Qərarlar

07.04.25. AR Konstitusiyasının 13-cü mad. I his. və 29-cu mad. nəzərdə tutulmuş mülkiyyət toxunulmazlığı hüququ baxımından AR CM-in 99-1.1.1, 99-2 və 99-3.2-ci mad. bəzi müddəalarının şərh edilməsinə dair

 

AZƏRBAYCAN RESPUBLİKASI ADINDAN

 

Azərbaycan Respublikası

Konstitusiya Məhkəməsi Plenumunun

 

Q Ə R A R I 

 

 

Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin I hissəsində və 29-cu maddəsində nəzərdə tutulmuş mülkiyyət toxunulmazlığı hüququ baxımından Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1.1, 99-2 və 99-3.2-ci maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair

 

 

7 aprel 2025-ci il                                                                                    Bakı şəhəri

 

Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu Fərhad Abdullayev (sədr), Sona Salmanova, Humay Əfəndiyeva, Rövşən İsmayılov, Ceyhun Qaracayev, Rafael Qvaladze (məruzəçi-hakim), Fikrət Məmmədov, İsa Nəcəfov və Kamran Şəfiyevdən ibarət tərkibdə,

məhkəmə katibi Fəraid Əliyevin iştirakı ilə,

Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin IV hissəsinə, “Konstitusiya Məhkəməsi haqqında” Azərbaycan Respublikası Qanununun 27.2 və 32-ci maddələrinə və Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Daxili Nizamnaməsinin 39-cu maddəsinə müvafiq olaraq, xüsusi konstitusiya icraatının yazılı prosedur qaydasında keçirilən məhkəmə iclasında Azərbaycan Respublikası Prokurorluğunun sorğusu əsasında Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin I hissəsində və 29-cu maddəsində nəzərdə tutulmuş mülkiyyət toxunulmazlığı hüququ baxımından Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1.1, 99-2 və 99-3.2-ci maddələrinin şərh edilməsinə dair konstitusiya işinə baxdı.

İş üzrə hakim R.Qvaladzenin məruzəsini, maraqlı subyektlər Azərbaycan Respublikası Prokurorluğunun sorğusunu və Azərbaycan Respublikası Milli Məclisi Aparatının mülahizəsini, Azərbaycan Respublikasının Ali Məhkəməsi, Bakı Apellyasiya Məhkəməsi, Hüquqi Ekspertiza və Qanunvericilik Təşəbbüsləri Mərkəzi tərəfindən təqdim edilmiş mütəxəssis mülahizələrini və iş materiallarını araşdırıb müzakirə edərək, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu

 

MÜƏYYƏN  ETDİ:

 

 Azərbaycan Respublikasının Prokurorluğu (bundan sonra – Prokurorluq) Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinə (bundan sonra –  Konstitusiya Məhkəməsi) sorğu ilə müraciət edərək Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra – Cinayət Məcəlləsi) 99-1.1.1-ci maddəsinin “cinayət törədilərkən istifadə etdiyi” müddəasının həmin Məcəllənin 27, 28 və 29-cu maddələri ilə, Cinayət Məcəlləsinin 99-2-ci maddəsinin “cinayət törətmiş şəxsə məxsus olan digər əmlak” müddəasının, habelə  Cinayət Məcəlləsinin 99-3.2-ci maddəsinin ikinci cümləsinin “cinayət törətmiş şəxsin müsadirə edilmiş əmlakdan başqa əmlakı” müddəasının Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsinin (bundan sonra – Cəzaların İcrası Məcəlləsi) 187-ci maddəsi ilə əlaqəli şəkildə şərh edilməsini xahiş etmişdir.

Sorğuda göstərilmişdir ki, Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində şəxsin cinayət törədərkən istifadə etdiyi alət və vasitələr (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) xüsusi müsadirə ilə bağlı dövlət nəfinə alınmalı olan əmlaklar siyahısına daxil edilmişdir.

Sorğuda o da qeyd olunmuşdur ki, ağır və xüsusilə ağır cinayətlərin törədilməsi üçün alət və vasitələrin əldə edilməsi, hazırlanması Cinayət Məcəlləsinin 28.2-ci maddəsinə əsasən cinayət məsuliyyəti yaradır. Buna baxmayaraq, Cinayət Məcəlləsinin 99-1.1.1-ci maddəsində məhz “cinayət törədilərkən istifadə etdiyi” müddəasının hərfi təfsiri belə nəticəyə gəlməyə əsas verir ki, hələ törədilməmiş, yəni hazırlıq mərhələsində olan cinayətlə əlaqədar alət və vasitələrin müsadirə edilməsi mümkünsüzdür. Sorğuverənin qənaətinə görə, belə təfsir cinayət qanunvericiliyinin  xüsusi müsadirə ilə bağlı müddəalarının hüquqi təbiəti ilə uzlaşmır.

