ANA SƏHİFƏ » Qərarlar » 31.05.2018 Mülki Məcəllənin 477.0.1, 470.2, 269.11 və 307.4-cü maddələrinin və “İpoteka haqqında” AR qanununun 1.0.8,10.5,3.2 və 10.5-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə da

 

 AZƏRBAYCAN RESPUBLİKASI ADINDAN

 

Azərbaycan Respublikası

Konstitusiya Məhkəməsi Plenumunun

 

QƏRARI

  

Azərbaycan Respublikası Mülki Məcəlləsinin 477.0.1-ci maddəsinin həmin Məcəllənin 470.2-ci maddəsi və “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.8 və 10.5-ci maddələri, eləcə də Azərbaycan Respublikası Mülki Məcəlləsinin 269.11 və 307.4-cü maddələrinin “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 3.2 və 10.5-ci maddələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair 

 

 

31 may 2018-ci il                                                                                        Bakı şəhəri

 

Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu Fərhad Abdullayev (sədr), Sona Salmanova, Südabə Həsənova (məruzəçi-hakim), Rövşən İsmayılov, Ceyhun Qaracayev, Rafael Qvaladze, Mahir Muradov, İsa Nəcəfov və Kamran Şəfiyevdən (məruzəçi-hakim) ibarət tərkibdə,

məhkəmə katibi Fəraid Əliyevin,

maraqlı subyektlərin nümayəndələri Bakı Apellyasiya Məhkəməsinin hakimləri Elşən Kazımov və İkram Şirinov, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin hakimi Məzahir Sadıqov, Azərbaycan Respublikası Milli Məclisi Aparatının İqtisadi qanunvericilik şöbəsinin sektor müdiri Nadir Sultanov və həmin şöbənin böyük məsləhətçisi Fərid Hacıyevin,

ekspertlər Bakı Dövlət Universitetinin Hüquq fakültəsinin Mülki hüquq kafedrasının dosenti, hüquq üzrə fəlsəfə doktoru Azad Talıbov və Beynəlxalq xüsusi hüquq və Avropa hüququ kafedrasının dosenti, hüquq üzrə fəlsəfə doktoru Natiq Əsgərovun,

mütəxəssislər Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının hakimi İlqar Dəmirov, Azərbaycan Respublikası Mərkəzi Bankının Hüquq departamentinin Korporativ hüquq şöbəsinin böyük hüquq məsləhətçisi Rasim Məmmədov, Azərbaycan Respublikası Maliyyə Bazarlarına Nəzarət Palatasının Hüquq və icraat departamentinin hüquqşünası Rüfət Məmmədxanlı, Azərbaycan Banklar Assosiasiyası ekspert qrupunun sədri, vəkil Qorxmaz Ağayev və PraysvoterhausCopers Azərbaycan Hüquq və Vergi xidmətlərinin Baş hüquq meneceri Emin Kərimovun iştirakı ilə,

Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin VI  hissəsinə müvafiq olaraq xüsusi konstitusiya icraatı üzrə açıq məhkəmə iclasında Azərbaycan Respublikası Mülki Məcəlləsinin 477.0.1-ci maddəsinin həmin Məcəllənin 470.2-ci maddəsi və “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.8 və 10.5-ci maddələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair Bakı Apellyasiya Məhkəməsinin, eləcə də Azərbaycan Respublikası Mülki Məcəlləsinin 269.11 və 307.4-cü maddələrinin “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 3.2 və 10.5-ci maddələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair Bakı şəhəri Nizami Rayon Məhkəməsinin müraciətləri əsasında konstitusiya işinə baxdı.

İş üzrə hakimlər K.Şəfiyev və S.Həsənovanın məruzələrini, maraqlı subyektlərin nümayəndələrinin və mütəxəssislərin çıxışlarını, ekspert rəylərini dinləyib, iş materiallarını araşdırıb müzakirə edərək, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu

 

 

M Ü Ə Y Y Ə N   E T D İ:     

 

 

Bakı Apellyasiya Məhkəməsi Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinə (bundan sonra – Konstitusiya Məhkəməsi) müraciət edərək  Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra – Mülki Məcəllə) 477.0.1-ci maddəsində nəzərdə tutulan “zaminin razılığı olmadan həmin öhdəlik dəyişdirildikdə və bu dəyişdirilmə onun məsuliyyətinin artmasına və ya onun üçün digər əlverişsiz nəticələrə səbəb olduqda zaminliyə xitam verilir" müddəasının; “kredit xətti müqavilələri” adı ilə bağlanan müqavilələrin “bu müqavilə bankın kredit vermək vədini ifadə etmir” qeydinin kreditor üçün kreditin verilməsi üzrə öhdəlik və ya məsuliyyət yaratmadığı halda, bunlara görə bağlanan zaminlik və ipoteka müqavilələrinin öhdəliyi təmin edən müqavilə kimi qiymətləndirilməsinin mümkünlüyü baxımından şərh olunmasını xahiş etmişdir.

