AZƏRBAYCAN RESPUBLİKASI ADINDAN
Azərbaycan Respublikası
Konstitusiya Məhkəməsi
Plenumunun
Q Ə R A R I
Azərbaycan
Respublikası Konstitusiyasının 125-ci maddəsinin
V hissəsinin və 60-cı maddəsinin I hissəsinin tələbləri baxımından Azərbaycan Respublikası Cinayət-Prosessual
Məcəlləsinin 522-ci maddəsinin şərh edilməsinə dair
9 aprel 2025-ci
il Bakı
şəhəri
Azərbaycan
Respublikası Konstitusiya Məhkəməsinin Plenumu Fərhad Abdullayev (sədr), Sona
Salmanova, Humay Əfəndiyeva, Rövşən İsmayılov, Ceyhun Qaracayev, Rafael
Qvaladze (məruzəçi-hakim), Fikrət Məmmədov, İsa Nəcəfov və Kamran Şəfiyevdən
ibarət tərkibdə,
məhkəmə katibi Fəraid
Əliyevin iştirakı ilə,
Azərbaycan
Respublikası Konstitusiyasının 130-cu maddəsinin VI hissəsinə, “Konstitusiya Məhkəməsi
haqqında” Azərbaycan Respublikası Qanununun 27.2 və 33-cü maddələrinə və Azərbaycan
Respublikası Konstitusiya Məhkəməsinin Daxili Nizamnaməsinin 39-cu maddəsinə
müvafiq olaraq, xüsusi konstitusiya icraatının yazılı prosedur qaydasında
keçirilən məhkəmə iclasında Bakı Ağır Cinayətlər Məhkəməsinin müraciəti əsasında Azərbaycan
Respublikası Konstitusiyasının 125-ci maddəsinin V hissəsinin və 60-cı maddəsinin
I hissəsinin tələbləri baxımından Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin
522-ci maddəsinin şərh edilməsinə dair konstitusiya işinə baxdı.
İş üzrə hakim
R.Qvaladzenin məruzəsini, maraqlı subyektlər Bakı Ağır Cinayətlər Məhkəməsinin
müraciətini və Azərbaycan Respublikası Milli Məclisi Aparatının mülahizəsini,
Azərbaycan Respublikasının Ali Məhkəməsi, Azərbaycan Respublikasının
Prokurorluğu, Bakı Apellyasiya Məhkəməsi, Azərbaycan Respublikasının Vəkillər
Kollegiyası tərəfindən təqdim edilmiş mütəxəssis mülahizələrini,
ekspert Bakı Dövlət Universitetinin Cinayət prosesi kafedrasının müdiri,
hüquq elmləri doktoru, professor F.Abbasovanın rəyini və iş
materiallarını araşdırıb müzakirə edərək, Azərbaycan Respublikası Konstitusiya
Məhkəməsinin Plenumu
MÜƏYYƏN
ETDİ:
Bakı
Ağır Cinayətlər Məhkəməsi icraatında olan cinayət işi ilə əlaqədar Azərbaycan
Respublikasının Konstitusiya Məhkəməsinə (bundan sonra – Konstitusiya Məhkəməsi)
müraciət edərək Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan
sonra – Cinayət-Prosessual Məcəllə) 21, 522-ci maddələrinin, Azərbaycan
Respublikası Cinayət Məcəlləsinin (bundan sonra – Cinayət Məcəlləsi) 66.5, 58 və
83.1-1-ci maddələrinin Azərbaycan Respublikası Konstitusiyasının (bundan sonra
– Konstitusiya) 60-cı maddəsinin I hissəsi, İnsan hüquqlarının və əsas
azadlıqların müdafiəsi haqqında Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndi
baxımından əlaqəli şəkildə şərh edilməsini xahiş etmişdir.
Müraciətdən
görünür ki, iş üzrə ibtidai istintaq orqanı tərəfindən irəli sürülmüş
ittihamlara əsasən, S.Abdullayev etibardan sui-istifadə etmə və aldatma yolu ilə
özgənin əmlakını ələ keçirib külli miqdarda ziyan vurmaqla təkrarən dələduzluq
etmiş, həmçinin mütəşəkkil dəstənin tərkibində külli miqdarda əmlak əldə etmək
məqsədi ilə odlu silahdan istifadə etməklə hücuma məruz qalmış şəxsin həyatı və
sağlamlığı üçün zorakılıqla bağlı olan basqın ediləcəyi hədəsi ilə təkrarən
quldurluq cinayət əməlini törətmişdir.