Göstərilənlər Cinayət Məcəlləsinin 99-1.1.1-ci maddəsindəki “cinayət törədilərkən istifadə etdiyi” müddəasının həmin Məcəllənin 27-ci (Başa çatmış və başa çatmayan cinayət), 28-ci (Cinayətə hazırlıq) və 29-cu (Cinayət etməyə cəhd) maddələri ilə əlaqəli şəkildə şərh edilməsini zəruri edir.

Prokurorluq, həmçinin Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 183.2-ci maddəsinin Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 142.1, 383.1, 408.3-cü maddələri və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.4-cü maddəsi ilə əlaqəli şəkildə şərh edilməsinə dair” 2022-ci il 24 fevral tarixli Qərarındakı (bundan sonra – Konstitusiya Məhkəməsi Plenumunun 2022-ci il 24 fevral tarixli Qərarı) cinayət əməlinin törədilməsindən əvvəl əldə edilmiş və ya bu əməl nəticəsində əldə edilməmiş əmlaka münasibətdə xüsusi müsadirənin tətbiq edilə bilinmədiyinə dair hüquqi mövqeyinə istinadən qeyd etmişdir ki, bu halda Cinayət Məcəlləsinin 99-2-ci maddəsində “cinayət törətmiş şəxsə məxsus olan digər əmlak” dedikdə hansı əmlakın nəzərdə tutulduğu aydın deyil.

Həmin maddəyə əsasən, Cinayət Məcəllənin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli olan əmlak istifadə edildiyi, özgəninkiləşdirildiyi və ya başqa səbəblərdən dövlət nəfinə alına bilinmədiyi halda həmin əmlakın dəyəri məbləğində cinayət törətmiş şəxsə məxsus olan digər əmlak məhkəmənin yekun qərarı ilə xüsusi müsadirə edilir.

Göstərilənlərlə yanaşı, Cinayət Məcəlləsinin 99-3.2-ci maddəsinin ikinci cümləsindəki “cinayət törətmiş şəxsin müsadirə edilmiş əmlakdan başqa əmlakı” anlayışının  Cəzaların İcrası Məcəlləsinin  187-ci maddəsi ilə əlaqəli şəkildə şərh edilməsi xahiş olunur.

Belə ki, Cəzaların İcrası Məcəlləsinin 187-ci maddəsi məhkəmənin yekun qərarının icrasından sonra Cinayət Məcəlləsinin 99-1.1.199-1.1.4-cü maddələrində nəzərdə tutulan əmlakın aşkar edilib xüsusi müsadirə edilməsi ilə bağlı münasibətləri tənzimləyir.

Bununla bağlı Cinayət Məcəlləsinin 99-3.2-ci maddəsinin ikinci cümləsində qeyd edilən “cinayət törətmiş şəxsin müsadirə edilmiş əmlakdan başqa əmlakı” anlayışının Cəzaların İcrası Məcəlləsinin 187-ci maddəsində qeyd edilən əmlak olub-olmaması aydın olmamaqla, Cinayət Məcəlləsinin 99-3.2-ci maddəsinin məhkəmənin xüsusi müsadirə ilə bağlı yekun qərarının çıxarılması və ya həmin qərarın icrası ilə əlaqədar mərhələdə münasibətləri tənzimləyib-tənzimləmədiyi sual doğurur.

Göstərilənlərə əsasən Prokurorluq hesab edir ki, hüquq tətbiqetmə təcrübəsində qeyri-müəyyənliyin aradan qaldırılması, vahid istintaq və məhkəmə təcrübəsinin formalaşdırılması, qanunvericilik normalarının eyni qaydada tətbiqinin və hüquqi müəyyənlik prinsipinin təmin edilməsi məqsədilə sadalanan normaların şərh olunmasına zərurət yaranmışdır.

Konstitusiya Məhkəməsinin Plenumu sorğu ilə əlaqədar, ilk növbədə, qeyd etməyi vacib hesab edir ki, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur (Konstitusiyanın 13-cü maddəsinin I hissəsi və 29-cu maddəsinin II hissəsi).

Konstitusiya hüquq və azadlıqlarla yanaşı, onlardan irəli gələn vəzifələri də müəyyən edir və hüquqların həyata keçirilməsinə qanuni və əsaslı müdaxilələri istisna etmir.

Belə ki, mülkiyyət hüququna müdaxilə qanuni hədlər daxilində olmaqla ciddi ictimai zərurətdən irəli gəlməli və Konstitusiya prinsiplərindən kənara çıxmamalıdır (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Prezidentinin 1993-cü il 5 yanvar tarixli, 392 saylı Fərmanının və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1993-cü il 4 iyun tarixli, 267 saylı qərarının Azərbaycan Respublikasının Konstitusiyasına uyğunluğunun yoxlanılmasına dair” 2004-cü il 25 oktyabr tarixli, “Sosial sığorta haqqında” Azərbaycan Respublikası Qanununun 21-ci maddəsinin birinci hissəsinin yeddinci abzasının şərh edilməsinə dair” 2010-cu il 29 oktyabr tarixli Qərarları və s.).

