Qərarlar

23.04.24 “İcra haqqında” Qanunun 50.1, 53 mad.,Mülki Məcəllənin 139-1.1.2, 139-1.1.4 mad.; “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8.0.2, 8.0.4 mad. Konstitusiyanın 60 mad. I his., 129 mad. I , II his. əlaqəli şəkildə şərh edilməsinə dair


AZƏRBAYCAN RESPUBLİKASI ADINDAN 

 

Azərbaycan Respublikası

Konstitusiya Məhkəməsi Plenumunun

 

Q Ə R A R I  

 

 

“İcra haqqında” Azərbaycan Respublikası Qanununun 50.1 və 53-cü maddələrinin, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139-1.1.2 və 139-1.1.4-cü maddələrinin və “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8.0.2 və 8.0.4-cü maddələrinin Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin I hissəsi və 129-cu maddəsinin I və II hissələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair

 

 

23 aprel 2024-cü il                                                                                                Bakı  şəhəri

 

Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu Fərhad Abdullayev (sədr), Sona Salmanova, Humay Əfəndiyeva, Rövşən İsmayılov, Ceyhun Qaracayev, Rafael Qvaladze, İsa Nəcəfov (məruzəçi-hakim) və Kamran Şəfiyevdən ibarət tərkibdə,

məhkəmə katibi Fəraid Əliyevin iştirakı ilə,

Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin VI hissəsinə, “Konstitusiya Məhkəməsi haqqında” Azərbaycan Respublikası Qanununun 27.2 və 33-cü maddələrinə və Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Daxili Nizamnaməsinin 39-cu maddəsinə müvafiq olaraq, xüsusi konstitusiya icraatının yazılı prosedur qaydasında keçirilən məhkəmə iclasında Azərbaycan Respublikası Ali Məhkəməsinin müraciəti əsasında “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 50.1 və 53-cü maddələrinin, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139-1.1.2 və 139-1.1.4-cü maddələrinin və “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8.0.2 və 8.0.4-cü maddələrinin Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin I hissəsi və 129-cu maddəsinin I və II hissələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair konstitusiya işinə baxdı.

İş üzrə hakim İ.Nəcəfovun məruzəsini, maraqlı subyektlər Azərbaycan Respublikası Ali Məhkəməsinin və Azərbaycan Respublikası Milli Məclisi Aparatının mülahizələrini, Bakı Apellyasiya Məhkəməsinin mütəxəssis mülahizəsini və iş materiallarını araşdırıb müzakirə edərək, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu

 

MÜƏYYƏN  ETDİ: 

 

Azərbaycan Respublikasının Ali Məhkəməsi (bundan sonra – Ali Məhkəmə) Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinə (bundan sonra – Konstitusiya Məhkəməsi) müraciət edərək “İcra haqqında” Azərbaycan Respublikası Qanununun (bundan sonra – “İcra haqqında” Qanun) 50.1 və 53-cü maddələrinin, Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra – Mülki Məcəllə) 139-1.1.2 və 139-1.1.4-cü maddələrinin və “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun (bundan sonra – “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanun) 8.0.2 və 8.0.4-cü maddələrinin Azərbaycan Respublikası Konstitusiyasının (bundan sonra – Konstitusiya) 60-cı maddəsinin I hissəsi və 129-cu maddəsinin I və II hissələri ilə əlaqəli şəkildə şərh edilməsini xahiş etmişdir.

Müraciətdən görünür ki, Ali Məhkəmənin Mülki Kollegiyasının icraatında T.Əfəndiyevanın İ.Ağayevə qarşı evin boşaldılması və evə köçürülmə tələbinə və s. tələblərə dair iddia ərizələri üzrə mülki iş vardır.

İşin məhkəmələr tərəfindən müəyyən edilmiş halları ondan ibarətdir ki, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 14 mart 2018-ci il tarixli qətnaməsi ilə T.Əfəndiyevanın İ.Ağayevə qarşı pul tələbinə dair iddiası təmin edilmiş, həmçinin iş üzrə 17 iyul 2017-ci il tarixli Qərardadla iddianın təmin tədbiri qismində İ.Ağayevə məxsus fərdi yaşayış evinin üzərinə həbs qoyulmuşdur.

Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin qətnaməsi qanuni qüvvəyə mindikdən sonra icra sənədi üzrə borclu qətnaməni könüllü icra etmədiyi üçün onun mülkiyyətində olan fərdi yaşayış evi borcun əvəzi kimi tələbkar T.Əfəndiyevaya təklif olunmuşdur. Sonuncu təklifi qəbul etmiş və mübahisə predmeti olan daşınmaz əmlak icra məmurunun məktubuna əsasən daşınmaz əmlakın dövlət reyestrində mülkiyyət hüququ ilə T.Əfəndiyevanın adına qeydə alınmışdır. Sonradan T.Əfəndiyeva iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, həmin evin İ.Ağayev tərəfindən boşaldılması və özünün oraya köçürülməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir.

Müraciətdə qeyd edilmişdir ki, mülki iş müxtəlif instansiya məhkəmələrinin icraatında olmuş, mübahisəyə tətbiq edilməli olan maddi hüquq normaları məhkəmələr tərəfindən fərqli qaydada təfsir və tətbiq edilmişdir. Belə ki, “İcra haqqında” Qanunun 53.1-ci maddəsinə müvafiq olaraq üzərinə həbs qoyulmuş əmlak tələbkara təklif olunur, tələbkar imtina etdikdə isə qanunvericiliklə müəyyənləşdirilmiş qaydada satılır. Normanın məzmunundan belə görünür ki, tələbkar təklifi qəbul etdiyi halda, hər hansı digər prosedur olmadan borclunun əmlakı tələbkara verilir və o, əmlaka mülkiyyət hüququnu əldə edir. Bu hal isə məhz daşınmaz əmlakın tələbkarın mülkiyyətinə verilməsi halında qeyri-müəyyənliyin yaranmasına səbəb olur.

Mövcud təcrübəyə əsasən, bu kimi hallarda icra məmuru tələbkar tərəfindən qəbul edilmiş daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması ilə bağlı ərazi üzrə daşınmaz əmlakın dövlət reyestri orqanına müraciət edir və həmin orqan icra məmurunun məktubu əsasında tələbkarın adına qeydiyyat aparır. Lakin istər Mülki Məcəllədə, istərsə də “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunda daşınmaz əmlaka mülkiyyət hüququnun qeydə alınması üçün əsas kimi belə bir hal, yəni icra məmurunun məktubu nəzərdə tutulmamışdır.

Müraciətedən hesab edir ki, qanunvericiliklə birbaşa müəyyən edilməsə də, borclunun əmlakını qəbul edən tələbkarın müvafiq əşya üzərində hüquqlarının qeydə alınması üçün dolayı əsas kimi 2 hal, müvafiq olaraq Mülki Məcəllənin 139-1.1.2, 139-1.1.4-cü və “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8.0.2 və 8.0.4-cü maddələrində nəzərdə tutulmuş hallar çıxış edə bilər. Bu isə həmin maddələrin yalnız genişləndirici təfsiri əsasında mümkündür.

Müraciətedənin qənaətinə görə, “İcra haqqında” Qanunun 53.1-ci maddəsində mövcud olan natamamlıq (tələbkar tərəfindən daşınmaz əmlak borcun əvəzi kimi qəbul edildiyi halda bunun rəsmiləşdirilməsi və qeydiyyat qaydası ilə bağlı boşluq), habelə qeyd olunan maddələrin hərfi təfsiri  həmin Qanunun 50 və 53-cü maddələrinin tətbiqini əksər hallarda qeyri-mümkün vəziyyətə gətirir ki, bu da tələbkarın məhkəmə müdafiəsi hüququnun pozulmasına səbəb ola bilər.

Konstitusiya Məhkəməsinin Plenumu müraciətlə bağlı aşağıdakıların qeyd edilməsini zəruri hesab edir.

