Постановления

23.01.26 Azərbaycan Respublikası Konstitusiyasının 80-ci maddəsi baxımından Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 14.2 və 228.1-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair

 

 

AZƏRBAYCAN RESPUBLİKASI ADINDAN

 

Azərbaycan Respublikası

Konstitusiya Məhkəməsi Plenumunun

 

Q Ə R A R I 

 

 

Azərbaycan Respublikası Konstitusiyasının 80-ci maddəsi baxımından Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 14.2 və 228.1-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair

 

  

23 yanvar 2026-cı il                                                                               Bakı şəhəri

 

Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu Fərhad Abdullayev (sədr), Humay Əfəndiyeva, Rauf Quliyev, Otari Qvaladze, Fikrət Məmmədov (məruzəçi-hakim), İsa Nəcəfov, Rəşid Rzayev, Fərhad Tutayuk və Xanlar Vəliyevdən ibarət tərkibdə,

məhkəmə katibi Fəraid Əliyevin iştirakı ilə,

Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin IV hissəsinə, “Konstitusiya Məhkəməsi haqqında” Azərbaycan Respublikası Qanununun 27.2 və 32-ci maddələrinə və Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Daxili Nizamnaməsinin 39-cu maddəsinə müvafiq olaraq, xüsusi konstitusiya icraatının yazılı prosedur qaydasında keçirilən məhkəmə iclasında Azərbaycan Respublikası Prokurorluğunun sorğusu əsasında Azərbaycan Respublikası Konstitusiyasının 80-ci maddəsi baxımından Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 14.2 və 228.1-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair konstitusiya işinə baxdı.

İş üzrə hakim F.Məmmədovun məruzəsini, maraqlı subyektlər Azərbaycan Respublikası Prokurorluğunun sorğusunu və Azərbaycan Respublikası Milli Məclisi Aparatının mülahizəsini, Azərbaycan Respublikasının Ali Məhkəməsi, Bakı Apellyasiya Məhkəməsi, Azərbaycan Respublikasının Vəkillər Kollegiyası tərəfindən təqdim olunmuş mütəxəssis mülahizələrini, ekspert Bakı Dövlət Universitetinin Hüquq fakültəsinin Cinayət hüququ və kriminologiya kafedrasının dosenti, hüquq üzrə fəlsəfə doktoru M.Bayramovanın rəyini və iş materiallarını araşdırıb müzakirə edərək, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu

 

MÜƏYYƏN  ETDİ:

 

Azərbaycan Respublikasının Prokurorluğu (bundan sonra – Prokurorluq) Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinə (bundan sonra – Konstitusiya Məhkəməsi) sorğu ilə müraciət edərək Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra – Cinayət Məcəlləsi) 14.2 və 228.1-ci maddələrinin Azərbaycan Respublikası Konstitusiyasının (bundan sonra – Konstitusiya) preambulasında öz əksini tapan qanunun aliliyinin əsas elementlərindən biri kimi hüquqi müəyyənlik prinsipi və Konstitusiyanın 80-ci maddəsi baxımından şərh olunmasını xahiş etmişdir.

Sorğuda göstərilmişdir ki, qanunsuz olaraq az sayda, əsasən bir və ya iki ədəd döyüş sursatını əldə etmə, başqasına vermə, saxlama, daşıma və ya gəzdirmə əməlinin Cinayət Məcəlləsinin 228.1-ci maddəsi üzrə tövsif olunması ilə bağlı məhkəmə təcrübəsində fərqli mövqelər mövcuddur.

Bəzi hüquq tətbiqedənlər hesab edirlər ki, qanunsuz olaraq bir və ya iki ədəd döyüş sursatını əldə etmə, başqasına vermə, saxlama, daşıma və ya gəzdirmə əməli Cinayət Məcəlləsinin 228.1-ci, ağırlaşdırıcı hallarda törədildiyi təqdirdə isə 228.2-ci maddəsində nəzərdə tutulan cinayət tərkibini yaratdığından, həmin əməlləri törətmiş şəxslər cinayət qanunvericiliyinə əsasən cinayət məsuliyyətinə cəlb edilməlidirlər.

