Decisions

26.10.2026 Azərbaycan Respublikası Konstitusiyasının 60 və 71-ci maddələrinin tələbləri baxımından Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5 və 81.2-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair

AZƏRBAYCAN RESPUBLİKASI ADINDAN

 

Azərbaycan Respublikası

Konstitusiya Məhkəməsi Plenumunun

 

Q Ə R A R I

 

Azərbaycan Respublikası Konstitusiyasının 60 və 71-ci maddələrinin tələbləri baxımından Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5 və 81.2-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair

 

 

26 oktyabr 2026-cı il                                                                          Bakı şəhəri

 

Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu Fərhad Abdullayev (sədr), Humay Əfəndiyeva, Rauf Quliyev, Otari Qvaladze, Fikrət Məmmədov, İsa Nəcəfov (məruzəçi-hakim), Rəşid Rzayev, Fərhad Tutayuk və Xanlar Vəliyevdən ibarət tərkibdə,

məhkəmə katibi Fəraid Əliyevin iştirakı ilə,

Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin VI hissəsinə, “Konstitusiya Məhkəməsi haqqında” Azərbaycan Respublikası Qanununun 27.2 və 33-cü maddələrinə və Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Daxili Nizamnaməsinin 39-cu maddəsinə müvafiq olaraq, xüsusi konstitusiya icraatının yazılı prosedur qaydasında keçirilən məhkəmə iclasında Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin müraciəti əsasında Azərbaycan Respublikası Konstitusiyasının 60 və 71-ci maddələrinin tələbləri baxımından Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5 və 81.2-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair konstitusiya işinə baxdı.

İş üzrə hakim İ.Nəcəfovun məruzəsini, maraqlı subyektlər Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin müraciətini və Azərbaycan Respublikası Milli Məclisi Aparatının mülahizəsini, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi, Azərbaycan Respublikasının Ali Məhkəməsi, Azərbaycan Respublikasının Prokurorluğu, Bakı Apellyasiya Məhkəməsi, Sumqayıt Apellyasiya Məhkəməsi, Şirvan Apellyasiya Məhkəməsi, Naxçıvan Muxtar Respublikasının Ali Məhkəməsi, Azərbaycan Respublikasının Vəkillər Kollegiyası, Hüquqi Ekspertiza və Qanunvericilik Təşəbbüsləri Mərkəzi tərəfindən təqdim edilmiş mütəxəssis mülahizələrini, ekspert Bakı Dövlət Universitetinin Hüquq fakültəsinin Cinayət hüququ və kriminologiya kafedrasının dosenti M.Bayramovanın rəyini və iş materiallarını araşdırıb müzakirə edərək, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu 

 

                                                 

M Ü Ə Y Y Ə N    E T D İ:

 

 

Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinə (bundan sonra – Konstitusiya Məhkəməsi) müraciət edərək Azərbaycan Respublikası Konstitusiyasının (bundan sonra – Konstitusiya) 60-cı maddəsinin II hissəsinin və 71-ci maddəsinin tələbləri baxımından Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra – Cinayət Məcəlləsi) 66.5 və 81.2-ci maddələrinin əlaqəli şəkildə şərh olunmasını xahiş etmişdir.

Müraciətdən görünür ki, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2024-cü il 28 mart tarixli hökmü ilə R.Bəyəliyzadə Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinərək ona 2 il müddətinə təyin edilmiş azadlıqdan məhrum etmə cəzası həmin Məcəllənin 66.5-ci maddəsinə əsasən Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2024-cü il 27 fevral tarixli hökmü ilə təyin edilmiş 2 il müddətinə azadlığın məhdudlaşdırılması cəzası ilə qismən toplanılmaqla qəti olaraq 2 il 2 ay müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilmiş, tutulduğu 2 gün azadlıqdan məhrum etmə cəzasından çıxılaraq üzərində qəti olaraq 2 il 1 ay 28 gün müddətinə azadlıqdan məhrumetmə cəzası saxlanılmışdır.

