AZƏRBAYCAN RESPUBLIKASI ADINDAN
AZƏRBAYCAN RESPUBLIKASI
KONSTITUSIYA MƏHKƏMƏSI PLENUMUNUN
QƏRARI
S.N. Məmmədovanın şikayəti üzrə Azərbaycan
Respublikası Ali Məhkəməsi Plenumunun 3 mart 2005-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və
qanunlarına uyğunluğunun yoxlanılmasına dair
28 iyun 2005-ci il Bakı şəhəri
Azərbaycan Respublikası
Konstitusiya Məhkəməsinin Plenumu F.Abdullayev (sədrlik edən), F.Babayev,
R.Qvaladze, E.Məmmədov, İ.Nəcəfov, S.Salmanova və Ə.Sultanovdan (məruzəçi-hakim)
ibarət tərkibdə,
məhkəmə katibi
İ.İsmayılovun,
ərizəçinin nümayəndələri R.
Orucov və F. Məmmədovun iştirakı ilə,
Azərbaycan Respublikası
Konstitusiyasının 130-cu maddəsinin V hissəsinə müvafiq olaraq konstitusiya məhkəmə
icraatı üzrə açıq məhkəmə iclasında Sona Niftulla qızı Məmmədovanın şikayəti
üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 3 mart 2005-ci il
tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və
qanunlarına uyğunluğunun yoxlanılmasına dair konstitusiya işinə baxdı.
İş üzrə hakim Ə.Sultanovun
məruzəsini, ərizəçinin nümayəndələri R.Orucov və F.Məmmədovun çıxışlarını dinləyib,
işin materiallarını araşdırıb müzakirə edərək Azərbaycan Respublikası
Konstitusiya Məhkəməsinin Plenumu
MÜƏYYƏN ETDİ:
S.Məmmədovanın mənzil
alqı-satqı müqaviləsinin ləğvi ilə bağlı ödənişin qaytarılması və dəymiş
ziyanın ödənilməsi tələbinə dair mülki iş üzrə çıxarılmış Ali Məhkəmənin Mülki
işlər üzrə məhkəmə kollegiyasının (bundan sonra - MİÜMK) 3 oktyabr 2003-cü il
tarixli qərardadı və 5 noyabr 2003-cü il tarixli qərarı Azərbaycan Respublikası
Konstitusiya Məhkəməsi Plenumunun 27 oktyabr 2004-cü il tarixli qərarı ilə Azərbaycan
Respublikası Konstitusiyasının 60-cı maddəsinə və Azərbaycan Respublikası
Mülki-Prosessual Məcəlləsinin 413, 88, 407.2, 416 və 417.0.2-ci maddələrinə
uyğun olmadığına görə qüvvədən düşmüş hesab edilmiş və işə Azərbaycan
Respublikası mülki prosessual qanunvericiliyi ilə müəyyən edilmiş qaydada yenidən
baxılması qərara alınmışdır.
Konstitusiya Məhkəməsinin
Plenumunun qərarına uyğun olaraq Ali Məhkəmənin Plenumu hüquq və azadlıqların
pozulması ilə bağlı yeni hallar üzrə işə baxmış və 3 mart 2005-ci il tarixli qərarı
ilə Ali Məhkəmənin MİÜMK-nın 5 noyabr 2003-cü il tarixli qərarını, Apellyasiya
Məhkəməsinin 29 avqust 2003-cü il tarixli qətnaməsini ləğv etməklə işi yeni
apellyasiya baxışına qaytarmışdır.
Ali Məhkəmənin Plenumunun qərarında
Konstitusiya Məhkəməsi Plenumunun qərarı ilə qüvvədən düşmüş hesab edilən Ali Məhkəmənin
MİÜMK-nın 3 oktyabr 2003-cü il tarixli qərardadı ilə bağlı məsələyə isə,
ümumiyyətlə, toxunulmamışdır.
S.Məmmədova Konstitusiya Məhkəməsinə
ünvanladığı təkrar şikayətində Ali Məhkəmənin Plenumunun 3 mart 2005-ci il
tarixli qərarında tətbiq edilməli olmayan MPM-in 431-4.2.1-ci maddəsinin tətbiq
edildiyini, bu Məcəllənin 13.7, 431-4.2.2-ci və 431-3.3-cü, 431-4.1-ci maddələrinin
tətbiq edilmədiyini, bununla da Konstitusiyanın 130-cu maddəsinin IX hissəsinin
tələblərinə riayət olunmadığını, Konstitusiyada təsbit olunmuş bərabərlik
hüququnun, insan və vətəndaş hüquqlarının və azadlıqlarının müdafiəsi
hüququnun, mülkiyyət hüququnun, azad sahibkarlıq hüququnun, hüquq və
azadlıqların məhkəmə təminatı hüququnun, məhkəmə aidiyyətinin dəyişdirilməsinə
yol verilməməsi hüququnun, habelə zərərin ödənilməsini tələb etmək hüququnun
pozulduğunu göstərərək həmin qərarın Konstitusiyaya və qanunlara uyğunluğunun
yoxlanılmasını xahiş etmişdir.