Konstitusiyanın 60-cı maddəsinin I hissəsinə əsasən, hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir.

Məhkəmə müdafiəsi hüququ bir tərəfdən hər kəsin pozulmuş hüquqlarının və azadlıqlarının bərpası məqsədilə məhkəməyə müraciət etmək hüququnu, digər tərəfdən isə məhkəmələrin həmin müraciətlərə ağlabatan müddətdə baxmaq və ədalətli qərar qəbul edərək, onların vaxtında icra edilməsinə nəzarət etmək vəzifəsini müəyyən edir (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 231.1-ci maddəsinin bəzi müddəalarının şərh edilməsinə dair” 2015-ci il 22 may tarixli Qərarı).

Konstitusiyanın 129-cu maddəsinin müddəaları məhkəmə müdafiəsi hüququnun təmin edilməsi baxımından mühüm əhəmiyyətə malikdir. Belə ki, həmin maddənin I və II hissələrinə müvafiq olaraq, məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. Məhkəmə qərarının icra olunmaması qanunla müəyyən edilmiş məsuliyyətə səbəb olur.

Konstitusiya Məhkəməsi Plenumunun bir sıra  qərarlarında da vurğulanmışdır ki, qanuni qüvvəyə minmiş məhkəmə qərarının icrası məhkəmə müdafiəsi hüququnun tərkib hissəsi olmaqla pozulmuş hüquqların bərpa olunmasında xüsusi önəm daşıyır. Belə ki, qanuni qüvvəyə minmiş məhkəmə qərarının vaxtında və düzgün icra olunmaması bütövlükdə məhkəmə müdafiəsi hüququnun həyata keçirilməsini səmərəsiz və qəbul olunmuş qərarı əhəmiyyətsiz edər (“İcra haqqında” Azərbaycan Respublikası Qanununun 7, 10, 24 və 26-cı maddələrinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin bəzi müddəaları baxımından şərh edilməsinə dair” 2015-ci il 2 sentyabr tarixli Qərar).

Məhkəmə müdafiəsi ilə bağlı konstitusion göstəriş və prinsiplər Əsas Qanunla bəyan edilmiş digər hüquqların, o cümlədən mülkiyyət hüququnun sadəcə deklarativ xarakterli deyil, real olmasını və qorunmasını təmin etmiş olur.

Konstitusiyanın 13 və 29-cu maddələrinə uyğun olaraq, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur.   

Qeyd olunmalıdır ki, Mülki Məcəllənin 139.1-ci maddəsinə görə, mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır.

Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün Mülki Məcəllənin 139-1 və “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8-ci maddələrində bir sıra əsaslar müəyyən olunmuşdur. Lakin müraciətdə qaldırılan məsələnin həlli ilə əlaqədar Konstitusiya Məhkəməsinin Plenumu bu əsaslardan ikisini:

-   qanuni qüvvəyə minmiş məhkəmə qərarlarını (Mülki Məcəllənin 139-1.1.4-cü və “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8.0.4-cü maddələri);

- qanunla müəyyən edilmiş qaydada ixtisaslaşdırılmış təşkilatlar tərəfindən keçirilən açıq hərracın nəticələrinə dair yekun protokol, habelə təkrar hərrac baş tutmamış elan edildikdə, ipoteka predmetinin ipoteka saxlayan tərəfindən əldə olunmasına dair protokolu (Mülki Məcəllənin 139-1.1.2-ci və “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8.0.2-ci maddələri) “İcra haqqında” Qanunun tələbin borclunun əmlakına yönəldilməsini tənzimləyən maddələri ilə funksional əlaqəli şəkildə təhlil olunmasını zəruri hesab edir.

