Qərarlar

31.03.26. AR Konstitusiyasının 73-cü maddəsinin tələbləri baxımından AR Vergi Məcəlləsinin 23.1.15-3-cü və AR MPM 355-5.1-ci maddələrində nəzərdə tutulan “hüquqi şəxsin icra orqanının rəhbəri” anlayışının şərh edilməsinə dair

  

 

 

AZƏRBAYCAN RESPUBLİKASI ADINDAN

 

Azərbaycan Respublikası

Konstitusiya Məhkəməsi Plenumunun

 

Q Ə R A R I

 

 

Azərbaycan Respublikası Konstitusiyasının 73-cü maddəsinin tələbləri baxımından Azərbaycan Respublikası Vergi Məcəlləsinin 23.1.15-3-cü və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 355-5.1-ci maddələrində nəzərdə tutulan “hüquqi şəxsin icra orqanının rəhbəri” anlayışının şərh edilməsinə dair

 

 

31 mart 2026-cı il                                                                                              Bakı şəhəri

 

Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu Fərhad Abdullayev (sədr), Humay Əfəndiyeva, Rauf Quliyev, Otari Qvaladze (məruzəçi-hakim), Fikrət Məmmədov, İsa Nəcəfov, Rəşid Rzayev, Fərhad Tutayuk və Xanlar Vəliyevdən ibarət tərkibdə,

məhkəmə katibi Fəraid Əliyevin iştirakı ilə,

Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin VI hissəsinə, “Konstitusiya Məhkəməsi haqqında” Azərbaycan Respublikası Qanununun 27.2 və 33-cü maddələrinə və Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Daxili Nizamnaməsinin 39-cu maddəsinə müvafiq olaraq, xüsusi konstitusiya icraatının yazılı prosedur qaydasında keçirilən məhkəmə iclasında Bakı Apellyasiya Məhkəməsinin müraciəti əsasında Azərbaycan Respublikası Konstitusiyasının 73-cü maddəsinin tələbləri baxımından Azərbaycan Respublikası Vergi Məcəlləsinin 23.1.15-3-cü və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 355-5.1-ci maddələrində nəzərdə tutulan “hüquqi şəxsin icra orqanının rəhbəri” anlayışının şərh edilməsinə dair konstitusiya işinə baxdı.      

İş üzrə hakim O.Qvaladzenin məruzəsini, maraqlı subyektlər Bakı Apellyasiya Məhkəməsinin müraciətini və Azərbaycan Respublikası Milli Məclisi Aparatının mülahizəsini, Azərbaycan Respublikasının Ali Məhkəməsi, Azərbaycan Respublikasının Vəkillər Kollegiyası, Hüquqi Ekspertiza və Qanunvericilik Təşəbbüsləri Mərkəzi, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti tərəfindən təqdim edilmiş mütəxəssis mülahizələrini, ekspert Bakı Dövlət Universitetinin Hüquq fakültəsinin Mülki proses və kommersiya hüququ kafedrasının dosenti, hüquq üzrə fəlsəfə doktoru A.Mirzəyevanın rəyini və iş materiallarını araşdırıb müzakirə edərək, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu

 

MÜƏYYƏN  ETDİ:

 

Bakı Apellyasiya Məhkəməsi Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinə (bundan sonra – Konstitusiya Məhkəməsi) müraciət edərək Azərbaycan Respublikası Vergi Məcəlləsinin (bundan sonra – Vergi Məcəlləsi) 23.1.15-3-cü və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – Mülki Prosessual Məcəllə) 355-5.1-ci maddələrində nəzərdə tutulan “hüquqi şəxsin icra orqanının rəhbəri” anlayışının Azərbaycan Respublikası Konstitusiyasının (bundan sonra – Konstitusiya) 25 və 73-cü, Vergi Məcəlləsinin 13.1, 13.2.2, 13.2.39, 13.2.39.2 və 33.1-ci, “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun (bundan sonra – “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Qanun) 2.0.7, 2.0.8 və 16.9-cu, Azərbaycan Respublikası Miqrasiya Məcəlləsinin (bundan sonra – Miqrasiya Məcəlləsi) 17-ci maddələri ilə əlaqəli şəkildə şərh edilməsini xahiş etmişdir.

