnun itirilməsi ilə nəticələnən hüquqi mexanizmdir.

Bu səbəbdən Mülki Məcəllənin 140-cı maddəsinin mövcudluğu özlüyündə qeydiyyata alınan daşınar əşyalara münasibətdə daşınmaz əşyalar üçün müəyyən edilmiş vicdanlı əldəetmə rejiminin tətbiqinə əsas vermir.

Belə ki, qanunverici əşyanın daşınmaz və daşınar olmasından asılı olaraq vicdanlı üçüncü şəxslərin hüquqlarının müdafiəsinin fərqli tənzimetmə qaydalarını müəyyən etmişdir. Mülki Məcəllənin 148.2-ci maddəsində daşınmaz əmlakın dövlət reyestrindəki qeydə əsaslanaraq mülkiyyət hüququ və ya daşınmaz əmlaka başqa hüquqlar əldə etmiş hər bir şəxsin bu hüquqlarının müdafiə edildiyi barədə qanunvericinin iradə ifadəsi açıqca bildirilmişdir. Bunun davamı olaraq həmin Məcəllənin 149-cu maddəsində təsbit olunmuşdur ki, əgər daşınmaz əmlaka hüquqların qeydiyyatı əsassızdırsa və ya əgər düzgün qeydiyyat əsassız çıxarılmışsa və ya dəyişdirilmişsə, bunun nəticəsində daşınmaz əmlaka olan hüquqlarına toxunulmuş istənilən şəxs qeydiyyatın çıxarılması və ya dəyişdirilməsi haqqında iddia qaldıra bilər. Bu zaman vicdanlı üçüncü şəxslərin qeydiyyatla əlaqədar əldə etdikləri hüquqları saxlanılır. Mülki Məcəllənin 140-cı maddəsində həmçinin vicdanlı əldə etməni istisna edən konkret iki hal nəzərdə tutulmuşdur (reyestrdəki qeydə dair etirazın reyestrə daxil edilməsi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bilməsi).

Qanunvericilikdə daşınar əşyalara münasibətdə aidiyyəti tənzimetmə fərqli qaydada müəyyən edilmişdir. Mülki Məcəllənin 182-ci maddəsi ilə daşınar əşyalarda vicdanlı əldə etmə institutunun ümumi əsasları müəyyən edilməklə yanaşı onun tətbiq edilmədiyi hallar da birbaşa nəzərdə tutulmuşdur. Həmin Məcəllənin 182.2-ci maddəsində rəsmi reyestrdə qeydiyyata alınan daşınar əşyalar ayrıca istisna hal kimi nəzərdə tutulmamışdır. Eyni zamanda, daşınmaz əmlakın dövlət reyestrinə əsaslanan vicdanlı üçüncü şəxslərin hüquqlarının müdafiəsini nəzərdə tutan 148.2 və 149.2-ci maddələrin rəsmi reyestrdə qeydiyyata alınan daşınar əşyalara şamil olunmasına dair də hər hansı ümumi müddəa mövcud deyildir. Bu hal qanunda boşluğun mövcudluğunu deyil, qanunvericinin daşınar və daşınmaz əşyaların hüquqi rejimlərini fərqli şəkildə tənzimləməsini göstərir. Bu fərqin əsasını, digər hallarla yanaşı, daşınmaz əmlakın dövlət reyestrinin hüquqyaradıcı funksiyası təşkil edir.

Bununla belə, daşınar əşyaların reyestrlərindəki qeydlər əldə etmənin vicdanlı olub-olmamasının müəyyən edilməsi üçün heç bir əhəmiyyəti olmayan, yalnız formal xarakter daşıyan məlumat kimi qəbul edilməməlidir. Mülki mübahisənin konkret hallarından asılı olaraq belə qeyd vicdanlı əldə etmənin lehinə tutarlı sübut qismində çıxış edə bilər. Eyni zamanda məhkəmə tərəfindən mübahisə ilə bağlı hüquqi nəticəyə gəlmək üçün bu sübut bütün digər sübutlarla əlaqəli şəkildə hərtərəfli araşdırılmalıdır.

Müraciətdə həmçinin Mülki Məcəllənin 314-cü maddəsinə istinad edilmişdir ki, həmin maddəyə əsasən ipoteka və tələb yeni ipoteka saxlayana köhnə ipoteka saxlayan üçün olduğu qaydada keçir və daşınmaz əmlakın dövlət reyestrində və ya daşınar əmlakın rəsmi reyestrində qeydə alınmış məlumatlar ipoteka saxlayanın mənafeləri əsas götürülməklə düzgün hesab edilir.

Normanın sistemli təhlili göstərir ki, qanunverici burada vicdanlı əldəetmə institutunu deyil, ipoteka münasibətlərinin sabitliyini təmin etməyə yönəlmiş xüsusi hüquqi mexanizm müəyyən etmişdir. Maddənin məqsədi ipoteka ilə təmin olunmuş tələbin dövriyyəsi zamanı hüquqi müəyyənliyi təmin etməkdən ibarətdir.

Konstitusiya Məhkəməsinin Plenumu hesab edir ki, Mülki Məcəllənin 314-cü maddəsində nəzərdə tutulmuş prezumpsiya daşınar əmlakın rəsmi reyestrindəki məlumatların müəyyən hüquqi münasibətlər baxımından düzgün hesab edilməsini nəzərdə tutsa da, həmin norma vicdanlı əldə edən şəxsin mülkiyyət hüququ qazanmasını tənzimləmir, daşınar əşyalara münasibətdə rəsmi reyestrdəki məlumatın düzgünlüyünə etimad edən vicdanlı əldə  edənlərin hüquqlarının müdafiəsi məsələləri məhz Mülki Məcəllənin 182-ci maddəsi ilə əhatə olunur. Buna görə də Mülki Məcəllənin 314-cü maddəsi hazırkı müraciətdə qaldırılmış məsələnin həlli üçün müstəqil hüquqi əsas kimi çıxış edə bilməz.

