ANA SƏHİFƏ » 2018-05-03 Bakıda insan hüquq və azadlıqlarının müdafiəsinə dair elmi-nəzəri konfrans keçirilib

Mayın 3-də Bakıda Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin, Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Hüquq və İnsan Haqları İnstitutunun və Qara dəniz və Xəzər dənizi Regionu Ölkələri Hüquqşünasları Assosiasiyasının birgə təşkilatçılığı ilə “XXI əsrdə insan hüquq və azadlıqlarının müdafiəsi sahəsində müasir nəzəri və praktiki yanaşmalar” mövzusunda elmi-nəzəri konfrans keçirilib.

Konfrans ulu öndər Heydər Əliyevin anadan olmasının 95-ci ildönümünə həsr edilib.

AMEA-nın Hüquq və İnsan Haqları İnstitutunun direktoru, Milli Məclisin deputatı Aytən Mustafayeva tədbiri açaraq bildirib ki, müasir dövrdə insan hüquqları sahəsi yeni problemlərlə qarşılaşıb. İnsan hüquqları yeni çərçivədə qiymətləndirilir. Təhlükəsizlik məsələsi ön plana çıxıb. Terror aktları, kiberterrorçuluq, yeni üsulda aparılan müharibələr yeni təhlükələrdir. Bu gün insanları bu təhlükələrdən qorumaq istiqamətində çətin və mürəkkəb problemlərlə üzləşmişik.

İnstitutun direktoru ümummilli lider Heydər Əliyevin əsasını qoyduğu və bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilən siyasətin nəticəsi olaraq Azərbaycanda insanların azad, sərbəst yaşamaq, hüquqlarını təmin etmək imkanlarına malik olmasından danışıb. O, Azərbaycanda insan hüquqlarının müdafiəsi istiqamətində ulu öndər Heydər Əliyev tərəfindən görülən işlərin, qəbul edilən qərarların əhəmiyyətini qeyd edib. Vurğulayıb ki, həyata keçirilən işlər Azərbaycanda bu sahəyə böyük diqqət göstərildiyini təsdiq edir.

Konfransda çıxış edən Konstitusiya Məhkəməsinin sədri Fərhad Abdullayev Azərbaycanda insan hüquqlarının qorunması ilə bağlı mühüm işlərin görüldüyünü qeyd edib. O bildirib ki, 2018-ci il bir sıra əlamətdar hadisələrlə zəngindir. Bu il ulu öndər Heydər Əliyevin anadan olmasının 95 illiyi, Azərbaycan Xalq Cümhuriyyətinin və 1918-ci ildə yaradılmış bir sıra dövlət qurumlarının, o cümlədən Azərbaycan parlamentinin, ədliyyə, prokurorluq orqanlarının, Silahlı Qüvvələrin yaradılmasının 100, Konstitusiya Məhkəməsinin yaradılmasının 20 illik yubileyləri qeyd ediləcək. Prezident İlham Əliyev bu ili ölkəmizdə “Azərbaycan Xalq Cümhuriyyəti İli” elan edib. Bu qərar böyük əhəmiyyət kəsb edir.

Fərhad Abdullayev qeyd edib ki, hər il keçirilən və artıq bir növ ənənə halını almış bu elmi-nəzəri konfransın ulu öndər Heydər Əliyevin adı ilə bağlı olması heç də təsadüfi deyil. Ümummilli lider Heydər Əliyev 1993-cü ildə siyasi hakimiyyətə qayıdan zaman Azərbaycanda keçmiş Sovet İttifaqından qalan qanunlar işləyirdi. Ulu Öndər gözəl başa düşürdü ki, Azərbaycanda milli Konstitusiyaya ehtiyac var. Odur ki, 1995-ci ilin may ayında ulu öndər Heydər Əliyevin birbaşa rəhbərliyi ilə Konstitusiya Komissiyası yaradıldı və 1995-ci ilin noyabr ayında insan hüquq və azadlıqlarının geniş təsbit olunduğu Konstitusiyamız qəbul edildi. Daha sonra Hüquq İslahatları Komissiyası yaradıldı və beynəlxalq hüquqi ekspertizadan keçmiş bir sıra mühüm qanunlar və məcəllələr qəbul edildi. O zaman bütün qanunlarımız həm Venesiya Komissiyası tərəfindən, həm də digər beynəlxalq nüfuzlu təşkilatlar tərəfindən öyrənilmiş və onlara rəy verilmişdi.

Konstitusiya Məhkəməsinin sədri əmin olduğunu bildirib ki, bu tədbir həm ulu öndər Heydər Əliyevin irsinin, onun Azərbaycan xalqı və dövləti qarşısındakı tarixi missiyasının, həm də Azərbaycanın hüququ sisteminin öyrənilməsi baxımından çox faydalı olacaq.

Milli Məclisin sədr müavini, insan hüquqları komitəsinin sədri Bahar Muradova müzakirə edilən mövzunun əhəmiyyətini vurğulayıb. O bildirib ki, bu gün dünyadakı gərgin ictimai-siyasi vəziyyət fonunda Azərbaycanda hökm sürən sabitlik bir nümunədir.

Azərbaycan dövləti bugünkü bütün uğurlarını ulu öndər Heydər Əliyevə, onun dövlət quruculuğu, ölkəmizin inkişafı, xalqımızın rifahının yaxşılaşdırılması istiqamətindəki fəaliyyətinə, fədakarlığına və qəhrəmanlığına borcludur. Müasir dövrdə insan hüquq və azadlıqlarının tam təmin edilməsi istiqamətində bütün imkanları yaradan belə bir dövlət dünya ölkələri üçün bir nümunədir. Azərbaycanda insan haqlarının qorunması istiqamətində daim qanunlar qəbul edilir.

Bahar Muradova qeyd edib ki, Ulu Öndərin xidməti təkcə Azərbaycan xalqına və dövlətinə deyil, ümumiyyətlə, bütün insanlığa verdiyi töhfələrlə ölçülür. Bu irs hələ uzun illər öyrəniləcək və insanlıq bu irsdən bəhrələnəcək. Bu gün Azərbaycan xalqı xoşbəxt xalqdır ki, onun ümummilli lider Heydər Əliyevin siyasətini uğurla davam etdirən, Azərbaycanı daha da irəliyə aparan İlham Əliyev kimi Prezidenti var. Ulu Öndərin layiqli varisi Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmiz gündən-günə inkişaf edir, daha böyük uğurlar qazanır. Dünyadakı mövcud vəziyyətə baxmayaraq, Azərbaycandakı bugünkü sabitlik, malik olduğumuz dəyərlər, bu dəyərlərin birgəyaşayış normalarına çevrilməsi istiqamətindəki nailiyyətlər bir nümunədir.

Sonra Konstitusiya Məhkəməsinin hakimi Rövşən İsmayılov, Bakı Dövlət Universitetinin (BDU) hüquq fakültəsinin dekanı Əmir Əliyev, Hüquq və İnsan Haqları İnstitutunun şöbə müdiri Ayxan Rüstəmzadə, BDU-nun kafedra müdiri Alış Qasımov, universitetin kafedra müdirinin müavini Elşad Nəsirov, Konstitusiya Məhkəməsinin şöbə müdiri Dürdanə Məmmədova və digərləri mövzu ilə bağlı məruzələrlə çıxış ediblər.