ANA SƏHİFƏ » 2018-05-07 Ulu Öndərin müəllifi olduğu Konstitusiyanın qəbulu dahi şəxsiyyətin Azərbaycan dövlətçiliyi qarşısında misilsiz xidmətlərindən biridir

Xalqımızın ümummilli lideri, müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, ilk milli Konstitusiyamızın müəllifi Heydər Əliyevin anadan olmasının 95-ci ildönümü münasibətilə mayın 7-də Konstitusiya Məhkəməsində tədbir keçirilib.

Əvvəlcə ulu öndər Heydər Əliyevin xatirəsi bir dəqiqəlik sükutla yad olunub.

Tədbirdə çıxış edən Konstitusiya Məhkəməsinin sədri Fərhad Abdullayev ulu öndər Heydər Əliyevin SSRİ dövründəki fəaliyyətindən, Azərbaycanın inkişafı və milli dövlətçiliyinin gücləndirilməsi istiqamətində misilsiz xidmətlərindən danışıb. Bildirilib ki, XX əsrin sonu-XXI əsrin əvvəllərində Azərbaycana rəhbərlik etmiş bu dahi şəxsiyyətin adı xalqımızın tarixinə böyük xilaskar kimi həkk olunub. Hələ sovet dövründə Azərbaycanın rəhbəri vəzifəsinin icrasına başladığı ilk gündən etibarən Heydər Əliyev o zamana qədər bu vəzifədə olmuş rəhbərlərdən fərqlənən yeni bir yanaşma tərzi göstərərək diqqəti respublikanın gələcəyinə dair təxirəsalınmaz məsələlərin həllinin vacibliyinə yönəltmişdi. Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi dövrdə uzaqgörənliklə atılmış addımlar, Azərbaycanda əsası qoyulan güclü sosial, mədəni, iqtisadi və intellektual sərmayə gələcəkdə xalqımızın istiqlaliyyət qazanması üçün zəmin hazırlayan vacib milli potensial rolunu oynayıb.

Qeyd olunub ki, ulu öndər Heydər Əliyev iqtisadi siyasətin hazırlanıb həyata keçirilməsinə, iqtisadiyyatın dinamik inkişafına da daim qayğı göstərib. Bu istiqamətdə Heydər Əliyevin neft strategiyası başlıca yer tutur. 1994-cü il sentyabrın 20-də imzalanmış “Əsrin müqaviləsi” ulu öndər Heydər Əliyevin neft strategiyasının əsas tərkib hissələrindən biri idi. 1999-cu il noyabrın 18-də ATƏT-in İstanbul sammitində Azərbaycan, Gürcüstan və Türkiyə prezidentləri tərəfindən neftin Bakı-Tbilisi-Ceyhan əsas ixrac boru kəməri ilə nəqlinə dair saziş imzalanıb. 2006-cı ilin yayında fəaliyyətə başlayan həmin kəmərə Heydər Əliyevin adı verilib. Ümummilli Liderin neft strategiyasının həyata keçirilməsi nəticəsində Azərbaycan Respublikası dünyanın əsas neft istehsalı mərkəzlərindən birinə çevrilib.

Fərhad Abdullayev qeyd edib ki, Azərbaycan müstəqilliyinin bərpasından sonrakı ilk illərdə hərbi təcavüz, torpaqlarımızın 20 faizinin işğal olunması, iqtisadi tənəzzül, siyasi qeyri-sabitlik, hüquqi qeyri-müəyyənlik, orduda nizam-intizamsızlıq və digər problemlərlə qarşı-qarşıya qalmışdı. Azərbaycan dövlətçiliyi üçün taleyüklü bir dönəmdə qətiyyətli siyasi iradə nümayiş etdirərək ölkənin milli maraqlarını təmin edə biləcək tarixi şəxsiyyətə olan ehtiyac, xalqın təkidli tələbi ilə müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu Heydər Əliyevin ölkə rəhbərliyinə qayıdışı ilə nəticələndi. Ulu Öndər uzaqgörən və məqsədyönlü fəaliyyəti ilə Azərbaycanı vətəndaş müharibəsi təhlükəsindən, ictimai-siyasi anarxiyadan xilas etdi, xalqımızı müstəqil Azərbaycan və azərbaycançılıq ideyası ətrafında birləşdirərək öz tarixi missiyasını yerinə yetirdi. Bu dövrdən başlayaraq hüquqi dövlət quruculuğu və vətəndaş cəmiyyətinin bərqərar edilməsi Azərbaycan Respublikasının inkişafının əsas istiqamətləri kimi müəyyənləşdirildi.

Sədr vurğulayıb ki, hüquqi dövlət quruculuğunu öz inkişafının başlıca istiqaməti kimi seçən Azərbaycanda ulu öndər Heydər Əliyevin rəhbərliyi ilə qısa müddətdə irimiqyaslı məhkəmə-hüquq islahatları reallaşdırıldı, sovet dönəmindən miras qalmış hüquq sistemi tamamilə yeni, demokratik prinsiplər əsasında quruldu, institusional səviyyədə bir sıra yeni təsisatlar yaradıldı, beynəlxalq birliyə sürətli inteqrasiya sahəsində əhəmiyyətli nailiyyətlər qazanıldı. Ölkəmizdə başlanılmış islahatlar fonunda ən mühüm hadisələrdən biri 1995-ci il noyabrın 12-də ümummilli lider Heydər Əliyevin rəhbərliyi ilə hazırlanaraq ümumxalq səsverməsi yolu ilə qəbul edilmiş Azərbaycan Respublikasının Konstitusiyası ölkəmizdə demokratik, hüquqi dövlət, vətəndaş cəmiyyətinin yaradılmasına və hüquq sisteminin müasir tələblərə uyğun formalaşmasına geniş imkanlar açıb.