Müraciətdə göstərilmişdir ki, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı Şəhəri Lokal Gəlirlər Baş İdarəsi ərizə ilə Bakı Kommersiya Məhkəməsinə müraciət edərək “Kayalar Teknik İnşaat Ticaret Anonim Şirketi”nin Azərbaycan Respublikasındakı filialının dövlət büdcəsinə və İcbari Tibbi Sığorta Fonduna olan borcunun ödənilməsinin təmin edilməsi məqsədilə həmin hüquqi şəxsin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

Birinci instansiya məhkəməsinin 2025-ci il 10 mart tarixli qətnaməsi ilə ərizə təmin edilməmişdir.

Bakı Apellyasiya Məhkəməsində həmin qətnamədən verilən apellyasiya şikayətinə baxılarkən məhkəmə təcrübəsində xarici hüquqi şəxslərin Azərbaycan Respublikasının ərazisindəki filial və ya nümayəndəliklərinin rəhbərlərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasının mümkünlüyü ilə bağlı fərqli yanaşmaların olduğu müəyyən edilmişdir.

Belə ki, Vergi Məcəlləsinin 23.1.15-3-cü və Mülki Prosessual Məcəllənin 355-5.1-ci maddələrinə əsasən vergi ödəyicisi vergi öhdəliyini qanunla müəyyən edilmiş müddətdə yerinə yetirmədikdə, hesablanmış vergilər üzrə borcların və faizlərin, tətbiq edilmiş maliyyə sanksiyalarının ödənilməsini təmin etmək üsulu kimi vergi orqanları vergi ödəyicisi olan fiziki şəxslərin və ya hüquqi şəxslərin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə məhkəməyə müraciət etmək hüququna malikdir.

Məsələ ilə bağlı bir qrup hüquq tətbiqedənlər hesab edirlər ki, vergi nəzarətinin həyata keçirilməsini təmin etmək məqsədi ilə xarici kommersiya hüquqi şəxsinin filial və ya nümayəndəliklərinin uçota alınaraq onlara vergi ödəyicisinin eyniləşdirmə nömrəsinin verilməsi həmin filial və ya nümayəndəliyin müstəqil hüquqi şəxs kimi qiymətləndirilməsinə əsas vermir. Belə ki, bu formada qeydiyyat xarici hüquqi şəxslərin Azərbaycan Respublikasının ərazisində yaratdıqları filial və ya nümayəndəliklərinin hüquq qabiliyyətinin təsdiq edilməsini və onlar barəsində məlumatların (qeydlərin) hüquqi şəxslərin dövlət reyestrinə daxil edilməsini nəzərdə tutur. Həmçinin, xarici hüquqi şəxsin filialının maddi və prosessual hüquq və fəaliyyət qabiliyyətinə malik olması və məhkəmələrdə tərəf kimi çıxış edə bilməsi özlüyündə məhdudiyyətin tətbiq edilməsinin hüquqi əsası kimi çıxış edə bilməz.

Digər bir mövqeyə görə, Vergi Məcəlləsi xarici kommersiya hüquqi şəxsinin filial və ya nümayəndəliklərinin qeydiyyatı ilə bağlı qaydanı Azərbaycan Respublikasında yaradılan hüquqi şəxslərin filial və ya nümayəndəliklərinin yaradılması üsulundan fərqləndirir və onların qeydiyyatını hüquqi şəxslərin qeydiyyatı ilə eyniləşdirir. Bu səbəbdən də xarici kommersiya hüquqi şəxsinin filial və ya nümayəndəliklərinə Azərbaycan Respublikası rezidentinin filial və ya nümayəndəliyi kimi yanaşılması doğru deyil və həmin filialların (nümayəndəliklərin) rəhbərlərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması müvafiq normanın genişləndirici təfsiri kimi qiymətləndirilməməlidir.

