AZƏRBAYCAN RESPUBLİKASI ADINDAN
AZƏRBAYCAN RESPUBLİKASI
KONSTİTUSİYA MƏHKƏMƏSİ PLENUMUNUN
Q Ə R A R I
2013-cü
il oktyabrın 9-da keçirilmiş Azərbaycan Respublikası Prezidenti
seçkilərinin nəticələrinin təsdiq və rəsmən elan edilməsinə dair
19 oktyabr
2013-cü
il
Bakı şəhəri
Azərbaycan Respublikası
Konstitusiya Məhkəməsinin Plenumu Fərhad Abdullayev (sədr), Sona Salmanova (məruzəçi-hakim),
Südabə Həsənova, Rövşən İsmayılov, Ceyhun Qaracayev, Rafael Qvaladze (məruzəçi-hakim),
Mahir Muradov, İsa Nəcəfov və Kamran Şəfiyevdən ibarət tərkibdə,
məhkəmə katibləri Vüqar Zeynalov
və Fəraid Əliyevin,
maraqlı subyektlərin nümayəndələri
Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahovun, sədr
müavini Natiq Məmmədovun, katibləri Arifə Muxtarova və Mikayıl Rəhimovun, üzvləri
Şaitdin Əliyev, Fuad Cavadov, Ramiz İbrahimov, Validə Kazımova, Qabil Orucov, Tofiq
Həsənov, İlham Məmmədov, Nizami Nadirov,
Azər Tağıyev, Tamam Cəfərova, Bəxşeyiş Əsgərov, Almas Qəhramanlı, Akif Qurbanov
və Etibar Quliyevin,
ekspertlər Azərbaycan
Respublikası Dövlət Statistika Komitəsinin əməkdaşları Ulduzə Həmidova və Sevda
Süleymanovanın, Bakı Dövlət Universitetinin Hüquq fakültəsinin Konstitusiya
hüququ kafedrasının baş müəllimi Elşad Nəsirov və həmin kafedranın dosenti, hüquq üzrə fəlsəfə doktoru Sübhan
Əliyevin iştirakı ilə,
Azərbaycan Respublikası
Konstitusiyasının 102-ci maddəsinə və 130-cu maddəsinin VIII hissəsinə müvafiq
olaraq Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasından daxil olmuş
materiallar üzrə 2013-cü il oktyabrın 9-da keçirilmiş Azərbaycan Respublikası
Prezidenti seçkilərinin nəticələrinə dair xüsusi konstitusiya icraatı
qaydasında konstitusiya işinə baxdı.
Hakimlər S.Salmanova və
R.Qvaladzenin məruzələrini, maraqlı subyektin
nümayəndəsi M.Pənahovun çıxışını, ekspertlər U.Həmidova və E.Nəsirovun rəylərini
dinləyib, iş materiallarını öyrənərək Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin
Plenumu
MÜƏYYƏN ETDİ:
Azərbaycan Respublikası Konstitusiyasının
101-ci maddəsinin I hissəsinə və Azərbaycan Respublikası Seçki Məcəlləsinin müvafiq
maddələrinə uyğun olaraq 2013-cü il oktyabrın 9-da Azərbaycan Respublikası
Prezidenti seçkiləri keçirilmişdir.
Azərbaycan Respublikasının Mərkəzi
Seçki Komissiyası Azərbaycan Respublikası Seçki Məcəlləsinin 108.2 və 203.3-cü
maddələrinə müvafiq olaraq səsvermənin nəticələri haqqında dairə seçki
komissiyalarının protokollarında olan bütün məlumatları ümumiləşdirərək, Azərbaycan Respublikası Prezidenti seçkiləri
üzrə səsvermənin nəticələrinə dair 2013-cü il 17 oktyabr tarixli protokolu tərtib
etmişdir. Həmin protokol Azərbaycan Respublikası Mərkəzi Seçki
Komissiyasının 2013-cü il 17 oktyabr tarixli, 38/218 saylı qərarı ilə təsdiq
edilmişdir.
Azərbaycan Respublikası Seçki Məcəlləsinin
203.1-ci maddəsinə əsasən Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyası Azərbaycan
Respublikası Konstitusiyasının 102-ci maddəsinə uyğun olaraq Azərbaycan
Respublikası Prezidenti seçkilərinin nəticələrinin təsdiq və rəsmən elan edilməsi
üçün Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinə təqdim etmişdir.