Cinayət Məcəlləsinin 99-1-ci maddəsində xüsusi müsadirə cinayət-hüquqi tədbir qismində əmlakın məhkəmənin yekun qərarı ilə məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması kimi müəyyən edilmişdir.

Həmin maddəyə uyğun olaraq, qanunla nəzərdə tutulmuş hallar istisna olmaqla, şəxsin cinayət törədilərkən istifadə etdiyi alət və vasitələr, cinayət yolu ilə əldə etdiyi əmlak, habelə həmin əmlak hesabına əldə edilmiş gəlirlər, cinayət yolu ilə əldə edilmiş əmlakın mülki-hüquqi əqdlərin bağlanması və ya digər üsullarla tam və ya qismən çevrildiyi digər əmlak və ya onun müvafiq hissəsi, terrorçuluğun, qanunvericiliklə nəzərdə tutulmayan silahlı birləşmələrin və ya qrupların, mütəşəkkil dəstələrin və ya cinayətkar birliklərin (cinayətkar təşkilatların) maliyyələşdirilməsi üçün nəzərdə tutulan və ya istifadə olunan əmlak məhkəmənin yekun qərarı ilə məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınır.

Qeyd edilməlidir ki, xüsusi müsadirə institutunun mahiyyətinə Konstitusiya Məhkəməsi Plenumunun 2022-ci il 24 fevral tarixli Qərarında aydınlıq gətirilmişdir.

Həmin Qərarda ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorun və ya məhkəmənin qəbul etdiyi qərarın qanuni və əsaslandırılmış olmasını zəruri edən qanunçuluq prinsipinin tələbləri nəzərə alınaraq belə nəticəyə gəlinmişdir ki, Cinayət-Prosessual Məcəlləsinin 139-cu maddəsinin mənasına görə, cinayət işi üzrə icraat zamanı təqsirləndirilən şəxsə məxsus və müsadirə olunan əmlakın cinayətin törədilməsi nəticəsində əldə olunmasını və ya bu əmlakdan əldə olunmuş gəlir olmasını, yaxud cinayətin törədilməsi üçün istifadə olunan və ya istifadəsi nəzərdə tutulan silah, alət və ya sair vasitələr olmasını, habelə təqsirləndirilən şəxsə məxsus olmasa da, onun törətmiş olduğu cinayət nəticəsində əldə olunmuş əmlak olmasını təsdiq edən hallar sübuta yetirilməlidir.

 Beləliklə, cinayət törədən şəxsin əmlakının əsaslandırılmadan xüsusi müsadirəsi  mülkiyyət hüququna əsassız müdaxilə olmaqla ədalətlilik, hüquq və azadlıqların məhdudlaşdırılmasının mütənasibliyi və qanuniliyi  barədə konstitusiya prinsiplərinə, mülkiyyətin qanunla qorunmasına, məhkəmə müdafiəsi təminatına cavab verməməklə Konstitusiyanın 13-cü maddəsinin I hissəsinin, 29-cu maddəsinin II hissəsinin və 60-cı maddəsinin I hissəsinin tələblərinə ziddir.  

  Konstitusiya Məhkəməsinin Plenumu Cinayət Məcəlləsinin 99-1.1.1-ci maddəsindəki  “cinayət törədilərkən istifadə etdiyi” müddəasının cinayətə hazırlıq növündə başa çatmamış cinayətə münasibətdə alət və vasitələri də ehtiva etməsi məsələsinə aydınlıq gətirilməsi üçün “cinayət törədilərkən istifadə edilən alət və vasitələr” ifadəsinin açıqlanmasını zəruri hesab edir.

“Cinayət fəaliyyətindən əldə edilən gəlirlərin leqallaşdırılmasına, axtarışına, həbsinə, müsadirəsinə və terrorçuluğun maliyyələşdirilməsinə dair” Avropa Şurasının 2005-ci il 16 may tarixli Varşava Konvensiyasının (bundan sonra – Varşava Konvensiyası) 1-ci maddəsinin c)  bəndində “cinayətin alət və vasitələri” istənilən üsulla, tam və ya qismən cinayət əməlini və ya cinayət əməllərini törətmək məqsədilə istifadə edilmiş və istifadə edilməsi nəzərdə tutulan hər hansı bir əmlak kimi müəyyən edilmişdir.

Cinayət hüququ nəzəriyyəsində cinayət əməli törədilərkən alət kimi istifadə edilən əşyalar dedikdə, cinayətin törədilməsi prosesində birbaşa istifadə olunan və ya istifadə edilmək üçün nəzərdə tutulan, insanın fiziki təsir imkanlarını artıran əşyalar başa düşülür.

Həmin əşyalara silah, nəqliyyat vasitələri, avadanlıqlar, milli və xarici valyuta, elektron valyuta, sənədli qiymətli kağızlar və s. aiddir.