S.Abdullayevin
yerinin müəyyən edilməsi mümkün olmadığından, onun barəsində cinayət işi üzrə
icraat dayandırılmışdır.
Rusiya Federasiyası
Moskva şəhəri Perov Rayon Məhkəməsinin 12 mart 2015-ci il tarixli hökmünə əsasən
S.Abdullayev 26 aprel 2013-cü il tarixindən 25 aprel 2023-cü il tarixinədək
Rusiya Federasiyası ərazisində cəza çəkmişdir.
Cəzanı çəkib
qurtardıqdan sonra S.Abdullayev Azərbaycan Respublikasına qayıdarkən 29 aprel
2023-cü il tarixində tutulmuş, barəsində olan cinayət işi təzələnib ibtidai
istintaq tamamlandıqdan sonra məhkəməyə göndərilmişdir.
Məhkəmə baxışı
dövründə S.Abdullayevin vəkili ərizə ilə Azərbaycan Respublikasının Baş
Prokurorluğuna (bundan sonra – Baş Prokurorluq) müraciət edərək onun barəsində
Rusiya Federasiyasında çıxarılmış hökmün Azərbaycan Respublikası ərazisində
tanınmasına dair təqdimatla apellyasiya məhkəməsinə müraciət edilməsini xahiş
etmişdir.
Vəkilin ərizəsi zərurət
olmaması əsası ilə təmin edilməmişdir. Bundan sonra vəkil eyni məzmunlu ərizə
ilə birbaşa apellyasiya məhkəməsinə müraciət etmiş, lakin ərizə buna hüququ
olmayan şəxs tərəfindən verildiyindən icraata qəbul edilməmişdir.
Xarici
dövlətin hökmünün tanınması ilə əlaqədar Bakı Ağır Cinayətlər Məhkəməsinin
sorğusuna cavab olaraq Baş Prokurorluq bildirmişdir ki, həmin hökmün Azərbaycan
Respublikası ərazisində tanınmasına zərurət müəyyən edilmədiyindən, təqdimatın
verilməsi məqsədəmüvafiq hesab edilməmişdir.
Bakı
Ağır Cinayətlər Məhkəməsi Konstitusiya Məhkəməsinə ünvanladığı müraciətdə
aşağıdakı məsələlərə aydınlıq gətirilməsini xahiş etmişdir:
- təqsirləndirilən
şəxsin barəsində çıxarılmış və artıq icra edilmiş Rusiya Federasiyası Moskva şəhəri
Perov Rayon Məhkəməsinin hökmünün Cinayət-Prosessual Məcəllənin 522.3-1-ci maddəsinə
uyğun olaraq Azərbaycan Respublikasında tanınması zərurəti;
- belə
zərurət mövcud olduğu və icra edilməsi imkanları aradan qalxdığı təqdirdə işə
baxan məhkəmənin ittiham hökmü çıxaracağı halda qüvvədə olan normativ hüquqi
aktlara əsasən həmin hökmün hüquqi nəticələrini tanımasının mümkünlüyü;
- işə
baxan məhkəmənin xarici dövlətin hökmünün hüquqi nəticələrini tanımasının cinayət
qanunvericiliyinin cinayətlərin məcmusu üzrə cəza təyin edilməsi qaydaları ilə
ziddiyyət təşkil edib-etməməsi;
- qüvvədə
olan qanunvericiliyə əsasən təqdim olunması dövlət orqanının üzərinə qoyulmuş və
təqsirləndirilən şəxsin xeyrinə olan təqdimatın təqdim edilməməsi halında təqsirləndirilən
şəxsin özünün bununla bağlı tədbirlər görməsinin mümkünlüyü.
Aydınlıq gətirilməsi
xahiş edilən məsələlərin nəzərdən keçirilməsi belə nəticəyə gəlməyə
imkan verir ki, qaldırılan əsas məsələ xarici dövlətin hökmü qanunvericilikdə nəzərdə
tutulmuş qaydada tanınmadığı halda işə baxan məhkəmənin təqsirləndirilən şəxsə
cinayətlərin məcmusu üzrə cəza təyin edərkən həmin hökmlə çəkdiyi cəzanı ona təyin
ediləcək cəza müddətinə hesablamaqda haqlı olub-olmaması ilə bağlıdır.
