AZƏRBAYCAN RESPUBLİKASI ADINDAN
Azərbaycan Respublikası
Konstitusiya Məhkəməsi Plenumunun
Q Ə R A R D A D I
7 mart 2025-ci il Bakı şəhəri
Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu Fərhad Abdullayev (sədr), Sona Salmanova (məruzəçi-hakim), Humay Əfəndiyeva, Rövşən İsmayılov, Ceyhun Qaracayev, Rafael Qvaladze, Fikrət Məmmədov, İsa Nəcəfov və Kamran Şəfiyevdən ibarət tərkibdə,
məhkəmə katibi Fəraid Əliyevin iştirakı ilə,
Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin VI hissəsinə, “Konstitusiya Məhkəməsi haqqında” Azərbaycan Respublikası Qanununun 27.2 və 33-cü maddələrinə və Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Daxili Nizamnaməsinin 39-cu maddəsinə müvafiq olaraq, xüsusi konstitusiya icraatının yazılı prosedur qaydasında keçirilən məhkəmə iclasında Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 110.1 və 485.2-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair Bakı Apellyasiya Məhkəməsinin müraciəti əsasında konstitusiya işinə baxdı.
İş üzrə hakim S.Salmanovanın məruzəsini, Bakı Apellyasiya Məhkəməsinin müraciətini, Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin, Sumqayıt Apellyasiya Məhkəməsinin mütəxəssis mülahizələrini və iş materiallarını araşdırıb müzakirə edərək, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu
MÜƏYYƏN ETDİ:
Bakı Apellyasiya Məhkəməsi Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinə müraciət edərək Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 110.1 və 485.2-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsini xahiş etmişdir.
Müraciətdə qeyd olunur ki, məhkəmənin icraatında olan inzibati xəta haqqında iş materiallarına görə Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat İdarəsinin Təhqiqat şöbəsinin təhqiqatçısı tərəfindən hüquqi ünvanı Bakı şəhəri Nizami rayonu olan hüquqi şəxs “İNTERTEXNİKA” Firmasının İnzibati Xətalar Məcəlləsinin 485.2-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün Bakı şəhəri Nizami Rayon Məhkəməsinə göndərilmiş və həmin məhkəmənin 7 oktyabr 2024-cü il tarixli qərarına əsasən hüquqi şəxs inzibati xətanı törətməkdə təqsirli bilinmişdir.
Məhkəmənin qərarından narazı qalan hüquqi şəxsin nümayəndəsi apellyasiya qaydasında şikayət vermişdir.
İşə apellyasiya qaydasında baxılarkən müəyyən olunmuşdur ki, məhkəmə təcrübəsində gömrük qaydaları əleyhinə olan inzibati xəta hərəkətsizlik formasında törədildiyi halda, ərazi üzrə məhkəmə aidiyyətinin müəyyənləşdirilməsi üçün əhəmiyyət kəsb edən “hüquqi şəxsin üzərinə düşən öhdəliyi icra etməli olduğu yer” ifadəsi ilə bağlı fərqli yanaşmalar mövcuddur.
Bir qrup hüquq tətbiqedən şəxslər hesab edirlər ki, inzibati xəta hərəkətsizlik formasında törədildikdə, hüquqi şəxsin üzərinə düşən öhdəliyi icra etməli olduğu yer onun hüquqi ünvanının olduğu yerdir.
Digər yanaşmaya görə, inzibati xəta hərəkətsizlik formasında törədildikdə, hüquqi şəxsin üzərinə düşən öhdəliyi icra etməli olduğu yer dedikdə, hərəkətin yerinə yetirilməli olduğu gömrük orqanının yerləşdiyi yer başa düşülməlidir. İnzibati Xətalar Məcəlləsinin 485.2-ci maddəsinə münasibətdə həmin yanaşma tərəfdarları qeyd edirlər ki, qısa idxal bəyannaməsi elektron qaydada verilməli olsa belə, həmin bəyannamənin təqdim edilməli olduğu gömrük orqanının yerləşdiyi yer öhdəliyin icra edilməli olduğu yerdir və inzibati xəta haqqında işə hüquqi şəxsin hüquqi ünvanının olduğu yer üzrə deyil, idxal edilmiş malların gətirildiyi və qısa idxal bəyannaməsinin təqdim edilməli olduğu gömrük orqanının yerləşdiyi yer üzrə məhkəmə tərəfindən baxılmalıdır.