Seçkilərin yekunlarına dair Azərbaycan
Respublikasının Mərkəzi Seçki Komissiyası tərəfindən təqdim olunmuş sənədlərin
Azərbaycan Respublikası Seçki Məcəlləsinin tələblərinə uyğunluğunun
yoxlanılması məqsədilə Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi
müvafiq ekspertləri cəlb etmiş, “Konstitusiya Məhkəməsi haqqında” Azərbaycan
Respublikası Qanununun 56-cı maddəsinə müvafiq olaraq Azərbaycan
Respublikasının apellyasiya məhkəmələrindən, Naxçıvan Muxtar Respublikasının
Ali Məhkəməsindən və Azərbaycan Respublikasının Ali Məhkəməsindən seçki
hüquqlarının müdafiəsi ilə bağlı baxılmış ərizələr haqqında məlumatları tələb
etmişdir.
Konstitusiya işində olan sənədlərdən
göründüyü kimi, seçki qutularında 3 734
592 (üç milyon yeddi yüz otuz dörd min beş yüz doxsan iki) seçki bülleteni müəyyən
edilmiş, bunlardan 36 622 (otuz altı min altı yüz iyirmi iki) səs etibarsız
hesab edilmişdir.
Etibarlı hesab edilmiş 3 697
970 (üç milyon altı yüz doxsan yeddi min doqquz yüz yetmiş) səs Prezidentliyə
namizədlər arasında aşağıdakı qaydada bölünmüşdür:
Ağa-zadə İqbal Fehruz oğlu –
lehinə 88 723 (səksən səkkiz min yeddi yüz iyirmi üç) səs və ya 2,40 faiz;
Əliyev İlham Heydər oğlu – lehinə
3 126 113 (üç milyon yüz iyirmi altı min yüz on üç) səs və ya 84,54 faiz;
Əlizadə Araz Məmməd Mübariz oğlu
– lehinə 32 069 (otuz iki min altmış doqquz) səs və ya 0,87 faiz;
Hacıyev Hafiz Ələmdar oğlu –
lehinə 24 461 (iyirmi dörd min dörd yüz altmış bir) səs və ya 0,66 faiz;
Həsənquliyev Qüdrət Müzəffər
oğlu – lehinə 73 702 (yetmiş üç min yeddi yüz iki) səs və ya 1,99 faiz;
Həsənli Cəmil Poladxan oğlu –
lehinə 204 642 (iki yüz dörd min altı yüz qırx iki) səs və ya 5,53 faiz;
İsmayılov İlyas Abbas oğlu –
lehinə 39 722 (otuz doqquz min yeddi yüz iyirmi iki) səs və ya 1,07 faiz;
Quliyev Fərəc İbrahim oğlu –
lehinə 31 926 (otuz bir min doqquz yüz iyirmi altı) səs və ya 0,86 faiz;
Məmmədov Sərdar Calal oğlu –
lehinə 22 773 (iyirmi iki min yeddi yüz yetmiş üç) səs və ya 0,62 faiz;
Oruc Zahid Məhərrəm oğlu – lehinə
53 839 (əlli üç min səkkiz yüz otuz doqquz) səs və ya 1,46 faiz.
Azərbaycan Respublikası Seçki Məcəlləsinin
100.12-ci maddəsinə görə protokollar seçki komissiyasının həlledici səs hüquqlu
üzvlərinin ümumi sayının ən azı 2/3-si tərəfindən imzalanır. Həmin Məcəllənin
28.2-ci maddəsinə əsasən Mərkəzi Seçki Komissiyasının qərarları açıq səsvermə
yolu ilə Mərkəzi Seçki Komissiyasının iclasında komissiya üzvlərinin 18-i
iştirak edərsə – azı 12 üzvün səs çoxluğu ilə qəbul edilir.
Azərbaycan Respublikasının
Konstitusiya Məhkəməsinə təqdim olunmuş səsvermənin nəticələri haqqında Azərbaycan
Respublikası Mərkəzi Seçki Komissiyasının protokolu Mərkəzi Seçki
Komissiyasının 18 üzvündən 17-si tərəfindən imzalanmışdır.
Ekspertlər U.Həmidova,
S.Süleymanova, E.Nəsirov və S.Əliyevin rəylərindən göründüyü kimi, Azərbaycan
Respublikası Prezidenti seçkilərinin nəticələrinə dair Azərbaycan
Respublikası Mərkəzi Seçki Komissiyasının 2013-cü il 17 oktyabr tarixli
protokolu Azərbaycan Respublikası Seçki Məcəlləsinin 100.2, 100.12, 108.2
və 203.3-cü maddələrinin tələblərinə uyğundur.