Konstitusiya Məhkəməsinin
Plenumu müraciətlə bağlı ilk növbədə qeyd edir ki, hər hansı dövlətin
məhkəmə qərarının digər dövlətin ərazisində icrası üçün sonuncunun
qanunvericiliyi ilə belə bir icraya imkan verilməli, habelə həmin dövlətin səlahiyyətli
orqanları xarici məhkəmə qərarının hüquqi qüvvəsini tanımalıdır. Beləliklə,
xarici dövlətin məhkəmə qərarının məcburi icrası üçün zəruri şərt ərazisində həmin
məhkəmə qərarının icrasının tələb olunduğu dövlət tərəfindən tanınmadır.
Konstitusiya Məhkəməsinin
Plenumu xarici dövlətlərin hökmlərinin tanınması ilə bağlı “Azərbaycan
Respublikası Cinayət Məcəlləsinin 1, 5, 18, 61 və 65-ci maddələrinin Azərbaycan
Respublikası Konstitusiyasının 148-ci maddəsi və “Mülki, ailə və cinayət işləri
üzrə hüquqi yardım və hüquq münasibətləri haqqında” Minsk Konvensiyası
baxımından şərh edilməsinə dair” 2019-cu il 7 iyun tarixli Qərarında
Konstitusiyanın 148-ci maddəsinin II hissəsinə, Cinayət Məcəlləsinin 1.2-ci
maddəsinin və Cinayət-Prosessual Məcəllənin 521-ci maddəsinin müddəalarına
uyğun olaraq hesab etmişdir ki, yalnız Azərbaycan Respublikasının tərəfdar
çıxdığı beynəlxalq müqavilələr üzrə xarici dövlətlərin məhkəmə hökmlərinə əsasən
yaranmış məhkumluğun Azərbaycan Respublikasının məhkəmələri tərəfindən cəza təyin
edilərkən nəzərə alınmasına yol verilir.
Konstitusiya Məhkəməsinin
Plenumu bu Qərarda həmçinin müasir dövrdə dövlətlərin cinayətkarlıqla mübarizə
sahəsində fəaliyyətlərinin və cinayət işləri üzrə dövlətlərarası əməkdaşlığın
böyük əhəmiyyət kəsb etdiyini nəzərə alaraq, Azərbaycan Respublikasının tərəfdar
çıxdığı beynəlxalq müqavilələr üzrə xarici dövlətlərin məhkəmə hökmlərinin
tanınması və nəzərə alınması qaydasının Cinayət və Cinayət-Prosessual Məcəllələrində
təkmilləşdirilməsini Azərbaycan Respublikasının Milli Məclisinə tövsiyə
etmişdir.
Bundan sonra “Azərbaycan
Respublikasının Cinayət-Prosessual Məcəlləsində dəyişiklik edilməsi haqqında” Azərbaycan
Respublikasının 25 iyun 2020-ci il tarixli Qanunu ilə Cinayət-Prosessual
Məcəlləyə “Xarici dövlətlərin məhkəmələrinin hökmlərinin və ya digər yekun qərarlarının
tanınması üzrə icraat” adlı yeni LIX fəsil əlavə edilmiş və həmin fəslin
normalarına 29 noyabr 2022-ci il tarixli Qanunla müvafiq əlavələr edilmişdir.
Xarici dövlətlərin məhkəmələrinin
qərarlarının icrasındakı əsas problem ondan ibarətdir ki, bu məhkəmə qərarları,
ilk öncə ərazi aidiyyətinə görə qəbul edildiyi dövlətin ərazisi daxilində
hüquqi qüvvəyə malik olur. Məhkəmə qərarı qətidir və onun məcburi icrası öz ölkəsinin
yurisdiksiyası çərçivəsində və yalnız həmin dövlətin ərazisində yerləşən proses
iştirakçılarına münasibətdə həyata keçirilir. Məhz bu, dövlət suverenliyinin ədalət
mühakiməsi sahəsində reallaşdırılmasının əsas istiqamətlərindən biridir.