Vasitələr isə cinayətin törədilməsini asanlaşdıran, onun həyata keçirilməsini yüngülləşdirən əşya kimi nəzərdən keçirilir. Onların sırasına radioaktiv, bakterioloji, kimyəvi maddələr və tullantılar, saxta sənədlər, informasiya və kommunikasiya texnologiyaları və s. daxildir. Vasitələr bəzi hallarda əməlin obyektiv tərəfinin zəruri əlaməti kimi çıxış edir. Məsələn, Cinayət Məcəlləsinin 177.2.3-1-ci maddəsi ilə nəzərdə tutulan oğurluq əməlinin obyektiv tərəfi yalnız elektron məlumat daşıyıcılarından, yaxud informasiya texnologiyalarından istifadə edilməklə törədilə bilər.

O da nəzərə alınmalıdır ki, cinayət törədilərkən istifadə edilən alət və vasitələr cinayətin törədilmə üsulundan fərqli anlayışlardır. Belə ki, üsul təqsirli şəxsin müəyyən bir ardıcıllıqla yerinə yetirdiyi hərəkətlərdən ibarət olmaqla işin konkret hallarından asılı olaraq cinayətin alət və vasitələrinə bağlı ola bilər. Cinayətin obyektiv tərəfinin əlaməti kimi istər alət, istərsə də vasitələr cinayətin törədilmə üsulundan asılı olduğu halda, üsul bəzi hallarda müstəqil xarakter daşıyır.

Qeyd edildiyi kimi, Cinayət Məcəlləsinin 99-1.1.1-ci maddəsində şəxsin cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) məhkəmənin yekun qərarı ilə məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması müəyyən edilmişdir.

 Cinayət Qanununda xüsusi müsadirənin məqsədləri birbaşa göstərilməsə də, qeyd olunmalıdır ki, xüsusi müsadirə yeni cinayətlərin törədilməsinin, o cümlədən alət və vasitələrin başqa cinayətlərin törədilməsində təkrar istifadəsinin qarşısının alınması, fərdlərin cinayətkar qəsdlərdən qorunması, cinayətin predmeti olan əşyaları dövlət nəfinə keçirməklə onların məhv edilərək tamamilə dövriyyədən çıxarılması kimi məqsədlərlə tətbiq edilən hüquqi institutdur.

Bu zaman istər başa çatmış, istərsə də cinayətə hazırlıq və ya cinayət etməyə cəhd kimi başa çatmayan cinayətlər törədilərkən istifadə edilən alət və vasitələrin başqa cinayətlərin törədilməsində təkrar istifadəsinin qarşısının alınmasının vacibliyi xüsusilə qeyd olunmalıdır.

Təsadüfi deyildir ki, Birləşmiş Millətlər Təşkilatının “Transmilli mütəşəkkil cinayətkarlığa qarşı” Konvensiyasının 12-ci maddəsinin “b” bəndinə əsasən iştirakçı dövlətlər öz daxili hüquq sistemi çərçivəsində Konvensiya ilə əhatə olunan cinayətlərin törədilməsində istifadə olunan və ya onun törədilməsi üçün nəzərdə tutulan əmlakın, avadanlıqların və ya digər vasitələrin müsadirə edilməsini təmin etmək üçün lazımi tədbirlər görürlər.

Əks hal, yeni ictimai təhlükəli əməllərin baş verməsinə şərait yaratmaqla, dövlətin və cəmiyyətin maraqlarının müdafiəsinə və nəticədə beynəlxalq sənədlərdə, həmçinin Cinayət Məcəlləsinin 2.1-ci maddəsi ilə müəyyən edilən cinayətlərin qarşısını almaqla bağlı Cinayət Məcəlləsinin vəzifəsinə və Cinayət-Prosessual Məcəlləsinin 8-ci maddəsi ilə müəyyən edilən şəxsiyyəti, cəmiyyəti və dövləti cinayətkar qəsdlərdən qorumaqla bağlı cinayət mühakimə icraatının vəzifəsinə maneə yarada bilər.

Göstərilənlərə əsasən Konstitusiya Məhkəməsinin Plenumu cinayətə hazırlığın predmeti olan alət və vasitələrin xüsusi müsadirə edilməsinin mümkünlüyünü 2022-ci il 24 fevral tarixli Qərarında istisna etməyərək hesab etmişdir ki, xüsusi müsadirə məsələsi həll edilərkən müvafiq alət və vasitələrin cinayətin törədilməsi üçün istifadə olunan və ya istifadəsi nəzərdə tutulan silah, alət və ya sair vasitələrin olması sübuta yetirilməlidir.