Müraciətdə o da göstərilmişdir ki, Konstitusiya Məhkəməsi Plenumunun 2021-ci il 17 mart tarixli Qərarına əsasən gömrük qaydaları əleyhinə olan inzibati xəta hərəkətsizlik formasında törədildiyi halda, işə qanunvericiliklə hüquqi şəxsin üzərinə düşən öhdəliyi icra etməli olduğu yer üzrə baxılmalıdır.
Bakı Apellyasiya Məhkəməsi hesab edir ki, qüvvədə olan qanunvericiliyin vahid qaydada tətbiq edilməsinə nail olmaq, eləcə də hüquqi müəyyənlik prinsipinin tələblərinə əməl edilməsi məqsədi ilə müraciətdə qeyd edilən qanunvericilik normalarının Konstitusiya Məhkəməsi tərəfindən şərh edilməsinə zərurət yaranmışdır.
Müraciətlə bağlı Konstitusiya Məhkəməsinin Plenumu aşağıdakıları qeyd edir.
Azərbaycan Respublikası Konstitusiyasının 62-ci maddəsinə müvafiq olaraq, hər kəsin onun işinə qanunla müəyyən edilmiş məhkəmədə baxılması hüququ vardır. Şəxsin razılığı olmadan onun işinə başqa məhkəmədə baxılmasına yol verilmir.
Konstitusiyanın 62-ci maddəsində öz əksini tapmış “qanunla müəyyən edilmiş məhkəmə” müddəası işlərin aidiyyət qaydalarını, o cümlədən ərazi üzrə aidiyyət məsələlərini, qanuni məhkəmə tərkibinin mövcudluğunu və s. elementləri ehtiva edir (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 35.1, 35.3 və 39.1-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 2021-ci il 2 iyun tarixli Qərarı).
Həmçinin “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsində göstərilmişdir ki, işlərin Azərbaycan Respublikası qanunvericiliyi ilə müəyyən edilmiş məhkəmə aidiyyətinin dəyişdirilməsi və ya əsassız olaraq qanuni hakimin icraatından alınması qadağandır.
Məhkəmə aidiyyəti ilə bağlı qeyri-müəyyənlik şəxslərin məhkəmə müdafiəsi hüququnun pozulmasına səbəb olmaqla yanaşı, işə məhkəmə tərəfindən ağlabatan müddətdə baxılmasına çətinlik yarada, inzibati xətalar qanunvericiliyində nəzərdə tutulan inzibati tənbeh verilməsi ilə bağlı müddətlərin ötürülməsinə gətirib çıxara və nəticədə inzibati xətalar qanunvericiliyinin vəzifələrinin icrasına maneə yarada bilər.
Qeyd olunmalıdır ki, inzibati xətalar haqqında işlərə baxmaq səlahiyyəti olan orqanların (vəzifəli şəxslərin) dairəsi İnzibati Xətalar Məcəlləsinin 7-ci fəslində müəyyən edilmişdir. Belə orqanlar (şəxslər) tərəfindən inzibati xəta haqqında işin baxılması yeri, yəni inzibati xətalar haqqında işlərin ərazi aidiyyəti isə həmin Məcəllənin 110-cu maddəsi ilə müəyyənləşdirilmişdir.
İnzibati Xətalar Məcəlləsinin 110.1-ci maddəsinə görə, inzibati xəta haqqında işə onun törədildiyi yerdə baxılır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin vəsatətinə əsasən inzibati xəta haqqında işə onun yaşadığı yer üzrə baxıla bilər.
Nəzərə alınmalıdır ki, Azərbaycan Respublikasının Gömrük Məcəlləsi Azərbaycan Respublikasında gömrük işinin hüquqi, iqtisadi və təşkilati əsaslarını, o cümlədən Azərbaycan Respublikasının gömrük ərazisinə gətirilən, bu ərazidən aparılan, tranzitlə keçirilən mallara və nəqliyyat vasitələrinə tətbiq edilən ümumi qaydaları və prosedurları, gömrük işi sahəsində şəxslərin hüquqlarını və vəzifələrini müəyyənləşdirir.
Həmin Məcəllə ilə müəyyən olunmuş tələblərin pozulması ilə nəticələnən, həm hərəkət, həm də hərəkətsizlik formasında törədilən bir sıra əməllər inzibati xəta tərkibi kimi İnzibati Xətalar Məcəlləsinin 37-ci fəslində öz əksini tapmışdır.
