AZƏRBAYCAN RESPUBLİKASI ADINDAN
Azərbaycan
Respublikası
Konstitusiya
Məhkəməsi Plenumunun
Q
Ə R A R I
2024-cü il sentyabrın 1-də keçirilmiş Azərbaycan
Respublikasının Milli Məclisinə növbədənkənar seçkilərin nəticələrinin
yoxlanılması və təsdiqinə dair
21 sentyabr 2024-cü il Bakı şəhəri
Azərbaycan
Respublikası Konstitusiya Məhkəməsinin Plenumu Fərhad Abdullayev (sədr), Sona
Salmanova, Rövşən İsmayılov (məruzəçi-hakim), Ceyhun Qaracayev,
Rafael Qvaladze, Fikrət Məmmədov, İsa Nəcəfov və
Kamran Şəfiyevdən (məruzəçi-hakim) ibarət tərkibdə,
məhkəmə
katibləri Fəraid Əliyev və Vüqar Zeynalovun,
Azərbaycan Respublikası Mərkəzi
Seçki Komissiyasının sədri Məzahir Pənahov, sədr müavini Rövzət Qasımov, katibləri
Arifə Muxtarova və Mikayıl Rəhimov, üzvləri Şaitdin Əliyev, Ramiz İbrahimov,
Validə Kazımova, Hüseyn Paşayev, İlham Məmmədov, Nizami Nadirxanlı, Qabil
Orucov, Bəxşeyiş Əsgərov, Nailə Əsgərova, Tofiq Həsənov, Almas Qəhramanlı, Etibar
Quliyev və İlkin Şahbazovun,
ekspertlər Bakı Dövlət
Universitetinin Hüquq fakültəsinin Konstitusiya hüququ kafedrasının dosenti,
hüquq üzrə fəlsəfə doktoru Nəsib Şükürov və həmin kafedranın müəllimi, hüquq üzrə fəlsəfə doktoru Gülşən Cəbinin,
Azərbaycan Respublikası Dövlət
Statistika Komitəsinin əməkdaşları Fərid Əhmədov və Sevil Allahverdiyevanın
iştirakı ilə,
Azərbaycan Respublikası
Konstitusiyasının 86-cı maddəsinə və 130-cu maddəsinin VIII hissəsinə müvafiq
olaraq xüsusi konstitusiya icraatı qaydasında açıq məhkəmə iclasında Azərbaycan
Respublikası Mərkəzi Seçki Komissiyasından daxil olmuş materiallar üzrə Azərbaycan
Respublikasının Milli Məclisinə 2024-cü il sentyabrın 1-də keçirilmiş növbədənkənar
seçkilərin nəticələrinə dair konstitusiya işinə baxdı.
Hakimlər K.Şəfiyev və R.İsmayılovun
məruzələrini, Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının sədri M.Pənahovun
çıxışını, ekspertlər N.Şükürov və G.Cəbinin,
F.Əhmədov və S.Allahverdiyevanın rəylərini dinləyib müzakirə edərək, Azərbaycan
Respublikası Konstitusiya Məhkəməsinin Plenumu
MÜƏYYƏN ETDİ:
Azərbaycan Respublikası Konstitusiyasının (bundan
sonra – Konstitusiya) 981-ci
maddəsinin I hissəsinə və 109-cu maddəsinin 1-ci bəndinə uyğun olaraq Azərbaycan Respublikası
Prezidentinin 2024-cü il 28 iyun tarixli Sərəncamı ilə altıncı çağırış Azərbaycan
Respublikasının Milli Məclisi (bundan sonra – Milli Məclis) buraxılmış, Milli Məclisə
növbədənkənar seçkilər 2024-cü il sentyabrın 1-nə təyin edilmiş və həmin gün
seçkilər keçirilmişdir.
Azərbaycan Respublikası Seçki Məcəlləsinin (bundan
sonra – Seçki Məcəlləsi) 171.2-ci maddəsinə
əsasən, Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyası (bundan sonra – Mərkəzi Seçki Komissiyası) səsvermə
günündən ən geci 20 gün keçənədək dairə seçki komissiyalarının protokollarını
(bu Məcəlləyə uyğun olaraq onlara əlavə edilən sənədlərlə birlikdə) yoxlayır,
24 saat müddətində Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinə (bundan
sonra – Konstitusiya Məhkəməsi) təqdim edir.
