12.11.2026
“Konstitusiyamızda dünya konstitusiya
təcrübəsindən istifadə olunmuşdur. Ancaq eyni zamanda bizim Konstitusiyamız
Azərbaycan Respublikasının tarixi ənənələrini, bu gününü və gələcəyini özündə
əks etdirir. Bu, heç bir başqa dövlətin Konstitusiyasına bənzəməyən
Konstitusiyadır. Bu bizim özümüzün, müstəqil Azərbaycan Respublikasının
Konstitusiyasıdır”.
Heydər Əliyev
Azərbaycan xalqının Ümumilli Lideri
“Bu
gün Azərbaycan Respublikası xalqımızın milli maraqlarını rəhbər tutaraq, yeni
reallıqlar şəraitində müstəqil siyasətini daha cəsarətlə, prinsipiallıqla davam
etdirir, Konstitusiyanın tələblərinə və öz suveren hüquqlarına əsaslanaraq,
qarşıda duran strateji hədəflərə doğru inamla irəliləyir”.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Ulu Öndər
Heydər Əliyev tərəfindən imzalanan 1996-cı il 1 noyabr tarixli Fərmana əsasən hər
il noyabr ayının 12-si müstəqil Azərbaycanda Konstitusiya Günü kimi qeyd
edilir. Ümumilli Liderin təşəbbüsü və bilavasitə rəhbərliyi altında
hazırlanaraq referendum yolu ilə qəbul edilmiş müstəqil Azərbaycan
Respublikasının ilk milli Konstitusiyası xalqın dövlətçilik iradəsini və
suverenliyini əks etdirən fundamental hüquqi sənəddir. Konstitusiyanın qəbul
edilməsi demokratik inkişaf, hüquqi dövlətçilik və insan hüquqları sahəsində
mütərəqqi dünya təcrübəsinin başlıca nailiyyətlərini özündə ehtiva edən mühüm
tarixi hadisədir.
Təsadüfi
deyil ki, Əsas Qanunumuzun preambulasında bəyan edilən altı niyyətdən məhz
birincisi Azərbaycan dövlətinin müstəqilliyini, suverenliyini və ərazi
bütövlüyünü qorumağı hər birimizin vəzifəsi kimi irəli sürmüşdür. Bununla
yanaşı, preambulada demokratik quruluşa təminat vermək, vətəndaş cəmiyyətinin
bərqərar edilməsinə nail olmaq, qanunların aliliyini təmin edən hüquqi, dünyəvi
dövlət qurmaq, hamının layiqli həyat səviyyəsini təmin etmək, ümumbəşəri dəyərlərə
sadiq olaraq bütün dünya xalqları ilə dostluq, sülh və əmin-amanlıq şəraitində
yaşamaq və bu məqsədlə qarşılıqlı fəaliyyət göstərmək kimi ülvi niyyətlər də bəyan
edilmişdir.
Qeyd
olunmalıdır ki, 1991-ci ildə Azərbaycanın dövlət müstəqilliyi bərpa edildikdən
sonra ölkədə demokratik dəyərlərə əsaslanan yeni konstitusion quruluşun
formalaşdırılması və hüquqi islahatların aparılması zərurəti meydana gəlmişdi.
Bununla belə, müstəqilliyin ilk illərində mövcud olan siyasi böhran və daxili
qarşıdurmalar, eləcə də xarici təzyiqlər bu mühüm prosesin həyata keçirilməsinə
ciddi maneələr törədirdi.
1993-cü ildə xalqın təkidli istəyi ilə yenidən hakimiyyətə qayıdan Ümumilli
Lider Heydər Əliyev zəngin siyasi təcrübəsi və uzaqgörənliyi ilə ölkədə mövcud
olan ağır ictimai-siyasi vəziyyəti aradan qaldırmağa, ölkəni vətəndaş müharibəsi
təhlükəsindən qurtarmağa və xalqın birliyini təmin etməyə nail oldu.
Onun həyata keçirdiyi siyasi strategiya milli həmrəyliyin gücləndirilməsinə,
dövlətçilik ənənələrinin möhkəmləndirilməsinə və ölkənin inkişafına şərait
yaradan genişmiqyaslı islahatlar aparılmasına yönəlmişdi. Lakin həmin dövrdə qüvvədə
olan qanunvericilik sistemi hüquqi dövlət quruculuğunun tələblərinə tam cavab
vermir, insan və vətəndaş hüquq və azadlıqlarının müdafiəsini lazımi səviyyədə
təmin etmirdi. Bu səbəbdən qanunvericilik sisteminin müasir tələblərə uyğun
formada yenidən qurulması, hüquqi islahatların ardıcıl şəkildə həyata keçirilməsi
və dövlətin konstitusion əsaslarını müəyyən edən Əsas Qanunun qəbul edilməsi zəruri
bir hal almışdı. Şübhəsiz ki, belə olan halda qarşıda duran ən vacib məsələlərdən
biri məhz yeni Konstitusiya layihəsinin hazırlanması və ümumxalq səsverməsinə
çıxarılması idi.
Bununla əlaqədar
olaraq Azərbaycan Respublikası Milli Məclisinin 2 may 1995-ci il tarixli qərarı
ilə Ümummilli Liderimiz Heydər Əliyevin sədrliyi ilə yeni Konstitusiya layihəsini
hazırlayan komissiyanın tərkibi təsdiq edildi. Komissiyanın ilk iclası 1995-ci
il iyunun 5-də keçirildi. İclasda çıxış edən Ümummilli Lider Heydər Əliyev Azərbaycanın
konstitusiya quruculuğu tarixini geniş təhlil etmiş, müstəqilliyin bərpasından
sonrakı dövrdə baş verən ictimai-siyasi proseslərə ətraflı şəkildə toxunmuşdur.
O, müstəqil Azərbaycan Respublikasının ilk Konstitusiyasının hazırlanmasını dövlətçilik
tariximizin mühüm hadisəsi kimi səciyyələndirərək söyləmişdir: “Konstitusiya
yaratmaq üçün tarixi keçmişimizə nəzər salmalıyıq, eyni zamanda ümumbəşəri dəyərlərdən,
dünyanın demokratik dövlətlərinin əldə etdiyi nailiyyətlərdən istifadə etməli,
bəhrələnməliyik. Konstitusiya birinci növbədə dövlətlə, hakimiyyətlə, xalqın
arasında olan münasibətləri özündə əks etdirməlidir. Hakimiyyət bölgüsü
qanunvericilik, icra, məhkəmə hakimiyyətləri - bunlar hamısı xalqın iradəsinə
söykənməli, seçkilər yolu ilə təmin olunmalıdır. Dövlət xalqın işi olmalıdır.
Xalq dövlət üçün yox, dövlət xalq üçün olmalıdır və bu prinsiplər
Konstitusiyamızın əsasını təşkil etməlidir”.
Nəhayət,
müstəqil Azərbaycan Respublikasının ilk Konstitusiyası 12 noyabr 1995-ci il
tarixdə ümumxalq səsverməsi – referendum yolu ilə qəbul edilmiş və 1995-ci il
noyabrın 27-də qüvvəyə minmişdir. Əsas Qanun preambula, 5 bölmə, 12 fəsil, 158
maddə və keçid müddəalarından ibarət olmaqla, hüquqi, demokratik, dünyəvi dövlət
quruculuğu yolu ilə irəliləyən müstəqil dövlətimizdə vətəndaş cəmiyyətinin
formalaşması, insanların sağlam və təhlükəsiz yaşaması, qanunun aliliyinin təmin
edilməsi üçün ən yüksək tələblərə cavab verən normativ bazanın yaradılmasına əsas
yaratdı.