Miqrasiya Məcəlləsinin 17-ci maddəsində əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasından getməsinin müvəqqəti məhdudlaşdırıla bilinəcəyi hallar sadalanmış, bu hallardan biri kimi vergi ödəyicisi və ya sığortaedən tərəfindən vergi, məcburi dövlət sosial sığorta, icbari tibbi sığorta və işsizlikdən sığorta haqları üzrə öhdəliyin qanunla müəyyən edilmiş hallarda və müddətlərdə yerinə yetirilməməsinə, hesablanmış vergilər, məcburi dövlət sosial sığorta, icbari tibbi sığorta və işsizlikdən sığorta haqları üzrə borcların və faizlərin, vergilər və məcburi dövlət sosial sığorta haqları üzrə tətbiq edilmiş maliyyə sanksiyalarının ödənilməməsinə görə onların ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə məhkəmənin qanuni qüvvəyə minmiş qərarının mövcudluğu göstərilmişdir.

Bakı Apellyasiya Məhkəməsi belə qənaətə gəlmişdir ki, qanunvericiliyin eyni qaydada tətbiqinə, həmçinin hüquqi müəyyənlik prinsipinin tələblərinə əməl edilməsinə nail olunması məqsədi ilə Konstitusiya Məhkəməsinə müraciət edilməlidir.

Konstitusiya Məhkəməsinin Plenumu müraciətdə qaldırılan məsələlərlə əlaqədar aşağıdakıların qeyd olunmasını zəruri hesab edir.

Konstitusiyanın 73-cü maddəsinə uyğun olaraq qanunla müəyyən edilmiş vergiləri və başqa dövlət ödənişlərini tam həcmdə və vaxtında ödəmək hər kəsin borcudur. Heç kəs qanunla nəzərdə tutulmuş əsaslar olmadan və qanunda göstərilmiş həcmdən əlavə vergiləri və başqa dövlət ödənişlərini ödəməyə məcbur edilə bilməz.

Göründüyü kimi, vergi ödəmək hər bir şəxsin konstitusiya vəzifələrindən biridir. Bu vəzifə qanunvericilikdə müəyyən edilmiş qaydada əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə də şamil edilir. Vergi ödəyicisi qanunla nəzərdə tutulmuş qaydada müəyyən pul məbləğini (müvafiq vaxtda və miqdarda) mütəmadi olaraq dövlətin xəzinəsinə keçirməyə borcludur. Əks hal dövlətin qanuni mənafelərinin, eləcə də digər şəxslərin hüquqlarının və qanunla qorunan maraqlarının pozulması ilə nəticələnə bilər.

Qeyd olunmalıdır ki, Azərbaycan Respublikasında vergi sistemi, vergitutmanın ümumi əsasları, vergilərin müəyyən edilməsi, ödənilməsi və yığılması qaydaları, vergi ödəyicilərinin və dövlət vergi orqanlarının, habelə vergi münasibətlərinin digər iştirakçılarının vergitutma məsələləri ilə bağlı hüquq və vəzifələri, vergi nəzarətinin forma və metodları, vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyət, dövlət vergi orqanlarının və onların vəzifəli şəxslərinin hərəkətlərindən (hərəkətsizliyindən) şikayət edilməsi qaydaları Vergi Məcəlləsi ilə müəyyən edilir. Vergilər haqqında qanunvericilik vergitutmanın ümumi, bərabər və ədalətli olmasına əsaslanmalıdır (Vergi Məcəlləsinin 1.1 və 3.1-ci maddələri).

Vergilər iqtisadi münasibətlərin ayrılmaz tərkib hissəsi olmaqla dövlətin gəlirlərinin əsas formalarından biri kimi çıxış edir. Bununla bağlı vergilərin və digər məcburi ödəmələrin icrasından yayınma müvafiq məsuliyyətin yaranması ilə nəticələnir. Vergi qanunvericiliyinin pozulmasına görə (əməlin xüsusiyyətindən asılı olaraq) vergi ödəyiciləri, vergi agentləri və onların nümayəndələri, habelə vergi orqanlarının vəzifəli şəxsləri Vergi Məcəlləsi, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsi və digər qanunlarla müəyyən edilmiş qaydada məsuliyyət daşıyırlar.