Konstitusiyanın 86-cı maddəsinə görə, Milli Məclis
deputatlarının seçkilərinin nəticələrinin düzgünlüyünü qanunla müəyyən olunmuş
qaydada Konstitusiya Məhkəməsi yoxlayır və təsdiq edir.
“Konstitusiya Məhkəməsi
haqqında” Azərbaycan Respublikası Qanununun (bundan sonra – “Konstitusiya Məhkəməsi
haqqında” Qanun) 54.1-ci maddəsində nəzərdə tutulmuşdur ki, Milli
Məclis deputatlarının seçkilərinin nəticələrinin yoxlanılması və təsdiq edilməsi
qaydaları Seçki Məcəlləsi ilə müəyyən edilir. Bu qaydalara uyğun
olaraq Konstitusiya Məhkəməsi Mərkəzi Seçki Komissiyası tərəfindən təqdim
olunmuş sənədləri aldıqdan sonra 10 gün müddətində müvafiq mütəxəssisləri cəlb
etməklə həmin sənədlərin Seçki Məcəlləsinə uyğunluğunu yoxlayır (Seçki Məcəlləsinin
171.3-cü maddəsi).
Qanunvericiliyin
yuxarıda göstərilən tələblərinə müvafiq olaraq, Mərkəzi Seçki Komissiyası 2024-cü
il sentyabrın 1-də keçirilmiş Milli Məclisə seçkilərin yekunlarının
yoxlanılması və təsdiq edilməsi məsələsinə baxılması üçün səsvermənin ümumi
yekunları haqqında protokolunu və dairə seçki komissiyalarının protokollarını
onlara əlavə edilmiş sənədlərlə birlikdə Konstitusiya Məhkəməsinə təqdim
etmişdir.
2024-cü il sentyabrın 1-də
keçirilmiş Milli Məclisə seçkilərin ümumi yekunlarına dair Mərkəzi Seçki
Komissiyasının protokoluna əsasən:
1.
Seçici siyahılarına daxil edilmiş seçicilərin ümumi sayı – 6 433 184
(altı milyon dörd yüz otuz üç min yüz səksən dörd);
2.
Səsvermədə iştirak edən seçicilərin sayı – 2 395 510 (iki milyon üç
yüz doxsan beş min beş yüz on);
3.
Dairə seçki komissiyalarının sayı – 125 (bir yüz iyirmi beş);
4.
Dairə seçki komissiyaları tərəfindən təqdim edilmiş protokolların sayı
– 125 (bir yüz iyirmi beş);
5.
Mərkəzi Seçki Komissiyası protokolunun tərtib edilməsi üçün əsas
götürülmüş dairə seçki komissiyaları protokollarının sayı – 125 (bir yüz iyirmi
beş);
6.
Səsvermənin nəticələri etibarsız hesab edilmiş seçki dairələrinin sayı
– 0 (sıfır);
7.
Səsvermənin baş tutmadığı seçki dairələrinin sayı – 0 (sıfır);
8.
Səsvermənin nəticələri etibarsız hesab edilmiş seçki məntəqələrinin
sayı – 46 (qırx altı) olmuşdur.
Mərkəzi Seçki Komissiyasının səsvermənin ümumi
yekunlarına dair 2024-cü il 16 sentyabr tarixli protokoluna əsasən 125 seçki
dairəsindən bütün dairələr üzrə səsvermənin nəticələri etibarlı hesab edilmiş və
həmin seçki dairələri üzrə deputat seçilmiş namizədlər müəyyən olunmuşdur.
Konstitusiya Məhkəməsinə təqdim edilmiş
materiallardan göründüyü kimi, Mərkəzi Seçki Komissiyası tərəfindən qanun
pozuntuları ilə bağlı daxil olmuş şikayət və müraciətlər üzrə araşdırmalar
aparılmış, müxtəlif məlumat mənbələri, o cümlədən veb-kamera görüntüləri və digər
materiallar əsasında 46 seçki məntəqəsində seçki qanunvericiliyinin tələblərinin
pozulması müəyyən edilmiş və həmin məntəqələr üzrə səsvermənin nəticələri
etibarsız hesab edilmişdir.
Materiallardan həmçinin görünür ki, 2024-cü il sentyabrın
1-də Milli Məclisə seçkilərin hazırlanması, keçirilməsi və nəticələrinin müəyyən
olunması zamanı fəaliyyətlərində yol verdikləri nöqsanlar səbəbindən ümumilikdə
35 seçki məntəqəsinin məntəqə seçki komissiyaları buraxılmışdır.
