AZƏRBAYCAN RESPUBLİKASI
ADINDAN
AZƏRBAYCAN RESPUBLİKASI
KONSTİTUSİYA MƏHKƏMƏSİ
PLENUMUNUN
Q Ə R A R I
2008-ci il oktyabrın
15-də keçirilmiş Azərbaycan Respublikası Prezidenti seçkilərinin
nəticələrinin təsdiq və rəsmən elan edilməsinə dair
22 oktyabr 2008-ci
il
Bakı şəhəri
Azərbaycan Respublikası
Konstitusiya Məhkəməsinin Plenumu F.Abdullayev (Sədrlik edən), S.Salmanova
(məruzəçi-hakim), F.Babayev, S.Həsənova, B.Qəribov, R.Qvaladze
(məruzəçi-hakim), E.Məmmədov, İ.Nəcəfov və Ə.Sultanovdan ibarət tərkibdə,
məhkəmə katibi
İ.İsmayılovun,
maraqlı subyekt
Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının sədri M.Pənahovun, sədr
müavini S.Qasımovanın, katibi N.Məmmədovun, üzvləri R.İbrahimov, V.Kazımova,
Q.Orucov, T.Həsənov, İ.Məmmədov, N.Nadirov, A.Tağıyev, T.Cəfərova,
R.İsmayılov, A.Qurbanov, A.Qəhramanlı, O.Hümbətlinin,
ekspertlər Bakı Dövlət
Universiteti Hüquq fakültəsinin Konstitusiya hüququ kafedrasının baş müəllimi
E.Nəsirov və həmin kafedranın müəllimi F.Məhərrəmovun, Azərbaycan Respublikası
Dövlət Statistika Komitəsinin əməkdaşları U.Həmidova və N.Quliyevanın iştirakı
ilə
Azərbaycan Respublikası
Konstitusiyasının 102-ci maddəsinə və 130-cu maddəsinin VIII hissəsinə müvafiq
olaraq Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasından daxil olmuş
materiallar üzrə 2008-ci il oktyabrın 15-də keçirilmiş Azərbaycan Respublikası
Prezidenti seçkilərinin nəticələrinə dair xüsusi konstitusiya icraatı
qaydasında konstitusiya işinə baxdı.
Hakimlər S.Salmanova və
R.Qvaladzenin məruzələrini, maraqlı subyektin qanuni nümayəndələri M.Pənahov,
S.Qasımova və N.Məmmədovun çıxışlarını, ekspertlər E.Nəsirov və U.Həmidovanın
rəylərini dinləyib, işin materiallarını öyrənərək, Azərbaycan Respublikası
Konstitusiya Məhkəməsinin Plenumu
MÜƏYYƏN
ETDİ:
Azərbaycan Respublikası
Konstitusiyasının 101-ci maddəsinə və Azərbaycan Respublikası Seçki
Məcəlləsinin müvafiq normalarında müəyyən edilən qaydalara uyğun olaraq 2008-ci
il oktyabrın 15-də Azərbaycan Respublikası Prezidenti seçkiləri keçirilmişdir.
Azərbaycan
Respublikasının Mərkəzi Seçki Komissiyası Azərbaycan Respublikası Seçki
Məcəlləsinin 108.2 və 203.3-cü maddələrinə müvafiq olaraq səsvermənin
nəticələri haqqında dairə seçki komissiyalarının protokollarında olan bütün
məlumatları ümumiləşdirərək Azərbaycan Respublikası Prezidenti seçkiləri üzrə
səsvermənin nəticələrinə dair 2008-ci il 19 oktyabr tarixli protokolu tərtib
etmişdir. Həmin protokol Azərbaycan Respublikası Mərkəzi Seçki
Komissiyasının 2008-ci il 19 oktyabr tarixli, 29/137 saylı qərarı ilə təsdiq
edilmişdir.
Azərbaycan Respublikası
Konstitusiyasının 102-ci, Azərbaycan Respublikası Seçki Məcəlləsinin 203.1-ci
maddələrinə uyğun olaraq Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyası
yuxarıda göstərilən protokolu, qərarı və onlara əlavə olunmuş sənədləri Azərbaycan
Respublikası Prezidenti seçkilərinin nəticələrinin təsdiq və rəsmən elan
edilməsi üçün Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinə təqdim
etmişdir.
