ANA SƏHİFƏ » 2018-10-12 Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin nümayəndə heyətinin Quba Soyqırım Memorial Kompleksinə ziyarət.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin “1918-ci il azərbaycanlıların soyqırımının 100 illiyi haqqında” 18 yanvar 2018-ci il tarixli Sərəncamına əsasən tərtib edilmiş tədbirlər planı çərçivəsində Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi Aparatının bir qrup əməkdaşı 12 oktyabr 2018-ci il tarixdə Quba şəhərinə səfər edərək, 100 il bundan əvvəl - 1918-ci ilin mart-aprel aylarında cinayətkar erməni hərbi dəstələri tərəfindən azərbaycanlılara qarşı törədilmiş soyqırımı qurbanlarının dəfn olunduğu yerdə ucaldılmış abidəni ziyarət etmişdirlər.

Səfərin əvvəlində nümayəndə heyətinin üzvləri Quba şəhərində xalqımızın Ümummilli Lideri, müasir müstəqil dövlətimizin memarı və qurucusu, ilk milli Konstitusiyamızın müəllifi, Ulu Öndər Heydər Əliyevin abidəsini ziyarət edərək, abidənin önünə gül dəstələri düzmüş, dahi rəhbərin xatirəsini ehtiramla anmışlar.

Sonra 1918-ci ildə erməni-bolşevik silahlı dəstələrinin Azərbaycan torpaqlarında həyata keçirdikləri kütləvi qırğınlar nəticəsində həlak olan on minlərlə azərbaycanlının xatirəsinə ucaldılmış Quba Soyqırımı Memorial Kompleksinə gələrək, soyqırımı qurbanlarının xatirəsini yad edilmiş, abidə  önünə gül dəstələri qoyulmuşdur.

Konstitusiya Məhkəməsinin nümayəndələrinə əsrlər boyu ermənilərin Qafqaz regionunda Azərbaycanlılara qarşı törətdiyi soy qırımlar haqqında tarixi faktlar əsasında XX əsrdə Qafqaz regionunda Azərbaycanlıların Ermənilər tərəfindən 4 dəfə soyqırıma məruz qaldığını və 1918-ci ilin mart ayında azərbaycanlıların kütləvi şəkildə öldürülməsi və soyqırıma məruz qoyulması hadisəsinin dünya tarixinin ən qanlı səhifələrindən biri hesab olunduğu barəsində geniş məlumat verilmişdir.

Diqqətə çatdırılıb ki, Heydər Əliyev Fondunun dəstəyi ilə yaradılan Quba Soyqırımı Memorial Kompleksi 2013-cü il sentyabrın 18-də açılıb. Kompleksdə XX əsrin əvvəllərində Quba şəhərinin müxtəlif ərazilərinin görüntüləri, o zaman burada aparılan tikinti-quruculuq işləri, əhalinin həyat tərzi haqqında fotolar vardır. Quraşdırılmış sensor ekranlı monitordakı xüsusi xəritədə ermənilərin ötən əsrdə xalqımıza qarşı respublikamızın müxtəlif bölgələrində həyata keçirdikləri soyqırımı aktları barədə bir neçə dildə məlumat əldə etmək mümkün olmuşdur.

Bildirilib ki, Quba soyqırımı məzarlığı 2007-ci il aprelin 1-də ərazidə torpaq işləri görülərkən aşkarlanıb. Bundan sonra Azərbaycan Milli Elmlər Akademiyasının Arxeologiya və Etnoqrafiya İnstitutunun əməkdaşları tərəfindən kütləvi məzarlıqda geniş tədqiqat işləri aparılıb. Tədqiqatlar nəticəsində məzarlığın 1918-ci ildə ermənilərin yerli dinc əhaliyə qarşı törətdikləri soyqırımı ilə bağlı olduğu müəyyən edilib.

Quba rayonu İcra Hakimiyyətinin nümayəndələrinin iştirakı ilə keçirilmiş tədbirin sonunda Konstitusiya Məhkəməsinin rəhbərliyi və kollektivi adından kompleksin xatirə dəftərinə ürək sözləri yazılıb.