Müraciətdən görünür ki, Bank VTB (Azərbaycan) ASC iddia ərizəsi ilə  Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə müraciət edərək 15 noyabr 2013-cü il tarixli kommersiya krediti müqaviləsi üzrə 13.692,67 ABŞ dolları borcun Vahid Əmiraslanovdan, zaminlər Nadir Əliyev və Zaur Əliyevdən müştərək qaydada tutularaq iddiaçıya ödənilməsi, 14 noyabr 2013-cü il tarixli baş kredit razılaşması və 15 noyabr 2013-cü il tarixli kommersiya krediti müqaviləsinin ləğv olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. N.Əliyev və Z.Əliyev Bank VTB (Azərbaycan) ASC-yə qarşı zaminliyə xitam verilməsi ilə bağlı qarşılıqlı iddia ərizəsi ilə həmin məhkəməyə müraciət edərək, onlara münasibətdə iddianın rədd olunmasını xahiş etmişlər.

Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 1 dekabr 2016-cı il tarixli qətnaməsi ilə ilk iddia qismən təmin edilmişdir. Qarşılıqlı iddia təmin edilərək N.Əliyev və Z.Əliyev  ilə Bank VTB (Azərbaycan) ASC arasında 14 noyabr 2013-cü il tarixində bağlanmış zaminlik müqavilələrindən irəli gələn öhdəliklərə xitam verilmişdir.

Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 17 aprel 2017-ci il tarixli qətnaməsi ilə birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Apellyasiya instansiyası məhkəməsi qətnaməsini onunla əsaslandırmışdır ki, baş kredit razılaşmasına görə bağlanmış zaminlik müqaviləsi sonradan bağlanmış kommersiya krediti müqaviləsinin təminatı ola bilməz. Belə ki, kreditorun borcalanla bağladığı kommersiya krediti müqaviləsinə və həmin müqaviləyə dəyişiklik və əlavələr edilməsi barədə razılaşmaya dair zaminlər ilə heç bir müqavilə bağlanılmamışdır. Zaminlərin kommersiya krediti müqaviləsi üzrə öhdəliyi üzərlərinə götürmələrinə dair digər formada razılığı alınmadığından və həmin müqavilə üzrə onların öhdəliyi yaranmadığından bu öhdəliyə görə borc məbləği tələb oluna bilməz.

Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 21 sentyabr 2017-ci il tarixli qərarı ilə kassasiya şikayəti təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsinin qətnaməsi ləğv edilmiş və iş yenidən baxılması üçün həmin məhkəməyə qaytarılmışdır. Kassasiya instansiyası məhkəməsinin qərarında qeyd edilmişdir ki, hər iki zamin V.Əmiraslanovun öhdəliklərinin icrasını təmin etmək məqsədi ilə cavabdehlik daşımağı öhdələrinə götürmüşlər. Kommersiya krediti müqaviləsinin müddətinin dəyişdirilməsi baş kredit razılaşmasında müəyyən olunmuş müddət əsasında artırılmış, bu isə zaminin məsuliyyətinin artmasına və ya onun üçün digər əlverişsiz nəticələrin yaranmasına səbəb ola bilməz.           

İşə yenidən baxan Bakı Apellyasiya Məhkəməsi Mülki Məcəllənin və “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun (bundan sonra – “İpoteka haqqında” Qanun) zaminliyə və ipotekaya dair müvafiq normalarının tətbiqi ilə bağlı məhkəmələrdə müxtəlif yanaşmaların olmasını və bunun vahid məhkəmə təcrübəsinin formalaşmasına maneələr yaratmasını nəzərə alaraq həmin normaların rəsmi şərh edilməsinin zəruri olduğu qənaətinə gəlmişdir.

Eyni zamanda, Bakı şəhəri Nizami Rayon Məhkəməsi Konstitusiya Məhkəməsinə müraciət edərək icraatında olan mülki iş üzrə tətbiq edilməli olan Mülki Məcəllənin 269.11 və 307.4-cü maddələrinin “İpoteka haqqında” Qanunun 3.2 və 10.5-ci maddələri ilə əlaqəli şəkildə şərh edilməsini xahiş etmişdir.

Müraciətlərdə Mülki Məcəllənin 269.11-ci maddəsinin “girov və ipoteka hüququ həm mövcud, həm də gələcək tələb üçün verilə bilər”, həmin Məcəllənin 307.4-cü maddəsinin “əgər ipoteka ilə təmin edilmiş öhdəliyin məbləği gələcəkdə müəyyənləşdirilməlidirsə, ipoteka müqaviləsində onun müəyyənləşdirilməsinin qaydası və digər zəruri şərtləri göstərilməlidir” müddəaları, eləcə də “İpoteka haqqında” Qanunun 3.2-ci maddəsinin “Gələcəkdə ortaya çıxa biləcək tələblərin icrası üçün də ipoteka qoyula bilər. Bu halda bu Qanunun 10.5-ci maddəsində nəzərdə tutulan şərtlərə əməl edilməlidir” və Qanunun 10.5-ci maddəsinin “əgər əsas öhdəliyin məbləği gələcəkdə müəyyənləşdirilməlidirsə ipoteka müqaviləsində həmin məbləği müəyyən etmə qaydası göstərilməlidir” müddəalarının, kredit xətti müqaviləsinin bankın kredit alana gələcəkdə kredit vermək vədini ifadə edib- etməməsi, kredit alanın bank qarşısında hər hansı öhdəliyinin yaranıb-yaranmaması baxımından şərh olunması xahiş edilmişdir.

Konstitusiya Məhkəməsinin Plenumu Konstitusiya Məhkəməsi Daxili Nizamnaməsinin 17-ci maddəsinin I hissəsini rəhbər tutaraq, müraciətlər eyni predmetə aid olduğundan onları bir icraatda birləşdirmək qərarına gəlmişdir.