Seçki Məcəlləsinin
100.12-ci maddəsinə əsasən, seçki komissiyasının protokolu seçki komissiyasının
həlledici səs hüquqlu üzvləri tərəfindən tərtib edilir və seçki komissiyasının
həlledici səs hüquqlu üzvlərinin ümumi sayının ən azı 2/3-si tərəfindən
imzalanır.
Həmin Məcəllənin 28.2-ci maddəsinə görə isə Mərkəzi
Seçki Komissiyasının qərarları açıq səsvermə yolu ilə Mərkəzi Seçki
Komissiyasının iclasında komissiya üzvlərinin 17-si və ya 18-i iştirak edərsə —
azı 12 üzvün səs çoxluğu ilə qəbul edilir.
Konstitusiya Məhkəməsinə təqdim edilmiş səsvermənin
ümumi yekunlarına dair Mərkəzi Seçki Komissiyasının 2024-cü il 16 sentyabr
tarixli protokolu Mərkəzi Seçki Komissiyasının 18 həlledici səs hüquqlu üzvlərindən
18-i tərəfindən imzalanmışdır.
Konstitusiya Məhkəməsi Seçki Məcəlləsinin 171.3-cü
və “Konstitusiya Məhkəməsi haqqında” Qanunun 54.4-cü maddələrinin tələblərinə
uyğun olaraq, Mərkəzi Seçki Komissiyası tərəfindən təqdim edilmiş sənədlərin
Seçki Məcəlləsinə uyğunluğunun yoxlanılması üçün ekspert və mütəxəssisləri cəlb
etmiş, Bakı, Sumqayıt, Gəncə, Şirvan, Şəki apellyasiya məhkəmələrindən,
Naxçıvan Muxtar Respublikasının Ali Məhkəməsindən, Azərbaycan Respublikasının
Ali Məhkəməsindən və Azərbaycan Respublikasının Prokurorluğundan seçki
hüquqlarının müdafiəsi və seçki qanunvericiliyinin pozulması ilə əlaqədar
baxılmış şikayət və ərizələr haqqında məlumatları tələb etmişdir.
Ekspertlər qismində cəlb edilmiş Bakı Dövlət
Universitetinin Hüquq fakültəsinin Konstitusiya hüququ kafedrasının dosenti N.Şükürov
və həmin kafedranın müəllimi G.Cəbinin rəyinə müvafiq olaraq, Mərkəzi Seçki
Komissiyasının yekun protokoluna əlavə edilmiş dairə seçki komissiyalarının
protokollarına Seçki Məcəlləsinin 100.2, 107.2 və 107.3-cü maddələrində göstərilmiş
bütün məlumatlar daxil edilmiş, Mərkəzi Seçki Komissiyasının yekun protokolu isə
Seçki Məcəlləsinin 108.2-ci maddəsinə uyğun olaraq dairə seçki komissiyalarının
protokollarında olan bütün məlumatların ümumiləşdirilməsi əsasında tərtib
edilmişdir.
Həmin ekspertlərin rəyinə əsasən, 2024-cü il sentyabrın
1-də keçirilmiş Milli Məclisə seçkilərin nəticələrinə dair Mərkəzi Seçki
Komissiyasının 2024-cü il 16 sentyabr tarixli protokolu və ona əlavə olunmuş sənədlər
Seçki Məcəlləsinin 100.2, 100.12, 107.2, 107.3 və 108.2-ci maddələrinin tələblərinə
uyğundur.
Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinin
əməkdaşları F.Əhmədov və S.Allahverdiyevanın rəyinə əsasən, Mərkəzi Seçki
Komissiyasının səsvermənin ümumi yekunlarına dair 2024-cü il 16 sentyabr
tarixli protokolu və ona əlavə edilmiş 125 dairə seçki komissiyasının
protokolları Seçki Məcəlləsinin 100.2, 107.2, 107.3 və 108.2-ci maddələrinin tələblərinə
uyğun tərtib edilmişdir.