Qeyd edilməlidir ki, gömrük qaydaları əleyhinə olan inzibati xətaların törədilmə yerinin müəyyən edilməsi ilə bağlı bir çox məsələlərə Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 110.1-ci maddəsinin şərh edilməsinə dair” 2021-ci il 17 mart tarixli Qərarı ilə aydınlıq gətirilmişdir. Qərarda göstərilmişdir ki, hərəkətlə törədilən gömrük qaydaları əleyhinə olan inzibati xətanın törədildiyi yer onun nəticəsinin baş verdiyi yerdən asılı olmayaraq xətanın obyektiv cəhətini təşkil edən hüquqazidd hərəkətin törədildiyi yerdir.
İnzibati xəta hərəkətsizlik formasında törədildiyi hallarda isə onun törədildiyi yer hərəkətin həyata keçirilməli olduğu yer, qanunvericiliklə şəxsin üzərinə düşən öhdəliyin, o cümlədən hüquqi şəxsin öhdəliyinin icra edilməli olduğu yer hesab olunur.
Qərarda həmçinin müəyyən olunmuşdur ki, informasiya-kommunikasiya texnologiyalarından istifadə etməklə törədilmiş gömrük qaydaları əleyhinə olan inzibati xəta haqqında işlərə inzibati xətanın aşkarlandığı yerdə baxılmalıdır.
Müraciətin edilməsinə səbəb olmuş məsələ ilə bağlı göstərilməlidir ki, İnzibati Xətalar Məcəlləsinin 485.2-ci maddəsinə əsasən Gömrük Məcəlləsi ilə müəyyən edilmiş hallarda qısa idxal bəyannaməsinin mallar gömrük ərazisinə gətirilməzdən əvvəl elektron formada verilməməsinə görə məsuliyyət nəzərdə tutulmuşdur.
Qısa idxal bəyannaməsini təqdim etmək öhdəliyini müəyyən edən Gömrük Məcəlləsinin 113-cü maddəsinin birinci və ikinci bəndlərinə uyğun olaraq, fiziki şəxslər tərəfindən gömrük sərhədindən kommersiya məqsədləri üçün nəzərdə tutulmayan malların keçirilməsi halları istisna olmaqla, mallar gömrük ərazisinə gətirilməzdən əvvəl gömrük orqanlarına elektron formada qısa idxal bəyannaməsi verilir. Qısa idxal bəyannaməsinin verilməməsi bəyannaməçinin inzibati məsuliyyətinə səbəb olur, lakin gömrük rəsmiləşdirilməsinin və malların buraxılışının həyata keçirilməsinə mane olmur. Qısa idxal bəyannaməsinin formasını beynəlxalq standartlar və ticarət təcrübəsi nəzərə alınmaqla müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. Qısa idxal bəyannaməsində risklərin təhlili, gömrük nəzarətinin düzgün aparılması üçün zəruri olan məlumatlar əks edilməlidir.
Qısa idxal bəyannaməsi məlumatların elektron emalı üsullarından istifadə olunmaqla, elektron sənəd formasında təqdim edilir (Gömrük Məcəlləsinin 114.1-ci maddəsi).
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2014-cü il 22 iyul tarixli Qərarı ilə təsdiq edilmiş “Gömrük sərhədindən keçirilən malların və nəqliyyat vasitələrinin bəyan edilməsi Qaydaları”nın 13.3 və 13.4-cü maddələrinə görə, elektron formada təqdim olunan qısa idxal bəyannaməsi malları gömrük ərazisinə gətirən və ya daşınmasına cavabdeh olan şəxslər, onların nümayəndələri, idxalatçı, malın alıcısı, yaxud malları gömrük rəsmiləşdirilməsi ilə əlaqədar gömrük orqanına təqdim edən şəxs tərəfindən bu məqsəd üçün gömrük orqanlarının müəyyən etdiyi rəsmi informasiya sistemləri vasitəsilə verilir. Məlumatların elektron emalı üsullarından istifadə edilməklə təqdim olunan qısa idxal bəyannaməsi mallar gömrük sərhədini keçənədək təqdim edilir.
Beləliklə, İnzibati Xətalar Məcəlləsinin 485.2-ci maddəsində göstərilən xəta qısa idxal bəyannaməsinin təqdim edilməməsini nəzərdə tutan və hərəkətsizlik formasında törədilən inzibati xətadır.