Beləliklə, Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsindəki “cinayət törədilərkən istifadə etdiyi” anlayışı həmin Məcəllənin 27-ci maddəsində nəzərdə tutulmuş "başa çatmış" və "başa çatmayan" cinayətlərlə yanaşı, "cinayətə hazırlıq" (Cinayət Məcəlləsinin 28-ci maddəsi) və "cinayət etməyə cəhd" (Cinayət Məcəlləsinin 29-cu maddəsi) mərhələlərində törədilmiş əməlləri də ehtiva edir.

Göstərilənlərlə yanaşı qeyd edilməlidir ki, “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun (bundan sonra Ali Məhkəmənin Plenumu)  24 dekabr 2021-ci il tarixli Qərarının 79-cü bəndində də xüsusi müsadirənin tətbiq edilməsini nəzərdə tutan ittiham hökmünün, eləcə də bəraətverici əsaslar olmadan cinayət işi üzrə icraata xitam verilməsi haqqında qərarın təsviri-əsaslandırıcı hissəsində xüsusi müsadirənin zəruriliyi, o cümlədən əmlakın cinayətin törədilməsi zamanı alət və vasitə kimi istifadə olunmasının (başa çatmayan cinayətlər üzrə isə bu qisimdə istifadə olunmaq üçün nəzərdə tutulması) sübutlar gətirilməklə əsaslandırılması müəyyən edilmişdir.

Bununla da, Ali Məhkəmənin Plenumu hər hansı fərqləndirmə aparmadan başa çatmayan cinayətlərin törədilməsində istifadə olunan alət və vasitələrin xüsusi müsadirə edilməsinin mümkünlüyünü qeyd etmişdir.

Beləliklə, əşyanın cinayətin alət və vasitəsi kimi qiymətləndirilməsi onun bilavasitə cinayətin icrası mərhələsində birbaşa (təyinatı üzrə) istifadəsi ilə deyil, həmçinin cinayət törətmək üçün nəzərdə tutulması ilə şərtləndirilir.

Oxşar mövqe “Cinayət mühakimə icraatında əmlak müsadirəsinin tətbiqi ilə bağlı bəzi məsələlərə dair” Rusiya Federasiyası Ali Məhkəməsi Plenumunun 2018-ci il 14 iyun tarixli 17 nömrəli Qərarında dəyişiklik edilməsi barədə” Rusiya Federasiyası Ali Məhkəməsi Plenumunun 2023-cü il 12 dekabr tarixli Qərarında ifadə edilmişdir.

Göstərilənləri nəzərə alaraq Konstitusiya Məhkəməsinin Plenumu hesab edir ki, Cinayət Məcəlləsinin 99-1.1.1-ci maddəsinin “cinayət törədilərkən istifadə etdiyi” müddəası başa çatmış və ya cəhd növündə başa çatmayan cinayətlərin törədilməsində istifadə olunan alət və vasitələrlə yanaşı, cinayətə hazırlığın predmeti olan alət və vasitələri də əhatə edir (və ya cinayətə hazırlıq mərhələsində cinayətin alət və vasitəsi kimi çıxış edən predmetləri də əhatə edir).

Cinayət Məcəlləsinin 99-2-ci maddəsində nəzərdə tutulmuş cinayət törətmiş şəxsə məxsus olan digər əmlak anlayışına aydınlıq gətirilməsi ilə bağlı qeyd edilməlidir ki, həmin maddənin hərfi mənasından göründüyü kimi, “cinayət törətmiş şəxsə məxsus olan digər əmlak” kimi cinayət törətmiş şəxsə məxsus olan və həmin Məcəllənin 99-1.1-ci maddəsində göstərilən əmlakı ehtiva etməyən istənilən əmlak çıxış edir.

Belə yanaşma həmçinin beynəlxalq sənədlərdə də əks olunmuşdur (“Korrupsiya əleyhinə” Birləşmiş Millətlər Konvensiyası (UNCAC), “Cinayət fəaliyyətindən əldə edilən gəlirlərin leqallaşdırılmasına, axtarışına, həbsinə və müsadirəsinə  dair” Avropa Şurasının 1990-cı il 8 noyabr tarixli Konvensiyası, Varşava Konvensiyası).

Konstitusiya Məhkəməsi Plenumunun 2022-ci il 24 fevral tarixli Qərarında ifadə edilmiş və yuxarıda göstərilən “müsadirə olunan əmlakın cinayətin törədilməsi nəticəsində əldə olunmasının sübuta yetirilməsinin zəruriliyi” ilə bağlı formalaşdırdığı hüquqi mövqeyə dair qeyd edilməlidir ki, həmin mövqe xüsusi müsadirənin ümumi, o cümlədən prosessual əsaslarını müəyyən etməklə Cinayət Məcəlləsinin 99-2-ci maddəsində göstərilən “cinayət törətmiş şəxsə məxsus olan digər əmlak” anlayışının tətbiqini sual altına alan və ya istisna edən mövqe kimi qiymətləndirilməməlidir.