Konstitusiya Məhkəməsinin Plenumu qanunvericiliyin müvafiq normalarının müraciətlərdə qaldırılan məsələlərin ardıcıllığı qaydasında təhlil edilməsini və ilk növbədə, kredit xətti müqaviləsinin mahiyyətinə aydınlıq gətirilməsini zəruri hesab edir.

Bir çox ölkələrdə geniş tətbiq olunan kreditləşmə növlərindən biri də kredit xətləridir (limitləridir). Belə müqavilələr ayrı-ayrı ölkələrdə “baş kredit razılaşması”, “kredit xətti müqaviləsi”, “çərçivə müqaviləsi”, “ümumi şərtlər müqaviləsi”, “açıq şərtlərlə razılaşma” və s. kimi tanınır.

Rusiya Federasiyasının mülki hüququnda belə müqavilələr “çərçivə müqaviləsi”, “baş razılaşma”, “açıq şərtlərlə razılaşma” adlandırılır.

Almaniya mülki qanunvericiliyinə əsasən, çərçivə sazişinə uyğun olaraq bağlanan müqavilələr kredit xətti müqaviləsinin (çərçivə müqaviləsinin) şərtlərinə uyğun olmalıdır.

Belə kreditləşmə modeli Azərbaycan Respublikasında da tətbiq edilir. “Azərbaycan Respublikasının İpoteka və Kredit Zəmanət Fondunun fəaliyyətinin təmin edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin Azərbaycan Respublikası Prezidentinin Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 29 noyabr tarixli Fərmanının 3 nömrəli əlavəsində nəzərdə tutulmuş “Sahibkarlar tərəfindən manatla alınan kreditlərə təminat verilməsi Qaydası”nın 2.1.8-ci yarımbəndində kredit xəttinə kredit müqaviləsinə uyğun olaraq tam və ya qismən istifadə edilə bilən, faiz dərəcəsi kredit xəttinin yalnız istifadə olunmuş hissəsinə hesablanan və yuxarı həddi müəyyənləşdirilmiş bank krediti kimi anlayış verilmişdir. Həmçinin, Azərbaycan Respublikası Mərkəzi Bankının 2013-cü il 11 mart tarixli Qərarı ilə təsdiq edilmiş “Mərkəzləşdirilmiş Kredit Reyestrinin aparılması və istifadəsi Qaydaları”nın 1.3.1-ci yarımbəndində açılmış kredit xətləri kredit anlayışının tərkibinə daxil edilmişdir.

Kredit xətti müqavilələri bank müştərilərinin rahatlığını, maliyyə xidmətlərinə çıxış imkanlarını sadələşdirmək məqsədi daşıyır. Bu cür müqavilələrə görə, bank müştərinin müraciətinə əsasən tərəflərin qarşılıqlı razılığı ilə müəyyən edilmiş qaydada onun kredit müraciəti üzrə tədbir görməyi öhdəsinə götürür. Kredit xətti müqaviləsinin məqsədi tərəflərin gələcək mülki (iqtisadi) münasibətlərinin təşkilidir. Kredit xətti müqaviləsində tərəflər gələcəkdə bağlanacaq müqavilələrin əsas şərtlərini aydın müəyyən etməlidirlər. Təcrübədə belə şərtlər kredit xətti müqaviləsində, onun tərkib hissəsi olan kredit razılaşmasında və ödəniş planında müəyyən olunur. Kredit xətti müqaviləsinin tətbiqi beynəlxalq təcrübədən irəli gəlməklə bank sektorunda müştərilərin maliyyə resurslarına effektiv çıxış imkanlarının yaradılması məqsədi daşıyır. Kredit xəttinin açılması nəticəsində müştəri daha qısa zamanda bankdan kredit ala bilir, həmçinin müqavilədən irəli gələn faiz öhdəliyi müştəri tərəfindən kredit götürüldükdən sonra və istifadə olunmuş məbləğə münasibətdə əmələ gəlir.

Kredit xətti müqavilələrinin hüquqi nəticələr və tərəflər arasında öhdəlik yaradıb-yaratmaması məsələlərinə aydınlıq gətirilməsi üçün Konstitusiya Məhkəməsinin Plenumu mülki qanunvericiliyin əqd, öhdəlik və müqavilə barədə normalarının əlaqəli şəkildə təhlil edilməsini zəruri hesab edir.

Əqd mülki hüquq münasibətlərinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Bu Məcəlləyə və ya tərəflərin razılaşmasına uyğun olaraq bağlanması üçün bir tərəfin iradə ifadəsinin zəruri və yetərli olduğu əqd birtərəfli əqddir. Müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (ikitərəfli əqd) və ya üç və ya daha çox tərəfin razılaşdırılmış iradə ifadəsi (çoxtərəfli əqd) zəruridir (Mülki Məcəllənin 324.1, 324.3 və 324.4-cü maddələri).

Mülki hüquq münasibətlərinin əhatəli və aparıcı sahələrindən biri öhdəlik hüququdur. Öhdəlik isə iqtisadi dövriyyə iştirakçılarının öhdəlik hüququ normaları ilə tənzimlənən qarşılıqlı əlaqələridir.

Mülki Məcəllənin 385.1-ci maddəsinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.