“Konstitusiya və Suverenlik ili” münasibətilə amnistiya elan edilməsi haqqında Azərbaycan Respublikası Milli Məclisinin 2025-ci il 19 dekabr tarixli Qərarının 2.3-cü bəndinin tələbinə görə R.Bəyəliyzadə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2024-cü il 28 mart tarixli hökmü ilə təyin edilmiş azadlıqdan məhrum etmə cəzasından azad edilmişdir.

Bu zaman o, qəti olaraq təyin edilmiş 2 il 1 ay 28 gün müddətə azadlıqdan məhrum etmə cəzasının 1 il 10 ay 6 gün müddətini çəkmiş, barəsində amnistiya aktı tətbiq edilərək cəzadan azad olunarkən azadlıqdan məhrum etmə cəzasının sonuna 3 ay 22 gün müddət qalmaqla həmin müddətdə cəza faktiki olaraq çəkilməmişdir.

Hazırda Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin icraatında olan iş üzrə R.Bəyəliyzadə ilə bağlı ittihamın predmetini təşkil edən cinayət əməllərinin Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2024-cü il 28 mart tarixli hökmü qanuni qüvvəyə minməzdən əvvəl törədildiyi ehtimal olunur.

Müraciət edən hesab edir ki, R.Bəyəliyzadə barəsində gələcəkdə ittihamedici hökm çıxarılacağı halda, cəza Cinayət Məcəlləsinin 66.5-ci maddəsinin tələblərinə əsasən cinayətlərin məcmusu qaydasında təyin edilməlidir. Bununla belə, amnistiya aktının tətbiqi nəticəsində cəzadan azad edilmiş şəxsin əvvəlki hökm çıxarılmazdan əvvəl törətdiyi digər cinayət əməli üzrə sonradan təqsirli bilinməsi halında onun əvvəlki hökm üzrə faktiki olaraq çəkdiyi cəza müddəti ilə yanaşı, amnistiya nəticəsində çəkilməsindən azad edildiyi cəza müddətinin də Cinayət Məcəlləsinin 66.5-ci maddəsi əsasında təyin edilən qəti cəzanın hesablanmasında nəzərə alınıb-alınmaması məsələsi hüquq tətbiqetmədə qeyri-müəyyənliyə səbəb olur.

Bir sıra hüquq tətbiqedənlərin mövqeyinə görə cinayətlərin məcmusu üzrə qəti cəza təyin edilərkən yalnız məhkumun faktiki olaraq çəkdiyi cəza müddəti nəzərə alınmalı, amnistiya aktının tətbiqi nəticəsində çəkilməmiş qalan müddət isə qəti cəzanın hesablanmasından kənarda saxlanılmalıdır.

Digər yanaşmaya görə isə amnistiya aktı ilə cəzadan azad edilmiş şəxs barəsində sonradan cinayətlərin məcmusu qaydasında cəzanın tətbiqi zərurəti yarandıqda əvvəlki hökm üzrə təyin olunmuş cəza müddəti tam nəzərə alınmalıdır.

Müraciət edən belə qənaətə gəlmişdir ki, hazırkı ziddiyyətli təcrübə şəxsin amnistiya aktının təsir dairəsinə düşdüyü halda cinayətlərin məcmusu üzrə qəti cəza təyin edilərkən qeyri-müəyyənliyə səbəb olduğundan, qanunvericilik normalarının eyni qaydada tətbiqinin və hüquqi müəyyənlik prinsipinin təmin edilməsi məqsədilə müraciətdə göstərilən normaların Konstitusiya Məhkəməsi tərəfindən şərh olunması zəruridir.

Konstitusiya Məhkəməsinin Plenumu müraciətlə əlaqədar aşağıdakıları qeyd edir.

“Normativ hüquqi aktlar haqqında” Azərbaycan Respublikası Konstitusiya Qanununun 90.2-ci maddəsinə əsasən normativ hüquqi akt şərh edildikdə onun normalarının məzmunu izah edilir və dəqiqləşdirilir, onların qanunvericilikdə yeri, habelə ictimai münasibətlərin eyni növünün müxtəlif aspektlərini tənzimləyən digər normalar ilə funksional və başqa əlaqələri müəyyən edilir.