Bakı Apellyasiya Məhkəməsinin 2024-cü il 19 sentyabr
tarixli 3-6/2-662/2024 saylı, 2024-cü il 20 sentyabr tarixli 3-6/2-669/2024
saylı və 2024-cü il 21 sentyabr tarixli 3-6/2-671/2024 saylı məktublarından
göründüyü kimi, seçkilərlə bağlı Bakı Apellyasiya Məhkəməsinə cəmi 22 ərizə
daxil olmuş, onlardan 16 iş üzrə iddia təmin edilməmiş, 4 iş aidiyyəti üzrə baxılması
üçün digər apellyasiya məhkəmələrinə göndərilmiş, 2 iş üzrə isə iddia mümkün
sayılmamışdır.
Sumqayıt Apellyasiya Məhkəməsinin 2024-cü il 19
sentyabr tarixli 3-8/1-4111/2024 saylı və 2024-cü il 20 sentyabr tarixli
3-8/1-4111/2024 saylı məktublarında göstərilmişdir ki, həmin məhkəməyə Milli Məclisə
növbədənkənar seçkilərlə bağlı 8 ərizə daxil olmuşdur. Bunlardan 3 iş üzrə
iddia təmin edilməmiş, 3 iş üzrə iddia mümkün sayılmamış və 2 iş üzrə iddia ərizəsinin
geri götürülməsi ilə əlaqədar icraata xitam verilmişdir.
Gəncə Apellyasiya Məhkəməsinin 2024-cü il 19
sentyabr tarixli 30-188/2024 saylı məktubuna əsasən məhkəmənin icraatına
1 ərizə daxil olmuş və təmin edilməmişdir.
Şirvan Apellyasiya Məhkəməsinin 2024-cü il 19
sentyabr tarixli 3-9/2-549/2024 saylı və 2024-cü il 20 sentyabr tarixli
3-9/2-554/2024 saylı məktublarından məlum olduğu kimi, bu məhkəmədə seçki
hüquqlarının müdafiəsinə dair 10 ərizəyə baxılmış, onlardan 9 iş üzrə ərizə rədd
edilmiş, 1 iş üzrə isə ərizə mümkün sayılmamışdır.
Şəki Apellyasiya Məhkəməsinin 2024-cü il 17 sentyabr
tarixli 3-10/2-357/2024 saylı və 2024-cü il 20 sentyabr tarixli 3-10/2-361/2024
saylı məktublarından göründüyü kimi, həmin məhkəməyə Milli Məclisə seçkilərlə
bağlı 5 ərizə daxil olmuş, 2 iş üzrə iddia təmin edilməmiş, 3 iş üzrə iddia
mümkün sayılmamışdır.
Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin 2024-cü
il 19 sentyabr tarixli 3-1/2-378/2024 saylı məktubuna əsasən, həmin məhkəməyə Milli
Məclisə 2024-cü il sentyabrın 1-də keçirilmiş seçkilərlə bağlı 1 ərizə daxil
olmuş, iddia təmin edilməmişdir.
Azərbaycan Respublikası Ali Məhkəməsinin 2024-cü il
18 sentyabr tarixli 1-8-11/2-1804/2024 saylı və 2024-cü il 21 sentyabr tarixli
1-8-11/2-1845/2024 saylı məktublarından görünür ki, həmin məhkəmə tərəfindən Milli
Məclisə növbədənkənar seçkilərlə bağlı apellyasiya instansiyası məhkəmələrinin
aktlarından verilmiş kassasiya şikayətlərinə əsasən 16 işə baxılmış, onlardan 12
iş üzrə apellyasiya instansiyası məhkəmələrinin qərarları dəyişdirilmədən
saxlanılmış, 1 iş üzrə apellyasiya instansiyası məhkəməsinin qərardadı ləğv
edilərək iş təkrar baxılması üçün həmin məhkəməyə qaytarılmış (apellyasiya
instansiyası məhkəməsinin 18 sentyabr 2024-cü il tarixli qərarı ilə ərizə təmin
edilməmiş, qərardan kassasiya şikayəti verilməmişdir), 3 iş üzrə kassasiya
şikayətləri mümkün sayılmayaraq icraata qəbulundan imtina olunmuşdur.