Azərbaycan
Respublikasının Konstitusiya Məhkəməsi «Konstitusiya Məhkəməsi haqqında»
Azərbaycan Respublikası Qanununun 56.2-ci maddəsinə müvafiq olaraq Azərbaycan
Respublikasının apellyasiya instansiyası məhkəmələrindən və Azərbaycan
Respublikasının Ali Məhkəməsindən seçki hüquqlarının müdafiəsinə dair işlər
üzrə baxılmış ərizələr haqqında məlumatları tələb etmişdir. Azərbaycan
Respublikasının Mərkəzi Seçki Komissiyası tərəfindən təqdim olunmuş sənədlərin
Azərbaycan Respublikası Seçki Məcəlləsinin tələblərinə uyğunluğunun
yoxlanılması məqsədilə müvafiq ekspertlər cəlb edilmişdir.
Konstitusiya işində
olan sənədlərdən göründüyü kimi seçki qutularında 3 700 634 (üç milyon
yeddi yüz min altı yüz otuz dörd) seçki bülleteni müəyyən edilmiş, bunlardan 57
760 (əlli yeddi min yeddi yüz altmış) səs etibarsız hesab edilmişdir.
Etibarlı hesab
edilmiş 3 642 874 (üç milyon altı yüz qırx iki min səkkiz yüz yetmiş dörd)
səs Prezidentliyə namizədlər arasında aşağıdakı qaydada bölünmüşdür:
Əliyev İlham Heydər
oğlu – lehinə 3 232 259 (üç milyon iki yüz otuz iki min iki yüz əlli doqquz)
səs və ya 88,73 faiz;
Ağa-zadə İqbal Fehruz
oğlu – lehinə 104 279 (bir yüz dörd min iki yüz yetmiş doqquz) səs və ya 2,86
faiz;
Mustafayev Fazil
Qəzənfər oğlu – lehinə 89 985 (səksən doqquz min doqquz yüz səksən beş) səs və
ya 2,47 faiz;
Həsənquliyev Qüdrət
Müzəffər oğlu – lehinə 83 037 (səksən üç min otuz yeddi) səs və ya 2,28 faiz;
Əlibəyli Qulamhüseyn
Surxay oğlu – lehinə 81 120 (səksən bir min yüz iyirmi) səs və ya 2,23 faiz;
Əliyev Fuad Ağasi oğlu
– lehinə 28 423 (iyirmi səkkiz min dörd yüz iyirmi üç) səs və ya 0,78
faiz;
Hacıyev Hafiz Ələmdar
oğlu – lehinə 23 771 (iyirmi üç min yeddi yüz yetmiş bir) səs və ya 0,65 faiz.
Azərbaycan Respublikası
Seçki Məcəlləsinin 100.12-ci maddəsinə görə protokollar seçki komissiyasının
həlledici səs hüquqlu üzvlərinin ümumi sayının ən azı 2/3-si tərəfindən
imzalanır. Həmin Məcəllənin 28.2-ci maddəsinə əsasən Mərkəzi Seçki
Komissiyasının qərarları açıq səsvermə yolu ilə Mərkəzi Seçki Komissiyasının
iclasında komissiya üzvlərinin 16-sı iştirak edərsə – azı 11 üzvün səs çoxluğu
ilə qəbul edilir.
Azərbaycan
Respublikasının Konstitusiya Məhkəməsinə təqdim olunmuş səsvermənin nəticələri
haqqında Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının protokolu və onun
təsdiq edilməsinə dair qərar Azərbaycan Respublikası Mərkəzi Seçki
Komissiyasının 16 üzvü tərəfindən yekdilliklə qəbul edilmişdir.
Ekspertlər
N.Quliyeva və U.Həmidovanın rəyinə görə, Azərbaycan Respublikası Prezidenti
seçkilərinin nəticələrinə dair Azərbaycan Respublikası Mərkəzi
Seçki Komissiyasının 2008-ci il 19 oktyabr tarixli protokolu Azərbaycan
Respublikası Seçki Məcəlləsinin 100.2, 100.12, 108.2 və 203.3-cü
maddələrinin tələblərinə uyğundur.