Azərbaycan Respublikası
Konstitusiya Məhkəməsinin Plenumu şikayətlə əlaqədar aşağıdakıları qeyd etməyi
zəruri hesab edir.
Konstitusiyanın 130-cu maddəsinin
IX hissəsinə görə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin qərarı Azərbaycan
Respublikası ərazisində məcburi qüvvəyə malikdir.
«Konstitusiya Məhkəməsi
haqqında» Azərbaycan Respublikası Qanununun 63.4-cü maddəsinə əsasən
Konstitusiya Məhkəməsinin Plenumu tərəfindən qəbul edilmiş qərarlar qətidir,
heç bir orqan və ya şəxs tərəfindən ləğv edilə, dəyişdirilə və ya rəsmi təfsir
edilə bilməz. Həmin Qanunun 66.2-ci maddəsinə görə Konstitusiya Məhkəməsinin qərarları
qüvvəyə mindikdən sonra şərtsiz icra olunmalıdır və Konstitusiya Məhkəməsinin qərarlarını
icra etməyən vəzifəli şəxslər Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə
tutulmuş qaydada məsuliyyət daşıyırlar.
Konstitusiya Məhkəməsinin səlahiyyətlərini
və fəaliyyət qaydasını müəyyən edən Konstitusiya və digər qanunvericilik
aktlarında, bu məhkəmənin qərarlarını icra edərək onlara hüquqi qiymət vermək səlahiyyətinə
malik olan hər hansı orqanın, o cümlədən məhkəmə hakimiyyəti orqanının
mövcudluğu nəzərdə tutulmamışdır.
MPM-in 44-1-ci fəslində nəzərdə
tutulmuş hüquq və azadlıqların pozulması ilə bağlı yeni hallar üzrə icraat
qaydalarına görə Konstitusiya Məhkəməsinin Plenumu Ali Məhkəmənin qərarını və
ya digər məhkəmə aktlarını qüvvədən düşmüş hesab edərək işə yenidən baxılması qərarına
gəldiyi halda, Ali Məhkəmənin Plenumu prosessual qanunvericilikdə müəyyən
edilmiş müddətdə və qaydada müvafiq məhkəmə qərarını ləğv etməli, müvafiq məhkəmə
aktını qüvvədə saxlamalı və ya işi hüquq və azadlıqların pozulduğu məhkəmə mərhələsinə
yeni məhkəmə baxışına göndərməlidir. Bu zaman o, yalnız Konstitusiya Məhkəməsinin
hüquqi mövqelərinə uyğun olaraq buraxılmış maddi və prosessual hüquq
pozuntularını aradan qaldırmaq üçün tədbir görməlidir.
Konstitusiya Məhkəməsinin
Plenumu bir daha qeyd edir ki, Ali Məhkəmənin Plenumu tərəfindən işlərin yenidən
baxılması məsələsini təşkil edərkən onların yalnız təkrar baxılması üçün deyil,
həmçinin pozulmuş insan hüquq və azadlıqlarının tezliklə bərpası məqsədilə Azərbaycan
Respublikası Konstitusiya Məhkəməsinin qərarlarında göstərilmiş məhkəmə səhvlərinin,
onların yol verildiyi məhkəmə icraatı mərhələsində və müvafiq icraat üçün
qanunvericilikdə nəzərdə tutulmuş müddətlər çərçivəsində aradan qaldırılması
üçün konkret qərarlar qəbul etməklə yerinə yetirildikdə Konstitusiyanın 130-cu
maddəsinin IX hissəsinə uyğun hesab oluna bilər. Hüquq və azadlıqların
pozulması ilə bağlı yeni hallar üzrə icraat zamanı Ali Məhkəmənin Plenumunun
hüquqi məsələlər üzrə işə baxması Konstitusiya Məhkəməsinin səlahiyyətlərinin mənimsənilməsinə
və ya qərarlarının təhrifinə (təftişinə, genişləndirilməsinə, məhdudlaşdırılmasına
və ya digər formada təfsir olunmasına) səbəb olmamalı, konstitusiya ədalət
mühakiməsinin səmərəliliyinə xələl gətirməməli və kassasiya instansiyası məhkəməsinin
konstitusiya statusuna uyğun olaraq həyata keçirilməlidir. Bu zaman Ali Məhkəmə
və digər məhkəmələr öz qərarını yalnız Konstitusiya Məhkəməsi tərəfindən
müvafiq iş üzrə müəyyənləşdirilmiş hədlər çərcivəsində qəbul etməlidir.