Nəzərə alınmalıdır ki, ədalət mühakiməsinin təmin edilməsi baxımından qanunverici öz səlahiyyətləri çərçivəsində qanuni qüvvəyə minmiş məhkəmə aktının icrasına yönəlmiş müvafiq qaydaları müəyyən edir və onları mütəmadi təkmilləşdirir. Bu qaydaları özündə əks etdirən “İcra haqqında” Qanunun 43.1.1-ci maddəsinə əsasən, borclunun əmlakı üzərinə həbs qoymaq və onu satmaq yolu ilə tələbin əmlaka yönəldilməsi məcburi icra tədbirlərindən biri kimi müəyyənləşdirilmişdir. Həmin Qanunun 45.1-ci maddəsinə görə, tələbin borclunun əmlakına yönəldilməsi bu əmlakın üzərinə həbs qoyulmasından, götürülməsindən və satılmasından ibarətdir.

“İcra haqqında” Qanunun 50.1-ci maddəsinə müvafiq olaraq, icraata başlamaq haqqında qərar borcluya təqdim olunduğu gündən ən geci 1 ay müddətində, təxirəsalınmaz hallarda isə qərarın təqdim olunması ilə eyni vaxtda borclunun əmlakı üzərinə həbs qoyulur.

İcra sənədi icraya yönəldilənə qədər borclunun əmlakına həbs qoyulmayıbsa və ya icra sənədinin icrası zamanı tələbin borclunun əmlakına yönəldilməsi hallarında əmlak üzərinə həbs, bir qayda olaraq, icra məmurunun əsaslandırılmış təqdimatına əsasən məhkəmənin qərardadı ilə qoyulur. Təxirəsalınmaz hallarda borclu tərəfindən əmlakın məhv edilməsini, zədələnməsini, korlanmasını, gizlədilməsini və ya özgəninkiləşdirilməsini güman etməyə əsas verən dəqiq məlumat olduqda, icra məmuru məhkəmənin qərarı olmadan da əmlakın üzərinə həbs qoya bilər. İcra məmuru 24 saat ərzində bu barədə icra üzrə nəzarəti həyata keçirən məhkəməyə məlumat verməlidir (“İcra haqqında” Qanunun 50.2-ci maddəsi).

 Qeyd olunan Qanunun 53-cü maddəsi ilə üzərinə həbs qoyulmuş əmlakın satılması qaydası da müəyyənləşdirilmişdir. Həmin Qanunun 53.1 və 53.3-cü maddələrinin tələblərinə görə üzərinə həbs qoyulmuş əmlak, qanunla dövriyyədən çıxarılmış və ya dövriyyəsi məhdudlaşdırılmış əmlak istisna olmaqla, həbsin səbəblərindən, əmlakın növündən və mənsubiyyətindən asılı olmayaraq, Azərbaycan Respublikasının qanunvericiliyi ilə başqa hal nəzərdə tutulmamışdırsa, tələbkara təklif olunur. Tələbkar imtina etdikdə həmin əmlak tələbkarın imtina etdiyi gündən üç ay müddətində satılmalıdır.

Əmlak satılmadıqda, həmin əmlak yenidən tələbkara təklif olunur. Tələbkar əmlakdan imtina etdikdə, əmlak borcluya, icra sənədi isə icra sənədini vermiş məhkəmə və ya digər orqana (notariusun icra qeydi isə tələbkara) qaytarılır.

Diqqətə alınmalıdır ki, əmlakın üzərinə həbs qoyulması barədə qərardadda həmin əmlakın tələbkara verilməsi və ya üçüncü şəxslərə satılması ilə bağlı hər hansı göstərişin öz əksini tapmaması ilə yanaşı, belə məhkəmə aktı tələbkarın borclunun əmlakını qəbul etməyə razılığı ilə bağlı hər hansı iradə ifadəsini də özündə əks etdirmir. Tələbkarın əmlak üzərində mülkiyyət hüququ həmin əmlak üzərinə həbs qoyulması barədə məhkəmə qərardadı əsasında deyil, məhz əmlakın satılması (və ya tələbkara verilməsi) ilə bağlı qanunvericiliklə müəyyənləşdirilmiş prosedurların həyata keçirilməsi və onun nəticələrini əks etdirən sənədlər əsasında əmələ gəlir.