Digər mövqenin tərəfdarları isə Cinayət Məcəlləsinin 14.2-ci maddəsinə istinad etməklə hesab edirlər ki, az sayda döyüş sursatını qanunsuz olaraq əldə etmə, başqasına vermə, saxlama, daşıma və ya gəzdirmə əməlində Cinayət Məcəlləsinin 228.1-ci maddəsində nəzərdə tutulmuş cinayətin əlamətləri formal cəhətdən mövcud olsa da, az əhəmiyyətli olduğuna görə ictimai təhlükəli sayılmayan, yəni şəxsiyyətə, cəmiyyətə və yaxud dövlətə zərər yetirməyən və ya zərər yetirmək təhlükəsi yaratmayan əməl olduğundan cinayət hesab edilmir və həmin əməli törətmiş şəxslər cinayət məsuliyyətinə cəlb edilə bilməzlər.

Bir neçə cinayət işinə istinadən Prokurorluq qeyd etmişdir ki, bəzi hallarda bir ədəd patronu qanunsuz əldə edib saxlamasına görə şəxs Cinayət Məcəlləsinin 228.1-ci maddəsi ilə təqsirli bilinərək barəsində ittiham hökmü çıxarılmışdır. Bununla yanaşı, mövcud məhkəmə təcrübəsində bu cür işlər üzrə birinci instansiya məhkəmələri tərəfindən Cinayət Məcəlləsinin 14.2-ci maddəsinə əsaslanmaqla bəraət hökmlərinin çıxarılması, həmçinin birinci instansiya məhkəmələri tərəfindən barələrində ittiham hökmü çıxarılmış şəxslərə müdafiə tərəfinin apellyasiya şikayətləri əsasında bəraət verilməsi, Azərbaycan Respublikasının Ali Məhkəməsi tərəfindən belə hökmlərin qüvvədə saxlanılması hallarına da rast gəlinir.

Sorğuverən hesab etmişdir ki, fərqli hüquqi mövqeləri əks etdirən məhkəmə qərarları Cinayət Məcəlləsinin 14.2 və 228.1-ci maddələrinin tətbiqi ilə bağlı qeyri-müəyyənliyə səbəb olduğundan, hüquq tətbiqetmə təcrübəsində ziddiyyətlərin aradan qaldırılması, cinayət qanunvericiliyi normalarının eyni qaydada tətbiqinin və hüquqi müəyyənlik prinsipinin təmin edilməsi məqsədi ilə sorğuda göstərilən normaların şərh edilməsinə zərurət yaranmışdır.

Konstitusiya Məhkəməsinin Plenumu sorğu ilə əlaqədar aşağıdakıların qeyd olunmasını zəruri hesab edir.

Konstitusiyanın 80-ci maddəsinə əsasən Konstitusiyanın və qanunların pozulması, o cümlədən Konstitusiyada və qanunlarda nəzərdə tutulan hüquqlardan sui-istifadə və ya vəzifələrin yerinə yetirilməməsi qanunla müəyyən edilən məsuliyyətə səbəb olur.

Nəzərə alınmalıdır ki, bu maddədə öz əksini tapan “qanunla müəyyən edilən” müddəası məsuliyyətə səbəb olan əməlin və onun hüquqi nəticələrinin qanunda göstərilməsi ilə yanaşı, aydın və birmənalı şəkildə müəyyən edilməli olmasını da nəzərdə tutur. Məsuliyyətlə bağlı hüquqi tənzimləmələr hüquqi müəyyənlik prinsipinin tələblərinə uyğun olaraq elə şəkildə həyata keçirilməlidir ki, şəxs qabaqcadan üzərinə düşən öhdəlikləri görməklə davranışını tənzimləyə və əməllərinin hansı hüquqi nəticəyə səbəb olacağını proqnozlaşdıra bilsin.