Maddənin mətnindən göründüyü kimi, öhdəliyin predmetini pulun ödənilməsi, əmlakın verilməsi, işin görülməsi, xidmətlərin göstərilməsi və ya müəyyən hərəkətdən çəkinmək kimi konkret hərəkət və ya hərəkətsizlik təşkil edir.

Mülki Məcəllənin 386.1-ci maddəsi bəzi istisnalarla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilənin bağlanmalı olduğunu müəyyən edir. Həmin maddədə nəzərdə tutulmuşdur ki, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır, yəni borclunun kreditor qarşısında olan öhdəliyi müqavilə ilə müəyyən edilməlidir.

Müqavilənin anlayışı Mülki Məcəllənin 389.1-ci maddəsində verilmişdir. Həmin maddəyə uyğun olaraq, mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır.

Mülki Məcəllənin 405.1-ci maddəsinə görə, tərəflər müqavilənin bütün şərtləri barəsində tələb olunan formada razılığa gəldikdə müqavilə bağlanmış sayılır.

Borc müqaviləsinin anlayışına aydınlıq gətirən Mülki Məcəllənin 739.1-ci maddəsinə əsasən,  iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür.

Həmin Məcəllənin 739.2-ci maddəsinə görə isə borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər.

Konstitusiya Məhkəməsinin Plenumu hesab edir ki, Mülki Məcəllənin 324.4, 385.1, 386.1, 405.1 və 739-cu maddələrinə uyğun olaraq tərəflərin iradə ifadəsini əks etdirən və onların qarşılıqlı hüquq və vəzifələrini müəyyən edən kredit xətti müqaviləsi niyyət razılaşması deyil, müqavilə kimi qəbul olunmalıdır.

Konstitusiya Məhkəməsinin Plenumu qeyd edir ki, kredit müqavilələrinin real və ya konsensual müqavilələr olması məsələsinə aydınlıq gətirilməsi müraciətlərdə qaldırılan məsələlərin həlli üçün böyük əhəmiyyət kəsb edir.

Mülki qanunvericilikdə əqdlərin real və konsensual əqdlərə bölünməsi ilə bağlı təsnifat nəzərdə tutulmasa da, mülki hüquq nəzəriyyəsində və Konstitusiya Məhkəməsi Plenumunun bir sıra qərarlarında bu və ya digər müqavilənin hüquqi qüvvəyə minmə meyarı üzrə real və konsensual müqavilələrə bölünməsi nəzərdə tutulmuşdur.

Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 666.1, 670.1, 670.3 və 673.1-ci maddələrinin şərh edilməsinə dair” 2012-ci il 19 dekabr tarixli Qərarında real və konsensual müqavilələrə aydınlıq gətirilmişdir. Həmin Qərarda göstərilmişdir ki, mülki qanunvericilikdə bağışlama müqaviləsinin real və konsensual formaları vardır. Hədiyyə verən hədiyyəni bağışlamaqla hədiyyə alanı zənginləşdirdikdə bağışlama müqaviləsi real müqavilə hesab olunur, yəni bu müqavilənin bağlanması barədə razılıq əldə olunmaqla yanaşı əmlak və ya əmlak hüquqları verilir (Mülki Məcəllənin 666.1-ci maddəsi). Hədiyyə verən hədiyyə alana gələcəkdə hədiyyəni bağışlamaq vədi verdiyi halda isə bağışlama müqaviləsinin konsensual forması mövcud olur (Mülki Məcəllənin 668.1.5-ci maddəsi).

Konstitusiya Məhkəməsi Plenumunun bu hüquqi mövqeyi bütün real müqavilələrə eyni qaydada tətbiq oluna bilər.

Real müqavilələr üzrə hüquq və öhdəliklər müqavilə predmeti olan əmlakın (əşyanın) verilməsindən sonra əmələ gəlir. Məsələn, bağışlama müqaviləsi hədiyyə almış şəxsin hədiyyəni qəbul etməsi ilə bağlanmış sayılır.

Konsensual müqavilələr üzrə hüquq və öhdəliklər isə bu müqavilənin bağlandığı (imzalandığı) andan əmələ gəlir. Mülki qanunvericilikdə konsensual müqavilənin əsas əlamətlərindən biri “əmlakı təqdim etməyi öhdəsinə götürür”, “işləri görməyi öhdəsinə götürür” və s. bu kimi ifadələr ilə müəyyən olunur.

Mülki Məcəllənin 739-cu maddəsinin mənasına görə, kreditor pulu kredit alana təqdim etməyi öhdəsinə götürür. Bu isə kredit müqavilələrinin, bir qayda olaraq, konsensual müqavilə olmasını göstərir.

Kredit xətti müqaviləsinin “bu müqavilə bankın kredit vermək vədini ifadə etmir” qeydinə gəldikdə isə Konstitusiya Məhkəməsinin Plenumu qeyd edir ki, borc verməyi vəd etmək dedikdə, kreditorun hər hansı şərt qoymadan ilk tələblə borc alana borc predmetini (pulu) təqdim etməsi başa düşülür. Borc vermək vəd edildikdə vəd edən borc verməyi müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa hər hansı şərt qoymadan öhdəsinə götürür.

Belə nəticə Mülki Məcəllənin 746-cı maddəsindən irəli gəlir. Belə ki, həmin maddəyə görə, borc vermək vəd edildikdə vəd edən borc verməkdən o halda imtina edə bilər ki, digər tərəfin əmlak vəziyyəti borcun qaytarılması üçün təhlükə törədəcək dərəcədə pisləşmiş olsun.