Vergi Məcəlləsinin 78.3 və 78.4-cü maddələrinə əsasən vergi öhdəliklərinin yerinə yetirilməsi Vergi Məcəlləsində başqa hallar nəzərdə tutulmamışdırsa, bilavasitə vergi ödəyicisi tərəfindən həyata keçirilir. Vergi öhdəliklərinin yerinə yetirilməsi əmtəəsiz əməliyyat üzrə faydalanan şəxs istisna olmaqla, digər şəxsin üzərinə qoyula bilməz.

Vergi o halda müəyyən edilmiş hesab olunur ki, vergi ödəyicisi və vergitutma elementləri müəyyən edilmiş olsun. Vergi ödəyicisi Vergi Məcəlləsinə uyğun olaraq müəyyən edilmiş vergitutma obyektlərindən vergini ödəməli olan istənilən şəxsdir (Vergi Məcəlləsinin 12.1 və 13.2.4-cü maddələri).

Sadalanan maddələrin məzmunundan göründüyü kimi, vergi hüquqpozmalarına görə məsuliyyəti bilavasitə vergiləri ödəməkdən yayınan hüquqi və ya fiziki şəxs olan vergi ödəyicisi daşıyır.

“Hüquqi şəxs” anlayışına gəldikdə qeyd edilməlidir ki, bu anlayışdan hüququn müxtəlif sahələrində (mülki, əmək, vergi və s.) geniş şəkildə istifadə edilir.

Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin  43.1 və 53-cü maddələrinə əsasən hüquqi şəxs qanunla müəyyənləşdirilən qaydada dövlət qeydiyyatından keçmiş, xüsusi yaradılmış elə bir qurumdur ki, mülkiyyətində ayrıca əmlakı vardır, öz öhdəlikləri üçün bu əmlakla cavabdehdir, öz adından əmlak və şəxsi qeyri-əmlak hüquqları əldə etmək və həyata keçirmək, vəzifələr daşımaq, məhkəmədə iddiaçı və ya cavabdeh olmaq hüququna malikdir. Hüquqi şəxsin olduğu yerdən kənarda yerləşən və hüquqi şəxsin mənafelərini təmsil və müdafiə edən ayrıca bölməsi nümayəndəlik sayılır. Hüquqi şəxsin olduğu yerdən kənarda yerləşən və onun funksiyalarının hamısını və ya bir hissəsini, o cümlədən nümayəndəlik funksiyalarını həyata keçirən ayrıca bölməsi filial sayılır. Nümayəndəliklər və filiallar hüquqi şəxs deyildirlər və hüquqi şəxsin təsdiq etdiyi əsasnamələr üzrə fəaliyyət göstərirlər. Nümayəndəliklərin və filialların rəhbərləri hüquqi şəxs tərəfindən təyin edilir və onun etibarnaməsi əsasında fəaliyyət göstərirlər.

Vergi Məcəlləsinin 13.2.2-ci maddəsində verilən anlayışa görə hüquqi şəxs Azərbaycan Respublikasının və ya xarici dövlətin qanunvericiliyinə uyğun olaraq hüquqi şəxs statusunda yaradılmış müəssisə və təşkilatlardır.

Vergi Məcəlləsinin 13.2.39-cu maddəsinə uyğun olaraq bu Məcəllənin məqsədləri üçün müəssisələr – sahibkarlıq fəaliyyətini həyata keçirən və bu cür fəaliyyət üçün yaradılan aşağıdakı qurumlar deməkdir:

-     Azərbaycan Respublikasının qanunvericiliyinə müvafiq olaraq yaradılmış hüquqi şəxslər;

- xarici dövlətin qanunvericiliyinə uyğun olaraq yaradılmış hüquqi təsisatlar və hüquqi şəxslər (korporasiyalar, şirkətlər, firmalar və digər analoji qurumlar), habelə onların filialları və ya daimi nümayəndəlikləri;

- bu Məcəllənin 13.2.39.1-ci maddəsində göstərilmiş hüquqi şəxslərin sərbəst balansa, cari və ya digər hesablara malik olan filialları, struktur bölmələri və ya digər ayrıca bölmələri (Vergi Məcəlləsinin 13.2.39.1–13.2.39.3-cü maddələri).