Dövlət
suverenliyinin həyata keçirilməsi bilavasitə dövlətin məcburiyyət vasitələrinə
olan inhisarı ilə bağlıdır ki, bu da icra prosesinə dair məsələlərə birbaşa təsir
edir. Müvafiq olaraq, icra tədbirləri xarici dövlətlərin məhkəmə qərarlarına
münasibətdə deyil, müstəsna olaraq yerli ədalət mühakiməsi orqanları tərəfindən
qəbul edilən qərarlara münasibətdə həyata keçirilə bilər.
Məhkəmə hökmünün və
ya digər yekun qərarının başqa dövlətin ərazisinə şamil edilməsi yalnız müvafiq
beynəlxalq müqavilədən irəli gəlməli, yaxud bərabərlik və qarşılıqlılıq əsasında
mümkündür.
Cinayət-prosessual
qanunvericiliyin tələblərinə görə xarici dövlətlərin məhkəmələrinin hökmlərinin
tanınması məsələsinə baxılarkən, ilk növbədə, Azərbaycan Respublikası və hökm
çıxarmış dövlət arasında beynəlxalq müqavilənin olması və bu müqavilədə belə
hökmlərin tanınması imkanının nəzərdə tutulması yoxlanılır.
Belə ki, Cinayət-Prosessual
Məcəllənin 522.1-1-ci maddəsinə görə, xarici dövlətlərin məhkəmələrinin hökmlərinin
və ya digər yekun qərarlarının tanınması bununla bağlı Azərbaycan
Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilə mövcud olduğu halda həyata
keçirilir. Belə beynəlxalq müqavilə olmadıqda xarici dövlətlərin məhkəmələrinin
hökmləri və ya digər yekun qərarları qarşılıqlılıq prinsipinə riayət ediləcəyinə
dair həmin dövlətin müvafiq səlahiyyətli orqanı tərəfindən təminat verildiyi
halda tanına bilər.
Müraciətdə toxunulan
Azərbaycan Respublikası və Rusiya Federasiyasının iştirakçısı olduqları “Mülki,
ailə və cinayət işləri üzrə hüquqi yardım və hüquqi münasibətlər
haqqında” 2002-ci il 7 oktyabr tarixli MDB Konvensiyası (Kişinyov
Konvensiyası), habelə eyni adlı 1993-cü il 22 yanvar tarixli MDB Konvensiyası
(Minsk Konvensiyası) barəsində ətraflı açıqlama Konstitusiya Məhkəməsi
Plenumunun 2019-cu il 7 iyun tarixli Qərarında verilmiş, hazırda Konstitusiya Məhkəməsinin
Plenumu həmin və digər beynəlxalq Konvensiyaların, həmçinin Cinayət və Cinayət-Prosessual
Məcəllələrinin məhz məhkəmənin müraciətinə aidiyyəti olan normalarına diqqət
yetirilməsini vacib hesab edir.
İlk olaraq qeyd
edilməlidir ki, hökmün “tanınması və nəzərə alınması” müddəasına aydınlıq bir
sıra beynəlxalq aktlarda, xüsusən də “Cinayət işləri üzrə məhkəmə qərarlarının
beynəlxalq hüquqi qüvvəsinə dair” 1970-ci il 28 may tarixli Avropa Şurasının
Konvensiyasında gətirilmişdir (Azərbaycan Respublikası həmin Konvensiyaya
qoşulmamışdır).
Həmin sənədlərdə
hökmün başqa dövlətin ərazisinə şamil edilməsinin iki qaydası nəzərdə
tutulmuşdur:
- hökmün icrasını tələb
edən hallar (azadlıqdan məhrum etmə cəzasının icrası, cərimənin tutulması, əmlak
müsadirəsinin və ya hüquqlardan məhrum etmənin tətbiqi). Konvensiyaya görə bu
hallarda hökmün başqa dövlətlərdə icra olunması üçün mütləq şəkildə hökmü
çıxarmış dövlət tərəfindən sorğunun verilməsi, sorğu edilən dövlətin məhkəmələri
tərəfindən isə həmin hökmün tanınması tələb olunur (Avropa Konvensiyasının 2-14
və 37-ci maddələri);
- tam icra olunmuş
hökmün (onun doğurduğu hüquqi nəticələrin) nəzərə alınmasını tələb edən hallar.