Müstəqil
Azərbaycanın ilk Konstitusiyasında hakimiyyətin yeganə mənbəyinin xalq olması
prinsipi bəyan edildi. Ümumilikdə, Konstitusiyamızın əsasında xalqın dövlət
hakimiyyətinin yeganə mənbəyi kimi tanınması, xalqın suverenliyi, vahidliyi, ərazi
bütövlüyünün qorunması, insan və vətəndaş hüquqlarının və azadlıqlarının, Azərbaycan
Respublikasının vətəndaşlarına layiqli həyat səviyyəsinin təmin edilməsinin dövlətin
ali məqsədi olaraq bəyan edilməsi kimi mütərəqqi ideyalar dayanmışdır. 1995-ci
il Konstitusiyası hüquqi dövlət quruculuğunun fundamental prinsiplərini müəyyən
etməklə yanaşı, onların müasir hüquqi yanaşmalar əsasında inkişafına da zəmin
yaratmışdır. Eyni zamanda Konstitusiyada təsbit olunmuş prinsiplər milli-mənəvi
dəyərlər və müasir hüquqi yanaşmalar əsasında inkişaf etdirilərək dövlətçilik ənənələrinin
möhkəmləndirilməsinə yönəlmişdir.
Qeyd
olunmalıdır ki, Azərbaycan Respublikası Konstitusiyasının əsasını insan şəxsiyyətinə
hörmət, insan və vətəndaş hüquq və azadlıqlarının ali dəyər kimi tanınması,
onların hüquqi təminat mexanizmlərinin formalaşdırılması təşkil edir. İnsan ləyaqətinə
hörmət, təhlükəsiz yaşamaq, azadlıq hüquqları, şəxsi toxunulmazlıq, şərəf və ləyaqətin
müdafiəsi hüququ və digər humanizmin təcəssümü olan prinsiplər Əsas Qanunun başlıca
mahiyyətini təşkil edir. Bununla bağlı, Ümumilli Lider öz çıxışında qeyd
etmişdir ki, Konstitusiyanın üçüncü fəsli ilə əhatə olunan 48 maddənin, yəni
ümumi mətnin üçdə birinin insan hüquq və azadlıqlarına həsr edilməsi təsadüfi
deyildir. Bu da onu sübut edir ki, bu Konstitusiya ilə insanların azad, sərbəst
yaşaması üçün bütün şərait yaradılmış, həm dövlət quruculuğu, həm
respublikamızın iqtisadiyyatının qurulmasının əsas prinsipləri, qanunvericilik,
icra, məhkəmə hakimiyyətinin səlahiyyətləri və onların müstəqilliyi, qarşılıqlı
fəaliyyəti təmin olunmuşdur. Sadəcə bu belə Ümummilli Liderin demokratik dəyərlərə
sadiqliyini, insan hüquq və azadlıqlarının qorunmasına verdiyi önəmi, humanist
mövqeyini, eləcə də cəmiyyətin inkişafında ümumbəşəri dəyərlərin roluna münasibətini
bir daha təsdiqləyir.
Əsas
Qanunda insan və vətəndaş hüquq və azadlıqları sistemli şəkildə təsbit olunmuş,
həmin hüquq və azadlıqların tanınması və müdafiəsi dövlətin qanunvericilik,
icra və məhkəmə hakimiyyəti qollarının əsas konstitusion vəzifəsi kimi müəyyən
edilmişdir. Hakimiyyətlərin bölünməsi prinsipinin Konstitusiyada təsbit
olunması yeni prinsip və qaydalara uyğun məhkəmə-hüquq sisteminin yaradılması
istiqamətində islahatların keçirilməsini zəruri etmişdir. Əsas Qanunda irqindən,
cinsindən, milliyyətindən, dinindən, dilindən, mənşəyindən, əqidəsindən, siyasi
və sosial mənsubiyyətindən asılı olmayaraq hər kəsin hüquq və azadlıqlarının qorunması
qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının qarşısına mühüm vəzifə
kimi qoyulmuşdur. Qanunda əks olunan bir sıra müddəalar məhkəmə hakimiyyətinin
müstəqilliyinə təminat verərək sonrakı mərhələdə müasir, dövrün tələblərinə
cavab verən bir sıra qanunvericilik aktlarının qəbul edilməsinə zəmin
yaratmışdır. Həmin dövrdən etibarən həyata keçirilən məhkəmə-hüquq islahatları qanunun
aliliyinin təmin edilməsinə, məhkəmələrin nüfuzlu və müstəqil dövlət orqanları kimi
formalaşmasına, ədalət mühakiməsinin həyata keçirilməsi zamanı insan və vətəndaş
hüquq və azadlıqlarının etibarlı müdafiəsinə, məhkəmə icraatında demokratik
prinsiplərin qorunması və şəffaflığın təmin edilməsinə yönəlmişdir.
Vurğulanmalıdır
ki, ictimai həyatda baş verən sosial, iqtisadi və siyasi proseslər, dəyişikliklər,
eləcə də hüquqi şüurun və hüquqi düşüncənin inkişafı konstitusion normaların təkmilləşdirilməsini
və onların müasir dövrün tələblərinə uyğunlaşdırılmasını zəruri etmişdir. Dövlətin
əsas qanunu olan Konstitusiya hüquq sisteminin təməlini təşkil etdiyindən, onun
müddəalarının dəyişən ictimai reallıqlara uyğunlaşdırılması hüquqi dövlət
quruculuğunun mühüm şərtlərindən biri hesab olunur.
Bu
kontekstdə Azərbaycan Respublikasının Konstitusiyasına 2002-ci il 24 avqust,
2009-cu il 18 mart, 2016-cı il 26 sentyabr ümumxalq səsverməsi əsasında edilmiş
əlavə və dəyişikliklər xüsusi əhəmiyyət daşıyır. Konstitusiyaya edilmiş bu əlavə
və dəyişikliklər ölkədə gedən ictimai-siyasi proseslərin, hüquqi münasibətlərin
inkişafının və dövlət orqanlarının fəaliyyətinin təkmilləşdirilməsi
ehtiyaclarının nəticəsi kimi qiymətləndirilə bilər. Odur ki, Əsas Qanuna edilən
əlavə və dəyişikliklər dövlətin hüquqi əsaslarının möhkəmləndirilməsi, idarəetmə
mexanizmlərinin təkmilləşdirilməsi və ictimai münasibətlərin konstitusion
prinsiplərə uyğun tənzimlənməsi baxımından əhəmiyyətli vasitə kimi çıxış edir.
2002-ci
ildə ümumxalq səsverməsi vasitəsilə Azərbaycan Respublikasının Konstitusiyasına
edilmiş əlavə və dəyişikliklər konstitusiya ədalət mühakiməsinin inkişafı və
insan hüquqlarının müdafiəsi mexanizmlərinin təkmilləşdirilməsi baxımından
mühüm mərhələ olmuşdur. Ümumilli Lider Heydər Əliyevin təşəbbüsü ilə həyata
keçirilən bu islahatlar nəticəsində Konstitusiya Məhkəməsinə müraciət etmək səlahiyyətinə
malik olan subyektlərin dairəsi genişləndirilmiş, konstitusiya nəzarətinin əlçatanlığının
artırılması istiqamətində əhəmiyyətli hüquqi zəmin yaradılmışdır. Həmin
islahatların davamı olaraq, qəbul edilmiş “Konstitusiya Məhkəməsi haqqında” Azərbaycan
Respublikasının yeni Qanununun 2004-cü il yanvarın 8-də qüvvəyə minməsi
konstitusiya hüquqpozmalarına qarşı müdafiə vasitələrinin inkişafında yeni mərhələnin
başlanğıcını qoymuşdur. Bununla da Azərbaycanda konstitusiya şikayəti institutu
formalaşmış, eyni zamanda, İnsan hüquqları üzrə müvəkkilin (ombudsmanın) və məhkəmələrin
müəyyən edilmiş qaydada birbaşa Konstitusiya Məhkəməsinə müraciət etməsi üçün
hüquqi imkanlar yaradılmışdır.
