AZƏRBAYCAN RESPUBLİKASI ADINDAN
Azərbaycan Respublikası
Konstitusiya Məhkəməsi Plenumunun
Q Ə R A R D A D I
“Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun 22.7-1-ci maddəsinin hərbi qulluqçuların, xüsusi rütbəli şəxslərin və dövlət qulluqçularının pensiyası ilə əlaqədar xidmət müddətinin (qulluq illərinin) hesablanması qaydasına münasibətdə şərh edilməsi ilə bağlı Bakı İnzibati Məhkəməsinin müraciətinə dair
26 yanvar 2026-cı il Bakı şəhəri
Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu Fərhad Abdullayev (sədr), Humay Əfəndiyeva, Rauf Quliyev, Otari Qvaladze, Fikrət Məmmədov, İsa Nəcəfov, Rəşid Rzayev, Fərhad Tutayuk (məruzəçi-hakim) və Xanlar Vəliyevdən ibarət tərkibdə,
məhkəmə katibi Fəraid Əliyevin iştirakı ilə,
Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin VI hissəsinə, “Konstitusiya Məhkəməsi haqqında” Azərbaycan Respublikası Qanununun 27.2 və 33-cü maddələrinə və Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Daxili Nizamnaməsinin 39-cu maddəsinə müvafiq olaraq, xüsusi konstitusiya icraatının yazılı prosedur qaydasında keçirilən məhkəmə iclasında Bakı İnzibati Məhkəməsinin müraciəti əsasında “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun 22.7-1-ci maddəsinin hərbi qulluqçuların, xüsusi rütbəli şəxslərin və dövlət qulluqçularının pensiyası ilə bağlı xidmət müddətinin (qulluq illərinin) hesablanması qaydasına münasibətdə şərh edilməsinə dair konstitusiya işinə baxdı.
İş üzrə hakim F.Tutayukun məruzəsini, maraqlı subyektlər Bakı İnzibati Məhkəməsinin müraciətini və Azərbaycan Respublikası Milli Məclisi Aparatının mülahizəsini, Azərbaycan Respublikasının Ali Məhkəməsi, Bakı Apellyasiya Məhkəməsi, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Azərbaycan Respublikasının Maliyyə Nazirliyi, Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi, Hüquqi Ekspertiza və Qanunvericilik Təşəbbüsləri Mərkəzi və Azərbaycan Respublikasının Vəkillər Kollegiyası tərəfindən təqdim edilmiş mütəxəssis mülahizələrini, ekspertlər Bakı Dövlət Universitetinin Əmək və ekologiya hüququ kafedrasının dosenti, hüquq üzrə fəlsəfə doktoru L.Ələsgərovanın və həmin kafedranın müəllimi, hüquq üzrə fəlsəfə doktoru F.Əliyevanın rəyini və iş materiallarını araşdırıb müzakirə edərək Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu
MÜƏYYƏN ETDİ:
Bakı İnzibati Məhkəməsi Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinə (bundan sonra – Konstitusiya Məhkəməsi) müraciət edərək “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa (bundan sonra – “Əmək pensiyaları haqqında” Qanun) uyğun olaraq hərbi qulluqçulara, xüsusi rütbəli şəxslərə və dövlət qulluqçularına pensiya təyin edilərkən onların xidmət müddətinin (qulluq illərinin) hesablanması qaydasının “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun (bundan sonra – “Dövlət qulluğu haqqında” Qanun) 22.7-1-ci maddəsi ilə əlaqəli şəkildə şərh edilməsini xahiş etmişdir.
Müraciətdən görünür ki, E.Əzimov 2005–2015-ci illərdə Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsində müxtəlif vəzifələrdə işləmiş, 2015–2023-cü illərdə Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsində xidmət keçmiş, “Gömrük orqanlarında xidmət haqqında” Əsasnamənin 120-ci maddəsinin birinci hissəsinin 3-cü bəndinə əsasən xidmətinə xitam verilmişdir.
Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Sosial Müdafiə Fondunun (bundan sonra – Dövlət Sosial Müdafiə Fondu) Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi tərəfindən 2023-cü il dekabrın 28-də təqdim edilən “Əmək pensiyası təminatı üçün hərbi (xüsusi) rütbəli şəxs haqqında təqdim olunan məlumat vərəqi” (bundan sonra – məlumat vərəqi) əsasında 2024-cü il 10 yanvar tarixli qərar ilə E.Əzimova 2023-cü il 29 dekabr tarixindən “Əmək pensiyaları haqqında” Qanunun 9.5.1-ci maddəsinə əsasən yaşa görə əmək pensiyası təyin etmişdir.
Sonradan Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı məlumat vərəqində göstərilmiş xidmət illərinin düzgün hesablanmadığına əsaslanaraq 2025-ci il 15 yanvar tarixli qərar ilə iddiaçıya əmək pensiyası təyin edilməsi haqqında 2024-cü il 10 yanvar tarixli qərarı ləğv etmiş, həmçinin eyni tarixli qərar ilə əmək pensiyası hüququnun olmaması ilə əlaqədar pensiya ödənişini dayandırmışdır.
E.Əzimov məhkəməyə müraciət edərək əmək pensiyasının təyin edilməsi haqqında qərarın ləğv edilməsi və əmək pensiyasının dayandırılmasına dair 2025-ci il 15 yanvar tarixli qərarın ləğv edilməsini, ona təyin edilmiş əmək pensiyasının 2025-ci il 1 yanvar tarixindən dayandırılmasının qanunsuz hesab edilməsi və təyin edilmiş əmək pensiyasının ödənilməsinin davam etdirilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul olunmasını xahiş etmişdir.
E.Əzimov öz tələbini “Dövlət qulluğu haqqında” Qanunun 22.7-1-ci maddəsinin tələblərinə istinadən belə əsaslandırmışdır ki, dövlət qulluqçusunun həmin Qanunun 2.3-cü maddəsində nəzərdə tutulan dövlət qulluğunun xüsusi növündə qulluq (xidmət) illəri onun dövlət qulluğu stajına və dövlət qulluğu stajı onun həmin Qanunun 2.3-cü maddəsində nəzərdə tutulan dövlət qulluğunun xüsusi növündə qulluq (xidmət) illərinə daxil edilir.