Bu hallarda Konvensiya tanınma prosedurunun mütləq tətbiq edilməsini nəzərdə
tutmur, həmin məsələnin tənzimlənməsi iştirakçı dövlətlərin mülahizəsinə
buraxılmışdır (Avropa Konvensiyasının 56 və 57-ci maddələri).
Yəni hökmün başqa
dövlətin ərazisində icra olunması üçün hökmü çıxarmış dövlət buna dair sorğu
verməli, sorğu edilən dövlət isə bu hökmü tanımalıdır. Konvensiya artıq tam
icra olunmuş hökmlərin mütləq tanınması prosedurunu nəzərdə tutmamış, bu məsələnin
həllini iştirakçı dövlətlərin mülahizəsinə buraxmışdır.
Müraciətdən
göründüyü kimi S.Abdullayev xarici dövlətin məhkəməsinin hökmü ilə təyin
edilmiş cəzanı tam çəkib qurtarmış, buna görə həmin hökmün Azərbaycan
Respublikası ərazisində nəzərə alınmasının mümkünlüyü beynəlxalq müqavilədən və
ya dövlətlər arası bağlanmış ikitərəfli müqavilədən, yaxud qanunvericiliyin tələblərindən
irəli gəlməlidir.
Azərbaycan
Respublikasının Rusiya Federasiyası ilə iştirakçısı olduqları Kişinyov və Minsk
Konvensiyalarında yalnız məhdud hallarda şəxsin məhkum edilməsi ilə əlaqədar
bir dövlətin hökmünün digər dövlətin ərazisində tanınması və qəti cəza təyin
edilərkən nəzərə alınması nəzərdə tutulmuşdur.
Belə ki, Kişinyov
Konvensiyasının 99-cu maddəsinin 2-ci hissəsinə əsasən, şəxsin xüsusi təhlükəli
residivist hesab edilməsi və ya onun əməlində residivin müxtəlif növlərinin
olub-olmaması, cinayətlərin təkrar törədilməsi, şərti məhkum etmə, hökmün
icrasının təxirə salınması və ya cəzadan vaxtından əvvəl şərti azad etmə ilə
bağlı vəzifələrin pozulması faktlarının müəyyən edilməsi üzrə məsələlərin həlli
zamanı Razılığa Gələn Tərəflərin ədliyyə orqanları keçmiş SSRİ-nin və onun tərkibinə
daxil olan müttəfiq respublikaların məhkəmələrinin (tribunallarının), habelə hər
bir Razılığa Gələn Tərəfin məhkəmələrinin çıxardıqları hökmləri tanıya və nəzərə
ala bilərlər.
Oxşar norma qüvvədən
düşmüş Minsk Konvensiyasında da nəzərdə tutulmuşdu (76-1-ci maddə).
Göründüyü kimi, Azərbaycan
Respublikasının Rusiya Federasiyası ilə iştirakçısı olduqları Minsk və Kişinyov
Konvensiyalarında təqsirləndirilən şəxsə Azərbaycan Respublikası ərazisində törədilmiş
cinayətə görə cəza təyin edilərkən Rusiya Federasiyası məhkəməsinin hökmü ilə çəkdiyi
cəzanın cinayətlərin məcmusu üzrə ona təyin ediləcək cəza müddətinə
hesablanması imkanı nəzərdə tutulmamışdır.
Həmçinin Azərbaycan
Respublikası ilə Rusiya Federasiyası arasında 1992-ci il 22 dekabr tarixində
bağlanmış “Hüquqi yardım, mülki, ailə və cinayət işləri üzrə hüquqi münasibətlər
haqqında” Müqavilədə Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə müvafiq
qaydada Azərbaycan Respublikasının və Rusiya Federasiyasının ərazilərində törədilmiş
cinayətlərin məcmusu üzrə qəti cəzaya xarici dövlətin məhkəməsinin
hökmünə əsasən çəkilmiş cəzanın hesablanması imkanı müəyyən edilməmişdir.
Eyni ilə belə
imkanın olması cinayət və cinayət-prosessual qanunvericiliyində də öz əksini
tapmamışdır.
Cinayət-Prosessual Məcəllədə
xarici dövlətlərin məhkəmələrinin hökmlərinin və yekun qərarlarının
tanınmasının yalnız bir prosedur qaydası müəyyən edilmişdir.