Konstitusiya Məhkəməsinin Plenumu əvvəlki qərarlarında qeyd etmişdir ki, məhkəmə təcrübəsində normativ hüquqi aktların müddəaları onların konstitusiya hüquqi mənasına uyğun tətbiq olunmalıdır. Normanın mümkün olan bütün təfsiri variantları sırasından məhkəmələr yalnız Konstitusiyaya uyğun olana üstünlük verməlidirlər (“Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 72-ci maddəsinin “Qeyd” hissəsinin 1-ci bəndinin “cinayət məsuliyyətindən yalnız bir dəfə azad edilmə” ilə bağlı müddəasının şərh edilməsinə dair” 2022-ci il 28 dekabr tarixli Qərar).

Odur ki, müraciətdə qaldırılan məsələnin həlli ilə əlaqədar amnistiya institutunun mahiyyətinin və məqsədinin, habelə cinayətlərin məcmusu üzrə cəza təyin edilməsinin məqsəd və təyinatının, eləcə də bu məsələləri tənzimləyən qanunvericilik normalarının qarşılıqlı əlaqədə təhlil edilməsi zəruridir.

Konstitusiyanın 71-ci maddəsinin I və X hissələrinə əsasən Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. Dövlət orqanları yalnız bu Konstitusiya əsasında, qanunla müəyyən edilmiş qaydada və hüdudlarda fəaliyyət göstərə bilərlər.

Hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. Hər kəsin hüququ var ki, onun işinə qərəzsiz yanaşılsın və həmin işə inzibati icraat və məhkəmə prosesində ağlabatan müddətdə baxılsın (Konstitusiyanın 60-cı maddəsinin I və II hissələri).

Cinayət əməlinə görə tətbiq edilən cəza şəxsin hüquq və azadlıqlarına müdaxilə ilə nəticələndiyindən onun təyini ilə bağlı hüquq normalarının düzgün tətbiqi göstərilən konstitusion müddəaların tələbləri baxımından mühüm əhəmiyyət kəsb edir.

Ədalət mühakiməsinin məqsədlərinin həyata keçirilməsinə yönəlmiş əsas hüquqi vasitələrdən biri kimi cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində cinayət qanunvericiliyi ilə nəzərdə tutulan məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Bununla belə, qanunla nəzərdə tutulan bir sıra hallarda şəxsin cəzadan azad edilməsi mümkündür. Cəzadan azad etmə məhkum olunmuş şəxsə cəzanın tətbiq edilməməsini və ya cəzanın qalan hissəsini çəkməkdən azad edilməsini nəzərdə tutur.

Qeyd olunmalıdır ki, cəzadan azad etmənin əsasları Cinayət Məcəlləsinin bir neçə maddəsində nəzərdə tutulmuşdur. Bu əsaslara cəzadan şərti olaraq vaxtından əvvəl azad etmə, cəzanın çəkilməmiş hissəsini daha yüngül cəza növü ilə əvəz etmə, xəstəliyə görə cəzanı çəkməkdən azad etmə, hamilə qadınlar və azyaşlı uşaqları olan şəxslər tərəfindən cəzanın çəkilməsinin təxirə salınması, ittiham hökmünün icrası müddəti ilə əlaqədar cəza çəkməkdən azad etmə, zərərçəkmiş şəxslə barışmaqla, cinayət nəticəsində vurulmuş ziyanı və ya əldə edilmiş gəliri tamamilə ödəməklə bağlı cəza çəkməkdən azad etmə, amnistiya və əfvetmə  aiddir (Cinayət Məcəlləsinin 76–82-ci maddələri).

Cinayət Məcəlləsinin 81.2-ci maddəsinə uyğun olaraq cinayət törətməyə görə məhkum olunmuş şəxslərə münasibətdə amnistiya aktı ilə aşağıdakılar nəzərdə tutula bilər:

· cəzadan azad edilmə;

· təyin olunmuş cəzanın müddətinin azaldılması;

· cəzanın çəkilməmiş hissəsinin daha yüngül cəza növü ilə əvəz edilməsi;

· əlavə cəzadan azad edilmə;

· məhkumluğun götürülməsi.