Qeyd
olunmalıdır ki, Konstitusiyanın qanunvericilik sistemində yerinin müəyyən edilməsi
mühüm nəzəri və praktiki əhəmiyyət kəsb edir. Belə ki, Konstitusiyanın 147-ci
maddəsinə uyğun olaraq Konstitusiya Azərbaycan Respublikasında qanunvericilik sisteminin
əsası olmaqla ən yüksək və birbaşa hüquqi qüvvəyə malikdir. Əsas Qanunun 148-ci
maddəsi ilə normativ hüquqi aktların iyerarxiyası təsbit edilərkən də ilk pillədə
Konstitusiya müəyyən edilmişdir.
Bu səbəbdən
Konstitusiyada nəzərdə tutulan əsas insan hüquq və azadlıqlarının müdafiəsi,
habelə onların təmin edilməsinə yönəlmiş konstitusion prinsiplərə riayət
olunmasına nəzarət mexanizminin formalaşdırılması mühüm əhəmiyyət kəsb edirdi.
Bu zərurət Konstitusiyasının aliliyini təmin edən, hər kəsin əsas hüquq və
azadlıqlarını müdafiə edən ali konstitusiya ədalət mühakiməsi orqanının – Azərbaycan
Respublikasının Konstitusiya Məhkəməsinin yaradılması ilə nəticələndi. Ölkəmizdə
Konstitusiya Məhkəməsi simasında konstitusiya nəzarəti orqanının fəaliyyətə
başlaması, eyni zamanda bu orqanın müstəqilliyinin təmin edilməsi və ümumilikdə
konstitusionalizm ideyalarının inkişaf etdirilməsi məhz Ümummilli Lider Heydər
Əliyevin adı ilə bilavasitə bağlıdır.
Azərbaycan
Respublikası Konstitusiyasının “Keçid müddəaları” hissəsinin 11-ci bəndində
Konstitusiya Məhkəməsinin yaradılmalı olması göstərilmişdi. Bu müddəaya uyğun
olaraq 1997-ci il oktyabrın 21-də “Konstitusiya Məhkəməsi haqqında” Azərbaycan
Respublikasının Qanunu qəbul edilmiş və 14 iyul 1998-ci ildə Azərbaycan
Respublikasında ali konstitusiya ədalət mühakiməsini həyata keçirən orqan kimi
Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi rəsmi fəaliyyətə başlamışdır.
Konstitusiya
Məhkəməsinin fəaliyyətinin hüquq sistemimizin inkişafında və Konstitusiyanın
birbaşa tətbiqinin təmin olunmasında mühüm rolu dövlət başçısı tərəfindən də
vurğulanmışdır. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev bu barədə
demişdir:
“Ali
konstitusiya ədalət mühakiməsi orqanı qismində Konstitusiya Məhkəməsi ölkəmizin
hüquq sisteminin inkişafına öz töhfəsini verir, hüquqi tənzimləmə məsələləri
üzrə müsbət təcrübə formalaşdırır, konstitusiya nəzarəti funksiyalarını yerinə
yetirməklə Konstitusiyanın birbaşa tətbiqini həyata keçirir. Universal dəyərlərə
əsaslanan Azərbaycan Respublikasının Konstitusiyası bu gün də böyük hüquqi,
siyasi və ideoloji potensiala malikdir və Azərbaycan xalqının firavanlığına
xidmət edir”.
Bu qiymətləndirmə
Konstitusiya Məhkəməsinin qərarlarında müəyyən etdiyi hüquqi mövqelərdə də öz əksini
tapır. Konstitusiya Məhkəməsinin fəaliyyəti dövründə qəbul edilmiş qərarlar ölkənin
hüquq sisteminin inkişafına mühüm töhfə vermişdir. Həmin qərarlarda
Konstitusiyanın fundamental prinsipləri, onun ali hüquqi qüvvəsi və birbaşa tətbiqi,
eləcə də insan hüquq və azadlıqlarının üstünlüyü əsas götürülərək əhəmiyyətli
hüquqi mövqelər müəyyən edilmişdir. Bu baxımdan, cari il ərzində Məhkəmənin
Plenumu tərəfindən qəbul edilən bəzi qərarların təhlilini zəruri hesab edirəm.
Konstitusiya
Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Konstitusiyasının 80-ci maddəsi
baxımından Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 14.2 və 228.1-ci maddələrinin
əlaqəli şəkildə şərh edilməsinə dair” 2026-cı il 23 yanvar tarixli Qərarı cinayət
qanunvericiliyinin tətbiqində hüquqi müəyyənlik və ədalət prinsiplərinin təmin
edilməsi baxımından mühüm əhəmiyyət kəsb etmişdir. Konstitusiya Məhkəməsinə sorğu
ilə müraciət edilməsinin əsas səbəbi Cinayət Məcəlləsinin 228.1-ci maddəsinə
uyğun olaraq az sayda, xüsusilə bir və ya iki ədəd döyüş sursatını qanunsuz
əldə etmə, başqasına vermə, saxlama, daşıma və ya gəzdirmə ilə bağlı əməllərin
cinayət hesab olunmasında məhkəmə təcrübəsində fərqli yanaşmaların mövcudluğu
olmuşdur.
Məhkəmə Qərarda qeyd etmişdir ki, hər hansı əməlin
cinayət hesab edilməsi üçün onun Cinayət Məcəlləsində ayrı-ayrı cinayətlərlə
bağlı müəyyən edilmiş tərkib əlamətlərini daşıması ilə yanaşı, eyni zamanda
ictimai təhlükəli olması da tələb olunur. Yəni ictimai təhlükəlilik cinayət
anlayışının müəyyənedici elementlərindən biri kimi çıxış edir. Cinayət Məcəlləsinin
14.2-ci maddəsində də göstərilmişdir ki, cinayət qanununda nəzərdə tutulmuş hər
hansı əməlin (hərəkət və ya hərəkətsizliyin) əlamətləri formal cəhətdən mövcud
olsa da, lakin az əhəmiyyətli olduğuna görə ictimai təhlükəli sayılmayan, yəni
şəxsiyyətə, cəmiyyətə və yaxud dövlətə zərər yetirməyən və ya zərər yetirmək təhlükəsi
yaratmayan əməl (hərəkət və ya hərəkətsizlik) cinayət hesab edilmir.
Qərarda
göstərilmişdir ki, az əhəmiyyətli əməllər elə əməllərdir ki, onlar məhz ictimai
təhlükəlilik xüsusiyyətinə malik olmadıqlarına görə cinayət anlayışı ilə əhatə
edilmirlər. İctimai təhlükənin mövcudluğu isə yalnız o halda inkar edilə bilər
ki, əməl nəinki şəxsiyyətə, cəmiyyətə, yaxud dövlətə zərər yetirməmiş, həm də zərər
yetirmək təhlükəsi belə daşımamış olsun və nəticədə cinayət tərkibini müəyyən
edən müvafiq hüquq normasının qoruma sahəsindən kənarda qalsın.