Artıq qeyd olunduğu
kimi, Cinayət-Prosessual Məcəllənin 522.1-ci maddəsinə uyğun olaraq xarici dövlətlərin
məhkəmələrinin hökmlərinin və ya digər yekun qərarlarının tanınması xarici dövlətlərin
müvafiq səlahiyyətli orqanının sorğusu əsasında, yaxud Azərbaycan
Respublikasında həyata keçirilən cinayət təqibi ilə əlaqədar zərurət yarandıqda
bu Məcəllənin 522-525-ci maddələri ilə müəyyən edilmiş qaydada həyata
keçirilir.
Həmin Məcəllənin
522.2-ci maddəsinə görə, xarici dövlətlərin məhkəmələrinin hökmlərinin və
ya digər yekun qərarlarının tanınması üçün xarici dövlətin müvafiq səlahiyyətli
orqanı Baş Prokurorluğa və ya Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq
müqavilələrdə nəzərdə tutulmuş hallarda müvafiq icra hakimiyyəti orqanına sorğu
ilə rəsmi müraciət edir. Xarici dövlətlərin məhkəmələrinin hökmlərinin və ya
digər yekun qərarlarının tanınması ilə bağlı sorğunun daxil olduğu müvafiq icra
hakimiyyəti orqanı və ya digər dövlət orqanları daxil olmuş belə sorğunu xarici
dövlətlərin məhkəmələrinin hökmlərinin və ya digər yekun qərarlarının bu Məcəllənin
522-525-ci maddələri ilə müəyyən edilmiş qaydada tanınması üzrə icraatın təmin
edilməsi üçün Baş Prokurorluğa göndərir.
Baş Prokurorluq Azərbaycan
Respublikasında həyata keçirilən cinayət təqibi ilə əlaqədar zərurət yarandıqda
xarici dövlətlərin məhkəmələrinin hökmlərinin və ya digər yekun qərarlarının
tanınması barədə Cinayət-Prosessual Məcəllənin 522.6-cı maddəsində nəzərdə
tutulmuş qaydada təqdimat verir (Cinayət-Prosessual Məcəllənin 522.3-1-ci maddəsi).
Beləliklə,
qanunverici Baş Prokurorluq tərəfindən cinayət təqibi ilə əlaqədar xarici dövlətlərin
məhkəmələrinin hökmlərinin və ya digər yekun qərarlarının baxılmasına dair təqdimatın
verilməsini buna zərurətin olması ilə şərtləndirmişdir.
Qeyd olunmalıdır ki,
xarici dövlətin məhkəməsinin hökmünün və ya digər yekun qərarlarının tanınması
üçün zəruri olan halların siyahısı qanunvericiliklə dəqiq müəyyənləşdirilməmiş
və qiymətləndirici kateqoriya kimi Baş Prokurorluğun mülahizə və səlahiyyətinə
buraxılmış olsa da, Baş Prokurorluğun bununla bağlı mülahizə sərbəstliyi hədsiz
hesab edilə bilməz.
Bu baxımdan, təqsirləndirilən
şəxs barəsində xarici dövlətlərin məhkəmələrinin hökmlərinin və ya digər yekun
qərarlarının tanınmasına zərurətin mövcud olub-olmaması cinayət-prosessual
qanunvericiliyin məqsəd, vəzifə və prinsipləri, Azərbaycan Respublikasının tərəfdar
çıxdığı beynəlxalq müqavilələrin şərtləri nəzərə alınmaqla qiymətləndirilməli,
həmin hökm və ya qərarların tanınmasına zərurət olmadığı qənaətinə gəldikdə
isə bu əsaslandırılmalıdır.
