ANA SƏHİFƏ » 2017-11-10 Konstitusiya Günü ilə bağlı Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi növbəti hüquq olimpiadası keçirib

Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin təşkilatçılığı, Təhsil Nazirliyinin və Sabunçu Rayon İcra Hakimiyyətinin dəstəyi ilə Bakının Sabunçu rayonunda 12 noyabr - Konstitusiya Gününə həsr olunmuş “Hüquqi dövlətin əsasları” adlı olimpiada keçirilib.

Hər il paytaxtın bir rayonu üzrə məktəbləri əhatə edən bilik yarışı bu il Bakının Sabunçu rayonunda təşkil olunub. Konstitusiya Məhkəməsinin təşkilatçılığı, Təhsil Nazirliyi və Sabunçu Rayon İcra Hakimiyyətinin dəstəyi ilə keçirilmiş olimpiadanın əsas məqsədi gənclər arasında hüquq mədəniyyətinin və biliklərin inkişaf etdirilməsi, Azərbaycan Respublikası Konstitusiyasının əsasları və mahiyyətinin daha dərindən öyrənilməsidir.

Noyabrın 10-nu olimpiadanın qaliblərinə və yüksək bal toplayaraq fərqlənmiş şagirdlərə Konstitusiya Məhkəməsinin təsis etdiyi kubok, diplom və xatirə hədiyyələrin təqdim etmə mərasimi keçirilmişdir.

Tədbirdə Sabunçu Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Güloğlan Məmmədov çıxış edərək müasir müstəqil Azərbaycan Respublikasının ilk Konstitusiyasının xalqımızın Ümummilli Lideri Heydər Əliyevin rəhbərliyi ilə hazırlandığını vurğulayıb. Həmçinin qeyd olunub ki, Azərbaycanın sürətli inkişafı nəticəsində yeni dövrün tələblərinin yaratdığı zərurətlə əlaqədar ötən müddətdə Konstitusiyamıza edilən əlavə və dəyişikliklər Əsas Qanunu daha da təkmilləşdirib. G. Məmmədov hüquq olimpiadasının Sabunçu rayonunda təşkilinə görə Konstitusiya Məhkəməsinin rəhbərliyinə və əməkdaşlarına minnətdarlığını bildirib. Daha sonra Konstitusiya Məhkəməsi Aparatının konstitusiya hüququ şöbəsinin müdiri Dürdanə Məmmədova Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin sədri Fərhad Abdullayevin müraciətini iştirakçıların diqqətinə çatdırıb.

Azərbaycan Respublikası Konstitusiyasının tarixi, onun Ümummilli Lider Heydər Əliyevin rəhbərliyi ilə hazırlanması və ictimai müzakirəyə çıxarılması prosesi barədə məlumat verən D.Məmmədova vurğulayıb ki, müstəqil dövlətimizin ilk Konstitusiyası 1995-ci il noyabrın 12-də ümumxalq səsverməsi – referendum yolu ilə qəbul edilib. Ümummilli Lider Heydər Əliyevin müəllifi olduğu ilk milli Konstitusiyanın qəbulu müasir tariximizin ən mühüm hadisəsi olmaqla yanaşı, həm də Ulu Öndərin Azərbaycan dövlətçiliyi qarşısında əvəzsiz xidmətlərindən biridir.

Qeyd olunub ki, Konstitusiyanın aliliyini təmin edən Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi gənclərin hüquqi tərbiyəsinin yüksəlməsinə, hüquqi dövlət quruculuğunda fəal iştiraklarına, konstitusiya nəzarətinin mahiyyətini, əsaslarını və prinsiplərini daha da dərindən öyrənmələrinə daim diqqət yetirir. Bu məqsədlə Konstitusiya Məhkəməsi 12 noyabr - Konstitusiya Günü və Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müvafiq Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında insan hüquqlarının müdafiəsi üzə Milli Fəaliyyət Planı”nın həyata keçirilməsi istiqamətində mütəmadi olaraq əhəmiyyətli tədbirlər görür. 

Olimpiadada Bakının Sabunçu rayonunda fəaliyyət göstərən 46 ümumtəhsil müəssisəsinin hər birindən 20 nəfər olmaqla minə yaxın X və XI sinif şagirdləri iştirak ediblər. Olimpiadada şagirdlərə Azərbaycan Respublikası Konstitusiyasını əhatə edən 50 sual təqdim olunub. Olimpiadanın nəticələrinə əsasən Zabrat qəsəbəsi 192 nömrəli tam orta məktəb birinci yerə layiq görülüb. Bakıxanov qəsəbəsindəki 72 nömrəli tam orta məktəbin şagirdləri ikinci, Ramana qəsəbəsindəki 90 nömrəli tam orta məktəbin təmsilçiləri isə üçüncü olublar.