Həmin maddənin tələblərindən irəli gələrək insan hüquq və azadlıqlarının təminatı məqsədilə qanunvericilikdə cinayət, inzibati xəta və digər əməllərlə bağlı mühafizəedici hüquq normaları müəyyən edilmişdir.

Cinayət Məcəlləsinin 14.1-ci maddəsində cinayətə verilən anlayışa əsasən əməl aşağıdakı xüsusiyyətlərin hər birinə malik olduğu halda cinayət sayılır:

· cinayət qanunvericiliyi ilə cəza təhdidi altında qadağan edilmə;

· ictimai təhlükəli olma;

· təqsirli olaraq törədilmə.

Həmin Məcəllənin 7.1-ci maddəsinə görə yalnız törətdiyi ictimai təhlükəli əmələ (hərəkət və ya hərəkətsizliyə) və onun nəticələrinə görə təqsiri müəyyən olunmuş şəxs cinayət məsuliyyətinə cəlb edilə və cəzalandırıla bilər.

Göründüyü kimi, hər hansı əməlin cinayət hesab edilməsi üçün onun Cinayət Məcəlləsində ayrı-ayrı cinayətlərlə bağlı müəyyən edilmiş tərkib əlamətlərini daşıması ilə yanaşı, eyni zamanda ictimai təhlükəli olması da tələb olunur. Yəni ictimai təhlükəlilik cinayət anlayışının müəyyənedici elementlərindən biri kimi çıxış edir.

Nəzərə alınmalıdır ki, qanunverici cinayət tərkibini (əməlin cinayət sayılması üçün əsas verən zəruri əlamətləri) nəzərdə tutan normaları müəyyən edərkən müvafiq hüquqi dəyəri qorumaq məqsədi güdür.

Belə ki, Cinayət Məcəlləsi sülhü və bəşəriyyətin təhlükəsizliyini təmin etmək, insan və vətəndaş hüquq və azadlıqlarını, mülkiyyəti, iqtisadi fəaliyyəti, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, Azərbaycan Respublikasının konstitusiya quruluşunu cinayətkar qəsdlərdən qorumaq məqsədilə şəxsiyyət, cəmiyyət və dövlət üçün məhz təhlükəli olduğuna görə cinayət sayılan əməllərin dairəsini müəyyən edir (2.1 və 2.2-ci maddələr).  

Bu baxımdan, cinayət qanunvericiliyi qanunla qorunan dəyərləri və ictimai münasibətləri məhz ciddi şəkildə pozan davranışları kriminallaşdırır. Başqa sözlə, cinayət qanunu ilə qorunan obyektlərə əhəmiyyətli zərər vurmaq xüsusiyyəti kimi xarakterizə edilən ictimai təhlükəlilik əməlin kriminallaşdırılmasının əsasını təşkil edir. Odur ki, cinayət qanunvericiliyi ilə cəza təhdidi altında qadağan edilən, yəni müvafiq cinayət tərkibinin bütün əlamətlərini daşıyan əməlin ictimai təhlükəli xarakter daşıması ümumi hüquqi prezumpsiya kimi çıxış edir.  

Bununla belə nəzərə alınmalıdır ki, cinayət tərkiblərini müəyyən edən bir sıra normalar oxşar mahiyyətli bütün hallara tətbiq edilmək üçün nəzərdə tutulan abstrakt normalardır. Belə normaların qəbul edilməsi zamanı isə qanunvericinin konkret hadisələrdə ortaya çıxa biləcək bütün halları və ehtimalları əvvəlcədən nəzərə alaraq tənzimləmə aparması heç də həmişə mümkün olmur.

Belə ki, müəyyən hallarda əməl zahirən cinayət qanununda göstərilən əlamətlərə uyğun gəlsə də, faktiki olaraq ictimai təhlükə daşımaya bilir. Bu səbəbdən Cinayət Məcəlləsinin 14.2-ci maddəsində göstərilmişdir ki, cinayət qanununda nəzərdə tutulmuş hər hansı əməlin (hərəkət və ya hərəkətsizliyin) əlamətləri formal cəhətdən mövcud olsa da, lakin az əhəmiyyətli olduğuna görə ictimai təhlükəli sayılmayan, yəni şəxsiyyətə, cəmiyyətə və yaxud dövlətə zərər yetirməyən və ya zərər yetirmək təhlükəsi yaratmayan əməl (hərəkət və ya hərəkətsizlik) cinayət hesab edilmir.