Cavabdeh isə Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Zabit heyətinə mənsub şəxslərə, gizirlərə, miçmanlara, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçularına, daxili işlər, ədliyyə, gömrük, miqrasiya, fövqəladə hallar və vergi orqanlarının rəis və sıravi heyətinə mənsub şəxslərə və onların ailələrinə pensiya təyin edilib verilməsi üçün uzun müddət xidmət vaxtının hesablanması qaydası haqqında” 1992-ci il 23 noyabr tarixli 631 nömrəli Qərarını (bundan sonra – 1992-ci il 23 noyabr tarixli 631 nömrəli Qərar) rəhbər tutaraq etirazını onunla əsaslandırmışdır ki, pensiya təyin edilməsinin məqsədləri baxımından həmin qərarda xidmət illərinin hesablanması zamanı şəxslərin dövlət qulluqçusu kimi işlədiyi müddətin hərbi xidmət dövrünə daxil edilməsinə dair müddəa yoxdur.
İşə baxan Bakı İnzibati Məhkəməsi müvafiq qanunvericilik normaları ilə bağlı məhkəmə təcrübəsində fərqli yanaşmaların olduğunu aşkar edərək aşağıdakı məsələlərə aydınlıq gətirilməsinin zəruri olduğu qənaətinə gəlmişdir:
- dövlət qulluğu stajının xüsusi növdə qulluq (xidmət) illərinə daxil edilməsinin şəxsin xidmət keçərkən fasiləsiz xidmət illərinin hesablanması ilə yanaşı, həmçinin tərxis olunduqdan sonra da pensiya təyin edilib verilməsi üçün uzun müddət xidmət vaxtının hesablanmasında nəzərə alınıb-alınmaması;
- hərbi qulluqçulara və xüsusi rütbəli şəxslərə pensiya təyin edilməsi üçün pensiya təyin edən orqana göndərilən məlumat vərəqinin həmin orqan üçün məcburi xarakter daşıyıb-daşımaması, həmçinin pensiya təyin edən orqanın həmin məlumat vərəqini təftiş etmək imkanının olub-olmaması, olduğu halda isə bu təftişin hədləri.
Göstərilənlərə əsasən Bakı İnzibati Məhkəməsi hərbi qulluqçulara, xüsusi rütbəli şəxslərə və dövlət qulluqçularına pensiya təyin edilərkən onların xidmət müddətinin (qulluq illərinin) hesablanması qaydalarında mövcud olan qeyri-müəyyənliyin, habelə tətbiqi təcrübəsində fərqin aradan qaldırılması məqsədilə yuxarıda göstərilən normaların əlaqəli şəkildə şərh edilməsi üçün Konstitusiya Məhkəməsinə müraciət etmişdir.
Konstitusiya Məhkəməsinin Plenumu müraciətlə əlaqədar aşağıdakıları qeyd edir.
Azərbaycan Respublikası Konstitusiyasının (bundan sonra – Konstitusiya) 12-ci maddəsinin I hissəsinə və 16-cı maddəsinin I hissəsinə müvafiq olaraq insan və vətəndaş hüquqlarının və azadlıqlarının, Azərbaycan Respublikasının vətəndaşlarına layiqli həyat səviyyəsinin təmin edilməsi dövlətin ali məqsədidir. Azərbaycan dövləti xalqın və hər bir vətəndaşın rifahının yüksəldilməsi, onun sosial müdafiəsi və layiqli həyat səviyyəsi qayğısına qalır.
Azərbaycan Respublikasının vətəndaşlarına layiqli həyat səviyyəsinin təmin edilməsi dövlətin sosial siyasətinin əsasını təşkil edir. Layiqli həyat səviyyəsi dedikdə, insanların yaşaması üçün zəruri olan maddi və mənəvi nemətlərlə onların təmin edilməsi və bu nemətlərə olan tələbatlarının ödənilməsi başa düşülür (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Ailə Məcəlləsinin 80 və 81-ci maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” 2015-ci il 27 yanvar tarixli Qərarı).
Əsas sosial-iqtisadi hüquqlardan biri olan sosial təminat hüququ Konstitusiyanın 38-ci maddəsində təsbit olunmuşdur. Həmin maddənin I və III hissələrinə əsasən hər kəsin sosial təminat hüququ vardır. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir.
Bu hüquq Azərbaycan Respublikasının tərəfdar çıxdığı bir sıra beynəlxalq hüquqi aktlarda, o cümlədən “İnsan hüquqları haqqında” Ümumi Bəyannamənin 22-ci maddəsində və “İqtisadi, sosial və mədəni hüquqlar haqqında” Beynəlxalq Paktın 9-cu maddəsində də öz əksini tapmışdır.
Konstitusiyada və beynəlxalq hüquqi aktlarda nəzərdə tutulan sosial təminat hüququ qanunla müəyyən edilmiş hallarda və hədlərdə subyektiv hüquq növü olan pensiya almaq hüququnu da ehtiva edir. Dövlət bu hüquqların minimum səviyyədə təmin edilməsi ilə bağlı öz üzərinə pozitiv öhdəliklər götürür.
Qeyd edilməlidir ki, şəxsi, iqtisadi, siyasi və mədəni hüquqlarla bərabər, sosial hüquqların qorunmasına və müdafiəsinə təminat verilməsinə baxmayaraq, həmin hüquqların həyata keçirilməsi bir sıra səciyyəvi xüsusiyyətlərə malikdir.
Belə ki, pensiyaların növlərinin, onların hesablanmasının, pensiyaların təyin və əldə edilməsinin, həmçinin bəzi kateqoriya vətəndaşlara güzəştli şərtlərlə pensiyanın təyin olunmasının ümumi əsaslarının və qaydalarının tənzimlənməsində, habelə bu sahədə mövcud qanunvericiliyə dəyişikliklərin edilməsində qanunverici Konstitusiyanın tələblərini nəzərə almaqla mülahizə sərbəstliyinə malikdir (Konstitusiya Məhkəməsi Plenumunun “Hərbi qulluqçuların pensiya təminatı haqqında” və “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunlarının bəzi müddəalarının zamana görə tətbiq edilməsi baxımından şərh edilməsinə dair” 2014-cü il 27 mart tarixli Qərarı).