Müraciətdə göstərilən “hüquqi şəxsin icra orqanının rəhbəri” anlayışının xarici hüquqi şəxsin filial və ya nümayəndəliyinin rəhbərini də əhatə edib-etməməsi ilə bağlı hüquq tətbiqetmə təcrübəsində yaranan qeyri-müəyyənliklə bağlı Konstitusiya Məhkəməsinin Plenumu qanunvericilik normalarının təfsiri məsələsinə aydınlıq gətirilməsini zəruri hesab edir.

İstənilən hüquq sahəsində norma nə qədər dəqiq olsa da, onun məzmunu ilə bağlı anlaşılmayan məqamların izah olunmasına, normanın şərhinə ehtiyac yaranır. İşlərə baxılarkən məhkəmələrin üzərinə qoyulmuş funksiya da normanı təfsir etməklə belə məqamları aradan qaldırmaqdan ibarətdir. Bu səbəbdən hüquqi müəyyənlik hüquq normalarının, o cümlədən məsuliyyət müəyyən edən normaların şərh vasitəsilə dəqiqləşdirilməsini istisna edən prinsip kimi başa düşülməməlidir.

Konstitusiya Məhkəməsi Plenumunun oxşar hüquqi mövqeyi “M.Məmmədovun şikayəti əsasında Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 55-ci maddəsinin bəzi müddəalarının Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin I hissəsinə uyğunluğunun yoxlanılmasına dair” 2014-cü il 29 aprel və “Azərbaycan Respublikası Konstitusiyasının 71-ci maddəsinin VIII və X hissələri baxımından Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 326-cı maddəsinin “Avtomobil nəqliyyatı haqqında” Azərbaycan Respublikası Qanununun 26.3-cü maddəsi ilə əlaqəli şəkildə şərh edilməsinə dair” 2025-ci il 24 noyabr tarixli Qərarlarında da əks olunmuşdur.

Eyni zamanda, hüquq normalarının şərhi ilə bağlı qeyd edilməsi vacib olan məqamlardan biri ondan ibarətdir ki, hüquq doktrinası qrammatik təfsir ilə yanaşı digər təfsir üsullarının, o cümlədən teleoloji (normanın məqsədinə görə) üsulun tətbiqini nəzərdə tutur.  

Müxtəlif qanunvericilik aktları fərqli ictimai münasibətləri, yaxud ictimai münasibətlərin müxtəlif aspektlərini tənzimlədiyindən həmin normativ aktlarda anlayışlara verilən izah və təriflər bir qayda olaraq onların hüquqi məqsəd və təyinatına, yerinə yetirdiyi funksiyalara uyğun müəyyən edilir. Məhz bundan irəli gəlir ki, eyni anlayış bəzən müxtəlif normativ aktlarda fərqli mənalar kəsb edə və ya əhatə dairəsinə görə bir-birindən fərqlənə bilir (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Konstitusiyasının 33-cü maddəsində nəzərdə tutulmuş mənzil toxunulmazlığı hüququ baxımından Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 157-ci maddəsində əks olunmuş “mənzil” anlayışının şərh edilməsinə dair” 2024-cü il 25 noyabr tarixli Qərarı).

Konstitusiya Məhkəməsi Plenumunun cinayət məsuliyyətini müəyyən edən normaların teleoloji təfsiri ilə bağlı ifadə etdiyi hüquqi mövqeyinə görə, Cinayət Məcəlləsində onun vəzifələrinin müəyyən və bəyan edilməsi bütünlükdə cinayət qanunvericiliyi normalarının, o cümlədən cinayət məsuliyyətindən azad edən normaların Cinayət Məcəlləsinin prinsiplərini əsas götürməklə, məhz bu vəzifələrin həyata keçirilməsinə xidmət edəcək formada təfsir və tətbiq olunmasını tələb edir (“Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234-cü maddəsinin “Qeyd” hissəsinin birinci bəndinin “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsi ilə əlaqəli şəkildə şərh olunmasına dair” 2024-cü il 1 oktyabr tarixli Qərar).

