11-01-2020 Konstitusiya Məhkəməsi Plenumunun növbəti iclası keçirilib

Xəbərlər

2020 Jan

Fərhad Abdullayevin sədrliyi ilə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xüsusi konstitusiya icraatı qaydasında növbəti açıq məhkəmə iclası keçirilib.

İclasda Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə nəzərdə tutulan inzibati xətalara münasibətdə həmin Məcəllənin 38.1-ci maddəsinin inzibati tənbeh vermə müddətləri baxımından şərh edilməsinə dair Şəki Apellyasiya Məhkəməsinin müraciəti əsasında konstitusiya işinə baxılıb.

Konstitusiya Məhkəməsinin Plenumu iş üzrə hakim C.Qaracayevin məruzəsini, maraqlı subyektlərin nümayəndələrinin və mütəxəssislərin çıxışlarını, ekspertin rəyini dinləyib, işin materiallarını araşdırıb müzakirə edərək qərar qəbul edib.

Qərarda deyilir ki, məhkəmələr Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsində nəzərdə tutulmuş əməlin törədildiyini müəyyən edərkən nəzərə almalıdırlar ki, “Azərbaycan Respublikasının rezidentlərinin xarici valyutada, habelə qeyri-rezidentlərin milli və xarici valyutada əməliyyatlarının aparılması Qaydaları” ilə müəyyən edilmiş müddət ərzində mallar idxal edilmədikdə, işlər görülmədikdə və ya xidmətlər göstərilmədikdə, habelə ödənilmiş məbləğ geri qaytarılmadıqda, növbəti gün inzibati xətanın törədilməsi günü hesab edilir. Bu halda Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 38.1-ci maddəsinə əsasən inzibati tənbeh, inzibati xətanın törədildiyi gündən ən geci üç ay keçənədək verilə bilər.

Məhkəmələr Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsində nəzərdə tutulmuş məsuliyyət tədbirlərini tətbiq edərkən inzibati xətanı törədən şəxsin təqsirini Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin tələblərinə uyğun müəyyən etməli, bu işlərə həmin Məcəllənin 111.1-ci maddəsində nəzərdə tutulmuş müddətlərə ciddi riayət etməklə baxmalıdırlar.

Qərar dərc edildiyi gündən qüvvəyə minir, qətidir, heç bir orqan və ya şəxs tərəfindən ləğv oluna, dəyişdirilə, yaxud rəsmi təfsir edilə bilməz.