Konstitusiya Məhkəməsi Plenumunun qərarında göstərilən hüquqi məsələlər və
pozulmuş hesab edilən hüquq və azadlıqlar həmin hədləri təşkil edir («
«Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına əlavələr və dəyişikliklər
edilməsi barədə» 11 iyun 2004-cü il tarixli, 688-II QD saylı Azərbaycan
Respublikası Qanununun III hissəsinin 9-cu bəndinin və IV hissəsinin 7-ci bəndinin
Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin IX hissəsinə
uyğunluğunun yoxlanılmasına dair» Konstitusiya Məhkəməsi Plenumunun 25 yanvar
2005-ci il tarixli qərarı).
Bu halda Ali Məhkəmənin
Plenumu hüquq və azadlıqların pozulması ilə bağlı yeni hallar üzrə icraat çərçivəsində
işə mahiyyəti üzrə baxmır, o, sadəcə olaraq Konstitusiya Məhkəməsi və iş
üzrə icraatın yenidən davam etdiriləcəyi instansiya arasında keçid mərhələsini
təmin edən orqan qismində çıxış edir.
MPM-in 431-2-ci maddəsinə
görə Ali Məhkəmənin Plenumu Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin və
İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin qərarlarının icrası ilə bağlı yalnız
hüquqi məsələlər üzrə işlərə baxır. Həmin Məcəllənin 431-4.1-ci maddəsində qeyd
olunur ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumu işə baxılmanın nəticəsi
üzrə qərar çıxarır. MPM-in bu maddəsi Ali Məhkəmənin Plenumunun icraat çərçivələrini
müəyyən edir. Beləliklə, Plenum yalnız Konstitusiya Məhkəməsi tərəfindən müəyyən
olunmuş hüquqi mövqelər çərçivəsində və onlara istinadən qərar qəbul etmək səlahiyyətinə
malikdir.
Ali Məhkəmənin Plenumu isə
mübahisələndirilən iş üzrə Konstitusiya Məhkəməsi Plenumunun 27 oktyabr 2004-cü
il tarixli qərarına uyğun olmayan qərar qəbul etməklə, Azərbaycan
Respublikası Konstitusiyasının 130-cu maddəsinin IX hissəsinin, MPM-in
431.4.2-ci maddəsinin tələblərini pozmuşdur.
Konstitusiya Məhkəməsinin
Plenumu onu da qeyd edir ki, MPM-in 9.1-ci maddəsinə görə ədalət mühakiməsi çəkişmə,
tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Həmin Məcəllənin
431-3.3-cü maddəsində qeyd olunur ki, məhkəmə aktlarına hüquq və azadlıqların
pozulması ilə bağlı yeni hallar üzrə yenidən baxılması zamanı işdə iştirak edən
şəxslər məhkəmə iclasının vaxtı və yeri haqqında xəbərdar edilirlər.
İş materiallarından isə
görünür ki, Ali Məhkəmənin Plenumu 3 mart 2005-ci il tarixdə hüquq və
azadlıqların pozulması ilə bağlı yeni hallar üzrə icraat çərçivəsində məhkəmə
baxışı barədə S.Məmmədovaya heç bir məlumat verilməmiş, bununla da ərizəçinin
Konstitusiyanın 25-ci maddəsində təsbit olunmuş bərabərlik hüququ pozulmuşdur.
Bundan başqa, Ali Məhkəmənin
Plenumunun qərarı səthi olmaqla bərabər maddi və prosessual hüquq normalarının
tələblərinə istinadən hüquqi cəhətdən əsaslandırılmamışdır.
Ali Məhkəmənin Plenumunun qərarının
təsviri hissəsində mülki işin faktiki halları ilə əlaqədar bütün hallar üzrə
birinci, apellyasiya və kassasiya instansiya məhkəmələrinin gəldiyi nəticələr
öz əksini tapsa da, yalnız qərarın əsaslandırıcı hissəsinin sonluğu mülki iş
üzrə mübahisə olunan bir epizodla aşağıdakı qaydada yekunlaşdırılmışdır:
«Plenum hesab edir ki,
Apellyasiya Məhkəməsinin MİÜMK-da həmin işə baxıldıqda maddi və prosessual
qanun pozuntularına yol verildiyi üçün nəinki Ali Məhkəmənin MİÜMK-nın qərarı,
həm də Apellyasiya Məhkəməsinin MİÜMK-nın qətnaməsi ləğv edilib, iş yeni
apellyasiya baxışına göndərilməlidir. Belə ki, Apellyasiya Məhkəməsinin
MİÜMK-da mübahisəli mənzilə çəkilən təmir xərcləri müəyyən edildikdə qanun
pozuntularına yol verilmiş, məhkəmə ekspertizasının rəyi işdəki digər
sübutlarla əlaqəli qiymətləndirilməmişdir».