Lakin sosial təminat hüququnun Konstitusiya ilə nəzərdə tutulmuş əsas hüquqlardan olması qanunvericinin bu sahədə mülahizə sərbəstliyinə müəyyən məhdudiyyətlər qoyur. Belə ki, müvafiq tənzimləmə aparılarkən sosial təminat növlərinin dairəsi müəyyənləşdirilməklə yanaşı, müvafiq ödəmələrin həyata keçirilməsinə yönələn sabit, gözlənilən, səmərəli və ədalətli sosial müdafiə sistemi təşkil edilməlidir. Qanunvericinin bu sahədə mülahizə sərbəstliyi hüquqi müəyyənlik prinsipini pozmamalı və müəyyənləşdirilən qaydalar aydın və birmənalı olmalıdır.
Konstitusiya Məhkəməsi Plenumunun “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 8.1 və 8.3-cü maddələrinin Azərbaycan Respublikasının Konstitusiyasına uyğunluğunun yoxlanılmasına dair” 2010-cu il 1 dekabr tarixli Qərarında da qeyd olunmuşdur ki, pensiyaların növləri, onların hesablanması, təyin və əldə edilməsi, həmçinin bəzi kateqoriya vətəndaşlara güzəştli şərtlərlə pensiyanın təyin edilməsi ilə bağlı tənzimləmə qanunverici tərəfindən bərabərlik hüququna, o cümlədən normativ hüquqi aktların hüquqa və haqq-ədalətə (bərabər mənafelərə bərabər münasibətə) əsaslanmalı olması və Konstitusiyaya zidd olmamasına dair konstitusion tələblərə uyğun həyata keçirilməlidir. Bu mənada qanunvericinin hər hansı münasibətlərin, o cümlədən sosial təminat sahəsində münasibətlərin tənzimlənməsində hüquqi müəyyənlik prinsipinə əməl etməsi tələb olunur.
Qeyd edilməlidir ki, “Əmək pensiyaları haqqında” Qanunun 1.0.3 və 1.0.4-cü maddələrinə əsasən həmin Qanunun məqsədləri üçün “hərbi qulluqçular” dedikdə Azərbaycan Respublikası Silahlı Qüvvələrində və hərbi xidmət nəzərdə tutulmuş digər dövlət orqanlarında (dövlət orqanlarının strukturuna daxil olan qurumlarda) xidmət edən hərbi rütbəli şəxslər, “xüsusi rütbəli şəxslər” dedikdə isə Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanlarında xidmət edən xüsusi rütbəli şəxslər başa düşülür. Bu Qanunun 1.0.3-cü maddəsində nəzərdə tutulan şəxslərin pensiya təminatı ilə bağlı müddəalar həmin Qanunun 1.0.4-cü maddəsində nəzərdə tutulan şəxslərə də şamil edilir (3.3-cü maddə).
“Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa dəyişikliklər və əlavələr edilməsi barədə" Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 22 dekabr 2006-cı il tarixli 499 nömrəli Fərmanının 2.4-cü bəndinə uyğun olaraq həmin Qanunun 1.0.4-cü maddəsində “müvafiq icra hakimiyyəti orqanları” dedikdə Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi, Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti qismində Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi, Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi nəzərdə tutulur.
“Əmək pensiyaları haqqında” Qanunun 22.4-cü maddəsinə əsasən hərbi xidmət müddətinin hesablanması məsələsi 1992-ci il 23 noyabr tarixli 631 nömrəli Qərarla tənzimlənirdi.
Həmçinin Qanunun 5.3-cü maddəsinə əsasən Azərbaycan Respublikası Nazirlər Kabinetinin (bundan sonra – Nazirlər Kabineti) 2022-ci il 28 aprel tarixli 175 nömrəli Qərarı ilə “Əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi Qaydası” təsdiq edilmişdir. Həmin Qaydanın 4.3-cü bəndinin 2026-cı il yanvarın 1-dək qüvvədə olan redaksiyasına görə hərbi qulluqçuların və xüsusi rütbəli şəxslərin xidmət müddətinin (qulluq illərinin) hesablanması onların xidmət (qulluq) etdiyi orqanlara aid hissədə Nazirlər Kabinetinin 1992-ci il 23 noyabr tarixli 631 nömrəli, “Daxili işlər orqanlarının əməkdaşlarına fasiləsiz xidmət illərinə görə haqqın ödənilməsi üçün xidmət illərinin hesablanması Qaydasının təsdiq edilməsi barədə” 2004-cü il 22 iyul tarixli 98 nömrəli, “Yüksək ixtisaslı mütəxəssislər sırasından seçilərək kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti subyektlərinə hərbi xidmətə qəbul olunmuş hərbi qulluqçuların hərbi xidmətə qəbul olunana qədərki əmək stajının pensiya təyin edilməsi və xidmət illərinə görə əlavə faizin ödənilməsi üçün onların xidmət illərinə hesablanması Qaydası”nın təsdiq edilməsi haqqında” 2005-ci il 1 iyul tarixli 124 nömrəli, “Gömrük orqanlarının vəzifəli şəxslərinin fasiləsiz xidmət illərinin və bununla əlaqədar onlara verilən əlavələrin hesablanması Qaydası”nın təsdiq edilməsi haqqında” 2006-cı il 9 yanvar tarixli 4 nömrəli, “Prokurorluq orqanları işçilərinin maddi və sosial təminatı haqqında” 2002-ci il 31 oktyabr tarixli 168 nömrəli, “Ədliyyə orqanları işçilərinin qulluq illərinin hesablanması və bununla əlaqədar onlara əlavə haqqın verilməsi Qaydası”nın təsdiq edilməsi haqqında” 2008-ci il 29 may tarixli 123 nömrəli qərarlarına uyğun olaraq həyata keçirilir.