Bu baxımdan Konstitusiya Məhkəməsinin Plenumu hesab edir ki, borclunun əmlakını qəbul etmiş tələbkarın mülkiyyət hüququ dolayısı ilə müvafiq məhkəmə qərarının icrasına yönəlmiş təmin tədbirinin nəticəsində yaranmış olsa da, həmin mülkiyyət hüququnun dövlət qeydiyyatı üçün əsas kimi məhkəmə qərarı və ya qərardadı deyil, tələbkarın borclunun əmlakını qəbul etməsi faktı və bunu təsdiq edən sənəd çıxış edir.

Müraciətdə göstərilən Mülki Məcəllənin 139-1.1.2-ci və “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8.0.2-ci maddələri ilə bağlı isə qeyd olunmalıdır ki, əsas müqavilə üzrə kreditorun mənafeyini təminat altına almaq məqsədi daşıyan bir əqd olaraq ipoteka müqaviləsini bağlayarkən ipoteka qoyan qanunvericiliklə müəyyən edilmiş qaydada ipoteka saxlayanın gələcəkdə ipoteka predmetinə tutmanın yönəldilməsi səlahiyyətinin olduğunu bilir və şüurlu şəkildə bu müqaviləni bağlamaqla əvvəlcədən belə bir şərti qəbul etmiş olur. Bu halda tələbin ipoteka ilə yüklü edilmiş əmlaka yönəldilməsi və ipoteka saxlayanın ipoteka predmeti üzərində mülkiyyət hüququ müqavilənin mahiyyətindən irəli gəlir.

Əsas öhdəlik pozulduğu təqdirdə tələbin ipoteka predmetinə yönəldilməsi ilə bağlı qaydaların təsbit edildiyi “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 43.7-1-ci maddəsinə əsasən, təkrar hərrac baş tutmamış elan edildikdə, ipoteka predmetinin ipoteka saxlayan tərəfindən əldə olunması barədə ipoteka saxlayan və hərracın təşkilatçısı 30 təqvim günü ərzində protokol imzalayırlar və bu protokol müqavilə qüvvəsinə malikdir.

Odur ki, yuxarıda göstərilən maddələrdə təkrar hərrac baş tutmamış elan edildikdə, ipoteka predmetinin ipoteka saxlayan tərəfindən əldə olunmasına dair protokol bu münasibətlər nəticəsində yaranan mülkiyyət hüququnun dövlət qeydiyyatının əsası qismində təsbit edilmişdir.

Göründüyü kimi, ipoteka predmetinin ipoteka saxlayan tərəfindən əldə olunmasına dair protokolun imzalanması müddəti, qaydası, həmin protokolun tərəfləri və hüquqi qüvvəsi ilə bağlı məsələlər qanunvericiliklə açıq şəkildə tənzimlənmişdir.

Bundan fərqli olaraq ipoteka müqaviləsindən kənar digər münasibətlər üzrə tələbkar borclunun əmlakını qəbul etdiyi halda, bu faktın rəsmiləşdirilməsi qaydası və hüququn dövlət qeydiyyatı ilə bağlı qanunvericilikdə birmənalı və qəti tənzimetməni təsbit edən norma nəzərdə tutulmamışdır.

Konstitusiya Məhkəməsinin Plenumu hesab edir ki, müvafiq maddələrdə hüquqların dövlət qeydiyyatı üçün əsas kimi təsbit olunmuş “təkrar hərrac baş tutmamış elan edildikdə, ipoteka predmetinin ipoteka saxlayan tərəfindən əldə olunmasına dair protokol” məhz ipoteka hüquq münasibətləri üzrə nəzərdə tutulduğundan, bu hal “İcra haqqında” Qanunun 53-cü maddəsinə müvafiq olaraq borclunun əmlakını qəbul etmiş tələbkarın həmin əmlak üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatının əsası kimi çıxış etmir.