Göründüyü kimi qanunverici forma (müvafiq cinayət əməlinin əlamətlərinə malik olmaq) və məzmun (ictimai təhlükəlilik) arasındakı uyğunsuzluğu “az əhəmiyyətlilik” kateqoriyası vasitəsilə aradan qaldırmışdır.

 Az əhəmiyyətli əməllər elə əməllərdir ki, onlar məhz ictimai təhlükəlilik xüsusiyyətinə malik olmadıqlarına görə cinayət anlayışı ilə əhatə edilmirlər. İctimai təhlükənin mövcudluğu isə yalnız o halda inkar edilə bilər ki, əməl nəinki şəxsiyyətə, cəmiyyətə, yaxud dövlətə zərər yetirməmiş, həm də zərər yetirmək təhlükəsi belə daşımamış olsun və nəticədə cinayət tərkibini müəyyən edən müvafiq hüquq normasının qoruma sahəsindən kənarda qalsın.

Qeyd edilməlidir ki, belə hüquqi yanaşmanın mövcudluğu cinayət qanunvericiliyinin mühüm prinsiplərindən biri olan ədalət prinsipinin təmin olunmasına xidmət edir. Belə ki, cinayət cəzası insan hüquq və azadlıqlarına müdaxilənin ən ciddi formalarından biri olduğundan, cinayət qanunvericiliyi dövlətin hüquqazidd əmələ reaksiyasının son vasitəsi kimi (ultima ratio) öz təsirini ictimai münasibətlərə yalnız o halda göstərir ki, onların digər sahəvi hüquq normaları vasitəsilə tənzimlənməsi kifayət etməsin.

Əməlin təhlükəliliyi cüzi xarakter daşıdığından şəxsiyyət, dövlət və cəmiyyət üçün real zərər və ya təhlükə yaratmadığı, yəni cinayət məsuliyyəti kimi ağır məsuliyyət növünün tətbiqi üçün əsas verən ictimai təhlükəlilik əlaməti daşımadığı hallarda, belə davranışın cinayət kimi qiymətləndirilməsi cinayət məsuliyyətinin cinayət qanunu ilə qorunan dəyərlərə yetirilmiş zərərə mütənasib olmasına əsaslanan ədalət prinsipinin mahiyyətinə zidd və şəxsin hüquq və azadlıqlarının əsassız məhdudlaşdırılmasına səbəb olmaqla yanaşı, cinayət qanunvericiliyinin məqsəd və vəzifələri ilə də uyğunsuzluq təşkil etmiş olardı.

Qeyd olunmalıdır ki, “az əhəmiyyətlilik” anlayışı qiymətləndirici kateqoriya kimi çıxış edir. Belə qiymətləndirmənin həyata keçirilməsi isə birbaşa cinayətin tövsifi ilə əlaqəli olmaqla, hüquq tətbiqedən orqanların səlahiyyətindədir.

Konstitusiya Məhkəməsinin Plenumu əvvəlki Qərarlarında da göstərmişdir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin faktiki əlamətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan əmələ verilən hüquqi qiymətdir. Onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə, ilk növbədə, işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının seçilməsini və onun məzmununun izah edilməsini tələb edir (“Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 2011-ci il 17 mart tarixli Qərar).

Bununla yanaşı nəzərə alınmalıdır ki, əməldə az əhəmiyyətlilik əlamətinin müəyyən olunması üçün qanunvericiliklə konkret meyarlar tənzimlənməmişdir. Bu da hər bir cinayət hadisəsinin özünəməxsus faktiki hallara malik olması, onların müxtəlifliyi və qabaqcadan proqnozlaşdırıla bilinməməsi səbəbindən qanunda tam şəkildə sadalanmasının qeyri-mümkünlüyü ilə əlaqədardır. Qeyd olunan anlayışın qiymətləndirici mahiyyətli olması isə təcrübədə Cinayət Məcəlləsinin 14.2-ci maddəsinin cinayət işinin müxtəlif hallarını nəzərə alaraq tətbiqi üçün imkan yaradır.