Konstitusiya Məhkəməsinin Plenumu hesab edir ki, kredit xətti müqaviləsinin “bu müqavilə bankın kredit vermək vədini ifadə etmir” qeydi məhkəmələr tərəfindən yalnız Mülki Məcəllənin 746-cı maddəsinin tələbləri baxımından qiymətləndirilməlidir.

Ümumiyyətlə isə məhkəmələr bu qəbildən olan işlərə baxarkən Mülki Məcəllənin 404-cü maddəsinin tələblərinə riayət etməlidir. Həmin maddəyə əsasən, müqavilə şərtlərini təfsir edərkən məhkəmə təkcə müqavilədəki söz və ifadələrin hərfi mənasını deyil, həm də tərəflərin iradə ifadəsinin həqiqi mənasını, bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsini nəzərə alır. Bu zaman bütün müvafiq hallar, o cümlədən müqaviləyə qədərki danışıqlar və yazışmalar, tərəflərin qarşılıqlı münasibətlərində yaranmış praktika, işgüzar adətlər, tərəflərin sonrakı hərəkətləri nəzərə alınır (Mülki Məcəllənin 404.1 və 404.2-ci maddələri).

Eyni zamanda, Mülki Məcəllənin 352-ci maddəsinə görə, əqdin bir hissəsinin etibarsızlığı onun qalan hissələrinin etibarsızlığına o halda səbəb olmur ki, əqd onun etibarsız hissəsi daxil edilmədən də bağlana bilərdi. Bu baxımdan kredit xətti müqavilələrində “bu müqavilə bankın kredit vermək vədini ifadə etmir” qeydinin olub-olmaması tərəflərin öhdəliklərinin icrasına təsir etmir.

Müqavilə azadlığı və mülki dövriyyə iştirakçılarının sərbəst iradə ifadəsi prinsipinə uyğun olaraq mülki qanunvericilik imkan verir ki, tərəflər Mülki Məcəllədə sadalanan öhdəliklərin icrasının təminatı üsullarından fərqli təminat üsullarını öz aralarındakı müqavilədə nəzərdə tutsunlar (Mülki Məcəllənin 460.1-ci maddəsi).

Hüquq nəzəriyyəsində əksər təminat üsulları üçün ümumi xüsusiyyətlər müəyyən olunur. Həmin xüsusiyyətlərə üsulların təminat xarakteri daşıması, əsas öhdəlikdən asılılığı, əsas öhdəlikdən ayrılıqda müstəqil mövcudluğunun mümkünsüzlüyü (bank qarantiyası istisna olmaqla), təminat üsullarının aksessorluğu, əmlak yönümlü nəticələrin baş verməsi aiddir.

Mülki Məcəllənin 460.1-ci maddəsində öhdəliklərin icrasının girov, zaminlik, ipoteka və digər üsullarla təmin edilməsinin mümkünlüyü nəzərdə tutulmuşdur.

Kredit xətti müqaviləsinin gələcəkdə qarşılıqlı öhdəlik münasibətlərinin ümumi şərtlərini müəyyən edən əqd olmasını nəzərə alaraq, tərəflər öz aralarında həmin öhdəliklərin icrasının təminat üsullarını müəyyən edə bilərlər.

Bu halda tərəflər açıq şəkildə bilərəkdən bu və ya digər təminat üsulunun seçilməsinə razı olur, onların iradəsi həmin təminat üsulunun müəyyən olunmasına yönəlir.

Öhdəliklərin icrasının təmin edilməsinin əsas üsullarından biri kimi zaminlik çıxış edir.

Zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Zaminlik müqaviləsi gələcəkdə yaranacaq öhdəliyin təmin edilməsi üçün də bağlana bilər (Mülki Məcəllənin 470-ci maddəsi).

Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 470.1, 470.2 və 471-ci maddələrinin şərh edilməsinə dair” 2012-ci il 4 sentyabr tarixli Qərarında göstərilmişdir ki, Mülki Məcəllənin 470.2-ci maddəsinin “gələcəkdə yaranacaq öhdəliyin təmin edilməsi” müddəası zaminin əvvəlcədən razılaşdırılmış əsas borca dair gələcəkdə yaranacaq öhdəliyə zamin durması kimi başa düşülür.

Mülki Məcəllənin 472.1-ci maddəsinə əsasən, borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar.

Beləliklə, Konstitusiya Məhkəməsi Plenumunun yuxarıda göstərilən Qərarına və Mülki Məcəllənin 472.1-ci maddəsinə əsaslanaraq belə nəticəyə gəlmək olar ki, zamin zaminlik müqaviləsi bağlandığı andan öz üzərinə öhdəlik götürmüş olur, lakin bu öhdəlik üzrə zaminin məsuliyyəti borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə yaranır. 

Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” 2014-cü il 24 dekabr tarixli Qərarında göstərilmişdir ki, öhdəlik hüququnda müqavilənin standart şərtlərinə dair normalarda şəffaflıq prinsipinin tərkib hissəsi kimi müəyyənlik prinsipi (tələbi) mövcuddur. Həmin prinsipə əsasən müqavilənin standart şərtlərində dispozisiya şərtləri və hüquqi nəticələr elə dəqiqliklə təsvir olunmalıdır ki, bu zaman bir tərəfdən müqavilənin standart şərtlərinin istifadəçisi üçün əsaslandırılmamış heç bir qiymətləndirmə azadlığı imkanları yaranmasın, digər tərəfdən isə müqavilə tərəfinin kənar yardım olmadan mümkün qədər aydın və sadə şəkildə öz hüquqlarını müəyyənləşdirə bilməsi (onun bu hüquqları həyata keçirməsinin qarşısının alınmaması üçün) mümkün olsun. Müqavilənin standart şərtləri təfsir edilərkən rast gəlinən bütün qeyri-müəyyənliklər, onları özündə əks etdirən şərtlərin müqaviləyə daxil edilməsini təklif etmiş tərəfin ziyanına (əleyhinə) təfsir edilir (Mülki Məcəllənin 419.1, 419.2 və 420.1.2-ci maddələri).

Bu göstərişlərə əsaslanaraq Konstitusiya Məhkəməsinin Plenumu hesab edir ki, zaminlik müqaviləsinin bağlanması üçün kredit xətti müqaviləsinin əsas şərtləri aydın müəyyən olunmalıdır.

Zaminin sonradan əmələ gələcək öhdəliyə görə məsuliyyətinin həcmini müəyyən etməyə imkan verən hallar mühüm şərtlər hesab edildiyindən onlar kredit xətti müqaviləsində dəqiq göstərilməlidir.

“Banklar haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.9-cu maddəsinə əsasən, bank krediti - bağlanmış müqaviləyə uyğun olaraq qaytarılmaq, müəyyən müddətə (müddətin uzadılması hüququ ilə) və faizlər (komisyon haqlar) ödənilmək şərti ilə, təminatla və ya təminatsız müəyyən məbləğdə borc verilən pul vəsaitidir.

Göründüyü kimi, kredit müqaviləsinin mühüm şərtlərinə kreditin məbləği, müddəti, illik faiz dərəcəsi və s. aid edilə bilər.

Zaminliyə xitam verilməsi halları Mülki Məcəllənin 477-ci maddəsində göstərilmişdir. Belə ki, həmin Məcəllənin 477.0.1-ci maddəsində qeyd edilmişdir ki, zaminliyin təmin etdiyi öhdəliyə xitam verildikdə, habelə zaminin razılığı olmadan həmin öhdəlik dəyişdirildikdə və bu dəyişdirilmə onun məsuliyyətinin artmasına və ya onun üçün digər əlverişsiz nəticələrə səbəb olduqda zaminliyə xitam verilir.

Zaminin məsuliyyətinin artmasına və ya onun üçün digər əlverişsiz nəticələrə gətirib çıxaran dəyişikliklər dedikdə, zaminin müqavilə bağlayarkən həmin müqavilə üzrə öhdəsinə götürdüyündən daha artıq öhdəliyinin yaranması nəzərdə tutulur. Göründüyü kimi, həmin maddə istənilən dəyişikliyə görə zaminliyin xitamını nəzərdə tutmur. Bu normaya əsasən, zaminliyin xitamı üçün təmin edilmiş öhdəliyə edilən dəyişiklik zaminin məsuliyyətini artırmalı və ya onun üçün başqa əlverişsiz nəticələrə səbəb olmalıdır.

Zaminliyə xitam verilməsi üçün hər iki şərtin, yəni zaminin razılığı olmadan öhdəliyin dəyişdirilməsi və belə dəyişdirilmənin onun məsuliyyətinin artmasına və ya onun üçün digər əlverişsiz nəticələrə səbəb olması vacibdir.

Zaminin məsuliyyətinin artmasına və ya onun üçün digər əlverişsiz nəticələrə səbəb olması hallarına:

-  kreditin ümumi məbləğinin artırılması;

-  kreditin faizinin artırılması;

-  kreditin valyutasının dəyişdirilməsi;

-  kreditin qaytarılma müddətinin uzadılması və digər mühüm hallar aid edilə bilər.

Konstitusiya Məhkəməsinin Plenumu “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 470.1, 470.2 və 471-ci maddələrinin şərh edilməsinə dair” 2012-ci il 4 sentyabr tarixli Qərarında qeyd etmişdir ki, zaminlik müqaviləsi məhz əsas öhdəliyin icrasını təmin edən üsullardan biri olduğundan belə müqavilədə zaminliklə təmin edilən əsas öhdəliyin müəyyən olunması və ya müəyyən edilə bilməsi mümkün olmalıdır. Buna müvafiq olaraq zaminlik müqaviləsində aşağıdakılar göstərilməlidir: hansı əsas müqaviləyə dair zaminlik yaranır (müqavilənin tərəfləri, tarixi və nömrəsi göstərilməklə); əsas öhdəliyin (borclunun kreditor qarşısında öhdəliyinin) həddi barədə göstəriş. Zaminliklə təmin edilmiş öhdəliyin konkret məbləğinin müqavilədə göstərilməsi mühüm şərtlərdən biridir və zaminin qanuni maraqlarını qorumaq məqsədi daşıyır.

Zaminin razılığı alınmadan bağlanmış kredit müqavilələrində nəzərdə tutulmuş öhdəliyin konkret həcmi kredit xətti müqaviləsi ilə müəyyən edilmiş ümumi məbləğ və müddət həddində olmalıdır.