MPM-in 431-4.1-ci maddəsinə
əsasən Ali Məhkəmənin Plenumunun qərarı bu Məcəllənin 430.2, 430.3-cü maddələrinin
tələblərinə əməl edilməklə çıxarılmalıdır. Məcəllənin 430.2-ci maddəsində
isə birmənalı göstərilir ki, Plenum iş üzrə qəbul etdiyi qərarında
əsaslandığı qanuna istinad etməlidir. Lakin Ali Məhkəmənin Plenumu
tərəfindən maddənin bu müddəaları yerinə yetirilməməklə ciddi qanun
pozuntusuna yol verilmişdir. Belə ki, Ali Məhkəmənin Plenumu qəbul etdiyi qərarda
Apellyasiya Məhkəməsinin MİÜMK-nın maddi və prosessual qanun pozuntularına yol
verdiyini göstərsə də, belə nəticəyə qanunvericiliyin hansı müddəalarına
istinadən gəldiyini göstərməmişdir.
Yuxarıda göstərilənləri nəzərə
alaraq, Konstitusiya Məhkəməsinin Plenumu hesab edir ki, S.N.Məmmədovanın mənzil
alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi ilə əlaqədar ödənişlərin
qaytarılması və dəymiş ziyanın ödənilməsi barədə iddiası üzrə hüquq və
azadlıqların pozulması ilə bağlı yeni hallar üzrə icraat qaydasında qəbul edilən
Ali Məhkəmə Plenumunun 3 mart 2005-ci il tarixli qərarı Azərbaycan Respublikası
Konstitusiyasının 25, 60-cı maddələrinə, 130-cu maddəsinin IX hissəsinə və
müvafiq olaraq «Konstitusiya Məhkəməsi haqqında» Qanunun 66.1, 66.2, 63.4-cü
maddələrinə və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 430.2.7,
431-3.3, 431-4.1, 431-4.2-ci maddələrinə uyğun olmadığına görə qüvvədən düşmüş
hesab olunmalı və işə bu Qərara və Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi
Plenumunun 27 oktyabr 2004-cü il tarixli qərarına uyğun olaraq Azərbaycan
Respublikası mülki prosessual qanunvericiliyi ilə müəyyən edilmiş qaydada və
müddətdə yenidən baxılmalıdır.
Azərbaycan Respublikası
Konstitusiyasının 130-cu maddəsinin V və IX hissələrini, «Konstitusiya Məhkəməsi
haqqında» Azərbaycan Respublikası Qanununun 52, 62, 63, 65-67 və 69-cu maddələrini
rəhbər tutaraq, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu
QƏRARA ALDI:
1. S.N.Məmmədovanın
mənzil alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi ilə əlaqədar ödənişlərin
qaytarılması və dəymiş ziyanın ödənilməsi barədə iddiası üzrə hüquq və
azadlıqların pozulması ilə bağlı yeni hallar üzrə icraat qaydasında çıxarılmış
Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 mart 2005-ci il tarixli qərarı
Azərbaycan Respublikası Konstitusiyasının 25, 60-cı maddələrinə, 130-cu maddəsinin
IX hissəsinə və müvafiq olaraq «Konstitusiya Məhkəməsi haqqında» Qanunun 66.1,
66.2, 63.4-cü maddələrinə və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin
430-2.7, 431-3.3, 431-4.1, 431-4.2-ci maddələrinə uyğun olmadığına görə qüvvədən
düşmüş hesab edilsin. İşə bu Qərara və Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi
Plenumunun 27 oktyabr 2004-cü il tarixli qərarına uyğun olaraq Azərbaycan
Respublikası mülki prosessual qanunvericiliyi ilə müəyyən edilmiş qaydada və
müddətdə yenidən baxılsın.
2. Qərar
dərc edildiyi gündən qüvvəyə minir.
3. Qərar
«Azərbaycan», «Respublika», «Xalq qəzeti», «Bakinski raboçi» qəzetlərində və
«Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Məlumatı»nda dərc edilsin.
4. Qərar
qətidir, heç bir orqan və ya şəxs tərəfindən ləğv edilə, dəyişdirilə və ya rəsmi
təfsir edilə bilməz.
Sədrlik edən
Fərhad Abdullayev