Yuxarıda göstərilənlər nəzərə alınmaqla, müraciətdə aydınlıq gətirilməsi xahiş olunan məsələ ilə bağlı qeyd edilməlidir ki, Vergi Məcəlləsinin 33.1-ci maddəsinin tələbinə görə vergi nəzarətinin həyata keçirilməsini təmin etmək məqsədi ilə vergi ödəyicisi olan hüquqi şəxslər olduqları (dövlət qeydiyyatı haqqında sənədlərdə qeyd olunmuş hüquqi ünvan), vergiyə cəlb olunan gəliri Azərbaycan mənbəyindən olan və bu gəlirdən ödəmə yerində vergi tutulmayan qeyri-rezidentlər Azərbaycan mənbəyindən gəlirin alındığı yer üzrə, fərdi sahibkarlar və bu Məcəllənin müddəalarına uyğun olaraq bəyannamə verməli olan rezident fiziki şəxslər yaşadıqları, xüsusi notariuslar və xüsusi icra məmurları isə fəaliyyət göstərdiyi yer üzrə vergi orqanlarında uçota alınır.

 “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Qanunun 2.0.7-ci maddəsinə əsasən isə Azərbaycan Respublikasının ərazisində hüquqi şəxs statusu almaq istəyən qurumların, habelə xarici hüquqi şəxslərin Azərbaycan Respublikasının ərazisində yaratdıqları nümayəndəlik və ya filialların hüquq qabiliyyətinin təsdiq edilməsi, hüquqi statusunun müəyyənləşdirilməsi və onlar barəsində məlumatların (qeydlərin) hüquqi şəxslərin dövlət reyestrinə daxil edilməsi hüquqi şəxslərin dövlət qeydiyyatı qaydasında baş verir.

Qeyd edilməsi zəruridir ki, xarici hüquqi şəxslərin filial və ya nümayəndəliklərinin hüquq qabiliyyətinin təsdiq edilməsi ilə onlar hüquq münasibətlərinin müstəqil subyekti kimi çıxış edir, o cümlədən vergi hüquq münasibətlərində hüquqi şəxslərlə eyni qaydada iştirak etməklə vergi ödəyicisinin eyniləşdirmə nömrəsini (VÖEN) əldə edir, olduqları yer üzrə vergi orqanlarında uçota alınır, Vergi Məcəlləsində nəzərdə tutulan vergiləri, habelə müəyyən edilmiş qaydada hesablanmış faizləri, tətbiq edilmiş maliyyə sanksiyalarını və digər məcburi ödənişləri ödəyir və təsbit olunan digər vəzifələri yerinə yetirirlər.

Həmin Qanunun 16.9-cu maddəsinə görə xarici hüquqi şəxslərin filial və ya nümayəndəliklərinin ləğv edilməsi zamanı hüquqi şəxslərin ləğvi üçün Azərbaycan Respublikasının Mülki Məcəlləsi və bu Qanun ilə müəyyən edilmiş qaydalar tətbiq edilir.

Göründüyü kimi, xarici hüquqi şəxsin filial və ya nümayəndəliyi Azərbaycan Respublikasının ərazisində vergi məqsədləri üçün faktiki olaraq eynilə hüquqi şəxs kimi fəaliyyət göstərir.

Konstitusiya Məhkəməsi Plenumunun ifadə etdiyi hüquqi mövqeyə görə vergiləri ödəməkdən yayınan şəxs qanunvericiliklə üzərinə vergiləri ödəmək vəzifəsi qoyulmuş subyekt, yəni vergi qanunvericiliyində anlayışı verilmiş fiziki şəxs və ya hüquqi şəxsin vergi öhdəliklərini faktiki yerinə yetirən şəxsi də ola bilər. Burada əsas meyar məsul işçilərin hüquqi şəxsin maliyyə-təsərrüfat fəaliyyətinin, qanunvericilikdə nəzərdə tutulmuş qaydada gəlirlərinin (xərclərinin) və vergitutma obyektlərinin uçotunun aparılmasına, qanunla müəyyən edilmiş vergilərin, habelə hesablanmış faizlərin, tətbiq edilmiş maliyyə sanksiyalarının və digər məcburi ödənişlərin ödənilməsinə, qanunvericilikdə müəyyən edilmiş hallarda və qaydada vergi hesabatlarının vergi orqanlarına təqdim edilməsinə, vergi ödəyicisinin digər vəzifələrini üzərinə götürməklə onun adından sahibkarlıq fəailiyyətinin faktiki həyata keçirilməsinə, vergi əməliyyatları aparmaqla vergi ödəyicisinin fəaliyyətinə və vergi öhdəliklərinin yerinə yetirilməsinin təmin edilməsinə görə cavabdeh olmasıdır (“Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 213.1-ci maddəsinin və Azərbaycan Respublikası Vergi Məcəlləsinin 78.3 və 78.4-cü maddələrinin şərh edilməsinə dair” 2013-cü il 9 sentyabr tarixli Qərar).

