AZƏRBAYCAN RESPUBLİKASI ADINDAN
Azərbaycan Respublikası
Konstitusiya Məhkəməsi Plenumunun
Q Ə R A R I
Azərbaycan Respublikası İnzibati Xətalar
Məcəlləsinin
129.1.3-cü maddəsinin şərh
olunmasına dair
4 noyabr 2020-ci il
Bakı şəhəri
Azərbaycan Respublikası
Konstitusiya Məhkəməsinin Plenumu Fərhad Abdullayev (sədr), Sona Salmanova,
Südabə Həsənova, Rövşən İsmayılov, Ceyhun Qaracayev (məruzəçi-hakim), Rafael
Qvaladze, Mahir Muradov, İsa Nəcəfov və Kamran Şəfiyevdən ibarət tərkibdə,
məhkəmə katibi Fəraid Əliyevin
iştirakı ilə,
Azərbaycan Respublikası
Konstitusiyasının 130-cu maddəsinin VI hissəsinə, “Konstitusiya Məhkəməsi
haqqında” Azərbaycan Respublikası Qanununun 27.2 və 33-cü maddələrinə və Azərbaycan
Respublikası Konstitusiya Məhkəməsinin Daxili Nizamnaməsinin 39-cu maddəsinə
müvafiq olaraq, xüsusi konstitusiya icraatının yazılı prosedur qaydasında
keçirilən məhkəmə iclasında Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin müraciəti əsasında
Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 129.1.3-cü maddəsinin
şikayət verən şəxsin yaşayış yeri müddəasının şərh edilməsinə dair konstitusiya
işinə baxdı.
İş üzrə hakim C.Qaracayevin məruzəsini,
maraqlı subyektlərin nümayəndələri Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin hakimi
Babək Pənahovun, Azərbaycan Respublikası Milli Məclisi Aparatının Dövlət
quruculuğu, inzibati və hərbi qanunvericilik şöbəsinin baş məsləhətçisi R.Cəlilovun
və mütəxəssis Bakı Apellyasiya Məhkəməsinin hakimi H.Məmmədovun yazılı mülahizələrini,
ekspert Bakı Dövlət Universitetinin Konstitusiya hüququ kafedrasının müəllimi,
hüquq üzrə fəlsəfə doktoru G.Cəbinin rəyini və iş materiallarını araşdırıb
müzakirə edərək, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu
M Ü Ə Y Y Ə N E T D İ:
Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi
Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinə (bundan sonra –
Konstitusiya Məhkəməsi) müraciət edərək Azərbaycan Respublikası İnzibati Xətalar
Məcəlləsinin (bundan sonra – İnzibati Xətalar Məcəlləsi) 129.1.3-cü maddəsinin
şikayət verən şəxsin yaşayış yeri müddəasının şərh edilməsi və inzibati xətalar
qanunvericiliyində məhkəmə aidiyyətini tənzimləyən normalara aydınlıq gətirilməsini
xahiş etmişdir.
Müraciətdə qeyd edilir ki, Bakı şəhəri
Nəsimi Rayon Polis İdarəsinin 22-ci polis şöbəsinin rəisi tərəfindən qəbul
edilmiş 8 fevral 2020-ci il tarixli inzibati tənbeh vermə haqqında qərar ilə
E.Mehdiyev İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə təqsirli bilinərək
300 manat məbləğində cərimə edilmişdir. İş üzrə zərər çəkmiş şəxs A.Heydərov həmin
qərardan Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə şikayət vermişdir. Həmin şikayət
üzrə qəbul edilmiş Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 28 fevral
2020-ci il tarixli qərardadı ilə İnzibati Xətalar Məcəlləsinin 129.1.3-cü maddəsi
rəhbər tutularaq şikayətin və ona əlavə edilmiş sənədlərin aidiyyəti üzrə
Abşeron Rayon Məhkəməsinə göndərilməsi qərara alınmışdır.
