Konstitusiya Məhkəməsinin Plenumu Azərbaycan Respublikası Ailə Məcəlləsinin 32-ci və 36-cı mad. baxımından həmin Məcəllənin 37.3-cü mad. şərh edilməsinə dair konstitusiya işinə baxıb

Новости

2021 Jul

29.07.2021

Fərhad Abdullayevin sədrliyi ilə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xüsusi konstitusiya icraatının yazılı prosedur qaydasında məhkəmə iclası keçirilib.

İclasda Balakən Rayon Məhkəməsinin müraciəti əsasında Azərbaycan Respublikası Ailə Məcəlləsinin 32-ci və 36-cı maddələri baxımından həmin Məcəllənin 37.3-cü maddəsinin şərh edilməsinə dair konstitusiya işinə baxılıb.

Konstitusiya Məhkəməsinin Plenumu iş üzrə hakim S.Salmanovanın məruzəsini, maraqlı subyektlərin nümayəndələrinin - Balakən Rayon Məhkəməsinin hakimi Z.Tahirovun və Milli Məclis Aparatının Sosial qanunvericilik şöbəsinin müdiri A.Vəliyevin, mütəxəssislər Ali Məhkəmənin Mülki Kollegiyasının sədri S.Hacıyevin, Bakı Apellyasiya Məhkəməsinin hakimi R.Eyvazovun mülahizələrini, ekspert qismində Bakı Dövlət Universitetinin Hüquq fakültəsinin Mülki hüquq kafedrasının dosentləri, hüquq üzrə fəlsəfə doktorları Ş.Yusifovun və S.Süleymanlının rəylərini, işin materiallarını araşdırıb müzakirə edərək qərar qəbul edib.

Qərarda deyilir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 225-ci, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 32-ci və 41.2-ci maddələrinin tələblərinə uyğun olaraq, nikah dövründə ərin və ya arvadın ailə ehtiyaclarının təmin edilməsi məqsədilə üzərinə götürdüyü öhdəliklər ər-arvadın ümumi əmlakına daxil olmaqla hər ikisi üçün vəzifələr yaradır.

Azərbaycan Respublikası Ailə Məcəlləsinin 36-cı maddəsində nəzərdə tutulmuş ər-arvadın ümumi əmlakının bölgüsü müddəası onların mülkiyyət paylarının, iqtisadi dəyərə malik olan tələb hüquqlarının və yerinə yetirilməli olan öhdəliklərinin bölünməsini ehtiva edir.

Şəxsi xarakterli öhdəliklərin icrası üçün ərin (arvadın) şəxsi əmlakı kifayət etmədikdə kreditor ödəməni ər-arvadın ümumi əmlakında müvafiq tərəfin payına yönəltmək üçün ümumi əmlakın bölünməsi tələbi barədə ərizə verə bilər.

Azərbaycan Respublikası Ailə Məcəlləsinin 37.3-cü maddəsinə müvafiq olaraq, ər-arvadın bir-birinə qarşı əmlak bölgüsü haqqında iddiasına baxılarkən ümumi öhdəliklər üzrə borclar ər-arvadın hər birinin mülkiyyət payına mütənasib olaraq bölünür. Lakin bu bölgü kreditor qarşısında ər-arvadın birgə borclu olması halını aradan qaldırmır.

Ər-arvad arasında yarana biləcək əmlak mübahisələrinin qarşısının alınması üçün nikaha ərizə verən şəxslərə nikah müqaviləsinin bağlanılmasının təklif edilməsi müvafiq icra hakimiyyəti orqanına tövsiyə olunsun.

Qərar dərc edildiyi gündən qüvvəyə minir, qətidir, heç bir orqan və ya şəxs tərəfindən ləğv oluna, dəyişdirilə, yaxud rəsmi təfsir edilə bilməz.