Qərarın
digər mühüm cəhəti hüquq tətbiqedən orqanların qərar qəbul edərkən işin bütün
faktiki və hüquqi hallarını araşdırmalı olması ilə bağlıdır. Belə ki, cinayət məsuliyyətinin
tətbiqi zamanı əməlin qanunla nəzərdə tutulan formal əlamətlərinin mövcudluğu
ilə kifayətlənilməməli, onun ictimai təhlükəliliyi də işin hallarına uyğun qiymətləndirilməlidir.
Beləliklə,
Qərarda öz əksini tapmış bu hüquqi mövqelər şəxslərin əsassız olaraq cinayət məsuliyyətinə
cəlb olunmasının qarşısının alınması, hüquq və azadlıqlarının müdafiəsi,
konstitusion prinsiplərin təmin edilməsi baxımından xüsusi əhəmiyyət daşımışdır.
Konstitusiya
Məhkəməsinin Plenumunun Bakı Apellyasiya Məhkəməsinin müraciəti əsasında qəbul
etdiyi “Azərbaycan Respublikası Konstitusiyasının 28 və 60-cı maddələri
baxımından Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 148.6 və
447.2-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 2026-cı il 17
aprel tarixli Qərarı da əsas insan və vətəndaş hüquq və azadlıqlarının müdafiəsi
sahəsində xüsusilə vurğulanmalıdır.
Plenum Qərarında
göstərmişdir ki, cinayət-prosessual qanunvericilikdə tutulma müddətinin 48
saatla məhdudlaşdırılması, həbs qətimkan tədbirinin seçilməsi məsələsi həll
edilənədək cinayət təqibini həyata keçirən orqanlara zəruri sübutları toplamaq
və ilkin prosessual-istintaq hərəkətlərini yerinə yetirmək üçün imkan yaradır.
Digər tərəfdən bu müddət şəxsin azadlıq hüququnun əsassız məhdudlaşdırılmasının
qarşısını almağa yönəlmiş mühüm prosessual təminat kimi çıxış edir. Eyni
zamanda vurğulanmışdır ki, Cinayət-Prosessual Məcəllənin 148.6-cı maddəsində məhkəmələr
tərəfindən həbs qətimkan tədbirinin seçilməsi ilə bağlı müraciətə təxirəsalınmadan
baxılması, Cinayət-Prosessual Məcəllənin 447.2-ci maddəsində isə bunun üçün 24
saatlıq müddətin müəyyən olunması həmin normalar arasında uyğunsuzluğun
mövcudluğu kimi qiymətləndirilməməlidir. Belə ki, həbs qətimkan tədbirinin
seçilməsi ilə bağlı müraciətlərə məhkəmələr tərəfindən təxirəsalınmadan
baxılmasının müəyyən olunmasında əsas məqsəd şəxsin azadlıq hüququnun əsassız və
ya həddən artıq məhdudlaşdırılmasının qarşısını almaq, həmçinin bu məsələnin
operativ qaydada məhkəmə nəzarəti çərçivəsində həll edilməsini təmin etməkdir.
Digər tərəfdən Cinayət-Prosessual Məcəllənin 447.2-ci maddəsində nəzərdə
tutulmuş 24 saatlıq müddət məhkəmələr tərəfindən müraciətlərə baxılarkən
onların üzərinə qoyulmuş vəzifələrin icrası üçün məqsədəuyğun şəkildə müəyyən
edilmiş maksimal müddət olmaqla, hər bir halda məsələnin təxirəsalınmadan həll
olunması tələbini istisna etmir və bu tələbin realizəsinə imkan verən
ağlabatan müddət olaraq çıxış edir.
Həmçinin Plenum
qeyd etmişdir ki, məhkəmələr tərəfindən müraciətlərə baxılması üçün 24 saatlıq
müddətin müəyyən olunmasında qanunvericinin məqsədi şəxsin azadlıqdan məhrum
edilmə müddətini genişləndirmək deyil, əksinə məhz şəxsin tutulması üçün nəzərdə
tutulmuş 48 saatlıq müddət çərçivəsində məhkəmə nəzarətinin tam və vaxtında həyata
keçirilməsini təmin etməkdir.
Beləliklə,
sözügedən Qərar tutulma müddətlərinə ciddi əməl olunması, məhkəmə nəzarətinin
effektiv həyata keçirilməsi ilə şəxslərin əsassız olaraq azadlıq hüquqlarının məhdudlaşdırılmasının
qarşısının alınması baxımından yüksək hüquqi təminat yaradır.
Vurğulamaq
istərdim ki, vətəndaşların fərdi şikayətlə Konstitusiya Məhkəməsinə müraciət
etmək imkanı Konstitusiyada təsbit olunmuş əsas hüquq və azadlıqların müdafiəsinin
effektiv mexanizmi olmaqla yanaşı, onların real təminatının və konstitusion
prinsiplərin həyata keçirilməsinin mühüm hüquqi vasitəsi kimi çıxış edir.
Konstitusiya
Məhkəməsinin fərdi şikayətlər üzrə qəbul etdiyi son qərar, “A.Şükürovanın şikayəti
üzrə Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 14.2-ci maddəsinin Azərbaycan
Respublikası Konstitusiyasının 29-cu maddəsinin III hissəsinə və 71-ci maddəsinin
I və II hissələrinə uyğunluğunun yoxlanılmasına dair” 2026-cı il 23 iyun
tarixli Qərarı mülkiyyət hüququnun həyata keçirilməsi ilə mənzil hüququnun, eləcə
də çoxmənzilli binada yaşayan şəxslərin hüquq və qanuni mənafelərinin müdafiəsi
arasındakı qarşılıqlı əlaqənin müəyyənləşdirilməsi baxımından mühüm əhəmiyyət kəsb
edir.
Konstitusiya
Məhkəməsinin Plenumu Qərarda qeyd etmişdir ki, Konstitusiyanın 43-cü maddəsi ilə
nəzərdə tutulan mənzil hüququ şəxslərin mülkiyyət, təhlükəsiz yaşamaq, mənzil
toxunulmazlığı kimi digər konstitusion hüquqları ilə sıx bağlı olub şəxsin öz mənzilində
dinc, təhlükəsiz və rahat yaşamaq imkanını ehtiva edir.
Qeyd
edilmişdir ki, mənzil hüququnun həyata keçirilməsi baxımından xüsusi əhəmiyyəti
nəzərə alınaraq yaşayış sahəsinin təyinatı bilavasitə Mənzil Məcəlləsinin
14.1-ci maddəsi ilə müəyyən edilmiş və göstərilmişdir ki, yaşayış sahəsinin əsas
təyinatı həmin sahədə insanların yaşamasıdır. Həmçinin mülkiyyət hüququ əsasında
ona məxsus olan yaşayış sahəsi barəsində qanunvericiliklə müəyyən edilmiş
hüdudlarda sahiblik, istifadə və sərəncam vermək hüquqlarının məhz yaşayış sahəsinin
təyinatına uyğun olaraq həyata keçirilməsi yaşayış sahəsinin mülkiyyətçisinin vəzifəsi
kimi müəyyənləşdirilmişdir (Mənzil Məcəlləsinin 29.1-ci maddəsi).