Bakı Apellyasiya Məhkəməsinin 14
may 2020-ci il tarixli qərarı ilə A.Heydərovun həmin qərardaddan verdiyi şikayəti
təmin edilmiş və iş mahiyyəti üzrə baxılması üçün Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə
göndərilmişdir.
Bakı Apellyasiya Məhkəməsinin bu
mövqeyi ilə razılaşmayan Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi inzibati xəta
haqqında iş üzrə qərardan verilmiş şikayətə baxmağa hazırlıq zamanı qəbul
edilmiş qərardaddan şikayət verilməsinin mümkünlüyü məsələsinin
aydınlaşdırılmasının və iş üzrə tətbiq edilən İnzibati Xətalar Məcəlləsinin
129.1.3-cü maddəsinin şikayət verən şəxsin yaşayış yeri müddəasının şərh edilməsinin
zəruriliyi qənaətinə gəlmişdir.
Müraciətdə göstərilmişdir ki,
İnzibati Xətalar Məcəlləsinin 132.1.1-ci maddəsinə əsasən inzibati xəta
haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxmağa hazırlıq
zamanı hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən inzibati xəta
haqqında işin həmin hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) aid
olub-olmaması məsələsi həll edilir. Həmin Məcəllənin 132.2-ci maddəsi şikayətə
və ya protestə baxılma hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) səlahiyyətinə
aid olmadıqda, şikayət və ya protestin bütün materiallarla birlikdə aidiyyəti
üzrə göndərilməsini müəyyən etmişdir.
Həmin Məcəllənin 129.4-cü maddəsinə
müvafiq olaraq, şikayətə və ya protestə baxılma hakimin, orqanın (vəzifəli şəxsin)
səlahiyyətinə aid olmadıqda, şikayət və ya protest üç gün müddətində aidiyyəti
üzrə göndərilir.
İnzibati Xətalar Məcəlləsinin
128.1-ci maddəsinə əsasən, barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik
yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərər çəkmiş
şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2-ci maddəsində nəzərdə
tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror
isə protest verə bilər. Həmin Məcəllənin 128.2.3-cü maddəsinə görə, səlahiyyətli
orqanın (vəzifəli şəxsin) qərarından şikayət və ya protest yuxarı səlahiyyətli
orqana (vəzifəli şəxsə) və ya məhkəməyə verilir.
Eyni zamanda, həmin Məcəllənin
129.1.3-cü maddəsinə əsasən, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından
məhkəməyə verilən şikayət - şikayət verən şəxsin yaşayış yeri və ya hüquqi şəxsin
ünvanının olduğu yer üzrə rayon (şəhər) məhkəməsinə verilir.
“Yaşayış yeri və olduğu yer üzrə
qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun (bundan sonra – “Yaşayış
yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanun) 3-cü maddəsinin birinci hissəsinin
1-ci bəndinə əsasən isə Azərbaycan Respublikası vətəndaşının yaşayış yeri
yalnız Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi ilə müəyyən
edilir.
Müraciətedənin qənaətinə görə,
inzibati xətalar qanunvericiliyində müəyyən edilmiş şikayət verən şəxsin
yaşayış yeri müddəasının bu Qanunda nəzərdə tutulmuş yaşayış yerini ehtiva etməsi
və ya şəxsin faktiki yaşayış yerini nəzərdə tutması ilə bağlı məhkəmə təcrübəsində
fikir ayrılığı mövcuddur.
Eyni zamanda inzibati xəta haqqında
iş üzrə qərardan verilən şikayətə baxmağa hazırlıq zamanı işin aidiyyəti üzrə
göndərilməsi barədə qəbul edilmiş qərardaddan şikayət vermək nəzərdə tutulmasa
da, apellyasiya instansiyası məhkəməsinin həmin şikayətə baxaraq birinci
instansiya məhkəməsinə göstəriş verməsi vahid məhkəmə təcrübəsinin
formalaşdırılmasına maneələr yaradaraq prosessual qənaət prinsipinin
pozulmasına da səbəb olur.