Lakin az əhəmiyyətliliyin qiymətləndirici kateqoriya kimi çıxış etməsi hüquq tətbiqedənlər tərəfindən aparılan qiymətləndirmə həddinin qeyri-məhdud olması və Cinayət Məcəlləsinin Xüsusi hissəsinin müvafiq maddələri ilə müəyyənləşdirilən tərkib əlamətlərini daşıyan əməlin cinayət hesab edilməsi prezumpsiyasının inkar edilməsi kimi başa düşülməməlidir.

Belə ki, əməlin az əhəmiyyətli olub-olmamasının müəyyənləşdirilməsi işin faktiki hallarının tam müəyyən edilməsini, onun obyektini, obyektiv tərəfini, subyektini və subyektiv tərəfini xarakterizə edən bütün əlamətlər üzrə obyektiv və hərtərəfli qiymətləndirmənin aparılmasını zəruri edir. Belə qiymətləndirmə hərəkətin (və ya hərəkətsizliyin) xarakterinin, törədildiyi yer, üsul və şəraitin, motiv və məqsədinin, nəticələrinin və digər əlamətlərinin kompleks şəkildə təhlilinə əsaslanır və ayrılıqda hər hansı faktorun (məsələn, predmetin sayı, maddi dəyəri və s.) qabaqcadan əməlin az əhəmiyyətli hesab edilməsinə əsas verən meyar kimi qəbul olunması istisna edilir.

Cinayət Məcəlləsinin 228.1-ci maddəsi ilə bağlı göstərilməlidir ki, həmin maddəyə əsasən qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini, döyüş sursatı (yivsiz odlu ov silahı və həmin silah üçün döyüş sursatı istisna olmaqla), partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, saxlama, daşıma və ya gəzdirmə cinayət tərkibi kimi müəyyən olunmuşdur.

Bu cinayətin obyekti ilə bağlı qeyd edilməlidir ki, qanunsuz silah dövriyyəsi dövlətin və cəmiyyətin təhlükəsizliyinə real təhdid yaradan və cinayətkarlığın artmasına səbəb olan amillərdən biridir.

Göstərilən əməl qanunverici tərəfindən formal və alternativ tərkibli cinayət kimi müəyyən edilmişdir. Formal quruluşa malik olan tərkiblərdə cinayətin obyektiv cəhəti yalnız ictimai təhlükəli hərəkətdən (hərəkətsizlikdən) ibarət olur. Cinayət məsuliyyətinin yaranması üçün həmin hərəkətin yekunu olaraq konkret ictimai təhlükəli nəticənin baş verməsi tələb edilmir və cinayət, qanunla qadağan edilən hərəkət (hərəkətsizlik) törədilən andan başa çatmış hesab olunur.  

Alternativ əlamətli cinayət tərkibinin xüsusiyyəti isə ondan ibarətdir ki, belə cinayətin başa çatmış hesab edilməsi üçün maddədə nəzərdə tutulmuş alternativ hərəkətlərdən birinin və ya bir neçəsinin törədilməsi kifayətdir. Bu hərəkətlərdən hətta birinin başa çatması artıq cinayətin törədilməsi kimi qiymətləndirilir (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Konstitusiyasının 64-cü maddəsi və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsi baxımından həmin Məcəllənin 18-ci maddəsinin və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 27.1-ci maddəsinə münasibətdə həmin Məcəllənin 234.1-ci maddəsinin şərh edilməsinə dair” 2020-ci il 18 sentyabr tarixli Qərarı).

Odur ki, Cinayət Məcəlləsinin 228.1-ci maddəsinin obyektiv cəhətini təşkil edən hərəkətlərdən hər hansı birinin törədildiyi, yəni həmin maddədə göstərilən predmet(lər)in əldə edildiyi, başqasına verildiyi, saxlanıldığı, daşındığı və ya gəzdirildiyi andan cinayət başa çatmış hesab edilir.

