ANA SƏHİFƏ » 2018-07-06 Konstitusiya Məhkəməsinin 20 illiyi ilə bağlı beynəlxalq konfransın iştirakçıları ulu öndər Heydər Əliyevin məzarını və Şəhidlər xiyabanını ziyarət ediblər

Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin yaradılmasının 20 illik yubileyi münasibətilə Bakıda keçirilən “Hüquqi dövlət və konstitusiya ədalət mühakiməsi: dəyərlər və prioritetlər” mövzusunda beynəlxalq konfransın iştirakçıları iyulun 6-da Fəxri xiyabana gələrək müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, xalqımızın ümummilli lideri Heydər Əliyevin xatirəsini ehtiramla yad edib, məzarı önünə əklil qoyublar.

Görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın məzarı üzərinə də tər çiçəklər düzülüb.

Sonra Şəhidlər xiyabanına gələn qonaqlar Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda mübarizədə canlarından keçmiş qəhrəman Vətən övladlarının məzarları üzərinə və “Əbədi məşəl” abidəsinin önünə güllər qoyublar.

Bakının ən hündür nöqtəsindən Azərbaycan paytaxtının mənzərəsini seyr edən konfrans iştirakçılarına şəhərdə aparılan abadlıq-quruculuq işləri barədə məlumat verilib.