Müraciətdə istinad olunan Mülki Məcəllənin 650-ci maddəsinə əsasən rəsmi reyestrlərdə qeydə alınması tələb edilən daşınar əşyalara daşınmaz əşyaların alğı-satqısı haqqında göstərişlər müvafiq surətdə tətbiq edilir.

Müraciətdə bu normanın daşınmaz əmlaka münasibətdə mövcud olan etimad prinsipinin qeydiyyata alınan daşınar əşyalara da tətbiq olunması üçün hüquqi əsas yaratdığı barədə fikir irəli sürülmüşdür.

Konstitusiya Məhkəməsinin Plenumu qeyd edir ki, Mülki Məcəllənin sistemli quruluşu baxımından 650-ci maddə öhdəlik hüququ institutuna aid normadır və daşınar əşyaların alğı-satqısı ilə bağlı məsələləri tənzimləyir. Bu maddə əşya hüquqlarının, o cümlədən mülkiyyət hüququnun əldə edilməsi qaydasını nəzərdə tutmur.

Öhdəlik hüququ konkret şəxslər arasında yaranan nisbi hüquqları, əşya hüququ isə şəxsin əşya üzərində birbaşa hakimiyyətini ifadə edən və qeyri-müəyyən şəxslər dairəsinə qarşı müdafiə olunan mütləq hüquqları tənzimləyir. Bu baxımdan, istənilən hüquqi institutun və konkret olaraq vicdanlı əldə etmə institutunun aid olduğu sahə tənzimlədiyi münasibətin hüquqi mahiyyətindən asılıdır.

Vicdanlı əldə etmə institutu alğı-satqı müqaviləsinin bağlanması ilə deyil, əşya üzərində mülkiyyət hüququnun əldə edilməsi ilə bağlı olduğundan, məhz əşya hüququ sahəsinə aiddir. Bu səbəbdən Mülki Məcəllənin 650-ci maddəsi öhdəlik hüququna aid olmaqla onun vicdanlı əldə etmə institutunun tənzimləyici norması kimi qəbul edilməsi mümkün deyil.

Yuxarıdakılardan göründüyü kimi, qanunverici daşınmaz əmlaka dair dövlət reyestrinin məlumatlarına güvənən vicdanlı əldə edənlərin hüquqlarının müdafiəsinə yönəlmiş xüsusi qaydalar müəyyən etmiş, eyni zamanda daşınar əşyalara mülkiyyət hüququnun əldə edilməsi zamanı vicdanlı əldə etmənin istisna edildiyi halları ayrıca və konkret şəkildə tənzimləmişdir. Bu baxımdan, daşınmaz əmlakın dövlət reyestrinə etimad əsasında vicdanlı əldə edənlərin müdafiəsini nəzərdə tutan xüsusi qaydaların daşınar əşyalara analogiya əsasında tətbiq edilməsi üçün qanunvericilikdə nəzərdə tutulmuş zəruri əsaslar mövcud deyildir.

Belə ki, “Normativ hüquqi aktlar haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununun 13.3-cü maddəsinə görə mülki hüquq münasibətləri mülki qanunvericiliklə və ya tərəflərin razılaşması ilə birbaşa tənzimlənmədikdə və onlara tətbiq edilə bilən işgüzar adət olmadıqda həmin münasibətlərə, əgər bu onların mahiyyətinə zidd deyildirsə, oxşar münasibətləri tənzimləyən mülki qanunvericilik normaları tətbiq edilir. Eyni məzmunda norma həmçinin Mülki Məcəllədə öz əksini tapmışdır (11.1-ci maddə). Həmin Məcəllənin 11.4-cü maddəsi isə xüsusi münasibətləri tənzimləyən mülki qanunvericilik müddəalarının (istisna normaların) analogiya üzrə tətbiqini qadağan edir.

Göstərilənlərə əsasən, Konstitusiya Məhkəməsinin Plenumu belə nəticəyə gəlir ki, Bakı Apellyasiya Məhkəməsinin müraciətində qaldırılan hüquqi məsələnin Mülki Məcəllənin müvafiq normalarına uyğun həll edilməsi mümkün olduğundan hazırkı vəziyyətdə müraciət üzrə Konstitusiya Məhkəməsi Plenumunun ayrıca qərarının qəbul edilməsinə ehtiyac yoxdur.

Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin VI hissəsini və “Konstitusiya Məhkəməsi haqqında” Azərbaycan Respublikası Qanununun 49, 60, 62, 68 və 69.2-ci maddələrini rəhbər tutaraq, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu

 

 

Q Ə R A R A   A L D I:

 

 

1.  Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun bu Qərardadının təsviri-əsaslandırıcı hissəsində əks olunmuş hüquqi mövqelər nəzərə alınsın.

2.  Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun bu Qərardadının təsviri-əsaslandırıcı hissəsində göstərilənlərə əsasən Bakı Apellyasiya Məhkəməsinin müraciəti üzrə əlavə qərar qəbul edilməsinə ehtiyac olmadığından konstitusiya işinin icraatına xitam verilsin.

3.  Qərardadın surəti 7 gün müddətində Bakı Apellyasiya Məhkəməsinə göndərilsin.

4.  Qərardad “Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Məlumatı”nda dərc edilsin və Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin rəsmi internet saytında yerləşdirilsin.

 

 

 

 

 

Sədr                                                                                                  Fərhad Abdullayev