ANA SƏHİFƏ » 2019-02-07 Konstitusiya Məhkəməsi Aparatının 2018-ci il üzrə hesabat iclası keçirilib

Fevralın 6-da Fərhad Abdullayevin sədrliyi ilə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Aparatının 2018-ci ilin yekunlarına həsr olunmuş hesabat iclası keçirilib.

İclası açan Sədr Fərhad Abdullayev bildirib ki, ötən il daxil olmuş sorğu, müraciət və şikayətlərlə bağlı Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi Plenumu tərəfindən hüquq münasibətlərinə təsir göstərən və məcburi qüvvəyə malik olan 29 qərar və qərardad, Palataları tərəfindən isə 493 qərardad qəbul edilmişdir.

Bildirilib ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinə 2018-ci ilə dair 4 sorğu, 10 müraciət, ümumilikdə 2419 şikayət daxil olub. Həmçinin, diqqətə çatdırıldı ki, Konstitusiya Məhkəməsinin rəsmi saytına daxil olan onlayn ərizə və məktubların sayı artıb.  

Konstitusiya Məhkəməsi Plenumunun qərar və qərardadlarında mülki, cinayət, əmək, vergi və hüququn digər sahələrində yaranmış hüquqi kolliziyalara dair Azərbaycan Respublikasının Konstitusiyasının müddəaları nöqtəyi nəzərdən hüquqi qiymət verilmişdir.

İclasda Aparat rəhbərliyinin çıxışları, Aparatın müvafiq şöbə və sektor müdirlərinin hesabatları dinlənilib. Həmçinin Konstitusiya Məhkəməsinə daxil olan sorğu, müraciət və şikayətlərdə toxunulan hüquqi aspektlər, Məhkəmə tərəfindən qəbul edilən qərarların icrası, tərtib olunan analitik arayış və rəylər, habelə təşkilati məsələlərlə bağlı məruzələr dinlənilib.

Vurğulanıb ki, ötən il Konstitusiya Məhkəməsinin beynəlxalq məhkəmə-hüquq əməkdaşlığı daha da inkişaf edib. Konstitusiya Məhkəməsi Plenumu qəbul etdiyi bütün qərarlarında isə dövlətdaxili qanunvericiliklə yanaşı, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq hüquq müqavilələrinin və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin təcrübəsinə diqqət yetirir. Qeyd edildi ki, 2018-ci ildə Konstitusiya Məhkəməsi İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin Yuxarı İnstansiya Məhkəmələrinin Şəbəkəsinə qoşulub.

Qeyd edilib ki, yaradılması Ulu Öndər Heydər Əliyevin adı ilə bağlı olan Konstitusiya Məhkəməsi keçən il öz 20 illiyini qeyd etmişdir. Həmin yubiley münasibətilə Azərbaycan Respublikasının Prezidenti  İlham  Əliyevin 10 iyul 2018-ci il tarixli  Sərəncamları ilə Konstitusiya Məhkəməsinin hakimləri və Aparatın bir qrup əməkdaşı fəxri ad və medallarla təltif edilmiş, dövlət qulluğunun yüksək ixtisas dərəcələri verilmişdir. Sədr vurğulayıb ki, bu yüksək təltiflər Konstitusiya Məhkəməsinin kollektivinə göstərilən etimad olmaqla yanaşı bütün hakim heyəti və Aparatı üçün böyük məsuliyyət nəzərdə tutur.  

Bildirilib ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ölkənin milli qanunvericilik bazasının müasir hüquq sisteminə uyğunlaşdırılmasını nəzərdə tutan bir sıra mühüm fərman və sərəncamlar imzalayıb. Dövlətimizin başçısının rəhbərliyi ilə beynəlxalq əlaqələr sahəsində davamlı addımlar atılır. Bütün bunlar regionun lider dövləti olan Azərbaycanın sürətli inkişafını, beynəlxalq arenada mövqeyinin güclənməsini bir daha təsdiqləyir.

Prezident İlham Əliyevin “Azərbaycan Respublikasının dövlət siyasətinin mərkəzində Azərbaycan vətəndaşıdır və buna görə bütün dövlət qurumları tərəfindən vətəndaşların şikayətlərinə çox diqqətlə yanaşılmalıdır” fikrini əsas götürülərək, bununla bağlı Aparatın müvafiq şöbələrində vətəndaşların ərizə və şikayətləri diqqətlə araşdırılmasının vacibliyi vurğulanıb. Qeyd olunub ki, dövlət qurumları tərəfindən vətəndaşların qəbulu, onların müraciətlərinə diqqətlə yanaşılması ilə bağlı Azərbaycan Prezidentinin göstərişlərinə əsasən Konstitusiya Məhkəməsində vətəndaşların müraciətləri diqqətlə dinlənilir, araşdırılaraq həll olunması üçün tədbirlər görülür. Konstitusiya Məhkəməsinə daxil olan ərizə və şikayətlərin araşdırılmasına 2019-cu ildə də böyük diqqət yetirilməlidir.

Konstitusiya Məhkəməsinin Sədri Fərhad Abdullayev həmçinin qeyd edib ki, 2018-ci ildə respublikamızda bir çox mühüm dövlət və beynəlxalq tədbirlər keçirilib, o cümlədən Azərbaycan Respublikası Prezidenti seçkilərinin keçirilməsi, Ulu Öndər Heydər Əliyevin 95 illiyi, Azərbaycan Xalq Cumhuriyyətinin yaranmasının 100 illiyi, həmçinin Konstitusiya Məhkəməsinin yubileyinə həsr edilmiş beynəlxalq konfrans təşkil olunmuşdur.

Fərhad Abdullayev bildirmişdir ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə bütün cəmiyyətin inkişafını əhatə edən hüquqi islahatlar məhkəmə sisteminin təkmilləşdirilməsinə və müasirləşdirilməsinə töhfə verməkdədir. Bu da öz növbəsində vətəndaşların Konstitusiyada təsbit edilmiş hüquq və azadlıqlarının müdafiəsinin daha səmərəli həyata keçirilməsi üçün şərait yaradır.

2018-ci ilin nəticələrindən irəli gələn məsələlərlə bağlı bütün məhkəmələrə hüququn tətbiqi və dürüst başadüşülməsi barəsində icmal məktub göndərilmişdir.

Konstitusiya Məhkəməsinin Sədri öz çıxışını yekunlaşdıraraq, 2018-ci ildə görülmüş işləri müsbət qiymətləndirməklə yanaşı, qurumun fəaliyyətinin səmərəliliyinin artırılması məqsədilə hakimlərin icraatında olan işlərlə bağlı müvafiq tövsiyyələr, Aparatın qarşısında duran vəzifələrlə bağlı bir sıra tapşırıqlar verilib.