Kredit xətti müqaviləsində faiz dərəcəsi göstərilmədikdə bağlanmış kredit müqavilələrində faiz dərəcəsi barədə zaminin razılığı alınmalıdır. Belə razılığın olmaması  zaminin məsuliyyətinin artması kimi qiymətləndirilməlidir.

Zaminin məsuliyyətinin artması və ya onun üçün digər əlverişsiz nəticələrə səbəb olma faktının müəyyən edilməsi zamanı tərəflərin qanuni maraqlarının nəzərə alınması zəruridir. Məhkəmələr nəzərə almalıdırlar ki, qeyd edilən normanın məqsədi zaminliyin xitamı üçün əsassız üstünlük imkanının yaradılması deyil, əsas öhdəliyin əlverişsiz dəyişikliklərindən zaminə hüquqi müdafiə imkanının yaradılmasıdır.

Bununla əlaqədar Konstitusiya Məhkəməsinin Plenumu qeyd edir ki, hər bir halda “məsuliyyətin artması və ya digər əlverişsiz nəticələrə səbəb olma” məhkəmələr tərəfindən qiymətləndirilərkən işin konkret halları, tərəflərin dəlilləri nəzərə alınmalı və bunun əsasında həmin halların nədən ibarət olması məhkəmə aktlarında əsaslandırılmalıdır.

Kredit xətti müqavilələri, habelə gələcək tələblər üzrə ipoteka təminatı ilə bağlı müraciətlərdə qaldırılan məsələyə dair Konstitusiya Məhkəməsinin Plenumu qeyd edir ki, Mülki Məcəllənin 269.1-ci maddəsinə əsasən, girov və ipoteka hüququ girov qoyanın əşyası barəsində girov saxlayanın əşya hüququdur və eyni zamanda borclunun girov saxlayan qarşısında pul və ya başqa öhdəliyinin icrasının təmin edilməsi üsuludur. Maddənin mətnindən göründüyü kimi, girov və ipoteka hüququ girov və ipoteka qoyanla girov və ipoteka saxlayan arasında yaranan hüquq münasibətidir. Bu hüquq girov qoyanın əşyası barəsində girov saxlayanın əşya hüququdur, eyni zamanda borclunun kreditor (girov saxlayan və ipoteka saxlayan) qarşısında pul və ya başqa öhdəliyinin icrasının təmin edilməsi üsuludur. Girov və ipoteka hüququ əşya hüquqlarının məhdudlaşdırılmasıdır.

Qeyd edilməlidir ki, girov və ipoteka hüququ həm mövcud, həm də gələcək tələb üçün verilə bilər. Girov və ipoteka hüququnun verildiyi tələb yetərli dərəcədə aydın olmalıdır (Mülki Məcəllənin 269.11-ci maddəsi).

Mülki Məcəllənin 307.4-cü maddəsinə əsasən, əgər ipoteka ilə təmin edilmiş öhdəliyin məbləği gələcəkdə müəyyənləşdirilməlidirsə, ipoteka müqaviləsində onun müəyyənləşdirilməsinin qaydası və digər zəruri şərtləri göstərilməlidir. İpoteka müqaviləsində göstərilməli olan şərtlər “İpoteka haqqında” Qanunun 10.5-ci maddəsində əks olunmuşdur. Həmin maddəyə görə, ipoteka müqaviləsində tərəflərin adı və yaşayış yeri (olduqları yer), ipotekanın predmeti, onun adı, olduğu yer və eyniləşdirilməsi üçün yetərli olan digər təsviri, əsas öhdəliyin mahiyyəti, ölçüsü (məbləği), əmələ gəlməsi əsasları və icra müddəti, bu öhdəliyin əsaslandığı müqavilənin tərəfləri, bağlandığı yer və tarix göstərilməlidir. Əgər əsas öhdəliyin məbləği gələcəkdə müəyyənləşdirilməlidirsə, ipoteka müqaviləsində həmin məbləği müəyyən etmə qaydası göstərilməlidir.

Lakin Mülki Məcəllənin 307.4-cü və “İpoteka haqqında” Qanunun 10.5-ci maddəsində ipoteka müqaviləsində göstərilməli olan zəruri şərtlər dəqiq müəyyən olunmamışdır. Bu baxımdan Konstitusiya Məhkəməsinin Plenumu hesab edir ki, ipoteka müqaviləsinin bağlanması üçün də kredit xətti müqaviləsində zəruri şərtlər (məbləğ, müddət, faiz dərəcəsi, valyuta və s.) yetərli dərəcədə aydın göstərilməlidir.

Kredit xətti müqaviləsinin mühüm şərtlərinə dəyişiklik edildikdə ipoteka müqaviləsində də müvafiq düzəlişlər edilməlidir. Belə ki, “İpoteka haqqında” Qanunun 14-cü maddəsində qeyd olunur ki, ipoteka müqaviləsində əsas öhdəliyin mahiyyəti, ölçüsü və ya icra müddəti dəyişdikdə ipotekanın əlavə dövlət qeydiyyatı aparılmalıdır. Yəni həmin dəyişikliklər barədə ipoteka qoyan şəxsin məlumatı və razılığı olmalıdır.