Yaşayış
sahəsindən istifadənin hüdudları Mənzil Məcəlləsinin müvafiq normaları ilə dəqiqləşdirilərək
göstərilmişdir ki, yaşayış sahəsində qanuni əsaslarla yaşayan fiziki şəxslərə həmin
yaşayış sahəsindən peşə fəaliyyətini və ya fərdi sahibkarlıq fəaliyyətini həyata
keçirmək məqsədilə istifadəsinə o şərtlə yol verilir ki, bu digər şəxslərin
hüquqlarını və qanuni mənafelərini, habelə yaşayış sahəsi üçün müəyyən edilmiş
tələbləri pozmasın. Yaşayış sahələrində sənaye istehsalatlarının yerləşdirilməsinə
yol verilmir (14.2 və 14.3-cü maddələr).
Qərarda
qeyd olunmuşdur ki, Mənzil Məcəlləsinin 14.2 və 14.3-cü maddələrinin təhlilinə
görə qanunverici yaşayış sahəsində istənilən fəaliyyəti deyil, məhz məhdud çərçivəyə
malik, təkbaşına xarakter daşıyan peşə və ya fərdi sahibkarlıq fəaliyyətini həyata
keçirmək imkanını tanıyır və bunu onunla şərtləndirir ki, sahənin əsas təyinatı
faktiki olaraq dəyişdirilmədən yaşamaq üçün istifadə edilsin və belə istifadə nəticəsində
başqalarının hüquq və qanuni mənafelərinə xələl gəlməsin. Qanunvericilikdə
yaşayış sahəsində fərdi sahibkarlıq və peşə fəaliyyətinin həyata keçirilməsinə
müəyyən hallarda icazə verilməsi həmin fəaliyyətlərin yaşayış sahəsinin əsas təyinatı
ilə prinsip etibarilə ziddiyyət təşkil etməməsi ilə izah oluna bilər. Nəzərə
alınmalıdır ki, şəxs belə hallarda yaşayış sahəsində faktiki olaraq yaşamaqda
davam edir və həmin sahənin yaşayış təyinatı mahiyyət etibarilə dəyişmir.
Konstitusiya
Məhkəməsinin Plenumu vurğulamışdır ki, hüquqi şəxs yaratmaqla həyata keçirilən
sahibkarlıq fəaliyyəti, bir qayda olaraq, daha geniş təşkilati xarakter
daşıyır. Bu cür fəaliyyətin yaşayış sahəsində həyata keçirilməsi həmin sahənin
yaşayış məqsədilə istifadəsinə mane ola, onun ilkin təyinatının dəyişdirilməsini
zəruri edə bilər. Bu amilləri nəzərə alan qanunverici yaşayış sahələrində
sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi imkanlarını məhdudlaşdırmış və bu
sahədə yol verilən fəaliyyət növlərini daha məhdud çərçivədə müəyyən etmişdir.
Bu
baxımdan, Mənzil Məcəlləsinin 14.2-ci maddəsini genişləndirici təfsir edərək mənzil
mülkiyyətçisinin yaşayış sahəsini sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi
üçün hüquqi şəxsin istifadəsinə vermək və bununla da həmin sahənin faktiki təyinatını
dəyişdirmək hüququna malik olması qənaətinə gəlmək qanunvericinin müəyyən
etdiyi hüquqi tənzimləmənin məqsədi ilə uzlaşmır. Bu cür yanaşma yaşayış və
qeyri-yaşayış sahələrinin hüquqi statusunun fərqləndirilməsinə xidmət edən
qanunvericilik tələblərinin mahiyyətini təhrif edə, habelə yaşayış sahəsinin təyinatı
üzrə istifadəsini təmin edən hüquqi mexanizmlərin əhəmiyyətini azalda bilər.
Qərarda həmçinin
göstərilmişdir ki, normativ hüquqi aktın müddəalarının konstitusiya-hüquqi mənası
və mahiyyəti ilə bağlı formalaşdırılan hüquqi mövqelər onların fərqli şəkildə tətbiq
edilməsini istisna edir. Normanın konstitusiya-hüquqi mənasını aydınlaşdıran qərarın
hüquqi qüvvəsi bu normanın artıq həmin mənadan kənara çıxmaqla tətbiqinin
mümkünsüzlüyünü, başqa cür şərh və ya fərqli məzmunda tətbiq edilməməli
olmasını özündə ehtiva edir.
Onu da
qeyd etmək istərdim ki, sözügedən Qərarın digər mühüm əhəmiyyəti onun 2026-cı
ilin “Şəhərsalma və Memarlıq ili” elan edildiyi dövrə təsadüf etməsi və yaşayış
sahəsindən istifadə, mənzil hüquqlarının müdafiəsi ilə bağlı mühüm hüquqi məsələləri
əhatə etməsindədir.
Belə ki,
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən 22 dekabr
2025-ci ildə Azərbaycanın çoxəsrlik tarixə malik şəhərsalma və memarlıq mədəniyyəti
ənənələrinin yaşadılması, eləcə də ölkədə bu sahədə yeni çağırışlara cavab verən
mütərəqqi yanaşmaların təşviqi və tətbiqinin genişləndirilməsi məqsədilə Azərbaycan
Respublikasında 2026-cı ilin “Şəhərsalma və Memarlıq İli” elan edilməsi
haqqında Sərəncam imzalanmışdır.
Sərəncamda
Azərbaycanın İpək Yolu üzərində yerləşən Şərq ölkələri ilə sıx əlaqələr qurması,
dünya əhəmiyyətli tarix və mədəniyyəti abidələri, UNESCO-nun Ümumdünya İrs
Siyahısına daxil edilmiş nadir sərvətlərimiz, Əcəmi Naxçıvani, Böyük Qayıdış çərçivəsində
görülən quruculuq işləri, BMT-nin Ümumdünya Şəhərsalma Forumunun XIII
sessiyasının (WUF13) 2026-cı ildə Azərbaycanda keçirilməsi və s. nəzərdə
tutulmuşdur.
Azərbaycanın
inkişaf strategiyalarının və dayanıqlı şəhərsalma sahəsində əldə etdiyi nailiyyətlərin
beynəlxalq ictimaiyyətə çatdırılması məqsədilə 2026-cı ilin 17–22 may tarixlərində
ölkəmizdə Ümumdünya Şəhərsalma Forumunun on üçüncü sessiyası (WUF13)
keçirilmişdir. Forumun mövzusu “Hər kəs üçün yaşayış yerləri: təhlükəsiz,
dayanıqlı şəhərlər və yaşayış məskənləri” olmuşdur.
Qeyd
olunmalıdır ki, Ümumdünya Şəhərsalma Forumu (WUF) 2001-ci ildə Birləşmiş Millətlər
Təşkilatı (BMT) tərəfindən təşkil edilən beynəlxalq platformadır. Forumun əsas
məqsədi müasir dövrün mühüm problemlərindən biri olan sürətli urbanizasiya
prosesini, eləcə də onun cəmiyyətə, şəhərlərə, dövlətlərə və iqlim dəyişikliyinə
təsirini öyrənməkdir. BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) təşkilatçılığı
ilə keçirilən bu tədbir dayanıqlı şəhər inkişafı sahəsində mövcud çətinliklərin
müzakirəsi və onların həlli yollarının müəyyənləşdirilməsi üçün açıq, inklüziv
və yüksək səviyyəli beynəlxalq platforma rolunu oynayır.
Ümumdünya
Şəhərsalma Forumunun 13-cü sessiyasının açılış mərasimində Azərbaycan
Respublikasının Prezidenti cənab İlham Əliyev qeyd etmişdir: “Bu, ilyarım əvvəl
Azərbaycanda keçirilmiş COP29-dan sonra ikinci ən böyük beynəlxalq tədbirdir və
ümid edirəm ki, Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyasının nəticəsi
COP29 qədər uğurlu olacaq”.