Azərbaycan Respublikası Prokurorluğunun 2024-cü il 19
sentyabr tarixli 2-2-040/2-132444/2024 saylı məktubundan göründüyü kimi, Milli
Məclisə növbədənkənar seçkilər üzrə namizədlərin qeydiyyata alınması və təbliğat-təşviqat
zamanı Prokurorluğa 13 müraciət və məlumat daxil olmuşdur. Həmin müraciətlərdən
6-sı üzrə araşdırma aparılaraq Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin
39.1.1 və 39.1.2-ci maddələrinə əsasən cinayət işinin başlanması rədd edilmiş,
digər müraciətlər aidiyyəti üzrə baxılması üçün Mərkəzi Seçki Komissiyasına
göndərilmişdir. Seçkilərin keçirildiyi 2024-cü il sentyabrın 1-i tarixində prokurorluq
orqanlarına 14 müraciət edilmiş, 4 müraciət üzrə seçki qanunvericiliyinin tələblərinin,
eləcə də insan hüquq və azadlıqlarının pozulması faktı aşkar edilmədiyindən
cinayət işinin başlanması rədd edilmiş, 10 müraciət isə aidiyyəti üzrə
baxılması üçün Mərkəzi Seçki Komissiyasına göndərilmişdir.
Beləliklə, təqdim olunmuş məlumatlara əsasən, ərizə
və müraciətlər üzrə məhkəmələrdə
baxılmış işlər və prokurorluq tərəfindən aparılmış araşdırmalar 2024-cü il sentyabrın
1-də keçirilmiş Milli Məclisə seçkilərin ümumi yekunlarına dair Mərkəzi Seçki
Komissiyasının protokoluna heç bir təsir göstərməmişdir.
Yuxarıda göstərilənləri nəzərə alaraq, Konstitusiya
Məhkəməsinin Plenumu belə nəticəyə gəlir ki, 2024-cü il sentyabrın 1-də
keçirilmiş Milli Məclisə seçkilərin ümumi yekunlarına dair Mərkəzi Seçki Komissiyasının 2024-cü il 16 sentyabr
tarixli protokolu və ona əlavə edilmiş sənədlər Seçki Məcəlləsinin 100.2,
100.12, 107.2, 107.3 və 108.2-ci maddələrinin tələblərinə uyğun hesab edilməli
və seçkilərin nəticələri təsdiq edilməlidir.
Azərbaycan Respublikası Konstitusiyasının 86-cı
maddəsini və 130-cu maddəsinin VIII, IX hissələrini, “Konstitusiya Məhkəməsi
haqqında” Azərbaycan Respublikası Qanununun 54, 62, 63, 65, 67 və 69-cu maddələrini
rəhbər tutaraq Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu
QƏRARA ALDI:
1. 2024-cü il sentyabrın 1-də keçirilmiş Azərbaycan
Respublikasının Milli Məclisinə növbədənkənar seçkilərin nəticələrinə dair Azərbaycan
Respublikası Mərkəzi Seçki Komissiyasının 2024-cü il 16 sentyabr tarixli
protokolu və ona əlavə edilmiş sənədlər Azərbaycan Respublikası Seçki Məcəlləsinin
100.2, 100.12, 107.2, 107.3 və 108.2-ci maddələrinin tələblərinə uyğun hesab
edilsin.
2. Azərbaycan Respublikasının Milli Məclisinə 2024-cü il sentyabrın 1-də
keçirilmiş
1 saylı Şərur-Sədərək,
2 saylı Şərur-Kəngərli,
3 saylı Babək-Şahbuz-Kəngərli,
4 saylı Naxçıvan şəhər,
5 saylı Babək-Naxçıvan-Culfa,
6 saylı Ordubad-Culfa,
7 saylı Səbail,
8 saylı Binəqədi birinci,
9 saylı Binəqədi ikinci,
10 saylı Binəqədi üçüncü,
11 saylı Binəqədi-Qaradağ,
12 saylı Xəzər birinci,
13 saylı Xəzər ikinci,
14 saylı Xəzər-Pirallahı,
15 saylı Yasamal birinci,
16 saylı Yasamal ikinci,
17 saylı Yasamal üçüncü,
18 saylı Nərimanov-Nizami-Binəqədi,
19 saylı Nərimanov birinci,
20 saylı Nərimanov ikinci,