Göründüyü kimi, Nazirlər Kabinetinin 2022-ci il 28 aprel tarixli 175 nömrəli Qərarı ilə təsdiq edilmiş Qaydaların 4.3-cü bəndində hərbi qulluqçuların və xüsusi rütbəli şəxslərin xidmət müddətinin hesablanması zamanı həm pensiya təyin edilməsi üçün uzun müddət xidmət vaxtının hesablanması qaydasını müəyyən edən 1992-ci il 23 noyabr tarixli 631 nömrəli Qərara, həm də “Gömrük orqanlarının vəzifəli şəxslərinin fasiləsiz xidmət illərinin və bununla əlaqədar onlara verilən əlavələrin hesablanması Qaydası”nın təsdiq edilməsi haqqında” Nazirlər Kabinetinin 2006-cı il 9 yanvar tarixli 4 nömrəli Qərarına istinad edilmişdir.
Nəzərə alınmalıdır ki, uzun müddət xidmət vaxtını müəyyən edən 1992-ci il 23 noyabr tarixli 631 nömrəli Qərardan fərqli olaraq, “Gömrük orqanlarının vəzifəli şəxslərinin fasiləsiz xidmət illərinin və bununla əlaqədar onlara verilən əlavələrin hesablanması Qaydası”nın təsdiq edilməsi haqqında” Nazirlər Kabinetinin 2006-cı il 9 yanvar tarixli 4 nömrəli Qərarının 2-ci hissəsində digər dövlət orqanlarında dövlət qulluğunun xüsusi növündə qulluq (xidmət) müddətinin və dövlət qulluqçusunun dövlət qulluğu vəzifəsində qulluq stajının gömrük orqanlarının vəzifəli şəxslərinin fasiləsiz xidmət illərinə daxil edilməsi müəyyən olunmuşdur.
Qeyd edilməlidir ki, “Dövlət qulluğu haqqında” Qanunun 22.7-1-ci maddəsində nəzərdə tutulmuş məsələ Nazirlər Kabinetinin 2024-cü il 20 fevral tarixli 91 nömrəli Qərarı ilə təsdiq edilmiş “Dövlət qulluğunun xüsusi növündə qulluq (xidmət) illərinin dövlət qulluğu stajına və dövlət qulluğu stajının dövlət qulluğunun xüsusi növündə qulluq (xidmət) illərinə daxil edilməsi Qaydası və şərtləri” ilə tənzimlənmişdir. Həmin Qayda və şərtlərin 2.1 və 3.1-ci bəndlərinə uyğun olaraq, dövlət qulluqçusunun dövlət qulluğunda qulluq stajı hesablanarkən onun dövlət qulluğunun xüsusi növündə qulluq (xidmət) müddətləri, dövlət qulluğunun xüsusi növündə rütbə nəzərdə tutulan vəzifələrdə qulluq (xidmət) illəri hesablanarkən isə dövlət qulluqçusunun tutduğu vəzifədə qulluq stajı dövrünün nəzərə alınması təsbit edilmişdir.
O da göstərilməlidir ki, Nazirlər Kabinetinin 2025-ci il 30 oktyabr tarixli 322 nömrəli Qərarı ilə 1992-ci il 23 noyabr tarixli 631 nömrəli və 2007-ci il 27 avqust tarixli 135 nömrəli qərarlara dəyişikliklər edilmişdir (2026-cı il yanvarın 1-dən qüvvəyə minib). Həmin Qərarın 2-3-cü hissəsində hərbi və xüsusi rütbəli şəxslərin 2026-cı il 1 yanvar tarixinədək xidmət müddətinin (qulluq illərinin) hesablanmasının 1992-ci il 23 noyabr tarixli 631 nömrəli Qərara uyğun olaraq həyata keçirilməsi müəyyən edilmişdir.
Bundan əlavə, “Əmək pensiyaları haqqında” Qanunun 20.12-ci maddəsində qulluq stajına görə əmək pensiyasına əlavələrin təyin edilməsi üçün dövlət qulluqçusunun qulluq stajının müəyyənləşdirilməsi qaydasının işlənib hazırlanması nəzərdə tutulsa da, bu qayda hal-hazıradək qəbul edilməmişdir.
Göründüyü kimi, hərbi qulluqçu və xüsusi rütbəli şəxslərə münasibətdə pensiya təyin edilməsi məqsədilə dövlət qulluğu stajının dövlət qulluğunun xüsusi növündə qulluq (xidmət) illərinə (və ya əksinə) daxil edilməsi məsələsində hüquqi müəyyənlik və hüquqi tənzimlənmənin sistemliliyi və kompleksliyi prinsipləri pozulmuşdur.
Konstitusiya Məhkəməsinin Plenumu bir sıra qərarlarında qanunverici tərəfindən hər hansı ictimai münasibətlərin tənzimlənməsinə dair normativ hüquqi aktlar qəbul edilərkən hüquqi müəyyənlik prinsipinə riayət edilməsinin vacibliyini vurğulamışdır. Hüquqi müəyyənlik prinsipi hüququn aliliyinin əsas aspektlərindən biri kimi çıxış edir. Hər bir qanunun və ya onun hər hansı bir müddəasının hüquqi müəyyənlik prinsipinə cavab verməsi olduqca vacibdir. Bunun təmin edilməsi üçün hüquq normaları birmənalı və aydın olmalıdır. Bu öz növbəsində hər kəsə onun hüquq və azadlıqlarının müdafiə ediləcəyinə, hüquq tətbiqedənin hərəkətlərinin isə proqnozlaşdırıla bilən olacağına əminlik verməlidir. Bunun əksi, yəni hüquq normasının məzmununun qeyri-müəyyənliyi hüquq tətbiqetmədə məhdudiyyətsiz mülahizə üçün imkan yaratmaqla, hər bir normativ hüquqi aktın əsasında dayanmalı olan qanunun aliliyi, qanun və məhkəmə qarşısında bərabərlik və ədalət prinsiplərinin pozulmasına gətirib çıxara bilər (“Azərbaycan Respublikasında hərbi xidmətə çağırışın əsasları haqqında” Azərbaycan Respublikası Qanununun 21-ci maddəsinin və Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 180.3-cü maddəsinin müddəalarının şərh edilməsinə dair” 2008-ci il 22 sentyabr tarixli, “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.9 və 60-cı maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” 2012-ci il 2 aprel tarixli və “Palladium Defence and Security Solutions” Məhdud Məsuliyyətli Cəmiyyətinin şikayəti üzrə 2022-ci il 16 sentyabr tarixli qərarlar).