Cəzadan azad etmənin digər növlərindən fərqli olaraq, amnistiya və əfvetmənin tətbiqi ali dövlət orqanlarının səlahiyyətləri çərçivəsində həll olunur. Belə ki, amnistiya institutunun maddi-hüquqi əsasları Cinayət Məcəlləsinin 81.2-ci maddəsində müəyyən olunsa da, amnistiya aktının qəbul edilməsi, tətbiqi şərtlərinin və meyarlarının müəyyənləşdirilməsi Konstitusiyanın 95-ci maddəsinin I hissəsinin 19-cu bəndinə müvafiq olaraq Azərbaycan Respublikası Milli Məclisinin səlahiyyətlərinə aiddir.

Amnistiya aktı cinayət törətmiş müəyyən kateqoriyaya aid şəxslərə münasibətdə cinayət-hüquqi təsir tədbirlərini tamamilə və ya qismən tətbiq etmədən onların islah olunması üçün imkan yaradılması və belə tədbirlərin tətbiq edildiyi şəxslərin vəziyyətinin yüngülləşdirilməsi məqsədilə qəbul edilir.

Sosial-hüquqi mahiyyətini humanizm, mərhəmət və bağışlama ideyaları təşkil edən amnistiya dövlətin müəyyən sosial və humanist məqsədləri həyata keçirməsinə imkan verən institut kimi qiymətləndirilir. Onun tətbiqi cinayət törətmiş şəxslərin gələcəkdə qanuna riayət etməsinə, törətdikləri əmələ görə peşmanlıq hissinin formalaşmasına və cəmiyyətə yenidən inteqrasiyasına şərait yaradır.

Konstitusiya Məhkəməsinin Plenumu əvvəlki qərarlarında da göstərmişdir ki, amnistiya aktları hökmlərin qanuniliyi və ədalətliliyini şübhə altına almır. Belə ki,  amnistiya şəxsə bəraət qazandıran və cinayətin törədilməsi faktını aradan götürən hal deyil, barəsində tətbiq ediləcəyi şəxsə göstərilən humanizmin təzahürüdür. Qeyri-müəyyən şəxslər dairəsinə ünvanlanan amnistiyanın elan edilməsi birbaşa olaraq cinayəti törədən şəxsin hüquqi vəziyyətini dəyişmir. Bu akt konkret şəxslərin dəqiq hüquq və vəzifələrini deyil, müvafiq şəxslər dairəsinin hüquqi statusunun dəyişməsinə əsas verən hüquqi faktları müəyyən edir (“Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83.4-cü maddəsinin bəzi müddəalarının şərh edilməsinə dair” 2020-ci il 3 mart tarixli Qərar).

Amnistiya əsasında şəxsin cəzanın çəkilməsindən azad olunması dövlətin cinayət törətmiş şəxsi cəzalandırmaq imkanından məhrum olması ilə deyil, müəyyən hallarda cəzanın sonrakı icrasının zəruri hesab edilməməsi ilə xarakterizə olunur.

Qeyd edilməlidir ki, Cinayət Məcəlləsinin 81.2-ci maddəsində amnistiya aktı ilə cinayət törətməyə görə məhkum olunmuş şəxslərin “cəzadan azad edilə bilməsi” dedikdə bu, şəxsin məhkəmə tərəfindən təyin edilmiş cəzanı çəkməkdən həm tam, həm də qismən azad edilə bilməsini nəzərdə tutur.

Cinayətlərin məcmusu üzrə cəza təyin edilməsinin qaydalarına gəldikdə isə göstərilməlidir ki, bu halda məhkəmə hər bir cinayətə görə ayrılıqda cəza təyin edərək, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edir. Cinayət işi üzrə hökm çıxarıldıqdan sonra, məhkumun birinci iş üzrə hökm çıxarılmazdan əvvəl törədilmiş başqa cinayətdə də təqsirli olduğu müəyyən olunarsa, ona eyni qaydalar üzrə cəza təyin edilir. Bu halda birinci hökmə əsasən çəkilən cəza qəti cəza müddətinə hesablanır (Cinayət Məcəlləsinin 66.1 və 66.5-ci maddələri).