Azərbaycan Respublikası
Konstitusiya Məhkəməsinin sorğusuna cavab olaraq Bakı Apellyasiya Məhkəməsi
bildirmişdir ki, seçki hüquqlarının müdafiəsi ilə bağlı həmin məhkəmədə 18 işə
baxılmış, bütün işlər üzrə ərizələr əsassız olduğundan təmin edilməmişdir.
Azərbaycan Respublikası Ali Məhkəməsinin
məlumatına görə apellyasiya instansiyası məhkəməsinin aktlarından 13 kassasiya
şikayəti verilmiş, son nəticədə şikayətlər təmin olunmadan saxlanılmışdır.
Azərbaycan Respublikasının
Sumqayıt, Gəncə, Şirvan və Şəki Apellyasiya Məhkəmələri, Naxçıvan Muxtar
Respublikasının Ali Məhkəməsi bildirmişlər ki, seçki hüquqlarının müdafiəsi ilə
bağlı həmin məhkəmələrə şikayət daxil olmamışdır.
Yuxarıda göstərilənləri nəzərə
alaraq, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu 2013-cü il
oktyabrın 9-da keçirilmiş Azərbaycan Respublikası Prezidenti seçkilərinin nəticələrinə
dair Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının 2013-cü il 17 oktyabr
tarixli protokolunu Azərbaycan Respublikası Seçki Məcəlləsinin 100.2,
100.12, 108.2 və 203.3-cü maddələrinin tələblərinə uyğun hesab edir. Bununla əlaqədar
olaraq, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu belə nəticəyə
gəlir ki, Azərbaycan Respublikası Prezidenti seçkilərinə dair Azərbaycan
Respublikası Mərkəzi Seçki Komissiyasının protokolunda əks etdirilmiş nəticələr
təsdiq edilməlidir.
Azərbaycan Respublikası
Konstitusiyasının 101-ci maddəsinin II hissəsinə əsasən Azərbaycan
Respublikasının Prezidenti səsvermədə iştirak edənlərin yarısından
çoxunun səs çoxluğu ilə seçilir.
Azərbaycan Respublikası Seçki Məcəlləsinin
203.4-cü maddəsinə müvafiq olaraq Azərbaycan Respublikası Prezidentliyə namizədə
səsvermədə iştirak etmiş seçicilərin yarısından çoxu səs verdikdə, o, Azərbaycan
Respublikasının Prezidenti seçilmiş sayılır.
Yuxarıda göstərildiyi kimi,
etibarlı hesab edilmiş seçici səslərindən
3 126 113 (üç milyon yüz iyirmi altı min yüz on üç) səs və ya 84,54
faiz Əliyev İlham Heydər oğlunun lehinə verilmişdir.
Beləliklə, Azərbaycan
Respublikası Konstitusiyasının 101-ci maddəsinin II hissəsinin
və Azərbaycan Respublikası Seçki Məcəlləsinin 203.4-cü maddəsinin tələblərinə
uyğun olaraq Azərbaycan Respublikasının Prezidentliyinə namizəd Əliyev İlham
Heydər oğlu Azərbaycan Respublikasının Prezidenti seçilmiş elan edilməlidir.
Azərbaycan Respublikası
Konstitusiyasının 102-ci maddəsini, 130-cu maddəsinin VIII və IX hissələrini,
Azərbaycan Respublikası Seçki Məcəlləsinin 203.1-ci maddəsini, “Konstitusiya Məhkəməsi
haqqında” Azərbaycan Respublikası Qanununun 56, 62, 63, 65-67 və 69-cu maddələrini
rəhbər tutaraq Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu
QƏRARA ALDI:
1. 2013-cü il oktyabrın 9-da
keçirilmiş Azərbaycan Respublikası Prezidenti seçkilərinə dair Azərbaycan
Respublikası Mərkəzi Seçki Komissiyasının 2013-cü il 17 oktyabr tarixli
protokolunda əks etdirilmiş nəticələr təsdiq edilsin.
2. Azərbaycan Respublikasının
Prezidentliyinə namizəd Əliyev İlham Heydər oğlu Azərbaycan Respublikasının
Prezidenti seçilmiş elan edilsin.
3. Qərar elan olunduğu andan qüvvəyə minir.
4. Qərar “Azərbaycan”, “Respublika”, “Xalq qəzeti”, “Bakinski
raboçi” qəzetlərində və “Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Məlumatı”nda
dərc edilsin.
5. Qərar qətidir, heç bir orqan və ya şəxs tərəfindən ləğv
edilə, dəyişdirilə və ya rəsmi təfsir edilə bilməz.
Sədr
Fərhad
Abdullayev