02.05.2025
Fərhad Abdullayevin sədrliyi ilə Konstitusiya Məhkəməsi
Plenumunun növbəti iclası keçirilib.
Məhkəmə
iclasında Azərbaycan Respublikası Prokurorluğunun sorğusu
əsasında Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin I hissəsində
və 29-cu maddəsində nəzərdə tutulmuş mülkiyyət toxunulmazlığı hüququ baxımından
Cinayət Məcəlləsinin 99-1.1.1, 99-2 və 99-3.2-ci maddələrinin şərh edilməsinə
dair konstitusiya işinə baxılıb.
Konstitusiya Məhkəməsinin Plenumu iş üzrə hakim
R.Qvaladzenin məruzəsini, maraqlı subyektlər Azərbaycan Respublikası
Prokurorluğunun sorğusunu və Milli Məclis Aparatının mülahizəsini, Ali Məhkəməsi,
Bakı Apellyasiya Məhkəməsi, Hüquqi Ekspertiza və Qanunvericilik Təşəbbüsləri Mərkəzi
tərəfindən təqdim edilmiş mütəxəssis mülahizələrini və iş materiallarını
araşdırıb müzakirə edərək qərar qəbul edib.
Qərarda deyilir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin
99-1.1.1-ci maddəsindəki “cinayət törədilərkən istifadə etdiyi” müddəası
hazırlanan cinayətdə alət və vasitələr kimi istifadə edilməsi nəzərdə tutulan əşyaları
da əhatə edir.
Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-2-ci maddəsinin
“cinayət törətmiş şəxsə məxsus olan digər əmlak” müddəası həmin Məcəllənin
99-1.1-ci maddəsində göstərilən əmlaka aid edilməyən cinayət törətmiş şəxsə məxsus
olan hər hansı əmlakı nəzərdə tutur.
Cinayət Məcəlləsinin 99-3.2-ci maddəsinin ikinci cümləsində
nəzərdə tutulan “cinayət törətmiş şəxsin müsadirə edilmiş əmlakdan başqa əmlakı”
müddəası məhkəmənin yekun qərarı ilə cinayət nəticəsində əmlakın qanuni sahibinə
vurulmuş ziyanın ödənilməsinə yönələn, həmçinin cinayətin törədilməsindən əvvəl
və ya törədilməsindən sonra cinayət törətmiş şəxsə məxsus olan istənilən əmlakı
ehtiva edir.
Cinayət Məcəlləsinin 15-1-ci fəslinin, eləcə də Cinayət-Prosessual
Məcəlləsinin 41.1-1, 346 və 353-cü maddələrinin tələblərindən irəli gələrək əmlakın
xüsusi müsadirəsi ilə yanaşı, cinayət nəticəsində onun qanuni sahibinə vurulmuş
ziyanın ödənilməsinə yönəldilməsi məsələləri məhkəmənin yekun qərarı ilə həll
edilməlidir.
Qərar dərc edildiyi gündən qüvvəyə minir, qətidir, heç
bir orqan və ya şəxs tərəfindən ləğv oluna, dəyişdirilə, yaxud rəsmi təfsir
edilə bilməz.