Vurğulanmalıdır ki, Mülki Məcəllənin 14.2.4-cü maddəsinə əsasən, mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biri də qanunvericiliyin yol verdiyi əsaslar üzrə əmlakın əldə edilməsidir. “İcra haqqında” Qanunun 53.1 və 53.3-cü maddələrinə müvafiq olaraq icra məmurunun təklifi əsasında tələbkarın üzərinə həbs qoyulmuş borclunun əmlakını qəbul etməsi də həmin əmlak üzərində əşya hüquqlarının əmələ gəlməsi üzrə qanunvericiliyin yol verdiyi əsaslardan biridir.

Xüsusilə qeyd olunmalıdır ki, Mülki Məcəllənin 139-1-ci maddəsi daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsasların dairəsini müəyyən etsə də, bu siyahı məhdudlaşdırıcı xarakter daşımır. Daşınmaz əmlak üzərində qanuni əsaslardan yaranan hüququn həmin əsasın bu siyahıda olmaması səbəbi ilə qeydiyyatından imtina edilməsi qeydiyyatın məqsəd və təyinatından kənar olmaqla mülkiyyət hüquqlarının pozulmasına gətirib çıxara bilər. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8-ci maddəsi də daşınmaz əşya üzərində qanuni əsaslardan əmələ gələn hüquqların dövlət qeydiyyatının prosessual qayda və əsaslarını müəyyən edir. Odur ki, bu normalarda birbaşa göstərilməməsi səbəbi ilə borclunun əmlakını qəbul etmiş tələbkarın mülkiyyət hüququnun dövlət qeydiyyatından imtina edilməsi yolverilməzdir.

Konstitusiya Məhkəməsinin Plenumu əvvəlki qərarlarında da qeyd etmişdir ki, Azərbaycan Respublikasının qanunvericiliyində təsbit edilmiş mülkiyyət hüququnun təminatı mexanizmi məhz daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatı əsasında həyata keçirilir. Daşınmaz əmlaka aid olan məlumatların vahid dövlət reyestrində qeydiyyatı həm dövlət, həm də mülkiyyətçilərin mənafelərinin qorunması baxımından vacibdir. Daşınmaz əmlakın dövlət qeydiyyatı nəticəsində şəxsin qanuni əsaslarla əldə etdiyi müvafiq daşınmaz əmlaka mülkiyyət hüququnun tanınması bu hüququn pozulmasının qarşısını alır. Daşınmaz əmlakın dövlət qeydiyyatı əmlaka dair mülkiyyət hüququnu təsdiqləyən sənədlərin həqiqiliyinə və əsaslılığına təminat kimi qiymətləndirilir. Dövlət orqanlarının bu istiqamətdəki fəaliyyətinin əsas məqsədlərindən biri isə hər kəsin hüquq və qanuni mənafelərinin qorunmasıdır. Bu baxımdan qeyd olunan sahədə dövlət orqanlarına həvalə edilmiş səlahiyyətlərin həyata keçirilməsi nəticəsində hər bir fiziki və ya hüquqi şəxsin hüquqlarının, o cümlədən mülkiyyət hüquqlarının tam həcmdə reallaşdırılmasının əsassız olaraq məhdudlaşdırılmasının yolverilməzliyi də xüsusi əhəmiyyət kəsb edir (“Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinin şərh edilməsinə dair” 2017-ci il 28 mart tarixli Qərar).

Bu baxımdan Konstitusiya Məhkəməsinin Plenumu hesab edir ki, tələbkarın borclunun əmlakını qəbul etməsinin rəsmiləşdirilməsi qaydasının, eləcə də tələbkarın həmin əmlak üzərində yaranan mülkiyyət hüququnun dövlət qeydiyyatı üçün əsasların qanunvericiliklə birbaşa tənzimlənməməsi boşluğun yaranması ilə nəticələnmişdir. Qanunvericilikdə boşluq isə konkret ictimai münasibətləri tənzimləyən qanunvericilik normalarının olmamasıdır (“Normativ hüquqi aktlar haqqında” Azərbaycan Respublikası Konstitusiya Qanununun 1.0.9-cu maddəsi).