Həmçinin qeyd etmək
lazımdır ki, Cinayət-Prosessual Məcəllənin 522.4-cü maddəsinin tələblərinə
görə Baş Prokurorluq tərəfindən təqdimat aşağıdakı hallardan hər hansı biri
mövcud olanda verilir:
- barəsində
hökm və ya digər yekun qərar çıxarılmış şəxs son 12 ayın əksər hissəsini Azərbaycan
Respublikasında yaşamışdırsa (Cinayət-Prosessual Məcəllənin 522.4.1-ci maddəsi);
- barəsində
xarici dövlətlərin məhkəmələrinin hökmünün və ya digər yekun qərarının
çıxarıldığı şəxsin mənşə ölkəsi Azərbaycan Respublikasıdır və Azərbaycan
Respublikası qeyd edilən hökmün və ya qərarın icrası niyyətindədirsə (Cinayət-Prosessual
Məcəllənin 522.4.2-ci maddəsi);
- xarici dövlətlərin
məhkəmələrinin hökmlərinin və ya digər yekun qərarlarının Azərbaycan
Respublikasında icrası məhkum edilmiş şəxsin sosial reabilitasiya imkanlarını
gücləndirirsə (Cinayət-Prosessual Məcəllənin 522.4.3-cü maddəsi);
- barəsində
xarici dövlətlərin məhkəmələrinin azadlıqdan məhrum etmə ilə bağlı hökm və ya
digər yekun qərarının çıxarıldığı şəxs Azərbaycan Respublikasında azadlıqdan məhrum
etmə ilə bağlı cəza çəkirsə (Cinayət-Prosessual Məcəllənin 522.4.4-cü maddəsi);
- xarici dövlətlərin
məhkəmələri tərəfindən müsadirə edilməsi barədə hökm və ya digər yekun qərar
çıxarılmış əmlak Azərbaycan Respublikasında yerləşirsə (Cinayət-Prosessual Məcəllənin
522.4.5-ci maddəsi).
Müraciətə səbəb
olmuş cinayət işi ilə bağlı diqqətə alınması mümkün olan Cinayət-Prosessual Məcəllənin
522.4.3 və 522.4.4-cü maddələrinə əsasən, xarici dövlətlərin məhkəmələrinin
hökmlərinin tanınmasına dair təqdimat barəsində xarici dövlətlərin məhkəmələrinin
azadlıqdan məhrum etmə ilə bağlı hökm və ya digər yekun qərarının çıxarıldığı şəxsin
Azərbaycan Respublikasında azadlıqdan məhrum etmə ilə bağlı cəza çəkdiyi, habelə
xarici dövlətlərin məhkəmə hökmləri və ya digər yekun qərarlarının Azərbaycan
Respublikasında icrasının məhkum edilmiş şəxsin sosial reabilitasiya
imkanlarını gücləndirməsi hallarında verilir.
Baş Prokurorluq
Cinayət-Prosessual Məcəllənin 522.4-cü maddəsində nəzərdə tutulmuş hallardan ən
azı biri mövcud olmadıqda rəsmi müraciəti baxılmamış saxlayır (Cinayət-Prosessual
Məcəllənin 522.5-ci maddəsi).
Beləliklə, Cinayət-Prosessual
Məcəllənin 522-ci maddəsində göstəriləndən kənar qaydada məhkəmə tərəfindən
xarici dövlətin məhkəməsinin artıq icra olunmuş hökmünün tanınması, buna görə də
təqsirləndirilən şəxsə cinayətlərin məcmusu üzrə cəzanın təyin edilməsi cinayət-prosessual
qanunvericilikdə nəzərdə tutulmamışdır.
Cinayətlərin məcmusu
üzrə cəzanın təyin edilməsinə dair Cinayət Məcəlləsinin 66-cı maddəsində müəyyən
edilmiş qaydalara müvafiq olaraq qəti cəza təyin edilərkən xarici dövlətin məhkəməsinin
tam icra olunmuş hökmünün tanınması və nəzərə alınması isə yalnız bunun Azərbaycan
Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilədən və ya Azərbaycan
Respublikasının qanunvericiliyindən irəli gəldiyi halda mümkündür.
Belə beynəlxalq
müqavilə olmadıqda xarici dövlətlərin məhkəmələrinin hökmləri və ya digər yekun
qərarları qarşılıqlılıq prinsipinə riayət ediləcəyinə dair həmin dövlətin
müvafiq səlahiyyətli orqanı tərəfindən təminat verildiyi halda tanına bilər
(Cinayət-Prosessual Məcəllənin 522.1-1-ci maddəsi).
Nəzərə alınmalıdır
ki, Konstitusiyanın 125-ci maddəsinin V hissəsinə əsasən, məhkəmə quruluşu və məhkəmə
icraatı qaydası qanunla müəyyən olunur.
Hər kəsin hüquq və
azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir (Konstitusiyanın 60-cı maddəsinin I hissəsi).