Göründüyü kimi, cinayət işi üzrə hökm çıxarıldıqdan sonra məhkumun həmin hökm çıxarılmazdan qabaq törədilən başqa cinayətdə də təqsirli olduğu müəyyən edilərsə, ona məhz cinayətlərin məcmusu qaydasında cəza təyin edilir. Belə hüquqi tənzimetmənin əsas məqsədi sonradan müəyyən edilən cinayətə görə məhkumun hüquqi vəziyyətini yüngülləşdirmək və ya ağırlaşdırmaq deyil, əksinə, əgər bütün cinayət əməlləri birinci hökm çıxarılanadək məhkəməyə məlum olmuş və həmin əməllər birlikdə qiymətləndirilmiş olsaydı, məhkum üçün yaranacaq hüquqi vəziyyətin qorunmasını təmin etməkdir.

Birinci hökm üzrə cəzanın faktiki çəkilmiş hissəsinin qəti cəza müddətindən çıxılmalı olmasına dair normanın məqsədi isə eyni cəzanın şəxs tərəfindən faktiki olaraq iki dəfə çəkilməsinin və onun hüquqi vəziyyətinin əsassız şəkildə ağırlaşdırılmasının qarşısının alınmasıdır.

Çəkilən cəza dedikdə məhkumun məhkəmə tərəfindən təyin edilmiş cəzanın icrası müddətində real olaraq çəkdiyi və ya icra etdiyi müddət başa düşülür. Cəzanın faktiki çəkilmiş hissəsi məhkumun islah olunma prosesinin müəyyən mərhələsini keçdiyini və cəzanın məqsədlərinə müəyyən dərəcədə nail olunmasını qiymətləndirmək üçün mühüm əhəmiyyət kəsb edir.

Konstitusiya Məhkəməsinin Plenumu hesab edir ki, amnistiyanın tətbiqi zamanı məhkum həmin müddət ərzində cəzanın icrasına faktiki məruz qalmadığına və dövlət tərəfindən onun cəzalandırılması məqsədilə müvafiq məcburetmə tədbirləri həyata keçirilmədiyinə görə cəzadan azad edilmiş müddətin faktiki çəkilmiş cəza ilə eyniləşdirilməsi amnistiya institutunun hüquqi mahiyyətinə uyğun olmayan nəticəyə gətirib çıxara bilər. Odur ki, cinayətlərin məcmusu üzrə qəti cəza təyin edilərkən amnistiya aktının tətbiqi nəticəsində şəxsin çəkilməsindən azad edildiyi cəza hissəsinin faktiki çəkilmiş cəzaya bərabər tutularaq qəti cəzadan çıxılması “çəkilən cəza” anlayışının hərfi mənasına uyğun gəlməməklə bərabər, Cinayət Məcəlləsinin 66.5-ci maddəsinin məqsəd və təyinatı ilə də uzlaşmır.

Eyni zamanda nəzərə alınmalıdır ki, amnistiya aktı əsasında şəxsin çəkməkdən azad edildiyi cəza müddəti faktiki çəkilmiş cəza kimi qiymətləndirilməsə də, bu hal amnistiya aktının və onun doğurduğu hüquqi nəticələrin ümumiyyətlə nəzərə alınmamalı olduğu anlamına gəlmir.  

Yuxarıda da qeyd olunduğu kimi, amnistiya aktı hökmlə təyin olunmuş cəzanın və yaxud onun müvafiq hissəsinin artıq icra olunmaması, onun icrasına zərurətin aradan qalxmasına dair dövlətin iradəsini əks etdirən hüquqi sənəddir. Amnistiya aktının hüquqi təsiri onun tətbiq edildiyi şəxsin hüquqi vəziyyətində real dəyişiklik yaratması ilə səciyyələnir. Bu səbəbdən amnistiyanın tətbiqi ilə yaranan hüquqi nəticələr sonradan həmin şəxsin hüquqi vəziyyətinin müəyyən edilməsində nəzərə alınmalı olan hüquqi fakt kimi çıxış edir.