Yuxarıda qeyd olunduğu kimi qanunvericiliklə şəxsin üzərinə qoyulan öhdəlik, yəni qısa idxal bəyannaməsinin verilməsi ilə bağlı hərəkət məlumatların elektron emalı üsullarından istifadə edilməklə, rəsmi informasiya sistemləri vasitəsilə və elektron sənəd formasında icra edilməlidir.
Hüquqi şəxslərə münasibətdə nəzərə alınmalıdır ki, onlar qanunvericiliyə və nizamnaməyə uyğun fəaliyyət göstərən öz orqanları vasitəsilə hüquqlarını həyata keçirir və vəzifələrini icra edirlər.
“Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 14.1.2-ci maddəsindən göründüyü kimi qurumun dövlət reyestrinə daxil edilən məlumatlarına aid edilmiş hüquqi ünvanı onun daimi fəaliyyət göstərən orqanının yerləşdiyi yerdir.
Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi tərəfindən təqdim edilmiş yazılı mülahizədə də göstərilmişdir ki, inzibati xəta hərəkətsizliklə törədildiyi halda hüquqi şəxsin öhdəliyi icra etməli olduğu yer məhz onun hüquqi ünvanın olduğu yer kimi başa düşülməlidir. Gömrük orqanları qısa idxal bəyannaməsinin verilməməsi ilə əlaqədar hüquqi şəxslərlə bağlı tərtib etdiyi inzibati xəta haqqında protokollara məhkəmə aidiyyəti üzrə baxılması məsələsini həll edərkən öz inzibati təcrübəsini məhz "Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 110.1-ci maddəsinin şərh edilməsinə dair” Konstitusiya Məhkəməsi Plenumunun 2021-ci il 17 mart tarixli Qərarında göstərilən mövqe üzrə, yəni “gömrük qaydaları əleyhinə olan inzibati xəta hərəkətsizlik formasında törədildiyi halda, işə qanunvericiliklə hüquqi şəxsin üzərinə düşən öhdəliyi icra etməli olduğu yer üzrə baxılmalıdır” prinsipi üzərindən formalaşdırmışdır.
Göstərilənləri nəzərə alaraq Konstitusiya Məhkəməsinin Plenumu qeyd edir ki, İnzibati Xətalar Məcəlləsinin 485.2-ci maddəsində nəzərdə tutulan inzibati xəta hüquqi şəxslər tərəfindən törədildikdə, belə inzibati xəta haqqında işlərə ərazi aidiyyəti üzrə hüquqi şəxsin hüquqi ünvanının olduğu yerin məhkəməsində baxılmalıdır.
Qeyd olunanlara əsasən Konstitusiya Məhkəməsinin Plenumu belə nəticəyə gəlir ki, Bakı Apellyasiya Məhkəməsinin müraciətində qaldırılan məsələ ilə bağlı Konstitusiya Məhkəməsi Plenumunun hüquqi mövqelərinin mövcud olduğu, eləcə də bu Qərardadla bəzi məsələlərə aydınlıq gətirildiyi nəzərə alınaraq, hazırkı vəziyyətdə müraciət üzrə Konstitusiya Məhkəməsi Plenumunun ayrıca Qərarının qəbul edilməsinə ehtiyac duyulmur.
Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin VI hissəsini, “Konstitusiya Məhkəməsi haqqında” Azərbaycan Respublikası Qanununun 49, 60, 62, 68 və 69-cu maddələrini rəhbər tutaraq Konstitusiya Məhkəməsinin Plenumu
QƏRARA ALDI:
1. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun bu Qərardadında və “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 110.1-ci maddəsinin şərh edilməsinə dair” 2021-ci il 17 mart tarixli Qərarında göstərilən hüquqi mövqelər nəzərə alınsın.
2. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 485.2-ci maddəsində nəzərdə tutulan inzibati xəta hüquqi şəxslər tərəfindən törədildikdə, belə inzibati xəta haqqında işlərə ərazi aidiyyəti üzrə hüquqi şəxsin hüquqi ünvanının olduğu yerin məhkəməsində baxılmalıdır.
3. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun bu Qərardadının təsviri-əsaslandırıcı hissəsində göstərilən əsaslara görə Bakı Apellyasiya Məhkəməsinin müraciəti üzrə konstitusiya işinin icraatına xitam verilsin.
4. Qərardadın surəti 7 gün müddətində Bakı Apellyasiya Məhkəməsinə göndərilsin.
5. Qərardad “Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Məlumatı”nda dərc edilsin, habelə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin rəsmi internet saytında yerləşdirilsin.
Sədr Fərhad Abdullayev