Konstitusiya Məhkəməsinin Plenumu
ilk növbədə qeyd edir ki, məhkəmə təcrübəsində məhkəmə aidiyyəti qaydasına fərqli
yanaşma nəticədə Azərbaycan Respublikası Konstitusiyasının (bundan sonra –
Konstitusiya) 62-ci maddəsində göstərilən hər kəsin onun işinə qanunla müəyyən
edilmiş məhkəmədə baxılması hüququnun pozulmasına səbəb ola bilər.
Konstitusiyanın 60-cı maddəsində nəzərdə
tutulan hər kəsin hüquq və azadlıqlarının müdafiəsinə dair məhkəmə təminatı hər
kəsin ayrılmaz hüququdur və heç bir halda məhdudlaşdırıla bilməz.
Şəxsin məhkəmə müdafiəsi hüququnun
tam həcmdə həyata keçirilməsi və pozulmuş hüquqların ədalət mühakiməsinin əsas
prinsiplərinin tələblərinə cavab verən şəkildə bərpa edilməsi üçün
qanunvericilikdə xüsusi təminatlar nəzərdə tutulmuşdur. Məhkəmə aidiyyəti
institutu bu təminatlardan biridir.
Qanunverici eyni zamanda məhkəmə
aidiyyətinin pozulmasına görə qadağa nəzərdə tutmuşdur. Belə ki, “Məhkəmələr və
hakimlər haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinə əsasən,
işlərin Azərbaycan Respublikası qanunvericiliyi ilə müəyyən edilmiş məhkəmə
aidiyyətinin dəyişdirilməsi və ya əsassız olaraq qanuni hakimin icraatından
alınması qadağandır.
İnzibati xətalar haqqında işlərin
rayon (şəhər) məhkəmələrinə aidiyyəti İnzibati Xətalar Məcəlləsinin 43-cü maddəsi
ilə, müvafiq icra hakimiyyəti orqanlarına aidiyyəti isə həmin Məcəllənin 44-cü
maddəsi ilə tənzimlənir.
Barəsində qərar çıxarılmış fiziki şəxs,
yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərər
çəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2-ci maddəsində
nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət,
prokuror isə protest verə bilər (İnzibati Xətalar Məcəlləsinin 128.1-ci maddəsi).
İnzibati Xətalar Məcəlləsinin
128-ci maddəsi inzibati xəta haqqında iş üzrə qərardan şikayət və ya protest
vermək hüququnu, həmin Məcəllənin 129.1-ci maddəsi isə inzibati xəta haqqında
iş üzrə qərardan şikayət və ya protestin verilmə qaydasını müəyyən etmişdir.
Öz növbəsində hakim inzibati xəta
haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxmağa hazırlıq
zamanı inzibati xəta haqqında işin həmin hakimə aid olub-olmaması məsələsini həll
edir, şikayətə və ya protestə baxılma hakimin səlahiyyətinə aid olmadıqda,
şikayət və ya protest bütün materiallarla birlikdə aidiyyəti üzrə göndərilir
(İnzibati Xətalar Məcəlləsinin 132.1.1 və 132.2-ci maddələri).
Beləliklə, qanunverici inzibati xəta
haqqında iş üzrə qəbul edilən yekun sənəd olan qərardan şikayət verilməsinin
qaydasını və belə şikayəti verə bilən subyektlərin dairəsini dəqiq müəyyən edərək
bu hüququ prosesin bütün iştirakçılarına aid etmişdir (Konstitusiya Məhkəməsi
Plenumunun “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-ci maddəsi
baxımından həmin Məcəllənin 109-cu maddəsinin şərh edilməsinə dair” 2019-cu il
3 may tarixli Qərarı).
Konstitusiya Məhkəməsi Plenumunun
bu Qərarda formalaşdırdığı hüquqi mövqeyinə görə, inzibati xətalar
qanunvericiliyinin ümumi və xüsusi normalarında məhkəmə qərardadlarından şikayət
verilməsi nəzərdə tutulmamışdır. Yəni İnzibati Xətalar Məcəlləsinin 128-ci maddəsinin
tələbləri baxımından həmin Məcəllənin 109-cu maddəsində nəzərdə tutulmuş
inzibati xətalar haqqında işin baxılmasına hazırlanması zamanı qəbul edilən qərardadlardan
apellyasiya şikayəti vermək hüququ istisna edilir.