Bu qaydada tənzimləmə, yəni təhlil olunan cinayət əməlinin maddi deyil, formal tərkib kimi müəyyən edilməsi ondan irəli gəlir ki, odlu silahın, döyüş sursatının, partlayıcı maddə və qurğuların işləmə prinsipi, məhvedici zədə yetirmək qabiliyyəti və daşıdığı yüksək təhlükə nəzərə alındıqda, hər hansı ictimai təhlükəli nəticənin (həmin predmetlərin tətbiqi vasitəsilə başqa cinayətlərin törədilməsi, insanların həyat və ya sağlamlığına zərər yetirilməsi və s.) baş verib-verməməsindən asılı olmayaraq, onların qanunsuz dövriyyəsi ilə bağlı hərəkət(lər) özlüyündə şəxsiyyət, cəmiyyət və ya dövlət üçün təhlükə potensialına malikdir.

Cinayət Məcəlləsinin 228.1-ci maddəsinin məzmunu və Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 125-ci maddəsinin şərh edilməsinə dair” 2022-ci il 15 sentyabr tarixli Qərarında təqsirin formaları ilə bağlı ifadə olunmuş mövqeləri əsas götürülməklə qeyd edilməlidir ki, həmin əməl subyektiv cəhətdən qəsdən törədilir.

Təhlil edilən cinayət tərkibinin predmetlərindən biri olan döyüş sursatı ilə bağlı nəzərə alınmalıdır ki, “Xidməti və mülki silah haqqında” Azərbaycan Respublikası Qanununun 2-ci maddəsinin 5-ci bəndinə əsasən döyüş sursatı müvafiq silah növündən atəş açmaq üçün nəzərdə tutulmuş konstruktiv qurğu və ya əşyalardır.

Həmçinin Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Silahın, onun komplekt hissələrinin, döyüş sursatının, partlayıcı maddələrin və qurğuların qanunsuz hazırlanmasına, dövriyyəsinə və talanmasına dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” 2005-ci il 27 may tarixli 2 nömrəli Qərarında döyüş sursatlarına izah verilərək göstərilmişdir ki, döyüş sursatı dedikdə, hədəfi məhv etmək üçün müəyyən olunmuş və tərkibində dağıdıcı, tullayıcı və vurub çıxardığı atımın, yaxud onların məcmusu olan silahlanma predmetləri və tullayıcı sursatlar başa düşülür.

Qeyd edilməlidir ki, Cinayət Məcəlləsinin 228.1-ci maddəsi ilə nəzərdə tutulan tərkibin əmələ gəlməsi üçün həmin maddədə sadalanan predmetlərin, o cümlədən döyüş sursatının kəmiyyətinə dair qanunvericilikdə hər hansı göstəriş mövcud olmamaqla, cinayət məsuliyyətinin yaranması döyüş sursatının sayından asılı edilməmişdir. Belə yanaşma isə döyüş sursatlarının və onların təhlükəlilik dərəcələrinin müxtəlifliyi,  istifadəyə yararlı bir ədəd döyüş sursatının belə silahla birlikdə istifadə edilərək təhlükəli nəticələr yaratmaq, insanın həyat və sağlamlığına zərər yetirmək potensialına malik olan amillərdən irəli gəlir.

Döyüş sursatının qanunsuz dövriyyəsi ilə bağlı hərəkətlərin az əhəmiyyətli hesab olunmasının mümkünlüyü ilə əlaqədar göstərilməsi zəruridir ki, yuxarıda da qeyd olunduğu kimi az əhəmiyyətlilik abstrakt şəkildə, yalnız cinayət tərkibinin quruluşuna görə deyil, törədilmiş hər bir əmələ münasibətdə onun ictimai təhlükəliliyinin qiymətləndirilməsinə təsiri olan bütün obyektiv və subyektiv amillərin məcmusuna əsasən müəyyən edilir. Bu baxımdan, döyüş sursatının yalnız kəmiyyətini əsas götürməklə onun qanunsuz dövriyyəsi ilə bağlı əməllərin az əhəmiyyətli hesab edilməsi Cinayət Məcəlləsinin 14.2 və 228.1-ci maddələrinin mahiyyətinə zidd olmaqla yanaşı, ictimai təhlükəli əmələ hüquqi qiymət verilməməsi və cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalması ilə nəticələnə bilər.  