Konstitusiya Məhkəməsinin Plenumu hərbi qulluqçulara və xüsusi rütbəli şəxslərə pensiya təyin edilməsi üçün xidmət vaxtının hesablanması zamanı dövlət qulluğu stajının dövlət qulluğunun xüsusi növündə qulluq (xidmət) illərinə daxil edilib-edilməməsi məsələsi ilə bağlı dövlət qulluğunun mahiyyətinin açıqlanmasını, hərbi qulluqçuların və xüsusi rütbəli şəxslərin güzəştli şərtlərlə yaşa görə əmək pensiya hüququnun məzmununun nəzərdən keçirilməsini zəruri hesab edir.
Konstitusiyanın 55-ci maddəsinin II hissəsində Azərbaycan Respublikasının vətəndaşlarının dövlət orqanlarında qulluq etmək imkanı nəzərdə tutulmuşdur. Bu konstitusion normanın tətbiqi mexanizmləri “Dövlət qulluğu haqqında” Qanunla müəyyən edilir. Həmin Qanunun 1 və 2.3-cü maddələrinin müddəalarını nəzərdən keçirdikdə, dövlət qulluqçularının və dövlət qulluğunun xüsusi növündə çalışan şəxslərin qulluq (xidmət) keçməsini dövlət qulluğunun vahid sistemində xidmət kimi qiymətləndirmək olar. Həm dövlət qulluqçularının, həm də dövlət qulluğunun xüsusi növündə çalışan şəxslərin xidməti mahiyyət etibarilə dövlətə xidmətin formalarıdır.
Eyni zamanda, dövlət qulluğunun xüsusi növündə xidmət keçmə belə xidmətin xüsusiyyətlərindən irəli gələrək “Dövlət qulluğu haqqında” Qanunun müəyyən normaları nəzərə alınmaqla, Azərbaycan Respublikasının başqa qanunları ilə tənzimlənir.
Bu xüsusiyyətlər onların xidməti fəaliyyəti ilə bağlıdır. Dövlət qulluğunun xüsusi növündə (hərbi və ya xüsusi rütbə nəzərdə tutulan vəzifələrdə) xidmət edən şəxslər digər dövlət qulluqçularına nisbətdə daha ağır şərtlərdə fəaliyyət göstərirlər ki, bura xidmətin xarakteri, sağlamlıq və həyat üçün risklər, xüsusi vəzifələr və öhdəliklər aiddir. Bu səbəbdən qanunverici onların hüquqi statusunu differensiallaşdıraraq, həm imtiyazlar, həm də məhdudiyyətləri nəzərdə tutur.
Belə imtiyazlardan biri “Əmək pensiyaları haqqında” Qanunun 9-cu maddəsində nəzərdə tutulan güzəştli şərtlərlə əmək pensiyası hüququdur.
Həmin Qanunla əmək pensiyasının üç növü – yaşa görə, əlilliyə görə və ailə başçısını itirməyə görə əmək pensiyası nəzərdə tutulmuşdur (4.1-ci maddə).
Ümumi əsaslarla yaşa görə əmək pensiyasının təyin edilməsi üçün iki hüquqi faktın mövcudluğu – şəxsin müəyyən yaş həddinə çatması və müvafiq sosial sığorta stajına malik olması tələb olunur.
Bununla yanaşı, “Əmək pensiyaları haqqında” Qanunun 9-cu maddəsində hərbi xidmətdən buraxılanadək 25 təqvim ili və daha çox hərbi xidmət etmiş hərbi qulluqçuların (hərbi rütbələrdən məhrum edilmiş hərbi qulluqçular, müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları istisna olmaqla) güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ əldə etmələri müəyyən edilmişdir. Hərbi qulluqçuların və xüsusi rütbəli şəxslərin güzəştli şərtlərlə pensiya hüququnun yaranması həmin şəxslərin “Əmək pensiyaları haqqında” Qanunun 7-ci maddəsinə uyğun olaraq müəyyən edilmiş pensiya yaşına çatması ilə deyil, yalnız müvafiq xidmət müddətinin olması ilə şərtləndirilmişdir.
Güzəştli şərtlərlə əmək pensiyası hüququ dövlət qulluqçularına şamil olunmasa da, “Əmək pensiyaları haqqında” Qanunun 20-ci maddəsində dövlət qulluğu vəzifəsində 15 il və daha artıq qulluq stajı olan dövlət qulluqçularına qulluq stajına görə əmək pensiyasına əlavələrin verilməsi nəzərdə tutulmuşdur. Yəni qanunverici dövlət qulluğu sisteminin vahidliyi prinsipini nəzərə alaraq hərbi qulluqçular və xüsusi rütbəli şəxslərlə yanaşı dövlət qulluqçuları üçün də pensiya sahəsində müəyyən güzəştlər verir. Belə güzəştlər həm dövlət qulluqçularına, həm də hərbi qulluqçulara və xüsusi rütbəli şəxslərə uzun müddət dövlətə xidmət etdiklərinə görə verilir. Fərq yalnız ondan ibarətdir ki, qulluq stajına görə əmək pensiyasına əlavələrin verilməsi üçün dövlət qulluqçusu müəyyən müddət qulluq stajından əlavə olaraq qanunla müəyyən edilmiş pensiya yaşına çatmalıdır.