Qanunvericinin belə yanaşması
onunla izah olunur ki, qərardad məsələni mahiyyəti üzrə həll etmir, şəxsin
hüquq və azadlıqlarını məhdudlaşdırmır, mübahisənin gələcəkdə davam etdirilməsini
istisna etmir, o, yalnız işin ədalətli həll olunmasına xidmət edir. Eyni
zamanda, qanunverici, prosessual qənaət prinsipini rəhbər tutaraq məhkəmə
prosesinin lüzumsuz olaraq uzanmasının qarşısını almaq məqsədi ilə hər
bir qərardad üzrə şikayətin verilməsini mümkünsüz hesab etmişdir.
Müraciətdə qaldırılan ikinci məsələ
inzibati xəta haqqında iş üzrə səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından
məhkəməyə verilən şikayətin, şikayət verən şəxsin qeydiyyatda olduğu ünvan üzrə
və ya faktiki yaşayış yeri üzrə verilməsi ilə bağlıdır.
Müraciətdə göstərilir ki, iş üzrə zərər
çəkmiş şəxs A.Heydərovun Bakı şəhəri Nəsimi Rayon Polis İdarəsinin inzibati tənbeh
vermə haqqında qərarından verdiyi şikayəti üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi
İnzibati Xətalar Məcəlləsinin 129.1.3-cü maddəsinin tələblərini rəhbər tutaraq
28 fevral 2020-ci il tarixli qərardadı ilə şikayəti və ona əlavə edilmiş sənədləri
şikayətçinin (iş üzrə zərər çəkmiş şəxsin) qeydiyyatına müvafiq olaraq aidiyyəti
üzrə Abşeron Rayon Məhkəməsinə göndərmişdir.
Konstitusiya Məhkəməsinin Plenumu
bununla bağlı qeyd edir ki, şəxsin yaşayış yeri üzrə qeydiyyatı “Yaşayış yeri və
olduğu yer üzrə qeydiyyat haqqında” Qanun ilə tənzimlənir. Həmin Qanunun
1-ci maddəsinə görə, Azərbaycan Respublikasının vətəndaşları, əcnəbilər və vətəndaşlığı
olmayan şəxslər Azərbaycan Respublikasında yaşayış yeri və olduğu yer üzrə
qeydiyyata alınmalıdırlar. Yaşayış yeri və olduğu yer üzrə qeydiyyatın məqsədi
Azərbaycan Respublikasında yaşayan şəxslərin uçota alınması, onların başqa şəxslər,
dövlət və cəmiyyət qarşısında vəzifələrinin icra edilməsi, insan və vətəndaş
hüquqlarının və azadlıqlarının həyata keçirilməsi (sosial müdafiə, pensiya təminatı,
hərbi xidmətə çağırış, məhkəmə qərarlarının icrası və s.) üçün zəruri şərait
yaratmaqdır.
“Yaşayış yeri və olduğu yer üzrə
qeydiyyat haqqında” Qanunun 3-cü maddəsinin birinci hissəsinin 1-ci bəndinə
əsasən, Azərbaycan Respublikası vətəndaşının yaşayış yeri yalnız Azərbaycan
Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi ilə müəyyən edilir.
Qeyd edilməlidir ki, “Azərbaycan
Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi haqqında” Azərbaycan Respublikası
Qanununun 3-cü maddəsinə əsasən, vətəndaşın yaşadığı yer barədə məlumat şəxsiyyət
vəsiqəsinə yerləşdirilən elektron daşıyıcıya (çipə) daxil edilir.