Fərhad Abdullayev qeyd edib ki, Konstitusiyanın qəbulundan sonra ölkəmizdə qanunun aliliyinin, insan hüquqlarının və əsas azadlıqların müdafiəsinin təmin edilməsi məqsədilə genişmiqyaslı məhkəmə-hüquq islahatlarının aparılması, Azərbaycanda peşəkar hakim korpusunun formalaşması, cinayət və mülki mühakimə icraatında demokratik, hüquqi dövlətə xas olan prinsiplərin həyata keçirilməsini təmin etmək mümkün oldu. Məhz aparılan islahatlar sayəsində ölkəmizdə yeni üçpilləli məhkəmə sistemi təsis edilib, qanunvericilik sistemi beynəlxalq standartlara uyğunlaşdırılıb, məhkəmə hakimiyyətinin müstəqilliyinin və hakimlərin statusunun əsasları qanunvericilikdə təsbit edilməklə onların fəaliyyəti üçün zəruri şərait yaradılıb.

Diqqətə çatdırılıb ki, insan hüquq və azadlıqlarının müdafiəsini dövlətin ali məqsədi elan etmiş Konstitusiyanın aliliyinin təmin edilməsi, orada təsbit olunmuş insan hüquq və azadlıqlarının yüksək səviyyədə müdafiəsi məqsədilə 1998-ci il iyulun 14-də Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi yaradılıb. Konstitusiya Məhkəməsinin yaradılması məhz Ulu Öndərin adı ilə bağlıdır. Heydər Əliyev tərəfindən yaradılan Konstitusiya Məhkəməsi fəaliyyətə başladığı gündən üzərinə düşən vəzifələri layiqincə yerinə yetirməyə və fəaliyyətini təkmilləşdirməklə məsuliyyətli işini həyata keçirməyə çalışır. Əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulmuş genişmiqyaslı məhkəmə-hüquq islahatları keyfiyyətcə yeni mərhələyə qədəm qoyaraq uğurla davam etdirilir.

Qeyd olunub ki, Heydər Əliyev Fondunun yaradılması Azərbaycan dövlətinin cəmiyyətə ünvanlanan ali məqsədlərinin reallaşdırılması yolunda tarixi nailiyyətə çevrilib. Yarandığı gündən Fondun qarşısına qoyduğu məqsədlər miqyası ilə fərqlənib. Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyevanın rəhbərlik etdiyi Fond əsas diqqəti vətəndaşların həyatı, sağlamlığı, təhsili ilə bağlı olan bütün sahələrə yönəltdi. Məqsədlər o qədər aydın və ali oldu ki, Heydər Əliyev Fondu qısa vaxtda yardıma ehtiyac duyan hər bir kəsin ümid yerinə çevrildi, ötən illərdə Ulu Öndərin ölkənin sosial-iqtisadi, mədəni tərəqqisi, sivil dünya birliyinə inteqrasiyası, xalqın maddi rifahının yaxşılaşdırılması naminə müəyyənləşdirdiyi ideyaların reallaşmasına dəstək verdi.

Tədbirdə Konstitusiya Məhkəməsinin hakimi Südabə Həsənova çıxış edərək dahi şəxsiyyət Heydər Əliyevin nəsillərə nümunə ola biləcək zəngin həyat və fəaliyyətindən, mənalı ömrünün hər birimiz üçün əvəzsiz örnək olmasından, onun xalq və ölkə qarşısındakı unudulmaz xidmətlərindən, rəhbərliyi dövründə Azərbaycanın demokratiya və müstəqillik yolunda atdığı uğurlu addımlarından danışaraq, xatirələrini tədbir iştirakçıları ilə bölüşüb.

Tədbirin sonunda sədr Fərhad Abdullayev bildirib ki, ulu öndər Heydər Əliyevin siyasi xəttini uğurla davam etdirən Prezident İlham Əliyevin rəhbərliyi ilə aparılan siyasət nəticəsində bütün sahələrdə sürətlə inkişaf edərək beynəlxalq miqyasda özünə layiqli yer tutan Azərbaycan dünyanın inkişaf etmiş ölkələri sırasında qərarlaşıb. Bu gün Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə həyata keçirilən məhkəmə-hüquq islahatları qanunçuluğun və hüquq qaydasının daha da möhkəmlənməsinə, Azərbaycanın dünya birliyində daha fəal inteqrasiyasına və demokratik imicinin yüksəlməsinə xidmət edir. Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə bütün sahələrdə aparılan uğurlu islahatlar, əldə olunan nəticələr xalqın sabaha inamını qat-qat artırıb. Bu siyasət Heydər Əliyev yolunun layiqincə davam etdirildiyinə, memarı olduğu müstəqil Azərbaycanın etibarlı əllərdə olduğuna, müasir güclü dövlətimizin yaradılmasına möhkəm əminlik yaradıb. Aprelin 11-də keçirilmiş prezident seçkilərinin nəticələri xalqın İlham Əliyevə etimadını bir daha nümayiş etdirib.

Sonda ümummilli lider Heydər Əliyevin mənalı həyatı və zəngin siyasi fəaliyyətini əks etdirən sənədli film nümayiş edilib.