Hər hansı normativ hüquqi aktın hüquqi cəhətdən tənzimlənməsi zəruri olan ictimai münasibətləri bütövlükdə əhatə etməməsi, təcrübədə yaranan  müəyyən hüquqi məsələlərin həllində müvafiq qaydanın yetərsiz qaldığı hallarda da qanun boşluğu yaranmış olur.

Tələbin borclunun əmlakına yönəldilməsi və bununla da yaranan nəticələrin rəsmiləşdirilməsi ilə bağlı qaydaları müəyyən edən hüquq normalarının aydın və birmənalı olması, müvafiq prosessual hərəkətləri və onların nəticələrini dəqiq tənzimləməsi əvvəldə də qeyd olunduğu kimi, dövlət adından çıxarılan məhkəmə qərarlarının icrasının məcburiliyini müəyyən edən konstitusion normaların realizəsi baxımından xüsusi önəm kəsb edir.

Əks təqdirdə, vətəndaşların hüquq və azadlıqlarının, qanuni mənafelərinin müdafiəsinin dövlət təminatını zəiflədən ziddiyyətli hüquqtətbiqetmə təcrübəsi yaranar (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsinin şərh edilməsinə dair” 2011-ci il 20 may tarixli Qərarı).

Yuxarıda qeyd olunanları nəzərə alaraq, “İcra haqqında” Qanunun 53.1 və 53.3-cü maddələri ilə müəyyən edilmiş hallarda tələbkarın borclunun əmlakını qəbul etməsinin nəticələrinin rəsmiləşdirilməsi qaydasının, həmçinin həmin əmlak üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatı üçün əsasların qanunverici tərəfindən dəqiq müəyyənləşdirilməsinə və normativ tənzimləmənin təkmilləşdirilməsinə zərurət vardır.

Həmçinin Konstitusiya Məhkəməsinin Plenumu bildirməyi zəruri hesab edir ki, Konstitusiyanın 13, 29, 60 və 129-cu maddələrinin tələblərinə müvafiq olaraq, borclunun əmlakını qəbul etmiş tələbkarın mülkiyyət və məhkəmə müdafiəsi hüquqlarının təmin edilməsi zərurəti nəzərə alınmaqla, qanunverici orqan tərəfindən müvafiq tənzimləmə həyata keçirilənədək, tələbkarın mülkiyyət hüququnun dövlət qeydiyyatından, belə qeydiyyat üçün müvafiq əsasın nə Mülki Məcəllədə, nə də “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunda nəzərdə tutulması əsası ilə imtina edilməsinə yol verilməməlidir. 

Müxtəlif hüquq sahələrində normaların tətbiqi prosesində prosessual hərəkətlərin rəsmiləşdirilməsi bir qayda olaraq protokol əsasında aparılır və həmin sənədin əsasını hansı hərəkətlərin təşkil etməsi protokolun adında ifadə olunur. Məsələn, cinayət prosessual hüququnda hadisə yerinin müayinə protokolu, şahidi, zərərçəkmişi və ya başqa şəxsləri dindirmə protokolu, mülki hüquqda əmlakın qəbul edilməsi və ya verilməsinə dair protokol və s.

Bu səbəbdən Konstitusiya Məhkəməsinin Plenumu hesab edir ki, məsələ qanunvericilik qaydasında həll edilənədək “İcra haqqında” Qanunun 53.1 və 53.3-cü maddələri ilə nəzərdə tutulmuş hallarda tələbkarın borclunun üzərinə həbs qoyulmuş əmlakını qəbul etməsinin icra məmuru və tələbkar tərəfindən imzalanan protokolla rəsmiləşdirilməsi və həmin əmlak üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatının da bu protokol əsasında aparılması məqsədəmüvafiqdir. Belə protokol məhkəmə qərarlarının icrası prosesində yerinə yetirilən hərəkətləri özündə əks etdirən, icraçı tərəfindən imzalanan prosessual sənəd qismində çıxış edir.