Nəzərə alınmalıdır ki, hərbi qulluqçu kimi pensiya təyinatı zamanı dövlət qulluğu stajı birə-bir hərbi xidmət müddətinə daxil edildikdə dövlət qulluğunun xüsusi növündə xidmətin ağır şərtlərinə görə “Əmək pensiyaları haqqında” Qanunla müəyyən edilmiş həmin fərq aradan qalxmış olur. Bu halda, məsələn, 24 il dövlət qulluğu stajı olan şəxs cəmi 1 il hərbi qulluqçu və ya həmin Qanunun 1.0.4-cü maddəsində nəzərdə tutulan xüsusi rütbəli şəxs kimi xidmət etdikdə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ əldə edir. Bu isə davamlı olaraq daha ağır şərtlərdə xidmətə görə nəzərdə tutulmuş “əlahiddə status”u zəiflədə, həmçinin dövlət qulluqçuları üçün “Əmək pensiyaları haqqında” Qanunda nəzərdə tutulmayan erkən pensiya hüququnun qazanılması üçün sui-istifadə hallarının yaranmasına gətirib çıxara bilər.
Konstitusiya Məhkəməsi Plenumunun “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 37.3.4-cü maddəsinin Azərbaycan Respublikasının Konstitusiyasına uyğunluğunun yoxlanılmasına dair” 2014-cü il 14 noyabr tarixli Qərarında qeyd edildiyi kimi, uzun xidmət müddətinin pensiya hüququnun əldə olunması üçün əsas sayılması qanunvericinin güddüyü məqsədlə – müvafiq orqanlarda dövlət qulluğunun sabitliyinin və davamlılığının möhkəmləndirilməsinə vasitəçilik etməklə (stimullaşdırmaqla) əlaqədardır.
Digər tərəfdən, dövlət qulluqçusu dövlət qulluğunun xüsusi növünə aid dövlət orqanlarında rütbə nəzərdə tutulan vəzifələrə qulluğa (xidmətə) qəbul edildikdə, onun qulluq stajının pensiya məqsədləri üçün dövlət qulluğunun xüsusi növündə qulluq (xidmət) illərinin hesablanması zamanı ümumiyyətlə nəzərə alınmaması da ədalət prinsipinin pozulmasına səbəb ola bilər. Məsələyə belə yanaşma tətbiq olunduqda, 14 il dövlət qulluğu stajı olan və eyni müddətdə dövlət qulluğunun xüsusi növünə aid dövlət orqanlarında rütbə nəzərdə tutulan vəzifələrdə xidmət etmiş şəxs (ümumi 28 il) pensiya yaşına çatdıqda “Əmək pensiyaları haqqında” Qanunun 20.11-ci maddəsində dövlət qulluqçuları üçün nəzərdə tutulan qulluq stajına görə əmək pensiyasına əlavəni almaq hüququnu əldə etmir. Ondan daha az, yəni 15 il dövlət qulluqçusu kimi qulluq stajı olan şəxs isə bu hüququ əldə edir.
Halbuki Konstitusiyanın 149-cu maddəsinin I hissəsində normativ hüquqi aktların hüquqa və haqq-ədalətə (bərabər mənafelərə bərabər münasibətə) əsaslanmalı olduğu təsbit edilmişdir.
Normayaratma fəaliyyəti Konstitusiyanın 149-cu maddəsinin I hissəsində göstərilən prinsiplərlə yanaşı, “Normativ hüquqi aktlar haqqında” Azərbaycan Respublikası Konstitusiya Qanununun 8-ci maddəsində müəyyən edilmiş Azərbaycan Respublikasının Konstitusiyasına uyğunluq və qanunların üstünlüyü, aşağı dövlət orqanlarının aktlarının yuxarı dövlət orqanlarının aktlarına uyğunluğu, mütənasiblik, dövlət orqanlarının vətəndaşlar qarşısında cavabdehliyi, normativ hüquqi aktların ziddiyyətsizliyi, insanların hüquq və azadlıqlarının, onların qanuni maraqlarının müdafiəsi və sosial ədalət, ictimai münasibətlərin hüquqi tənzimlənməsinin sistemliliyi və kompleksliyi prinsipləri əsasında həyata keçirilir.
Konstitusiyanın 12, 16 və 38-ci maddələrində bəyan olunmuş sosial dövlət prinsipi ədalətli sosial quruluşun təmin edilməsini dövlətin hüquqi vəzifəsi kimi təsdiq edir. Məhz dövlətin effektli sosial siyasəti cəmiyyətdə əmin-amanlığın və firavanlığın bərqərar edilməsini təmin edir (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Əmək Məcəlləsinin 144-cü maddəsinin ikinci hissəsinin şərh edilməsinə dair” 2002-ci il 29 noyabr tarixli Qərarı).
Göstərilənlərə əsasən Konstitusiya Məhkəməsinin Plenumu hesab edir ki, pensiya təyin edilməsi məqsədilə dövlət qulluğunun xüsusi növündə qulluq (xidmət) illərinin dövlət qulluğu stajına və dövlət qulluğu stajının dövlət qulluğunun xüsusi növündə qulluq (xidmət) illərinə daxil edilməsinə dair tənzimləmənin təkmilləşdirilməsi ilə bağlı müvafiq tədbirlərin görülməsi Nazirlər Kabinetinə tövsiyə edilməlidir.
Belə təkmilləşdirilmə həyata keçirilərkən pensiya təyin edilməsi üçün dövlət qulluğu stajı və dövlət qulluğunun xüsusi növündə qulluq (xidmət) illərinin, o cümlədən hərbi xidmət müddətlərinin müəyyən əmsallar əsasında qarşılıqlı tanınmasının (müxtəlif orqanlarda xidmətin xüsusiyyətləri nəzərə alınmaqla) mümkünlüyü məsələsi nəzərdən keçirilə bilər.
Oxşar mövqe konstitusiya işi üzrə təqdim edilmiş Azərbaycan Respublikası Milli Məclisi Aparatının, Azərbaycan Respublikası Ali Məhkəməsinin və Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin yazılı mülahizələrində də əks olunmuşdur.