Xüsusilə qeyd edilməlidir ki, Konstitusiya Məhkəməsi Plenumunun həmin Qərarında formalaşdırdığı hüquqi mövqe, həmçinin cinayət əməli nəticəsində əldə edilmiş ümumi birgə və ya paylı mülkiyyətdə olan əmlaka xüsusi müsadirənin tətbiqini mümkün sayaraq bu qaydanı Cinayət-Prosessual Məcəlləsinin 248.3-cü maddəsinin tələbləri ilə əlaqələndirmişdir. Həmin maddənin ikinci cümləsində isə cinayət yolu ilə əldə edilmiş əmlak və ya cinayətin predmeti istifadə edildiyi, özgəninkiləşdirildiyi və ya başqa səbəblərdən dövlət nəfinə alına bilinmədiyi halda həmin əmlakın dəyəri məbləğində təqsirləndirilən şəxsə məxsus olan  digər əmlak üzərinə həbs qoyulması müəyyən edilmişdir.

Göründüyü kimi, Cinayət-Prosessual Məcəlləsinin 248.3-cü maddəsinin müddəaları Cinayət Məcəlləsinin 99-2-ci maddəsinin məzmunu ilə uyğunluq təşkil edir.

Odur ki, Cinayət Məcəlləsinin 99-2-ci maddəsində “cinayət törətmiş şəxsə məxsus olan digər əmlak” anlayışı həmin Məcəllənin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş əmlakı ehtiva etməyən, cinayət törətmiş şəxsin törədilən cinayətlə əlaqəsi olmayan hər hansı əmlakını ehtiva edir. 

Konstitusiya Məhkəməsinin Plenumu Cinayət Məcəlləsinin 99-3.2-ci maddəsinin ikinci cümləsindəki “cinayət törətmiş şəxsin müsadirə edilmiş əmlakdan başqa əmlakı” anlayışının Cəzaların İcrası Məcəlləsinin 187-ci maddəsində nəzərdə tutulan “xüsusi müsadirə olunmalı olan digər əmlak” (yəni, 99-1.1.1–99-1.1.4-cü maddələrində göstərilən əmlak) olub-olmaması ilə bağlı aşağıdakıların qeyd edilməsini vacib hesab edir.

İlk növbədə, Cinayət Məcəlləsinin 15-1-ci fəslinin 99-1-ci maddəsində əmlakın dövlət nəfinə alınmasında ifadə olunan xüsusi müsadirə  və 99-3-cü maddəsində nəzərdə tutulan cinayət nəticəsində əmlakın qanuni sahibinə vurulmuş ziyanın ödənilməsi anlayışlarının fərqli olması nəzərə alınmalıdır.

Belə ki, xüsusi müsadirə Cinayət Məcəlləsinin  99-1.1.1– 99-1.1.4-cü maddələrində, həmçinin həmin Məcəllənin 92-2-ci maddəsində (göstərilən zəruri hallarda) sadalanan əmlakın məhkəmənin yekun qərarı ilə məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması ilə bağlı cinayət-hüquqi tədbir kimi müəyyən edilmişdir.

Cinayət-Prosessual Məcəlləsinin XIX fəslində fiziki və hüquqi şəxsin əmlakına vurulmuş ziyana görə cinayət mühakimə icraatı zamanı mülki iddia vermək hüququ isə cavabdehin məhz mülki-hüquqi məsuliyyətinin realizəsinə xidmət edir.

Qeyd edildiyi kimi, Cinayət Məcəlləsinin 99-3-cü maddəsi cinayət nəticəsində vurulmuş ziyanın müsadirə edilmiş əmlak vasitəsilə ödənilməsi hallarını tənzimləyir. Bu zaman müsadirə məsələsi həll olunarkən, ilk növbədə, cinayət nəticəsində əmlakın qanuni sahibinə vurulmuş ziyan ödənilməlidir (Cinayət Məcəlləsinin 99-3.1-ci maddəsi).

Maddənin məzmunundan göründüyü kimi, cinayət qanunu ilə nəzərdə tutulmuş müsadirənin tətbiq edilməsi üçün əsasların yarandığı hallarda əmlak imperativ şəkildə, ilk növbədə, dövlət nəfinə deyil, zərərçəkmiş şəxsə vurulmuş ziyanın ödənilməsinə yönəlməlidir.

Hətta Cinayət Məcəlləsinin 99-2-ci maddəsində sadalanan hallarda cinayət törətmiş şəxsə məxsus olan digər əmlakın müsadirəsinə əsas yaransa belə, cinayət nəticəsində əmlakın qanuni sahibinə vurulmuş ziyanın ödənilməsi üçün cinayət prosesində mülki iddia verildiyi təqdirdə, həmin əmlak xüsusi müsadirə edilməməklə cinayət törətmiş şəxsdən alınaraq əmlakın qanuni sahibinə vurulmuş ziyanın ödənilməsinə yönəldilməli, əmlakın üzərinə xüsusi müsadirənin təmini tədbiri kimi həbs qoyulduqda isə əmlakın üzərinə həbs qoyulmasının əsası xüsusi müsadirənin təmini tədbirindən mülki iddianın təmini tədbirinə dəyişdirilməlidir.