Bu baxımdan sonrakı hüquqi məsələlərin həllində, o cümlədən cinayətlərin və ya hökmlərin məcmusu üzrə cəza təyini zamanı belə aktın tətbiqinin şəxsin hüquqi statusunda yaratdığı dəyişikliklərin müvafiq qaydada nəzərə alınması zəruridir. Bu, eyni zamanda Konstitusiyanın 71-ci maddəsinin I və X hissələrindən irəli gələn qanunçuluq prinsipinin tələbidir. Qanunçuluq dövlət orqanlarının hərəkətlərinin proqnozlaşdırıla bilən olmasına və onlara məhdudiyyətsiz mülahizə üçün imkan yaratmamasına zəmanət verməklə, hər kəsin hüquq və azadlıqlarının mühüm təminatı kimi çıxış edir. Həmçinin bu prinsip dövlət orqanlarının qanunun tətbiqi nəticəsində yaranmış hüquqi nəticələrə uyğun hərəkət etməsinin vacibliyini də şərtləndirir.  

Digər tərəfdən, amnistiya aktı əsasında şəxs barəsində yaranmış hüquqi nəticələrin sabitliyinin və əsassız olaraq aradan qaldırılmamasının təmin edilməsi, habelə şəxsin öz hüquqi vəziyyətinin müəyyənliyinə dair gözləntilərinin qorunması hüquqi müəyyənlik prinsipinin təmin edilməsi baxımından xüsusi əhəmiyyət daşıyır.

Eyni zamanda nəzərə alınmalıdır ki, qanunvericilikdə amnistiya aktının tətbiqi ilə yaranmış hüquqi nəticələrin sonradan aradan qaldırılmasına imkan verən hər hansı müddəa əksini tapmamışdır.

Beləliklə, amnistiya aktının nəticələrinin cəza təyini zamanı nəzərə alınması qanunçuluğun, hüquqi müəyyənliyin və hüquqi tənzimləmədə ardıcıllığın təmin edilməsinin zəruri şərtlərindən biri kimi çıxış edir. Əks yanaşma, yəni amnistiya aktının hüquqi nəticələrinin sonradan aradan qaldırılması, o cümlədən şəxsin amnistiya ilə çəkilməsindən azad edildiyi, yəni dövlətin icrasından imtina etdiyi cəzanın cinayətlərin məcmusu qaydasında cəza təyini zamanı qəti cəzaya daxil edilməsi həmin aktın formallığına və doğurduğu nəticələrin öz əhəmiyyətini itirməsinə gətirib çıxara bilər.

Amnistiya aktının doğurduğu hüquqi nəticələrin cəza təyini zamanı hansı qaydada nəzərə alınmalı olduğuna münasibətdə Konstitusiya Məhkəməsinin Plenumu qeyd etməyi vacib hesab edir ki, birinci hökm üzrə təyin edilmiş cəzanın çəkilməmiş hissəsindən amnistiya aktı əsasında azad edilmiş şəxsin həmin hökm çıxarılmazdan əvvəl törədilmiş başqa cinayətdə də təqsirli olduğu müəyyən olunarsa, Cinayət Məcəlləsinin 66.1-ci maddəsinə uyğun olaraq cəza təyin edilməsi zamanı cəzalar tam və ya qismən toplandıqda, yaxud az ciddi cəza daha ciddi cəza ilə əhatə olunduqda, birinci hökmlə təyin edilmiş cəzanın amnistiya əsasında çəkilməkdən azad edilmiş hissəsi cəzaların toplanması və əhatə edilməsi prosesinə daxil edilməməlidir.

Amnistiya aktı tətbiq edilməklə şəxs cəza çəkməkdən tamamilə azad edildiyi halda isə birinci hökm üzrə faktiki çəkilmiş cəza mövcud olmadığından, Cinayət Məcəlləsinin 66.5-ci maddəsilə müəyyən olunmuş qaydada cinayətlərin məcmusu üzrə cəza təyini üçün əsas da aradan qalxmış olur.