Qeyd edilməlidir ki, Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 23 noyabr tarixli 739 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında dövlət qulluğunun inkişafına dair 2019−2025-ci illər üçün Strategiya”sında dövlət qulluğu sisteminin zəif cəhətlərindən biri kimi dövlət qulluğu və onun xüsusi növləri arasında qarşılıqlı əlaqənin olmaması göstərilmişdir. Pensiya təyin edilməsi məqsədilə dövlət qulluğunun xüsusi növündə qulluq (xidmət) illərinin dövlət qulluğu stajına və dövlət qulluğu stajının dövlət qulluğunun xüsusi növündə qulluq (xidmət) illərinə daxil edilməsi məsələlərinin dəqiq və aydın şəkildə tənzimlənməsi həmin Strategiyanın məqsədlərinə uyğun olmaqla yanaşı qarşılıqlı rotasiya üçün əlverişli institusional mühitin yaradılmasına da xidmət edəcəkdir.
Müvafiq təkmilləşdirilmə aparılanadək hüquq tətbiqedici tərəfindən bu kateqoriyadan olan mübahisələr üzrə məsələlər həll edilərkən əmək pensiyaları və dövlət qulluğu haqqında Azərbaycan Respublikasının qanunvericiliyi ilə yanaşı, “Normativ hüquqi aktlar haqqında” Azərbaycan Respublikası Konstitusiya Qanununun və “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun (bundan sonra – “İnzibati icraat haqqında” Qanun) müvafiq normaları da rəhbər tutulmalıdır.
Konstitusiya Məhkəməsinin Plenumu onu da qeyd etməyi zəruri hesab edir ki, müvafiq işlər üzrə inzibati icraat zamanı etimad hüququnun qorunması prinsipi də nəzərə alınmalıdır.
“İnzibati icraat haqqında” Qanuna görə Azərbaycan Respublikasında inzibati icraat Konstitusiyada və Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə nəzərdə tutulmuş prosessual təminatlar, habelə hüququn və hüquqi dövlətin hamılıqla qəbul olunmuş prinsipləri, o cümlədən etimad hüququnun qorunması prinsipi əsasında həyata keçirilir (10–19-cu maddələr). Həmin Qanunun 13.1-ci maddəsinə əsasən inzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur.
İnzibati hüququn təməl prinsiplərindən olan etimadın qorunması prinsipinin mahiyyətinə görə, maraqlı şəxs inzibati akta etibar etmək, inzibati orqanın davranışını, qəbul etdiyi aktı qanunauyğun və düzgün hesab etmək, məzmununa uyğun davranmaq və ona etimad göstərmək haqqına malikdir. Qüvvədə olan qanunvericilik, hətta bəzi hallarda və müəyyən şərtlər çərçivəsində şəxsin etimadının qorunmasının publik maraqlara nisbətdə “üstünlüyünü” təsbit etmişdir (Konstitusiya Məhkəməsi Plenumunun X.Mustafayevanın şikayəti üzrə 2021-ci il 19 noyabr tarixli Qərarı).
Qeyd edilənləri nəzərə alaraq Konstitusiya Məhkəməsinin Plenumu hesab edir ki, “İnzibati icraat haqqında” Qanunun 67.6-cı maddəsində göstərilən hallar olmadıqda güzəştli şərtlərlə pensiya təyin edilmiş hərbi qulluqçuların və xüsusi rütbəli şəxslərin pensiya ödənişinin dayandırılması Konstitusiyanın 12, 16 və 38-ci maddələrində təsbit edilmiş Azərbaycan Respublikasının vətəndaşlarına layiqli həyat səviyyəsinin təmin edilməsi və sosial təminat hüququna dair müddəaların, habelə vətəndaşların etimad hüququnun qorunması prinsipinin pozulması ilə nəticələnə bilər.
Bu baxımdan, güzəştli şərtlərlə pensiya təyin edilmiş hərbi qulluqçular və xüsusi rütbəli şəxslərlə bağlı məsələ etimadın qorunması prinsipi əsasında qiymətləndirilməlidir. Belə ki, həmin şəxslər məhz dövlət orqanlarının qərarlarına və hərəkətlərinə etimad etmiş, bir dövlət orqanı məlumat vərəqini göndərmiş, digəri isə məlumat vərəqində hər hansı qanunsuzluq olmadığını qəbul edərək pensiya təyinatı aparmaqla müəyyən müddət ödəmələri həyata keçirmişdir. Nəzərə alınmalıdır ki, inzibati orqanların sözügedən hərəkətləri səbəbindən şəxslər pensiyaya çıxmaq kimi həlledici qərarı qəbul etmiş, həyatlarını tamamilə fərqli istiqamətdə planlaşdırmış, eləcə də onların əvvəlki işlərinə bərpası mümkünsüz vəziyyətə gəlmişdir.
Konstitusiya Məhkəməsinin Plenumu müraciətdə qaldırılan digər məsələyə dair, yəni Dövlət Sosial Müdafiə Fonduna göndərilən hərbi qulluqçunun və ya xüsusi rütbəli şəxsin hərbi xidmət müddəti və təminat xərcliyi barədə məlumat vərəqinin həmin orqan üçün məcburi xarakter daşıyıb-daşımaması, həmçinin pensiya təyin edən orqanının həmin məlumat vərəqini təftiş etmək imkanının olub-olmaması ilə bağlı aşağıdakıların qeyd edilməsini vacib hesab edir.
Əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi, habelə pensiya təminatı ilə əlaqəli digər hüquqi münasibətlər ümumi (publik) hüququn tənzimləmə predmetinə aiddir.
Bu isə pensiya təyin edən inzibati orqan (Dövlət Sosial Müdafiə Fondu) tərəfindən “İnzibati icraat haqqında” Qanunun III fəslində nəzərdə tutulan prosedur qaydalara və təminatlara riayət edilməsini labüd edir.
Belə ki, işin hallarının obyektiv araşdırılması prinsipi inzibati orqan tərəfindən inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halların hərtərəfli, tam və obyektiv araşdırılmasını tələb edir. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir (“İnzibati icraat haqqında” Qanunun 24.1–24.3-cü maddələri).