Qanunvericiliyin tələblərinə görə, yaşayış yerini dəyişdirmiş vətəndaş yeni
yaşayış yerinə gəldikdən sonra 10 gündən gec olmayaraq qeydiyyata alınması üçün
müvafiq icra hakimiyyəti orqanına müraciət etməlidir. Müvafiq icra hakimiyyəti
orqanı yaşayış yerinin dəyişdirilməsi ilə bağlı müvafiq sənədləri təqdim etmiş
vətəndaşı dərhal yaşayış yeri üzrə qeydiyyata almalı və onun şəxsiyyət vəsiqəsinin
elektron daşıyıcısında yaşayış yeri haqqında məlumatı dəyişdirməlidir.
Yaşayış yeri və olduğu yer üzrə
qeydiyyatın aparılması insan hüquq və azadlıqlarının məhdudlaşdırılmasına
deyil, onların reallaşdırılmasına yönəlmişdir. Belə ki, vətəndaşlığı təsdiq edən
digər sənədlərdən fərqli olaraq Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət
vəsiqəsi onun sahibi haqqında daha ətraflı məlumatları özündə əks etdirir
(Konstitusiya Məhkəməsi Plenumunun “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat
haqqında” Azərbaycan Respublikası Qanununun 5-ci maddəsinin və “Azərbaycan
Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi nümunəsinin təsdiq edilməsi
haqqında” Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Şəxsiyyət vəsiqəsinin
təsviri”nin müddəalarının şərh olunması barədə 2003-cü il 31 yanvar tarixli Qərarı).
Göründüyü kimi, qanunverici hər
hansı bir şəxsin yaşayış yeri və olduğu yerin müəyyən olunması üçün heç bir məhdudiyyət
qoymadan onun əsas diqqətini özünə daimi və ya müvəqqəti yaşamaq üçün seçdiyi
ünvan üzrə qanunla müəyyən olunmuş qaydada qeydiyyatdan keçmək zərurətinə yönəldir.
“Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun 1-ci maddəsinin
ikinci hissəsi bu məqsədə yönəlmişdir. Belə ki, yaşayış yeri və olduğu yer üzrə
qeydiyyat icazə xarakteri daşımır və yalnız Azərbaycan Respublikasının qanunvericiliyi
ilə müəyyən edilmiş hallarda hüquqi nəticəyə səbəb ola bilər. Daimi və ya müvəqqəti
yaşayış yeri haqqında qeydiyyat orqanlarının məlumatlandırılması vətəndaşın, əcnəbilər
və vətəndaşlığı olmayan şəxslərin vəzifəsidir.
Qeyd edilənlərə əsasən Konstitusiya
Məhkəməsinin Plenumu hesab edir ki, məhkəmələr inzibati xətalar haqqında iş üzrə
qərardan verilmiş şikayətə baxmağa hazırlıq zamanı İnzibati Xətalar Məcəlləsinin
129.1.3-cü maddəsində qeyd olunan şikayət verən şəxsin yaşayış yerinin müəyyən
edilməsi üçün “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun 3-cü
maddəsində nəzərdə tutulan yaşayış yerinin müəyyən edilməsi barədə sənədlərdə və
(və ya) onların elektron daşıyıcısında əks olunan məlumata əsaslanaraq məhkəmə
aidiyyəti məsələsini həll etməlidirlər.
Bununla belə artıq qeyd edildiyi
kimi, İnzibati Xətalar Məcəlləsinin 128.1-ci maddəsi inzibati xəta haqqında qəbul
edilmiş qərardan şikayət və ya protest verən şəxslərin dairəsini dəqiq müəyyən
edir. Belə ki, barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına
çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərər çəkmiş şəxs,
müdafiəçi və nümayəndə, həmçinin həmin Məcəllənin 43.2-ci maddəsində nəzərdə
tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror
isə protest verə bilər.
Öz növbəsində inzibati xəta
haqqında iş üzrə qərardan şikayət və ya protestin verilmə qaydasını müəyyən edən
İnzibati Xətalar Məcəlləsinin 129.1.3-cü maddəsi səlahiyyətli orqanın (vəzifəli
şəxsin) qərarından məhkəməyə şikayətin yalnız şikayət verən şəxsin yaşayış yeri
və ya hüquqi şəxsin ünvanının olduğu yer üzrə verilməsini müəyyən edir.