Qeyd olunanlara əsasən Konstitusiya Məhkəməsinin Plenumu hesab edir ki, hüquq tətbiqedən orqanlar tərəfindən Cinayət Məcəlləsinin 228.1-ci maddəsində nəzərdə tutulan əməlin az əhəmiyyətli olub-olmaması müəyyən edilərkən kəmiyyət göstəricisi (patron sayı) hüquq pozuntusunun ictimai təhlükəliliyini müəyyən etməyə imkan verən digər keyfiyyət göstəriciləri (motiv, məqsəd, hadisənin baş verdiyi zaman, şərait və s.) ilə birlikdə qiymətləndirilməlidir.

Göstərilənlərə əsasən Konstitusiya Məhkəməsinin Plenumu aşağıdakı nəticəyə gəlir:

- Cinayət Məcəlləsinin 14.2-ci maddəsinin dispozisiyasında əks edilmiş “az əhəmiyyətlilik” xüsusiyyəti qiymətləndirici xarakter daşıdığından, həmin Məcəllənin 228.1-ci maddəsində göstərilən tərkib əlamətlərinin mövcud olduğu əməlin az əhəmiyyətli olub-olmaması bu Qərarın təsviri-əsaslandırıcı hissəsində ifadə olunmuş hüquqi mövqelər nəzərə alınmaqla hər bir işin faktiki hallarına əsasən hüquq tətbiqedən orqanlar tərəfindən müəyyən edilir. Bu zaman döyüş sursatının kəmiyyət göstəricisi (patronun sayı) hüquq pozuntusunun ictimai təhlükəliliyini müəyyənləşdirməyə imkan verən digər göstəricilərlə (motiv, məqsəd, əməlin törədildiyi məkan, zaman, şərait və s.) birlikdə qiymətləndirilməlidir.

Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin IV hissəsini, “Konstitusiya Məhkəməsi haqqında” Azərbaycan Respublikası Qanununun 60, 62, 63, 65–67 və 69-cu maddələrini rəhbər tutaraq, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu

 

QƏRARA  ALDI:

 

1. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 14.2-ci maddəsinin dispozisiyasında əks edilmiş “az əhəmiyyətlilik” xüsusiyyəti qiymətləndirici xarakter daşıdığından, həmin Məcəllənin 228.1-ci maddəsində göstərilən tərkib əlamətlərinin mövcud olduğu əməlin az əhəmiyyətli olub-olmaması bu Qərarın təsviri-əsaslandırıcı hissəsində ifadə olunmuş hüquqi mövqelər nəzərə alınmaqla hər bir işin faktiki hallarına əsasən hüquq tətbiqedən orqanlar tərəfindən müəyyən edilir. Bu zaman döyüş sursatının kəmiyyət göstəricisi (patronun sayı) hüquq pozuntusunun ictimai təhlükəliliyini müəyyənləşdirməyə imkan verən digər göstəricilərlə (motiv, məqsəd, əməlin törədildiyi məkan, zaman, şərait və s.) birlikdə qiymətləndirilməlidir.

2. Qərar dərc edildiyi gündən qüvvəyə minir.

3. Qərar Azərbaycan Respublikasının rəsmi dövlət qəzetlərində“Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Məlumatı”nda dərc edilsin, habelə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin rəsmi internet saytında yerləşdirilsin.

4. Qərar qətidir, heç bir orqan və ya şəxs tərəfindən ləğv edilə, dəyişdirilə və ya rəsmi təfsir edilə bilməz.

 

 

 Sədr                                                                                             Fərhad Abdullayev