Xarici hüquqi şəxslər Azərbaycan Respublikasında yaradılmadığından, idarəetmə mərkəzləri ölkə hüdudlarından kənarda yerləşdiyindən bir çox hallarda vergi hüquq münasibətlərində məhz təsis etdikləri filial və ya nümayəndəliklər vasitəsi ilə iştirak edirlər. Bu baxımdan, vergi orqanı hesablanmış vergilər üzrə borcların və faizlərin, tətbiq edilmiş maliyyə sanksiyalarının ödənilməsini təmin etmək məqsədilə xarici hüquqi şəxsin ölkədə fəaliyyət göstərən filial və ya nümayəndəliyinin rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması üçün müraciət edə bilər. Əksinə, yerli hüquqi şəxslə müqayisədə xarici hüquqi şəxsin filial və ya nümayəndəliyinin rəhbərinə münasibətdə vergi öhdəliklərini yerinə yetirmədiyi təqdirdə müvafiq məhdudiyyətin (Azərbaycan Respublikasından getmək hüququnun məhdudlaşdırılmasının) tətbiqinin istisna edilməsi vergi qanunvericiliyinin məqsədlərinə uyğun gəlməməklə yanaşı hər hansı ağlabatan əsas olmadan fərqli rəftarın göstərilməsi ilə də nəticələnə bilər.

Göstərilənlərə əsasən Konstitusiya Məhkəməsinin Plenumu hesab edir ki, Vergi Məcəlləsinin 23.1.15-3-cü və Mülki Prosessual Məcəllənin 355-5.1-ci maddələrində nəzərdə tutulmuş “hüquqi şəxsin icra orqanının rəhbəri” anlayışının təfsiri zamanı bu normalarda ehtiva olunan söz və ifadələrin qrammatik (hərfi) mənası deyil, vergitutma və vergi nəzarəti məsələlərini müəyyən edən normaların mahiyyəti və müvafiq tənzimetmənin hüquqi təyinatı, qanunvericinin həmin normaları müəyyən edərkən güddüyü məqsəd rəhbər tutulmalıdır.

Oxşar hüquqi mövqe Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Əmək Məcəlləsinin 3-cü maddəsinin 1-ci hissəsinin, 294 və 296-cı maddələrinin şərh edilməsinə dair” 2021-ci il 30 iyul tarixli Qərarında da ifadə olunmuşdur. Həmin Qərarda əmək münasibətləri baxımından qeyd edilmişdir ki, xarici hüquqi şəxsin filial və nümayəndəlikləri əmək hüquq münasibətlərinin bərabərhüquqlu subyektləridirlər. Bu cür yanaşma Əmək Məcəlləsinin və onun tənzimlədiyi əmək hüquq münasibətlərinin səciyyəvi xüsusiyyətlərindən irəli gəlir. 

Onun da qeyd edilməsi vacibdir ki, vergi və mülki prosessual qanunvericiliyi ilə vergi orqanlarına vergi ödəyicisinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması üçün məhkəməyə müraciət etmək hüququnun tanınması hesablanmış vergilər üzrə borcların və faizlərin, tətbiq edilmiş maliyyə sanksiyalarının ödənilməsinin təmininə yönəlmişdir.

