ANA SƏHİFƏ » 2018-04-05 ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosu missiyasının rəhbəri Konstitusiya Məhkəməsində olub

Aprelin 5-də Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin sədri Fərhad Abdullayev ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosu missiyasının rəhbəri xanım Korin Yonkerin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.

Azərbaycan Konstitusiya Məhkəməsinin fəaliyyətindən danışan F.Abdullayev müstəqil Azərbaycanın ilk Konstitusiyasının 1995-ci ildə qəbul edildiyini və orada konstitusiya nəzarəti orqanının yaradılmasının təsbit olunduğunu bildirib. Qeyd edib ki, ölkəmizdə 1995-ci ildən 1998-ci ilədək aparılmış mühüm qanunvericilik islahatları çərçivəsində 1998-ci ildə Konstitusiya Məhkəməsi yaradılıb. Ötən 20 il ərzində Konstitusiya Məhkəməsi inkişaf dövrünü yaşayıb və Məhkəmənin təkmilləşdirilməsində Avropa modelləri prioritet təşkil edib.

Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi hələ ilk dövrlərdə, hətta Azərbaycan Avropa Şurasına üzv olmazdan əvvəl belə öz qərarlarında İnsan Hüquqlarının və Əsas Azadlıqların müdafiəsi haqqında Avropa Konvensiyasının müddəalarına istinad edib və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin praktikasına diqqət yetirib. 2002-ci ildə keçirilən referendum nəticəsində Azərbaycan Respublikasının Konstitusiyasına mütərəqqi dəyişikliklər edilib, ombudsmanın, ümumi məhkəmələrin və fərdi şəxslərin Konstitusiya Məhkəməsinə müraciət etmək hüququ təsbit olunub. Hazırda Məhkəmənin icraatında olan işlərin əksəriyyətini fərdi şikayətlər təşkil edir. Konstitusiya Məhkəməsinin Plenumunun bu günədək qəbul olunmuş qərarları müxtəlif hüquq sahələrinə aiddir və Azərbaycan ərazisində mütləq hüquqi qüvvəyə malikdir. Konstitusiya Məhkəməsinin Plenumunun qəbul etdiyi qərarlar dərhal qüvvəyə minir və məcburi xarakter daşıyır.

F.Abdullayev qonaqlara Konstitusiya Məhkəməsinə daxil olan sorğu, müraciət və şikayətlər, habelə ötən dövr ərzində Plenum tərəfindən qəbul edilmiş qərarların mahiyyəti haqqında məlumat verib.

Diqqətə çatdırılıb ki, parlament və prezident seçkilərinin nəticələrinin təsdiqi və elan edilməsi Azərbaycan Konstitusiya Məhkəməsinin səlahiyyətləri daxilindədir. Konstitusiya Məhkəməsi xüsusi Konstitusiya icraatı qaydasında Azərbaycan Respublikası Prezidenti seçkilərinin yekunlarına dair Mərkəzi Seçki Komissiyasının protokolunu təsdiq edərək seçkilərin yekunlarını rəsmən elan edir.

Qeyd edilib ki, cəmiyyət və hüquqi dövlət inkişaf etdikcə seçki prosesi də inkişaf edərək təkmilləşir. Azərbaycanda da bu prosesin inkişafı müşahidə edilir və seçki təcrübəsi ildən-ilə müasirləşir. Bu baxımdan ATƏT-in seçki müşahidə missiyasının rəyləri və təklifləri də seçki prosesi üçün əhəmiyyətlidir.

ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosu missiyasının rəhbəri xanım Korin Yonker səmimi görüşə görə təşəkkürünü ifadə edərək, seçki müşahidə missiyasının fəaliyyəti və məqsədləri barədə məlumat verib, müşahidə missiyasının seçki prosesində Konstitusiya Məhkəməsi ilə əməkdaşlığına diqqət yetirəcəyini bildirib. Qeyd edib ki, seçkilər ərəfəsində ümumi prosesi daha dərindən öyrənmək üçün Konstitusiya Məhkəməsindəki bu görüş onlar üçün xüsusi əhəmiyyət kəsb edir.

Korin Yonker diqqətə çatdırıb ki, Azərbaycanda ATƏT-in uzunmüddətli müşahidə missiyası martın 9-da fəaliyyətə başlayıb və müşahidələri aprelin 23-dək davam edəcək. Missiya seçkidən öncəki, seçki günü və seçkidən sonrakı prosesləri izləyəcək və seçkilərdən sonra yekun hesabat təqdim edəcək.

Söhbət zamanı Azərbaycanda qarşıdakı prezident seçkiləri ilə bağlı məsələlər ətrafında fikir mübadiləsi aparılıb. Fərhad Abdullayev seçkilərin demokratik, seçki qanunvericiliyinə uyğun şəkildə keçiriləcəyinə, ədalətli və şəffaf olacağına əminliyini bildirib.

Qonaqlar, həmçinin Konstitusiya Məhkəməsinin icraatında olan işlər, şikayətlərə baxılması qaydası, seçicilərin məhkəmələrə şikayət etmə hüquqları ilə əlaqədar məsələlərlə maraqlanıblar.

Konstitusiya Məhkəməsinin sədri sualları ətraflı cavablandıraraq konstitusion hüquqların təmin olunmasının əhəmiyyətini qeyd edib, insan hüquq və azadlıqlarının müdafiəsi sahəsində konstitusiya təminatlarına toxunub.