Qeyd edilməlidir ki, Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 30 iyun tarixli 1077 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Dövlət Sosial Müdafiə Fondunun Nizamnaməsi” ilə müəyyən edilmiş vəzifələri həyata keçirmək üçün Fondun dövlət orqanlarına (qurumlarına), yerli özünüidarəetmə orqanlarına, hüquqi və fiziki şəxslərə zəruri məlumatlar (sənədlər) barədə sorğu vermək və onlardan belə məlumatları (sənədləri) almaq, həmçinin fəaliyyət istiqamətlərinə aid məsələlərlə bağlı araşdırmalar aparmaq, işçi qruplar və komissiyalar yaratmaq kimi hüquqları sadalanmışdır (Nizamnamənin 3.2.7 və 3.2.15-ci yarımbəndləri).
Göstərilənlərlə yanaşı Nazirlər Kabinetinin 2007-ci il 27 avqust tarixli 135 nömrəli qərarı ilə təsdiq edilmiş “Hərbi xidmət müddətinin və təminat xərcliyinin hesablanması və bu barədə məlumatların təqdim olunması Qaydaları”nın 4 və 5-ci hissələrinə uyğun olaraq bu Qaydaların 7-ci hissəsi nəzərə alınmaqla, şəxsin əmək pensiyasının yenidən hesablanmasına əsas verən, onun xidmət illərinin müddətindəki, təminat xərcliyinin tərkibindəki və vəzifə uyğunlaşdırılması ilə bağlı dəyişikliklər barədə əsaslandırılmış məlumatlar müəyyən edildiyi tarixdən 7 iş günü müddətində Qaydaların 1-ci hissəsində göstərilən orqanlar tərəfindən müvafiq elektron informasiya sisteminə səlahiyyətli şəxsin gücləndirilmiş elektron imzası vasitəsilə daxil edilməklə Fonda ötürülür.
Məlumat vərəqindəki məlumatlar təsdiqləndiyi tarixdən 5 iş günü müddətində Fondun səlahiyyətli vəzifəli şəxsi tərəfindən yoxlanılır, uyğunsuzluqlar aşkar edilmədikdə qəbul olunaraq pensiya təyinatı aparılır, əks təqdirdə səbəbi qeyd olunmaqla qəbulundan imtina edilərək müvafiq informasiya sistemi vasitəsilə aidiyyəti quruma məlumat verilir.
Göründüyü kimi, səlahiyyətli orqan tərəfindən icra edilən hərəkətlərin obyektivliyinin, o cümlədən pensiya təyinatı ilə əlaqədar müvafiq normaların tələblərinə nail olunmasının, bununla da dövlət büdcəsindən ayrılmış vəsaitin səmərəli şəkildə istifadəsinin təmin edilməsi təqdim edilmiş sənədlərdə müvafiq məlumatların (o cümlədən məlumat vərəqindəki məlumatların) pensiya təyinatı üçün kifayət edib-etməməsinin yoxlanılmasını tələb edir.
Qeyd olunanlara əsasən Konstitusiya Məhkəməsinin Plenumu hesab edir ki, məlumat vərəqindəki məlumatların Fondun səlahiyyətli vəzifəli şəxsi tərəfindən yoxlanılmasının həddi yalnız texniki xarakterli səhvlərin (uyğunsuzluqların) müəyyən edilməsi ilə məhdudlaşmamalı, aparılan yoxlama zamanı təqdim edilən məlumatların tamlığı araşdırılmalıdır. Bu zaman “İnzibati icraat haqqında” Qanunun 67.12-ci maddəsinin tələbinə də riayət olunmalıdır.
Göstərilənlərə əsasən Konstitusiya Məhkəməsinin Plenumu belə nəticəyə gəlir ki, Bakı İnzibati Məhkəməsinin müraciətində qaldırılan hüquqi məsələlərin hazırkı vəziyyətdə mövcud qanunvericiliyin müvafiq normalarına, eləcə də bu Qərardadın təsviri-əsaslandırıcı hissəsində göstərilənlərə uyğun həll edilməsi mümkün olduğundan, müraciət üzrə Konstitusiya Məhkəməsinin Plenumu tərəfindən ayrıca Qərar qəbul edilməsinə zərurət yoxdur.
Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin VI hissəsini, “Konstitusiya Məhkəməsi haqqında” Azərbaycan Respublikası Qanununun 49, 60, 62, 68.1 və 69.2-ci maddələrini rəhbər tutaraq, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu
QƏRARA ALDI:
1. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun bu Qərardadının təsviri-əsaslandırıcı hissəsində əks olunmuş hüquqi mövqelər nəzərə alınsın.
2. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun bu Qərardadının təsviri-əsaslandırıcı hissəsində göstərilənlərə görə Bakı İnzibati Məhkəməsinin müraciəti üzrə ayrıca Qərar qəbul edilməsinə ehtiyac olmadığından konstitusiya işinin icraatına xitam verilsin.
3. Azərbaycan Respublikası Konstitusiyasının 12-ci maddəsinin I hissəsinin və 149-cu maddəsinin I hissəsinin, “Normativ hüquqi aktlar haqqında” Azərbaycan Respublikası Konstitusiya Qanununun tələblərinə və Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun bu Qərardadının təsviri-əsaslandırıcı hissəsində əks olunmuş hüquqi mövqelərə əsasən pensiya təyin edilməsi məqsədilə dövlət qulluğunun xüsusi növündə qulluq (xidmət) illərinin dövlət qulluğu stajına və dövlət qulluğu stajının dövlət qulluğunun xüsusi növündə qulluq (xidmət) illərinə daxil edilməsinə dair tənzimləmənin təkmilləşdirilməsi ilə bağlı müvafiq tədbirlərin görülməsi Azərbaycan Respublikasının Nazirlər Kabinetinə tövsiyə edilsin.
4. Qərardadın surəti 7 gün müddətində Azərbaycan Respublikasının Nazirlər Kabinetinə və Bakı İnzibati Məhkəməsinə göndərilsin.
5. Qərardad “Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Məlumatı”nda dərc edilsin və Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin rəsmi internet saytında yerləşdirilsin.
Sədr Fərhad Abdullayev