Bununla əlaqədar, vergi ödəyicisi tərəfindən Vergi Məcəlləsinin 16.1.1-ci maddəsində göstərilən vəzifələrin icra olunmasını təmin etmək məqsədilə vergi orqanları tərəfindən həmin Məcəllənin 23.1.15-3-cü və Mülki Prosessual Məcəllənin 355-5.1-ci maddələrində göstərilən qaydada məhkəməyə müraciət edilməsi və məhkəmələr tərəfindən belə müraciətlərə baxılması zamanı vergi ödəyicisinin öz öhdəliklərinin icrasından yayınması ilə bağlı ilkin sübutlar araşdırılmalı, alternativ tədbirlərin tətbiqinin mümkünlüyü tətbiq edilən məhdudiyyətin gözlənilən nəticəyə mütənasibliyi qiymətləndirilməli, belə tədbirin tətbiqi şəxsin hüquqlarının lüzumsuz məhdudlaşdırılmasına gətirib çıxarmamalıdır.

Konstitusiya Məhkəməsi Plenumunun bir sıra qərarlarında formalaşdırdığı hüquqi mövqeyə əsasən, hər hansı hüquqa müdaxilə güdülən məqsədə mütənasib olmalı, cəmiyyətin və ya dövlətin ümumi maraqları ilə fərdin konstitusiya hüquqlarının qorunması arasında ədalətli tarazlığa nail olunmaqla həyata keçirilməlidir.

Göstərilənlərə əsasən Konstitusiya Məhkəməsinin Plenumu aşağıdakı nəticəyə gəlir:

-  Konstitusiyanın 73-cü maddəsinin tələblərinə və Konstitusiya Məhkəməsi Plenumunun bu Qərarının təsviri-əsaslandırıcı hissəsində əks olunmuş hüquqi mövqelərə əsasən Vergi Məcəlləsinin 23.1.15-3-cü və Mülki Prosessual Məcəllənin 355-5.1-ci maddələrində nəzərdə tutulan “hüquqi şəxsin icra orqanının rəhbəri” anlayışı xarici hüquqi şəxsin filial və ya nümayəndəliyinin rəhbərini də ehtiva edir.

Müvafiq məsələyə baxılarkən hüquq tətbiqedən orqanlar tərəfindən vergi ödəyicisinin öz öhdəliklərinin icrasından yayınması ilə bağlı ilkin sübutlar araşdırılmalı, alternativ tədbirlərin tətbiqinin mümkünlüyü tətbiq edilən məhdudiyyətin gözlənilən nəticəyə mütənasibliyi qiymətləndirilməli, belə tədbirin tətbiqi şəxsin hüquqlarının lüzumsuz məhdudlaşdırılmasına gətirib çıxarmamalıdır.

Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin VI hissəsini və “Konstitusiya Məhkəməsi haqqında” Azərbaycan Respublikası Qanununun 60, 62, 63, 65–67 və 69-cu maddələrini rəhbər tutaraq, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu

 

QƏRARA  ALDI:

 

1. Azərbaycan Respublikası Konstitusiyasının 73-cü maddəsinin tələblərinə və Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun bu Qərarının təsviri-əsaslandırıcı hissəsində əks olunmuş hüquqi mövqelərə əsasən Azərbaycan Respublikası Vergi Məcəlləsinin 23.1.15-3-cü və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 355-5.1-ci maddələrində nəzərdə tutulan “hüquqi şəxsin icra orqanının rəhbəri” anlayışı xarici hüquqi şəxsin filial və ya nümayəndəliyinin rəhbərini də ehtiva edir.

Müvafiq məsələyə baxılarkən hüquq tətbiqedən orqanlar tərəfindən vergi ödəyicisinin öz öhdəliklərinin icrasından yayınması ilə bağlı ilkin sübutlar araşdırılmalı, alternativ tədbirlərin tətbiqinin mümkünlüyü tətbiq edilən məhdudiyyətin gözlənilən nəticəyə mütənasibliyi qiymətləndirilməli, belə tədbirin tətbiqi şəxsin hüquqlarının lüzumsuz məhdudlaşdırılmasına gətirib çıxarmamalıdır.

2. Qərar dərc edildiyi gündən qüvvəyə minir.

3. Qərar Azərbaycan Respublikasının rəsmi dövlət qəzetlərində və “Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Məlumatı”nda dərc edilsin, habelə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin rəsmi internet saytında yerləşdirilsin.

4. Qərar qətidir, heç bir orqan və ya şəxs tərəfindən ləğv edilə, dəyişdirilə və ya rəsmi təfsir edilə bilməz.

 

 

 

Sədr                                                                                              Fərhad Abdullayev