Azərbaycan Respublikası
Konstitusiya Məhkəməsinin sorğusuna cavab olaraq Azərbaycan Respublikasının
Bakı, Sumqayıt, Gəncə, Şirvan və Şəki Apellyasiya Məhkəmələri, Naxçıvan Muxtar
Respublikasının Ali Məhkəməsi və Azərbaycan Respublikasının Ali Məhkəməsi bildirmişlər
ki, 2008-ci il oktyabrın 15-də keçirilmiş Azərbaycan Respublikası Prezidenti
seçkilərinin nəticələri ilə bağlı həmin məhkəmələrə şikayət verilməmişdir.
Yuxarıda göstərilənləri
nəzərə alaraq Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu 2008-ci
il oktyabrın 15-də keçirilmiş Azərbaycan Respublikası Prezidenti seçkilərinin
nəticələrinə dair Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının 2008-ci
il 19 oktyabr tarixli protokolunu Azərbaycan Respublikası Seçki
Məcəlləsinin 100.2, 100.12, 108.2 və 203.3-cü maddələrinin tələblərinə uyğun
hesab edir. Bununla əlaqədar olaraq Azərbaycan Respublikası Konstitusiya
Məhkəməsinin Plenumu belə nəticəyə gəlir ki, Azərbaycan Respublikası Mərkəzi
Seçki Komissiyasının yuxarıda göstərilən protokolunda əks etdirilmiş nəticələr
təsdiq edilməlidir.
Azərbaycan Respublikası
Konstitusiyasının 101-ci maddəsinin II hissəsinə əsasən Azərbaycan
Respublikasının Prezidenti səsvermədə iştirak edənlərin yarısından
çoxunun səs çoxluğu ilə seçilir.
Azərbaycan Respublikası
Seçki Məcəlləsının 203.4-cü maddəsinə müvafiq olaraq Prezidentliyə namizədə
səsvermədə iştirak etmiş seçicilərin yarısından çoxu səs verdikdə, o,
Azərbaycan Respublikasının Prezidenti seçilmiş sayılır.
Yuxarıda göstərildiyi
kimi etibarlı hesab edilmiş seçici səslərindən 3 232 259-u (üç milyon iki
yüz otuz iki min iki yüz əlli doqquz) və ya 88,73 faizi Əliyev İlham Heydər
oğlunun lehinə verilmişdir.
Beləliklə,
Azərbaycan Respublikası Konstitusiyasının
101-ci maddəsinin II hissəsinin və Azərbaycan Respublikası Seçki Məcəlləsinin
203.4-cü maddəsinin tələblərinə uyğun olaraq Azərbaycan Respublikasının Prezidentliyinə
namizəd Əliyev İlham Heydər oğlu Azərbaycan Respublikasının Prezidenti seçilmiş
elan edilməlidir.
Azərbaycan Respublikası
Konstitusiyasının 102-ci maddəsini və 130-cu maddəsinin VIII, IX hissələrini,
Azərbaycan Respublikası Seçki Məcəlləsinin 203.1-ci maddəsini, «Konstitusiya
Məhkəməsi haqqında» Azərbaycan Respublikası Qanununun 56, 62, 63, 65-67 və 69-cu
maddələrini rəhbər tutaraq Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin
Plenumu
QƏRARA
ALDI:
1. 2008-ci il
oktyabrın 15-də keçirilmiş Azərbaycan Respublikası Prezidenti seçkilərinə dair
Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının 2008-ci il 19 oktyabr
tarixli protokolunda əks etdirilmiş nəticələr təsdiq edilsin.
2. Azərbaycan
Respublikasının Prezidentliyinə namizəd Əliyev İlham Heydər oğlu Azərbaycan
Respublikasının Prezidenti seçilmiş elan edilsin.
3. Qərar
elan olunduğu gündən qüvvəyə minir.
4. Qərar
«Azərbaycan», «Respublika», «Xalq qəzeti», «Bakinski raboçi» qəzetlərində və
«Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Məlumatı»nda dərc edilsin.
5. Qərar
qətidir, heç bir orqan və ya vəzifəli şəxs tərəfindən ləğv edilə, dəyişdirilə
və ya rəsmi təfsir edilə bilməz.
Sədrlik edən Fərhad Abdullayev