21 saylı Nəsimi-Binəqədi,
22 saylı Nəsimi-Yasamal,
23 saylı Nəsimi-Səbail,
24 saylı Nizami birinci,
25 saylı Nizami ikinci,
26 saylı Sabunçu birinci,
27 saylı Sabunçu ikinci,
28 saylı Sabunçu üçüncü,
29 saylı Sabunçu dördüncü,
30 saylı Suraxanı birinci,
31 saylı Suraxanı ikinci,
32 saylı Suraxanı üçüncü,
33 saylı Xətai birinci,
34 saylı Xətai ikinci,
35 saylı Xətai üçüncü,
36 saylı Xətai-Suraxanı,
37 saylı Qaradağ,
38 saylı Gəncə birinci,
39 saylı Gəncə ikinci,
40 saylı Gəncə üçüncü,
41 saylı Gəncə-Samux-Goranboy,
42 saylı Sumqayıt birinci,
43 saylı Sumqayıt ikinci,
44 saylı Sumqayıt üçüncü,
45 saylı Sumqayıt dördüncü,
46 saylı Sumqayıt beşinci,
47 saylı Sumqayıt-Abşeron-Qaradağ,
48 saylı Abşeron birinci,
49 saylı Abşeron ikinci,
50 saylı Abşeron üçüncü,
51 saylı Şirvan,
52 saylı Yevlax,
53 saylı Yevlax-Mingəçevir,
54 saylı Mingəçevir,
55 saylı Siyəzən-Quba-Xızı,
56 saylı Şabran-Xaçmaz,
57 saylı Xaçmaz şəhər,
58 saylı Xaçmaz kənd,
59 saylı Quba,
60 saylı Quba-Qusar,
61 saylı Qusar,
62 saylı Kürdəmir,
63 saylı Hacıqabul-Kürdəmir,
64 saylı Salyan,
65 saylı Salyan-Biləsuvar-Neftçala,
66 saylı Saatlı,
67 saylı Sabirabad,
68 saylı Sabirabad-Şirvan,
69 saylı Biləsuvar,
70 saylı Neftçala,
71 saylı Cəlilabad şəhər,
72 saylı Cəlilabad kənd,
73 saylı Masallı-Cəlilabad,
74 saylı Masallı,
75 saylı Yardımlı-Masallı,
76 saylı Lənkəran-Masallı,
77 saylı Lənkəran şəhər,
78 saylı Lənkəran kənd,
79 saylı Astara,
80 saylı Lerik-Astara,
81 saylı İmişli,
82 saylı İmişli-Saatlı,
83 saylı Beyləqan,
84 saylı Füzuli,
85 saylı Füzuli-Ağcabədi,
86 saylı Ağcabədi,
87 saylı Qobustan-Şamaxı-İsmayıllı,
88 saylı Şamaxı,
89 saylı İsmayıllı,
90 saylı Ağsu,
91 saylı Göyçay,
92 saylı Göyçay-Ağdaş,
93 saylı Ağdaş,
94 saylı Ucar,
95 saylı Zərdab-Kürdəmir-Ucar,
96 saylı Goranboy-Naftalan,
97 saylı Tərtər-Ağdərə-Goranboy,
98 saylı Bərdə-Tərtər,
99 saylı Bərdə,
100 saylı Göygöl-Daşkəsən-Kəlbəcər,
101 saylı Samux-Şəmkir
102 saylı Şəmkir şəhər,
103 saylı Şəmkir kənd,
104 saylı Gədəbəy,
105 saylı Tovuz-Gədəbəy,
106 saylı Tovuz,
107 saylı Tovuz-Qazax-Ağstafa,
108 saylı Ağstafa,
109 saylı Qazax,
110 saylı Balakən,
111 saylı Zaqatala-Balakən,
112 saylı Zaqatala,
113 saylı Qax-Şəki,
114 saylı Şəki şəhər,
115 saylı Şəki kənd,
116 saylı Qəbələ,
117 saylı Oğuz-Qəbələ-Şəki,
118 saylı Ağdam-Xocalı,
119 saylı Ağdam,
120 saylı Cəbrayıl-Qubadlı,
121 saylı Laçın,
122 saylı Xankəndi,
123 saylı Kəlbəcər,
124 saylı Şuşa-Ağdam-Xocavənd,
125 saylı Zəngilan-Qubadlı
seçki dairələri üzrə
seçkilərin nəticələri təsdiq edilsin.
3.
Qərar elan olunduğu andan
qüvvəyə minir.
4. Qərar Azərbaycan Respublikasının rəsmi dövlət qəzetlərində
və “Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Məlumatı”nda dərc
edilsin, habelə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin rəsmi
internet saytında yerləşdirilsin.
5. Qərar qətidir, heç bir orqan və ya şəxs tərəfindən ləğv edilə, dəyişdirilə
və ya rəsmi təfsir oluna bilməz.
Sədr Fərhad Abdullayev