Forumun əsas
nəticələrindən biri “Bakı Fəaliyyətə Çağırış” sənədinin qəbul edilməsi
olmuşdur. Bu sənəd qlobal mənzil problemlərinin həlli, Yeni Şəhər Gündəliyində
nəzərdə tutulan məqsədlərin həyata keçirilməsi üçün beynəlxalq əməkdaşlığın
aparılmasını özündə əks etdirir. Bu çərçivədə dövlətlərin, beynəlxalq təşkilatların,
şəhərlərin birgə fəaliyyətinin vacibliyi ön plana çəkilir.
Vurğulanmalıdır
ki, Ümumdünya Şəhərsalma Forumunun tarixində ilk dəfə ev sahibi ölkənin təşəbbüsü
ilə keçirilən Liderlər Sammitində 27 dövlət və hökumət başçısı iştirak
etmişdir. Forumun əsas yenilikləri sırasında Bakı Şəhərsalma Mükafatı, WUF
Akademiyasının Kampusu, Biznes və İnnovasiya Mərkəzi xüsusilə qeyd olunmalıdır.
Ümumdünya
Şəhərsalma Forumunun regionumuzda ən irimiqyaslı tədbirlərdən biri olduğunu əminliklə
söyləyərək qeyd etmək istəyirəm ki, bu önəmli tədbirin 2026-cı ildə Bakıda
keçirilməsi Azərbaycanın şəhərsalma sahəsində qazandığı uğurların beynəlxalq
ictimaiyyət tərəfindən yüksək qiymətləndirildiyini göstərir. Ölkəmizdə
urbanizasiya və şəhərsalma istiqamətində həyata keçirilən köklü dəyişikliklər,
genişmiqyaslı inkişaf proqramları və mühüm infrastruktur layihələri bu sahədə
yeni imkanlar yaradıb. Bununla yanaşı, Azərbaycanın qlobal şəhərsalma proseslərinə
verdiyi töhfələr və dayanıqlı inkişaf prinsiplərinin təşviqində iştirakı ölkənin
beynəlxalq mövqeyinin gücləndirilməsində mühüm rol oynayır. Forumun
paytaxtımızda təşkili də Azərbaycanın bu istiqamətdə əldə etdiyi irəliləyişlərin
və beynəlxalq əməkdaşlığa verdiyi töhfənin əhəmiyyətli göstəricisidir.
Qeyd olunmalıdır
ki, cəmiyyətdə baş verən yeniliklər, ictimai münasibətlərin dinamikasının dəyişməsi,
informasiya-kommunikasiya texnologiyalarının sürətli inkişafı, rəqəmsallaşma
proseslərinin genişlənməsi, müxtəlif fəaliyyət sahələrində, o cümlədən dövlət
orqanlarının fəaliyyətində, məhkəmə-hüquq sistemində müvafiq islahatların aparılmasına
zərurət yaratmışdır. Təsadüfi deyil ki, cari ildə rəqəmsal inkişaf və süni
intellekt texnologiyalarının tətbiqi dövlət siyasətinin prioritet istiqamətlərindən
biri kimi müəyyən edilmişdir.
Belə ki,
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 27 fevral 2026-cı il
tarixli Fərmanı ilə Azərbaycan Respublikasında rəqəmsallaşma, süni intellekt və
innovasiya sahələrində fəaliyyətin təkmilləşdirilməsi, prioritet istiqamətlərin
müəyyənləşdirilməsi, innovasiya əsaslı iqtisadi modelə keçidin sürətləndirilməsi
məqsədilə Rəqəmsal İnkişaf Şurası yaradılmışdır. Eyni zamanda Azərbaycan
Respublikasının Prezidenti İlham Əliyevin sədrliyi ilə 11 fevral 2026-cı ildə
keçirilmiş müşavirədə “Azərbaycan Respublikasında rəqəmsal inkişafın sürətləndirilməsinə
dair 2026 - 2028-ci illər üçün Fəaliyyət Planı” təsdiq edilib. Bu sənəd yaxın
üç il ərzində rəqəmsal inkişafın təmin
edilməsi, bu istiqamətdə dövlət orqanlarının fəaliyyətinin təkmilləşdirilməsi
sahəsində kompleks tədbirləri və strateji hədəfləri özündə birləşdirir. Fəaliyyət
Planında müasir texnologiyaların inkişafını təmin etmək üçün dövlət və özəl
sektorlar arasında əməkdaşlıq, akademik və elmi tədqiqatların gücləndirilməsi,
startap və innovasiya mühitinin dəstəklənməsi kimi məsələlərə xüsusi diqqət
yetirilir. O cümlədən dövlət orqanları tərəfindən xidmətlərin təqdim
olunmasında pərakəndəliyin aradan qaldırılması, “vahid məlumat idarəçiliyi”
yanaşmasının tətbiqi, məlumatların dövlət orqanları tərəfindən alınmasında
“yalnız bir dəfə” prinsipinin reallaşdırılması, rəqəmsal mühitdə kibertəhlükəsizliyin
təmin edilməsi kimi məsələlərin də Fəaliyyət Planı çərçivəsində həll edilməsi nəzərdə
tutulmuşdur.
Azərbaycan
Respublikasının Konstitusiya Məhkəməsi də müasir texnoloji inkişaf meyillərini
diqqətdən kənarda saxlamamış, xarici ölkələrin Konstitusiya Məhkəmələri və bu
sahədə fəaliyyət göstərən nüfuzlu beynəlxalq təşkilatlarla əməkdaşlıq əlaqələrinin
qurulması və bu əlaqələrin inkişaf etdirilməsi istiqamətində mühüm addımlar
atmışdır.
Belə ki,
2026-cı il oktyabrın 1-2-də Özbəkistan Respublikasının Səmərqənd şəhərində
keçirilən Asiya Konstitusiya Məhkəmələri və Ekvivalent İnstitutlar
Assosiasiyasının VII Konqresində Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin
nümayəndə heyəti iştirak etmişdir. Rəqəmsallaşma və süni intellekt şəraitində
konstitusiya ədalət mühakiməsi mövzusuna həsr olunmuş bu tədbirdə məhkəmə fəaliyyətində
süni intellektdən istifadənin hüdudları, rəqəmsal texnologiyaların və süni
intellektin konstitusiya ədalət mühakiməsinin həyata keçirilməsində yaratdığı
imkanlar, insan hüquq və azadlıqlarının təmin olunması kimi məsələlər müzakirə
olunmuşdur.
Məlum
olduğu kimi Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi TÜRK-AY-ın (Türk
Dünyası Konstitusiya Yurisdiksiyaları Konfransı) təsisçi üzvlərindən biridir.
Bu təşkilatın fəaliyyəti türk dövlətlərinin konstitusiya məhkəmələri arasında əməkdaşlığın,
konstitusionalizm, hüququn aliliyi və insan hüquqlarının müdafiəsi sahəsində
qabaqcıl təcrübələrin mübadiləsinin genişlənməsinə istiqamətlənmişdir.
Qeyd olunmalıdır ki, 2026-cı il oktyabrın 20-də
Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsində Türk Dünyası Konstitusiya
Yurisdiksiyaları Konfransına üzv ölkələrin nümayəndələrinin iştirakı ilə “Süni
intellektin konstitusiya məhkəmələrinin fəaliyyətində rolu” mövzusunda dəyirmi
masa keçirilib. Bu tədbir konstitusiya ədalət mühakiməsi sahəsində beynəlxalq əməkdaşlığın
genişləndirilməsi, müasir texnoloji yeniliklərin yaratdığı imkanların və hüquqi
çağırışların müzakirəsi baxımından əhəmiyyətli olmuşdur.