O da qeyd edilməlidir ki, Cinayət Məcəlləsinin 99-3.2-ci maddəsi əmlakın xüsusi müsadirəsini deyil, cinayət prosesində zərərin ödənilməsi məsələsini tənzimlədiyi üçün həmin maddənin ikinci cümləsinin “cinayət törətmiş şəxsin müsadirə edilmiş əmlakdan başqa əmlakı olduğu hallarda ziyanın qalan hissəsi cinayət törətmiş şəxsin həmin əmlakının hesabına ödənilir” müddəası məhz mülki iddianın təmini tədbiri olaraq cavabdehin başqa əmlakının üzərinə həbsin qoyulmasını, mülki iddia təmin edildiyi təqdirdə isə həmin əmlakın məcburi qaydada vurulmuş ziyanın ödənilməsinə yönəldilməsini ehtiva edən norma kimi qiymətləndirilməlidir. Bu halda “başqa əmlak” kimi cinayətin törədilməsindən əvvəl və yaxud törədilməsindən sonra cinayət törətmiş şəxsə məxsus hər hansı əmlak çıxış edə bilər. 

Göstərilən maddələrin təhlili, öz növbəsində, əmlakın xüsusi müsadirəsi ilə yanaşı cinayət nəticəsində əmlakın qanuni sahibinə vurulmuş ziyanın ödənilməsinə yönəldilməsi məsələlərinin hökm və ya məhkəmənin digər yekun qərarlarının icrası qaydasında icraat zamanı həll edilməsini istisna edir. Bu, həmçinin Cinayət-Prosessual  Məcəlləsinin sadalanan məsələlərin məhz məhkəmənin yekun qərarı ilə həll edilməsini nəzərdə tutan 41.1-1,  346 və 353-cü maddələrinin tələblərindən irəli gəlir.

Cəzaların İcrası Məcəlləsinin 187-ci maddəsi isə hökmün əmlakın müsadirəsinə dair hissəsinin icrası mərhələsində Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsinə əsasən barəsində xüsusi müsadirə tətbiq edilməli olan əmlak aşkar olunduqda həmin əmlakın, müstəsna olaraq, xüsusi müsadirə edilməsi hallarını nəzərdə tutur. Maddədə göstərildiyi kimi, xüsusi müsadirə cinayət-hüquqi tədbiri icra edildikdən sonra barəsində həmin tədbir tətbiq edilən şəxsin xüsusi müsadirə olunmalı olan digər əmlakı aşkar edildiyi hallarda, icra məmuru yekun qərar çıxarmış məhkəməyə və ya yekun qərarın icra edildiyi yerin məhkəməsinə həmin əmlakın müsadirə edilməsi barədə təqdimat verir.

Göründüyü kimi, Cinayət Məcəlləsinin müsadirə edilmiş əmlak hesabına əmlakın qanuni sahibinə vurulmuş ziyanın ödənilməsini nəzərdə tutan 99-3.2-ci maddəsi və Cəzaların İcrası Məcəlləsinin məhkəmənin yekun qərarının icrasından sonra aşkar edilmiş əmlakın xüsusi müsadirəsini müəyyən edən 187-ci maddəsi fərqli münasibətləri tənzimləyən normalardır. Bununla bağlı, Cinayət Məcəlləsinin 99-3.2-ci maddəsinin ikinci cümləsində nəzərdə tutulan  başqa əmlak anlayışı ziyanın ödənilməsinə yönələ biləcək istənilən əmlakı ehtiva etdiyi halda, Cəzaların İcrası Məcəlləsinin 187-ci maddəsinə əsasən “digər əmlak” dedikdə Cinayət Məcəlləsinin 99-1.1.1–99-1.1.4-cü maddələrində nəzərdə tutulan xüsusi müsadirə (dövlət nəfinə) edilə bilən əmlak başa düşülməlidir.

Qeyd edilməlidir ki, müxtəlif qanunvericilik aktları fərqli ictimai münasibətləri, yaxud ictimai münasibətlərin müxtəlif aspektlərini tənzimlədiyindən həmin normativ aktlarda anlayışlara verilən izah və təriflər, bir qayda olaraq, onların  hüquqi məqsəd və təyinatına, yerinə yetirdiyi funksiyalara uyğun müəyyən edilir. Məhz bundan irəli gəlir ki, eyni anlayış bəzən müxtəlif normativ aktlarda fərqli mənalar kəsb edə və ya əhatə dairəsinə görə bir-birindən fərqlənə bilir (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Konstitusiyasının 33-cü maddəsində nəzərdə tutulmuş mənzil toxunulmazlığı hüququ baxımından Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 157-ci maddəsində əks olunmuş “mənzil” anlayışının şərh edilməsinə dair” 2024-cü il 25 noyabr tarixli Qərarı).       