Göstərilənlərə əsasən Konstitusiya Məhkəməsinin Plenumu aşağıdakı nəticələrə gəlir:

- “İcra haqqında” Qanunun 53.1 və 53.3-cü maddələri ilə nəzərdə tutulmuş hallarda tələbkarın borclunun üzərinə həbs qoyulmuş əmlakını qəbul etməsinin nəticələrinin rəsmiləşdirilməsi qaydasına dair,  habelə əmlak üzərində tələbkarın mülkiyyət hüququnun dövlət qeydiyyatı üçün əsasın müəyyən edilməsi məqsədilə Mülki Məcəllənin 139-1 və “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8-ci maddələrində müvafiq tənzimləmənin həyata keçirilməsi Azərbaycan Respublikasının Milli Məclisinə tövsiyə edilməlidir;

- Konstitusiyanın 29-cu maddəsinin I və III hissələrinə, 60-cı maddəsinin I hissəsinə,  129-cu maddəsinin I və II hissələrinə və bu Qərarın təsviri-əsaslandırıcı hissəsində əks olunan hüquqi mövqelərə əsasən, məsələ qanunvericilik qaydasında həll edilənədək “İcra haqqında” Qanunun 53.1 və 53.3-cü maddələri ilə nəzərdə tutulmuş hallarda tələbkarın borclunun üzərinə həbs qoyulmuş əmlakını qəbul etməsi tələbkarın həmin əmlakın qəbulu ilə bağlı iradə ifadəsini özündə əks etdirən və icra məmuru tərəfindən imzalanan protokolla rəsmiləşdirilməli və həmin əmlak üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatı bu protokol əsasında aparılmalıdır.

Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin VI hissəsini, “Konstitusiya Məhkəməsi haqqında” Azərbaycan Respublikası Qanununun 60, 62, 63, 65-67 və 69-cu maddələrini rəhbər tutaraq, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu 

 

QƏRARA  ALDI: 

 

1. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 53.1 və 53.3-cü maddələri ilə nəzərdə tutulmuş hallarda tələbkarın borclunun üzərinə həbs qoyulmuş əmlakını qəbul etməsinin nəticələrinin rəsmiləşdirilməsi qaydasına dair, habelə əmlak üzərində tələbkarın mülkiyyət hüququnun dövlət qeydiyyatı üçün əsasın müəyyən edilməsi məqsədilə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139-1 və “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddələrində müvafiq tənzimləmənin həyata keçirilməsi Azərbaycan Respublikasının Milli Məclisinə tövsiyə edilsin

2. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin I və III hissələrinə, 60-cı maddəsinin I hissəsinə,  129-cu maddəsinin I və II hissələrinə və bu Qərarın təsviri-əsaslandırıcı hissəsində əks olunan hüquqi mövqelərə əsasən, məsələ qanunvericilik qaydasında həll edilənədək “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 53.1 və 53.3-cü maddələri ilə nəzərdə tutulmuş hallarda tələbkarın borclunun üzərinə həbs qoyulmuş əmlakını qəbul etməsi tələbkarın həmin əmlakın qəbulu ilə bağlı iradə ifadəsini özündə əks etdirən və icra məmuru tərəfindən imzalanan protokolla rəsmiləşdirilməli və həmin əmlak üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatı bu protokol əsasında aparılmalıdır.

3. Qərar dərc edildiyi gündən qüvvəyə minir.

4. Qərar Azərbaycan Respublikasının rəsmi dövlət qəzetlərində və “Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Məlumatı”nda dərc edilsin, habelə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin rəsmi internet saytında yerləşdirilsin.

5. Qərar qətidir, heç bir orqan və ya şəxs tərəfindən ləğv edilə, dəyişdirilə və ya rəsmi təfsir edilə bilməz.

  

 

 

Sədr                                                                                              Fərhad Abdullayev