Göstərilənlərə əsasən, Konstitusiya Məhkəməsinin Plenumu aşağıdakı nəticələrə gəlir:

- Mülki Məcəllənin 324.4, 385.1, 386.1, 405.1 və 739-cu maddələrinə uyğun olaraq tərəflərin iradə ifadəsini əks etdirən və onların qarşılıqlı hüquq və vəzifələrini müəyyən edən kredit xətti müqaviləsi niyyət razılaşması deyil, müqavilə kimi qəbul olunmalıdır;

-  Mülki Məcəllənin 739-cu maddəsinin mənasına görə, kredit xətti müqaviləsinə əsasən kreditor kredit alana pulu təqdim etməyi öhdəsinə götürür. Müqavilənin “bu müqavilə bankın kredit vermək vədini ifadə etmir” qeydi məhkəmələr tərəfindən yalnız Mülki Məcəllənin 746-cı maddəsinin tələbləri baxımından qiymətləndirilməlidir;

 - Zaminlik və ipoteka müqavilələrinin bağlanması üçün kredit xətti müqaviləsində mühüm şərtlər (məbləğ, müddət, faiz dərəcəsi, valyuta və s.) yetərli dərəcədə aydın göstərilməlidir. Kredit xətti müqaviləsində faiz dərəcəsi göstərilmədikdə, bağlanan kredit müqavilələrində faiz dərəcəsi barədə zaminin və ya ipoteka qoyanın razılığı alınmalıdır;

Mülki Məcəllənin 477.0.1-ci maddəsinin “onun məsuliyyətinin artması və ya onun üçün digər əlverişsiz nəticələrə səbəb olması” müddəası kredit xətti müqaviləsində nəzərdə tutulan kreditin məbləğinin, müddətinin, faiz dərəcəsinin bağlanan kredit müqavilələrində artırılmasını, kreditin valyutasının zaminin razılığı olmadan dəyişdirilməsini və digər halları nəzərdə tutur;

- Mülki Məcəllənin 307.4-cü maddəsinin “əgər ipoteka ilə təmin edilmiş öhdəliyin məbləği gələcəkdə müəyyənləşdirilməlidirsə, ipoteka müqaviləsində onun müəyyənləşdirilməsinin qaydası və digər zəruri şərtləri göstərilməlidir” müddəası ipoteka müqaviləsində məbləğin, müddətin, faiz dərəcəsinin, valyuta və s. zəruri şərtlərin göstərilməsini ehtiva edir.

Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin VI hissəsini və “Konstitusiya Məhkəməsi haqqında” Azərbaycan Respublikası Qanununun 60, 62, 63, 65-67 və 69-cu maddələrini rəhbər tutaraq, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu

 

 

Q Ə R A R A   A L D I:

 

 

1.  Azərbaycan Respublikası Mülki Məcəlləsinin 324.4, 385.1, 386.1, 405.1 və 739-cu maddələrinə uyğun olaraq tərəflərin iradə ifadəsini əks etdirən və onların qarşılıqlı hüquq və vəzifələrini müəyyən edən kredit xətti müqaviləsi niyyət razılaşması deyil, müqavilə kimi qəbul olunmalıdır.

2. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739-cu maddəsinin mənasına görə, kredit xətti müqaviləsinə əsasən kreditor kredit alana pulu təqdim etməyi öhdəsinə götürür. Müqavilənin “bu müqavilə bankın kredit vermək vədini ifadə etmir” qeydi məhkəmələr tərəfindən yalnız Azərbaycan Respublikası Mülki Məcəlləsinin 746-cı maddəsinin tələbləri baxımından qiymətləndirilməlidir.

3. Zaminlik və ipoteka müqavilələrinin bağlanması üçün kredit xətti müqaviləsində mühüm şərtlər (məbləğ, müddət, faiz dərəcəsi, valyuta və s.) yetərli dərəcədə aydın göstərilməlidir. Kredit xətti müqaviləsində faiz dərəcəsi göstərilmədikdə, bağlanan kredit müqavilələrində faiz dərəcəsi barədə zaminin və ya ipoteka qoyanın razılığı alınmalıdır.

4. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 477.0.1-ci maddəsinin “onun məsuliyyətinin artması və ya onun üçün digər əlverişsiz nəticələrə səbəb olması” müddəası kredit xətti müqaviləsində nəzərdə tutulan kreditin məbləğinin, müddətinin, faiz dərəcəsinin bağlanan kredit müqavilələrində artırılmasını, kreditin valyutasının zaminin razılığı olmadan dəyişdirilməsini və digər halları nəzərdə tutur.

5. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 307.4-cü maddəsinin “əgər ipoteka ilə təmin edilmiş öhdəliyin məbləği gələcəkdə müəyyənləşdirilməlidirsə, ipoteka müqaviləsində onun müəyyənləşdirilməsinin qaydası və digər zəruri şərtləri göstərilməlidir” müddəası ipoteka müqaviləsində məbləğin, müddətin, faiz dərəcəsinin, valyuta və s. zəruri şərtlərin göstərilməsini ehtiva edir.

6. Qərar dərc edildiyi gündən qüvvəyə minir.

7. Qərar “Azərbaycan”, “Respublika”, “Xalq qəzeti”, “Bakinski raboçi” qəzetlərində, “Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Məlumatı”nda dərc edilsin.

8. Qərar qətidir, heç bir orqan və ya şəxs tərəfindən ləğv edilə, dəyişdirilə və ya rəsmi təfsir edilə bilməz.

 

 

 

 

 

 

Sədr                                                                                                    Fərhad Abdullayev