Cəzadan azad etmənin digər növləri ilə bağlı oxşar mövqe ifadə edilən Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Cəzadan şərti olaraq vaxtından əvvəl azad etmə, cəzanın çəkilməmiş hissəsini daha yüngül cəza növü ilə əvəz etmə, cəzaçəkmə müəssisəsinin növünün dəyişdirilməsi və xəstəliyə görə cəzanı çəkməkdən azad etmə ilə bağlı məhkəmə təcrübəsi haqqında” 2010-cu il 8 oktyabr tarixli Qərarında göstərilmişdir ki, şəxsə təyin edilmiş cəza əfvetmə və ya amnistiya qaydasında, habelə digər əsaslarla azaldılarsa, onun cəzadan şərti olaraq vaxtından əvvəl azad edilməsi, cəzasının çəkilməmiş hissəsinin daha yüngül cəza növü ilə əvəz olunması və ya cəzaçəkmə müəssisəsinin növünün dəyişdirilməsi zamanı qanunla müəyyən edilmiş müddətlərin hesablanması üçün məhkəmənin təyin etdiyi cəza deyil, faktiki olaraq əfvetmə, amnistiya və ya başqa əsaslara görə azaldılmış cəza müddəti nəzərə alınmaqla hesablanmalıdır.

Belə yanaşma Cinayət Məcəlləsinin 66.5-ci maddəsində nəzərdə tutulmuş cinayətlərin məcmusu qaydasında cəza təyin edilməsi mexanizmi ilə amnistiyanı tənzimləyən hüquq normalarının bir-birindən təcrid olunmuş şəkildə deyil, qarşılıqlı əlaqədə və hər bir institutun hüquqi mahiyyəti və təyinatı nəzərə alınmaqla tətbiqinə imkan yaradır. Bununla həm cinayətlərin məcmusu qaydasında cəza təyin edilməsinin məqsədinə nail olunmuş, həm də amnistiya institutunun tətbiq edilməsi nəticəsində yaranmış hüquqi nəticələrin real və effektiv şəkildə qorunması təmin edilmiş olur.

Göstərilənlərə əsasən Konstitusiya Məhkəməsinin Plenumu aşağıdakı nəticəyə gəlir:

- Konstitusiyanın 60-cı maddəsinin və 71-ci maddəsinin I və X hissələrinin, Cinayət Məcəlləsinin 66 və 81-ci maddələrinin tələblərinə, habelə bu Qərarın təsviri-əsaslandırıcı hissəsində əks olunmuş hüquqi mövqelərə uyğun olaraq həmin Məcəllənin 66.5-ci maddəsinə əsasən qəti cəzanın təyini zamanı amnistiyanın tətbiqi nəticəsində şəxsin çəkilməkdən azad edildiyi cəza hissəsi cəzaların toplanması və əhatə edilməsi prosesinə daxil edilməməlidir.

Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin VI və IX hissələrini, “Konstitusiya Məhkəməsi haqqında” Azərbaycan Respublikası Qanununun 60, 62, 63, 65–67 və 69-cu maddələrini rəhbər tutaraq, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu

 

 

Q Ə R A R A   A L D I:

 

 

1. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin və 71-ci maddəsinin I və X hissələrinin, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66 və 81-ci maddələrinin tələblərinə, habelə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun bu Qərarının təsviri-əsaslandırıcı hissəsində əks olunmuş hüquqi mövqelərə uyğun olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən qəti cəzanın təyini zamanı amnistiyanın tətbiqi nəticəsində şəxsin çəkilməkdən azad edildiyi cəza hissəsi cəzaların toplanması və əhatə edilməsi prosesinə daxil edilməməlidir.

2. Qərar dərc edildiyi gündən qüvvəyə minir.

3. Qərar Azərbaycan Respublikasının rəsmi dövlət qəzetlərində və “Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Məlumatı”nda dərc edilsin, habelə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin rəsmi internet saytında yerləşdirilsin.

4. Qərar qətidir, heç bir orqan və ya şəxs tərəfindən ləğv edilə, dəyişdirilə və ya rəsmi təfsir edilə bilməz.

 

 

 

 

 

 

 

Sədr                                                                                         Fərhad Abdullayev