Belə olan halda barəsində qərar
çıxarılmış fiziki şəxs və ya zərər çəkmiş şəxs (şəxslər) hər biri ayrılıqda
qeydiyyatda olduqları ünvan üzrə şikayət vermək hüququnu əldə etmiş olurlar. Bu
cür vəziyyət prosessual qənaət prinsipinin pozulmasına və inzibati xətalar
qanunvericiliyinin qeyri-effektivliyinə səbəb ola bilər.
Yuxarıda göstərilənləri nəzərə
alaraq, Konstitusiya Məhkəməsinin Plenumu hesab edir ki, İnzibati Xətalar Məcəlləsinin
129.1.3-cü maddəsində müəyyən edilmiş məhkəmə aidiyyəti qaydasının
qanunvericilik qaydasında təkmilləşdirilməsi məqsədəmüvafiqdir.
Göstərilənlərlə bağlı Konstitusiya
Məhkəməsinin Plenumu qeyd edir ki, qanunverici bu məsələdə geniş mülahizə sərbəstliyinə
malikdir.
Bununla yanaşı, Konstitusiya Məhkəməsinin
Plenumu diqqəti ona cəlb etməyi vacib bilir ki, qanunverici İnzibati Xətalar Məcəlləsinin
110.1-ci maddəsində inzibati xəta haqqında işin baxılması yerini müəyyən
etmişdir.
Belə ki, İnzibati Xətalar Məcəlləsinin
110.1-ci maddəsinə müvafiq olaraq, inzibati xəta haqqında işə onun törədildiyi
yerdə baxılır. Həmin maddənin ikinci cümləsinə görə isə barəsində inzibati xəta
haqqında iş üzrə icraat aparılan şəxsin vəsatətinə əsasən inzibati xəta
haqqında işə onun yaşadığı yer üzrə baxıla bilər.
Beləliklə, inzibati xətalar
qanunvericiliyi inzibati xəta haqqında iş üzrə icraatın aparılmasının iki əsas
məkanını nəzərdə tutur: xətanın törədildiyi yer və ya barəsində inzibati xəta
haqqında iş üzrə icraat aparılan şəxsin yaşadığı yer.
İnzibati Xətalar Məcəlləsinin
110.1-ci maddəsi məhkəmə təcrübəsində mübahisə doğurmur.
Bununla bağlı Konstitusiya Məhkəməsinin
Plenumu hesab edir ki, qanunverici tərəfindən İnzibati Xətalar Məcəlləsinin
129.1.3-cü maddəsində dəyişikliklər edilənədək səlahiyyətli orqanın (vəzifəli şəxsin)
qərarından məhkəməyə şikayət həmin Məcəllənin 110.1-ci maddəsində müəyyən
olunmuş qaydaya uyğun olaraq inzibati xətanın törədildiyi və yaxud barəsində qərar
çıxarılmış şəxsin vəsatətinə əsasən onun yaşadığı yer üzrə verilə bilər.
Qeyd olunmalıdır ki, inzibati xətanın
törədildiyi yer üzrə aidiyyəti məhkəmə həmin ərazi üzrə yol hərəkəti
qaydalarının təşkilinə, ətraf mühitin şəraitinə və inzibati araşdırma predmeti
ola bilən digər sahələrin yerli aspektlərinə və xüsusiyyətlərinə dair daha məlumatlı
olmaqla inzibati xətanın obyektiv və subyektiv tərəflərini qiymətləndirmək və
törədilən əməlin ciddiliyini operativ şəkildə müəyyən etmək imkanına malikdir.
