Azərbaycan Respublikası Konstitusiya Məhkəməsində hakimliyə namizədlərlə görüş keçirilib

Xəbərlər

2024 May

02.05.2024

Mayın 2-də Konstitusiya Məhkəməsində hakimliyə namizədlərlə görüş keçirilib.

Görüş Konstitusiya Məhkəməsinin sədri Fərhad Abdullayevin “Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin ali konstitusiya ədalət mühakiməsi orqanı kimi məhkəmə hakimiyyətində yeri və rolu” mövzusunda mühazirəsi və Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin fəaliyyəti ilə tanışlıq məqsədi ilə təşkil edilib.

Tədbir iştirakçılarını salamlayan Konstitusiya Məhkəməsinin sədri Fərhad Abdullayev demokratik və müstəqil Azərbaycan dövlətinin qurucusu Ulu Öndər Heydər Əliyevin rəhbərliyi ilə hazırlanmış və 1995-ci ildə ümumxalq səsverməsi yolu ilə qəbul edilmiş Azərbaycanın ilk milli Konstitusiyasının ölkəmizin gələcəyini, hüquqi inkişaf strategiyasının əsas prioritetlərini müəyyən etdiyini vurğulayaraq, hüquq sisteminin mahiyyətini müəyyənləşdirən mütərəqqi qanunların qəbul olunması və dünyəvi, hüquqi dövlətin qurulmasında Əsas Qanunun roluna toxundu. Həmçinin qeyd olundu ki, 44 günlük Vətən müharibəsi və bu ilin sentyabr ayının 19-20 tarixlərində keçirilmiş lokal xarakterli antiterror tədbirləri nəticəsində əldə olunan Qələbə sayəsində dövlətimizin Əsas Qanununun hüquqi qüvvəsi işğaldan azad edilmiş bütün torpaqlarımızda bərpa olundu, Konstitusiyada təsbit edilmiş hüquqların tam şəkildə bərpası üçün real zəmin yarandı.

Sədr bildirib ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilmiş məhkəmə-hüquq islahatlarının əsas təyinatı məhkəmə sisteminin müasirləşdirilməsi vasitəsilə ölkəmizdə qanunun aliliyinin təmin olunması məqsədi daşıyır. 

Sədr diqqətə çatdırdı ki, dövlət başçısı məhkəmə hakimiyyətinin müstəqilliyinin təminatçısı kimi hakimlərin müstəqil olaraq qanuna uyğun ədalətli və əsaslandırılmış qərarlar qəbul edilməsi və şəffaflıq əsasında fəaliyyət göstərməsinə daim diqqət yetirir.

Qeyd edildi ki, hakimlərə ictimai etimadın artırılması bilavasitə onların fəaliyyətindən asılıdır. Ədalət, qanunçuluq, qərəzsizlik, vicdanlılıq və ədalət mühakiməsinin digər prinsiplərinə dönmədən əməl olunması ilə bağlı tövsiyələr gənc hüquqşünasların diqqətinə çatdırıldı. Vahid məhkəmə təcrübəsinin vacibliyi və bu istiqamətdə ardıcıl fəaliyyət göstərilməsi xüsusi vurğulanmışdır.

Daha sonra Konstitusiya Məhkəməsinin fəaliyyəti barədə gənc hüquqşünaslara ətraflı məlumat verilmiş, qəbul edilən qərarlarda əks olunmuş hüquqi mövqelər və yanaşmalarla bağlı bir sıra məsələlərə toxunulmuşdur.

Tədbirdə Konstitusiya Məhkəməsinin hakimləri, Aparatın məsul əməkdaşları iştirak ediblər.

Görüşün sonunda hakimliyə namizədlər məhkəmə binası ilə tanış oldular.