Dəyirmi
masa çərçivəsində süni intellekt texnologiyalarının konstitusiya ədalət mühakiməsinə
təsiri, məhkəmə fəaliyyətində istifadəsinin mümkün istiqamətləri və müasir
texnoloji çağırışlar fonunda konstitusiya ədalət mühakiməsinin qarşısında duran
məsələlər ətrafında fikir mübadiləsi aparılmış, iştirakçılar bu mövzuda öz təcrübələrini
bölüşərək rəqəmsal texnologiyaların məhkəmə proseslərinin təkmilləşdirilməsində
rolunu və onların tətbiqi zamanı nəzərə alınmalı olan prinsipləri müzakirə
etmişlər.
Azərbaycanın
müasir dövrdə əldə etdiyi sosial-iqtisadi nailiyyətlər, beynəlxalq sferada
mövqeyinin möhkəmlənməsi və davamlı inkişafının təmin olunması ölkədə aparılan
uzunmüddətli dövlətçilik siyasətinin nəticəsidir. Bu inkişafın təməlində
Ümumilli Lider Heydər Əliyevin müəyyən etdiyi siyasi kurs, onun formalaşdırdığı
dövlətçilik konsepsiyası və həmin strateji xəttin cənab Prezidentimiz İlham
Əliyev tərəfindən müasir dövrün tələblərinə uyğun şəkildə davam etdirilməsi
dayanır.
Azərbaycan
Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi
ilə 44 gün davam edən Vətən müharibəsində qazanılan böyük Zəfər Azərbaycan
tarixinin ən mühüm qələbələrindən biri olmaqla yanaşı, dünya hərb tarixinə də
qızıl hərflərlə yazıldı. Ali Baş Komandanın hərbi strategiyası nəticəsində Azərbaycan
Ordusu Vətən müharibəsi zamanı şücaət göstərərək 30 ildən artıq işğal altında
olan torpaqlarımızı düşmən əsarətindən xilas edərək Vətən və xalq qarşısında
olan şərəfli vəzifəsini layiqincə icra etdi. Nəticədə Azərbaycanın ərazi
bütövlüyü və suverenliyi təmin edildi, bir milyona yaxın həmvətənimizin
pozulmuş hüquqları bərpa edildi.
Vətən
müharibəsində qazanılan bu uğur Azərbaycanın yalnız hərbi qüdrətini deyil, o
cümlədən siyasi gücünü daha da artırdı, regionda davamlı sülhün və təhlükəsizliyin
təmin olunması, iqtisadi əlaqələrin genişləndirilməsi, nəqliyyat-kommunikasiya
xətlərinin inkişafı və dövlətlərarası əməkdaşlığın yeni istiqamətlərinin müəyyənləşdirilməsi
üçün əlverişli imkanlar yaratdı.
Qeyd
olunmalıdır ki, 44 günlük Vətən müharibəsinin başa çatması ilə ölkəmizdə ərazi
məsələləri ilə bağlı istifadə olunan ifadələrdə də mühüm dəyişiklik baş verdi.
Belə ki, əvvəllər “işgal altında olan ərazilər” kimi qeyd edilən torpaqlar
artıq “işğaldan azad edilmiş ərazilər” adlandırılmağa başladı. İkinci Qarabağ
müharibəsi başa çatdıqdan sonra cənab Prezident İlham Əliyev azad olunmuş ərazilərə
səfərlər həyata keçirərək həmin bölgələrdə aparılan işlərlə tanış oldu. Bu səfərlər
sonrakı illərdə də davam etdirilərək bir ənənə halını aldı.
Bu şanlı
qələbədən sonra Azərbaycanın yeni geosiyasi reallıqlara uyğun siyasət yürütməsi
və işğaldan azad olunmuş ərazilərdə bərpa-quruculuq işlərini həyata keçirməsi
üçün geniş imkanlar yarandı. Həmin ərazilərin yenidən qurulması,
infrastrukturun inkişaf etdirilməsi və əhalinin doğma torpaqlarına qayıdışının
təmin olunması dövlət siyasətinin əsas istiqamətlərindən birinə çevrildi.
Təsadüfi
deyil ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2 fevral 2021-ci
il tarixli Sərəncamı ilə təsdiq olunmuş “Azərbaycan 2030: sosial-iqtisadi
inkişafa dair Milli Prioritetlər” sənədində 5 milli prioritet göstərilmişdir
ki, onlardan biri də məhz işğaldan azad olunmuş ərazilərə böyük qayıdışdır. Bu
prioritetin uğurla həyata keçirilməsi üçün qarşıya iki məqsəd qoyulmuşdur:
dayanıqlı məskunlaşma və iqtisadi fəaliyyətə reinteqrasiya. Bunun davamı olaraq
Prezidentin 2022-ci il 16 noyabr tarixli Sərəncamı ilə “Azərbaycan
Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət
Proqramı” təsdiq edilmişdir. Həmçinin 30 may 2025-ci il tarixində Prezident
İlham Əliyev “Azərbaycan Respublikasının 2027−2030-cu illərdə sosial-iqtisadi
inkişaf Strategiyası”nın və “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə
Böyük Qayıdışa dair II Dövlət Proqramı”nın hazırlanması haqqında Sərəncam
imzalamışdır.
Böyük
Qayıdış proqramı çərçivəsində həyata keçirilən tədbirlər 2026-cı ildə də davam
etdirilmiş, işğaldan azad olunan ərazilərdə məskunlaşmanın genişləndirilməsi
istiqamətində mühüm addımlar atılmışdır. Bu proses yalnız əhalinin doğma
torpaqlarına qaytarılması deyil, eyni zamanda həmin ərazilərdə yaşayış şəraitinin
yaxşılaşdırılması, infrastrukturun qurulması, insanların daimi məskunlaşması
üçün zəruri imkanların yaradılmasını da əhatə edir.
Qeyd etməyi
zəruri hesab edirəm ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham
Əliyevin 2025-ci ilin fevralında imzaladığı Sərəncama əsasən 2026-cı il fevral
ayının 26-da Xocalı şəhərində Xocalı Soyqırımı Memorialının açılışı baş
tutmuşdur. Memorialın yaradılması Azərbaycan xalqının tarixi yaddaşının
qorunması, faciə qurbanlarının xatirəsinin əbədiləşdirilməsi və Xocalı həqiqətlərinin
bütün dünyaya çatdırılmasında vacib rol oynayır. Eyni zamanda Memorialın məhz
Xocalı şəhərində inşa edilməsi faciə qurbanlarının xatirəsinin onların doğma
yurdunda yaşadılması baxımından mühüm məna kəsb edir.
Qarabağ və
Şərqi Zəngəzur iqtisadi rayonları əsrlər boyu zəngin təbii sərvətləri, özünəməxsus
landşaftı və biomüxtəlifliyi ilə seçilmişdir. Lakin bu ərazilərin uzun müddət
işğal altında qalması nəticəsində təbii mühitə xeyli ziyan dəymiş, nadir bitki
və heyvan növlərinin bir qismi məhv edilmişdir. Bu isə regionda ekoloji
tarazlığın pozulmasına səbəb olmuşdur.