Cinayət-Prosessual Məcəllənin
10.1-ci maddəsinə görə, məhkəmələr və cinayət prosesinin iştirakçıları
Konstitusiyanın, bu Məcəllənin, Azərbaycan Respublikasının digər qanunlarının,
habelə Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrin
müddəalarına ciddi əməl etməlidirlər.
Məhkəmə fəaliyyətində
qanunçuluq prinsipi bütün məhkəmə aktlarının və aparılmış prosessual hərəkətlərin
qanunun tələblərinə tamamilə uyğun həyata keçirilməsini nəzərdə tutur. Məhkəmələr
maddi hüquq normalarını düzgün tətbiq etməyə və prosessual hərəkətləri qanunun
qaydalarına uyğun həyata keçirməyə borcludurlar (L.Binnətovanın şikayəti üzrə
Konstitusiya Məhkəməsi Plenumunun 2008-ci 8 may tarixli Qərarı).
Konstitusiya Məhkəməsinin
Plenumu onu da qeyd etməyi vacib hesab edir ki, Cinayət-Prosessual Məcəllənin
522-ci maddəsinə əsasən cinayət təqibi ilə əlaqədar zərurət yarandıqda xarici
dövlətlərin məhkəmələrinin hökmlərinin və ya digər yekun qərarlarının tanınması
barədə təqdimata dair məsələlər qanunvericilikdə dəqiqliklə tənzimlənməmişdir.
Odur ki,
hüquqi müəyyənlik prinsipinin tələblərindən irəli gələrək cinayət təqibi ilə əlaqədar
zərurət yaranması halında xarici dövlətlərin məhkəmələrinin hökmlərinin və ya
digər yekun qərarlarının tanınması məqsədilə apellyasiya instansiyası məhkəməsinə
müvafiq təqdimatın verilməsi qaydalarına münasibətdə cinayət-prosessual
qanunvericiliyin təkmilləşdirilməsi məqsədəmüvafiqdir.
Göstərilənlərə əsasən
Konstitusiya Məhkəməsinin Plenumu aşağıdakı nəticəyə gəlir:
- Konstitusiyasının 125-ci maddəsinin V hissəsinin
və 60-cı maddəsinin I hissəsinin tələblərinə uyğun olaraq məhkəmə tərəfindən
Cinayət-Prosessual Məcəllənin 522-ci maddəsindən kənar qaydada xarici dövlətin
məhkəməsinin hökmünün tanınması və təqsirləndirilən şəxsə cinayətlərin məcmusu
üzrə cəza təyin edilərkən xarici dövlətin məhkəməsinin hökmü ilə çəkdiyi cəzanın
ona təyin ediləcək cəza müddətinə hesablanması yolverilməzdir.
Azərbaycan
Respublikası Konstitusiyasının 130-cu maddəsinin VI hissəsini, “Konstitusiya Məhkəməsi
haqqında” Azərbaycan Respublikası Qanununun 60, 62, 63, 65–67 və 69-cu maddələrini
rəhbər tutaraq, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu
QƏRARA ALDI:
1. Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin
V hissəsinin və 60-cı maddəsinin I hissəsinin tələblərinə uyğun olaraq məhkəmə
tərəfindən Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 522-ci maddəsindən
kənar qaydada xarici dövlətin məhkəməsinin hökmünün tanınması və təqsirləndirilən
şəxsə cinayətlərin məcmusu üzrə cəza təyin edilərkən xarici dövlətin məhkəməsinin
hökmü ilə çəkdiyi cəzanı ona təyin ediləcək cəza müddətinə hesablanması
yolverilməzdir.
2. Qərar dərc
edildiyi gündən qüvvəyə minir.
3. Qərar Azərbaycan
Respublikasının rəsmi dövlət qəzetlərində və “Azərbaycan Respublikası
Konstitusiya Məhkəməsinin Məlumatı”nda dərc edilsin, habelə Azərbaycan
Respublikası Konstitusiya Məhkəməsinin rəsmi internet saytında yerləşdirilsin.
4. Qərar qətidir,
heç bir orqan və ya şəxs tərəfindən ləğv edilə, dəyişdirilə və ya rəsmi təfsir
edilə bilməz.
Sədr Fərhad
Abdullayev