ANA SƏHİFƏ » 2018-03-30 Azərbaycanlıların soyqırımının 100 illiyi ilə əlaqədar Konstitusiya Məhkəməsində anım mərasimi keçirilib

31 Mart - Azərbaycanlıların Soyqırımı Günü xalqımızın və dövlətçiliyimizin tarixində baş vermiş faciəli hadisələrin milli yaddaşa əbədi həkk olunmasının təzahürüdür. Tarix sübut edir ki, XIX əsrdən başlayaraq ermənilər Azərbaycan ərazisində işğalçılıq niyyətlərini həyata keçirmək və tarixi torpaqlarımız hesabına “böyük Ermənistan” xülyasını reallaşdırmaq üçün ardıcıl olaraq hərbi və ideoloji vasitələrdən yararlanmış, xalqımıza qarşı dəhşətli soyqırımı cinayətləri törətmişlər. Azərbaycanlıların kütləvi surətdə qırğını, repressiyalara məruz qalması, doğma yurdlarından deportasiya edilərək didərgin salınması XX əsr tarixinin ən faciəli və dəhşətli səhifələrindəndir.

Bu fikirlər martın 30-da Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsində 1918-ci il azərbaycanlıların soyqırımının 100 illiyi ilə əlaqədar keçirilən anım mərasimində səslənib. Əvvəlcə faciə qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbirdə çıxış edən Konstitusiya Məhkəməsinin sədri Fərhad Abdullayev xalqımızın tarixində qanla yazılmış soyqırımından, eləcə də ermənilərin xalqımıza qarşı törətdikləri digər dəhşətli qətliamlardan danışıb.

Diqqətə çatdırılıb ki, daşnak-bolşevik silahlı dəstələrinin 100 il əvvəl azərbaycanlılara qarşı törətdikləri bəşəri cinayətlər barədə həqiqətlərin ölkə və dünya ictimaiyyətinə daha dolğun çatdırılması məqsədilə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 2018-ci il yanvarın 18-də “1918-ci il azərbaycanlıların soyqırımının 100 illiyi haqqında” Sərəncam imzalayıb.

Sədr Fərhad Abdullayev qeyd edib ki, 1918-ci il martın 30-dan aprelin 3-dək Bakı şəhərində və Bakı quberniyasının müxtəlif bölgələrində, eləcə də Şamaxı, Quba, Xaçmaz, Lənkəran, Hacıqabul, Salyan, Zəngəzur, Qarabağ, Naxçıvan və digər ərazilərdə Bakı Soveti və daşnak erməni silahlı dəstələri azərbaycanlılara qarşı soyqırımı törədiblər. Soyqırımı nəticəsində on minlərlə azərbaycanlı qətlə yetirilib, çoxlu sayda insan itkin düşüb. Martın 31-i 1919-cu və 1920-ci illərdə Azərbaycan Xalq Cümhuriyyəti tərəfindən ümummilli matəm günü kimi qeyd olunub.

Ümummilli lider Heydər Əliyevin 1998-ci il martın 26-da imzaladığı “Azərbaycanlıların soyqırımı haqqında” Fərmanında həmin dəhşətli hadisələrə adekvat siyasi qiymət verilib və 31 Mart - Azərbaycanlıların Soyqırımı Günü elan edilib. Bu Fərman, həmçinin Azərbaycan xalqına qarşı ermənilər tərəfindən əsrlərboyu törədilən soyqırımlarına verilən ilk hüquqi-siyasi qiymət idi.

Bildirilib ki, 20 faiz torpaqlarımızı işğal etmiş təcavüzkar Ermənistan dövlətinin rəhbərliyi bu gün Prezident İlham Əliyevin həyata keçirdiyi məqsədyönlü diplomatiya nəticəsində çıxılmaz vəziyyətə düşüb. Dövlətimizin başçısı Ermənistanın beynəlxalq səviyyədə ifşası, xalqımızın haqq səsinin dünya ictimaiyyətinə çatdırılması üçün bütün mötəbər tribunalardan istifadə edir. Keçirdiyi görüşlərdə, xarici ölkələrə səfərlərində, çıxışlarında Azərbaycan xalqına qarşı soyqırımı həyata keçirən erməni millətçilərinin iç üzünü açıb göstərir, dünya ictimaiyyətini Ermənistan rəhbərliyinin riyakarlığına və təcavüzkar siyasətinə son qoymağa çağırır. Dünya siyasi arenasında mühüm rol oynayan dövlətlərlə, təşkilatlarla ardıcıl və müntəzəm işin aparılması onilliklərboyu formalaşmış stereotiplərin və yanlış siyasi yanaşmaların tədricən dəyişməsi ilə müşayiət olunmaqdadır.

Tədbirdə vurğulanıb ki, Azərbaycan xalqı və dövləti soyqırımı qurbanlarının xatirəsini daim əziz tutur, erməni faşizminin iç üzünü bütün dünyaya açıb göstərir, tarixdə baş verən bu qanlı hadisələrə beynəlxalq ictimaiyyəti obyektiv münasibət bildirməyə çağırır.

Konstitusiya Məhkəməsinin kollektivi 1918-ci il azərbaycanlıların soyqırımının 100 illiyi ilə əlaqədar Azərbaycan Respublikası Hərbi Prokurorluğunun nəzdində fəaliyyət göstərən Memorial Soyqırımı Muzeyini ziyarət edib, burada Xocalı faciəsinə dair cinayət işinin materialları, tarixi sənədlər, maddi sübutlar, şahidlərin xatirələri və kitablarla tanış olub. Konstitusiya Məhkəməsinin əməkdaşları, həmçinin azərbaycanlılara qarşı törədilmiş soyqırımlarından bəhs edən filmə baxıblar.