Bu səbəbdən Konstitusiya Məhkəməsinin Plenumu hesab edir ki, Cinayət Məcəlləsinin 99-3.2-ci maddəsinin ikinci cümləsində nəzərdə tutulan “başqa əmlak” anlayışı Cəzaların İcrası Məcəlləsinin 187-ci maddəsindəki “digər əmlak” anlayışı ilə əlaqəli olmamaqla, həmin normalar konstitusiya-hüquqi təyinatı, habelə bu normalar ilə tənzimlənən məsuliyyətin (mülki-hüquqi və cinayət) həyata keçirilməsi vasitələri baxımından fərqli məqsədlərə xidmət edir.

Göstərilənlərə əsasən Konstitusiya Məhkəməsinin Plenumu aşağıdakı nəticələrə gəlir:

- Cinayət Məcəlləsinin 99-1.1.1-ci maddəsində nəzərdə tutulmuş “cinayət törədilərkən istifadə etdiyi” müddəası hazırlanan cinayətdə alət və vasitələr kimi istifadə edilməsi nəzərdə tutulan əşyaları da əhatə edir;

- Cinayət Məcəlləsinin 99-2-ci maddəsinin “cinayət törətmiş şəxsə məxsus olan digər əmlak” müddəası həmin Məcəllənin 99-1.1-ci maddəsində göstərilən əmlaka aid edilməyən cinayət törətmiş şəxsə məxsus olan hər hansı əmlakı nəzərdə tutur;

- Cinayət Məcəlləsinin 99-3.2-ci maddəsinin ikinci cümləsində nəzərdə tutulmuş “cinayət törətmiş şəxsin müsadirə edilmiş əmlakdan başqa əmlakı” müddəası məhkəmənin yekun qərarı ilə cinayət nəticəsində əmlakın qanuni sahibinə vurulmuş ziyanın ödənilməsinə yönələn, həmçinin cinayətin törədilməsindən əvvəl və ya törədilməsindən sonra cinayət törətmiş şəxsə məxsus olan istənilən əmlakı ehtiva edir;

- Cinayət Məcəlləsinin 15-1-ci fəslinin, eləcə də Cinayət-Prosessual  Məcəlləsinin 41.1-1,  346 və 353-cü maddələrinin tələblərindən irəli gələrək əmlakın xüsusi müsadirəsi ilə yanaşı, cinayət nəticəsində onun qanuni sahibinə vurulmuş ziyanın ödənilməsinə yönəldilməsi məsələlələri məhkəmənin yekun qərarı ilə həll edilməlidir.

Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin IV hissəsini, “Konstitusiya Məhkəməsi haqqında” Azərbaycan Respublikası Qanununun 60, 62, 63, 65–67 və 69-cu maddələrini rəhbər tutaraq, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu

 

QƏRARA  ALDI:

 

1.  Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1.1-ci maddəsindəki “cinayət törədilərkən istifadə etdiyi” müddəası hazırlanan cinayətdə alət və vasitələr kimi istifadə edilməsi nəzərdə tutulan əşyaları da əhatə edir.

2. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-2-ci maddəsinin “cinayət törətmiş şəxsə məxsus olan digər əmlak” müddəası həmin Məcəllənin 99-1.1-ci maddəsində göstərilən əmlaka aid edilməyən cinayət törətmiş şəxsə məxsus olan hər hansı əmlakı nəzərdə tutur.

3. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-3.2-ci maddəsinin ikinci cümləsində nəzərdə tutulan “cinayət törətmiş şəxsin müsadirə edilmiş əmlakdan başqa əmlakı” müddəası məhkəmənin yekun qərarı ilə cinayət nəticəsində əmlakın qanuni sahibinə vurulmuş ziyanın ödənilməsinə yönələn, həmçinin cinayətin törədilməsindən əvvəl və ya törədilməsindən sonra cinayət törətmiş şəxsə məxsus olan istənilən əmlakı ehtiva edir.

 4. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 15-1-ci fəslinin, eləcə də Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 41.1-1, 346 və 353-cü maddələrinin tələblərindən irəli gələrək əmlakın xüsusi müsadirəsi ilə yanaşı, cinayət nəticəsində onun qanuni sahibinə vurulmuş ziyanın ödənilməsinə yönəldilməsi məsələləri məhkəmənin yekun qərarı ilə həll edilməlidir.

5. Qərar dərc edildiyi gündən qüvvəyə minir.

6. Qərar Azərbaycan Respublikasının rəsmi dövlət qəzetlərində və “Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Məlumatı”nda dərc edilsin, habelə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin rəsmi internet saytında yerləşdirilsin.

7.  Qərar qətidir, heç bir orqan və ya şəxs tərəfindən ləğv edilə, dəyişdirilə və ya rəsmi təfsir edilə bilməz.

  

  

Sədr                                                                                       Fərhad Abdullayev