Vətən
müharibəsindən sonra işğaldan azad edilmiş ərazilərdə xüsusi mühafizə olunan ərazilərin
yenidən qurulması, ekoloji tarazlığın bərpa edilməsi istiqamətində mühüm
addımlar atılmışdır. Bu çərçivədə Şərqi Zəngəzurun Zəngilan rayonunda yerləşən
Bəsitçay Dövlət Təbiət Qoruğunun, Şuşa və Xocalı rayonlarının inzibati ərazilərində
yerləşən Daşaltı Dövlət Təbiət Yasaqlığının fəaliyyəti bərpa edilmişdir. Təbii
irsin qorunması istiqamətində atılan addımların davamı olaraq, dövlət başçımız
cənab İlham Əliyev 2026-cı ilin oktyabr ayının 20-də Qarabağ Milli Parkının
yaradılması haqqında Sərəncam imzalamışdır.
Azərbaycan
Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə ölkəmiz regionda
öz mövqeyini daha da gücləndirərək yeni mərhələyə qədəm qoymuşdur. Ölkənin
regional və qlobal proseslərdə fəal iştirak etməsi, yeni sazişlərə imza atması
da müasir dövlət quruculuğunun mühüm istiqamətlərindən biridir. Prezident İlham
Əliyevin rəhbərliyi ilə yürüdülən xarici siyasət dünya dövlətləri ilə beynəlxalq
əməkdaşlığın genişləndirilməsinə, dövlətlərarası münasibətlərin inkişafına və
regional sabitliyin möhkəmləndirilməsinə yönəlmişdir.
Bu baxımdan, cari ilin fevral ayının 10-da Azərbaycan
Respublikası ilə Amerika Birləşmiş Ştatları arasında imzalanan Strateji Tərəfdaşlıq
haqqında Xartiya iki ölkə arasında münasibətlərin inkişafı və əvvəlki dövrdə əldə
edilmiş razılaşmaların davamı kimi xüsusi əhəmiyyət daşıyır. Bu tərəfdaşlığın əsası
2025-ci ilin avqust ayında Azərbaycan Respublikasının Prezidenti cənab İlham
Əliyevin ABŞ-yə işgüzar səfəri və bu səfər çərçivəsində baş tutmuş görüşlər
zamanı Azərbaycan və ABŞ arasında Strateji Tərəfdaşlıq Xartiyasının
hazırlanması üçün İşçi Qrupunun yaradılmasına dair Anlaşma Memorandumunun
imzalanması ilə qoyulmuşdur.
Xartiyanın
əhatə etdiyi məsələlər göstərir ki, tərəfdaşlıq yalnız ənənəvi iqtisadi əlaqələrlə
məhdudlaşmır, eyni zamanda iki dövlət arasında enerji və data bağlantısı, nəqliyyat-tranzit
imkanlarının genişləndirilməsi, gömrük nəzarəti, sərhəd keçidi və digər əlaqəli
sahələrdə əməkdaşlıq yolu ilə regional bağlantıların təşviqi, kibertəhlükəsizlik
və süni intellekt sahəsində yeni mexanizmlərin yaradılması, o cümlədən müdafiə
və təhlükəsizlik sahəsində əməkdaşlığı da özündə ehtiva edir. Xüsusilə Orta Dəhlizin
və TRİPP layihəsinin inkişafına dair müddəalar regional bağlantıların genişləndirilməsi
və davamlı əməkdaşlıq imkanlarının artırılması baxımından xüsusilə diqqətəlayiqdir.
Son illərdə
Azərbaycan Respublikası beynəlxalq əhəmiyyətli tədbirlərin, diplomatik müzakirələrin
keçirildiyi mühüm mərkəzlərdən birinə çevrilmişdir. Ölkəmizdə təşkil olunan
beynəlxalq forumlar və zirvə görüşləri dövlətlər arasında siyasi dialoqların
genişləndirilməsinə, qlobal problemlərin birgə müzakirəsinə şərait yaratmışdır.
Azərbaycanın beynəlxalq tədbirlərə ev sahibliyi etməsi onun çoxtərəfli əməkdaşlıq
proseslərində iştirakının əhəmiyyətini və beynəlxalq münasibətlər sistemində
tutduğu mövqeyini bir daha nümayiş etdirir.
Bu
istiqamətdə mühüm hadisələrdən biri 2026-cı il oktyabr ayının 15-də Bakıda
Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin (AQEM) VII
Zirvə Görüşünün keçirilməsi ilə bağlı olmuşdur. Qeyd olunmalıdır ki, bu forum
Asiyada sülhün, təhlükəsizliyin təmin olunması istiqamətində əməkdaşlığın gücləndirilməsi
məqsədilə yaradılmışdır. VII Zirvə Görüşü zamanı əldə olunan mühüm nailiyyətlərdən
biri Bakı Bəyannaməsinin, o cümlədən əməkdaşlıq, sağlamlıq və əməyin təhlükəsizliyi
üzrə bəyanatın qəbul edilməsi olmuşdur. Bakı Bəyannaməsində BMT Nizamnaməsinin
prinsiplərinə, beynəlxalq hüquqa, suveren bərabərliyə, ərazi bütövlüyünə, o
cümlədən mübahisələrin sülh yolu ilə həlli prinsiplərinə bir daha toxunulmuş,
beynəlxalq nizamın təşviqi, sivilizasiyalararası dialoqun inkişaf etdirilməsi,
elm, təhsil və innovasiyalardan istifadənin genişləndirilməsinə, o cümlədən
süni intellektin inkişafı nəticəsində yaranan imkanlara, risklərə də xüsusi
diqqət yetirilmişdir.
Bu qürurverici
gündə - 12 Noyabr, Konstitusiya Günündə xüsusilə vurğulamaq istərdim ki, bu gün
Azərbaycan nüfuzlu beynəlxalq tədbirlərə ardıcıl olaraq ev sahibliyi edən,
dünya dövlətləri arasında söz sahibinə çevrilmiş bir ölkədir. Bu nailiyyətlər
isə hər bir Azərbaycan vətəndaşında doğma Vətənə bağlılıq və milli qürür
hissini daha da gücləndirir.
Bu gün Ümumilli
Lider Heydər Əliyevin zəngin dövlətçilik irsi, hüquqi dövlət quruculuğu sahəsində
əsasını qoyduğu ənənələr dövlət başçımız cənab İlham Əliyev tərəfindən layiqincə
davam etdirilir. Dövlət idarəçiliyində Əsas Qanunun müddəalarını rəhbər tutaraq
ölkənin siyasi, iqtisadi və sosial inkişafının təmin olunması istiqamətində həyata
keçirilən genişmiqyaslı dövlət proqramları, iqtisadi islahatlar, sosial layihələr
və mədəniyyət sahəsində görülən tədbirlər ölkənin inkişaf strategiyasının mühüm
tərkib hissəsini təşkil edir.
Azərbaycan
Respublikasının Konstitusiya Məhkəməsi ali konstitusiya ədalət mühakiməsi
orqanı olaraq bu ənənəyə sadiq qalaraq öz üzərinə düşən vəzifələri layiqincə
yerinə yetirərək konstitusion norma və prinsiplərin aliliyinin qorunmasını,
hüquq normalarının Əsas Qanuna uyğunluğunun təmin edilməsini və insan hüquq və
azadlıqlarının müdafiəsini həyata keçirir.
Sonda
Konstitusiya Məhkəməsi adından bütün Azərbaycan xalqını 8 Noyabr –Zəfər Günü, həmçinin
9 Noyabr – Dövlət Bayrağı Günü və 12 Noyabr – Konstitusiya Günü münasibətilə təbrik
edir, xalqımıza xoşbəxt və firavan həyat arzulayırıq.
Fərhad Abdullayev
Azərbaycan
Respublikası
Konstitusiya
Məhkəməsinin sədri