Göstərilənlərə əsasən, Konstitusiya
Məhkəməsinin Plenumu aşağıdakı nəticələrə gəlir:
- İnzibati Xətalar Məcəlləsinin tələbləri
baxımından inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya
protestə baxmağa hazırlıq zamanı qəbul edilən qərardaddan apellyasiya şikayəti
vermək hüququ istisna edilir;
- İnzibati Xətalar Məcəlləsinin
129.1.3-cü maddəsində müəyyən edilmiş məhkəmə aidiyyəti qaydasının təkmilləşdirilməsi
Azərbaycan Respublikasının Milli Məclisinə tövsiyə edilsin.
Qanunverici tərəfindən İnzibati Xətalar
Məcəlləsinin 129.1.3-cü maddəsində dəyişikliklər edilənədək səlahiyyətli
orqanın (vəzifəli şəxsin) qərarından məhkəməyə şikayət həmin Məcəllənin
110.1-ci maddəsində müəyyən olunmuş qaydaya uyğun olaraq inzibati xətanın törədildiyi
və yaxud barəsində qərar çıxarılmış şəxsin vəsatətinə əsasən onun yaşadığı yer
üzrə verilə bilər;
- İnzibati xəta haqqında iş üzrə qərardan
verilən şikayətə baxmağa hazırlıq zamanı ərazi üzrə məhkəmə aidiyyəti, barəsində
qərar çıxarılmış şəxsin “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında”
Qanunun 3-cü maddəsində əks olunan yaşayış yerinin müəyyən edilməsi barədə sənədlərdə
və (və ya) onların elektron daşıyıcısında göstərilən yaşayış yeri üzrə müəyyən
edilir.
Azərbaycan Respublikası
Konstitusiyasının 130-cu maddəsinin VI hissəsini və “Konstitusiya Məhkəməsi
haqqında” Azərbaycan Respublikası Qanununun 60, 62, 63, 65-67 və 69-cu maddələrini
rəhbər tutaraq, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu
Q Ə R A R A A
L D I:
1. Azərbaycan Respublikası İnzibati
Xətalar Məcəlləsinin tələbləri baxımından inzibati xəta haqqında iş üzrə qərardan
verilən şikayətə və ya protestə baxmağa hazırlıq zamanı qəbul edilən qərardaddan
apellyasiya şikayəti vermək hüququ istisna edilir.
2. Azərbaycan Respublikası İnzibati
Xətalar Məcəlləsinin 129.1.3-cü maddəsində müəyyən edilmiş məhkəmə aidiyyəti
qaydasının təkmilləşdirilməsi Azərbaycan Respublikasının Milli Məclisinə tövsiyə
edilsin.
Qanunverici tərəfindən Azərbaycan
Respublikası İnzibati Xətalar Məcəlləsinin 129.1.3-cü maddəsində dəyişikliklər
edilənədək səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından məhkəməyə şikayət
həmin Məcəllənin 110.1-ci maddəsində müəyyən olunmuş qaydaya uyğun olaraq
inzibati xətanın törədildiyi və yaxud barəsində qərar çıxarılmış şəxsin vəsatətinə
əsasən onun yaşadığı yer üzrə verilə bilər.
3. İnzibati xəta haqqında iş üzrə qərardan
verilən şikayətə baxmağa hazırlıq zamanı ərazi üzrə məhkəmə aidiyyəti, barəsində
qərar çıxarılmış şəxsin “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan
Respublikası Qanununun 3-cü maddəsində əks olunan yaşayış yerinin müəyyən edilməsi
barədə sənədlərdə və (və ya) onların elektron daşıyıcısında göstərilən yaşayış
yeri üzrə müəyyən edilir.
4. Qərar dərc olunduğu gündən qüvvəyə
minir.
5. Qərar “Azərbaycan”,
“Respublika”, “Xalq qəzeti”, “Bakinski raboçi” qəzetlərində və “Azərbaycan
Respublikası Konstitusiya Məhkəməsinin Məlumatı”nda dərc edilsin.
6. Qərar qətidir, heç bir orqan və
ya şəxs tərəfindən ləğv edilə, dəyişdirilə və ya rəsmi təfsir edilə bilməz.
Sədr
Fərhad
Abdullayev